Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1044/2022 20.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin təhlükəli residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 4A ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 26 mart 2009-cu il tarixdə Heydər Əliyev adına X8 təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə getmiş, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə gedərək həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan X7 rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə daxil olmuş, Təqsirləndirilən şəxs 2010-cu ilin aprel ayınadək həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə döyüş təlimlərində iştirak etmiş və həmin əməllərə görə xarici ölkədə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyətinin davam etdirmək məqsədi ilə 06 oktyabr 2012-ci il tarixdə arvadı Şahid3 və övladları Şahid4, X11, X4 və X1 ilə birlikdə Heydər Əliyev adına X8 təyyarə ilə Bakı-Dubay-İslamabad reysi ilə Pakistan İslam Respublikasının İslamabad şəhərinə, oradan Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə gedərək, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan X2 rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə daxil olmuş, 2013-cü ilin iyun ayınadək qoşulduğu silahlı birləşmənin fəaliyyətində iştirak etmiş və həmin əməllərə görə xarici ölkədə məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 1999-cu ildən İslam dinin Əhli-Sünnə məzhəbinə uyğun ibadət etmiş və özünə “Abdulqafur” dini ləqəbi götürmüşdür. 2001-ci ilin dekabr ayının 30-da Gürcüstanın Pankisi dərəsində olan qanunsuz silahlı dəstələrə qoşulmaq məqsədi ilə həmin ölkəyə getmiş, orada hərbi təlimlərdə iştirak etmiş və 2002-ci ilin sentyabr ayında Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasına gəldikdən sonra qanunsuz silahlı birləşməyə qoşulduğuna görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279-cu maddəsi ilə təqsirləndirilərək həbs olunmuş, 21 iyun 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılmışdır. Sumqayıt şəhər sakini Şahid1 ilə 2005-ci ildən etibarən ümumi tanışlığı olmuşdur. 2009-cu ilin mart ayının əvvəllərində tanışı “Əbdül Malik” ləqəbi ilə xitab etdikləri Zaur adlı Sumqayıt şəhər sakini və Şahid1la birlikdə Sumqayıt şəhərində yerləşən çayxanada görüşləri zamanı Zaur onlara Pakistan ərazisində islam torpaqları uğrunda din qardaşlarının qruplaşmalar şəklində “kafirlər”ə qarşı vuruşduqlarını bildirərək Pakistana gedərək orada döyüşlərdə iştirak edib din qardaşlarına köməklik göstərməyi təklif etmişdir. Onlar da sonuncunun bu təklifinə öz razılıqlarını verdikdən sonra Zaur onlara yaxın günlərdə Pakistan İslam Respublikasına səfər etmək məqsədilə İran İslam Respublikasına gedəcəyini, 26 mart 2009-cu il tarixdə onları Tehran şəhərinin hava limanında gözləyəcəyini bildirmişdir. Bu məqsədlə Şahid1la birlikdə mart ayının ortalarında 26 mart 2009-cu il tarixinə təxminən 120 ABŞ dollarına təyyarə bileti alaraq gözləmişlər. 26 mart 2009-cu il tarixdə saat 09:30 radələrində Şahid1la birlikdə Bakı şəhər aeroportundan təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə yollanmış, ora çatdıqda Zaur onları aeroportda qarşılamışdır. Daha sonra Zaurla birlikdə İran İslam Respublikasının Məşhəd şəhərinə getmiş, 3 həftə həmin şəhərdə qaldıqdan sonra Zaurla birlikdə Zahidan şəhərinə getmişlər. Orada onları fars milliyyətindən olan bələdçi qarşılayaraq yaşadığı evə aparmışdır. Həmin evdə Pakistan İslam Respublikasına getmək istəyən özbək, türkmən və digər milliyyətlərdən olan əlavə 5-6 nəfər də olmuşdur. Bir neçə gün həmin evdə qaldıqdan sonra gecəyarısı pikap tipli avtomobil vasitəsilə Pakistan İslam Respublikası ilə sərhəd ərazisinə gəlmiş, gecə olduğundan görünməmələri üçün avtomobilin bütün işıqları söndürülmüş və onlar yavaş-yavaş hərəkət edərək Pakistan İslam Respublikasının ərazisinə qanunsuz daxil olmuş, təxminən 3 saatlıq yolla Pakistan İslam Respublikasının Taftan şəhərinə getmişlər. Ora çatdıqda onları gətirən bələdçiyə yol haqqı kimi təxminən 150 ABŞ doları pul vermişlər. Həmin şəxs onları Taftan şəhərində başqa bir fars milliyyətindən olan bələdçiyə təhvil vermiş, Taftan şəhərindən isə həmin gün bələdçi ilə Pakistanın Kvetta şəhərinə getmişlər. Kvetta şəhərində həmin bələdçinin evində təxminən bir həftə qalmış, bir həftədən sonra həmin bələdçi ilə birlikdə avtobusla Şimali Vəziristan vilayətinin Miranşah şəhərinə yola düşmüş, təxminən 24 saatlıq yol getdikdən sonra Miranşah şəhərinin Maços kəndinə çatmışlar. Orada onları əvvəlcədən tanıdığı “Abu Hamza” və “Abdurrahman” dini ləqəbli X5rşılamışdır. Orada Zauru axtarsa da tapa bilməmiş, daha sonra Zaurun orada həlak olması xəbərini eşitmişdir. Şahid1 Vüsal Qasımovun rəhbərlik etdiyi camaatda qalmayaraq əslən türk millətindən olan şəxslərin camaatına qoşulmuşdur. Vüsal Qasımov orada 30-40 nəfərdən ibarət azərbaycanlı camaata rəhbərlik etmiş, həmin şəxslərdən Şəki şəhərindən olan “Abdulla” dini ləqəbli şəxs, ləzgi milliyyətindən olan “Abu Tahir” dini ləqəbli şəxs, “Səlahəddin” dini ləqəbli Şahid2, Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Vüqar adlı şəxs və Sumqayıt şəhər sakini Sirac adlı şəxsi xatırladığını bildirmişdir. Vüsal Qasımov sonradan Azərbaycana qayıtmış və burada həbs edilmişdir. Orada olan zaman ona əslən puştun milliyətindən olan şəxs tərəfindən “Kalaşnikov” markalı avtomat, sonradan isə 01 ədəd sandıqça və 30 ədəd 7,62 çaplı patron verilmiş və az müddətdə döyüş təlimlərində iştirak etmişdir. Bir müddət sonra o, Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmiş, bu məqsədlə Miranşah şəhərində olarkən puştun milliyyətindən olan bələdçiyə 300 ABŞ dolları verərək onu İran İslam Respublikası ilə olan sərhəd ərazisinə gətirməyini xahiş etmiş və sonuncunun bələdçiliyi ilə Zahidan şəhərinə gəlmişdir. Oraya çatdıqda həmin bələdçi onu özbək milliyyətindən olan başqa bələdçiyə təhvil vermiş, həmin özbək milliyyətindən olan bələdçinin Zahidan şəhərində yerləşən evində təxminən bir həftə qaldıqdan sonra onu Məşhəd şəhərində yaşayan əslən özbək milliyyətindən olan Əzzam adlı bələdçinin yanına göndərmişdir. Daha sonra o, Əzzam adlı şəxsin Məşhəd şəhərində yerləşən evində təxminən iki həftə müddətində qalmış, iki həftə ərzində Əzzam onun İranda qalmağı ilə bağlı viza sənədlərini həll etdikdən sonra o, 07 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Bir müddət Azərbaycanda qaldıqdan sonra iş tapmadığına və daimi yaşamağa evinin olmadığına görə 2012-ci ilin oktyabr ayında həyat yoldaşı Şahid3, övladları Əmənulla, Əli, Hənifə və Abdulla ilə birlikdə Pakistan İslam Respublikasına getmək qərarına gəlmişdir. Həm özü, həm də ailə üzvləri üçün 3 aylıq müddətə viza verilməsi məqsədilə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyə müraciət etmiş, Viza aldıqdan sonra Bakı-Dubay-İslamabad reysi ilə Pakistanın İslamabad şəhərinə getmişdir. Əvvəlcə bir neçə ay İslamabad və Peşəvər şəhərlərində qalmış, həmin şəhərlərdə biznes fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün, həmçinin pulunun qurtardığını nəzərə alaraq Gürcüstanın Pankisi dərəsindən tanıdığı “Həmzə” dini ləqəbli X12 Vəziristan vilayətinin Miranşah şəhərinin Maços kəndində olduğunu öyrənmiş, sonra ailə üzvləri ilə birlikdə ora getmişdir. X14 5-6 nəfər azərbaycanlılardan ibarət dəstəyə rəhbərlik etdiyini və onlara maliyyə yardımı göstərdiyini bilmişdir. 2012-ci ilin sonlarında məskunlaşdıqları Maços kəndi hökumət qüvvələri tərəfindən bombalanmağa başlanmış, ona görə də ailəsi ilə birlikdə Pakistanın Kvetta şəhərinə köçmüşdür. Təxminən 3-4 ay orada yaşadıqdan sonra iş tapa bilməmiş, Azərbaycana geri qayıtmaq qərarına gəlmişdir. Bundan sonra, viza müddətinin keçməsi ilə əlaqədar yerli idarəyə müraciət etmiş, cərimə ödəməklə sənədlərini qaydasına salmış, Taftan şəhərinə getmiş, oradan isə rəsmi qaydada İran ərazisinə keçmişdir. İlk əvvəl İranın Zahidan şəhərinə, daha sonra isə 22 saatlıq yol qət etdikdən sonra Tehran şəhərinə çatmışdır. Oradan da 13 iyun 2013-cü il tarixdə axşam saatlarında avtobusla Astara sərhəd nəzarət buraxılış məntəqəsindən Azərbaycan ərazisinə, Astaradan da taksi ilə Sumqayıt şəhərinə gəlmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o 2000-ci ildən ibadətlə məşğul olur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ilə 2009-cu ildən etibarən tanışlıq münasibətləri yaranmışdır. 2009-cu ilin mart ayının əvvəllərində tanışı “Əbdül Malik” ləqəbli Zaur adlı Sumqayıt şəhər sakini və Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhərində yerləşən çayxanaların birində görüş zamanı Zaur onlara Pakistan ərazisində islam torpaqları uğrunda din qardaşlarının qruplaşmalar şəklində “kafirlər”ə qarşı vuruşduqlarını bildirərək Pakistana gedərək orada döyüşlərdə iştirak edib din qardaşlarına köməklik göstərmələrini təklif etmişdir. Onlar da sonuncunun bu təklifinə öz razılıqlarını verdikdən sonra Zaur onlara yaxın günlərdə Pakistan İslam Respublikasına səfər etmək məqsədilə İran İslam Respublikasına gedəcəyini və 26 mart 2009-cu il tarixdə onları Tehran şəhər aeroportunda gözləyəcəyini bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxsla 26 mart 2009-cu il tarixinə təyyarə bileti alıb gözləmiş, gözlədiyi ərəfədə xərclərini qarşılamaq üçün istifadəsində olan “Vaz 2106” markalı avtomobilini satmışdır. Ora getmək üçün özü ilə təxminən 1500 ABŞ dolları götürmüş, 26 mart 2009-cu il tarixdə saat 09:30 radələrində Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhər aeroportundan təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə uçmuş, təxminən 2-3 saat sonra ora çatdıqda aeroportda onları Zaur qarşılamışdır. Daha sonra X17 Respublikasının Zahidan şəhərinə yollanmalı olduğunu və xəbər etdikdə onların oraya gəlmələrini tapşırmışdır. Təxminən iki gün Elxanla birlikdə hoteldə qaldıqdan sonra Zaur onlarla əlaqə saxlayaraq Zahidan şəhərinə getmələrini tapşırmış, onlar da avtobusla təxminən 12 saat yol getdikdən sonra birinci Məşhəd şəhərinə, orada bir müddət qaldıqdan sonra isə yola çıxaraq Zahidan şəhərinə getmişlər. Orada onları fars milliyyətindən olan bələdçi qarşılayaraq Zahidan şəhərində öz yaşadığı evə aparmış, həmin evdə Pakistan İslam Respublikasına getmək istəyən özbək, türkmən və digər milliyyətlərdən olan təxminən 5-6 nəfər də olmuşdur. Bir neçə gün həmin evdə qaldıqdan sonra gecəyarısı pikap tipli avtomobil vasitəsilə Pakistan İslam Respublikası ilə sərhəd ərazisində yerləşən Saravan şəhərinə getmiş, gecə olduğundan görünməmələri üçün avtomobilin bütün işıqları söndürülmüş, sərhədi qanunsuz yolla keçərək Pakistan İslam Respublikasının Taftan şəhərinə getmişlər. Ora çatdıqda onları aparan bələdçiyə yol haqqı kimi təxminən 150-200 ABŞ doları pul vəsaiti vermiş, sonuncu da onları Taftan şəhərində başqa bir fars milliyyətindən olan bələdçiyə təhvil vermişdir. Taftan şəhərində isə həmin bələdçinin evində təxminən bir həftə qalmış, sonra həmin bələdçi ilə birlikdə avtobusla Şimali Vəziristan vilayətinin Miranşah şəhərinə yola düşmüşlər. Təxminən 24 saatlıq yol getdikdən sonra Miranşah şəhərinə çatmış, orada onları ilk əvvəl “Abu Hamza” və “Abdurrahman” dini ləqəbli X5rşılamış, o, özünə “Abdurrahman” dini ləqəbini, Təqsirləndirilən şəxs isə özünə “Əbdülqafur” dini ləqəbini götürmüşdür. Lakin gəldikdən sonra oradakı vəziyyətin başqa cür olduğunu, yəni orada olan camaatın narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini gördükdən sonra Vüsal Qasımova Azərbaycana qayıtmaq istədiyini bildirmişdir. Sonuncu isə onunla mübahisə etməyə başlamış və kömək üçün gəldiyini nəzərinə çatdıraraq qayıdacağı təqdirdə onu da “kafir” adlandıracağını bildirmişdir. Təqsirləndirilən şəxs Vüsal Qasımovun rəhbərlik etdiyi silahlı birləşməyə qoşulsa da o, fikrində qəti olduğundan Azərbaycana geri qayıtmaq üçün kömək etməsi məqsədilə “Abuzər” dini ləqəbli türk milliyyətindən olan, həmçinin orada türk milliyyətindən olan şəxslərin üzv olduğu silahlı birləşməyə rəhbərlik edən şəxsə müraciət etmişdir. O isə prosesin uzun çəkəcəyini bildirərək həmin vaxt ərzində onun rəhbərlik etdiyi silahlı birləşməyə qoşulmağı təklif etmiş, o isə razılıq verərək həmin silahlı birləşməyə qoşulmuşdur. Qeyd edilən silahlı birləşmənin 8 nəfərdən ibarət türk milliyyətindən olan üzvü olmuş və o da onlarla bir evdə qalmışdır. “Abuzər” dini ləqəbli şəxs ona təlimlərdə iştirak edə bilməyi üçün RPK tipli avtomat və həmin avtomata məxsus içi patronlarla dolu 5 ədəd sandıqça vermişdir. Həmin silahlı birləşmələrin üzvləri ilə birlikdə təxminən 3-4 ay ərzində döyüş təlimlərində iştirak etmiş, RPK tipli avtomatdan atəş açmağı, eləcə də təhlükəsizlik qaydalarını mənimsəmişdir. Orada olduğu müddət ərzində Əfqanıstanla sərhəd əraziyə dislokasiya olunmuş NATO silahlı qüvvələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmək könüllü olmuşdur. O ilk əvvəl ora həmin döyüşlərdə iştirak etmək məqsədilə getsə də, oradakı vəziyyəti gördükdən sonra həmin fikirdən daşındığından döyüş təlimləri keçməsinə baxmayaraq heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. 2010-cu ilin fevral ayının əvvəllərində “Abuzər” dini ləqəbli şəxs onu Azərbaycan Respublikasına qayıda bilməyi üçün İran İslam Respublikasına qanunsuz keçirmək məqsədilə əfqan milliyyətindən olan bələdçiylə həmin istiqamətdə yola salmış, o da ona təhkim olunmuş RPK tipli avtomat və sandıqçaları “Abuzər” dini ləqəbli şəxsə təhvil vermişdir. Daha iki türk milliyyətindən olan şəxslər də yaşadıqları Türkiyə Respublikasına qayıtmaq istədiklərindən onunla birlikdə yola düşmüşlər. Əfqanıstanla sərhəd ərazisi boyu yerləşən və həmin ölkənin ərazisi hesab olunan Qandahar, Hilmənd və Numroz vilayətlərindən keçərək İran İslam Respublikası ilə sərhəd əraziyə çatmış, İrana keçdikdən sonra Miranşah şəhərindən onunla birlikdə yola çıxan iki türk milliyyətindən olan şəxslərlə İranın Məşhəd şəhərinə gəlmiş, orada türk milliyyətindən olan şəxslər viza məsələsinin həlli üçün bir nəfər başqa şəxslə görüşdükdə, o da artıq təxminən bir il müddətdir ki, ölkəyə girişi olmadığından problem yaranacağını başa düşüb viza vurulması üçün həmin şəxsə ümumvətəndaş pasportunu təqdim etməyə özü razılığıq vermiş və bunun müqabilində 400 ABŞ dolları pulu da həmin şəxsə vermişdir. Həmin şəxs də pasportuna guya Məşhəd şəhərində ziyarətdə olduğunun görünməsi üçün viza vurduraraq qaytarmış, o isə əvvəlcə avtobusla İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisinə gəlmiş və 25 fevral 2010-cu il tarixdə qanuni şəkildə sərhəd nəzarət buraxılış məntəqəsi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna, oradan da təyyarəyə bileti alaraq Bakı şəhərinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2007-ci ildən 2011-ci ilədək Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində yaşayaraq “Ceyşül-Mehdi” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmişdir. 2011-ci ildən 2015-ci ilədək isə Türkiyə Respublikasında yaşamış, 2015-ci ildə Azərbaycan Respublikasına qayıtdığı zaman Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən altı ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 2010-cu ildə Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinin Maços kəndində olarkən “Abu Hamza” dini ləqəbli X7 rəhbərlik etdiyi dəstənin tərkibində fəaliyyət göstərən, əsasən azərbaycanlılardan ibarət qanunsuz silahlı birləşmənin tərkibində iştirak edərkən gördüyünü bildirmişdir. Şahid1 Sumqayıt şəhərində yaşayan dindar şəxs kimi tanımış, sonuncunu Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə getməsini sonradan bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 1999-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və 2000-ci ildən də İslam dinin “Əhli Sünnə” məzhəbinə uyğun ibadət emişdir. O, Təqsirləndirilən şəxs da İslam dinin “Əhli Sünnə” məzhəbinə uyğun ibadətlə məşğul olduğunu, Təqsirləndirilən şəxs 2001-ci ilin dekabr ayında çeçen döyüşçülərə qoşulmaq üçün Gürcüstanın Pankisi dərəsi adlanan əraziyə getdiyini və 2002-ci ilin avqust ayında geri döndüyünü, 2002-ci ilin sentyabr ayında həbs edildiyini, 2005-ci ildə həbsdən azadlığa çıxdığını, 2009-cu ilin mart ayında islam döyüşçülərinə qoşulmaq üçün Pakistan İslam Respublikasına getdiyini və 2010-cu ilin aprel ayında isə Azərbaycan Respublikasına geri dönmüşdür. Həyat yoldaşı Təqsirləndirilən şəxs iş tapmadığına və daimi yaşamağa evlərinin olmadığına görə 2012-ci ilin oktyabr ayında övladları Əmənullah, Əli, Hənifə və Abdulla ilə birlikdə Pakistan İslam Respublikasına getmək qərarına gəlmişlər. Üç aylıq müddətə viza aldıqdan sonra Bakı- Dubay-İslamabad reysi ilə Pakistanın İslamabad şəhərinə getmiş, bir neçə ay İslamabad və Peşəvər şəhərlərində yaşamışlar. Həmin şəhərlərdə Elxan biznes fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün, sonuncunun tanışı X2 yaşadığı Şimali Vəziristan vilayətinin Miranşah şəhərinin Maços kəndinə gəlmişlər. 2012-ci ilin sonlarında məskunlaşdıqları Maços kəndi ərazi hökümət qüvvələri tərəfindən bombalanmağa başlanmış və ona görə də onlar Pakistanın Kvetta şəhərinə köçmüş, 3-4 ay orada yaşadıqdan sonra Elxan iş tapa bilmədiyinə görə Azərbaycana geri qayıtmaq qərara gəlmişdir. Bundan sonra, viza müddətləri bitdiyinə görə yerli idarəyə müraciət edərək cərimə ödəməklə sənədlərini qaydasına salıb Taftan şəhərinə, oradan isə rəsmi qaydada İran İslam Respublikasının ərazisinə, oradan da 13 iyun 2013-cü il tarixdə axşam saatlarında avtobusla Astara sərhəd nəzarət buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişlər. Şahid3 həmçinin bildirmişdir ki, Şimali Vəziristan vilayətinin Miranşah şəhərinin Maços kəndinə olan zaman Təqsirləndirilən şəxs fəaliyyəti barədə məlumatı olmamış, yalnız evdə olmaqla övladlarının qayğısı ilə məşğul olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2012-ci ilin oktyabr ayında 12 yaşında olan zaman atası Təqsirləndirilən şəxs, anası Şahid3 və bacıqardaşları ilə birlikdə Pakistan İslam Respublikasına getmiş, 2013-cü ilin iyun ayında Azərbaycana qayıtmışlar. Şahid4 həmçinin bildirmişdir ki, atasının dostu olan X3 Pakistan İslam Respublikasında görmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7-341 saylı məktubla İstintaq baş idarəsinə daxil olmuş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2022-ci il tarixli 102 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əmənula oğlu hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, i.v. 14-16) İş materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçmə barədə tələbnamədən görünür ki, o, 26 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasını İran İslam Respublikası istiqamətində tərk etmiş və 07 aprel 2010-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına geri qayıtmış, 26 oktyabr 2012-ci il tarixdə yenidən Azərbaycan Respublikasını Birləşmiş Ərəb Əmirliyi istiqamətində tərk etmiş və 13 iyun 2013-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına geri qayıtmışdır. (cild 1, i.v. 19) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “fotoşəkil üzrə tanınma haqqında” protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş fotocədvəldə əks edilmiş şəxslərdən Təqsirləndirilən şəxs tanımış və onunla birlikdə Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiyini bildirmişdir. (cild 1, i.v. 55-59) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “fotoşəkil üzrə tanınma haqqında” protokoldan görünür ki, Şahid2 Rəsul oğlu ona təqdim edilmiş fotocədvəllərdə əks edilmiş şəxslərdən Təqsirləndirilən şəxs tanımış və onun Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində X7 başçılıq etdiyi qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiklərini bildirmişdir. (cild 2, i.v. 34-43) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində iştirakı ilə bağlı digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmamışdır. Ona görə də, təqsirləndirilən şəxsin qanunla qadağan edilmiş ictimai-təhlükəli əməli xarici ölkə ərazilərində törətməsi AR Cinayət Məcəlləsinin ümumi hissəsinə əsasən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsəsən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. İş materiallarında olan AR Xarici İşlər Nazirliyinin xx.xx.2014-cü il tarixli 4/15- 5144/15/14 saylı məktubuna əlavə edilmiş Pakistan İslam Respublikasının 20 avqust 1997-ci il tarixli Anti-terror aktının 11-ci maddəsinin F bəndinin 1-ci hissəsinə görə, şəxs qeyri-qanuni təşkilata aiddirsə və ya aid olduğunu bəyan edirsə, cinayətdə təqsirlidir. Həmin aktın 11-ci maddəsinin F bəndinin 2-ci hissəsinə görə, 1-ci hissədə göstərilən cinayət təqsirli bilinən şəxs altı aydan artıq olmayan müddətə cəza və ya cərimə ilə cəzalandırılır. (cild 01, i.v. 210-213) Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə AR CM-nin 279.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2005-ci il tarixli 253 nömrəli əfv fərmanına əsasən azad olunmuşdur. (cild 01, iş vərəqə 213-214) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsində göstərilmişdir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur, həmçinin məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, lakin məhkumluğunun ödənilməməsi və ya götürülməməsi halında onun yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla təyin edilməlidir. Odur ki, qüvvədə olan cinayət qanunu məhkumluq müddətlərini cinayətlərin kateqoriya mənsubiyyətinə görə müəyyən etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin 661 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, i.v. 23) Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını isə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tutulma haqqında” protokol və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-11/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, i.v. 32-33, 60-61, 112-115) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1044/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1044/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver