Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1029/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, 16 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə Şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 4,105 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini 100 manata və satış məqsədi ilə qanunsuz olaraq 3,423 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini 80 manata əldə edib daşıyaraq üzərində saxlamış, 17 dekabr 2021-ci il tarixdə saat 00:20 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında saxlanılıb ünvan 3 Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 4,105 qram olan kustar üsulla hakırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,423 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə saat 23:55 radələrində qonşuluqda yaşayan X2 evində olmuşdur. Bu zaman qapı döyülmüş, Xəyalə qapını açmış və dörd nəfər tanımadığı şəxs mülki geyimdə içəri daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra evdə polislər onun qolunu buraraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparmışlar. Polis bölməsində üzərində şəxsi axtaış aparılsa da, hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr aşkar olunmamışdır. Polis əməkdaşları bundan sonra ona hədə-qorxu gələrək iki bükümdə narkotik vasitəni cibinə qoyaraq demişlər ki, çəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri Papanin adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirsin, əks halda yarım kiloqram çəkidə narkotik vasitəni onun üzərinə qoyacaqlar, ona qarşı əxlaqsız hərəkətlər edərək sosial şəbəkədə paylaşacaqlar. Polis əməkdaşlarının hədələrindən qorxduğu üçün məcbur olub üzərində 1 bükümdə narkotik vasitə və 1 bükümdə psixotrop maddə omlasını, həmin maddələrin ona məxsus olmasını və şəxsi istifadəsi üçün almasını bildirmiş, bu barədə izahat və ifadələr vermişdir. Həqiqəqiqətdə isə onun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18-də yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyirmdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Öz razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə getmişlər və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəziflərini izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeydqanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd qara rəngli dəri materiallı pul kisəsi, bir ədəd alışqan, həmin gödəkçənin sol yan cibindən birinin içərisindəki qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli kütlə olan iki ədəd şəffaf rəngli selofan bükülünü polislərə təqdim etmişdir. Bundan sonra əynində olan şalvarın sağ yan cibindən bir ədəd qara rəngli smartfon olmayan “Samsung Duos” markalı və bir ədəd smartfon tipli qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, ona üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üstündən başqa qeyri-qanuni heç nə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş qara rəngli pul kisəsi açılan zaman içərisindən bir ədəd bir manatlıq, bir ədəd beş manatlıq pul əskinası, özünə məxsus şəxsiyyət vəsiqəsi, özünə məxsus sürücülük vəsiqəsi və iki ədəd Kapital Banka məxsus bank kartı aşkar olunmuşdur. Ondan həmin selofan bükülülərdəki maddələrin nə olduğu soruşulduqda o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin, ağ rəngli kütlənin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heronini bir gün əvvəl saat 19:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata, psixotrop maddə olan metamfetamini isə həmin şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş həmin narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə və psixotorop maddəni aldığı şəxsi tanımadığını, anket məlumatlarını bilmədiyini demişdir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddədən istifadə etməyə macal tapmamışdır (1-ci cild iş vərəqi 94-96). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir və ibtidai istintaqın ilkin mərhələsi zamanı vermiş olduğu ifadəsini cinayət işinin materiallarına və işin faktiki hallarına daha uyğun hesab edərək qəbul edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun zahiri əlamətləri, tez-tez harada olduğu və şəxsiyyəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə cinayət başında yaxalanması üçün onun tərəfindən 16 dekabr 2021-ci il tarixdə bölmə rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra isə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupunun təşkil olunması barədə protokol tərib olunmuşdur. İş yoldaşı Şahid1 ilə birlikdə 17 dekabr 2021-ci il tarixdə təxminən saat 00.20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında, yaşıdığı evin yaxınlığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsini göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu saxlamaqlarının səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis Bölməsində bölmənin təhqiqatçısı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, polis bölməsinin inzibati binasındakı otaqların birində Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd qara rəngli dəri materiallı pul kisəsi, bir ədəd alışqan aşkar olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs həmin gödəkçəsinin sol yan cibindən birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli kütlə olan iki ədəd şəffaf rəngli selofan bükülünü, əynində olan şalvarın sağ yan cibindən iki ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qara rəngli pul kisəsi açılan zaman içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsi, özünə məxsus sürücülük vəsiqəsi və iki ədəd Kapital Banka məxsus bank kartı da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin selofan bükülülərdəki maddələrin nə olduğu soruşulduqda o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin, ağ rəngli kütlənin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir gün əvvəl saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən heroini 100 manata, metamfetamini isə həmin şəxsdən 80 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmir, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə alır. Bundan sonra həmin iki ədəd şəffaf rəngli selofan bükülü içərisində olan narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddə çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs Xəyalə Qasımova adlı şəxsin evində tutulmağı barədə bildirdiklərinin yalandır, Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ 43-ciij PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 17 dekabr 2021-ci il tarixli 6/5528 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4, 105 qram çəkidə olan maddə tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 3, 423 qram çəkidə olan maddə isə ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (1-ci cild iş vərəqi 40-44). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 10 yanvar 2022-ci il tarixli 94 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 182-183). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 11 mart 2022-ci il tarixli 812 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədilən vaxt və hal-hazırda öz hərəkətərini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 197-199). İşdə olan Binəqədi rayon məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 “əməİiyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 dekabr 2021 -ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (1-ci cild iş vərəqi 52-54). İşdə oşan SD diskə baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, (070) ***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***- **-** saylı nömrəyə «Ay Seyid, mənəm Vüqar, 2 dənə lazımdır», «2 sot torpaq burdayam neniyim» məzmunlu SMS-lər, (070) ***-**-** saylı nömrə ilə (070) ***-**-** nömrə arasında «Qardaşım» alınqmırsa gedim Maştağaya, «Getmə heç yerə Saleh» məzmunlu SMS-lər gəlmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs qeyd edilən SMS yazışmalarla bağlı ifadə verərək bildirmişdir ki, onun mobil telefon nömrəsinə daxil olmuş «Ay Seyid, mənəm Vüqar, 2 dənə lazımdır», «2 sot torpaq burdayam neyniyim» SMS-lərdən məlumatı yoxdur, orada nədən söhbət getdiyini bilmir, qohumları, tanışları, ümumiyyətlə onu tanıyan heç bir şəxs ona «Seyid» deyə müraciət etmir, dini baxımdan Azərbaycanda şəxslərə verilən «Seyid» ləqəbinin də daşıyıcısı deyil, Vüqar adlı şəxsi də tanımır, tanışları, dostları, qonşuları arasında Vüqar adlı şəxs yoxdur. «Qardaşım alınmırsa gedim Maştağaya», «Getmə heç yerə Saleh» SMS-ləri ilə bağlı isə bildirmişdir ki, narkotik vasitə istifadəçisi olduğundan ola bilər ki, narkotik vasitə satan şəxsdən narkotik vasitə istəmiş, həmin şəxs gəlmədiyindən maddəni Maştağa qəsəbəsində axtaracağını demiş, həmin narkotik vasitə satan şəxs də ona getməməyi bildirmişdir, lakin həmin yazışmanı da kimlə və hansı şəraitdə apardığını ümumiyyətlə xatırlamır. İşdə olan DVD-R disk üzrə videoyazı materillarına baxış keçirilməsi haqqında 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdəki görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 4,105 qram narkotik vasitə heroin və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,403 qram psixotrop maddə olan metamfetaminin aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə bir ədəd zərfin içərisinə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən zərfin üstü imzalanır (1-ci cild iş vərəqi 184-185). İşdə olan 09 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılan video çəkiliş disk şəklində təhqiqat orqanı tərəfindən istintaq orqanına daxil olmuş və həmin disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 222-227). İşdə olan 09 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqtından sonra qalıq qalan 3,373 qram psixotrop maddə metamfetamin və 4,055 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Binaqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmlişdir (1-ci cild iş vərəqi 222-227). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyat Statistika və İnformasiya İdarəsindən alınmış 12 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 157-158). İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 19-20). İşdə olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 105-109). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükmdə 4,105 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə 3,423 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 həmin polis bölməsinin rəisinə yazdığı raportda ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı əldə etməsi göstərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə həmin raportda qeyd olmamış, yəni polis əməkdaşlarında bu barədə məlumat olmamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə və psixotrop mddəni öz istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş 10 yanvar 2022 il tarixli 94 saylı ekspert rəyində Təqsirləndirilən şəxs kannaboidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etirafı göstərilməmiş, uzun müddət ərzində narkotki vasitə olan marixuananı siqaretə doldurub çəkməklə istifadə ediyini, həmçinin psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini göstərmiş, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon nömrəsinə daxil olan SMS yazışmaların onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq etməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmaması, məlumatın təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni üzərində saxlaması barədə olmasını bildirmişlər, aşkar edilmiş 4,105 qram narkotik vasitə heroin və 3,423 qram psixotrop maddə metamfetamin hər biri 1 bükümdə olmuşlar, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə ədə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, etiraf etməməsinə baxmayaraq onun 1 bükümdə 4,105 qram narkotik vasitə heroin və 1 bükümdə 3,423 qram psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin psixotrop maddəni və narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddəni və narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroini və metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara və narkotik vasitənin şəxsi istifadə üçün şəxsi istehlak miqdarından artıq olan külli miqdarda olmasına əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdd saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq olan külli miqdarda 4,105 qram çəkidə narkotik vasitə olan heroini 100 manata və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq olan külli miqdarda 3,423 qram çəkidə psixotrdp maddə olan metamfetamini 80 manata əldə edib daşıyaraq üzərində saxlamış, 17 dekabr 2021-ci il tarixdə saat 00:20 radələrində Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 18 ünvanında saxlanılıb ünvan 3 Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 4,105 qram olan kustar üsulla hakırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,423 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə vasitə heroin 4,105 qram və psixotrop maddə metamfetamin 3,423 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən çox heroinin və metamfetaminin yalnız miqdarı, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 17 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 17 dekabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqtından sonra qalıq qalan 3,373 qram psixotrop maddə metamfetamin və 4,055 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi ilə bağlı 1 ədəd disk, şəxsi axtarış və götürmə zamanı video görüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri - 88,70 manat (səksən səəkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,055 qram narkotik vasitə heroin və 3,373 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi ilə bağlı 1 ədəd disk, şəxsi axtarış və götürmə zamanı video görüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1029/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1029/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver