Məhkəmə qərarları › İş №1(101)-1039/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1039/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1039/2022 30.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 850,721 qram çəkidə Azərbaxcan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamaqla daşımış, 23 oktyabr 2021-ci il tarixdə tanışı Şahid3 həmin narkotik vasitənin 0,285 qramını 15 manata satmış, 25 oktyabr 2021-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi Cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanında saxlanılaraq Nərimanov RPİ-nə dəvət edilmiş və orada həmin tarixdə saat 21:30-da keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağız parçasına bükülmüş 1 ədəd bükümdə 0,312 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 5 saylı mənzildə axtarış və götürmə aparılarkən orada döşəmə üzərindəki dəmir ləyənin alıtından şəffaf selofan bükümdə 850 qram çəkidə narkotik vasitə heroin, həmin otaqda olan dolabın üzərindən 2 ml-lik şprisdə içərisində 0,124 qram çəkidə narkotik vasitə heroin olan heroin məhlulu və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən tutularkən onda cəmi bir şprisdə hazırladığı narkotik vasitə olmuşdur. Belə ki, 25 oktyabr 2021-ci il tarixdə polis işçiləri onun yaşadığı evə gəlmiş və qapını döymüşlər. O, qapını açanda onu tutub küçəyə çıxarmış, oradan isə polis idarəsinə aparmışlar. Həmin vaxt evdə polis əməkdaşları tərəfindən heç nə aşkar edilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs saxlanılarkən şprisdə istifadəyə hazır etdiyi narkotik vasitə heroin olduğunu, 1 qram narkotiki təxminən 3-4 gün müddətində istifadə etdiyini, istintaqda narkotik vasitəni kimdən aldığını demədiiyni, Şahid3 tanıdığını və onunla birlikdə pul qoyub narkotik vasitə aldıqlarını və birlikdə istifadə etdiklərini, polis əməkdaşları Fuadı incitdikləri üçün onun adını polislərə Fuadın verdiyini, mənzildə axtarış aparılarkən videoçəkiliş aparıldığını, anasını evdən çölə çıxarandan sonra çəkiliş etdiklərini, çəkiliş aparılarkən onun səs-küy saldığını və evdən tapılan narkotikin özünə aid olmadığını bildirdiyini, latın əlifbası ilə yazıb-oxuya bilmədiyi üçün ifadələri oxumadan imzaladığını, polis işçilərinin ona tərtib etdikləri sənədləri imzalayacağı halda, onu 48 saata buraxacaqlarını bildirdiyini, ona görə də özünün polis əməkdaşlarının sözünə inanıb həmin sənədləri imzaladığını, məhkəmədə ona sanksiya verilərkən ittihamda göstərilən narkotiklərin özünə məxsus olmadığını, həmin narkotik vasitəni polis işçilərinin onun boynuna qoyduğunu hakimə bildirdiyini, təcridxanaya yerləşdirilərkən tibbi müayinədən keçdiyini və üzərində hər hansı xəsarət izləri olmadığını, polislər tərəfindən ona təzyiq göstərilsə də, döyülmədiyini, heç yerə döyülməsi və ya isgəncə verilməsi ilə bağlı müraciət etmədiyini, özünü ancaq narkotik vasitədən istifadəyə görə təqsirli bildiyini, Fuada narkotik vasitə satmadığını, lakin istintaqda üzləşdirmə zamanı Fuadın narkotik vasitəni ondan aldığını dediyini ifadəsinə əlavə etdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində təxminən 26 yaşından narkotik vasitədən istifadə etdiyini, 2006-cı ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, narkotik vasitələri tanımadığı müxtəlif adamlardan alıb istifadə etdiyini, sonuncu dəfə 25 oktyabr 2021-ci il tarixdə təxminin saat 19:00 radələrində 15 (on beş) manat pul müqabilində tanımadığı şəxsdən “kakos” adı ilə tanıdığı bir büküm narkotik vasitə aldığını bildirmişdir. Qeyd etdiyi narkotik vasitəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş, ehtiyacı olan zaman istifadə etməyi fikirləşmişdir. 25 oktyabr 2021-ci il tarixdə təxminən saat 20:40 radələrində yaşadığı küçədə dayanarkən, həmin vaxt ona mülki geyimdə olan 4 nəfər şəxs yaxınlaşmış və özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Ondan harada yaşadığını, adını və soyadını xəbər almışlar, o da, adının Bəxtiyar, soyadının Orucov olduğunu bildirmiş, həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqları deyilmiş, ona görə vəkil siyahısı təqdim etmişlər. O da, təqdii olunmuş siyahıdan X2 müdafiəçi kimi seçmişdir. Polis əməkdaşı vəkil İlham Məmmədovu idarəyə dəvət etmiş, vəkil gəldikdən sonra onun üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü təqdim etməyi təklif etmiş, o da, 15 (on beş) manat pul müqabilində alaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq özündə saxladığı içərisində narkotik vasitə «kakos» olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan göy rəngli idman şalvarının sol yan cibində olan “SAMSUNG A 50” modelli mobil telefon aparatını və qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Prima” yazılmış 1 ədəd siqaret qutusunu da təqdim etmişdir. Polis əməkdaşı onun təqdim etdiyi narkotik vasitəni zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək, bu barədə protokol tərtib etmiş və ucadan oxumuşdur. O da, digər iştirakçılarla həmin protokolu imzalamışdır. Həmçinin, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi 61A nömrəli mənzildə axtarış və götürmə aparılarkən otaqda çarpayının altında döşəmə üzərindəki dəmir ləyənin altından şəffaf selofan bükümdə aşkar edilrək götürülmüş 850 qram çəkidə narkotik vasitə olan heroinin ona məxsus olmadığını, lakin həmin otaqda dolabın üzərindən aşakr edilrərk götürülmüş 2 ml-lik şprisdə olan heroin məhlulunun ona məxsus olduğunu və 15 manat pul müqabilində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını göstərmişdir (cild 1, iş vərəqi 152- 154, 275-276). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin ifadələri qismən təsdiq etdiyini, onda ancaq şprisin içərisində narkotik vasitə olduğunu, polis işçilərinin təzyiqi ilə istintaqda ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə saat 20:40-da Nərimanov RPİ CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2la inzibati ərazidə gəzinti apararkən, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, 72 ünvanının yaxınlığında 1 nəfər şəxsin hərəkətindən və özünü şübhəli aparmasından şübhələnib, onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edib kim olmasını soruşduqda, saxlanılan şəxs suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmış, rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasını və üzərində də narkotik vasitə olmasından şübhələnib onu Nərimanov RPİ-nə dəvət etmişlər. Polis idarəsində onun şəxsiyyəti müəyyən edilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra təhqiqatçı Rafiq Ağəliyev tərəfindən müdafiəçi dəvət edilmiş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunduqda, sonuncu, əynindəki gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 1 ədəd bükülünü təqdim etmiş, bükülünün içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda, içərisində həqiqətən də qəhvəyi rəngli, spesifik iyə malik toz halında maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi toz halında «kakos» kimi anıdığı heroini həmin gün saat 19 radələrində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 1 ədəd siqaret qutusu və əynindəki idman şalvarının cibindən 1 ədəd “SAMSUNG” markalı mobil telefon aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinə görə, əməliyyat-axtarış tədbirinin davamı olaraq tədbir iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına getmişlər. Orada təhqiqatçı Rafiq Ağəliyev tərəfindən Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi bildirilmiş, yaşadığı mənzildə dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs mənzildə hər hansı qanunla qadağan olunmuş əşya və ya maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, bu zaman mənzilin 2-ci otağında olan çarpayının alt hissəsində döşəmə üzərində dəmir ləyən olduğunu görmüşlər. Həmin dəmir ləyənin içərisinə baxdıqda, şəffaf selofanda olan bükülü aşkar edilərək götürülmüşdür. Bükülü açıldıqda onun içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz halında maddə olması müəyyən edilmişdir. Həmçinin həmin otaqdakı paltar dolabının üst hissəsində 2 ədəd 2 ml şpris və həmin şprislərin 1 ədədinin içərisində maye halında qara rəngli maddə olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şprisin içərisində olan maddənin narkotik vasitə heroin məhlulu olduğunu, həmin narkotik vasitəni 15 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını demiş, lakin selofan bükümdə olan maddənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş selofan bükülü və 1 ədəd 2 ml şpris zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, ucadan oxunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş maddələr ekspertiza tədqiqatına göndərilmiş, onların narkotik vasitə heroin olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nərimanov RPİ-nə gətirilməsi, orada üzərində şəxsi axtarış, daha sonra isə yaşadığı ünvanda baxış keçirilməsi zamanı narkotik vasitələrin aşkar edilərək götürülməsində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı polis işçiləri ondan təzyiq altında ifadə almışlar. Onu incidərək bütün sənədlərə imza etdirmişlər. Əslində isə o, narkotik vasitəni onlayn qaydada sifariş verib almışdır. Polis işçiləri tərəfindən saxlanılan zaman da üzərindən aşkar olunmuş heroini internetə girib sifariş verərək almışdır. O, Təqsirləndirilən şəxs tanısa da, Bəxtiyardan narkotik vasitə almamışdır. Verilən sualları cavablandıran Şahid3 Bəxtiyarla eyni ərazidə yaşadığını, sonuncu ilə rastlaşanda salamlaşıb görüşdüklərini, Bəxtiyarın mobil telefon nömrəsini bilmədiyini və heç vaxt Bəxtiyara mobil telefonla zəng etmədiyini, Təqsirləndirilən şəxs narkotik almadığını və sonuncunun narkotik satdığını eşitmədyiini, üzərindən aşkar olunan narkotiki 15 manat pul müqabilində Bəxtiyardan almadığını, özünün sonuncu dəfə CM-nin 234.1-ci maddəsi ilə 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, ona verilən həmin ittihamda narkotikin Bəxtiyardan aldığı göstərildiyini, lakin bununla razılaşmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, təxminən 10 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif adamlardan, o cümlədən onunla bir məhəllədə yaşayan, özünü “Bətiş” kimi təqdim edən, həqiqi adı isə Bəxtiyar olan şəxsdən alır. Sonuncu dəfə 23 oktyabr 2021-ci il tarixdə axşam vaxtlarında yaşadıqları məhəllədə 15 manata Bəxtiyardan bir büküm “kakos” adı ilə tanıdığı narkotik vasitə alıb əynində olan qara rəngli pencəyin sağ yan cibinə qoymuş, ehtiyacı olan zaman istifadə edəcəyini fikirləşmişdir. 25 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayon, Ə.Əliyev küçəsində olduğu zaman mülki geyimdə 2 nəfər ona yaxınlaşmış, özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərin dəvəti ilə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə şəxsi axtarış aparacaqlarını bildirmişlər və ona vəkil təqdim edib üzərində şəxsi axtarış keçirmişlər. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü təqdim etməyi təklif etmiş, o da, 15 manata Bəxtiyardan alıb əynindəki pencəyin cibində saxladığı içərisində «kakos» olan siqaretin qızılı rəngli kağız parçasına bükülmüş 1 ədəd bükülünü könüllü təqdim etmişdir. Sonra həmin bükülü zərfə qoyaraq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. O da, həmin protokola imza etmişdir (cild 1, iş vərəqi 209-211). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Şahid3 yazılanları təsdiq etmədiyini və həmin ifadəni polis əməkdaşlarının təzyiqi altında verdiyini bildirdi. Məhkəmə iclasında tədqiq olunmuş 27 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid3 23 oktyabr 2021-ci il tarixdə axşam saatlarında yaşadıqları məhəllədə Təqsirləndirilən şəxs 15 manata bir büküm “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin alıb əynində olan qara rəngli pencəyin sağ yan cibinə qoyduğunu, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb, Bakı şəhəri, Nərimanov rayon Polis idarəsində üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitənin aşkar edilərək götürüldüyünü, sorğu zamanı qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını etiraf etdiyini sonuncunun üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 155-156). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-da Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında saxlanılaraq Nərimanov RPİ-nə dəvət edilmiş və orada həmin tarixdə saat 21:30-da keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağız parçasına bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 56-57). Cinayət işinə əlavə olunmuş baxış keçirilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı mənzildə axtarış və götürmə aparılarkən, orada döşəmə üzərindəki dəmir ləyənin alıtından şəffaf selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, həmin otaqda olan dolabın üzərindən 2 ml-lik şprisin içərisində heroin məhluluna bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 83-87). Məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 6/4747 saylı rəyindən görünür ki, «Şübhəli şəxs Şahid3» sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 34-39). Məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 6/4745 saylı rəyindən görünür ki, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,312 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin vət.Şahid3 üzərindən aşkar edilərək götürülmüş heroinlə (26 oktyabr 2021-ci il tarixli 6/4747 saylı ekspert rəyi) kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 90-96). Məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 6/4746 saylı rəyindən görünür ki, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 850 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd 2 ml-lik şprisin içərisindəki 1,5 ml həcmində qəhvəyi rəngli maye kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,124 qramdır. 1 ədəd üzərində “Etil şpirti” yazısı olan şüşə qabda təmiz çəkisi 5,670 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. 1 ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümükü deyildir. 1 ədəd 2 ml-lik boş şprisin içərisində narkotik və psixotrop maddələrin izləri yoxdur. Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 97-103). Məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2021-ci il tarixli 6/5092 saylı rəyindən görünür ki, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketlərdəki: - vət.Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd bağlamadakı heroin və Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki heroin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir; - vət.Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd bağlamadaki heroin Şahid3 üzərindən götürülmüş bir ədəd bükümdəki heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir; - Təqsirləndirilən şəxs və Şahid3 üzərlərindən götürülmüş heroinlərin eyni kimyəvi tərkibli olubolmaması barəsində ətraflı məlumat 26 oktyabr 2021-ci il tarixli 6/4745 saylı ekspert rəyində verilmişdir; - vət.Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd 2 ml-lik şprisdəki heroin məhlul şəklində olduğu üçün Təqsirləndirilən şəxs oğiunun evindən, üzərindən və Şahid3 üzərindən götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İlkin tədqiqat zamanı vət.Təqsirləndirilən şəxs evindən və üzərindən götürülmüş heroinlərin təmiz çəkisi 26 oktyabr 2021-ci il tarixli 6/4745, 6/4746 saylı və Şahid3 üzərindən götürülmüş heroinin təmiz çəkisi 26 oktyabr 2021-ci il tarixli 6/4747 saylı ekpert rəylərində göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş heroinin təmiz çəkisi 849,8 qram və 0,262 qram, ekspertiza tədqiqatına 0,2 qram sərf edilmiş, qalıqlar 849,78 və 0,242 qram qalmışdır (cild 1, iş vərəqi 212-217). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2021-ci il tarixli 4987 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 219-220). Cinayət işi üzrə keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 02 aprel 2022-ci il tarixli 795 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeydə alınmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqi 273-274). İş materiallarına əlavə edilmiş DVD diskə baxış protokolundan görünür ki, fayldakı görüntü 8 dəqiqə 37 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə görüntünün 1 dəqiqə 45-ci saniyəsində əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağız parçasına bükülmüş 1 ədəd bükülünü, həmçinin əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Pirima” sözləri yazılmış 1 ədəd siqaret qutusunu və əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “SAMSUNG” markalı mobil telefon aparatını könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən siqaretin qızılı kağız parçasına bükülmüş 1 ədəd bükülünü könüllü təqdim edərək bildirir ki, təqdim etdiyi bükülünün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində tanımadığı şəxsdən 15 manat pul müqabilində özü qəbul etmək üçün alıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq özündə saxlamışdır ki, ehtiyacı olan zaman istifadə etsin. Aşkar edilmiş narkotik vasitə axtarış və götürmədə iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılır (cild 1, iş vərəqi 136). Cinayət işinə əlavə edilmiş yaddaş kartına baxış protokolundan görünür ki, fayldakı görüntü 52 dəqiqə 23 saniyə davam edir. Görüntüdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 nömrəli mənzildə təhqiqatçı Rafiq Ağəliyev mənzilə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüqüq və vəzifələrini izah edərək, baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyini izah edir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif olunur. Lakin Təqsirləndirilən şəxs mənzildə hər hansı qanunla qadağan olunmuş əşya və ya maddənin olmadığını bildirir. Bundan sonra mənzildə axtarış və götürmə başlayır. Axtarış və götürmə zamanı mənzilin giriş qapısı küçə tərəfdən tünd palıdı rəngli dəmir materialından hazırlanmış qapı ilə bağlanmışdır. Qapını açdıqda yerdə döşəmə daşları döşənmiş otaq olması və həmin otağa daxil olduqda sağ tərəfdə 2 qapının olması görünür. Otaqlarda axtarış və götümə aparılan zaman 2-ci otaqda olan çarpayının alt hissəsinə baxdıqda, çarpayının altında döşəmə üzərində dəmir ləyənin olması görünür. Həmin dəmir ləyənin altına baxdıqda, şəffaf selofana bükülmüş bükülü aşkar edilərək götürülür. Həmin şəffaf selofan büklünün içərisinə baxan zaman içərisində həqiqətən də qəhvəyi rəngli, spesifik iyə malik toz halında maddə aşkar olunur. Həmçinin həmin otaqda olan paltar dolabının üst hissəsində 2 ədəd 2ml olan şpris və həmin şprislərin 1 ədədinin içərisində maye halında qara rəngli maddə olması aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs bildirir ki, şprisin içərisində olan maddə narkotik vasitə olan heroin məhluludur. Həmin narkotik vasitəni 15 manat pul müqabilində tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Lakin selofan bükümdə olan maddənin ona aid olmadığını bildirir. Aşkar edilmiş narkotik vasitələr axtarış və götürmədə iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılır (cild 1, iş vərəqi 137). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş «SAMSUNG A 52» markalı mobil telefona baxış keçirilmiş və telefonun içərisində ***-***-**-** saylı mobil nömrəni olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 138). Həmçinin, ibtidai istintaqın gedişində Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış Təqsirləndirilən şəxs ilə Şahid3 arasında 2021-ci ilin oktyabr ayında olan zənglərin girş-çıxışına dair məlumatlar olan CD-R diskə köçürülərək istintaqa təqdim olunmuşdur. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, faylda 151-ci sırada Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 ifadəsində qeyd etdiyi ***-***- **-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixdə saat 04:22:19-da 47 saniyə, 248-ci sırada xx.xx.2021-ci il tarixdə saat 08:26:49-da 1 saniyə, 249-cu sırada xx.xx.2021-ci iltarixdə saat 08:26:16-da 1 saniyə, 250-ci sırada xx.xx.2021-ci il tarixdə saat 08:25:40-da 1 saniyə və 311-ci sırada xx.xx.2021-ci il tarixdə saat 23:07:46-da 45 saniyə danışıqların olması müəyyən edilir (cild 1, iş vərəqi 218). İbtidai istintaq orqanının 13 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş heroinin təmiz çəkisi 849,8 qram və 0,262 qram əsas götürülməklə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 849,78 qram və 0,242 qram narkotik vasitə heroin, 0,75 ml heroin məhlulu və 1 ədəd elektron tərəzi müvafiq qərar qəbul edilənədək saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, qeyd olunan qərara əsasən, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD disk, 1 ədəd yaddaş kartı və 1 ədəd Azərbaycan Respublikası DİN Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış telefon danışıqları olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 278-289). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli “Amnistiya” qərarının 1.1ci bəndinə əsasən azad edilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir (cild 1, iş vərəqi 183-185). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ona məxsus olmadığını, Şahid3 narkotik vasitə satmadığını, özünü ancaq narkotik vasitə istifadəçisi kimi təqsirli bildiyini göstərərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan cibində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən aşkar edilən narkotik vasitənin, həmçinin yaşadığı evdən aşkar edilmiş şprisin içərisindəki heroin məhlulunun özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş yaddaş kartına baxış protokolundan və məhkəmədə videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilərkən, sonuncu, evində gizlətdiyi külli miqdarda narkotik vasitə heroini könüllü təqdim etməsə də, polis işçiləri tərəfindən evə baxış zamanı 2-ci otaqda olan çarpayının alt hissəsində döşəmə üzərindəki dəmir ləyənin altından şəffaf selofana bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Həmin şəffaf selofan bükülünün içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik toz halında maddə - sonradan ekspert rəyinə əsasən müəyyən edilmiş külli miqdarda, yəni 850 qram çəkidə narkotik vasitə heroin, həmçinin üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin Şahid3 üzərindən aşkar edilərək götürülmüş heroinlə, həmçinin onların hər ikisi Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Bundan başqa, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması və evindən aşkar olunmuş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması ona məxsus mobil telefonla Şahid3 istifadəsində olan mobil telefon arasında aparılmış danışıqlara dair açıqlamalarla da öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yaxa qurtarmaq və ya öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Həmçinin, məhkəmə Şahid3 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, həmin ifadə ilə o, əvvəlcədən tanıdığı və bir narkoman kimi münasibət saxladığı Təqsirləndirilən şəxs vəziyyətinin yüngülləşdirilməsinə cəhd göstərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Şahid3 ibtidai istintaq zamanı dindirilərkən və Təqsirləndirilən şəxsla üzləşdirilərkən verdiyi ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxsin 25 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2021-ci il tarixli 4987 №li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,242 qram və 849,78 qram narkotik vasitə olan heroin, 0,75 ml heroin məhlulu və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD disk, 1 ədəd yaddaş kartı və telefon danışıqlarına dair 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş ekspertiza tədqiqatları 342 (üç yüz qırx iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 342 (üç yüz qırx iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,242 qram və 849,78 qram narkotik vasitə heroin, 0,75 ml heroin məhlulu və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - bir ədəd DVD disk, bir ədəd yaddaş kartı və telefon danışıqları barədə məlumatlar olan 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 342 (üç yüz qırx iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyevsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar