Məhkəmə qərarları › İş №1(101)-1029/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1029/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1029/2023 12.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 16:10 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.9 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də digər şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 23 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanda yaşayan qayınatası Şahid1 evinə gələrək, şəxsi münasibətlərin pozulması səbəbindən üç ay əvvəl atası evinə qayıdaraq orada yaşayan rəsmi nikahda olan arvadı Qanuni nümayəndə onunla birlikdə getməsini tələb etmiş, sonuncu onun bu təklifindən imtina edərək bir daha onunla birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirdikdə, o, artıq ailə olaraq bir yerdə yaşamayacaqları və azyaşlı övladından məhrum olacağı qənaətinə gəlib, Qanuni nümayəndə bu hərəkətlərinə görə qisas almaq məqsədilə, sonuncuya mənəvi iztirab yaşatmaq üçün azyaşlı oğlu xx.xx.2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 öldürmək qərarına gələrək, həmin niyyətini həyata keçirtmək məqsədilə sonuncu dəfə oğlu ilə görüşmək üçün şərait yaradılmasını xahiş edib, buna nail olduqdan sonra Zərərçəkmiş şəxs1 yataq otağına aparıb onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasını və yaxın adamları, yəni, anası Qanuni nümayəndə, babası Şahid1 və nənəsi Zərərçəkmiş şəxs2 olduğu evdə həmin hadisəni törətməklə sonunculara xüsusi əzab verdiyini dərk edərək qəsdən öldürmək məqsədilə üzərində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyası səviyyəsində dörd ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin İİİ barmağının orta və distal falanqalarında olmaqla bir ədəd kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, sol əlin orta sinirinin və İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin kəsilməsi ilə müşayiət olunan sol mil-bilək oynağının ön və arxa səthlərinin üç ədəd kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmiş, həmin zərbələri vurmağa davam edərkən, yaranmış səsə yataq otağına daxil olaraq hadisənin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 nənəsi Zərərçəkmiş şəxs2 da əlində olan həmin bıçaqla sol əlin İ (baş) barmağının bir ədəd və sol əlin İİİ (orta) barmağının bir ədəd (ümumilikdə 2 ədəd) kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin aldığı xəsarətə baxmayaraq Zərərçəkmiş şəxs2 hadisənin qarşını almağa yönəlmiş aktiv müqaviməti səbəbindən, habelə Zərərçəkmiş şəxs1 vaxtında 19 saylı təcili tibbi yardım stansiyasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 fevral 2020-ci il tarixdə Qanuni nümayəndə ilə nikah bağlamışdır. Onların xx.xx.2020-ci ildə Zərərçəkmiş şəxs1 adlı oğlu anadan olmuşdur. Onlar ailə qurandan Bakı şəhərində kirayə yaşamışlar. Xeyrənsə ilə aralarında mübahisə olduğundan 2022-ci ilin avqust ayında mübahisə etdiyinə görə Xeyrənsə uşağı götürüb Bakı şəhərində yaşayan atası Şahid1 yaşadığı evinə getmişdir. O, Xeyrənsəyə onunla getməsini demişdir. Lakin, Xeyrənsə onunla getmək istəmədiyini bildirmişdir. Xeyrənsə ona borcları olduğunun, borclarını qaytardıqdan sonra onunla birlikdə yaşamağa razı olacağını demişdir. O, tez-tez gedib uşaqla görüşürmüş. Ailədaxili münaqişələrə görə o eyibləri açıqlamaq istəmir. Hadisə olan tarixdə Səbail rayonu 20-ci sahəyə çatan zaman orada olan qab-qacaq satılan mağazaya daxil olub bir ədəd bıçaq alıb əynində olan gödəkçənin iç cibinə qoymuşdur. Sonra oradan da Xeyrənsəgilə getmişdir. O, Xeyrənsəgilə çatan zaman Xeyrənsə, qaynanası Əminə və oğlu İsmayıl evdə olmuşdur. O, qaynatası Təyyar ilə danışmış və xahiş etmişdir ki, ailəsini buraxsın, onunla birlikdə çıxıb getsinlər. Təyyar ona demişdir ki, Xeyrənsəni ona verməyəcək. Təyyar ona bu sözləri dedikdə, o, qərara gəlmişdir ki, İsmayılı və özünü öldürsün. Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb ona vermişdir. O, İsmayılı qucaqlayıb qonaq otağından yataq otağına aparmışdır. Yataq otağına keçən kimi, İsmayılı yataq otağında olan çarpayının üzərinə uzadıb gödəkçənin iç cibində saxladığı bıçağı çıxarıb, İsmayılı öldürmək məqsədilə ürəyindən bıçaqla vurmuşdur. O, istintaqda 9 bıçaq vurduğunu bildirsə də, o, bunu etməyini xatırlamır. Baş vermiş hadisə nəticəsində bugün övladına xəsarət yetirmiş ata kimi burda olsa da, oğlu onun düşməni deyil, o da oğluna düşmən deyil. Ona irəli sürülən ittiham çox ağırdır. O, oğlundan ayrı düşmək istəmir. O, atası vəfat etdiyinə görə yetim böyümüş və necə olduğunu yaxşı bildiyindən oğlunun da yetim qalmasını istəmir. Etdikləri də məhz oğlunun yetim qalmaması üçün imiş. Qaynanası bıçağı əlində tutmuşdur. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, uşağın müalicəsi ilə ailəsi məşğul olur. Əvvəllər məhkum olmuş, mühafizə xidmətində işləyən zaman məlumatı olmadığından boş kağızları imzalamış, cəzasını çöldə çəkmişdir. 3 ildir ki, ailə münaqişəsi baş verir. O, ailə münaqişələrini açıqlamaq istəmir. Yoldaşıyla hazırda nikahdadırlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla özü tanış olub 14 fevral 2020-ci il tarixdə ailə qurmuşlar. xx.xx.2020-ci ildə oğlu Zərərçəkmiş şəxs1 anadan olmuşdur. Ailə qurandan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Onların arasında 5 yaş fərq var. Həyat yoldaşıyla aralarında mübahisələri olurmuş, maddi problemləri var imiş. Həyat yoldaşı onu döyürmüş. Onlar evin kirayə haqqını ödəyə bilmədiklərindən əri Saqi onu və oğlunu anası Zərərçəkmiş şəxs2 evinə aparmış və oğluyla o müvəqqəti orda qalmağa başlamışlar. Hər şeyi düzəldib işləyəndən sonra ev tutub kirayə qalmağı planlamışlar. Lakin, elə olmuşdur ki, kirayə çıxmaqları bir az uzun çəkmişdir. O, və oğlu uzun müddət anasıgildə qalmışlar. Bu müddətdə həyat yoldaşı işdən çıxıb anasıgilə onları görməyə gəlirmiş. Problemləri yox imiş, onları görüb uşaqla sağollaşıb gedirmiş. Bir dəfə Saqi anasıgilə gəlib demişdir ki, o və oğlu da Saqiylə getsinlər. O, Saqiyə bildirmişdir ki, gedəcək və qalacaq yerləri yoxdur, uşaq var. Saqi çıxıb getmək istədiyindən uşağı qucaqlayıb sağollaşmaq isədiyini bildirmişdir. O, uşağı Saqinin qucağına vermişdir. Saqi uşaqla birlikdə başqa otağa keçmişdir. Bu zaman yataq otağından İsmayılın ağlamaq səsləri gəlmişdir. İsmayılın səsinə otağa keçdikdə İsmayılın çarpayının üzərində qan içərisində olduğunu görmüşlər. Saqinin əlində bıçaq görmüş və uşağı vurmasını dərk etmişdir. O, qışqırmağa başlamışdır. Saqinin əlində olan bıçağı almaq istəmişdir. Bu zaman Saqi əlində olan bıçaqla öz boğazını kəsmişdir. O, bunu görüb Saqinin əlindən tutmuşdur. Saqi əlini onun əlindən çıxarıb təkrar əlində olan bıçaqla öz boğazını kəsmişdir. O, Saqini bağışlamır, Saqiylə barışmamış, Saqiyə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş edir. Lakin, Saqiyə qarış şikayəti, tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, Saqinin əsəbləri yerində deyil. Saqi tikinti işi ilə məşğul olurmuş, fəhlə imiş. Onlar 3 ildir ailə həyatı qurmuşlar. 3 il ərzində həm onun ailəsi, həm də Saqi ailəsinin təminatını yerinə yetirirmiş. Onun valideynləri Bakı şəhərində yaşayır. Hadisədən əvvəl aralarında ciddi münaqaişə olmamış, əksinə onları axşamlar görüb gedirmiş. 3 il ərzində yoldaşıyla aralarında onlara dair problem olmamış, bütün problemlər ailələri ilə bağlı olurmuş. Saqi onu döydüyü zaman ailələri müdaxilə edirmiş. Saqi onu kənarda olan söz-söhbətə görə döyürmüş. Yəni, anasının dediyi sözlərə görə və s. səbəblə onu döyürmüş. O, Saqiyə anasıgildən uzaqlaşmağını demişdir. O, həyat yoldaşından şikayətçi deyil, lakin, o, bir daha oğlunu ona etibar edə bilməz. Saqi əvvəllər uşağa və ya başqasına zərər vermək istədiyini deməmişdir. O, Saqidən başqa məsələlərdə narazı olmamışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 57-61-ci vərəqələrində olan ifadəsində Qanuni nümayəndə aşağıdakıları göstərmişdir: «...Saqi ona dəfələrlə əgər barışmasa İsmayılı və onun ailə üzvlərini öldürəcəyini demişdir. O, isə Saqini sakitləşdirməyə çalışmışdır. 23 noyabr 2022ci il tarixdə saat 09 radələrindən başlayaraq hər yarım saatdan bir Saqi ona zəng vurub İsmayılı götürüb şəhərə gəzməyə getməyi təklif etmişdir. O, isə Saqiyə İsmayılın xəstə olduğunu, buna görə də bayıra çıxarda bilməyəcəyini, özünün də getmək istəmədiyini bildirmişdir. Həmin vaxt Saqi telefonda onun üstünə qışqırmış, ona demişdir ki, “elə eləməki başqa hərəkət edim”. ...Saqi əvvəllər dəfələrlə ona demişdir ki, “əgər sən məndən boşansan uşağıda öldürəcəm, səni də öldürəcəm, ailə üzvlərini də öldürəcəm”. …» Elan olunmuş ifadəsinə əsasən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, imza ona məxsusdur. O, ifadəsini təsdiq edir. Saqi bir dəfə ona bildirmişdir ki, əgər ondan boşansa, ailə üzvlərini öldürəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Saqi hər gün qızı Xeyrənsəni döyürmüş. Xeyrənsə döyüldüyünü ona və atasına demirmiş, gizlədirmiş. Bir gün o rayonda olarkən Xeyrənsə də onlarla rayona gəlmiş və baş ağrısından şikayətlənirmiş. Səbəbini soruşduqda döyüldüyünü demişdir. Qızının bədəni göyərmiş və döyülmənin izləri var imiş. Saqi qızını hər döyəndə həkimə aparıb qızını müalicə etdirib gətirirmiş. Saqi evinə 1 manat belə pul gətirmirmiş, ailəni onlar saxlayırmış. Sonuncu dəfə kirayə pullarını verə bilmirmişlər, bocları var imiş. Bir borcu həyat yoldaşı ödəmiş, hazırda kreditə götürdüyü telefonunu həyat yoldaşı ödəyir. Qızını Saqi döydüyünə gərə, qızı İsmayılla birlikdə onlara gəlmişdir. 23 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Saqi onların yaşadığı evə gəlmiş, bundan sonra o, Təyyara zəng vurub Saqinin gəldiyini və söhbət etmək istədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Təyyar evə gəlmiş, onlar birlikdə oturub söhbət etməyə başlamışlar. X10 aparmaq istədiyini demişdir. Təyyar isə Saqiyə borcunun olduğunu, borclarını qaytardıqdan sonra Xeyrənsəni aparmasını bildirmişdir. Təyyar telefonla danışdıqdan sonra Saqi İsmayılı öpüb gedəcəyini bildirmişdir. Həmin vaxt İsmayıl qonaq otağında döşəmənin üzərində oturub oynamışdır. Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb Saqiyə vermişdir. Saqi İsmayılı qonaq otağından yataq otağına aparmış, bu zaman yataq otağından İsmayılın ağlamaq səsləri gəlmişdir. İsmayılın səsini eşidən kimi o, yataq otağına tərəf qaçmışdır. Xeyrənsə də onun arxasınca yataq otağına tərəf qaçmışdır. Yataq otağına çatıb içəri girən zaman İsmayılın yataq otağında olan çarpayının üzərində olduğunu və Saqinin də əlində bıçaqla İsmayılın başı üzərində dayanıb İsmayıla bıçaqla zərbələr vurduğunu görüb “uşağı öldürdü, qoymayın uşağı öldürdü” sözlərini deyib qışqıraraq Saqinin əlində olan bıçaqdan və qolundan tutub Saqini divara vurmuşdur. O, Saqinin əlində olan bıçaqdan və qolundan tutub divara vurmuşdur. O, Saqini divara vurmasaymış Saqi İsmayılı öldürəcəkmiş. Hazırda zərərçəkmiş şəxs nəvəsinin barmaqlarında problem var və uşaq barmaqlarını hərəkət etdirə bilmir. Hər gün uşağın barmaqlarını həkimdə “toka” verirlər ki, hərəkət etdirə bilsin. Uşağın əsəbləri korlanıb müalicə etdirirlər, dili tutulmuş və uşaq danışmır. Uşağa ziyan vurarkən o Saqinin əlindən tutmuş və ona da zərər vurmuşdur. Saqi telefonda qadınla danışarkən qızı onu yaxalamış və ailə buna görə dağılmışdır. Saqi həbs olunmazdan əvvəl qızına hədə-qorxu gəlirmiş. Münaqişə Saqinin anasının Türkiyədən gəlməsi ilə də yaranmış, digər tərəfdən qadınla danışması ilə bağlı yaranmışdır. Saqi qızına hədə-qorxu gəlirmiş ki, əgər qızı ondan boşansa, anasını, qardaşını, atasını evə gəlib öldürəcəkdir. O, qızının boşanmasını istəməz. Lakin, o, bir daha nəvəsini Saqiyə etibar edə bilməz. O, Saqidən şikayətçidir, Saqini bağışlamır və ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusudur. Təyyarın qızı Qanuni nümayəndə Təqsirləndirilən şəxsla rəsmi nikah bağlamış, sonuncuların Zərərçəkmiş şəxs1 adlı oğlu var. 2022-ci ilin avqust aylarında Xeyrənsənin atası Təyyarın evinə gəldiyini, Saqinin borclarının olduğunu və ailəsini dolandıra bilmədiyini eşitmişdir. 23 noyabr 2022-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə yaşadığı evdə olan zaman qonşusu Təyyarın köməyə çağırdığını eşidib, bayıra çıxmışdır. O, bayıra çıxan zaman Təyyarın qapısının örtülü olduğunu görüb, səs eşitdiyini fikirləşib geri qayıtmaq istəyəndə, təkrar Təyyarın onu köməyə çağırdığını eşidib, tələsik Təyyarın evinə tərəf getmişdir. Təyyarın yaşadığı evin giriş qapısını açıb içəri daxil olanda yataq otağında Təyyarın arvadı Əminənin qışqıraraq, bıçağı almasını və uşağı öldürməyə qoymaması sözlərini dediyini eşidib, özünü yataq otağına çatdırmışdır. Yataq otağında Saqinin əlində bıçaqla dayandığını, Xeyrənsə və Əminəni görmüşdür. Əminə Saqinin bıçaq olan əlində tutmuşdur. O, çatan kimi Saqinin bıçaq olan əlindən tutmuş niyə belə etdiyini soruşmuşdur. Saqi də bezdiyini, uşağın onlara qalmağını qoymayacağını, uşağı da, Xeyrənsəni də, özünü də öldürəcəyini demişdir. O, Saqinin bıçaq olan əlini tutub, divara dirəmişdir ki, hərəkət edib əlində olan bıçaqla heç kimə xəsarət yetirməsin. Bu zaman Saqinin boğazını kəsildiyini görüb, fikirləşmişdir ki, Saqi özünə xəsarət yetirmişdir. O, çönüb çarpayının üzərinə baxan zaman İsmayılın qan içərisində olduğunu görmüşdür. Həmin vaxt Təyyarın gəldiyini görüb qonşuları köməyə çağırmasını demişdir.Təyyar bayıra çıxıb qonşuları köməyə çağırmış, o, da Saqinin əlində olan bıçağı alıb yerə atmışdır. O, Saqini divara dirəyib saxlamış və sakitləşdirməyə çalışmışdır. Bir müddət sonra təcili tibbi yardım avtomobili gəlib İsmayıl və Əminəni xəstəxanaya aparmışlar. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci PB-də sahə inspektrou vəzifəsində işləyir. 23 noyabr 2022-ci il tarixdə saat 19 radələrində xidmətdə olan zaman ünvan 4 ünvanda yaşayan Şahid1 onunla əlaqə saxlayıb qızının əri Təqsirləndirilən şəxs yaşadığı evə gələrək evdə mübahisə yaratdığını bildirmişdir. O, dərhal bu barədə Səbail RPİ-nin 8-ci PB-nin növbətçi hissəsinə məlumat verib Şahid1 yaşadığı ünvana yaxınlıqda olan ƏÇPA-nın əməkdaşları göndərilməsini demişdir. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid1 yaşadığı evdə bıçaqla azyaşlı oğlu Zərərçəkmiş şəxs1 çoxsaylı bıçaq zərbələri yetirmişdir. Hadisə zamanı yaxınlıqda yerləşən çevik polis alayının əməkdaşları Şahid1 yaşadığı evə gələrək Təqsirləndirilən şəxs zərərsizləşdirərək Səbail rayon polis idarəsinin 8-ci PB-nə aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X3 23 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, 23 noyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində yaşadığı ünvan 6 ünvanında əri Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 bıçaqla çoxsaylı xəsarətlər yetirərək, öldürmək istəməsi barədə məlumat vermişdir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin 8-ci PB-nin məsul növbətçisi, polis mayoru Pərviz Əliyevin 23 noyabr 2022ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da 19 saylı TTY-dən həkim Quliyeva Səbail rayonu, Yüzbəy Mürsəlov 36E saylı ünvanda yaşayan Zərərçəkmiş şəxs1 (2 yaş) bədənin çoxsaylı xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin 8-ci PB-nin məsul növbətçisi, polis mayoru Pərviz Əliyevin 23 noyabr 2022ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:00-da 19 saylı TTY-dən həkim Quliyeva Səbail rayonu, Yüzbəy Mürsəlov 36E saylı ünvanda yaşayan X2 əlin 1-2ci barmaq aralığının kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin 5-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. Baxışda iştirak edən Şahid1 kürəkəni Təqsirləndirilən şəxs azyaşlı oğlu Zərərçəkmiş şəxs1 yataq otağında bıçaqla xəsarət yetirdiyini bildirərək cinayətin aləti olan 01 ədəd bıçağı təqdim etmişdir. Baxış zamanı yataq otağında çarpayının üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd bıçaq, 01 ədəd mələfə, 01 ədəd yastıq üzlüyü, 01 ədəd yorğan üzlüyü, Təqsirləndirilən şəxs məxsus jaket və mayka götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 133-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 maddi sübutların ekspertizasının 09 fevral 2023-cü il tarixli 54/MTKŞ-2023 nömrəli rəyindən görünür ki; -təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz maykanın arxa səthinin sağ yan nahiyəsində bir ədəd kəsilmiş zədə vardır. Bu zədə kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənməyə uyğun gəlir. Təqdim edilmiş bıçağın tiyəsinin bir kənarı kəsici xüsusiyyətə malikdir. -Təqsirləndirilən şəxs məxsus qolsuz maykanın arxa səthində iki ədəd və ön səthinin sol yan nahiyyəsində bir ədəd cırılmış zədələr var. Bu zədələr küt yaranma mexanizmi ilə paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. - Təqsirləndirilən şəxs məxsus koftanın, yastıq üzünün, yorğan üzünün və döşək üzünün (mələfənin) üzərində zədə aşkar edilməmişdir. -təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 138-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 maddi sübutların ekspertizasının 15 fevral 2023-cü il tarixli, 76/2023-MTBŞ nömrəli rəyindən görünür ki; -Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: O (İ) -Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu A/H/(İİ) - Ekspertizaya təqdim olunmuş bıçaq, yorğan üzlüyü, mələfə, yastıq üzlüyü, Təqsirləndirilən şəxs məxsus jaket və mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda Təqsirləndirilən şəxs məxsus jaket və mayka üzərində yalnız H antigeni alınmışdır. H antigeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, həmçinin Təqsirləndirilən şəxs məxsus ola bilər. Bıçaq, yorğan üzlüyü, mələfə, yastıq üzlüyü üzərindəki qan ləkələrində A və H antigenləri alınmışdır. Həmin qan ləkələri ABO sistemi üzrə A /H/(ll) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Lakin bu qan ləkələrlərinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə ABO sistemi A(ll), A/H/(ll) və O(1) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qarışmış qanının olması inkar olunmur. Cinayət işinin 145-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 canlı şəsin ekspertizasının 11 fevral 2023-cü il tarixli 60 nömrəli rəyindən görünür ki; -Azyaşlı Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətləri “a” və “b” olmaqla iki qrupa bölmək olar: a) döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyası səviyyəsində 4 (dörd) ədəd, çənəaltı nahiyədə 1 (bir) ədəd, sağ əlin İİİ barmağının orta və distal falanqalarında olmaqla 1 (bir) ədəd kəsilmiş yaralar; b) sol əlin orta sinirinin və İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin kəsilməsi ilə müşayiət olunan sol mil-bilək oynağının ön və arxa səthlərinin 3 (üç) ədəd kəsilmiş yaraları; -Qeyd olunan xəsarətlər kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrin bıçaqla kəsilməsi nəticəsində əmələ gələ bilərdilər. -Yuxarıda “a” bəndində göstərilən xəsarətlər dərəcəsinə görə hər biri ayrıayrıqlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, “b” bəndində göstərilən xəsarət kompleksi isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 151-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 canlı şəsin ekspertizasının 15 fevral 2023-cü il tarixli 59 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sol əlin İ (baş) barmağının 1 ədəd və sol əlin İİİ (orta) barmağının 1 ədəd (ümumilikdə 2 ədəd) kəsilmiş yaraları kəsici xarakterli alət (alətlər) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 171-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 canlı şəsin ekspertizasının 21 fevral 2023-cü il tarixli, 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət- boyunun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yarası kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixində, şəxsin özü tərəfindən boyun nahiyəsini bıçaqla kəsməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, istintaq zamanı oğluna 9 bıçaq zərbəsi vurduğunu bildirsə də, onu xatırlamadığını, qayınanası Zərərçəkmiş şəxs2 xəsarət yetirməyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, cinayət işi üzrə araşdırılmış sübutlarının məcmusundan görünür ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 yetirdiyi xəsarətlər həyat üçün təhlükəli olan xəsarətlərdir, həmçinin, bir dəfə deyil iki müxtəlif yerdən xəsarət yetirmişdir, bundan başqa, Zərərçəkmiş şəxs2 əl və barmaq nahiyələrində də xəsarət izləri aşkar edilmişdir. Məhkəmə, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.9 və 128-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Plenum qərarının 8-ci bəndinə görə, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin, plenum qərarının 13-cü bəndinə əsasən, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 29 mart 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını, Saqi İsmayılova ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə 29 mart 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayəti olmadığını, lakin, onunla barışmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və cinayət işinin 199-202-ci vərəqələrində olan Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 1(039)-149/2018 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin, cinayətlərin residivini yaratmır. Cinayət işinin 18-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı - xx xxxxxx 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 vardır. Cinayət işinin 207-ci vərəqəsində olan Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd icra nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Cinayət işinin 163-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli 286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbini nəzərə alır. Belə ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Azərbaycan Respublikası CM-nin müvafiq (120.2.4 və 120.2.9) maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 44-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 94-97-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 4(009)-522/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Səbail Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş cinayətin aləti olan 01 ədəd bıçaq, 01 ədəd mələfə, 01 ədəd yastıq üzlüyü, 01 ədəd yorğan üzlüyü, Təqsirləndirilən şəxs məxsus jaket və mayka məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarı və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29,120.2.9 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29, 120.2.9-cu maddələri ilə 14 (on dörd) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Səbail Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş cinayətin aləti olan 01 ədəd bıçaq, 01 ədəd mələfə, 01 ədəd yastıq üzlüyü, 01 ədəd yorğan üzlüyü, Təqsirləndirilən şəxs məxsus jaket və mayka məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar