Məhkəmə qərarları › İş №1(101)-1041/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1041/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1041/2025 18.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Saatlı rayonu, Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, nömrəsiz fərdi tikilmiş evdə kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3270 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda quru vəziyyətdə ümumi çəkisi 1935 qram olan 1108 bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədilə bir ədəd torbada külli miqdarda təmiz çəkisi 3270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda quru vəziyyətdə ümumi çəkisi 1935 qram olan 1108 bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin NMB-in əməkdaşları tərəfindən 02 oktyabr 2024-cü il tarixdə, saat 01:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı bir ədəd qara rəngli sellofan torbada külli miqdarda təmiz çəkisi 3270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda quru vəziyyətdə ümumi çəkisi 1935 qram olan 1108 bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Qaryağdı adlı şəxsin narkotik vasitə əldə etməsi, daşıması və istifadəsi barədə bildirilmişdir (cild 1, iş vərəqi 5).

4. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, istifadə etməsi və daşıması barədə Xətai RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 6-7).

5. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol, DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yanındakı 1 ədəd qara sellofana bükülmüş və yapıştırıcı bantla bağlanılmış naməlum kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd kütlənin içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “marixuana” olmasını bildirmişdir. Həmin 1 ədəd kütlə açıldıqda içərisində tünd yaşıl rəngli bitki mənşəli halda, spesifik iyə malik kütlə aşkar edilmiş, həmin tünd yaşıl rəngli bitkimənşəli halda, spesifik iyə malik kütlənin elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 5.885 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının elektron yolla göndərdiyi konum vasitəsi ilə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 32-34, 71-72).

6. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1651 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 ədəd ağ rəngli sintetik bağlamada təmiz çəkisi- 3270 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Həmin qara rəngli polietilen bağlamadakı ağ rəngli sintetik bağlamanın içərisində sayı 1108 ədəd quru vəziyyətdə ümumi çəkisi-1935 qram olan bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 39-43).

7. xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefona baxış keçirilərkən telefonun “Fotoğraflar” bölməsinə daxil olduqda orada ümumilikdə 52 ədəd fotoşəkilin və 11 ədəd videoların olması aşkar olunmuşdur. Qeyd olunan fotoşəkillərə baxış keçirən zaman müxtəlif ödəniş qəbzləri, üzərində Kapital banka məxsus 4169 7388 2011 7871 hesab nömrəli kartı, 02 ədəd ağ rəngli büküm, 01 ədəd şüşə materialdan olan lampa, siqaret qutusu qoyulmuş yerin, qırmızı rəngli fasadı olan binanın və yaşıl rəngli oxla işarələnmiş yerlərin şəkillərinin olması müəyyən edilmişdir. Videolar bölməsinə daxil olduqda ümumilikdə 03 ədəd video olması aşkar olunmuşdur. Həmin videolara baxış keçirilərkən 09 saniyəlik video çəkilərək “qırmızı fasadı olan binanın qarşısında olan borunu göstərib karta at-karta at qara turba var onun yanında olacaq, arxasında siqaret paçkasının içində olacaq yaxşı” deyilməsi müəyyən edilmişdir. Telefonun whatsapp ani mesajlaşma sisteminə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrə istifadəçisi “Ddddffffff” adı ilə qeyd olunmuş istifadəçiyə səsli mesaj göndərərək “nəsə götürüb eləmək istiyəndə mənim əlim girir götürə bilirəm mənə denən problem deyil mən götürüm ona buna itə qurda puluvu yedizdirmə mən ucuz götürə bilirəm hər ikisindən yaxşı olanda de götürüm”, yazılı mesaj “45qrebl 1d 451 d torpax Qram45m ikisinde, he, he qaqa, he qaqa, X5, he, Araga gunu uşaglara İsrafa gunu, yaşıl oxla işarələnmiş yerin şəkili, hamsi Burda atram X7, Özümde cekmey istirem, Ona gore,” ***-***-**-** mobil nömrə istifadəçisi “Ddddffffff adı ilə qeyd olunmuş istifadəçi Təqsirləndirilən şəxs mesaj göndərərək “Ucuz Necye qaqa, Ne deyirsen?, 50 m, Qrm 45 m alirsab N Qaqaw, 2 sinide qaqaw, Konun M, Goturusen de He, Bilirende Naxadi konum atirda Prosda duzdumu?, Ne vaxt atdirmisan axirinci defe, Qaqa varimdi, Var oll mende o qiymete Gotururem, X6 prosta". Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrə istifadəçisi “Selim” adı ilə qeyd olunmuş istifadəçiyə “Tamam, səsli zəng, Qaqa Netersen v Veziyeti Neterd, məkan bildirən xəritə, 4127 2093 0849 9554 kart hesab nömrəsi”, səsli mesaj “Qardaşım qadan alaram budu”, yazılı mesaj “qaqam, Oprem Qardasm”. ***-***-**-** mobil nömrə istifadəçisi "Selim” adı ilə qeyd olunmuş istifadəçi Təqsirləndirilən şəxs yazılı mesaj “Yaxşı brat, Atdım”. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 051-936- 35-18 mobil nömrə istifadəçisi “Umut Kş” adı ilə qeyd olunmuş istifadəçiyə “Qaqa neynirsen, səsli zəng, Qaqa, 10m das lazmd qardasm Neşe etmek olar Usax var o isteyir, Goture bilerem qaqa, He qaqam, Qaqam qadani alım yaxs olsun, Mehlede, He qardasm,Yaxs gel ok, Qaqa burdayam, Zibilik dspanser ozun cix qaqa, ok, Samir var ona dünene vermisem ki saxla oda “nalayiq ifadə” almir bu ureyim için “nalayiq ifadə” men qaqa, Yolna qoy arix neyniyecek var bele yaxn adamda 20m 3yar goturecem.” ***-***-**-** mobil nömrə istifadəçisi “Umut Kş" adı ilə qeyd olunmuş istifadəçi Təqsirləndirilən şəxs yazılı mesaj “Aycab, He Qqaqa, He gele mene naqdi di? Mende dol, Uwaqdadi, Hardasan?, Tm Teksen?, Disbanserjn Yana gele bilsen?, Gele bilsen ora?, Xidi cixdi harda dayanmisan+??, “səsli zəng”,” səsli mesaj “yetim Xıdı çıxdı ora kurs qoyuram bil hagöy təhərdi obanın salafanın rəngi çıxıb”, “Cxanmirem men cidida, Nese gottrmisen qaqa?, Nece elyej K,” səsli mesaj “qaqaş hərifnən yazma yetim mən çöldə bayırdayam başıva Donerəm gələrəm orda söhbət eliyərik elə gör pul para düzəldə birlirsənsə məndə düzəldim götürəydə” müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə +**********98 istifadəçisi “Rahib” adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə yazılı mətnlər və səsli mətnlər olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqi 90-103)

8. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1082 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol diz oynağı və baldır nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi və hərəkət məhdudluğu, sağ diz oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi və özü-özünə yetirməsi də inkar edilir (cild 1, iş vərəqi 195-197).

9. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-tibbi eskpertizasının rəyində göstərilən xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatının araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir (cild 1, iş vərəqi 205- 206).

10. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6670 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimuyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 215-216).

11. 10.01.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 248-251).

12. 16.01.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə CM-in 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 24-25).

13. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkiləri 1935 qram olan 1108 hissə narkotik təbiətli çətənə bitkisinin hissələri və 3270 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və qalıq çəkiləri 1934,33 qram narkotik təbiətli çətənə bitkisinin hissələri və 3269,8 qram narkotik vasitə qurudulmuş marixuana “Redmi” markalı mobil telefon saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (cild 2, iş vərəqi 54-64).

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2024-cü il tarixdə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 8 Noyabr prospektinin yaxınlığında təqsirləndirilən şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində 1 ədəd torba var idi. Daha sonra təqsirləndirilən şəxsi Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. 37-ci PŞ-də müdafiəçinin və onların iştirakıları ilə saxlanılan şəxsin üzərində şəxsi axtarış və götürmə həyata keçirtmişlər. Axtarış zamanı saxlanılan şəxsin üzərindən heç nə aşkar olunmamış, ancaq əlində torba aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin əlində 1 ədəd bağlamada içərisində narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasında o və Şahid2 iştirak etmişlər. Hadisə yerinə daxil olmuş məlumat əsasında gedilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxsi xx.xx.2024-cü il tarixdə saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxt yanında heç kim, taksi sürücüsü belə yox idi. Təqsirləndirilən şəxsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gün gecə radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi əlində torba ilə hərəkət edən zaman saxlamaq istəmişlər. Həmin vaxt təqsirləndirilən şəxs qaçmış və yıxılmışdır. Təqsirləndirilən şəxsin saxlanılmasında o və Şahid2 iştirak etmiş, 6 nəfər olmamışlar. Faıg adlı şəxsi tanımır, görməmiş və hadisə yerində elə bir adam olmamışdır. Daxil olmuş məlumatda təqsirləndirilən şəxsin ancaq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərildiyindən sonuncunun narkotik vasitənin haradan götürməsi barədə məlumatları yox idi. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə yerinə Qaryağdı ilə birlikdə 1 qr metamfetamin götürməyə getmişlər, amma metamfetamini tapa bilməmişlər. Oradan çıxanda taksi çağırmışdır, olduqları yerdən 10-15 m aralığa çatanda 6-7 nəfər üstlərinə gəlib hər ikisini vurmağa başlamışlar. Qaryağdı yerə yıxılmış, o, onlara Qaryağdının astması olduğunu və Qaryağdının əvəzinə onu vurmalarını demişdir. Onları ayrı-ayrı maşınlarda bölməyə aparmışlar. Qaryağdını döyəndə səsləri eşitmişdir, dəhlizdə də sonuncunu döyürdülər. Onu vursalar da, o, boynuna almamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Qaryağdı ona 1 qr metamfetamin götürmək üçün zəng vurmuş, məkan onda idi. Məhlədən birlikdə çıxmamışlar, telefonla əlaqə saxlamışlar. Onun telefonunun batareyası olmadığına görə, Qaryağdının gəlməyini gözləmişdir. Qaryağdı gələndən sonra birlikdə götürməyə getmişlər, orada da onları yaxalamışlar. Taksi çağırmışlar, taksi gələnə kimi yolun kənarına çıxmaq istəmişlər. Onlar çıxana kimi artıq onları götürmüşlər. Həmin yerə məkanla getmişlər, məkan onun telefonunda idi. Məkanda göstərilən yerə getmişlər, amma onlara göstərilən yer deyildi. 1 saat-1.5 saat axtarmışlar, amma tapa bilməmişlər. Onlar ora gedəndə axşamtərəfi idi, hava qaranlıq idi. Axtarandan sonra yolun kənara çıxanda 6-7 nəfər gəlib onları tutmuşdur. Qara sellofan zibil idi, ora zibillik idi, sellofanlar çox idi. O, heç bir yerə qaçmamışdır. Qara sellofanı götürüb tullamışlar, əllərinə götürüb heç yerə getməmişlər. Qaryağdı bir-bir axtarmış, o isə baxmışdır. Baxmışlar, tapa bilməyəndən sonra yolun kənarına çıxmışlar, yola tərəf çıxanda onları tutmuşlar. Təqsirləndirilən şəxs çox sellofan götürürdü, altına baxıb kənara tullayırdı. Torbanı götürürdü, kənara atırdı. “Bu torba həmin torbadır” ifadəsini istifadə etməmişdir. O, 1 qram danışmışdı. O, oraya gələndən sonra Qaryağdının gəlməyini gözləmişdir. Qaryağdı ona körpünün yanında dayanmağını tapşırmışdı. O, telefonunun batareyası olmadığına görə yolun kənarında dayanmışdı. Qaryağdını gözləyirdi, sonuncu gəlmiş, həmin yerə birlikdə getmişlər. Məkan ikisində də var idi. Məkanın birinci kimə gəldiyi yadında deyil. Radar deyilən yerə getmiş, Qaryağdını gözləmişdir, sonuncu gələndən sonra birlikdə oraya getmişlər, axtarıb tapa bilməmişlər, taksi çağırmış və yola çıxmışlar, bu zaman onları tutmuşlar. Qaryağdı qaçmışdır, qaçanda sonuncunu tutub yerə yıxmışlar. Onlar oraya metamfetamin götürməyə getmişlər, Qaryağdı qaçmalı idi, amma dəqiq nəyə görə qaçdığını bilmir. Əlində heç nə yox idi. Onu Qaryağdı ilə eyni tarixdə, eyni yerdə, eyni adamlar tutmuşlar.Tarix dəqiq yadında deyil, amma ayın axırıncı günü idi, hansı ay olduğunu xatırlamır. Saat 11-01 aralığında tutulmuşlar. Qaryağdını çağıranda məqsədinin metamfetamin götürmək olduğunu demişdir. Anası həmin vaxt xəstə idi. Qaryağdıya anası ilə bağlı hər hansı bir məsələ deyib-demədiyini xatırlamır. Hadisə yerinə gələndə Nərimanov tərəfdən gəlirdi. Metamfetamin götürmək məqsədilə zəng etmiş, anası ilə bağlı heç nə deməmişdir. Metamfetamin götürüb birlikdə istifadə edəcəkdilər. Metamfetamin verən şəxs Qaryağdı ilə ortaq tanışları idi, İran vətəndaşı idi. Qaryağdıya o, zəng edib demişdir ki, “metamfetamin var, ikimiz də 20 manat verək, alaq”. 1 qr metamfetamin üçün getmişlər. Orada torba yox, sellofanlar var idi. Qaryağdı sellofanların altına baxırdı, o da tapmaq üçün işıq tutmuşdu. Adətən daşın altına qoyurlar. Məkan da oranı göstərirdi. Oradan heç bir torba götürüb qaçmamışlar. Taksini o, çağırmışdır, amma kimin telefonu ilə çağırdığını xatırlamır. Telefonunun batareyasının bitdiyini xatırlayır. Telefonu batareyaya kafedə qoşmuşlar. Məkan ona gəlmişdi, o, məkanı Qaryağdıya göndərmək üçün telefonu açmışdı. Həmin vaxt Qaryağdının interneti yox idi. Sonra məkanda göstərilən yerə gəlmişlər. Oraya necə gəldiklərini xatırlamır. Məkan onlar oraya çatanda gəlmişdi. Oraya çatanda telefonunun batareyası yox idi. Dəqiq xatırlamır, bəlkə də Qaryağdı onun internetindən istifadə etmişdi. Həmin şəxslə o, əlaqə saxlamışdı, ola bilər ki, məkan birinci ona gəlmişdi, o da daha sonra Qaryağdıya göndərmişdi. Onları tutan 6-7 nəfər idi, 2-3 nəfər onu tutmuş, digərləri isə Qaryağdını tutmuşdur. Hər ikisi eyni vaxtda, eyni yerdə tutulmuşdur. Onları eyni polis bölməsinə aparmışlar, amma orada bir yerdə deyildilər. İkisinə də narkotik vasitənin onlara aid olduğunu boyunlarına almaqlarını deyirdilər. Qaryağdını ayrı otaqda, onu ayrı otaqda döyürdülər, o, gələndə Qaryağdının da üst-başının qanlı olduğunu görmüşdür. Onu döysələr də boynuna almamışdır. O, Qaryağdını dəhlizdə görmüşdür. Onları, deyəsən, mayorun yanına qol çəkməyə gətirmişdilər, Qaryağdını orada görmüşdür. Onlar bir-biri ilə danışmamışlar, imkan verməmişlər. Narkotik vasitənin onun üstündən çıxdığını boynuna almağı üçün onu döymüşlər. Hansı narkotik vasitəni dediklərini bilmir. Onu CM-in 234.1-ci maddəsi ilə tutmuşlar. Ona boynuna alsa CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini demişlər. Ondan Təqsirləndirilən şəxs ilə bağlı heç nə tələb olunmamışdır. Ancaq özünə boynuna almasını demişlər, o isə almamışdır. Ona sonradan gətirdikləri, yəni sənədə qol çəkdiyi otaqda sellofanda külli miqdarda narkotik vasitə göstərmişlər. Narkotik vasitənin onun olduğunu boynuna almamışdır. Narkotik vasitənin miqdarını dəqiq bilmir. Təxmini 2-3 kq olar. Zibillikdə yalnız sellofan yox idi, daş da var idi. Hamısının altına baxmışlar, zibilliyin hamısını çölə tökmüşlər. Onlara malın harada olduğunu, hansı formada olduğunu deməmişdi. Oradan bölməyə ayrı maşınlarda getmişlər. Bölmədə ona göstərdikləri sellofonu zibillikdə görməmişdir. O, həmin sellofanı görməmişdir, Qaryağdı zibillikdən sellofanları götürüb kənara atırdı, o, görmürdü. Ayrı-ayrı maşınlarda bölməyə gəlmişlər. Hal-hazırda CM-in 234.1-ci maddəsi ilə tutulmuşdur. Qaryağdı ilə tutulandan əvvəl narkotiklə bağlı işi olmuşdur. Ruşanov ona 2-3 qr metamfetamin götürməyi təklif etmişdir. Məkan ikisində də olub, Qaryağdının interneti olmadığına görə onun internetindən istifadə edib. Məkanın birinci kimə gəldiyini xatırlamır. Oraya istifadə etmək üçün metamfetamin götürməyə getmişlər. Birlikdə istifadə edəcəkdilər. Məkan ikisinə də göndərilib. Hər ikisi alıb istifadə etmək üçün öncədən 20 manat atmışlar. Necə olduğunu isə xatırlamır. Polis bölməsinə getməkləri, onları döydükləri, onun boynuna almamağı yadındadır, amma ifadəsi yadında deyil. Sənədlərə oxumadan qol çəkmişdir. Qol çəkərkən onu hədələyən və ya döyən yox idi. Oradan heç kəs torba götürməyib, əllərində torba olmayıb. Qaryağdı axtarırdı, o, isə axtarmırdı. Onlar yola çıxanda polis gəlmişdir. Taksini o, sifariş vermiş ola bilər. Məkan ola bilər ki, ona gəlmişdir, o, daha sonra Qaryağdıya atmışdır.

16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü təxminən saat gecə 02 radələri idi. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün ona sifariş daxil olmuşdur. Sifariş daxil olan ünvana doğru getmişdir. Əsas yoldan sifariş olunan küçəyə doğru hərəkət etmişdir. Getdiyi küçə qaranlıq idi. İrəlidə 4-5 nəfər şəxs görmüşdür. Gördüyü şəxslərə yaxınlaşmış və sifarişi onların edib-etmədiklərini soruşmuşdur. Həmin şəxslər ondan nəyin sifariş olunduğunu soruşmuşlar. O da taksi sifariş olunduğunu demişdir. Ona polis əməkdaşları olduqlarını demişlər və dərhal həmin mobil nömrəyə zəng etməyini tələb etmişlər. O, həmin mobil nömrə ilə əlaqə saxladığı vaxt sağ tərəfdən 1 nəfər şəxs onun taksi sifariş etdiyini demişdir. Polis əməkdaşları ona gedə bilərsiz və ona ehtiyacları olmadıqlarını demişlər. O, suallara cavab olaraq bildirmişdir ki, sifarişi tutulan şəxslərdən kim idisə o sifariş vermişdir. Qaranlıq olduğu üçün kimin sifariş etdiyini görməmişdir. Polis əməkdaşları ona əsas yoldan küçəyə daxil olan olan zaman yaxınlaşmışlar. Hadisə vaxtı kimlərinsə tutulduqlarının şahidi olmuşdur. Tutulan şəxslərin üzərilərində baxış keçirilməsində iştirak etməmişdir. O, sadəcə həmin şəxslərin əllərinə qandal vurulan vaxt yaxınlaşmışdır. Tutulan şəxslərin üzərilərində nəyinsə olduğunu görməmişdir. Hadisə qaranlıq vaxtı, təxminən saat 02 radələrində baş vermişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Hadisənin üstündən uzun müddət keçdiyindən taksi sifariş edən şəxsin adı və mobil nömrəsi yadında deyil. Polis əməkdaşları ona sifariş edən mobil nömrəyə zəng etməyini tələb etmişlər. O, həmin mobil nömrəyə zəng etmişdir və həmin vaxtı yanlarında olan şəxsin mobil nömrəsinə zəng çatmışdır və polis əməkdaşı ona gedə biləcəyini demişdir. Taksi sifariş edən şəxsin təqsirləndirilən şəxs olub-olmamasını dəqiq deyə bilməz, çünki həmin yer qaranlıq idi. Sadəcə mobil telefonuna zəng çatan şəxs taksinin onun sifariş etdiyini demişdir. Hadisə yerində nə baş verdiyindən xəbəri olmamışdır, heç polis əməkdaşları da ona baş verənlə bağlı heç nə deməmişlər, sadəcə çıxıb getməyini demişlər.

17. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olmaqla Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi nömrəsiz fərdi tikilmiş evdə kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 02 oktyabr 2024-cü il tarixdə saat 01:30-da Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xətai rayonu 8 Noyabr prospekti Mirzə Davud küçəsi 11 ünvanın yaxınlığında əlində bir ədəd qara rəngli torba ilə saxlayıb özlərini təqdim edib saxlama səbəbini izah etdikdən sonra ünvan 5 ünvanında yerləşən Xətai RPİnin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş 13 saylı vəkil bürosunun vəkilinin onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı təhqiqatçı Sənan Bədəlov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edərək üzərinə baxış keçirdikdə heç bir əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşısında olan qara rəngli sellofan torbanı göstərib içərisində marixuana kimi tanıdığı narkotik vasitə olmasını və həmin torbanı İran vətəndaşının vasitəsi “Raboçi” 8 Noyabr prospektindən əldə etdiyini bildirmişdir. Həmin torbanın içərisində olan marixuananın üzərindən öz istifadəsi üçün götürməli və qalan hissəsini isə İran vətəndaşının göndərəcəyi ünvana qoymalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində marixuana olduğunu bildirdiyi narkotik vasitə olan bir ədəd qara rəngli torba elektron tərəzidə çəkildikdə bağlama ilə birlikdə 5.885 qram olması müəyyən edilib qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün" 153 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

18. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Faiq Osmanov ilə tanış olmuş, sonuncu ilə münasibət yaranmışdır. Evlərinə gediş-gəliş olmuşdur. Bir gün Faiq ona səs atmışdır ki, “anam xəstədir, xəstəxanaya aparmaq lazımdır, mənim pulum yoxdur, mənim yanıma gəl”. Konum atmış və o, həmin yerə getmişdir. Keçidin yanında düşmüş, Faiqlə başqa bir küçəyə girmişlər, telefonu sönmüşdü. Ona həkimin burda olduğunu demişdir. O, Faiqə anasının yanına getməsi barədə deyəndə, Faiq istifadə etmək üçün bir qram daş atdırdığını, məni ona görə çağırdığını bildirmişdir. Başqa küçəyə girmişlər, Faiq konum var ora getməli olduqlarını demişdir. Bir qram daşı götürməyə getmişlər. Faiq ona burda olduğunu demişdir. Həmin ərazidə adamlar var idi, saat 12-ni keçirdi. Onun telefonu söndüyü üçün telefonunu yükləyiciyə taxmaqdan ötrü kafeyə getmişlər, kafeda mühafizəçi var idi, xahiş edib kafeyə girmiş, telefonu yükləyiciyə taxmışlar. Telefon yanandan sonra onlar başqa küçəyə getmişlər. Balaca bir zibillik kimi yerdə, qapısı aralı idi, iki torba var idi, o, həmin torbaları qapının ağzından qırağa atıb daşı axtarmağa başlamışdır. Faiq torbanın birini götürüb qucağına alıb malın orda olduğunu demişdir. O, çox olduğunu görüb, onu atıb getmişdir. Bir az getdikdə arxaya baxanda Faiq əlində torba telefonla taksi sifariş verirdi. O, ərazidən 10 metr aralaşanda onun qabağına 5 nəfər polis işçiləri çıxmışdır. Qaçmaq istəmiş, yıxılıb özündən getmişdir, üzünə su vurub onu ayıltmışlar. Çəkilişlə onun adını soyadını soruşmuşlar, torba Faiqin əlindədir, onun əlində deyildi. O, 10 metr aralıda tutulmuşdur. Bundan sonra Faiqi ayrı maşınla, onu ayrı maşınla bölməyə aparmışlar. Bölməyə aparanda Araz marketin yanında saxlayıb ondan nəyisə varsa söhbət burda bağlansın demişlər. O, onun heç bir qara qəpiyi də olmadığını demişdir. Bölmənin həyətində rəisləri gəlib özünü təqdim etmişdir. Rəis ondan malın onun olduğunu soruşanda onun heç nəyi olmadığını bildirmişdir. Onu aparıb MSY-yə salmışlar, Faiqi ayırmışlar. Onları hardasa 1 saat ayrı saxlamışlar. Bundan sonra Faiqi onu saldıqları yerə salmışlar, o, ayrılmışdır. Onu yanlarına aparıb ona müdaxilə etməyə başlamışlar, saat 03:30-dək ona təzyiq etmişlər. Ona Sənan adında əməliyyatçı narkotik maddənin onun olduğunu, CM-in 234.1-ci maddəsi ilə iş açılacağanı bildirmişdir, onun da bundan qabaq narkotik istifadəçisi olduğu üçün məhkumluğu olmuşdur. Çəkiliş aparanda, ona iran vətəndaşından istifadə üçün aldığını bildirməsini demişlər. O da dediklərini etmişdir. Bundan sonra Sənan adında təhqiqatçı ona iki sənədə qol çəkdirmək üçün MSY-ə gəlmişdir, o, qol çəkmirdi, ona CM-in 234.1-ci maddəsi ilə iş açıldığını göstərmişdir. Bundan sonra MSY-də olarkən müstəntiq gəlib ona barəsində CM-in 234.1- 1-ci maddəsi ilə iş açıldığını bildirmişdir. Müstəntiqə 2 nəfər olduqlarını deyəndə ona prokurorun yanına aparacağını, sonuncunun yanında deməyimi bildirmişdir. O, prokurora tək olmadığını, Faiq adlı şəxsin onu çağırdığını, hadisənin necə olduğunu, bölmədə döyüldüyünü, ayağının şiş olduğunu göstərmişdir. Dizində çat olduğuna görə su yığılmışdı, dizini Kürdaxanıda müalicə etmişlər. Onu bölmədə boynuna almadığına görə ayaqlarına dubinka ilə vurmuşlar, nəticədə dizində çat əmələ gəlmişdir. Faiqin qardaşı polis işçisidir, Xətai rayon üzrə post-patrul xidmətinin manqa komandiridir, həm də qardaşı Baş Narkotiklərlə Mübarisə İdarəsinin rəisi ilə dostdular. Hətta bir dəfə Faiq ona qardaşını işdən çıxarıldığını, onun adam verməli olduğunu demişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə metadondan istifadə edir. Həmin günü o, bir Faiqlə danışmışdır, bir də bir uşaqla danışmışdır, başqa heç kimlə danışmamışdır. O, narkotikdan uzaq olmaq istədiyindən 15 gün evdə olmuş, heç yerə çıxmamışdır. Vəkil iki nəfər olduğunu bilirdi. Məhkəmədə hakim neçə nəfər olduğunu soruşanda, vəkil bir nəfərin də olduğunu bildirmişdir. Faiq ona axşam saat 11-11:30 radələri arasında zəng etmişdi. Faiq ilə onların münasibəti olmuşdu, biryerdə atışıb bir qram narkotik alıb istifadə etmişlər. Faiq də narkotik istifadəçisidir. Faiq telefonla onu anasının yanına getmək məqsədi ilə yanına çağırmışdır. O, taksi ilə Faiqin ona göndərdiyi konumla getmişdir, keçidin yanında düşəndə Faiqin onu orda gözlədiyini görmüşdür. Faiq ona bir qram daş atdırdığını demişdir. Narkotik maddəni ikisi bir yerdə axtarmağa başlamışlar. Ona bir qram daş atdırdığını demişdir, həmin ərazidə həqiqətən adamlar var idi. Faiq ona daşı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Əvvəllər də belə olurdu, heç bir problem olmurdu. Əvvəllər Faiq özü gedib götürürdü, gələndə o, 15- 20 manat pulunu verib götürürdü. Faiq ona 1 qram daş atdırdığını və onu qonaq etdiyini demişdir. Faiq taksidə olduğu üçün bu məsələ barədə deyə bilmədiyindən anasının xəstəliyi ilə bağlı onu çağırdığını bildirmişdir. Faiq ona daşı tək olduğundan tapa bilmədiyindən onu çağırdığını demişdir. Bundan sonra ona göstərdiyi yeri axtarıb tapa bilmirdilər. Telefon yanandan sonra Faiq kiminləsə danışdı, gəldiyini dedi, kimə dediyini bilmir. Narkotik maddənin harda olduğu yerin konumu Faiqin telefonuna gəlmişdi. Faiqin ona göstərdiyi yerlə, konum gəldiyi yer tam başqa küçə, tam başqa şəkil idi. Zibillik kimi bir yerdə iki yekə torba var idi, o, torbaları qırağa atıb daşı axtarmağa başlamışdır, Faiq torbanın birini götürüb budur demişdir. Torbaların biri zibil idi, biri zibil deyildi. Torbanı Faiq götürüb qucağına almışdır. O, malın çox olduğundan Faiqlə mübahisə etmiş, söyüb çıxıb getmiş, Faiqdən aralaşmışdır. O, çıxıb gedəndə Faiq yolun ortasında qucağında torba dayanmışdı, həmin vaxt orda heç kim yox idi. O, həmin yerdən aralaşanda Faiq telefonla taksi sifarişi verirdi. O, həmin yerdən 10 metr aralaşanda 5 nəfər onun qabağına çıxmışdır. Onu yerə uzatmışlar, o, özündən getmişdir, üzünə su vurub onu ayıltmışlar. Faiqin əllərinə qandal vurmamışlar. Bölməyə ayrı-ayrı avtomobillərlə getmişlər. Bölmədə Faiqi aparmışlar, onu saxlamışlar, sonra onu aparıb Faiqi saxlamışlar. Bundan sonra onun xəbəri olmamışdır. Üzləşmədə Faiq üzünə durmuş, konum barədə güya o, Faiqin yanına getdiyini, o, Faiqə olduğu ərazidə konum olduğunu dediyini bildirmişdir. Faiq heç bir yerdə işləmir. Faiqlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlmişdir, ona şahid kimi gəldiyini bildirib. Məhkəmədə iki nəfərin işi gedirdi, şahid kimi gəlmişdi. Müstəntiq ona Faiqin ev dustaqlığına buraxıldığını demişdir. O, müstəntiqə Faiqin onunla bir yerdə olduğunu deyəndə, bu işdə Faiqin şahid kimi keçdiyini bildirmişdir. Taksini o, sifariş etməmişdir. Taksini Faıg sifariş etmişdi. Tibbi kitabçada qeyd olunan xəsarətlər narkotik vasitəni boynuna almağına görə döyülərkən aldığı xəsarətlərdir. Hadisə günü onu saxladığı yerdə döymüşlər, hətta özündən getmiş və onu su ilə ayıltmışlar. O, 2 oktyabr tarixində saxlanılmamışdır. Onu sentyabr ayının 30-u tarixindən 1-i tarixinə keçən gecə saxlamışlar. Onu Xətai rayonunda dar küçədə saxlamışlar, amma dəqiq hansı ünvanda saxladıqlarını bilmir. Saxlanıldığı vaxt mobil telefon üzərində olmuşdur. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, amma həmin vaxtı üzərində olmayıb, sadəcə həmin nömrə ilə qeydiyyatdan keçdiyi Whatsapp proqramını işlədirdi. Whatsapp proqramını ancaq Wifi olan yerlərdə işlədə bilirdi. Həmin mobil nömrəni hadisədən əvvəl hər şeydən uzaqlaşmaq üçün qırıb tullamışdır. Faıgla olan bütün yazışmaları var idi, amma bütün yazışmalarını və ümumiyyətcə Faıgın mobil nömrəsini mobil telefonundan silmişlər. Şahid1 tanıyır, onu saxlayan şəxslərdən olmamışdır. O bu şəxsi PŞ-də 1-ci dəfə görmüşdür. Onu saxlayan şəxs çəkilişdə var. Şahid1 6 nəfər şəxsin içərisində var idi, sadəcə ona yaxınlaşmayıb, toxunmayıb. Şahid1 ona müdaxilə, müqavimət göstərməmişdir. Onu 4 nəfər şəxs saxlamışdır. Şahid1 ona fiziki təzyiq göstərməmişdir. Saxlanıldığı vaxt o, tək olmamışdır və torba onda deyil, Faıgdə olmuşdur. Məhkəməyə gələn şahidlər dindirildi, işdə olan mesajlarda da hər şey onun istifadəsi ilə bağlıdır, özünü narkotik vasitənin satışı ilə təqsirli bilmir, istifadəçi kimi özünü təqsirli bilir. Məhkəmədən xəstə və yaşlı anasının olması nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 3-16-17/40/2- 425/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol dizaltı çuxurda tünd bənövşəyi qançır, sağ dizin ön səthində sıyrılmış üzəri qərtməkli yara, qarnın ön divarında köhnə çapıq toxuma aşkar edilmişdir.

20. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan, tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında protokol və aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05:30-da Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edilmişdir. Qəbul olarkən onun üzərinə baxış keçirilmiş və sol dizinin aşağı ətrafında şişkinlik aşkar olunmuşdur. Deməsinə görə bu xəsarəti tutulmamışdan öncə yıxılarkən almışdır.

21. "xxxx" AZ MMC-nin məktubundan görünür ki, ***-***-**-** saylı nömrədən bolt tətbiqi üzərindən 30 sentyabr 2025-02 oktyabr 2025-ci il tarixləri üzrə aparılmış yoxlama nəticəsində hər hansı bir sifariş qeydə alınmamışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

22. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

28. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

30. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

31. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

32. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

33. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

34. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

35. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

37. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

38. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar, çətənə növlü bitkilər 3-15 ədəd (6- 30 hissə) şəxsi istehlak miqdarı, 16-800 ədəd (31-1550 hissə) və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

45. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

46. Qərarın 10-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

47. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

48. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

49. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

50. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

51. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması və digər sübutlar narkotik vasitələrin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Məhkəmə qeyd edilənləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir.

52. Narktoik vasitələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 31-ci bəndi)

53. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 41-44-cü bəndləri)

54. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, torbadaki malın çox olduğunu görüb, onu atıb getdiyini, Faiqin əlində torba telefonla taksi sifariş verdiyini, torbanın Faiqin əlində olduğunu, onun əlində olmadığını, narkotik vasitəni boynuna almadığına görə polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlər göstərildiyini və s. bildirərək özünü təqsirli bilməmişdir.

55. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar, (mesajlar, konumlar, kart nömrələri) və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin onun üzərində olmaması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə bu xəsarəti tutulmamışdan öncə yıxılarkən almışdır. Müdafiə tərəfindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmuyu təqsirləndirilən şəxsin cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 33, 45, 46, 47, 48, 49-cu bəndlərindəki normativ aktlara əsasən).

56. Bundan başqa Təqsirləndirilən şəxs Şahid3 taksi sifariş verdiyini bildirməsi ilə əlaqədar həmin halın araşdırılması məqsədilə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 30 sentyabr 2025-ci il, 01 oktyabr 2025-ci il və 02 oktyabr 2025-ci il tarixlərdə hansı saatlarda və hansı istiqamətlərdə sifarişlərin daxil olması, həmin sifarişlərin nəticəsi barədə sorğu verilmiş, məhkəmənin sorğusu əsasında "xxxx" AZ MMCdən daxil olmuş məktubundan görünür ki, ***-***-**-** saylı nömrədən bolt tətbiqi üzərindən 30 sentyabr 2025- 02 oktyabr 2025-ci il tarixləri üzrə aparılmış yoxlama nəticəsində hər hansı bir sifariş qeydə alınmamışdır. Bu sübut Təqsirləndirilən şəxs həmin ifadələrinə də tənqidi yanaşmağa əsas verir.

57. Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə Şahid3 təqsirləndirilən şəxslə yaxın münasibətdə olması sonuncunun Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni daha inandırıcı hesab edərək həmin ifadəni sübut kimi qəbul edir.

58. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirli olması iş üzrə toplanmış başqa sübutlarla təsdiq edilmir. Belə ki, ittiham tərəfindən məhkəməyə təqdim edilən sübutlarla Təqsirləndirilən şəxs ona elan edilmiş narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin istintaqla müəyyən edilməyən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəli “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə göndərilmiş fotoşəkillərə uyğun olaraq Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş bir ədəd torbada külli miqdarda təmiz çəkisi 3270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda 1108 hissə quru vəziyyətdə ümumi çəkisi 1935 qram olan bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib, saxlayıb daşıması ittihamını təsdiq edən məlumatlar aşkar edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən, sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadəsindəki məlumatlar (məhkəmə istintaqı zamanı tədqiq olunan) belə onun və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının birgə, yəni hər ikisi üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), bir-birini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır.

59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir.

60. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.

61. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1- 223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

63. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda qeyd edilən əməllərinin Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir.

64. Ümumiyyətlə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti məlum olmayan İİR vətəndaşı” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.

65. Cinayət təqibi orqanının Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Təqsirləndirilən şəxs qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.

66. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

67. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.

68. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 30-cu bəndi).

69. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

70. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23, 24, 25, 26-cı bəndləri).

71. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqi 135)

72. Təqsirləndirilən şəxsin qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.

73. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-48/2020 saylı hökmündən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(011)-20/2022 saylı qərarından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-534/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, həmin Qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 02 gün həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 168-183).

74. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

75. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(011)-534/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 gün həbsdə saxlandığı müddət (xx.xx.2024-cü il tarixli hökm üzrə) çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır (qərarın 28-ci bəndi).

76. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).

77. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 oktyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 82-85). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 29, 34, 35-ci bəndləri).

78. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 02 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

79. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

80. İş üzrə maddi sübut olan, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş qalıq çəkiləri 1934,33 qram narkotik təbiətli çətənə bitkisinin hissələri və 3269,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefon özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 36-cı bəndi).

81. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

82. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 158 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 39-cu bəndi).

83. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 36 saat olmaqla ümumilikdə 77 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 77 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 667 manat məbləğində pul köçürülməlidir. (qərarın 37, 38-ci bəndləri).

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-534/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla barəsində 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 gün həbsdə saxlandığı müddət (xx.xx.2024-cü il tarixli hökm üzrə) çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş qalıq çəkiləri 1934,33 qram narkotik təbiətli çətənə bitkisinin hissələri və 3269,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 158 (yüz əlli səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 77 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 667 (altı yüz altmış yeddi) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova

Hakimlər: Fəxri Məmmədov

Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar