Məhkəmə qərarları › İş №1(101)-1025/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1025/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1025/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Salyan rayonu, Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bakıxanov küçəsi, döngə 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Mərkəz” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,992 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda pxisotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 16:30 dəqiqədə ünvan 1 ünvanda yerləşən yeni sahənin yaxınlığında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,992 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız özünü narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi kimi təqsirli bilir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə velosipedlə işə gedərkən 03 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan narkoman olub-olmamasını soruşmuş, sonra üzərində olan bel çantasına baxış keçirmişlər, həmin zaman çantasının kiçik cibindən 01 şüşə və 01 kakos aşkar edilmişdir. Həmin bükümləri o, şəxsi istifadəsi üçün tanışı “Oqtay” adlı şəxsin vasitəsilə almışdır. Daha sonra o, həmin şəxslər tərəfindən Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə getməyi təklif edilmiş, o, bölməyə getmişdir. Bölmədə təhqiqatçı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün vəkil təyin edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edildikdə ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan axtarış və götürmə aparılmasına heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. İstintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif edilmiş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və doğruluğunu imza edərək təsdiq etmişlər. Təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen büküm isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ittihamda qeyd edildiyi 4,992 qram psixotrop maddə olmamışdır. Latın qrafikasında yazıb-oxuya bilmədiyindən, eləcə də polislərin onun dubinkayla döyməsi səbəbindən ona təqdim edilmiş sənədləri imzalamışdır. Həmçinin bildirmişdir ki, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almış, həmin maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüş, lakin bədənində hər hansı xəsarət izi qalmamışdır. Həmçinin polis əməkdaşlarının ona qarşı təzyiq, zorakı və ya hər hansı qanunsuz edilməsi ilə bağlı heç bir orqana vəsatət və ya müraciət etməmişdir. Həmçinin bildirmişdir ki, onu şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulmuş və xx.xx.2023-cü il tarixdə MSY-dən məhkəməyə aparmışlar. Daha sonra özünü qismən təqsirli bilməsini, cavan olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə özünün rəhbərliyi ilə və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, o, Şahid1 ilə birlikdə məlumat əsasında gizli müşahidə edib izlədikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu yeri müəyyən etmiş və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bakıxanov küçəsi, döngə 1-də yeni sahənin yaxınlığında əlverişli şərait yarandığından həmin tarixdə, saat 16:30-da sonuncuya yaxınlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirilərək saxlanılmış və özləri ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Tərəflərindən Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı N.Məmmədova təhvil verilmişdir. Sonuncu tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş sonuncu vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə verdikdən sonra onların iştirakı ilə video çəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edildikdən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sollafana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz bir əşya aşkar edilməmişdir və sonuncu ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin “Patı” kimi tanıdığı maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən 15 (on beş) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir fiziki təyziq və zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sollafana bükülmüş kütləni çıxarıb təqdim etmiş, tərəflərindən həmin bükülüyə baxıldıqda içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmü, bundan sonra sonuncunun üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. Sonuncudan həmin maddəni harada əldə edilməsi soruşulduqda o, həmin maddənin “Patı” olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən 15 (on beş) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir fiziki təyziq və zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 57-58-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi S.S.Mehbalıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Cinayət işinin 91-94-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edimiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 15 gün, yəni 25 noyabr 2023-cü il tarixdək uzadılmışdır. Cinayət işinə əlavə edimiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 40-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3677 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,992 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 4,992 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 4,772 qram. Cinayət işinin 131-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16-16/2-5/973 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd senson ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2” markalı, www.gsmarena.com məlumat bazasındakı məlumatlara əsasən “SM-J200” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J2” markalı, www.gsmarena.com məlumat bazasındakı məlumatlara əsasən “SM-J200” modelli mobil smartfona istifadəçi tərəfindən xüsusi qrafik təsvir ilə (parol-password) mühafizə olunan ekran kilidi tətbiq edildiyi üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, mobil smartfonun arxa tərəfində markalanma göstəricisinin olmaması və “SİM” danışıq kartının yerləşdiyi yuvada “imei” kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “imei” kodunu müəyyən etmək mümkün olmadı. Rəyin “tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy J2” markalı www.gsmarena.com məlumat bazasındakı məlumatlara əsasən “SM-J200” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy J2” markalı, www.gsmarena.com məlumat bazasındakı məlumatlara əsasən “SM-J200” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS”, mesaj, foto, audio, video fayllar, “whatsapp” proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işinin 41 və 132-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat və 80 (səksən) manat, ümumilikdə 194 (bir yüz doxsan dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 2423 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Sonuncuda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun əlamətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 129-130-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4394 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 150-161-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, iş üzrə digər maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,772 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və iş maddi sübut kimi tanınmayan Təqsirləndirilən şəxs məxsus “Samsung J2” markalı mobil telefon aparatı Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023cü il tarixdə saat 18:30-dan 18:45-dək Binəqədi RPİ-nin 43-cü PB-də qeydə alınmışdır. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı N.V.Məmmədov bölməyə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoyur. Sonuncu həmin maddənin el arasında “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “bugün“ Məscidin yanından tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını və həmin maddənin satışı ilə məşğul olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılır, möhürlənir, iştirakçılar tərəfindən imzalanır, bu barədə protokol tərtib olunur, iştirakçılara ucadan oxunur və iştirakçılar tərəfindən həmin protokol imzalanır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, döş qəfəsinin sağ nahiyəsində, belin sol yuxarı nahiyəsində və hər iki yuxarı ətrafda köhnə çapıq toxuma müşahidə olunmuşdur. Hal-hazırda şikayəti ümumi ağrılardandır, ağciyərlər üzərində sərtləşmiş tənəffüs eşidilir, daxili orqanlarda ciddi patologiya aşkar edilmədi. Cinayət işinə əlavə edilmiş Binəqədi rayon prokurorunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər, ekspert rəyləri, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların“prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin“ Plenumunun” 04 mart 2011-ci il““tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan“ cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran“ narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla“ bu cinayətlərə qarşı mübarizədə“ öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində olan psixotrop maddənin 4.992 qram olmaması barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (i/v 32-33), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (i/v 54-56, 69-72) protokollarından görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30-dan 18:45-dək Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoyur. Sonuncu həmin maddənin el arasında “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “bugün” Məscidin yanından tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını və həmin maddənin satışı ilə məşğul olmadığını bildirir (i/v 32-33). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlər edilməsini bildirsə də, onun tərəfindən göstərdiyi faktla bağlı hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Bundan başqa cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmiş, həmçinin sonuncunun ailə üzvlərinin müraciəti əsasında döyülmə faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və prokurorun xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, cavan olmasını və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-ci il tarixdən xx.xx.2023cü il tarixədək, yəni 03 (üç) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə qeyd etməti zəruri hesab edir ki, cinayət işinin 57-58-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi S.S.Mehbalıyevin xx.xx.2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi göstərilsə də onun barəsində hər-hansı qətimkan tədbiri seçilməmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində onu şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulduğunu və yalnız xx.xx.2023-cü il tarixdə MSY-dən birbaşa məhkəməyə apardığını bildirmişdir. Məhkəmə cinayə tişinin materiallarını araşdıraraq hesab edir ki, Binəqədi RPİ-nin İŞnin müstəntiqi S.S.Mehbalıyevin xx.xx.2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi göstərilsə də iş materiallarına bunu təsdiq edən hər-hansı bir sənəd aşkar edilməmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4394 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 129- 130). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanımış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və iş üzrə digər maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,772 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş maddi sübut kimi tanınmayan Təqsirləndirilən şəxs məxsus “Samsung J2” markalı mobil telefon aparatı sonuncuya(ailə üzvlərinə) qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərclərinin cəmi 194 (bir yüz doxsan dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək, yəni 03 (üç) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan maddi sübut kimi tanınmayan Təqsirləndirilən şəxs məxsus “Samsung J2” markalı mobil telefon aparatı sonuncuya (ailə üzvlərinə) qaytarılsın. İş üzrə maddi sübut Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,772 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 194 (bir yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar