Məhkəmə qərarları › İş №1(101)-1024/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1024/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1024/2022 13.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı, 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək əynindəki qış gödəkçəsinin içəri sol cibində saxlamaqla daşımış, 06.01.2022-ci il tarixdə, saat 17:00-da Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq 30-cu Polis şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qış gödəkçəsinin içəri sol cibindən 1 (bir) ədəd qara rəngli plastik qabın içərisində təmiz çəkisi 15 qram, həmin qara rəngli plastik qabda 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram, 0,953 qram və 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,620 qram, 2,716 qram, tərkiblərinə görə eyni olan, ümumilikdə təmiz çəkisi 20,308 qram bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maqazin küçəsi, 16 saylı evin həyətindəki tövlədən 1 (bir) ədəd qara rəngli politelen torbada təmiz çəkisi 1410 qram (1 kiloqram 410 qram) bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Onun üzərindən və yaşadığı evin həyətində olan tövlədən aşkar edilmiş narkotik vasitələr tərkiblərinə görə eyni olmaqla, ümumilikdə 1430,308 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də qanunsuz olaraq narkotik vasitə olan marixuananı 1 (bir) ədəd kol olmaqla əkibbecərmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. O, təxminən 4 (dörd) ilə yaxındır ki, narkotik vasitə marixuanadan çəkmə yolu ilə istifadə etmişdir. O, 06.01.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün saat təxminən 17:00-18:00 radələrində o, yaşadığı evdə olduğu zaman onun evinə polis əməkdaşları daxil olaraq narkotik vasitələrin satışında şübhəli olduğunu ona bildirmişlər. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman yaşadığı evin mətbəxində qara rəngli plastik qutularda öz şəxsi istifadəsi üçün hazırladığı 20-30 qram çəkidə marixuana aşkar edilmişdir. O, ittiham aktlında qeyd edilən narkotik vasitə marixuananın çəkisi ilə razı deyil. Polis əməkdaşları onu saxladıqdan sonra onu Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə aparmışlar. Orada polis əməkdaşları tərəfindən ona təzyiq olunmuşdur. Polislər ondan tələb etmişlər ki, 1 kiloqram 400 qramdan çox çəkidə olan narkotik vasitə marixuananın ona məxsus olduğunu bildirsin. O da təzyiqlərə dözməyərək məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Sonra polislər 1 kiloqram 400 qram narkotik vasitə marixuananı onun yaşadığı evin həyətindəki tövləyə qoymuşlar. Sonra videoçəkiliş vasitəsi ilə polislər onu yaşadığı evə apararaq həmin evə və həyətə baxış keçirmişlər. Həmin vaxt da guya onun həyətindəki tövlədən 1 kiloqram 400 qramdan çox olan narkotik vasitə marixuana aşkar edilmişdir. O, həmin narkotik vasitə marixuananı tövləyə hansı polis əməkdaşının qoyduğunu bilməmişdir. O da polislərdən qorxaraq polislərin tövləyə qoyduqları 1 kiloqram 400 qramdan çox olan narkotik vasitə marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Halbuki onun həmin narkotik vasitə marixuanaya heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili işləyir. 06.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin gün ondan, digər polis əməkdaşları olan X16 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar həmin gün, yəni 06.01.2022-ci il tarixdə, saat 17:00-da ünvan 1 ünvanının yaxınlığına getmişlər. Bir müddətdən sonra onlar Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada getdiyini görmüşlər və dərhal həmin şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onlar həmin şəxsdən kim olmasını soruşmuşlar. Həmin şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim emtişdir. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərərk sonuncunu 30-cu Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə 30-cu Polis şöbəsinə getmişdir. Onlar Polis şöbəsinə çatdıqdan sonra bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Rəhbərlik tərəfindən prosessual hərəkətlərin həyata keçirilməsi Polis şöbəsinin təhqiqatçısına həvalə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 1 (bir) ədəd qara rəngli plastik qabı çıxararaq təqdim etmişdir. Həmin qaba baxış keçirildikdə qabın içində narkotik vasitə marixuanaya oxşar kütlə, 2 (iki) ədəd kibrit qutusu və 2 (iki) ədəd sellofan büküm, həmin bükümlərin içində isə narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vasitələri yaşadığı evin həyətindəki torpaq sahəsində əkib-becərdiyini, bitkilər yetişdikdən sonra da şəxsi istifadəsi üçün qurudaraq hazırladığını və üzərində gəzdirdiyini bildirmişdir. Sonra plastik qabın içindən aşkar edilmiş kütlələr həmin plastik qabla birlikdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra davam edən sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evin tövləsində də qurutduğu marixuananı saxladığını bildirmişdir. Sonra əməliyyat tədbirləri davam etdirilərək Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövləyə daxil olaraq orada olan karton qutunu götürərək həmin qutunun içindən 1 (bir) ədəd qara rəngli skoçlanmış torbanı çıxararaq onlara təqdim etmişdir. Həmin torba açıldıqda içərisində narkotik vasitə marixuanaya oxşar kütlənin olması aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür. Orada davam etdirilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs tqara rəngli torbanın içində narkotik vasitə marixuananın olduğunu, həmin marixuananı da yaşadığı evin həyətində əkib-becərdiyi bir kolu quradaraq öz istifadəsi üçün hazırladığını bildirmişdir. Sonra bu barədə də protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 7-8) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Gülbala oğlu şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Gülbala oğlu şübhəli şəxs qismində tutularaq 30-cu Polis şöbəsinə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qış gödəkçəsinin iç sol cibindən 1 (bir) ədəd qara rəngli plastik qabı, həmin qabın içərisində təmiz çəkisi 15 qram, 2 (iki) ədəd kibrit qutusu, həmin qutuların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram və 0,953 qram, digər 2 (iki) ədəd sellofan büküm, bu bükümlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,620 qram və 2,716 qram (tərkiblərinə görə eyni olan), ümumilikdə 20,308 qram çəkidə narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.01.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 40-41) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun yaşadığı ünvan 2 ünvanına və evin yerləşdiyi həyətə baxış keçirilmiş, evin həyətində yerləşən tövlədən 1 (bir) ədəd qara rəngli politelen torba aşkar edilmiş, həmin torbaya baxış keçirildikdə həmin torbanın içərisindən 1410 qram çəkidə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07.01.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/15 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 51-52) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş kağız paketdəki 1 (bir) ədəd qara rəngli plastik qabın içərisində təmiz çəkisi 15 qram, həmin qara rəngli plastik qabda 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram və 0,953 qram, 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,620 qram və 2,716 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 20,308 qram təşkil etmiş, tədqiqata 0,25 qram sərf olunmuş, kütlənin qalıq çəkisi 20,058 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07.01.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/16 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 55-56) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 1 (bir) ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi 1410 qram (1 kiloqram 410 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 1410 qram təşkil etmiş, tədqiqata 0,2 qram sərf olunmuş, kütlənin qalıq çəkisi 1409,8 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.01.2022-ci il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 68-69) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.01.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 70-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Gülbala oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.01.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-14/2022 saylı qərarından (cild 1, iş vərəqə 103-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Gülbala oğlunun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 06.01.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.01.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməliyyat tapşırığına əsasən verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun narkotik vasitə qurudulmuş marixuananı və çətənə bitkisinin toxumlarını əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26.01.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 122-123) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlunun üzərində məhkumluq yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25.02.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 964 nömrəli rəyindən (cild 1, iş vərəqə 125-126) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Gülbala oğlu kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25.02.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X17 468 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 128-129) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istintaq edilən cinayət əməlini törədərkən, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs Gülbala oğlu ona ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Gülbala oğlunun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14.04.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 141-148) görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, tədqiqatdan sonra qalıq çəkisi 20,058 qram və 1409,8 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilməsi, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 198) görünür ki, 24.02.1940-cı il təvəllüdlü X1 Dərbəndəliyevin anasıdır və eyni ünvanda yaşamaqla Təqsirləndirilən şəxs himayəsindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 202) görünür ki, 13.09.2012-ci il tarixdə Təqsirləndirilən şəxs Gülbala oğlu ilə X2 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 200) görünür ki, 15.05.2006-cı il tarixdə Təqsirləndirilən şəxs Gülbala oğlunun övladı X4 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 201) görünür ki, 24.01.2005-ci il tarixdə Təqsirləndirilən şəxs Gülbala oğlunun övladı X6 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 203) görünür ki, 28.12.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Gülbala oğlunun övladı X5 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs Gülbala oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, 06.01.2022-ci il tarixdə, saat 17:00-da Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq 30-cu Polis şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qış gödəkçəsinin iç sol cibindən 1 (bir) ədəd qara rəngli plastik qabın içərisində təmiz çəkisi 15 qram, həmin qara rəngli plastik qabda 2 (iki) kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram və 0,953 qram, digər 2 (iki) ədəd sellofan büküm, həmin bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,620 qram və 2,716 qram, tərkiblərinə görə eyni olan, ümumilikdə təmiz çəkisi 20,308 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətindəki tövlədən 1 (bir) ədəd qara rəngli politelen torbada külli miqdarda, təmiz çəkisi 1410 qram (1 kiloqram 410 qram) təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verərək ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmadığını, əksinə polis əməkdaşlarının onun yaşadığı evə daxil olaraq evdə onu tutduqlarını, həmin vaxt onun yaşadığı evin mətbəxində cəmi 20-30 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin vasitəni şəxsi istifadəsi üçün qurudaraq hazırladığını, tutulduqdan sonra polis əməkdaşlarının təzyiqinə məruz qaldığını, nəticədə polis əməkdaşları tərəfindən şərləndiyini, ittiham aktında qeyd edilən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən onun yaşadığı evin tövləsinə qoyulduğunu, lakin hansı polis əməkdaşının külli miqdarda narkotik vasitəni onun yaşadığı evin tövləsinə qoyduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid ifadələri əsasında Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu hallar təqzib olunmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində göstərilmiş dəlillər cinayət işinin materialları ilə da tam şəkildə təqzib olunur. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqına ifadə verərkən səmimi olmamış və əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən azad olunmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar müəyyən edilmədi. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir. Məhkəmə aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisini nəzərə alaraq, hesab edir ki, 1 kiloqramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuananın onun tərəfindən şəxsi istifadəsi üçün əldə etməsi inandırıcı deyil. Yəni narkomaniya xəstəliyindən uzun müddət ərzində əziyyət çəkən şəxsin qabaqcadan təxminən 1000 dəfədən çox istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuananı tədarük etməsi qətiyyən ağlabatan deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin tövləsindən aşkar edilmiş, ümumi təmiz çəkisi külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlamaqla daşımış, qalan hissəsini də yaşadığı evin həyətində yerləşən tövlədə saxlamışdır. Odur ki, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində xəstə anasının və 3 (üç) uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cə Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəza ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu gündən, yəni 06.01.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,058 qram və 1409,8 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 157 (yüz əlli yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 157 (yüz əlli yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu gündən, yəni 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,058 qram və 1409,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157 (yüz əlli yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar