Məhkəmə qərarları › İş №1(101)-1027/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1027/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1027/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, himayəsində 2009 və 2014-cü il təvəllüdlü uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,718 qram narkotik vasitə heroini və təmiz çəkisi 2,225 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Qala Ramana nömrəsiz fərdi evin yaxınlığında şübhəli olduğuna görə Sabunçu RPİ-nin NMB-nin və Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 2,718 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,225 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddət narkotik vasitə və psixotrop maddə metamfetamin istifadə etmiş, bununla bağlı 4 dəfə məhkum olunmuş, sonuncu dəfə bu məhkəmədə məhkum olunmuş, 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azad olunduğu müddətdən 2-3 ay sonra yenidən heroin və metamfetamin istifadə etməyə başlamışdır. Həmin maddələri ayrı-ayrı şəxslərdən əldə etmişdir. 14 iyul 2023-cü il tarixdə günorta vaxtı saat 14-15 arası yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramanada fərdi yaşayış evində yatdığı zaman evinə polis əməkdaşları daxil olmuşlar. Onlardan biri Bəxtiyar adlı şəxs Sabunçu RPİ-nin narkotiklə mübarizə şöbəsinin rəisidir, digər polis əməkdaşlarını isə tanımır. Həmin vaxt evində anası, nənəsi, qızı və Elvin adlı dostu olmuşdur. Elvin də həmin vaxt onun evində yatmışdır. Günorta vaxtı olduğu üçün o, şortikdə yatmışdır. Bəxtiyar ona narkotiklə əlaqədar şübhəli olduğunu bildirərək idarəyə getməyi təklif etmişdir. O, evdən çıxdığı zaman üzərində heç bir qanunsuz əşya olmamışdır.O və dostu Elvin polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmışlar. Evdən çıxan zaman anası köynəyini də vermişdir. Polislər evində axtarış etməmişlər. Amma onu maşınla 12-ci PŞ-yə apardıqları zaman şortikin cibinə bir büküm heroin və bir büküm metamfetamin qoyub tələb etmişlər ki, həmin əşyaları şöbədə üzərinə baxış keçirilən zaman özünə məxsus əşyalar kimi təqdim etməlidir. Şöbədə onu Bəxtiyar və digər polis əməkdaşları döymüşlər. Bundan sonra ona edilən fiziki zor nəticəsində o, üzərinə baxış keçirilməsinə və onun üzərinə qoyulmuş qanunsuz əşyaları təhvil verməyə razı olmuşdur. Dostu Elvini isə polislər buraxmışlar. Ona üzərinə baxış keçirilməsini əks etdirən CD disk nümayiş etdirildi. Həmin diskin nümayişi zamanı bədəninin açıq olan hissələrində hər hansı bir xəsarət və yaxud zədə görsənmir. Polislər onun ayağından vurmuşlar, baş və üzündən, bədəninin açıq hissələrindən xəsarət yetirməmişlər. İT-da onu yoxlayan həkim ayağında olan xəsarəti qeyd etmişdir. Həmçinin Bakı şəhəri Sabunçu rayon prokurorluğunda ona qarşı edilən qanunsuz hərəkətlərə görə araşdırılma aparılmış, ondan izahat alınmış, lakin araşdırmanın nəticəsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 14 iyul 2023-cü il tarixədək tanımamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsi, Qala Ramana üzrə 2022-ci ilin noyabr ayından sahə müvəkkili təyin edilmişdir. Təqsirləndirilən şəxs bir sakin kimi tanımamışdır. 14 iyul 2023-cü il tarixdə saat 17.30 radələrində həmkarı Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Ramana qəsəbəsi, Qala Ramanada xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısında olduğunu, onları gördükdə yayınmaq istəməsi onlarda bu şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair şübhə yaratmış, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair şübhələndiklərini bildirib onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nə aparıb təhqiqatçı polis mayoru Tural Təhməzliyə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət etdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində cəlb etmiş, bundan sonra videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Müdafiəçinin baxışda iştirak edib-etməməsini dəqiq deyə bilməz, xatırlamır. Baxış keçirməmişdən əvvəl təhqiqatçı X10 Həmidova üzərindən olan əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı və bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni təqdim etdmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olmasını və həmin maddələri həmin gün, yəni 14 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi “Şuşa şəhərciyi” ərazisində tanımadığı şəxsdən 150 manata əldə etməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi əşyaları qablaşdırmış, möhürləmiş və əşyaları qablaşdırdığı zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Həmçinin baxışla bağlı tərtib olunmuş protokol da proses iştirakçıları tərəfindən heç bir qeyd edilmədən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də şöbəyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixoloji təzyiqlər olmamış, onun üzərinə qanunsuz əşyalar qoyulmamışdır. Həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixədək o, Təqsirləndirilən şəxsla ünsiyyətdə olmamış, onun yaşadığı ünvana getməmiş, onu inzibati məsuliyyətə cəlb etməmişdir. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, şahidin ifadəsi ilə razı deyil, onu saxlayan Bəxtiyar Abasov olmuş, Bəxtiyar Abasov ona qarşı fiziki zor tətbiq etmiş, xəsarət yetirmiş, üzərinə qanunsuz əşyalar qoymuşdur. Həmçinin ibtidai araşdırma zamanı müstəntiq ona məxsus olmayan ***-***-**-** saylı telefon nömrəsinə dair məlumatları mobil operatordan tələb etmiş, halbuki, onda olan telefondakı nömrə anası X4 adına olmaqla ***-***-**-** olmuşdur. Məhkəmədən xahiş edir ki, Baksell MMC-yə sorğu verilməklə məhz bu nömrəyə aid bütün məlumatlar əldə edilsin və məhkəmədə tədqiq edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixədək tanımamışdır. Belə ki, o,həmkarı Şahid1 ilə birlikdə 14 iyul 2023-cü il tarixdə saat 17.30 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, Qala Ramanada xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısında olduğunu, onları gördükdə yayınmaq istəməsi onlarda bu şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair şübhə yaratmış, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair şübhələndiklərini bildirib onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nə aparıb təhqiqatçı polis mayoru Tural Təhməzliyə təqdim etmişlər. Xatırladığı qədər baxışda müdafiəçi iştirak etməmişdir. Baxış keçirməmişdən əvvəl təhqiqatçı X10 Həmidova üzərindən olan əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı və bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni təqdim etdmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olmasını və həmin maddələri həmin gün, yəni 14 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi “Şuşa şəhərciyi” ərazisində tanımadığı şəxsdən 150 manata əldə etməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi əşyaları qablaşdırmış, möhürləmiş və əşyaları qablaşdırdığı zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Həmçinin baxışla bağlı tərtib olunmuş protokol da proses iştirakçıları tərəfindən heç bir qeyd edilmədən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də şöbəyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixoloji təzyiqlər olmamış, onun üzərinə qanunsuz əşyalar qoyulmamışdır. Şahid2 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid2 ona qarşı heç bir zor tətbiq etməyib, üzərinə heç bir qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Qala Ramana qəsəbəsi nömrəsiz fərdi evin qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxs şübhəli olduğu görülərək polis əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs Sabunçu rayon Pİ-nin 12ci PŞ- nin rəisi, polis polkovnik-leytenantı cənab Yunis Ələsgərova yazdığı ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin iştirakın tələb etmir və vəkil olmadan şəxsi axtarışın keçirilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, bu istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqatçısı, polis mayoru Tural Təhməzli şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək, üzərində olan əşyaları təqdim etməyi təklif edir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı, bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə “şüşə” və “kakos” olduğunu bildirərək onları Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 150 manata alaraq istifadə üçün üzrəində saxlamışdır. Əlavə olaraq 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-559/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 49-1/2-2116 saylı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 15 iyul 2023-cü il tarixli 6/3846 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi olan, “vət. X6 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,718 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,225 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metmfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 29 iyul 2023-cü il tarixli 4816 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 15 iyul 2023-cü il tarixli 2555 nömrəli narkotik, sərxoşluq vəziyyətinn narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinənin keçirilməsi haqqında aktın məzmunundan görünür ki, qeyd olunan tarixdə tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs sərxoşluq əlaməti olmadan narkotik madənin qəbulu faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 15 iyul 2023-cü il tarixli 2555 nömrəli narkotik, sərxoşluq vəziyyətinn narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinənin keçirilməsi haqqında aktın məzmunundan görünür ki, qeyd olunan tarixdə tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs sərxoşluq əlaməti olmadan narkotik maddənin qəbulu faktı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 07 avqust 2023-cü il tarixli 2181 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” F.60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanaqsızlığı və s.) subut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən götürülmüş təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 01 noyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,668 qram narkotik vasitə heroin və 2,175 qram psixotrop maddə metafetamin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi və götrmə görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata görə və məhkəmə qərarında olan məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmasına; xx.xx.2018-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasından 01 ay 01 gün vaxtından əvvəl şərti azad olunmasına; xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının 06 ay azaldılmasına və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına dair məlumat mövcuddur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, baxılan cinayət işi üzrə cinayəti isə xx.xx.2023-cü il tarixdə yəni məhkumluğu ödənilmədiyi dövrdə törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, yəni residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon prokurorğunun xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 331 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər iki baldırın səthi əzilmiş yaralardan sonra yaranmış, zəif çapıq toxumaları müəyyən edilmişdir.Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından keçirilməsindən (xx.xx.2024-cü il) 6 aydan 1-1.5 ilə qədər əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibbi sanitar hissəsində müayinəsi vaxtı ona qoyulmuş “sağ diz nahiyyəsində yumuşaq toxumaların əziyi və hematoması” diaqnozu obyektiv əlamətlərlə təsvir olunmadığından (rəngi, xarakteri və s.) bu diaqnozu məhkəmə-tibbi cəhətdən qiymətləndirib müddəti barədə fikr söyləmək mümkün deyil. Belə ki, araşdırma zamanı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında xx.xx.2023-cü il tarixdə tibbi müayinəsi zamanı üzərində aşkar edilmiş xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsi nəticəsində həmin tarixdə əmələ gəlməsi məhkəmə tibbi-ekspertizasının rəyi ilə müyyən edilməmişdir. Bundan başqa toplanmış izahatlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və 12-ci PŞ-nin sahə rəisi vəzifəsində işləyən Şahid1 tərəfindən 12-ci PŞ-nə aparılmış, onun saxlanılmasında Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin rəisi Bəxtiyar Abbasov və 12-ci PŞ-nin əməliyyat müvəkkili Vüsal Yusifzadə iştirak etməmiş, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin diskinə baxış keçirilmiş, diskdəki məlumatların işin hallarına uyğun olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu, digər istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə fiziki təzyiqlər nəticəsində qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda ona tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2009-cu il (yetkinlik yaşına çatmayan) və 2014-cü il (az yaşlı) təvəllüdlü azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,668 qram narkotik vasitə heroin və 2,175 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götrmə görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,668 qram narkotik vasitə heroin və 2,175 qram psixotrop maddə metafetamin məhv edilsin, şəxsi axtarış və götrmə görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 (üç yüz) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar