Məhkəmə qərarları › İş №1(101)-1030/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1030/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1030/2022 14.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, “Sigma” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Əcəmi pub” kafesində xidmətçi işləyən, Balakən rayonunun Meşəşambul kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat 00:40 radələrində ünvan 2 ünvanda yerləşən “Oscar” idman zalının istirahət otağında qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun üz nahiyəsindən şillə vuraraq əlləri ilə qucaqlayıb kənara çəkilməsinə imkan verməməsi səbəbindən sonuncudan qisas almaq məqsədilə həmin otağın nəfəsliyinin kənarına qoyulmuş soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin arxa səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən, xarici qanaxma və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında övladları ilə birlikdə kirayədə yaşayır. 1994-cü ildə Məhəmməd adlı şəxslə ailə həyatı qurmuş, bu nikahdan Əli və Dada adlı iki övladı olmuşdur. Sonradan 2013-cü ildə rəsmi şəkildə Məhəmməddən boşanmışdır. Boşanma ərəfəsində onlar, yəni iki övladı və keçmiş həyat yoldaşı ilə birlikdə Rusiyanın Moskva şəhərində yaşamışlar. Son 2 il ərzində Bakıda övadaları ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün yaşadığı yerə yaxın ərazidə, “Memar Əcəmi” metrostansiyasi yaxınlığında yerləşən “Əcəmi pub” kafesində xidmətçi vəzifəsində çalışmış, həmin kafedə işlədiyi müddətdə bu iş üzrə Zərərçəkmiş şəxsla tanış olmuşdur. Tural ona və övladlarına maddi cəhətdən köməklik etmiş, daha sonra onunla dost olmuş, get-gedə münasibətləri daha da yaxınlaşmış və artıq qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Tural həmçinin onun yaşadığı evə gəlmiş və onun övladları da onların münasibətlərini bilmiş və bu məsələyə normal yanaşmışlar. Eyni zamanda Tural rəsmi şəkildə evli olmuş, iki övladı olsa da ailəsi ilə deyil, onunla birlikdə yaşamışdır. Hadisədən 15 gün qabaq Tural onların kirayə yaşadıqları evə yaxın ərazidə Nəsimi rayonu, Cavadxan küçəsi 54 ünvanında yerləşən “Oscar” idman zalını icarəyə götürərək işlətmişdir. Tural hər axşam onun işlədiyi “Əcəmi pub” kafesinə gələrək onu götürüb həmin zala gətirmiş, onlar Tural ilə birlikdə həmin zalda yerləşən otaqda gecələmişlər. Lakin, hər dəfə Tural onu hər şeyə görə qısqanmış, işdən gec çıxdıqda deyinmişdir. Sonuncu dəfə yenə də həmişəki kimi o, 05 dekabr 2021-ci il tarixdə saat 23:55 radələrində işdən çıxaraq Tural ilə birlikdə sonuncunun işlətdiyi idman zalına getmişlər. Bu zaman zalda idman edən iki nəfər olmuşdur. O, Tural ilə birlikdə zalda yerləşən içəri otağa keçmiş, bu zaman Tural ona yenə qısqanclıq zəminində suallar verməyə başlamışdır. Tural ona dırnaqlarının niyə boyalı olduğunu, işdən niyə gec çıxdığını və bu hərəkətlərinin nə qədər davam edəcəyini bildirərək onun üz nahiyəsindən şillə ilə və daha sonra isə təpiklə qoluna vurmuşdur. Bu zaman o, Turalın tələblərinə əməl edəcəyinə söz vermişdir. Həmin söhbət zamanı otağın pəncərəsinin çərçivəsində bıçaq gözünə dəymişdir. Turalın şillə ilə vurması onda əsəb yaratdığından o, həmin bıçağı götürərək Turalı qorxutmaq istəmişdir. Bu zaman Tural, onu bərk qucaqlamışdır. O, Turalın onu buraxmasını istəmiş, lakin Tural onu buraxmamış və o da güc tətbiq edərək çıxmaq istəyərkən həmin bıçağı sağ əli ilə götürüb Turalın arxa kürək nahiyəsindən bir dəfə vurmaqla xəsarət yetirmişdir. Həmin vaxt o, özünü itirərək Turalı qucaqlamışdır. Bu zaman Tural onların olduqları binanın sədri Şahinə mobil telefonu ilə zəng edərək sonuncudan kömək istəmişdir. 3-4 dəqiqədən sonra o, küçəyə çıxıb Şahini qarşılayıb zala gətirmişdir. X10 bıçaqlandığını bildirməmişlər. Tural Şahindən onu Təcili tibbi yardıma çatdırmasını xahiş etmişdir. Təqribən 20-30 dəqiqədən sonra Təcili yardım avtomobili gəlməklə o, Şahin və zalda idmanla məşğul olan iki nəfər tanımadığı cavan oğlan kömək edib Turalı Təcili yardım maşınına mindirib X9 aparmışlar. Orada Turalı əməliyyat etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2015-ci ildə Günay adlı qadınla ailə həyatı qurmuş, bu nikahdan Tunar və Uğur adlı övladları vardır. Təxminən 2-3 ilə yaxındır ki, bu iş üzrə Təqsirləndirilən şəxsla qeyri-rəsmi şəkildə münasibətləri mövcuddur. Xanım ilə ilk tanışlığı “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən kafedə olmuş, sonradan münasibətləri daha da yaxın olmuşdur. O, Xanıma həm maddi, həm də mənəvi cəhətdən kömək göstərmişdir. Bu ərəfələrdə o, Xanımın yaşadığı evə getmiş, sonuncunun 18 və 23 yaşlı övladlarının da onların münasibətlərindən xəbərləri olmuşdur. O, Nəsimi rayonu, Cavadxan küçəsi 54 ünvanında “Oscar” adlı idman zalını kirayəyə götürərək işlətməyə başlamışdır. Həmin idman zalında öz istirahəti üçün şəxsi otaq düzəltmişdir. Daha sonra zalı işlətdiyi ərəfələrdə Xanımı işdən götürərək mütəmadi olaraq həmin işlətdiyi idman zalına gələrək öz istirahəti üçün olan şəxsi otağında gecələmişlər. Qeyri-rəsmi münasibətlərə baxmayaraq aralarında tez-tez qısqanclıq zəminində mübahisələri olmuşdur. Sonuncu dəfə o, 05 dekabr 2021-ci il tarixdə saat 23:50 radələrində ünvan 4 ünvanının qarşısında yerləşən kafedə işləyən Xanımı oradan götürərək “Oscar” idman zalına gətirmişdir. Bu zaman daimi müştərisi olan Rusif və adını bilmədiyi tanışı zalda olmuşdur. O, Xanımla birlikdə istirahət otağına keçdikdən sonra Xanımdan son vaxtlar niyə mobil telefona gec cavab verdiyini soruşmuş, Xanım isə onunla kobud tərzdə danışmağa başlmış və qışqıraraq yaxşı etdiyini demişdir. Sonra o, Xanıma əsəbiləşərək dırnaqlarının niyə boyalı olduğu sualını vermişdir. Xanım isə qışqırıb söyüş söyərək yaxşı etdiyini və burada heç nə olmadığını bildirmişdir. Bu zaman o, əsəbiləşmiş və əli ilə Xanımın üz nahiyəsindən itələyib oradan getməsini bildirmişdir. Xanım bundan sonra ağlayaraq qışqırmağa başlamış, o isə Xanımı qucaqlamışdır. Bundan sonra Xanım onun pəncərənin çərçivəsinə qoyduğu bıçağı götürərək onu qorxutmaq istəmişdir. O isə Xanıma sakitləşməyi bildirmiş və qucaqlamışdır. Xanım onun əlindən çıxmaq istəsə də o, buna imkan verməmiş, həmin vaxt Xanım əlində olan bıçaqla onun kürək nahiyəsinin ortasından bir dəfə vurmuşdur. Zərbədən sonra onun huşu tam olaraq özündə olmamış, nəfəs almaqda çətinlik çəkmişdir. Sonra Xanım bıçağı onun kürəyindən çıxardaraq xatırlamadığı yerə qoymuş və köynək götürərək yarasının üzərinə qoymuşdur. Bundan sonra Xanım ona kömək etmiş və onlar birlikdə istirahət otağından çıxıb zalda yerləşən kresloda əyləşmişlər. Bu zaman zalda məşq edən uşaqları çağırıb ona kömək etmələrini xahiş etmişdir. Rusif və adını bilmədiyi müştərisi gələrək maşınlarının olduğunu və xəstəxanaya apara biləcəklərini bildirmişlər. O öz mobil telefonu ilə Cavadxan küçəsi 23-də yerləşən kooperativ binanın sədri Şahin adlı tanışına zəng edərək sonuncudan kömək istəmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Şahin gəlmiş, onlar mobil telefonla Təcili tibbi yardıma zəng vurmuşlar. Daha sonra Xanım, Rusif və adını bilmədiyi müştərisi və binanın sədri Şahinin köməklikləri ilə xəstəxanaya aparılmış və orada əməliyyat olunmuşdur. O, hazırda Xanımla barışmış, Xanıma qarşı heç bir iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 23 saylı kooperativ binanın sədri vəzifəsində işləyir. Təxminən 3 il müddətdir ki, bu iş üzrə Zərərçəkmiş şəxsı tanıyır. Turalı o, sədri olduğu binada idman zalı işlətdiyi vaxtlardan tanımışdır. Sonuncu dəfə ölkə ərazisində yaranmış pandemiya ilə əlaqədar olaraq idman zalları bağlandığından sonra Tural da həmin zalı təhvil vermiş və işsiz qaldığı üçün Turalı binanın təhlükəsizliyini qorunması üçün işə dəvət etmişdir. Daha sonra Tural ona burada gəlirinin az olduğunu deyərək üzbəüz binanın yarım zirzəmisində boş yer olduğunu və orada idman zalı açacağını söyləmiş və ondan özünü axşam növbəsinə keçirtməyini xahiş etmişdir. Ona dediyi zalı götürdüyü vaxtın üzərindən təxminən 1 həftə sonra 06 dekabr 2021-ci il tarixdə saat 00:10 radələrində Tural ona zəng edərək idman zalına gəlməyini xahiş etmiş və o, həmin zaman oraya getmişdir. Turalın bu zaman qapının girişində arxası üstə divanın üzərində uzandığını görmüşdür. Turalın kürəyinə qoyulmuş dəsmal qanın içində olmuşdur. Həmin vaxt bunu kimin etdiyini və necə olduğunu soruşmuş, Tural çöldə narkomanların ona hücum etdiklərini bildirmişdir. Bu vaxt o, dərhal Təcili tibbi yardıma zəng vurmuş, Turalı xəstəxanaya çatdırmış və Tural əməliyyat olunduqdan sonra o, evə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, idman zalında bu iş üzrə təqsirləndirilən şəxs Xanım və Turalın dostu olmuşdur. Xanım həmin zaman Turala kömək etmişdir. O, bıçaq görməmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, o, “Memar Əcəmi” metrostansiyası yaxınlığında Xutor arazisində ailəsi ilə birlikdə kirayədə yaşayır, "Marmaris” restoranında aşbaz vəzifəsində çalışır. Boş vaxtlarında idmanla məşğul olmuş və son zamanlar da işinə yaxın ünvanda yerləşdiyi üçün "Oscar" idman zalına dostu Rövşənlə birlikdə məşq etməyə getmişlər. Həmin zalı işlədən Turalı da bundan əvvəlki zallarda məşq etdiyi üçün oradan tanımışdır. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə saat 22 radələrində dostu Rövşən ilə birlikdə iş yerində görüşüb həmin zala məşq etmək üçün getmişlər. Bu zaman zal açıq olmuşdur. Tural onları qarşılamış və zala keçmələrini bildirmişdir. Daha sonra onlar Rövşənlə məşq etməyə başlamışlar, üzərindən bir müddət keçdikdən sonra saat 12 radələrində onlar artıq məşqi bitirib, üzərilərini dəyişmək istəyən zaman Turalın ağlamaq səsini eşitmişlər və qapının giriş hissəsində yerləşən divanda oturub inildədiyini görmüşlər. Bu zaman Turalın yanında adını bilmədiyi xanımın və adını sonradan bildiyi Şahin adlı birinin olduğunu görmüşlər. Daha sonra onlar divanda əyləşən Turala yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Onlar ilk əvvəl Turalın belini tutduğunu görmüşlər və ağrısı olduğunu zənn etmişlər, hətta aptekdən dərman ala biləcəklərini və başqa nə lazımsa digər köməkliklər də edə biləcəklərini bildirmişlər. Tural isə cavabında belindən bıçaq zərbəsi aldığını demişdir. Tural həmin vaxt çətinliklə nəfəs aldığı üçün danışa bilməmişdir. Orada olan Şahin adlı şəxs çölə çıxaraq Təcili tibbi yardıma zəng etmiş, yarım saat keçdikdən sonra Təcili tibbi yardım maşını gəlmiş və onlar Turalı maşına yerləşdirməyə kömək etmişlər və orada olan xanım Tural ilə birlikdə xəstəxanaya getmişdir. Onlar isə Rövşənin maşını ilə əvəllər tanımadıqları Şahin adlı şəxsi də götürüb xəstəxanaya getmişlər. Bundan başqa hadisə ilə bağlı heç bir məlumatı yoxdur (iş vərəqi 100-102). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, 06 dekabr 2021-ci il tarixdə saat 03:30 radələrində, 5 saylı Təcili tibbi yardım stansiyasından Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti alması barədə məlumat daxil olmuşdur (iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış və götürmə aparılması haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 54 ünvanında yerləşən “Oscar” idman zalının daxilində olan istirahət otağıdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ağır bədən xəsarəti yetirmiş və Tural xəstəxanaya yerləşdirilmişdir. Hadisə yerinə baxış zamanı “Oscar” idman zalının istirahət otağında pəncərənin kənarındakı çərçivədən, üzərində qan izləri aşkar olunmuş, sol yan tərəfində “Nerj6666” yazıları olan və dəstəyi gümüşü rəngli metaldan və qara rəngli plastik hissəciklərdən ibarət 01 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər predmet aşkar edilməmişdir (iş vərəqi 12-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə və baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və aktdan görünür ki, X7 tibb bacısı X3 təqdim etdiyi qara rəngli gödəkçə və uzunqol köynək götürülmüş və götürülən 01 ədəd qara rəngli gödəkçə və uzunqol köynəyə baxış zamanı onların üzərində qan ləkələri aşkar olunmuşdur (iş vərəqi 33-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə təxminən 23:55 radələrində işdən çıxaraq Tural ilə birlikdə sonuncunun işlətdiyi idman zalına gəlmişlər və zalda yerləşən içəri otağa keçmişlər. Bu zaman Tural ona qısqanclıq zəminində dırnaqlarının niyə boyalı olduğu, işdən niyə gec çıxması, bu hərəkətlərinin nə qədər davam edəcəyi barədə suallar verərək onun üz nahiyəsindən sillə ilə vurmağa başlamışdır. Bu zaman o, Turalın tələblərinə əməl edəcəyinə söz vermişdir. Həmin söhbət zamanı otaqda olan pəncərənin çərçivəsində bıçaq gözünə dəymiş, Turalın onu şillə ilə vurması onda əsəb yaratdığından o, həmin bıçağı götürərək Turalı qorxutmaq istəmişdir. Bu zaman o, bıçağı sağ əliylə götürüb Turalın kürək nahiyəsindən bir dəfə vurmaqla xəsarət yetirmişdir (iş vərəqi 80-83). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1252 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən, xarici qanaxma və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sol diz oynağı nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişlər, onun tibbi yardım üçün X9 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlədən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.2.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, deşilmiş-kəsilmiş yaranın qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür (iş vərəqi 109-111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1245 nömrəli rəyinin nəticə hissəsindən görünür ki: 1. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol budun qançırı küt əşyanın təsirindən, müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. 2. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi (iş vərəqi 107-108). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-maddi sübutların ekspertizasının xx.xx.2021-ci il tarixli, 928/2021-MTBŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki:1. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu A beta (İl)-dir.2. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək və gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi AВО sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin beta aqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi varsa) (iş vərəqi 112- 116). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların tibbikriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 792/MTKŞ-2021 nömrəli rəyinin nəticə hissəsindən görünür ki: Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin və uzunqol köynəyin hər birinin arxa səthinin orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların (köynək və gödəkçə) üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların (köynək və gödəkçə) üzərində olan deşilmiş-kəsilmiş zədə ilə onun bədəninin döş qəfəsinin arxa səthində olan deşilmişkəsilmiş xəsarət yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqi 118-122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizanın xx.xx.2021-ci il tarixli, 3100 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onlar idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqəi 123- 125). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 19). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Camaləddin qızı əvvəllər məhkum olunmamışdır (iş vərəqi 160). İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq (iş vərəqi 134). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus qara rəngli uzunqol köynək və gödəkçə, bundan başqa hadisə yerindən götürülmüş 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİnin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (iş vərəqi 161-168). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədinin sonuncunu qorxutmaq olması barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadəni qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış bütün sübutların məcmu halda müqayisələi şəkildə tədqiqinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ona isnad edilən cinayət məhz qəsdən törədilmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs faktiki ər-arvad münasibətində olduğu zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin faktiki ər-arvad münasibətində olduğu zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, qadın olması halları nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında prokurorun qərarından və qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 08 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon prokuroru onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsindən imtina etmiş, onun MSY-dən azad edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vərəqi 49, 75-79). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus qara rəngli uzunqol köynək və gödəkçə təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus qara rəngli uzunqol köynək və gödəkçə məhv edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar