Məhkəmə qərarları › İş №1(101)-104/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-104/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-104/2023 20.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, X7 və X8 katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə 1 yanvar 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Sədərək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şahbazov küçəsi, ev 88-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 4 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən «Santafe» istirahət mərkəzinin daxilində rəqs meydançasında X3 əli ilə itələməsinə görə aralarında yaranmış sözlə mübahisə zamanı Alqayıt Cəlilovun əmisi oğlu Zərərçəkmiş şəxs ona nə səbəbə münaqişə yaratmasına irad bildirməsi səbəbindən, açıq-aşkar heç bir səbəb olmadan Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi qatlanan bıçağı silah qismində istifadə edərək əvvəlcə «Santafe» istirahət mərkəzinin daxilində Zərərçəkmiş şəxs qəsdən təpə nahiyyəsinə bir zərbə, sonuncunun bıçağı onun əlindən almaq istəyən zaman isə sol əlinə iki zərbə vuraraq qəsdən ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan təpə nahiyəsinin 1 ədəd, sol əlin 2 ədəd kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, daha sonra orada olan şəxslər münaqişəni sonlandırmaq üçün Zərərçəkmiş şəxs istirahət mərkəzinin daxilindən kənara çıxartsalar da o, öz xuliqanlıq hərəkətlərini davam etdirərək istirahət mərkəzinin həyətində qeyd olunan bıçağı silah qismində istifadə edib qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthindən bir dəfə vuraraq qəsdən zərəçəkmiş Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan hemopnevmatoraksla nəticələnmiş döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığa ağır dərəcəli xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən zərər vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci ildə Naxçıvan Muxtar Respublikasında yaşadığı evin həyətinə mərmi düşmüş və nəticədə başından qəlpə xəsarəti almışdır. Bundan sonra səhhətində problemlər yaranmış və əsəbi olmuşdur. Zərərçəkmiş şəxs və onun qohumlarını əvvəllər tanımamışdır. Hadisə ərəfəsində Hövsan qəsəbəsində yaşamış, təsərrüfatla məşğul olub göyərti satmaqla dolanışığını təmin etmişdir. Hadisə günü ailə üzvlərinə dərman almış və əlində pul qalmamışdır. Odur ki, əvvəllər nisyə göyərti satdığı müştərilərlə əlaqə saxlayıb pulunu istəmişdir. Onlardan biri qutabxana işlədən Arif adlı şəxs olmuşdur. Sonuncu ona «Santafe» istirahət mərkəzində olduğunu bildirib, pulunu almaq üçün ora yaxınlaşmağını xahiş etmişdir. Deyilən yerə gedib aşağıda bir qədər gözləmişdir. Arifin yuxarıda olduğunu öyrənib, pulunu götürmək üçün yuxarı mərtəbəyə qalxmışdır. Həmin yer diskoteka tipli istirahət və əyləncə yeri olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs və qohumlarının zalda sərxoş vəziyyətdə olmalarını görmüşdür. Zala daxil olarkən Zərərçəkmiş şəxs qohumu Alqayıt bir neçə dəfə çiyni ilə ona toxunmuş və o, sonuncuya ehtiyatlı olmasını bildirmişdir. Zalda səs-küy olduğundan həmin şəxs səhv başa düşüb, onu yumruqla sinəsindən vurub itələmişdir. Əsəbiləşib həmin şəxsə yumruqla cavab vermiş və aralarında dava-dalaş yaranmışdır. Vahab da davaya qoşulmuş və o, başından bir neçə zərbə almışdır. Zaldakı tanımadığı digər şəxslər onları ayırmışlar. Başında qəlpə yarası olduğundan aldığı zərbələr ona pis təsir göstərmiş, ruhi həyəcan keçirmiş və özünə gələ bilməmişdir. Odur ki, stolun üzərində olan dəmir aləti götürüb Zərərçəkmiş şəxs bir dəfə başından və bir dəfə də əlindən vurmuşdur. Dava zamanı araya girən Vahabgilin yanında olan Nurəddin adlı şəxs əlindəki kəsici alətlə onun ayağına zərbə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin döş qəfəsinin arxa hissəsindən bıçaqla vurmamış və həmin nahiyyəsinə xəsarət yetirməmişdir. Ona həmin xəsarətin kim tərəfindən yetirildiyini bilmir. Məhəmməd adlı göyərti satan tanışının onu vurduğunu ehtimal edir. Vahaba xəsarət yetirdiyi aləti hadisədən sonra xatırlamadığı yerdə tullamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə uşağını müalicə etdirməkdən ötrü ailəsi ilə birlikdə Astara rayonundan Bakı şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Müalicə ilə əlaqədar yoldaşı və uşağı xəstəxanada qalmışdır. O isə gecələmək üçün bacanağı Nurəddinin yaşadığı Zirə qəsəbəsində yerləşən fərdi evə getmişdir. 4 dekabr 2021-ci il tarixdə saat 21 radələrində əmisi Şahid1, əmisi oğlu Alqayıt Cəlilov və Nurəddinlə birlikdə Türkan qəsəbəsində yerləşən «Santafe» istirahət məkrəzinə getmişlər. Çay içib istirahət etdikdən sonra təxminən saat 23 radələrində evə getmək üçün ayağa durmuşlar. Həmin məclisdə o, içki içməmişdir. Bu zaman Təqsirləndirilən şəxs əmisi oğlu Alqayıtı sinəsindən itələyib, ona ehtiyyatlı davranmasını dediyini eşitmişdir. Belə başa düşmüşdür ki, Abbas Alqayıta toxunub və üstəlik ona irad da bildirir. Odur ki, mübahisəni sakitləşdirmək üçün araya girib Alqayıtı kənarlaşdırarkən Abbas sağ əli ilə açılıb-qatlanan bıçaq çıxardıb ona tərəf atmışdır. Bu zaman bıçaq onun başından dəyib xəsarət yetirmişdir. Bunu görən əmisi Samir onları aralayıb Abbasın sinəsindən yumruq zərbələri vuraraq kənara itələmiş, sonra isə onu çölə çıxartmışdır. Əmisi oğlu Alqayıt içəridə olduğundan sonuncunu çıxartmaq üçün geriyə, içəri qayıtmış, bu vaxt Abbas bıçaqla onun əlindən də xəsarət yetirmişdir. Həmin vaxt Abbasın yanında bir neçə nəfər şəxs olmuşdur. Həmin şəxslər əmisi Samiri və bacanağı Nurəddini kənarlaşdırmışlar. Abbasla üzbəüz dayanarkən sol çiyin nahiyyəsində istilik hiss etmiş və bıçaqlandığını başa düşmüşdür. Həmin vaxt Nurəddin onlara yaxınlaşıb Abbasa ayağından xəsarət yetirmişdir. Bundan sonra əmisi Samir DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. 8 dekabr 2021-ci il tarixdə xəstəxanadan buraxılmışdır. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. Kürəyindən xəsarət alarkən sonuncu ilə üzbəüz dayandığından, həmin xəsarəti ona kimin yetirdiyini bilmir. Hadisə zamanı əynində olan köynəyi çıxardıb yarasına tutmuş, sonra isə tullamışdır. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmışdır. Sonradan aralarında olan söhbət zamanı Abbas onu döş qəfəsinin arxa hissəsindən vurmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Astara rayonunda yaşayır. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. 4 dekabr 2021-ci il tarixdə işləri ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. İşlərini həll etdikdən sonra qardaşı oğlu Zərərçəkmiş şəxs, digər qardaşı oğlu Alqayıt Cəlilov və qohumu Şahid2la görüşmüşdür. Həmin gün saat 21 radələrində istirahət etmək üçün Xəzər rayonu Türkan qəsəbəsində yerləşən «Santafe» istirahət məkrəzinə getmişlər. Bir qədər çay içib söhbət etdikdən sonra saat 23 radələrində getmək üçün ayağa durmuşlar. Bu zaman Təqsirləndirilən şəxs Alqayıtı sinəsindən itələyərək ehtiyyatlı olmasını bildirmişdir. Bunu görən Vahab Alqayıtı kənara çəkmək üçün onlara yaxınlaşmışdır. Birdən Vahabın başından qan axdığını görmüşdür. Vahabı çölə çıxartmağa çalışarkən, Abbas ona yumruq atmışdır. Odur ki, əli ilə Abbasın sinəsindən itələmişdir. Vahab çöldə olarkən ona Alqayıtın içəridə olduğunu, birdən nəsə hadisə baş verə biləcəyini deyib, Alqayıtı içəridən çıxartmasını bildirmişdir. Həmin vaxt Abbas çölə çıxıb, Vahabın üzərinə cummuş və onlar əlbəyaxa olmuşlar. Onları ətrafdakı adamlar sakitləşdirib kənara çəkmişlər. Daha sonra Vahabın əlindən, başından, sol çiynindən bıçaq xəsarətləri aldığı məlum olmuşdur. Dərhal Alqayıtın telefonu ilə DİNnin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş və Vahabı xəstəxanaya aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs qarşı xuliqanlıq faktına görə onun və Nurəddinin barələrində cinayət işi istintaq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xəzər rayonu Zirə qəsəbəsində işləyir və yaşayır. 4 dekabr 2021-ci il tarixdə saat 21 radələrində bacanağı Vahab şəxsi işləri ilə əlaqədar Astara rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin gün o, Vahab, Vahabın əmisi Samir və Vahabın əmisi oğlu Alqayıtla birlikdə istirahət etmək üçün Xəzər rayonu Türkan qəsəbəsində yerləşən «Santafe» istirahət məkrəzinə getmişlər. Bir qədər oturub söhbət edib çay içdikdən sonra saat 23 radələrində ayağa durub getməyə hazırlaşmışlar. Bu zaman ara qarışmış və Vahabla Abbasın mübahisəsi düşmüş və Vahabın başından qan axmağa başlamışdır. O və digər şəxslər Vahabı sakitləşdirib çölə çıxartmışlar. Abbas onların dalınca çölə çıxıb Vahabın üzərinə getmiş və onlar yenidən əlbəyaxa olmuşlar. Ətrafdakı şəxslər onları aralamışlar. Vahab əlindən, başından və sol çiynindən bıçaq xəsarətləri almışdır. Vahabın əmisi Samir dərhal Alqayıtın telefonu ilə polisə zəng edib məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Sonra Vahabı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Mübahisə zamanı ara qarışdığından Vahabın xəsarət almasını dəqiq görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs qarşı xuliqanlıq faktına görə onun və Samirin barələrində cinayət işi istintaq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2017-ci ildən «Santafe» restoranında administrator işləyir. Restoranın binası 3 mərtəbəlidir, yuxarı mərtəbəsi otel kimi, aşağılar isə əyləncə mərkəzi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs restoranın müştərisi kimi tanımışdır. 4 dekabr 2021-ci il tarixdə restoranda baş vermiş hadisə zamanı öz otağında olmuşdur. Hadisə isə çöldə baş vermiş, bu səbəbdən hadisənin şahidi olmamışdır. Obyektdəki video müşahidə kamerasının görüntülərini otağındakı monitorda canlı izləyərkən müştərilərin bir yerə toplaşması onun diqqətini cəlb etmiş və çölə çıxmışdır. Mübahisə edənlər obyektdən çölə çıxdıqdan sonra geri qayıtmışdır. Polis əməkdaşları obyektə gəldikdən sonra Təqsirləndirilən şəxs və digər iki şəxs arasında bıçaqlanma baş verdiyini bilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs çiynindən xəsarət yetirmişdir. İşin 1-ci cildinin 172-175-ci vərəqlərindəki 16 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən 4 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Türkan qəsəbəsində «Santafe» istirahət mərkəzində Zərərçəkmiş şəxs stolun üstündən götürdüyü alətlə çiynindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. İşin 1-ci cildinin 71-72-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı təqsirləndirilən şəxs əlində olan alətlə zərərçəkmiş şəxsin çiyninə zərbə vurduğunu bildirmiş, zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsin sağ əlində olan bıçaqla onun sol çiyin hissəsinə zərbə vurduğunu təsdiq etmişdir. İşin 1-ci cildinin 138-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı təqsirləndirilən şəxs əlində olan alətlə zərərçəkmiş şəxsin çiyninə zərbə vurduğunu bildirmiş, şahid də təqsirləndirilən şəxsin əlində olan bıçaqla zərərçəkmiş şəxsin çiynindən xəsarət yetirdiyini bildirmişdir. İşin 1-ci cildinin 100-cü vərəqindəki «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, ibtidai istintaq zamanı hadisənin videogörüntülərini özündə əks etdirən bir ədəd diskə keçirilmiş baxış zamanı videofayllarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə cumaraq əlində olan alətlə sonuncunun kürək nahiyyəsinə vurduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı hadisənin videogörüntülərini özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı videofayllarda Təqsirləndirilən şəxs «Santafe» istirahət mərkəzində bir neçə şəxslə əlbəyaxa olduğu, daha sonra isə kafenin çölündə Zərərçəkmiş şəxs kürək nahiyəsinə əlində tutduğu bıçağa oxşar alətlə vurub xəsarət yetirdiyi məlum olmuşdur. İşin 1-ci cildinin 208-211-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizanın 21 dekabr 2021-ci il tarixli 1518 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-hemopnevmatoraksla nəticələnmiş döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, təpə nahiyəsinin 1 ədəd, sol əlin 2 ədəd kəsilmiş yaraları deşici-kəsici və kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)); sol əlin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X11» X13 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 4 dekabr 2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən hemopnevmatoraksla nəticələnmiş döş qəfəsinin arxa səthnin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; təpə nahiyəsinin 1 ədəd, sol əlin 2 ədəd kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; sağ dirsəyin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunun xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. İşin 2-cildinin 30-31-ci vərəqlərindəki məhkəmə ambulator psixatrik ekspertizanın 5 fevral 2022-ci il tarixli 278 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «üzvi şəxsiyyət pozuntusu» F 07.0 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (top mərmisi partlayışı nəticəsində kəllə-beyin travması alması, Y.Budaqov adına Naxçıvan MR X1 6 iyul 2007-ci il tarixdən «Doğuş travmasının qalığı. Psixi inkişafının geriliyi» diaqnozu ilə qeydiyyatda olması) və halhazırkı psixatrik nəticələri əlamətlər (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu qeyd edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu qərarda qeyd edilən əməli törədərkən o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimi təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 2-ci cildinin 34-44-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, hadisənin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 32-33-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 243-cü vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdəki Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmiş və ona dəymiş ziyan təqsirləndirilən şəxsin anası tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdəki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-228/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 4 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən «Santafe» istirahət mərkəzində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs sinəsindən yumruq zərbələri, Şahid2 isə silah qismində istifadə etdiyi əşya ilə sonuncunun sağ ayağına bir dəfə zərbə vurub sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid olan sağ baldırın kəsilmiş yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə xuliqanlıq etmiş, Şahid2 4 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən «Santafe» istirahət mərkəzində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi əşya ilə sağ ayağına bir dəfə zərbə vurub sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid olan sağ baldırın kəsilmiş yarası ilə nəticələnən bədən xəsarəti, Şahid1 isə sonuncunun sinəsindən yumruq zərbələri vuraraq xuliqanlıq etmişlər. Şahid1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şahid2 CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilməklə 2 il sınaq müddəti müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə Zərərçəkmiş şəxs baş və sol əl nahiyyəsinə xəsarətlər yetirdiyini etiraf etsə də, döş qəfəsinin arxa hissəsindən bıçaqla vurmadığını və həmin nahiyyəsinə xəsarət yetirmədiyini, sonuncuya həmin xəsarətin kim tərəfindən yetirildiyini bilmədiyini, Məhəmməd adlı göyərti satan tanışının vurduğunu ehtimal etdiyini bildirdi. Zərərçəkmiş şəxs da hadisə zamanı Abbasın ona cəmi iki xəsarət yetirdiyini, sonuncu ilə üzbəüz dayanarkən sol çiyin nahiyyəsində istilik hiss etdiyini və bıçaqlandığını başa düşdüyünü, çiyin nahiyyəsindən aldığı xəsarəti ona kimin yetirdiyini bilmədiyini göstərdi. Onların bu hissədə ifadələri təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri, maddi sübut, iş üzrə toplanmış protokollar və işin faktiki halları ilə təkzib olunur. Belə ki, işin məhkəmədə araşdırılmış hallarından görünür ki, təqsirləndirilən şəxs hadisə yerinə tək, zərərçəkmiş şəxs isə 3 nəfər qohumu ilə getmişdir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs və onun qohumları arasında baş vermiş münaqişəyə təqsirləndirilən şəxs tərəfindən müdaxilə edə biləcək heç kim olmamış və münaqişəyə onun tərəfdən heç kim qoşulmamışdır. Ətrafdakı şəxslər yalnız dalaşanları aralamağa çalışmışdır. İş materiallarında Məhəmməd adlı göyərti satan şəxsin şəxsiyyəti və hadisə yerində olmasını təsdiq edən heç bir sübut yoxdur. Odur ki, məhkəmə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrinin zərərçəkmiş şəxsin döş qəfəsinin arxa hissəsindən aldığı xəsarətin təqsirləndirilən şəxs tərəfindən yetirilməməsi barədə hissəsininə tənqidi yanaşır, sübut hesab etmir və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirmək xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanmış protokollar) sübutları isə mötəbər hesab edir. Bundan başqa hadisədən sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, sonuncunun anası tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Məhkəmə bu xüsusatı da, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsində maraqlı olmasına dəlalət edən amil kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə, təqsirləndirilən şəxsin top mərmisi partlayışı nəticəsində kəllə-beyin travması almasını, Y.Budaqov adına Naxçıvan MR X1 6 iyul 2007-ci il tarixdən «Doğuş travmasının qalığı. Psixi inkişafının geriliyi» diaqnozu ilə qeydiyyatda olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların məcmusunu müstəsna hal hesab edərək ona CM-in 126.2.4-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 7 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış hadisənin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 240 (iki yüz qırx) manat onun işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 126.2.4-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 7 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınmış hadisənin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 240 (iki yüz qırx) manat onun işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar