Məhkəmə qərarları › İş №1(101)-103/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-103/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-103/2022 10.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1997-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda, yəni bir ədəd şəffaf sellofan bükümdə 18,700 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf sellofan bükümdə 9,558 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşımaqla üzərində saxlamış, 2021-ci il fevralın 01-də saat 11:33-də Bakı-Quba şosesinin 28-ci kilometrliyindəki «Maşın Bazarı» adlanan ərazinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Kent» markalı siqaret qutusunun içərisindən göstərilən çəkilərdə həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, atası ilə birlikdə ünvan 1 ünvanında yaşayır, anası onun on iki yaşı olanda dünyasını dəyişmişdir. Narkotik aludəçisi olsa da heç vaxt göstərilən maddələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində öz şəxsi istifadəsi üçün ona məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığı 10 qram psixotrop maddə metamfetamin gəzdirmiş, narkotik vasitə heroin isə olmamışdır. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olaraq Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il fevralın 01-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə daxil olan məlumatı yoxlamaq məqsədi ilə ondan, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəis müavini polis mayoru Şahid1, kiçik inspektorları polis baş serjantı Şahid3, polis serjantları Şahid5 və Şahid4, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X4, Sumqayıt Şəhər Polis İdarəsinin Kriminalistik Təhqiqatlar Bölməsinin inspektor-kriminalisti polis kapitanı X5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə saat 11:33-də Bakı-Quba yolunun 28-ci kilometrliyindəki «Maşın bazarı» adlanan əraziyə gəldikləri zaman bir neçə dəqiqədən sonra «Mercedes-Benz C200» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb yaxınlaşmaqla özlərini təqdim etmiş, salonda əyləşən şəxslərin Təqsirləndirilən şəxs, X7 və X3 olduqlarını müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhələnildiyini bildirib sonuncunu bölməyə dəvət etməklə orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış vaxtı apararkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində iki ədəd şəffaf sellofan büküm olan «Kent» markalı siqaret qutusunu təqdim etmiş, bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları tanımadığı şəxsdən öz istifadəsi və satmaq üçün nisyə aldığını bildirmişdir. Qeyd olunan bükümlər qablaşdırılaraq götürülmüş, tərtib olunan protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalar ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində müvafiq qaydada polis baş serjantı və polis serjantı olmaqla Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektorları işləmiş Şahid3 və Şahid4 Şahid2 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatda qismən, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf etməklə təfsilatı ilə izah etmişdir (iş vərəqi 28-29, 44-46 və 60-62). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş ibtidai istintaqda şahid qismində dindirilən Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin müvafiq qaydada rəis müavini polis mayoru Şahid1 və kiçik inspektoru polis serjantı Şahid5 Şahid2 ilə uyğun ifadələr vermişlər (iş vərəqi 94-96 və 165-167). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin 2021-ci il 01 fevral tarixli raportlarından, eyni tarixli Ə54-123-11 №-li əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, habelə Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 09 fevral tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin Sumqayıt şəhəri ərazisində üzərində narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, 2021-ci il fevralın 01-də saat 11:33-də sonuncu yanındakı X7 və X3 ilə birlikdə saxlanmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, məhkəmə həmin qərarı qanuni hesab etmişdir (iş vərəqi 3-6, 9 və 99). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 01 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 11:33-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 18). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 01 fevral tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Kent» markalı siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddəni və bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik iyə malik kristalşəkilli maddəni təqdim etməklə narkotik vasitə heroin və hazırlanmış psixotrop maddə metamfetamin olduğunu, üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir (iş vərəqi 26-27). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 01 fevral tarixli 6/448 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində AR DİN «Zərflər üçün №242» möhür əksi, «Vət.Təqsirləndirilən şəxs üzərindən...» və s. yazılar və imza olan zərfdəki bir ədəd «Kent» markalı siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 9,558 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 18,700 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 18,650 qram və 9,508 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (iş vərəqi 36-39). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 02 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 49-50). İş materiallarındakı 2021-ci il 02 fevral tarixli ərizədən və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Redmi Note 8» markalı mobil telefona baxış zamanı şəkillərdə və videogörüntülərdə plastik kartların və ödəniş çeklərinin şəkillərinin, tərəzi üzərində bükümlərin, ayrı-ayrılıqda bükümlərin olması müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 63-69). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 03 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il fevralın 01-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 77-78). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 04 fevral tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 18,650 qram və 9,508 qram qalıqları maddi sübut kimi tanınmaqla idarənin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 81). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il fevralın 06-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 88). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 22 fevral tarixli BKC/LGL-3563/21 №-li məktubundan və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 fevral tarixli protokoldan görünür ki, məhdud məsuliyyətli cəmiyyətdən daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrə ilə mobil operatorlara məxsus mobil nömrələr arasında mütəmadi olaraq telefon danışıqlarının həyata keçirilməsi və sms mətnlərinin göndərilməsi müəyyənləşdirilmişdir (iş vərəqi 102-147). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 mart tarixli protokoldan görünür ki, iş üzrə bir ədəd DVD-R diskinə baxış vaxtı işıqlı havada Bakı-Quba şosesi ilə Sumqayıt istiqamətində ağ rəngli «Kia Sportage» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısındakı qara rəngli «Mercedes C200» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb önündə saxlaması, ağ rəngli maşından mülki geyimli şəxslərin düşüb qara rəngli maşındakı şəxsləri çölə çıxarmaları, mülki geyimli şəxslərin özlərini təqdim etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasının bildirmələri, sonuncunun Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Kent» markalı siqaret qutusunun içərisindən qəhvəyi və ağ rəngli bağlamaları çıxarıb təqdim etməsi, həmin bağlamalarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirməsi, həmin maddələri tanımadığı şəxsdən öz istifadəsi və satış məqsədilə aldığını deməsi müəyyən olunmuş, DVD-R diski protokola əlavə edilmişdir (iş vərəqi 155-157). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2021-ci il 04 aprel tarixli 123- 1261-0048 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsi, kimlərə satıb-satmaması, əvvəllər bu maddələrin satışı ilə məşğul olub-olmaması, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri ilə müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 164). İş materiallarında olan Sumqayıt şəhəri MKTİB-nin 23 saylı MKS-inin tərtib etdiyi 2021-ci il 23 aprel tarixli 361 nömrəli arayışdan və eyni tarixli 34 №-li xasiyyətnamədən görünür ki, ailəsi 1967-ci il təvəllüdlü atası X2 ibarət olmaqla ünvan 1 ünvanında ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqi 168-169). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 11 mart tarixli 749 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 176-177). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 27 aprel tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, bir ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 179-185 və 188). Məhkəməyə təqdim olunan 2009-cu il 02 dekabr tarixli AZ-İ seriyalı 387976 №-li ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 2009-cu il dekabrın 02-də «Ağciyər ödemi. Divar aralığının limfoması»ndan vəfat etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, tutularkən üzərində öz şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından alıb gəzdirdiyi 10 qram psixotrop maddə metamfetamin olması, narkotik vasitə heroin isə olmaması, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cavanlığını, ilk məhkumluğunu, ailə vəziyyətini, yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 18,650 qram və 9,508 qram qalıqları məhv edilməli, bir ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 109,9 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 75 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 450 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il fevralın 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il fevralın 01-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 18,650 qram və 9,508 qram qalıqları məhv edilsin, bir ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. 109,9 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 450 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar