Məhkəmə qərarları › İş №1(101)-1042/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1042/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1042/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi: Nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakları ilə 10.06.1991-ci ildə Ağdam rayonunun Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşaq olan, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonunun, Şıxlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, 22.01.2021-ci il tarixdə, saat 18:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ və sürücülük vəsiqəsi olmadan Zərərçəkmiş şəxs2 MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Kia-Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40-50 km sürətlə ünvan 2 ünvanında yerləşən “Saxa Kids” adlı dükanın qarşısındakı yol ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək göstərilən ünvanda həmin yolu soldan sağa keçmək istəyən piyada xx.xx.1963-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia-Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs1 23.01.2021-ci il tarixdə klinikasında ölməsinə səbəb olan baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızmalar, sağ və sol alın-təpə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ diz oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilməyən bədən xəsarətlərin yetirməsinə, habelə “Kia- Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 950 manat maddi ziyanın vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Kia Optima» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 MMC-yə məxsusdur. Həmin avtomobili kreditlə götürmüş və aylıq 565 manat ödəniş edir, lakin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Bu səbəbdən avtomobili Zərərçəkmiş şəxs2 MMC-dən kreditə götürərkən həmin Lizinq tərəfindən avtomobili tanışı X7 idarə etməsi üçün yol vərəqəsi verilmişdir. Avtomobili kreditə götürdükdən sonra özü idarə edirmiş. 22 yanvar 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi «Kia Optima» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq metrosu istiqamətindən gəlib «Kəmalə Nərmin» restoranının qarşısından sağa dönərək Ş.Məmmədova küçəsi ilə hərəkətə başlayan zaman Zərərçəkmiş şəxs1 hərəkətdə olduğu yolun sol hərəkət hissəsindən onun hərtəkətdə olduğu yola qaçaraq yolun sağına keçmək istəyərkən avtomobilin qabaq sol hissəsi ilə onu vurmuşdur. O, avtomobilini saxlayaraq aşağı düşməklə Zərərçəkmiş şəxs1 yaxınlaşıb görmüşdür ki, o, başından xəsarət almışdır. O, tez Zərərçəkmiş şəxs1 avtomobilinə qoyaraq “Medera Hospital”a aparıb xəstəxanaya yerləşdirmişdir. Özü də xəstəxanada qalaraq lazım olan dərmanlar alıb köməkliyini göstərmişdir. Həmin günü saat 01 radələrində Zərərçəkmiş şəxs1 həmin xəstəxanda ölmüşdür. Hadisə ehtiyatsızləqdan baş versə də hazırda əməlindən səmimi peşimandır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, «Kia Optima» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» MMC-yə məxsusdur. Həmin avtomobil 05.11.2020-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən X4 verilmişdir. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs hər ay avtomobil üçün 560 manat 61 qəpik ödəniş edir, müqvilə 05.11.2020-ci il tarixdən hesablanmaqla 36 ay müddətinə bağlanmışdır. Təqsirləndirilən şəxs ərizəsinə əsasən yol vərəqəsi X7 adına verilmişdir. Bununla da həmin avtomobili Ramil Əliyev idarə edə bilərdi. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı üçün ona MMC tərəfindən yol vərəqəsinin verilməsi mümkün olmamışdır. Ödəmələrlə və avtomobillə bağlı MMC-nin Aysel Qəhrəmanovdan şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdirki, mərhum Zərərçəkmiş şəxs1 onun əridir. Mərhum həyat yoldaşı Bakı ərazisində qaynaqçı, məişət əşyaları ustası kimi işləmiş, heç bir xəstəliyi olmamışdır. 22 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Səməndər evdən çıxaraq xəstəxanaya getmiş, həmin günü saat 18 radələrində Səməndərə zəng etmiş, lakin Səməndər cavab verməmişdir. Daha sonra oğlu İlkin ona demişdir ki, atasının mobil telefonuna Medera Hospitaldan cavab verərək bildirmişlər ki, o, avtoqəza keçirib. Hospitala getmişdir. Xəstəxanada həkimlər bildirmişdirlər ki, Səməndərin vəziyyəti ağırdır və 10 faiz yaşama etimalı var, istəyirlərsə əməliyyat etsinlər, o, da razılaşmış, həkimlər bunun üçün onlardan ilkin olaraq 5000 manat pul almışdır. Həmin vaxt Səməndəri avtomobil ilə vuran Aysel adlı xanım da orada olmuş, həmin vaxtı Aysel onlara demişdir ki, onlar depozitə pul qoysunlar, o, səhər pulu qaytaracaq. Səməndər vəfat etmiş, 5000 manat pulun 400 manatını götürə bilmişdir. Sonradan Aysel tərəfindən onlara maddi köməklik göstərilmişdir. Hazırda Aysellə barışmışdır, ondan şikayət və tələbi yoxdur, onu himayəsindəki 2 nəfər körpə uşağına bağışlayır. Cinayət işinin 128-131-ci vərəqlərində olan məhkəmə-yol nəqliyyat ekspertizasının 15.02.2021-ci il tarixli, 8/237 nömrəli rəyindən görünür ki, “Kia Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 132-137-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 23.02.2021-ci il tarixli, 17 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 22.01.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tibbi yardım üçün “Medera Hospital” klinikasına aparılmışdır. Daxil olarkən vəziyyəti ağır olmuşdur. A/T 80/10mm.c.st, nəbzi 1 dəqiqədə 43-44 vurğudur. KT müayinəsi zamanı hər iki tərəfdə alın-təpə sümüyünün sınığı, sağ tərəfli kəskin subdural hematoma, iki tərəfli hemorragik kontuziya, beyin ödəmi aşkarlandı. Xəstə təcili cərrahi əməliyyat olunsa da, hemodinamik göstəriciləri stabil olmadığından əməliyyat dayandırılmış və xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə 23.01.2021-ci il tarixdə saat 01:00-da bioloji ölüm qeydə alınmışdır. Diaqnoz ağır kəllə-beyin travması, beyin ödəmi, bilateral kontuziya, sağ tərəfli kəskin hematoma. Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkarlanmışdır: Baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızmalar, sağ və sol alın-təpə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası; Sağ diz oynağı nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub, onun tibbi yardım üçün “Medera Hospital” klinikasına gətirildiyi 22.01.2021-ci il tarixdə əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızmalar, sağ və sol alın-təpə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sağ diz oynağı nahiyyəsinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 ölümünə səbəb hər iki alıntəpə sümüklərinin xətti sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızmalar nəticəsində baş vermiş baş beyinin travmatik ödəmi olmuşdur. Beləliklə vət. Zərərçəkmiş şəxs1 yetirilən xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs1 ölümü 23.01.2021-ci il tarixdə saat 01:00-da “Medera Hospital” klinikasında baş vermişdir. İlkin meyit əlamətləri ilə həmin vaxt öz təsdiqini tapır. Zərərçəkmiş şəxs1 aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər hərəkətdə olan minik avtomobilinin Zərərçəkmiş şəxs1 vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 sağ bud nahiyyəsində aşkar olmuş inyeksiya yerləri həmin nahiyədə yerləşən venoz damarlarına iynə vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Cinayət işinin 142-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 18.02.2021-ci il tarixli, 2/236-1221 nömrəli məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 10.06.1991ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 71-ci vərəqində olan protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Saxa Kids” adlı dükanın qarşısındakı yoldur. Cinayət işinin 29-46-cı vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və cinayət hadisəsi törətdiyi “Kia-Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 MMC-yə məxsusdur. Cinayət işinin 144-145-ci vərəqlərində olan qərardan görünür ki, “Kia Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üşün Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan halları ilə ilə tam sübuta yetirilir, o, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 58, 101-103-cü vərəqlərində olan protocol və qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 yanvar 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işinin 123-cü vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla himayəsində olan iki nəfər azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cinayət işinin 126-127-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 21.07.2009-cu il təvəllüldü X5 və 17.08.2013-cü il təvəllüdlü X6 təqsirləndirilən şəxs X3 himayəsindədir. Cinayət işinin 140-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 147-ci vərəqində olan arayışdan görünür ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 MMC-yə vurulmuş maddi ziyan ödənilmişdir, ona görə də heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Himayəsində iki nəfər azyaşlı uşağının olaması, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, cinayət nəticəsində dəymiş maddi ziyanın könüllü olaraq aradan qaldırılması, əvvəllər məhkum olunmaması, əməlindən peşman olması, Ağdam rayonundan məcburi köçkün olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmumş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə cəza məsələsini müzakirə edərək, habelə barəsində olan cəzanı yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyədən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, maddi zərərin tam ödənilərək aradan qaldırmaqla zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və Ağdam rayonundan məcburi köçkün olmasını nəzərə almaqla yanaşı, xüsusilə himayəsində iki nəfər azyaşlı uşağının olmaqla həmin uşaqları tək başına böyütməsini və uşaqların həyat şəraitini, valideyn himayəsində olmasını təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CMnin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur, məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olan “Kia Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 23 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün ümumi cəza müddətinə daxil edilərək ondan çıxılmaqla üzərində 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın, Təqsirləndirilən şəxs üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olan “Kia Optima” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar