Məhkəmə qərarları › İş №1(101)-1028/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1028/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1028/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Göytəpə kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 57-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd kustar üsulla hazırlanmış deşici-kəsici-çapıcı xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı olan soyuq silah hesab edilən Sablya tipli qılıncı əldə edib etibarnamə əsasında idarə etdiyi “Nissan Maxima” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz gəzdirmiş, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10,880 qram təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 22:30-da ünvan 1 ünvanın qarşısında idarə etdiyi “Nissan Maxima” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb həmin avtomobillə qeyd olunan Baş İdarəyə gətirilmiş və 16 yanvar 2021-ci il tarixdə saat 00:05-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,315 qram, 4,244 qram və 2,321 qram olmaqla ümumilikdə külli miqdarda 10,880 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, həmçinin həmin tarixdə saat 01:15-də Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Nissan Maxima” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildə arxa yük yerindən bir ədəd kustar üsulla hazırlanmış deşici-kəsici-çapıcı xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı olan soyuq silah hesab edilən Sablya tipli qılınc aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin gün «Həzi Aslanov» metro stansiyasının yaxınlığına özünə paltar almağa getmiş və orada olan vaxt polis əməkdaşları onu tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onu tutan şəxsləri əvvəllər görməmiş və tanımamışdır. Onlar təxminən on nəfər olmuşlar. Orada onun üzərinə baxış keçirilməmiş və üzərindən heç nə aşkar edilməmişdir. Maşının baqajında babasından qalma üstü yazılı Osmanlı xəncəri olmuş, arxası çürüdüyü üçün onu təmir etdirmək məqsədi ilə götürmüşdür. Onun nə üstündə, nə də, maşınında bıçaq olmamışdır. Bıçaq gödəkçənin cibindən çıxmışdır. Yəqin mağazadan gödəkçəni alanda bıçaq onun cibində olmuşdur. Gödəkcəni metronun yanından almışdır. Həmçinin onun üzərində narkotik vasitə olmamışdır. Hesab edir ki, narkotik vasitə də təzə aldığı gödəkçənin cibində olmuşdur. Çünki onu gödəkçəni alıb çıxandan sonra tutmuşlar. İstintaq zamanı məcbur olub həmin narkotik vasitəni evdən çıxanda parkda çəmənlikdə otluğun içərisindən tapdığını bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üstünə baxış keçirilərkən hal şahidi olmamış, bir nəfər müdafiəçi iştirak etmişdir. Onu polis əməkdaşları döyüb üç qabırğasını qırmışlar. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, işlədiyi Baş İdarəyə 15 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq soyuq silah əldə edib üzərində və idarə etdiyi nəqliyyat vasitəsində saxlayıb gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 65 ünvanının qarşısına gedərək orada əməliyyat mövqeyi seçmişlər. 15 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 65 ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edilərək saxılamışlar. Həmin zaman o idarə etdiyi “Nissan Maxima” markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobilin yanında olmuşdur. Ona özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğlarını bildirib onun anket məlumatlarını dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməkdə şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində psixotrop maddə olduğunu bildirdiyindən onu Baş İdarəyə dəvət etmiş və idarə etdiyi “Nissan Maxima” markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobillə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gədikdə Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raportla rəhbərliyə məruzə edilmiş və bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdən sonra o üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki qara rəngli görəkçəsinin sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü, gödəkçənin sol yan cibindən şəxsiyyət vəsiqəsini, avtomobilin və mənzilin açarını, gödəkçənin sol iç cibindən özünə məxsus “İphone” markalı mobil telefonu, şalvarının cibindən isə bir ədəd pul qabını və içərisindəki 45 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd büküm açıldıqda içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri tutulmamışdan bir gün əvvəl yaşadığı ünvanın yaxınlığından tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və predmet aşkar edilməmişdir. 03 ədəd büküm müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Həmçinin şəxsiyyət vəsiqəsi və bir ədəd “İphone” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar, bir ədəd pul qabı və 45 manat pul, mənzilin və avtomobilin açarı özünə qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Maxima” markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobildə bir ədəd bıçaq və bir ədəd xəncər saxladığını, həmin əşyaları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə onun idarə etdiyi və Baş İdarənin həyətində saxlanılmış “Nissan Maxima” markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs avtomobildə saxladığı qanunla qadağan edilmiş əşya və predmetləri təqdim etməsi təklif edildikdən sonra o avtomobilin sağ oturacağın qarşısında olan saxlanc yerində bir ədəd bıçaq və arxa yük yerində isə bir ədəd xəncər olduğunu bildirmiş və avtomobilin qapılarını özündə olan açarla açıb salon hissədə qabaq sağ oturacağın qarşısında olan saxlanc yerindən bir ədəd qara rəngli dəri qutuda olan əşyanı və avtomobilin yük yerindən bir ədəd xəncərə bənzər əşyanı götürüb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bıçağı bir il əvvəl ovçular mağazasından aldığını, xəncərin isə ona babasından yadigar qaldığını bildirmişdir. Avtomobilə baxış davam etdirilərkən başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd bıçaq və bir ədəd xəncər sellofan torbada qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilin açarı əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra baxışı keçirilməsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılıb Baş İdarəyə gətirilərkən, həmçinin Baş İdarədə olarkən ona qarşı hər hansı fiziki və ya digər təsir və təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizanın 16 yanvar 2021-ci il tarixli 6/199 nömrəli rəyindəndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazıları olan kağız paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4, 315 qram, 4,244 qram, 2,321 qram; ümumi təmiz çəkiləri 10,880 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetmindir. 03 bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi-10,880 qram, tədqiqata sərf edildi-0,09 qram, qalıq-10,790 qramdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasaloji ekspertizanın 16 fevral 2021-ci il tarixli 3/113 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd qılınc Sablya tipində kustar üsulla hazırlanmış, deşici-kəsici-çapıcı xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinə əlavə olunmuş keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının 15.03.2021-ci il tarixli 794 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preperatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əmllərini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 60-63-cü vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə müdafiəçisi Səyyad Nurəliyevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixatrik disponserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç bir yerdə işləməsə də xırda ticarətlə, yəni meyvə və tərəvəz satışı ilə məşğul olmuşdur. Arada bir narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Tanışı Rəşad adlı şəxsdən “Nissan Maxima” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobili nisyə almışdır. Belə ki, 5000 manat ilkin vermiş qalan 11.000 manatı da ayda 400 manat olmaqla ödəməlidir. Təxminən 2- 3 il əvvəl Rusiya Federasiyasından Azərbaycana gələn zaman oradan bir ədəd bıçaq almışdır. Həmin bıçağı ov mağazasından almış və bu barədə sənəd vermişlər. Həmin sənəd əsasında bıçağı Azərbaycan Respublikasına keçirmişdir. Sərhəddən keçən zaman həm Rusiya tərəfdə, həm də Azərbaycan tərəfdə bıçağı və onun sənədini yoxladıqdan sonra özü ilə götürməsinə icazə vermişlər. Bıçaqlara marağı olduğundan onu üzərində saxlamışdır. Bundan başqa babasından bir ədəd qədimi xəncər qalmışdır. Həmin xəncərin tutacaq hissəsi çürüdüyündən o həmin xəncərin tutacağını dəyişdirmək məqsədilə ustaya verməsi üçün onu idarə etdiyi avtomobilə qoymuşdur. Həmin xəncər də maşında qalmışdır. Bundan başqa 14 yanvar 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdə 03 ədəd büküm görmüşdür. O həmin bükümlərə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğu bilmişdir. Özü heç vaxt metamfetamin qəbul etməmiş, lakin istifadə etmək üçün götürüb üzərində saxlamışdır. 15 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında “Nissan maxima” markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobilin yanında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, həmçinin qanunsuz olaraq üzərində soyuq silah saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazda öncə şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyi ona bildirilmişdir. O da buna etirazı olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlayaraq ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya başqa qanunsuz əşya varsa, həmin əşyaları könüllü surətdə təqdim etməsini istəmişlər. O da üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək masaya yaxınlaşıb əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, gödəkcənin sol yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, mənzilin açarını və avtomobilinin açarını, gödəkçənin sol iç cibindən istifadə etdiyi bir ədəd “İphone” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd pul qabını və içində olan 45 manat pulu çıxardıb təqdim etmişdir. O təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi üç ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Bundan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş üç ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr kağız zərfdə qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Üzərindən aşkar edilmiş bir ədəd mənzil açarı, avtomobilin açarı, pul qabı və 45 manat pul onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon özünə məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq hazırda idarə etdiyi “Nissan Maxima” markalı, **- UU-*** qeydiyyat nişanlı avtomobilin qabaq saxlanc yerində bir ədəd bıçaq və həmin avtomobilin yük yerində bir ədəd xəncər saxladığını və həmin əşyaları təqdim edə biləcəyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilimin yük hissəsində saxladığı bir ədəd xəncər və avtomobilimin ön saxlanc yerində saxladığı bir ədəd biçaq aşkar edilmişdir. O bıçağı və xəncəri necə əldə etməsi barədə məlumat vermişdir. Daha sonra bıçaq və xəncər qablaşdırılıb möhürlənərək götürülmüşdür. Törətdiyi cinayət əməllərindən çox peşmandır. Saxlanılan zaman, eləcə də üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Bundan başqa, cinayət işinin 72-74-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə müdafiəçisi Səyyad Nurəliyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən 16 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismindndə dindirilərkən verdiyi ifadəni təsdiq etmişdir. Cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 22:30-da ünvan 1 ünvanın qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda 4,315 qram, 4,244 qram və 2,321 qram olmaqla ümumilikdə külli miqdarda 10,880 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-UU-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salon hissəsində qabaq sağ oturacağın qarşısında olan saxanc yerindən bir ədəd soyuq silah hesab edilməyən bıçaq və avtomobilin arxa yük yerindən bir ədəd soyuq silah hesab edilən Sablya tipli qılınc aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edildi ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində xidməti otaqda videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxşi axtarış və götürmə aparılmasından əvvəl barəsində Təqsirləndirilən şəxs axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmənin əsasında həyata keçiriləcəyi barədə məlumat verildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, gödəkcəsinin sol yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, mənzilin açarını və avtomobilinin açarını, gödəkçəsinin sol iç cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd pul qabını və pul qabının içərisində olan 45 manat pulu çıxardıb təqdim etdi və təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan metamfetamini bir gün əvvəl Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən yaşadığı ünvana yaxın məhəllədə yerdən tapdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş bir ədəd mənzil açarı, avtomobilin açarı, pul qabı və 45 manat pul Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone" markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq hazırda idarə etdiyi “Nissan Maxima" markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobilin qabaq saxlanc yerində bir ədəd bıçaq və həmin avtomobilin yük yerində bir ədəd xəncər saxladığını və həmin əşyaları təqdim edə biləcəyini bildirdi. Cinayət işinə əlavə olunmuş 10.03.2021-ci il tarixli, 6/83-211900041 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Baş İdarənin əməkdaşları tərəfindən 15 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və şəxsi axtarış zamanı üzərindən külli miqdarda 10,880 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin satış məqsədilə psixotrop maddə əldə etməsi müəyyən edilsə də, onun psixotrop maddəni kimdən, nə vaxt, əldə etməsini, eləcə də psixotrop maddə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Kəngərli X1 Şəhər Məhkəməsinin 27 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay 21 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 18 may 2016-cı il tarixdə qərarı ilə cəzasının müdddəti 01 il 08 ay 23 günə qədər artırılmış və cəzasını çəkib qurtardığına görə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 10,790 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd Sablya tipli qılınc məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə Təqsirləndirilən şəxs 193 (yüz yetmiş üç) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3–cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 10,790 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd Sablya tipli qılınc məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 193 (yüz yetmiş üç) manat 90 ( doxsan) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi adan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar