Məhkəmə qərarları › İş №1(101)-1045/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1045/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1045/2021 05.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərəçəkmiş şəxslərin nümayəndəsi, fərdi qayda fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1959-cu ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Merzifon şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 17 iyun 2017-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı“ nəzarət-buraxılış məntəqəsindən keçirməklə Merzifon şəhərinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 19 iyun 2017-ci il tarixdən 02 iyul 2017-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Merzifon şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 17 iyun 2017-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı“ nəzarət-buraxılış məntəqəsindən keçirməklə Merzifon şəhərinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 19 iyun 2017-ci il tarixdən 02 iyul 2017-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü təqsirli olaraq bildiyi hərəkəti Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasına aparmağı olmuşdur. O, Xudat rayonunda yaşayır və evini kirayə verməklə gəlir əldə edir. İlkin olaraq o, Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 1 həftə onun evində kirayə qalmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs2 2 yaşında olan oğlan uşağına dayəlik etmişdir. Zərərçəkmiş şəxs2 ona dayəlik etməyinin qarşılığında pul vermiş, lakin daha sonra pulu ödəyə bilmədiyinə görə ona 450 manat borcu olmuşdur. Onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 harada işləməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 onun bir neçə dəfə Türkiyəyə gedib orada təmizlik işləri görməsini bilmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 ondan özünü Türkiyə Respublikasına aparmağını xahiş etmişdir. Türkiyəyə getmək üçün Bakı şəhərinə gəlmişlər və avtobus biletlərini ona Zərərçəkmiş şəxs1 almışdır. Onlar yəni, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və o, Bakı şəhərindən avtobusla Türkiyə Respublikasının Merzifon şəhərinə getmişlər və orada kirayə evdə qalmışlar. O, əvvəlcədən tanıdığı Yavuz adlı Türkiyə Respublikası vətəndaşı ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanış etmişdir. Yavuz adlı şəxsin Türkiyə Respublikasının Merzifon şəhərində müxtəlif obyektlərdə təmizlik işlərinin görülməsi üçün fəaliyyət göstərən şirkəti olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Yavuz adlı şəxslə danışdıqdan sonra onu buradan uzaqlaşdırmağa çalışmışlar. Bu hadisədən sonra da o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrılıb Azərbaycana geri qayıtmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsi istismara cəlb etməmişdir, onları Türkiyə Respublikasına getməyə məcbur etməmişdir. Onun məqsədi Türkiyə Respublikasına gedib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş tapmaq olmuşdur. Zərərçəkmiş şəxs2 işləyib ona olan borcunu ödədikdən sonra o, Azərbaycana geri qayıtmağı planlaşdırmışdır. Zərərçəkmiş şəxs2 ona olan borcunu ödəməmiş, ona görə də o, Azərbaycana geri qayıtmışdır. Onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kişilərlə görüşməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona pul verməmişlər. Onun Yavuz adlı şəxslə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsi istismarı qarşılığında gəlir əldə etmə barədə razılaşması olmamışdır. O, bu hadisədən öncə Türkiyə Respublikasına 5-10 dəfə getmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Yavuz adlı şəxslə danışmış və işləmək üçün ofislərə yaxınlaşıb iş axtarmamışlar. Onlar Türkiyə Respublikasında ev kirayə götürmüş və 3-4 gün birlikdə orada qalmışlar. Kirayə pulunu o ödəməmişdir və Azərbaycana qayıtdığına görə kirayə pulunu kimin ödədiyini bilmir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məqsədlərini bildikdən sonra Türkiyə Respublikasından getmişdir. Yavuz adlı şəxs ona heç vaxt Türkiyəyə Azərbaycandan qadın gətirməyini istəməmişdir. Zərərçəkmiş şəxs2 ona olan borcunu hələ də ödəməmişdir. Bununla belə, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifasdəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2007-ci ildən Türkiyə Respublikasına təmizlik işləri görmək üçün gedib-gəlmiş, eyni zamanda ticarətlə məşğul olmaq, müalicə üçün Rusiya və İran İslam Respublikasına getmişdir. 2016-cı ilin sonlarında Nabran qəsəbəsində xatırlamadığı restoranda aşpaz işləyərkən Zərərçəkmiş şəxs1 da qabyuyan işləmiş, sonuncu ona yaxınlıq etmiş və münasibətləri yaranmış, yaşlı insan olduğu üçün arabir Aynurə ona köməklik etmək üçün yaşadığı ünvana gəlmiş, ev işlərini görmüşdür. Aynurənin vasitəsilə Zərərçəkmiş şəxs2 tanımış, Aynurə ona bildirmişdir ki, Cəmilə adlı tanışı var, fahişəliklə məşğul olur, uşağına baxa bilmir, Cəmilənin uşağına baxsın, pulunu verəcəkdir. Bundan sonra Cəmilə uşağını onun yanına qoyub özü gecələr kişilərlə görüşməyə getmişdir. 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 və Aynurə ondan xahiş etmişlər ki, sonuncuları Türkiyəyə aparsın, orada fahişəliklə məşğul olmaq istəyirlər. Həmin vaxt Cəmilənin ona uşağa baxmağa görə borcu olmuş, Aynurə də pulu olmadığı üçün yol pulunu ondan alacaqdı. O da etiraz etməmiş, 17 iyun 2017-ci il tarixdə birlikdə Türkiyənin Merzifon şəhərinə getmişlər. Merzifonda ev kirayə götürdükdən sonra Zərərçəkmiş şəxs2 və Aynurə fahişəliklə məşğul olmağa başlamış, o isə sonuncuların ona olan borcunu yığmışdır. 5-6 gün həmin qadınlarla qaldıqdan sonra xatırlamadığı səbəbdən pula görə mübahisə olmuş, o İstanbul şəhərinə getmiş, Zərərçəkmiş şəxs2 və Aynurə isə Merzifonda qalmışlar. 07 mart 2018-ci il tarixdə Azərbaycana qayıtmış, Azərbaycana, yaşadığı Xudat şəhərinə gəldikdən bir müddət sonra Aynurə evinə gəlmiş, ona baş çəkdikdən sonra da çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs2 və Aynurənin fahişəliklə məşğul olduqlarını bilmiş, özləri ondan xahiş etmişlər ki, Türkiyənin yolunu onlara göstərsin, o da etiraz etməmişdir (cild 1, iş vərəqi 76-78, 113-114). Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunda yaşayır və ofisiant olaraq işləyir. O, Təqsirləndirilən şəxs ilə Nabran şəhərində tanış olmuşdur. O zaman Təqsirləndirilən şəxs onun işlədiyi və adını xatırlamadığı restoranda aşpaz olaraq işləmişdir. Evi işlədiyi restorandan uzaqda yerləşdiyi üçün Təqsirləndirilən şəxs ona özünün evində qalmasını və işə birlikdə gedib-gəlməsini təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və bir müddət sonuncunun evində yaşamışdır. O, Təqsirləndirilən şəxs evində yaşadığı müddətdə sonunsuya pul verməmiş, ancaq ərzaq məhsulları alıb vermişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 bir-biriləri ilə o, tanış etməmiş, onlar bir-birini əvvəlcədən tanımışlar. O, Nabranda ofisiant kimi işlədiyi yerdən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs də həmin restorandan işdən çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs dayə kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 uşağına dayəlik etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona Təqsirləndirilən şəxs tez-tez Türkiyə Respublikasına gedib orada işləməsi və yaxşı gəlir əldə etməsi barədə bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə Türkiyəyə gedib işləmək üçün razılaşmışdır. Bu onun Türkiyəyə ilk gedişi olduğu üçün özünə xarici pasport almışdır. Türkiyəyə getmək üçün Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və o birlikdə Beynəlxalq avtovağzaldan eyni avtobusla yola düşmüşlər, lakin hər biri biletlərini ayrılıqda özləri almışlar. Onlar Türkiyə Respublikasında yerləşən Merzifon şəhərinə gelmişlər. Şəhərə çatanda Yavuz adlı şəxs onları qarşılamış və maşınla bağ evinə aparmışdır. Təqsirləndirilən şəxs hətta Azərbaycanda olarkən Yavuz adlı şəxslə əlaqə saxlamış və onun da Yavuz adlı şəxslə telefon danışığı olmuşdur. Onlar Yavuz adlı şəxsin evinə çatdıqdan bir neçə saat sonra Yavuz tanımadıqları kişilərə zəng etmiş və onları bağ evinə dəvət etmişdir. Təqsirləndirilən şəxs onların xarici pasportlarını avtobusdan düşəndə itirməmələri üçün onlardan götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onlara burada pul müqabilində kişilərlə cinsi əlaqədə olmalı olduqlarını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs etiraz edəndə Təqsirləndirilən şəxs onların Təqsirləndirilən şəxs pul verməli və buna görə də bu işlə məşğul olmağa məcbur olmaları barədə bildirmişdir. Onlar orada 10 gün müddətində istismar edilmişlər. Onlar xarici pasportlarını 10 gündən sonra Zərərçəkmiş şəxs2 almışlar. 10 gündən sonra Təqsirləndirilən şəxs onları istismar etməklə əldə etdiyi pulları götürüb getmişdir. Onlar yəni, Zərərçəkmiş şəxs2 və o, Yavuz adlı şəxsin evində qalmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs Türkiyəyə getmək üçün onu məcbur etməmişdir. Təqsirləndirilən şəxs ona Türkiyədə yaxşı iş yerləri olduğunu bildirmiş, o da könüllü olaraq Təqsirləndirilən şəxs ilə birlikdə Türkiyəyə getmişdir. O, gündə 8-10 kişi ilə cinsi əlaqədə olmuşdur. Kişilərdən bütün pulu Təqsirləndirilən şəxs almış və onlara pul verməmişdir. Orada olarkən Təqsirləndirilən şəxs pul hesabları olan dəftəri olmuş və kişilərdən aldığı pulları dəftərə yazmışdır. Təqsirləndirilən şəxs ilə Yavuz adlı şəxs onları istismar edərək əldə etdiyi pulları bərabər bölüşmüşlər. Onun Təqsirləndirilən şəxs onları cinsi istismar qarşılığında kişilərdən nə qədər pul alması barədə məlumatı yoxdur. Elə olmuşdur ki, o, kişilərlə cinsi əlaqəyə daxil olmaqdan imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun üstünə düşüb onu danlamış və fikrindən çəkindirmişdir. Onlar Təqsirləndirilən şəxs getdikdən sonra 2-3 gün Merzifonda işləyib pul toplayıb Azərbaycana qayıtmışlar. Onlar ilk olaraq Təqsirləndirilən şəxs şikayət etməkdən qorxmuşlar. Ona görə də Azərbaycana çatan kimi şikayət etməmişlər. Təqsirləndirilən şəxs Azərbaycana qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxs yanına getmiş və Türkiyədə işlədiyi vaxt onu istismar edib aldığı pulları geri qaytarmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs onu cinsi istismara cəlb etdiyinə görə şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi, o, Xaçmaz şəhərində yaşayır və 3 övladı vardır. O, Təqsirləndirilən şəxs ilə tanış olanda Xudat şəhərində kafedə xadimə və ofisiant olaraq işləmişdir. İşlədiyi üçün uşağına baxa bilməmiş və buna görə də başqa şəxsin ona dayə kimi məsləhət gördüyü üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs ilə günlük 10 manat olmaqla, uşağına dayəlik etməsi barədə razılıq əldə etmişdir. Onun qazancı az olduğuna görə Təqsirləndirilən şəxs borclu olmuşdur. Onun Təqsirləndirilən şəxs ümumilikdə 450 manat borcu olmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, özü tez-tez Türkiyə Respublikasına gedib orada işləyir və yaxşı gəlir əldə edir. O da Təqsirləndirilən şəxs olan borcunu ödəmək və gəlir əldə etmək üçün Türkiyəyə getməyə razılaşmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, Türkiyədə təmizlik işləri görmək və ya xəstələrə qulluq etməklə yaxşı gəlir əldə edə biləcəkdir. O, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs vasitəsilə Türkiyəyə getməzdən əvvəl tanış olmuşdur. Bu onun Türkiyəyə ilk gedişi olduğu üçün özünə xarici pasport almışdır. Türkiyəyə getmək üçün Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və o birlikdə Beynəlxalq avtovağzaldan eyni avtobusla yola düşmüşlər, lakin hər biri biletlərini ayrılıqda almışlar. Onlar Türkiyə Respublikasında yerləşən Merzifon şəhərinə getmişlər. Şəhərə çatanda Yavuz adlı şəxs onları qarşılamış və maşınla bağ evinə aparmışdır. Təqsirləndirilən şəxs bir neçə gün burada qalmağı, daha sonra kirayə ev tutmağı məsləhət görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, onlar burada pul müqabilində kişilərlə cinsi əlaqədə olacaqlar. Onlar Təqsirləndirilən şəxs etiraz edəndə Təqsirləndirilən şəxs bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs pul verməlidirlər və buna görə də bu işlə məşğul olmağa məcburdurlar. Onlar orada 10 gün müddətində istismar edilmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs 450 manat borcu ödəməsi üçün onu kişilərlə cinsi əlaqəyə məcbur etmişdir. O, gündə 3-4 kişi ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onları cinsi istismar qarşılığında kişilərdən nə qədər pul alması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu cinsi istismar etdirməklə ona olan borcunu artıqlaması ilə almış, ona isə ancaq 50 türk lirəsi vermişdir. O, kişilərlə cinsi əlaqəyə daxil olmaqdan imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun üstünə düşüb onu danlamış və fikrindən çəkindirmişdir. Ancaq elə olmuşdur ki, o, kişilərdən bəzilərinin xoşuna gəlməmişdir. Ona görə bəziləri onunla cinsi əlaqədə olmamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 02 fevral 2021-ci il tarixli protokol və DİN İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrindən görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2017-ci il tarixdə saat 19:48 dəqiqədə C 01259387 nömrəli ümumivətəndaş pasportundan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 07 mart 2018-ci il tarixdə saat 15:27 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 17 iyun 2017-ci il tarixdə saat 20:13 dəqiqədə C 00062840 nömrəli ümumivətəndaş pasportundan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 02 iyul 2017-ci il tarixdə saat 20:39 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 17 iyun 2017-ci il tarixdə saat 19:46 dəqiqədə C 01376428 nömrəli ümumivətəndaş pasportundan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 02 iyul 2017-ci il tarixdə saat 20:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur (cild 1, iş vərəqi 14,19, 24-26, 29-30) . İşdə olan və məhkəmə istintaqınnda tədqiq edilmi 18 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini, habelə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 79-82). İşdə olan və məhkəmə istintaqında tədqiq edilən 18 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini, habelə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 83-86) . İşdə olan 15.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 38). İşdə olan 20.02.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 56). İşdə olan 27 mart 2021-ci il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surətləri çıxarılmaqla şəxsiyyəti istintaqla araşdırılan Aysu adlı şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 144- 1.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi alınmışıdr (cild 1, iş vərəqi 119-120) . Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 32). İşdə olan Xudat şəhəri İƏD üzrə nümayəndəliyinin tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xudat şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 69). İşdə olan 18 mart 2021-ci il tarixli qərardan və başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 115-118) . Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsi istismara cəlb etməməsi, onun məqsədinin Türkiyə Respublikasına gedib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş tapmaq olması, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kişilərlə görüşməsi barədə məlumatının olmaması, Yavuz adlı şəxslə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsi istismarı qarşılığında gəlir əldə edilməsi barədə razılaşması olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, işin halları ilə uzlaşmadığından onları qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayətin halları (Merzifonda ev kirayə götürdükdən sonra Zərərçəkmiş şəxs2 və Aynurə fahişəliklə məşğul olmağa başlaması, onun isə sonuncuların ona olan borcunu yığması) barədə həqiqətə daha yaxın ifadələr vermişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətməsi kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı 05 iyul 2021-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar