Məhkəmə qərarları › İş №1(101)-1034/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1034/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1034/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Astara rayonu, Sərək kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sərək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana-Sovxoz adlanan yerdə, ünvansız evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsi cib bıçağı ilə vuraraq insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 21 dekabr 2021-ci il tarixdə tanışı X3 ilə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə ilə əlaqədar ümumi tanışları Zərərçəkmiş şəxs ondan Sübhi Allahyarovdan üzr istəməsini tələb edib mübahisə etməsinə aydınlıq gətirmək məqsədilə, növbəti gün, 22 dekabr 2021-ci il tarixdə saat 09 radələrində sonuncunun işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 nömrəli binanın zirzəmisində yerləşən “X8 Satışı və Təmiri" adlanan mağazaya gedərək orada Zərərçəkmiş şəxs ilə görüşüb onun Sübhi Allahyarovdan üzr istəməsini tələb etməsinin səbəbini soruşarkən Zərərçəkmiş şəxs ilə aralarında yenidən baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşib həmin mağazada qisas almaq məqsədilə üzərində gəzdirdiyi məişət təyinatlı qatlanan cib bıçağı ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs doş qəfəsinin sol tərəfindən vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid dəriallı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə keçən deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən tanışı Şahid3 məxsus mebel mağazasında fəhlə işləyir. Həm də Renatın VAZ 2107 markalı avtomobilinin sürücüsü işləmiş, 21.12.2021-ci il tarixdə saat təqribən 17 radələrində həmin mağazada əvvəldən tanıdığı X5 mağazada qadın olmasına baxmayaraq söyüşlə zarafat etdiyinə görə Sübhiyə mağazada qadın oldğunu bildirərək, Sübhiyə iradını bildirdikdə, Sübhi ona «cəhənnəm ol» deyərək cavab vermişdir. Bundan sonra, onlar mağazanın qabağına çıxmışlar. Sübhi Renatın avtomobilindən telefonun cərəyan yükləyici naqilini götürmək istədikdə, o, naqilin onun özünə lazım olacağağını bildirərkən, Sübhi ona söyüş söymüşdür. Buna görə aralarında mübahisə yaranmışdır. Bundan sonra, o, avtomobildəki yükləri təhvil verib mağazaya qayıtmışdır. Sonra yaxınlıqdakı kafedə nahar etdikdən sonra Renatla birlikdə Renatın idarə etdiyi avtomobillə evə gedən zaman Renatın qardaşı Zərərçəkmiş şəxs onları saxlatdırmış və ondan maşından düşüb Sübhidən üzr istəməyini tapşırmışdır. O, imtina etdikdə Nicat onun boğazından yapışaraq maşından düşürüb onunla mübahisə etmişdir. Həmin vaxt Nicatın yanında Sübhi və Şahid1 də olmuşlar. O, Nicatla tutaşarkən ona zərbə dəymiş, lakin qaranlıq olduğuna görə bu zərbəni Nicatın və yaxud yanındakılardan hansının vurduğunu müəyyən edə bilməmişdir. Sonra Renat onu avtomobilə oturdaraq hadisə yerindən getmişdir. 22.12.2021-ci il tarixdə saat təxminən 09:30 radələrində iş yerinə gələrkən, Nicatdan dünənki hərəkətinin səbəbini soruşmaq üçün onun işlədiyi həmin ərazidə yerləşən zirzəmidən ibarət olan anbara gəlmişdir. Nicatın giriş qapısından sağ tərəfdəki otaqda divanda oturduğunu görüb onun yanında əyləşərək dünənki hadisə ilə bağlı nə üçün Sübhidən üzr istəməli olduğunu soruşmuş, eyni zamanda Nicata özünün də hər zaman Sübhini şəxsiyyətsiz adlandırdığını xatırlatmışdır. Nicat elə söz heç vaxt demədiyini bildirərək əgər deyibsə sübut etməyini tələb etmişdir. Nicatla mübahisə edərkən orada Ülfət də olmuşdur. O, Nicata qardaşı Renatın onunla dost olduğunu deyərkən Nicat onun və Renatın ünavanına nalayiq söyüşlər söyərək təhqir edərək, onunla mübahisə etməyə başlamış və ayağa qalxaraq yumruqla onu vurmaq istəyərkən, o, sağ cibində olan qara rəngli bıçağı çıxarıb bir dəfə Nicatın sol tərəfindən vurub dərhal ayrılaraq anbardan çıxmışdır. Sonra yol maşını ilə Astara rayonuna getmişdir. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 57 nömrəli binanın yan hissəsində zirzəmidə mebellərin təmiri, saxlanması və satışı ilə məşğul olur. Qardaşı Renat da həmin binada onunla yanaşı mağazada eyn işlə məşğul olur. 21.12.2021-ci il tarixdə təqribən 17 radələrində həmin binanın qarşısında taksi fəaliyyəti ilə və mebellərin çatdırılması işi ilə məşğul olan Sübhi Allahyarov ona bildirmişdir ki, qardaşı Renatın yanında fəhlə işləyən Təqsirləndirilən şəxsla aralarında söz mübahisəsi olmuşdur. Həmin gün axşam saatlarında o, Sübhi və xalası oğlu Şahid1 birlikdə iş yerinin yaxınlığında yerləşən kafesinə gedərkən Renatı idarə eldiyi avtomobildə Rahimlə birlikdə görmüşdür. O, Sübhi ilə Rahimin narazılığını aradan qaldırmaq və münasibətlərini düzəltmək məqsədi ilə əl işarəsi verərək Renatı saxlatdırmış və Rahimə yaxınlaşaraq Sübhi ilə aralarındakı mübahisəyə son qoymalarını və barışmalarını istəmişdir. Rahim Sübhi ilə barışmaq istəmədiyini bildirərək ona aqressiv cavab verdiyinə görə o, Rahimin boynundan tutaraq avtomobildən yerə endirmiş və onlar mübahisə edərək bir-birilərinin yaxasından tutmuşlar. Sübhi, Ülfət və Renat onları ayırmışlar. Renat Rahimi maşınına oturdub aparmışdır. Ertəsi gün, yəni, 22.12.2021-ci il tarixdə səhər saatlarında iş yerinə gəlmişdir. Ülfətlə binanın qarşısında dayanıb söhbət etmişlər. Sonra təxminən saat 09:30 radələrində binanın anbar kimi istifadə etdiyi zirzəmisinə düşmüşdür. Zirzəmidə olan otaqlardan birindəki divana uzanmış və təqribən 2-3-dəqiqədən sonra Rahim onun yanına gələrək divanda əyləşmiş və ondan dünənki hadisə ilə bağlı nə üçün Sübhi ilə aralarında olan söhbətə qarışdığını soruşmuşdur. O, Rahimə Sübhinin yaşca özündən böyük olduğunu deyərək aralarındakı incikliyi aradan qaldırmaq istədiyinə görə bu hərəkəti etdiyini bildirmişdir. Rahim ona qardaşı Renatla dost olduğunu bildirdikdə isə əsəbi olduğundan Renatı və Rahimi söymüşdür. Bu zaman Rahim ayağa qalxmışdır. O, Rahimin onu vuracağını fikirləşib ilk olaraq özü Rahimə yumruq zərbəsi atmış, lakin bu zərbə Rahimə dəyməmişdir. Bu zaman Rahim əlini gödəkçəsinin sağ cibinə salıb çıxararaq həmin əli ilə onun bədəninin sol tərəfinə qolunun alt hissəsindən bir dəfə zərbə vurmuşdur. O, əvvəlcə bu zərbənin bıçaq zərbəsi olduğunu hiss etməsə də, sonra bədəninə istilik gəldiyini görüb əlini həmin nahiyəyə qoyanda oradan qan axdığını və Rahimin sağ əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra Rahim dərhal oradan getmişdir. Ülfət onun yaralandığını görüb taksi ilə xəstəxanaya aparmışdır.Hal hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası oğludur. Təqsirləndirilən şəxs isə Nicatın qardaşı Şahid3 yanında işləmişdir. O, Nizami rayonu, Q.Qarayev küçəsində 59 saylı binanın qarşısında fəhlə işləyir. Zərərçəkmiş şəxs də onun kimi fəhlə işləyir. 22 dekabr 2021-ci il tarixdə o, səhər saatlarında işə gəlmişdir. Bir az keçmiş Nicat da gəlmiş və həmin vaxt Təqsirləndirilən şəxs oraya yaxınlaşmış və Nicatın olduğu zirzəmiyə düşmüşdür. Bir neçə dəqiqə sonra o da Rahimin arxasınca zirzəmiyə düşmüşdür. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs söhbət edirmişlər. Sonra aralarında mübahisə olmuşdur. O, onlara yaxınlaşan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol nahiyyəsinə vurduğunu görmüşdür. Onları aralaşdıran zaman Təqsirləndirilən şəxs əlində olan bıçağı görmüşdür. Zərərçəkmiş şəxs də əli ilə böyrünü tutaraq yerə əyilərkən Rahimin Nicatı bıçaqla vurduğunu bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan çıxıb getmişdir. O, Nicata kömək etmiş və Nicatı zirzəmidən çıxarıb taksi ilə 26 saylı poliklinikaya getmişlər. Orada Nicata ilkin tibbi yardım göstərildikdən sonra qanaxma dayanmadığından Nicatla birlikdə taksi ilə xəstəxanaya getmişlər. Hadisə yerində ondan başqa heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev küçəsində 59 saylı binanın qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. 21.12.2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs işlədiyi, ünvan 3 ünvanında yerləşən mebel mağazasının qarşısına gəlmişdir. Həmin vaxt Renatla birlikdə işləyən, həm də Renatın VAZ 2107 markalı avtomobilini idarə edərək mebellərin daşınmasında kömək edən Təqsirləndirilən şəxs da orada imiş. O, Renatın maşınından telefona aid kabeli götürmək istəyərkən Rahim ona bildirmişdir ki, onu başqası ilə səhv salmasın, telefonun kabelini götürməsin. Rahimin ona belə deməsinə görə aralarında sözlə mübahisə olmuşdur. Onların bu mübahisələrini Nicat da eşitmişdir. Həmin gün axşam saat təqribən 19 radələrində Nicat, Nicatın xalası oğlu Şahid1 və o, birlikdə yaxınlıqda yerləşən «Faxralı» kafesinə pivə içməyə gedərkən, Renatın idarə etdiyi avtomobilə Rahimlə birlikdə onların yanından keçən zaman Nicat onları saxlatmış və Rahimə yaxınlaşıb Rahimdən onunla aralarında olan incikliyi, mübahisəni unutmağını və barışmalarını istəmişdir. Bu zaman Rahim barışmayacağını deyərək Nicata aqresiv cavab verdiyinə görə onların arasında mübahisə yaranmış və bir-birinin yaxasından tutmuşlar. O, Ülfət və Renat onları aralaşdırmışlar. Bundan sonra Renat Rahimi avtomobilinə mindirib aparmışdır. 22.12.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Rahim Nicatı bıçaqla vurubmuş. O, hadisənin şahidi olmamışdır. Nicat Rahimə bildirmişdir ki, ondan üzr istəsin. Rahim isə ondan üzr istəmədiyindən aralarında mübahisə olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, 21 dekabr 2021-ci il tarixdə təqribən saat 17 radətərində işlədiyi Nizami rayonu, Q.Qarayev prospekti 59 nömrəli binanın alt hissəsində yerləşən mağazada olarkən həmin binanın qarşısında taksi fəaliyyəti ilə məşğul olan Sübhi Allahyarov mağazaya gəlmiş və əvvəlki kimi onunla zarafat elmişdir. Bu zaman ona məxsus VAZ 2107 markalı avtomobilinin sürücüsü işləyən və mebellərin ünvanlara çatdırılmasına köməklik edən Təqsirləndirilən şəxs Sübhi ilə ona məlum olmayan səbəbdən mübahisə etmişdir. Sonra Sübhi mağazadan çıxıb onun maşınından telefonun şunurunu götürmək istəyərkən Rahimlə yenidən söz mübahisəsi etdiklərini görüb onları sakitləşdirmişdir. Axşam saatlarında təqribən 19 radələrində o, idarə etdiyi avtomobillə Rahimlə birlikdə evə gedərkən yol kənarında Nicat, Sübhi və xala oğlusu Şahid1 görmüşlər və Nicat əl edərək onu saxlatdırıb Rahimə yaxınlaşaraq avtomobildən yerə düşməsini və Sübhi ilə aralarında olan mübahisəyə son qoymalarını və barışmalarını istəmişdir. Rahim isə Sübhi ilə barışmaq istəmədiyini bildirdikdə Nicat Rahimdən avtomobildən aşağı enməsini tələb edərək eyni zamanda Rahimi tulub avtomobildən yerə endirmək istəmişdir. Rahim maşından düşüb Nicatla mübahisə etmiş, o da avtomobildən yerə enərək Nicatla Rahimi sakitləşirmiş və sonuncunu avtomobilə mindirərək oradan aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi, polis kapitanı Tariyel Əliyevin 22 dekabr 2021-ci il tarixli raportundan görünür ki, 22.12.2021-ci il tarixdə saat 10:15 radələrində 26 saylı poliklinikadan tibb bacısı Zülfüqarova telefonla məlumat verib, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yıxılaraq, döş qəfəsinin deşilmiş yarası xəsarəti alması barədə bildirmişdir. Cinayət işinin 11-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 dekabr 2021-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli gödəkcə, üzərində qan ləkələri olan çəhrayı rəngli jilet, üzərində qan ləkələri olan çəhrayı rəngli uzunboğaz köynək, ağ rəngli mayka götürülmüşdür. Cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçağın götürülməsi qərara alınmışdır. Cinayət işinin 20-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 dekabr 2021-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və hadisəni törətdiyini dediyi bir ədəd qatlanan bıçaq götürülmüşdür. Cinayət işinin 22-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 dekabr 2021-ci il tarixli baxış aparılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı yaşayış binasının yan hissəsində olan zirzəmidir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu yeri göstərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa məlumat müəyyən edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yoxlanılması istintaq hərəkəti zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 27 dekabr 2021-ci il tarixli, 1084 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi muayinəsi zamanı onun bədəni səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 125-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 05 yanvar 2022-ci il tarixli, 1095 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə keçən deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni, 22.12.2021-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçiin təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 129-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 09 fevral 2022-ci il tarixli, 05/2022 MTKŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki; -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və jaketin ön səthinin sol yaxalığında, sviter və maykanın ön səithinin sol nahiyəsiııdə aşkar edilmiş (cəmi bir ədəd) deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar kostruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ qol tikişi üzərində akşar edilmiş 1 ədəd natamam sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə və jaketin ön səthinin sol yaxalığında, sviter və maykanın ön səthinin sol nahiyəsində aşkar edilmiş (cəmi bir ədəd) deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. -Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazılanımş deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. -Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan təyinatını dəyişən heç bir düzəliş edilməmişir. Cinayət işinin 143-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 154-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 04 aprel 2022ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə şahid X1 və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 21 yanvar 2022-ci il tarixli, 718 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 136-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 154 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Onun hərəkəti Azərbaycan Respublikası CM-niıı 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 29 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 11 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 23 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 43-cü vərəqəsində olan 23 dekabr 2021-ci il tarixli cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 90-92-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2021-ci il tarixli 4(007)-434/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus və hadisə zamanı onun əynində olmuş geyim əşyaları- 01 ədəd gödəkçə, 01 ədəd jaket, 01 ədəd sviter, 01 ədəd mayka və Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus və hadisə zamanı onun əynində olmuş geyim əşyaları- 01 ədəd gödəkçə, 01 ədəd jaket, 01 ədəd sviter, 01 ədəd mayka və Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar