Məhkəmə qərarları › İş №1(101)-1039/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1039/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1039/2024 07.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhəri, «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd bükümdə təmiz çəkisi 6,498 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 8 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Baş İdarənin əməkdaşları tərəfindən 22 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 10:00-da qeyd edilən ünvanda saxlanılıb BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 11:50-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd selofan bükümlərdə, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,055 qram, 2,129 qram, 2,314 qram olmaqla, ümumi təmiz çəkisi 6,498 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 21 iyun 2023-cü il tarixdə o, həyat yoldaşı ilə birlikdə Gəncə şəhərində yerləşən «Dubay bazarı» deyilən yerdə olmuş, inşaat materialları almış və 1027 manat pulu kassaya ödəmişdir. Bu zaman onun mobil telefonuna 050 549-89-89 nömrəsindən zəng gəlmiş və onun harada olub-olmadığını soruşmuşlar. O, zəng vuran şəxsdən kim olduqlarını soruşmuş, həmin şəxs ona polis əməkdaşı olduğunu, satdığı telefonlarla bağlı bəzi suallarının olduğunu bildirmişdir. Bundan sonra o, özünün olduğu yeri demişdir. Ona zəng vurularkən mobil telefonda həmin şəxsin nömrəsinə «Getkontakt»da baxmış və həmin şəxsin adı yerində «Məhəbbət DTX» yazıldığını görmüşdür. Bundan sonra həyat yoldaşına evə getməyi tapşırmış, əgər axşama qədər gəlməsə, bundan sonra DİN-nə məlumat vermələrini bildirmişdir. Bir neçə dəqiqə sonra bir nəfər ona yaxınlaşmış və onu Gəncədə yerləşən DTX-nin şöbəsina aparmışlar. Orada ondan «Gədəbəy hadisələri» ilə bağlı soruşmuşlar. Ona plakat düzəltdiyini demişlər, o da, düzəltdiyini etiraf etmiş və «Gədəbəy hadisələri» ilə bağlı plakat hazırladığını bildirmişdir. Üstündən bir saat keçdikdən sonra ona Bakıya getmək lazım olduğunu, bununla bağlı orada da izahat verəcəyini, sonra isə evə gedəcəyini demişlər. O, evə məlumat vermək istəsə də, ona icazə olmadığını bildirmişlər. Sonra onun telefonunu söndürmüşlər, maşının açarını götürüb zərfə qoyaraq möhürləmişlər. Sonra onu mülki geyimdə olan üç nəfər polis əməkdaşına təhvil vermişlər və həmin şəxslər onu saat 18-19 radələrində Bakı şəhərinə gətirmişlər. Bakıda onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər və orada izahatını almışlar, o isə, plakatı necə düzəltdiyini yazmışdır. Səhəri günü saat 9 radələrində üç nəfər gəlmiş və onu götürüb «Nərimanov parkı»na gətirmişlər. Orada bir nəfər adam olduğunu, həmin şəxsin mitinqlə əlaqəsi olan adam olduğunu, onlara həmin şəxsin lazım olduğunu bildirərək, həmin şəxsin onu tanıyıbtanımayacağının onlar üçün vacib olduğunu demişlər. O, orada olan oturacaqda oturmuş, bu zaman kənardan onun şəklinin çəkildiyini görmüşdür. Bu işlərdən heç nə başa düşməmiş, sonra qayıdıb idarəyə gəlmişlər. Orada polis işçisi bükümü çıxarıb onu götürməli olduğunu demişdir. Təbii ki, bunu heç kim, o cümlədən özü qəbul etməmiş, sonra ona sumka göstərmişlər. Videoçəkiliş olmuş, orada da, səhv etmirsə, heç nə deməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onu Gəncədə saxlayıb Bakıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Onun üstünə Gəncədə DTX-nin şəhər şöbəsində də baxış keçirmişlər, sonra isə Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxış keçirmişlər. Səhəri gün isə onu «Nərimanov parkı»na aparmışlar. Ona vəkil vermişlər və vəkilin yanında ailəsi ilə danışa bilmədiyini demişdir. Ona bir gün ərzində psixoloji təzyiq göstərmişlər, lakin onu döyməmişlər. Onun narkotiklə heç bir bağlılığı olmamışdır. Ona demişlər ki, verilən narkotiki qəbul etsin, əks halda üzərinə 10 kq narkotik qoyacaqlar. O, 40 gün ərzində evi ilə danışa bilməmişdir. Onu «Gədəbəy hadisələri» ilə bağlı həbs etmişlər, həmin hadisə ilə bağlı ondan başqa Əsgərov Hidayətin və Şirinov Dadaşın da həbs olunduğunu bilmişdir. Cabbarov Etibar və Əliyev Şöhrət də «Gədəbəy hadisələri»nə görə həbs olunmuşlar. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, bir müddət əvvəl arabir düşəndə “kakos” kimi tanınan narkotik vasitədən yandırıb tüstüsünü nəfəsinə çəkməklə qəbul etməyə başlamışdır. Saxlanılmamışdan bir gün əvvəl Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir ki, burada kredit girovunda olan faktiki olaraq idarə etdiyi avtomobilə görə ödəniş etsin və geri qayıtsın. Elə həmin vaxt özü üçün istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 50 manat müqabilində həmin maddədən almış və üzərində saxlamışdır ki, istifadə edər. Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını deyib onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O, buna etiraz etməmiş və onlar həmin idarəyə yola düşmüşlər. Onlar deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da, buna etiraz etməmişdir. Beləliklə onun, saxlanılan zaman iştirak etmiş polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə axtarış keçirilmişdir. Bu vaxt ilk olaraq ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da, həmin vaxt masaya yaxınlaşıb əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 3 ədəd selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu ilə 26 manat nağd pulu təqdim etmişdir. Üzərində başqa heç bir maddə və predmet olmamışdır. Təqdim etdiyi siqaret qutusuna baxış zamanı içərisində siqaret dənələrinin olması məlum olmuşdur. Daha sonra təqdim etdiyi üç ədəd bükümlərə baxış keçirilmişdir. Bükümlər açılaraq içərisində olan kütlələrə baxış keçirilmiş və bükümlərin içərisində qəhvəyi rəngli zahirən “kakos” adı ilə tanıdığı maddəyə oxşar kütlələrin olması müəyyən edilmişdir. O, həmin maddələr barədə sorğu edilən zaman bildirmişdir ki, bükümləri həmin gün tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüş, həmin zərfin üzərində müvafiq qeydiyyat aparılmışdır. Daha sonra üzərindən aşkarlanmış siqaretlərlə nağd pul özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar (cild 1, iş vərəqi 34-35, 51-53, 70-72). Elan olunmuş ifadələrlə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadələri təsdiq etmədiyini, onun 21 iyun 2023-cü il tarixdə Gəncədə saxlanıldığını və 22 iyun tarixdə Bakıda sənədləşmə aparıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar tanımışdır. 22 iyun 2023-cü il tarixdə təxminən saat 10 radələrində Nərimanov rayonu ərazisində Coşqunu saxlayıb Baş idarəyə gətirmişlər. Ona narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olduğu izah olunmuş, bundan sonra onu təhqiqatçıya təqdim etmişlər. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Coşqun üzərində narkotik vasitə olduğunu səmimi etiraf edərək 3 bükümdə heroini təqdim etmişdir. Həmin narkotik vasitəni saxlanıldığı gün özünün istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Sonra sənədləşmə aparılmış, Coşqundan aşkar olunmuş siqaret və pul özünə qaytarılmışdır. Verilən sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əməliyyat məlumatının ona həmin gün səhər daxil olduğunu, məlumatı daxil olandan sonra onun adının müəyyən edildiyini, Coşqunu Nərimanov rayonu, Molla Cümə küçəsində saxladıqlarını, onun həmin ərazidə yaşamadığını və Bakı şəhərinə gəlməsini bildiklərini, saxlanılarkən və polis idarəsində olarkən həmin şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, vaxt olmadığı üçün əməliyyataxtarış işinin açılmadığını, əməliyyat məlumatının həmin şəxsin narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə olduğunu, onun Gəncədə DTX tərəfindən saxlanılması və Bakıya gətirilməsi barədə məlumatsız olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi sonuncunun saxlanılması ilə əlaqədar tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələri saxlaması, daşıması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Baş idarə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. 22 iyul 2023-cü il tarixdə onlar tərəfindən tədbir keçirilmiş, Təqsirləndirilən şəxs Nərimanov rayonu, Molla Cümə küçəsində saxlanılmış və idarəyə dəvət olunmuşdur. Bu zaman saxlanılmasının səbəbi ona izah olunmuş və idarəyə gətirildikdən sonra üzərinə baxış keçirilmişdir. Üzərindən 3 büküm narkotik vasitə aşkar olunaraq götürülmüş, bükümlər açıldıqda içərisindən özünün dediyinə görə heroin aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əməliyyat tədbirində 3 nəfərin iştirak etdiyini, saxlanılan şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, onu saxlamamışdan əvvəl hansısa orqan tərəfindən saxlanılması və harasa aparılması barədə məlumat olmadığını, əməliyyat məlumatının şəxsən ona daxil olmadığını, təqsirləndirilən şəxsi Molla Cümə küçəsində yerləşən parkda səhər saatlarında saxladıqlarını, təqsirləndirilən şəxsin bir gün əvvəl Gəncədə DTX əməkdaşları tərəfindən saxlanılması, daha sonra Gəncə şəhər Baş polis idarəsinə aparılması barədə məlumatı olmadığını, təqsirləndirilən şəxsi saxlayıb idarəyə gətirəndə maşını onun sürdüyünü bildirdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həmkarları Şahid1 və Şahid2 məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (iş vərəqi 115-122). Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, onlar 21 iyun 2023-cü il tarixdə həyat yoldaşı ilə saat təxminən 14-15 radələrində Gəncədə yerləşən «Dubay bazarı» adlı yerə divar kağızları almaq üçün getmişlər. Həmin vaxt Coşqunun mobil telefonuna zəng gəlmiş, o, telefonla danışandan sonra üz ifadələrinin dəyişdiyini görmüşdür. Coşqun ona demişdir ki, telefonda «Getkontakt» proqramında həmin nömrəni vurduqda «DTX Məhəbbət» adı yazılmışdır. Danışan şəxs Coşquna ondan telefon aldığını, həmin telefonun da oğurluq mal olduğunu bildirmişdir. Həmin şəxs Coşquna arxasınca gəldiyini və görüşüb söhbət etmək istədiyini bildirmişdir. Əvvəllər də həyat yoldaşının işlətdiyi telefon dükanında bele hadisələr olsa da, heç vaxt polis əməkdaşları Coşqunun arxasınca gəlməmişlər. Sonra bildim ki, Coşqunu idarəyə çağırmışlar və orada gedib izahat vermişdir. Həmin şəxslə telefonda danışandan sonra Coşqun ona evə getməyi, saat 12-yə qədər gəlməsə, DİN-nin 102 xidmətinə zəng edib məlumat verməyi tapşırmışdır. Gələn zəngdən sonra həyat yoldaşı şübhələnmişdir. Şübhələnməyinə səbəb isə Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş hadisələrlə əlaqədar olmuşdur. Çünki Coşqun həmin vaxt plakatlar hazırladıb rayona göndərmişdir. Bundan əvvəl də həyat yoldaşı şəhid plakatlarınının, rayonun gəzməli, görməli yerlərinin plakatlarını Gəncədə hazırladıb rayona göndərmişdir. Həmin vaxt məlum hadisələrlə bağlı görüntülərin şərh bölməsində dağın başında yaşayan əhalinin həmin plakatları hardan almaları, onları harada hazırlamaları barədə yazılar getmişdir. Onlar da şübhələnmişlər ki, Coşqunu yəqin həmin plakatlara görə saxlamışlar. Həmin günü saat 5-ə işləmiş Coşqun yenə də zəng etmiş və ona bildirmişdir ki, deyəsən onu plakatlara görə ilişdirəcəklər. Ona əgər saat 12-yə qədər gəlməzsə, 102-yə zəng vurub məlumat verməyi tapşırmışdır. O da, həmin vaxt öz qardaşı ilə «votsap»da yazışmış, ona da Coşqunun saxlanıldığını bildirmişdir. Bundan sonra qardaşı ona artıq gözləməyin yeri olmadığını demiş, dərhal DİN-nin 102 xidmətinə zəng edib Coşqun barədə və maşını barədə məlumat vermişdir. Bundan sonra səhəri günü polis əməkdaşları onu bölməyə çağırmışlar. Həmin vaxt qardaşı gecə növbəsində olduğu üçün gələ bilməmiş, ona görə polislər baş verənləri ondan soruşmuşlar. Onlar Coşqunun bundan əvvəl də evdə gedib-getmədiyini soruşmuş, o isə, heç vaxt belə bir hadisələrin olmadığını demişdir. Onlar Coşqunun «Gədəbəy hadisələri» zamanı plakat hazırladığına görə saxlanıldığını bildirdikdə, polis işçiləri onlara narahat olmamağı, Coşqunun maşınının Gəncədən çıxmadığını demişlər. O, maşının harada saxlanıldığını bildiyi üçün həmin yerə getmiş, həqiqətən də maşının orada olduğunu görmüşlər. Orada mağazanın sahibindən kamera görüntülərinə baxdıqda, həqiqətən də Coşqunun mağazadan çıxandan sonra hündür ağ maşına minib getdiyini müşahidə etmişlər. Bundan sonra onlar şöbəyə gedib mağazadan çıxandan sonra Coşqunun maşına mindiyini gördüklərini bildirib, həmin maşının hara getdiyinə baxmaq istəmişlər. Lakin polis işçiləri onlara Coşqunun maşına minməsi anının görsənmədiyini, ancaq mağazadan çıxdığı anın göründüyünü demişlər. Ondan sonra onlara narahat olmamağı və səbrli olub gözləməyi məsləhət görmüşlər. Onlar da gözləmişlər. Üç gündən sonra tanımadıqları bir vəkil onlara zəng edib Təqsirləndirilən şəxs «Nərimanov» rayonunda narkotikə görə saxlanıldığını və 5 dəqiqədən sonra məhkəməsi olacağını demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs qaynı X4 məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən bacısı Şahid5 ifadəsinə uyğun ifadə verərək, DİN-nin 102 xidmətinə özünün zəng vurduğunu bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 iyun 2023-cü il tarixdə saat 10:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi üç ədəd selofan bükümlərdə ümumi təmiz çəkisi 6,498 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 26-28). Cinayət işində olan baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğu bir ədəd DVD diskə baxış keçirilmiş, bu zaman videogörüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında protokolda əks olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 29, 137-144). Məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 6/3486 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi və “...şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş 03 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə; Təqsirləndirilən şəxs - imza, dörd imza, Tərtib etdi: M.Azayev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri - 2,055 qram, 2,129 qram, 2,314 qram, ümumi təmiz çəkisi - 6,498 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 6,498 qram, tədqiqata sərf edildi - 0,15 qram (hər birindən 0,05 qram), qalıq - 6,348 qramdır (cild 1, iş vərəqi 38-42). X3 Tibbi Yoxlamasının xx.xx.2023-cü il tarixli 3995 nömrəli rəyindən görünür ki, eksprestest üsulu ilə müayinə nəticəsndə Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP(+) OPİ(+) aşkar olundu və deməsinə görə, arabir düşəndə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edib, onda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). Məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2023-cü il tarixli 2274/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfın adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edildi (cild 1, iş vərəqi 134-136). Məhkəmə-tibbi ekspertizasının 23 iyun 2023-cü il tarixli 251/MHŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 130-132). İbtidai istintaq orqanının 02 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,498 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalan 6,348 qram çəkidə heroin iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 94- 95, 103). Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm İşlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat- axtarış fəaliyyətinin həyata keçirilməsinə dair 22 iyun 2023-cü il tarixli qərar Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 96). Cinayət işində olan Gəncə şəhər İcra Hakimyyəti başçısının Aparatı tərəfindən təqdim olunmuş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində həyat yoldaşı və iki azyaşlı uşaqları vardır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 104-106). Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika İinformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 124). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 21 iyun 2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə Gəncə şəhərində yerləşən «Dubay bazarı» deyilən yerdə olduğunu, həmin vaxt ona tanımadığı şəxsdən zəng gəldiyini, həmin şəxsin ona polis əməkdaşı olduğunu, satdığı telefonlarla bağlı bəzi suallarının olduğunu deyərək görüşmək istədiyini bildirdiyini, həyat yoldaşını evə yola saldıqdan bir neçə dəqiqə sonra bir nəfərin ona yaxınlaşaraq Gəncədə yerləşən DTX-nin şöbəsinə apardığını, orada ondan «Gədəbəy hadisələri» ilə bağlı soruşduqlarını və ona plakatlar düzəltdiyini dediklərini, onun da bunları etiraf etdiyini, sonra onu izahat vermək adı Bakıya apardıqlarını, evə məlumat vermək istəsə də, icazə verilmədiyini, Bakıda onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini və orada izahatının alındığını, səhəri günü saat 9 radələrində üç nəfərin onu götürüb «Nərimanov parkı»na gətirdiklərini, orada olan bir oturacaqda oturduğunu, bu zaman kənardan onun şəklinin çəkildiyini gördüyünü, heç nə başa düşmədiyini, sonra qayıdıb idarəyə gəldiklərini, orada polis işçisinin bir büküm çıxarıb onu götürməli olduğunu dediyini, onu qəbul etmək istəmədikdə, ona bir sumka göstərdiklərini, sonra videoçəkiliş olduğunu, orada da heç nə demədiyini, ona bir gün ərzində psixoloji təzyiq göstərdiklərini, lakin onu döymədiklərini, onun narkotiklə heç bir bağlılığı olmadığını və «Gədəbəy hadisələri» ilə bağlı həbs edildiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində daşıdığını, Nərimanov rayonu ərazisində olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq saxladıqlarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarışı keçirilərkən üzərində olan heroini polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinə görə, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilməmişdir. Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi izahatında əməlindən peşman olduğunu, Bakı şəhərinə kreditlərini ödəmək üçün gəldiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda ona Cinayət Məcəlğləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunub dindirilərkən verdiyi ifadələrindən imtina etmiş, narkotik vasitənin özünə məxsus olmaması barədə hazırkı məhkəmə baxışı zamanı verdiyi ifadəsini vermişdir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin məhkəmədə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 və qaynı X2 ifadələrinə tənqidi yanaşaraq, həmin sübutları işdə olan digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, onların verdikləri ifadələr obyektiv həqiqəti əks etdirmir, adları çəkilən şahidlər həmin ifadəni verərkən təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmüşlər. Qeyd olunanları qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 6,498 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 423-83-33 və 051 644-88-88 saylı mobil telefonlarla aparılmış danışıqlara dair məlumatlar "xxxx" MMC-dən əldə olunub təhlil edilmişdir. Lakin bu zaman narkotik vasitələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 6,498 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağın olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə Baş idarəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Yuxarıda qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, təyin olunacaq cəzanın başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3995 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,348 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, həmçinin şəxsi axtarış keçirilməsi görüntülərinin əks olunduğu 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,348 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar