Məhkəmə qərarları › İş №1(101)-1041/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1041/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1041/2023 27.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, X7, Feyzi Günay qızının katibliyi katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 04 noyabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və s. əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında naməlum mənbədən və naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 18,744 qram çəkidə narkotik vasitə heroini, 73,653 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşımış və yaşadığı ünvanda saxlamış, 04 noyabr 2022-ci il tarixdə, saat 10:20-də ünvan 1 ünvanın yaxınlığında Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldıqdan sonra yaşadığı ünvan 1 ünvanında keçirilən baxış və götürmə zamanı evin həyətində olan əl damında ağ və göy rənglərdən ibarət karton qutunun içərisində 7 ədəd şəffaf sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 4,083 qram, 4,190 qram, 4,149 qram, 4,168 qram, 4,160 qram, 4,166 qram, 4,089 qram, 01 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 1,869 qram və 01 (bir) ədəd göy və qırmızı rənglərdən ibarət polietilen torbada təmiz çəkisi 42,779 qram olmaqla ümumi təmiz çəkisi 73,653 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd üzərinə «Winston» yazılmış siqaret qutusunun içərisində 7 (yeddi) ədəd sarı rəngli sellofan bükümdə, ümumilikdə 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,721 qram, 0,705 qram, 0,694 qram, 0,410 qram, 0,380 qram, 0,373 qram, 0,303 qram və 15,158 qram olmaqla ümumi təmiz çəkisi 18,744 qram külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 1 (bir) ədəd üzərinə «LD» yazılmış siqaret qutusunun içərisində 1(bir) ədəd kiçik ölçülü polietilen paketdə təmiz çəkisi 0,815 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd ağ və göy rənglərdən ibarət qutunun içərisində səthində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs oğluna münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 18,744 qram külli miqdarda narkotik vasitə heroini, 73,653 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, tutulmazdan 20-25 gün əvvəl «Uber» şirkətində taksi sürücüsü kimi işləmişdim. Xəstəlikdən müalicə almaq üçün bir müddət işdən aralanmışdır. O, narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Hadisə günü, yəni noyabr ayının 04-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, ev 2-də evində hamamda olarkən təxminən səhər saat 9-a işləmiş və ya 9-a qalmış 12 nəfər polis yaşadığı evə girmişlər. Həmin vaxt o, evdə tək olmuş, evlərinin qapısı həmişə açıq olmuş, yalnız axşamlar bağlanmışdır. 40-50 dəqiqə əvvəl uşaq və anası evdən çıxmış, uşaq məktəbə, anaları isə işə getmişdir. Polislər evdə ona həddən artıq çox fiziki zor tətbiq etmiş, onu hardangəldi vurmuş, yataq çarpayısında onun üzərindən o tərəf - bu tərəfə keçmiş və onu götürüb 7-ci PB-nə aparmışlar. Evdən çıxarkən onun telefonunu da özləri ilə götürmüşlər. Həmin vaxt onun evində kirayənişin yaşayan şəxslər – ana və oğlu da evdə olmuş və onun aparıldığını görmüşlər. Onlar 1 il yarım, 2 il ərzində onun evində 150 manata kirayədə yaşamış, iki otaq onlarda, iki otaq isə özlərində olmuşdur. Kirayənişin qadının adını və familiyasını bilməsə də oğlunun adının Orxan olmasından xəbərdardır. O, polis əməkdaşları tərəfindən aparılarkən qonşular hamısı çöldə olmuş, onun qanı axa-axa hansı qaydada aparıldığını görmüşlər. Bölmədə onun üzərinə axtarış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Onun boynuna narkotik qoymaq istəmiş, boynuna almağı tələb etmişlər. O, boynuna götürməyəcəyini bildirdikdə, təkrarən döyülmüş, başına olmazın oyun açılmış, boynuna götürməyəcəyi təqdirdə, həyat yoldaşını da ona şərik qoşaçaqları ilə hədələmişlər. Ona görə də o, məcbur olub evində saxladığı naroktiki onlara verə biləcəyini demiş, əlavə olaraq dedikləri miqdarda narkotik vasitəni boynuna götürmüşdür. Belə ki, o, tutulmazdan təqribən 20-25 gün əvvəl taksi kimi fəaliyyət göstərərkən tanımadığı bir şəxsi Yeni Yasamaldan götürmüş, «Bəy hamamı»nın yanında düşürmüşdür. Müştəri ona iki dəqiqəlik evə qalxıb qayıdacağını desə də, getdikdən sonra qayıtmamışdır. O, müştərini təqribən 20 dəqiqə yerdə gözləmiş, lakin gəlmədiyini görüb maşina oturduqda onun əşyasının maşında qaldığını görmüşdür. Əşya kulokda olmuş, açıb baxdıqda, kulokun içərisində də bir karobka və iç-içə sellofanlarda nəşə olduğunu görmüşdür. Bağlamada tərəzi olmamışdır. O, nəşəni televizordan tanımış, aşkar olunan həmin nəşənin miqdarını bilməmişdir. O, müştəriyə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Lakin 20-25 gün ərzində nəşə barədə heç bir yerə müraciət etməmiş, nəşənin sahibi onun nömrəsini bildiyindən qorxmuş, narkoman ola biləcəyindən və onu izliyib ailə-uşağına nəsə edə biləcəyindən ehtiyyat etmişdir. Həmçinin əşyanın qiymətli bir şey ola biləcəyini fikirləşib, sahibinin gələcəyi halda, onunla problem yaranmasını istəməmiş, gəldiyi təqdirdə həmin narkotiki onun özünə qaytaracağını planlaşdırmışdır. O, həmin narkotik vasitəni evinin tavanında gizlətmişdir. Lakin polislər bundan başqa onun boynuna başqa narkotiklər də qomuş və onların hamısının ona aid olduğunu boynuna götürməyi tələb etmişlər. Onun qarşısına müəyyən şərtlər qoyulduğundan və döyüləcəyindən ehtiyyat edərək məcbur olub boynuna almışdır. Çəkiliş edilməsi üçün təzədən onun yaşadığı evə gedilmişdir. O, ikinci dəfə evinə gedən zaman günorta vaxtları olmuş, qaynatası, həyat yoldaşı və oğlu evdə olmuşlar. Öz evində necə lazımdır, ona qarşı elə hörmətsizlik edilmiş, təhqirlərə məruz qalmışdır. Ona, sanki əvvəlcədən narkotikin yerini bilirmişlər kimi «yuxarını aç, orada narkotik vasitə var, onu götürək çıxıb gedək» demişlər. Çəkilişdə narkotiki gizlətdiyi karobkanı göstərib narkotik vasitənin onun maşınında qaldığını, həmin narkotik vasitənin müştərinin olduğunu, müştəriyə zəng etdiyini, lakin nömrəsinə zəng çatmadığını bildirmişdir. İttihamda göstərilən başqa narkotiklər, tərəzi ona aid olmamış, həmin narkotiklər polis tərəfindən onun boynuna qoyulmuş, çəkilişdən əvvəl onda olan nəşənin yanına yerləşdirilmişdir. Evindən götürülmüış və məcburiyyət qarşısında ağ kağıza qol çəkmişdir. Bir gün bölmədə qalmış, növbəti gün müvəqqəti saxlama məntəqəsində aparılmış və 48 saat orada saxlanılmışdır. MSY-də olarkən ora müstəntiq gəlmiş, o, yenə də sənədlərə qol çəkməmişdir. Ona görə də onu təzədən bölməyə aparmış, orada «buna xeyri yoxdur, gedin yoldaşını gətirin» deməklə onu yenə də hədələmişlər. Bundan sonra o, razılaşıb ağ kağızlara qol çəkmişdir. 07 noyabr tarixdə o, yenidən MSY-nə, oradan da sanksiya üçün məhkəməyə aparılmışdır. 04 noyabr tarixdə tutulub 07 noyabr tarixdə məhkəməyə aparılması ilə əlaqədar hakim onlara töhmət verəcəyini bildirmiş, orada iştirak edən prokurorun köməkçisi, müstəntiq və vəkil hakimə heç biri cavab verə bilməmişlər. Lakin buna baxmayaraq hakim ona 04 ay həbslə bağlı sanksiya vermişdir. 6 noyabr tarixdə o, həbsdən azad edilməmiş, saxlanıldığı yerdən evinə buraxılmamışdır. O, sanksiyaya çıxmazdan əvvəl prokuror onu qəbul etməmişdir. Lakin o, sanksiya verən hakimə ona işgəncə verildiyini, polisin onu döydüyünü bildirmiş, narkotik vasitənin ona məxsus olmadığını demiş, necə olmuşsa, elə də danışmışdır. Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra tibbi yoxlama aparılmış, onun bədən xəsarətləri aşkar edilmiş və xəstəlik tarixcəsinə qeyd olunmuşdur. Onun bütün bədəni göyərmiş, sol gözü qanla tamamilə örtülmüş, qulağı şişmiş vəziyyətdə olmuş və elə bil barmaqları qırılmışdır. Bədən xəsarəti alması ilə əlaqədar araşdırma aparan prokurorluq əməkdaşı Təcridxanaya onun yanına gəlmiş, onunla şifahi söhbət aparmış, o, prokurorluğun əməkdaşına hər şeyi olduğu kimi danışmışdır. Prokurorluq əməkdaşı ondan polislərdən şikayətinin olub-olmadığını soruşduqda o, “heç nə bilmirəm” cavabını vermişdir. Bundan sonra prokurorluq əməkdaşı onun izahatını özü bildiyi kimi yazmış və ona imzalatdırmışdır. Həmin izahatı doğru deyildir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, ona fiziki zor tətbiq edənlərdən biri sahə müvəkkili olmuş, digərlərinin adlarını o, bilməmişdir. O, narkotik vasitələrdən istifadə etməmiş və bu barədə də ifadəsində göstərməmişdir. O, ağ kağıza oxumadan qol çəkmiş, ifadəsinin məzmunundan xəbərim olmamışdır. Şahid - Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət axtarış (CA) üzrə əməliyyət müvəkkili Şahid2 dindirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Şahid2 münasibətdə göstərdi ki, Şahid2 ona qarşı həm təzyiq göstərmiş, nəlayiq sözlər işlətmiş, evdə olarkən həm də döymüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, 04 noyabr 2022-ci il tarixdə, saat təxminən 10:20 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ 7-ci PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, üzərində hər hansı əşya olmadığını bildirmişdi. Bundan sonra üzərinə baxış keçirilmiş və üzərindən qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı əşya müəyyən edilməmişdir. Bundan sonra o, narkotik maddə istifadə etdiyini bildirmiş və ona görə də yaşadığı evin həyətində yerləşən əl damında narkotik maddə olduğunu demişdir. Onun razılığı ilə yaşadığı evə baxış keçirilməsinə icazə vermiş və həmin narkotik madəni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, yaşadığı evə baxış zamanı evin həyətində olan əl damına da baxış keçirilmiş və baxış nəticəsində əl damında olan ağ və göy rənglərdə karton qutuların içərisində 7 ədəd şəffaf selofan bükümdə, bir ədəd ağ kağız bükümdə, bir ədəd göy və qırmızı rənglərdən ibarət selofanda ot halında olan maddə, bir bükümdə sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə, bir ədəd üzərinə LD-yazılmış siqaret qutusunun içərisində şəffaf selofanda ağ rəngli kristal halında olan maddə, bir ədəd üzərinə «Vinston» yazılmış siqaret qutusunun içərisində 7 ədəd sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd ağ və göy rənglərdən ibarət qutunun içərisində gümüşü rəngli elektron tərəzi olması müəyyən edilmişdir. O, həmin qutunu və içərisində olan maddələri təxminən 2 ay əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman idarə etdiyi nömrəsini xatırlamadığı maşından tapmış və həmin narkotikdən istifadə etdiyi üçün yaşadığı evin əl damında saxlamışdır (iş vərəqə: 74-76). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyət müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, gəzdirməsi və saxlaması barədə 7-ci PBnin sahə müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Barəsində məlumat daxil olmuş şəxsin anket məlumatları aydınlaşdırılmış, daxil olmuş məlumatın yoxlanılması üçün rəhbərliyə məruzə olunmuş, əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün 04 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş və elə həmin gün 7-ci PB-nin rəisi tərəfindən təsdiq edilmiş, Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. O, və Şahid1 birlikdə 04 noyabr 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Təqsirləndirilən şəxs M.Ə.Rəsulzadə qəsəbəsində, yaşadığı evin yaxınlığında görmüş, müşahidə apardıqdan sonr ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 7-ci PB-nə aparmış, bu barədə raportla müraciət etmiş və Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı Rəşad Bayramova həvalə edilmişdir. X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş aparması üçün mütəxəssis və müdafiəçi dəvət edilmişdir. Təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində və ya əşyalarında narkotik vasitələr və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyaları olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində tələb olunan heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs paltarının cibləri, daha sonra ayaqqabısının içərisi axtarılmış, lakin qanunla qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl narkotik maddələrdən istifadə etməyə başladığını, ona görə də yaşadığı ünvanda əl damında öz istifadəsi üçün narkotik vasitə saxladığını bildirmiş və saxladığı həmin narkotik maddənin yerini göstərə biləcəyini və təqdim edə biləcəyini bildirmişdir. Ona görə də onlar baxış keçirilməsi üçün təhqiqatçının rəhbərliyi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, orada təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı qanunla qadağan edilmiş narkotik maddələri könüllü surətdə təqdm etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində olan əl damında ağ və göy rənglərdən ibarət karton qutunun içərisində narkotik maddələr olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi əl damına baxış keçirilmiş, Elyarın dediyi ağ və göy rənglərdə olan karton qutu müəyyən edilmiş və içərisinə baxış keçirilərkən həmin qutunun içərisində 7 ədəd şəffaf selofan bükümdə, bir ədəd ağ kağız bükümdə, bir ədəd göy və qırmızı rənglərdən ibarət selofanda ot halında olan maddə, bir bükümdə sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə, bir ədəd üzərinə «LD» yazılmış siqaret qutusunun içərisində şəffaf selofanda ağ rəngli kristal halında olan maddə, bir ədəd üzərində «Vinston» yazılmış siqaret qutusunun içərisindən 7 ədəd sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd ağ və göy rənglərdən ibarət qutunun içərisində gümüşü rəngli elektron tərəzi apşkar edilmişdir. Təqsirləndirilən şəxs qutunun içərisində aşkar olunan maddələri təxminən 2 ay əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman idarə etdiyi, lakin nömrəsini xatırlamadığı maşından tapmışdır. Yekunda aşkar olunmuş bükülülər, qutular və tərəzi zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, istər onun özü və ya istərsə də digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada zor göstərilməmiş, ona hər hansı xəsarət yetirilməmişdir. Bu barədə rayon prokurorluğunda da araşdırma aparılmış və onun izahatı alınmış, lakin fakt təsdiq olunmamışdır. Bundan başqa, iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin digər əməkdaşı - sahə müvəkkili Şahid1 məhkəmədə şahid qismində dindirlmiş həmkarı – əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zor tətbiq olunmamış, ona xəsarət yetirilməmiş və qeyri-insani rəftara məruz qoyulmamışdır. Məhkəmədə şahid qismində dindirilən sahə inspektoru Şahid1, həmçinin ifadəsində göstəçdi ki, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmuş, vəzifə borcu olduğundan daxil olmuş məlumat barədə PB-nin rəhbərliyinə məlumat vermiş, lakin əməliyyat məlumatının sənədləşdirilməsinin kim tərəfindən və necə aparılmasından məlumatsız olmuş, əməliyyat tədbirinə neçə nəfər polis əməkdaşının qoşulmasından xəbərsiz olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə dindirilmiş əlavə şahid X5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla qonşuluqda yaşamaqdadır. Hadisə günü həyətlərində olarkən küçə tərəfdən gələn səs-küyə məhəlləyə çıxmış və qonşu Elyarın qolundan tutub maşına basıldığını görmüşdür. Elyarı aparanların polislər olduqlarını öyrənmişdir. O, yaxınlaşıb polis əməkdaşlarına Elyarın həyat yoldaşının işdə olduğunu, onu aparacaqları təqdirdə uşaqlarının evdə tək qalacaqlarını demiş, axşam həyat yoldaşı gəldikdən sonra Elyarı aparmalarını xahiş etmişdir. Həmin vaxt polis əməkdaşları ona susmağı məsləhət görmüşlər. Elyar aparılarkən onun üzünə baxmamış, onun üzündə qan olub-olmamasına fikir verməmişdir. Daha sonra məhkəmə baxışı zamanı yenə də müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə dindirilmiş əlavə şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşudurlar. Hadisə günü küçədə olarkən çoxlu polis əməkdaşının Elyargilə girdiyini, daha sonra Elyarı qışqırda-qışqırda, döyə-döyə evdən çıxardıqlarını, Elyarın üz-gözündən qan axa-axa onu həmin vəziyyətdə maşına salıb apardıqlarını görmüşdür. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 noyabr 2022-ci il tarixli prokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi sonuncuya təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, sənəd və dəlil olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin iş üçün əhəmiyyətli ola biləcək hər hansı əşya aşkar olunmamışdır. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışdan sonra bildirmişdir ki, o, narkotik maddə istifadə edir və ona görə də onun yaşadığı ünvanda əl damında öz istifadəsi üçün narkotik vasitə saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı həmin narkotik maddənin yerini göstərə biləcəyini və təqdim edə biləcəyini bildirilmişdir (iş vərəqə: 30-31). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Ünvana baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən narkotik maddə istifadə etəmsini, buna görə də özünün yaşadığı ünvanda əl damında şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını və həmin narkotik vasitənin yerini göstərib könüllü təqdim edə biləcəyini bildirməsi ilə əlaqədar X9 baxış iştirakçıları ilə birlikdə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana getmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün istiqamətləndirməsi əsasında protokol iştirakçıları sonuncu ilə birlikdə evin göy rəngli darvazasından həyətə girmiş, təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı qanunla qadağan edilmiş narkotik maddələri könüllü surətdə təhvil verməsini təklif etmişdir. Proses iştirakçıları Təqsirləndirilən şəxs istiqamətləndirməsi ilə həyətdə olan göy rəngli pilləkanlarla ikinci mərtəbəyə qalxmış və orada olan təmirsiz taxta qapılı təsərüffat alətləri və məişət əşyaları yığılan dama baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində ağ və göy rənglər olan karton qutunun içərisində narkotik maddələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd etdiyi evin həyətində olan əl damına baxış keçirilən zaman üzərində ağ və göy rənglər olan karton qutunun içərisinə baxış keçirilərkən həmin qutunun içərisində 07 ədəd şəffaf selofan bükümdə, bir ədəd ağ kağız bükümdə, bir ədəd göy və qırmızı rənglərdən ibarət selofanda ot halında olan maddə, bir bükümdə sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə, bir ədəd üzərinə «LD» yazılmış siqaret qutusunun içərisində şəffaf selofanda ağ rəngli kristal halında maddə, bir ədəd «Vinston» markalı siqaret qutusunun içərisindən 07 ədəd sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd gümüşü rəngli elektron tərəzi olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş bükülülər, qutular və tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəyə şübhəli maddələrlə bağlı bildirmişdir ki, həmin qutunu və içərisində olan maddələri təxminən 2 ay əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman idarə etdiyi, lakin nömrəsini xatırlamadığı maşından tapmışdır (iş vərəqə: 35-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması, həmçinin sonuncunun yaşadığı ünvana baxış keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə iki ədəd fayl mövcuddur. Tədqiq olunan İ fayldan görünür ki, protokol tərtib olunan 04 noyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Rəşad Bayramovun xidməti otağında bölmənin sahə müvəkkili, baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid1, CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, sənəd və dəlil olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin iş üçün əhəmiyyətli ola biləcək hər hansı əşya aşkar olunmamışdır. Tədqiq olunan İ fayldan, həmçinin görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsi axtarışın davamında narkotik maddədən istifadə etdiyini və ona görə də yaşadığı ünvanda əl damında öz istifadəsi üçün narkotik vasitə saxladığını bildirmiş, yaşadığı evdə saxladığı həmin narkotik maddənin yerini göstərə biləcəyini və təqdim edə biləcəyini bildirmişdir. Daha sonra məhkəmə baxışı zamanı videodiskdə müəyyən olunan və tədqiq olunan İİ fayldan görünür ki, X9 protokol iştirakçıları ilə birlikdə baxış keçirilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana getmişdir. Tədqiq olunan protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün istiqamətləndirməsi əsasında protokol iştirakçıları sonuncu ilə birlikdə evin göy rəngli darvazasından həyətə girmiş, təhqiqatçı təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı qanunla qadağan edilmiş narkotik maddələri könüllü surətdə təhvil verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs ünvana baxış keçirilməsi haqqında protokolda qeyd olunduğu kimi, evin həyətində olan əl damına baxış keçirilən zaman üzərində ağ və göy rənglər olan karton qutunun içərisinə baxış keçirilərkən həmin qutunun içərisində 07 ədəd şəffaf selofan bükümdə, bir ədəd ağ kağız bükümdə, bir ədəd göy və qırmızı rənglərdən ibarət selofanda ot halında olan maddələri, bir bükümdə sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddəni, bir ədəd üzərinə «LD» yazılmış siqaret qutusunun içərisində şəffaf selofanda ağ rəngli kristal halında maddəni, bir ədəd «Vinston» markalı siqaret qutusunun içərisindən 07 ədəd sarı rəngli selofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmiş, aşkar olunmuş bükülülər, qutular və tərəzi ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəyə şübhəli maddələrlə bağlı bildirmişdir ki, həmin qutunu və içərisində olan maddələri təxminən 2 ay əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman idarə etdiyi, lakin nömrəsini xatırlamadığı maşından tapdığını bildirmişdir (iş vərəqə: 86-87). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvan 3-də yerləşən evə baxış keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə yerləşdirilmiş videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair və baxış keçirmə və götürmə haqqında 04 noyabr 2022-ci il tarixli protokolların, o cümlədən diskə baxış keçirilməsi haqqında eyni tarixli protokolların məzmununa uyğundur (iş materialları). Bundan başqa, məhkəmə baxışı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6/6412 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Osmanov...” sözləri olan zərfdəki 1 №-li zərfdəki 8 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,721 qr., 0,705 qr., 0,694 qr., 0,410 qr., 0,380 qr., 0,373 qr., 0,303 qr., 15,158 qr., ümumi təmiz çəkisi 18,744 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd kiçik ölçülü polietilen paketdə təmiz çəkisi 0,815 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatından sonra 18,644 qram çəkidə narkotik vasitə heroin və 0,715 qram çəkidə psixotrop maddə metamfetamin qalıq qalmışdır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim olunan 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (iş vərəqə: 43-49). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 7/1278 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Osmanov...” yazısı və imzalar olan kağız paketdəki 07 (yeddi) ədəd sellofan bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri: 4,083 qr., 4,190 qr., 4,149 qr., 4,168 qr., 4,160 qr., 4,166 qr., 4,089 qr., 01 (bir) kağız bükümdə təmiz çəkisi -1,869 qr. və 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi - 42,779 qr. olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi təmiz çəkisi-73,653 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, tədqiqat üçün təqdim edilmiş marixuanalar tərklərinə görə eynidirlər. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatından sonra 73,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qalıq qalmışdır (iş vərəqə: 50- 54). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli, 625 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi müəyyən edilməmiş, onun narkomaniyadan əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmiş, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: 143-144). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə psixiatrik ekspertizasının 13 fevral 2023-cü il tarixli, 395 №-li rəyindən görünür ki, tədqiqat nəticəsində Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, lakin onda xasiyyətin psixopatik cizgiləri aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməl törədilərkən hər hansı psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: 145-147). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «maddi sübut kimi tanıma barədə» 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 18,744 qram olan və ekspertiza tədqiqatından sonra qalan qalmış 18,644 qram çəkidə narkotik vasitə heroin, ümumi təmiz çəkisi 73,653 qram olan və ekspertiza tədqiqatından sonra qalan qalmış 73,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 0,815 qram olan və ekspertiza tədqiqatından sonra qalan qalmış 0,715 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına verilmişdir. Tədqiq olunan qərardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvan 3-də yerləşən evə baxış keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmaqdadır (iş vərəqə: 148-149). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işindən onun küllü miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 166-167, 168-169). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18,744 qram çəkidə narkotik vasitə heroini, 73,653 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutların təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın müsbət qiymətləndirilməsi üçün kifayət etmədiyini, məhkəməyədək icraat mərhələsində müəyyən olunan halların məhkəmədə tədqiq etdilən sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu ilə və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə ilkin, bünövrə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun hüquqları kobud surətdə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmaqla Təqsirləndirilən şəxs döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qoyulmaqla xəsarətləndirilmiş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan ifadələr verilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamı qəbul etməmiş, ifadələrində özünü təqsir bilməyərək narkotik vasitələrdən itifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, çoxsaylı polis əməkdaşqları tərəfindən evinin içərisində saxlanıldığını, evinin içərisində döyüldüyünü, işgəncələrə məruz qaldığını, qanı axa-axa qonşuların gözü qarşısında Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparıldığını, üzərində axtarış aparılsa da, heç bir növdən olan narkotik vasitə aşkar edilmədiyini, ona qarşı tətbiq olunan fiziki zor, işgəncə və ailə üzvləri ilə bağlı hədələr nəticəsində evində saxladığı qeyrisinə məxsus marixuana narkotik vasitəsini boynuna götürmək məcburiyyətində qaldığını, yaşadığı evdən aşkar olunmuş digər narkotik vasitə və psixotrop maddələrin, elektron tərəzinin polis tərəfindən qanunsuz olaraq onun evinə yerləşdirildiyini, etirafedici ifadələr verməyə məcbur edildiyini göstərmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəməyədək icraat mərhələsində, həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə saxlanıldıqdan sonra Binəqədi RPİ-nin 7-ci X13 Osmanovun üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış nəticəsində onun üzərindən iş üçün əhəmiyyətli ola biləcək hər hansı predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə baxışı zamanı məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan 3 gün sonra, 07 noyabr 2022-ci il tarixdə Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olmuş, o, 08 noyabr 2022-ci il tarixdə ilkin tibbi müayinədən keçirilmiş və obyektiv müayinə zamanı onun bədən səthində sağ saidin ön səthinin aşağı 1/3-də, sağ körpücük nahiyyəsində, sol gözətrafında sarımtıl qançır, sağ bazunun bayır səthində bönövşəyi qançır, boynun arxa səthində üzəri qərtməkli yara kimi bədən xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs tibbi müayinə zamanı qeyd olunan bədən xəsarətlərini həbs olunarkən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bədən səthində müəyyən olunan xəsarətlərlə bağlı Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən araşdırma aparılması məqsədilə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna məlumat verilmiş, məlumatla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bədən səthində müəyyən olunan xəsarətlərlə bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən aparılan araşdırma materialı götürülmüş və tədqiq edilmişdir. Faktla bağlı araşdırma aparılarkən Təqsirləndirilən şəxs, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 izahatları alınmış, iş üzrə məhkəmə-tibb ekspertizası keçirilmiş və araşdırma nəticəsində Təqsirləndirilən şəxs işgəncəyə, qəddar, qyeri-insani, ləyaqəti alçaldan rəftara məruz qalmadığı, toplanmış materiallar üzrə cinayət hadisəsinin müəyyən edilmədiyi qənaətinə gəlinməklə Binəqədi rayon prokurorluğunun 11 dekabr 2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs Binəqədi rayon prokurorluğu tərəfindən alınmış izahatı məhkəmə baxışı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, sonuncu həmin izahatında bədən səthində aşkar olunan xəsarətlərin dəqiq xatırlamadığı tarixdə polis tərəfindən saxlanılmazdan əvvəl adını çəkmək istəmədiyi şəxs tərəfindən yetirildiyini, polis əməkdaşı tərəfindən ona zor tətbiq olunmadığını bildirmiş, xəsarətlərinin ciddi olmadığını və heç kəsdən şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan izahatına aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsində araşdırma aparan prokurorluq əməkdaşının onunla şifahi söhbət apardığını, o, prokurorluğun əməkdaşına hər şeyi olduğu kimi danışdığını, prokurorluq əməkdaşının “indi polislərdən şikayətin varmı?” sualına “heç nə bilmirəm” cavabını verdikdə izahatını prokurorluq əməkdaşının özünün bildiyi kimi yazdığını və ona imzalatdırdığını bildirmiş, həmin izahatın doğru olmadığını göstərmişdir. Tədqiq olunan həmin materiallardan görünür ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin CA xətti üzrə əməliyyat müvəkkili Şahid2 Binəqədi rayon prokurorluğuna verdiyi izahatında Təqsirləndirilən şəxs küçədə saxlanıldığı, sonuncunun yaşadığı ünvandan narkotik vasitələr aşkar edilib götürüldüyünü təsdiq etmiş, Təqsirləndirilən şəxs qarşı özü və digər polis əməkdaşları tərəfindən hər hansı formada fiziki zor tətbiq etmədiyini, o, saxlanılarkən sol gözətrafı nahiyyəsində cüzi xəsarət izlərinin hiss olunduğunu göstərmişdir. Lakin əməliyyat müvəkkili Şahid2 nə məhkəməyədək icraat mərhələsində, nə də məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs saxlayarkən onun bədəninin hər hansı hissəsində xəsarət və ya xəsarət izlərinin olması barədə heç bir ifadə etməmişdir. Binəqədi rayon prokurorluğu tərəfindən aparılmış araşdırma materiallarında olan, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 2493 saylı rəyindən görünür ki, həmin ekspertiza Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında ilkin tibbi müayinə sənədləri əsasında aparılmış, tərtib olunan rəydə tibbi sənədlərdə “Təqsirləndirilən şəxs bədən səthində sağ saidin ön səthinin aşağı 1/3-də, sağ körpücük nahiyyəsində, sol gözətrafında sarımtıl qançır, sağ bazunun bayır səthində bönövşəyi qançır” diaqnozu qoyulduğu qeyd olunmuş, həmin xəsarətlərin bərk küt əşyaların təsirindən əmələ gəldiyi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikləri üçün dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Tədqiq olunan tibbi rəydən görünür ki, qeyd olunan rəydə ekspertlər Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ saidin ön səthinin aşağı 1/3-də, sağ körpücük nahiyyəsində, sol gözətrafında sarımtıl qançır kimi xəsarətlərin Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında 08 noyabr 2022-ci il tarixdə ilkin tibbi müayinəsindən 9 gün, sağ bazunun bayır səthində bönövşəyi qançır xəsarətinin isə onun ilkin tibbi müayinəsindən 3- 4 gün əvvəl əmələ gəlməsinin mümkünlüyü qeyd olunmuşdur. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, qeyd olunan məhkəmə-tibb ekspertizası təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında 08 noyabr 2022-ci il tarixdə ilkin tibbi müayinəsindən 22 gün sonra, 30 noyabr 2022-ci il tarixdə, ekspertiza təyin etmək barədə qərardan da göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında ilkin tibbi müayinəsinə dair sənədlər əsasında aparılmış və araşdırıcı tərəfindən obyektiv müayinə üçün Təqsirləndirilən şəxs özü məhkəmə-tibbi ekspertizasına təqdim edilməmiş və Təqsirləndirilən şəxs üzərində obyektiv ekspert müayinəsi aparmamışlar. Məhkəmə-tibb ekspertizasının tədqiq olunan 30 noyabr 2022-ci il tarixli, 2493 saylı həmin rəyindən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən olunan xəsarətlər insan bədəninin hissələri (əl, yumruq, təipik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvan 3-də yerləşən evə baxış keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə yerləşdirilmiş videogörüntülərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılan gün onun sol gözətrafında yeni qansızmalı xəsarətin olduğu, lakin həmin xəsarətin hələ sarımtıl qançır halına gəlmədiyi açıq-aşkar görünür. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə dindirilmiş əlavə şahidlər X5 və X3 Təqsirləndirilən şəxsla qonşu olduqlarını təsdiq etmiş, Sədəf Mirzəliyeva ifadəsində səsə-küyə küçəyə çıxdığını və qonşu Elyarın qolundan tutub maşına basdıqlarını gördüyünü, Xazangül Rüstəmova isə küçədə olarkən çoxlu polis əməkdaşının Elyargilə girdiyini, daha sonra Elyarı qışqırda-qışqırda, döyə-döyə evdən çıxardıqlarını, Elyarın üz-gözündən qan axa-axa onu həmin vəziyyətdə maşına salıb apardıqlarını gördüyünü göstərmişlər. Qeyd olunan bu fakt Təqsirləndirilən şəxs həm də, 04 noyabr 2022-ci il tarixdə, saat 10:20-də Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında iki nəfər polis əməkdaşı tərfindən deyil, məhz Təqsirləndirilən şəxs yaşadığı evin içərisində bir çox polis əməkdaşı tərfindən ona qarşı zor tətbiq edilməklə saxlanıldığını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən onun bədəni üzərində müxtəlif xəsarətlər aşkar edilməsi və s. xüsusatlarla bağlı məhkəmə baxışı zamanı dindirilmiş hər iki polis əməkdaşı - Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru Şahid1 və əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə, saat 10-11 radələrində onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 6, döngə 1-də yerləşən 2 nömrəli evin daxilində saxladıqlarını, Təqsirləndirilən şəxs saxlanılmsı prosesində ikidən artıq polis əməkdaşının iştirak etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs qarşı yaşadığı evin içərisində və Polis Bölməsində zor tətbiq etmələrini inkar etmişlər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 04.Xİ.2022-ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə eyni tarixli protokoldan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Bundan sonra cinayət işində ibtidai istintaqın sonunadək təqsirləndirilən şəxsin müdafiəçisi qismində X4 iştirak etdiyi qeyd edilmişdir. Cinayət işinin zəruri materialları tədqiq olunarkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə, saat 11:05-də şübhəli şəxs qismində saxlanılması barədə həmin gün, saat 11:05dən 11:25-dək tərtib olunmuş protokolla o və müdafiəçisi X8 elə həmin tarixdə imzalamaqla tanış olmuş, həmçinin müdafiəçinin təyin olunması ilə bağlı 04 noyabr 2022ci il tarixdə tərtib edilmiş digər sənədlərdə müdafiəçi X4 imzaları olmuşdur. Lakin bu hissədə tədqiq olunan sənədlərdən görünür ki, şübhəli şəxsin üzərində 35 dəqiqə sonra axtarış keçirilmiş və bu zaman müdafiəçi, «şəxsi axtarış və götürmə aparılması» haqqında qərarla tanış olsa da, həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. İşə əlavə edilmiş ərizəyə görə, Təqsirləndirilən şəxs özü müdafiəçinin iştirakı olmadan üzhərində şəxsi axtarış aparılmasını xahiş etmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs qeyd olunan ərizəsi və hətta «şəxsi axtarış və götürmə aparılması haqqında» protlkolla tanış belə, olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 04 noyabr 2022-ci il tarixdə, saat 11:55-də tərtib olunan protokoldan görünür ki, həmin protokol əsasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə müdafiəçi X8 məlumatlandırılmış, lakin sonuncu təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə prosesində iştirak etmək arzusunun olamadığını bildirmişdir. Bundan başqa, tədqiq olunan iş materialları ilə müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesindən sonra elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə qərar qəbul edilmiş və «ünvana baxış keçirilməsi və götürmə haqqında» 04 noyabr 2022-ci il tarixli protokola əsasən sonuncunun yaşadığı ünvana saat 12:40-dan 13:00-dək baxış keçirilmiş və bu zaman da müdafiəçi qeyd olunan istintaq hərəkətinin keçirilməsində iştirak etməmişdir. İşə əlavə edilmiş ərizəyə görə, Təqsirləndirilən şəxs özü müdafiəçinin iştirakı olmadan yaşadığı ünvanda baxış keçirilməsini xahiş etmiş, müdafiəçi Təqsirləndirilən şəxs qeyd olunan ərizəsi və hətta «yaşayış sahəsinə baxış və götürmə aparılması haqqında» 04 noyabr 2022-ci il tarixli protokolla yenə də tanış olmamışdır. «Şəxsi axtarış və götürmə aparılması haqqında» və «yaşayış sahəsinə baxış və götürmə aparılması haqqında» 04 noyabr 2022-ci il tarixli protokolların məzmunundan və qeyd olunan istintaq hərəkətləri aparılarkən qeydə alınan videogörüntülərdən də göründüyü kimi ittiham tərəfinin sübutları siyahısında mühüm yeri tutan, qeyd olunan həmin sübutların əldə olunması prosesində müdafiəçi X8 fiziki olaraq iştirak etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən ərizələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» və «yaşayış sahəsinə baxış və götürmə aparılması haqqında» 04 noyabr 2022-ci il tarixli protokollar istisna olmaqla, digər istintaq hərəkətlərinə dair tərtib olunmuş protokol və qərarlarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış, yaşayış ünvanına baxış və götürmə aparılması barədə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Müdafiə hüququ ilə bağlı yuxarıda qeyd edilən halların məcmusu onu düşünməyə əsas verir ki, 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra tutularkən və 04 noyabr 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən, yaşayış sahəsinə baxış və götürmə aparılarkən müdafiəçi ümumiyyətlə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində olmamış, onun iştirakı formal olaraq qeyd edilmiş, həmin istintaq hərəkətləri barədə tərtib edilmiş sənədləri tərtib olunan anda deyil, sonradan imzalamışdır. Bundan başqa, cinayət işinin başlanıldığı 05 noyabr 2022-ci il tarixdən iş üzrə ittiham aktının tərtib olunduğu tarixədək olan müddət ərzində cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən, dövlət büdcəsi hesabına təyin olunmuş X4 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə, onun müdafiəsi naminə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış, o cümlədən vəsatətlər qaldırmamış, onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Daha sonra həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı sənədlərlə (əməliyyat məlumatının daxil olması barədə raport, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar, əməliyyat qrupunun yaradılması ilə bağlı müvafiq əmr və protokol, şübhəli şəxsin saxlanılması ilə bağlı raport) məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin realizəsində iştirak etmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru Şahid1 və CA xətti üzrə əməliyyat müvəkkili Şahid2 ifadələri arasında müqayisəli təhlil aparılarkən qeyd olunan sənədlərlə şahidlərin ifadələri arasında bir-birini tamamlamayan, ziddiyyətli məqamlar olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması istiqamətində tərtib olunan raport və protokollardan, qəbul edilən qərardan görünür ki, əməliyyat məlumatı Binəqədi RPİ-nin 7-ci PB-nin CA xəti üzrə əməliyyat müvəkkili Şahid2 daxil olmuş, bu barədə 04 noyabr 2022-ci il tarixli raport sonuncu tərəfindən tərtib edilmiş, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» eyni tarixli qərar əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş, «əməliyyat qrupunun yaradılması haqqında» eyni tarixli protokol, Təqsirləndirilən şəxs saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi haqqında raport yenə də əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmişdir. İş üzrə əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilməmiş, lakin, bu vəzifə ona həvalə edilmədiyi vəziyyətdə, əməliyyat müvəkkili Şahid2 tərəfindən protokol tərtib edilməklə əməliyyat qrupu təşkil edilmiş və Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru Şahid1 təşkil olunan həmin qrupa daxil edilmişdir. Lakin məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının xatırlamadığı vaxtda sahə müvəkkili Şahid1 daxil olduğunu göstərmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru Şahid1 ifadəsində Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının ona daxil olduğunu, vəzifə borcu olduğundan məlumat barədə PB-nin rəhbərliyinə məlumat verdiyini, əməliyyat məlumatının sənədləşdirilməsinin kim tərəfindən və necə aparılmasından məlumatsız olduğunu, əməliyyat tədbirinə neçə nəfər qoşulmasından xəbərsiz olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 145.2 və 145.3-cü maddələrinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinə, məhkəmə baxışı Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərdi ki, saxlanıldıqdan sonra bir gün 7-ci polis bölmədə, 48 saat isə Binəqədi RPİ-nin MSY-də saxlanılmış, yalnız 07 noyabr tarixdə MSY-dən həbs qətimkan tədbiri ilə (sanksiya) bağlı məhkəməyə aparılmışdır. 04 noyabr tarixdə tutulub 07 noyabr tarixdə məhkəməyə aparılması ilə əlaqədar, şübhəli şəxs qismində qanunla müəyyən olunan müddətdən artıq həbsdə saxlanıldığından, hakim polislərə töhmət verəcəyini bildirmiş, lakin buna baxmayaraq barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etmişdir. O, 6 noyabr tarixdə həbsdən azad edilməmiş, evinə buraxılmamışdır. İşdə olan «Tutulmuş şəxsin azad edilməsi haqqında» 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qərarın qəbul edildiyi 06 noyabr 2022-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsində 6 noyabr tarixdə həbsdən azad edilmədiyini, evinə buraxılmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı tərəfindən qaldırılan 07 noyabr 2022-ci il tarixli vəsatətin, vəsatətin təmin olunması barədə Binəqədi rayon prokurorluğu tərəfindən rayon Məhkəməsinə verilən eyni tarixli təqdimatın məzmunundan görünür ki, qeyd olunan sənədlərdə Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması göstərilsə də, onun 06 noyabr 2022-ci il tarixdə saxlanıldığı yerdən azad edilməsi barədə heç nə qeyd olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Binəqədi rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə 07 noyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, qeyd olunan qərarda da Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması göstərilsə də, onun 07 noyabr 2022-ci il tarixədək həbsdən azad olunması barədə heç nə göstərilməmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin qərarın nəticə hissəsində onun məhkəmə iclas zalından həbsə alınması barədə qərar verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə azadlıqda olduğu təqdirdə onun məhkəmə iclas zalından həbsə alınmalı olması zəruri qərarlardan biri olmalı idi. Bu xüsusatla bağlı qeyd olunanlar deməyə əsas verir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi barədə ibtidai istintaq orqanının qəbul etdiyi qərar formal olaraq tərtib edilib cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmədən bir sutka qanunsuz olaraq həbsdə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamların təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 18,644 qram çəkidə olan narkotik vasitə heroin, 73,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,715 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 18,644 qram çəkidə heroin narkotik vasitəsini, 73,203 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsini, 0,715 qram çəkidə metamfetamin psixotrop maddəsini və 01 ədəd elektron tərəzini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və yaşadığı mənzilə baxış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 05 noyabr 2022-ci il tarixli, 7/6412 saylı məhkəmə-kimyəvi ekspertizasının və 05 noyabr 2022-ci il tarixli, 7/1278 saylı məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə ümumilikdə sərf olunan 159 (yüz əlli doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yerilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 18,644 qram çəkidə olan narkotik vasitə heroin, 73,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,715 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 18,644 qram çəkidə heroin narkotik vasitəsini, 73,203 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsini, 0,715 qram çəkidə metamfetamin psixotrop maddəsini və 01 ədəd elektron tərəzini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və yaşadığı mənzilə baxış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 05 noyabr 2022-ci il tarixli, 7/6412 saylı məhkəmə-kimyəvi ekspertizasının və 05 noyabr 2022-ci il tarixli, 7/1278 saylı məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə ümumilikdə sərf olunan 159 (yüz əlli doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar