Məhkəmə qərarları › İş №1(101)-1040/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1040/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1040/2022 02.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Naxçıvan MR Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, fərdi evdə qeydiyyatda olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivi nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan boz rəngli cins şalvarın sağ cibindən 03 (üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,502 qram, 1,140 qram və 0,857 qram, ümumi təmiz çəkisi 3,499 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə Hövsan qəsəbəsində yaşayan Xalasıgilə qonaq getmişdir. Həmin gecə saat 03 –ə işləmiş uşaq su istəmişdir. Orada «Araz» marketin yanında «Kök» deyilən yer var səhərə kimi işəyir. Ona görədə uşaqlara su almaq üçün həmin yerə getdim. Küçə ilə gedərkən «BNW» markalı avtomaşın dayanmış, iki nəfər ona yaxınlaşmış və ondan kim olduğunu soruşduqda o, qonaq gəldiyini bildirmişdir. Həmin şəxslər ona avtomaşına əyləşməsini bildirmişlər. Onu avtomaşına əyləşdirib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. O özü narkotik vasitələrdən istifadə edəndir, saxlanılan vaxt onun üzərində 02-03 qram narkotik vasitə olub. Lakin onun üzərindən 3 qramdan yuxarı narkotik vasitə aşkar olunduğu yazılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 12.01.2022-ci il tarixdə Xətai rayonu Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən özü istifadə etmək üçün 03 ədəd bükümdə olan nakotik vasitə heroini 40 (qırx) manat ödəməklə almışdır. Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 12:30 radələrində Suraxanı rayonu. Hövsan qəsəbəsi Bağlar massivi nömrəsiz evin qarşısında olduğu zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim etdmişlər. Həmin vaxt ondan sənədlərini təqdim etməyi təklif etdikdə üzərində kakos kimi tanıdığı narkotik maddə olduğundan özünü itirmiş və həyacanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onu sorğu-sual etmişlər. Buna görə də polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər. Onlarla getməyə etiraz etməmiş və Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Polis Şöbəsində şəxsiyyətim müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub- olmaması barədə sual verilmişdir. O, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 03 ədəd bükümü təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilərək protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən İmzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Həmin aldığı narkotik maddəni kiməsə satmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 12 yanvar 2022-ci ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə polis leytenantı Şahid1la birlikdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 12:30 radələrində Hövsan qəsəbəsin Bağlar massivində nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin həmin şəxs özündə heç bir sənədi olmadığını bildirdikdə ona qarşı şübhələri bir qədər də artdığından onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmiş, baxış zamanı könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd siqaretin qızılı rəngli kağızında bükümləri çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, o həmin bükümlərdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Əhmədli metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Rasim Quluyevin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin təhqqiatçısı, polis kapitanı Vüqar İsizadə tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd qızılı rəngli siqaret cığalasında olan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik maddə heroin olduğunu bildirmiş və həmin bükümlər götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli 6/3474 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs aşkar olunmuş» sözləri olan zərfdəki, üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisləri 1,502 qr.,1.140 qr., 0,857 qr., ümumi təmiz çəkisi 3,499 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərinlən aşkar edilərək götürülmüş narkotik vasitə ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq 3,409 qram heroin saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 31.03.2022ci il tarixli, 1492 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə psixiatrik ekspertizasının 07.03.2022ci il tarixli, 593 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 3,499 qram olan narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq 3,409 qram heroin saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Əliyev X5 rayon məhkəməsinin 24.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə 4 il 6 ay müddətinə azadlıddan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.12.2016-ci il tarixli qərarı ilə cəzası 4 il 3 aya endirilmiş, 09.08.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 2 il keçdiyinə görə məhkumluğu ödənmiş hesab olunur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitə olmadığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyuluduğunu bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri ibtidai istintaq zamanı şəxsi istifadəsi üçün əldə etdiyini bildirsədə o, həmin narkotik vasitələrin ayrı-ayrı çəkib bükümlərə yerləşdirməsi onun həmin narkotik maddələri satış məqsədi ilə əldə eməsini göstərir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 3,409 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 81 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 3,409 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar