Məhkəmə qərarları › İş №1(101)-1023/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1023/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1023/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Güvən» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2023-cü ilin mart aymın ortalarında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən yaşayış olmayan nömrəsiz yarım tikili bağ evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan 59 ədəd külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş, 14 may 2023-cü il tarixdə saat 14:00 radələrində Sabunçu RPİ- nin 14cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində saxlanılaraq həmin gün bağ evinin həyətyanı sahəsində baxış və götürmə aparılarkən damı olmayan hasara alınmış köhnə tikilinin içərisində ümumi sayı 59 ədəd, yaş vəziyyətində ümumi çəkisi 750 qram olmaqla əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkilib yetişdirilərək külli miqdarda kultivasiya edilmiş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, avtobus sürücüsüdür. Həyat yoldaşı yataq xəstəsidir, iki əkiz övladı var və ikisi də hərbi xidmətdədir. Evi yandığı üçün o plyonka ilə hasarlanmış evdə yaşayır. Əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, spirtli içki içirmiş. Lakin sonradan spirtli içki zərərli olduğu üçün narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Təxminən 2 il bundan öncə idarə etdiyi avtobusdan narkotik vasitə olan marixuana növündə toxumu tapıb özündə saxlamışdır ki, öz şəxsi istifadəsi üçün əkib becərsin. Bu məqsədlə 2023-cü ilin mart ayının ortalarında həmin toxumları torpağa əkmiş və 59 ədəd çətənə bitkisi əmələ gəlmişdir. 14 may 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb və çətənə bitkisini əkib becərməkdə şübhəli olduğlarını bildirmişlər. O, polis əməkdaşlarına çətənə kollarını əkdiyini etiraf etmiş və əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. 59 ədəd çətənə kolları polis əməkdaşları tərəfindən çıxarılaraq, rəsmiləşdirilmişdir. Əməlindən çox peşmandır . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o, Sabunçu RPİ-nin 14-cü PB-də sahə inspektoru vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Xidmət zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz bağ evində qanunsuz olaraq narkotik vasitələrin kultivasiya edilməsini aşkar edərək həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 14 may 2023-cü il tarixdə saat 14:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin bağ evinin yaxınlığında tərəflərindən saxlanılmış. Təqsirləndirilən şəxs razılığı ilə aqronomun iştirakı ilə polis bölməsinin təhqiqatçısı X3 tərəfindən baxış və götürmə hərəkətləri aparılmışdır. Baxış zamanı aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs bağ evinin həyətyanı sahəsində əkib, yetişdirərək kultivasiya etdiyi 59 ədəd narkotik təbiətli çətənə bitkilərini təqdim edib, həmin bitkiləri 2023-cü ilin mart ayının ortalarında ondan əvvəl avtobusda tapdığı toxumları torpağa əkib yetişdirib öz istifadəsi üçün kultivasiya etdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi çətənə bitkiləri tərəflərindən qablaşdırılıb möhürlə möhürlənərək götürülmüş və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs 14-cü polis bölməsinə gətirilmiş. X6 Sultanova hüquq və vəzifələri izah edildi, müdafiəçi ilə təmin olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkisini öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvvəkili Biləndar Əliyevin 14 may 2023-cü il tarixli raportundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz bağ evində qanunsuz olaraq narkotik vasitələrin əkib becərmə və qulluq etmə barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 14 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, satış məqsədilə əkib becərmə və qulluq etmə barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 15-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 may 2023-cy il tarixli ərizəsindən görünür ki, sonuncu Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində baxış aparılmasına heç bir etiraz etməmişdir. Cinayət işinin 16-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 may 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz bağ evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyi həyətyanı sahədə xüsusi qulluq edilmiş kultivasiya üsulu ilə əklib becərilmiş 59 ədəd əkilib-becərilməsi qadağan olunmuş nakrotik təbiətli çətənə (kannabis) bitkiləri kultivasiya etmiş və həmin çətənə bitkiləri aşkar olunub götürülmüşdür. Cinayət işinin 18-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış aqronom-mütəxəssis X2 14 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz bağ evin həyətyanı sahəsində aşkar olunmuş çətənə bitkiləri yuvalarda əkilmiş, suvarılmış, dibləri yumşaldılmış aqrotexniki qulluq və kultivasiya tədbirləri yerinə yetirilmişdir. Çətənə bitkiləri sayıldı və 59 ədəd olduğu müəyyən edildi. Bitkilərin hündürlüyü ortalama 5-15 sm olmuşdur. Cinayət işinin 46-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2023-cü il tarixli, 7/697 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...maddi sübut...” yazı və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada 59 ədəd yaş vəziyyətdə ümumi çəkisi 750,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmişdir. Cinayət işinin 84 vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 may 2023-cü il tarixli CD diskə baxış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz bağ evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyi həyətyanı sahədə xüsusi qulluq edilmiş kultivasiya üsulu ilə əklib becərilmiş 59 ədəd əkilib-becərilməsi qadağan olunmuş nakrotik təbiətli çətənə (kannabis) bitkiləri kultivasiya etmiş və həmin çətənə bitkiləri aşkar olunub götürülmüşdür. Cinayət işinin 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları verməsi təklif edilərək onun üzərində axtarış aparılmış, lakin, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək predmet aşkar edilməmişdir. Cinayət işinin 118-122,137-ci vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs bağ evinin həyətyanı sahəsindən götürülmüş 59 ədəd əkilməsi, yetişdirilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar hesab edilir. Bundan başqa,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kolkosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən17 iyun 2023-cü il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 88-93-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış doğum haqqında şəhadətnamələrin kserosurətindən və şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü iki uşağı vardır. Cinayət işinin 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 11 iyul 2023-cü il tarixli 4344 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 29-cu vərəqəsində olan 14 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 78-83-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 4(008)-391/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrinə əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskinin 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddətinin uzadılması barədə vəsatəti təmin edilməmişdir. Cinayət işinin 113-115-ci vərəqələrinə əlavə edilmiş 14 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad olunaraq, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 22 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 59 (əlli doqquz) ədəd çətənə kolları məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs bağ evin həyətyanı sahəsindən aşkar edilmiş 59 (əlli doqquz) ədəd çətənə kolları məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar