Məhkəmə qərarları › İş №1(101)-1045/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1045/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1045/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(003)-419/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 7(022)-943/2021 saylı qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 8 may 2024-cü il tarixdə, saat 10:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 59,893 qram çəkidə narkotik vasitə heroini əldə edərək daşımaqla bükümlərə bölüb bir qismini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanında saxlamış, 3 avqust 2023-cü il tarixdə, saat 23:35 radələrində yaşadığı həmin ünvanın yaxınlığında piyada hərəkət edərkən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,997 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra 4 avqust 2023-cü il tarixdə, saat 02:10 radələrində Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı ünvan 1 ünvanında baxış keçirilərkən həyətə girişdən sol tərəfdə yerləşən yarım tikilidə divardan asılmış 1 (bir) ədəd qırmızı rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi külli miqdarda 54,896 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan narkotik vasitə heroin və 3 (üç) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən gecə saat 23 radələrində evinin qarşısında saxlanılmış, saxlanılarkən üzərində iki büküm olmaqla ümumilikdə 5 qrama yaxın narkotik vasitə heroin olmuş, lakin yaşadığı evdə hər hansı narkotik vasitə olmamışdır. Belə ki, o, yaşadığı evin qarşısında aldığı qumu komalayarkən polislər ona yaxınlaşıb evinin giriş qapısının qarşısında saxlayaraq evin həyətinə salmışlar. Həmin vaxt arvadı və 13 yaşlı qızı evdə olsa da, sonuncular onun polislərlə birlikdə evin həyətinə daxil olmasını görməmişdir. Tutularkən üzərində iş gördüyü çirkli paltarı olmuş, həmin vəziyyətdə də polis bölməsinə aparılmışdır. Polislər müdafiəçisi olmadan birbaşa evə daxil olaraq evdəki əşyaları dağıdıb tökmüş, bu zaman azyaşlı qızı yatmış, arvadı isə onun tutulma prosesini görmüş, polislər qızının və arvadının mobil telefonlarını götürdüyündən sonuncular “102 qaynar xəttinə” zəng edə bilməmişlər. O, polis əməkdaşları tərəfindən həm evdə qızının yanında, həm də çöldə döyülməklə fiziki təzyiqlərə məruz qalmış, bu səbəbdən polislərin qarşısına qoyduğu sellofanı götürərək sonuncuların dedikləri ilə razılaşmışdır. Polislər onu əlləri bağlı halda başından vurmaqla döymüş, prokurorluqda döyülməsi ilə bağlı izahatı alınmış, lakin bu barədə haqqında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəməyə məlumat verməmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, onun atası saatsaz olmuş, evindən aşkar olunmuş mobil telefonların hamısı yararsız olmaqla həmin telefonların korpusundan detal kimi istifadə olunması üçün saxlamış, polislər həmin telefon və saatları topladıqdan sonra videoçəkiliş aparılmaqla sellofanlara yığmışlar. Aşkar edilmiş saatlar qızıl olmamaqla, onlardan sırğa, qolbaq və üzük arvadı ilə qızına məxsusdur. Polislər evdə axtarış apararkən narkotik vasitə tapmadıqlarından onu döyərək narkotik vasitələrin harada olması barədə soruşmuşlar. Belə ki, həmin vaxt böyük oğlu işdən gəlib qapını döymüş, lakin polislər qapını açmamışlar. Evdə təxminən 2 saatlıq proses bitdikdən sonra o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə (bundan sonra mətndə - Binəqədi RPİ-nin 43-cü PB) aparılmışdır. Polislər onu təlimatlandıraraq ondan narkotik vasitənin harada olduğunu soruşduqda sellofanı göstərməli olduğunu izah etmiş, videoçəkiliş zamanı ondan nə və necə tələb edilmişdirsə elə də etmiş və demişdir. İbtidai istintaq zamanı təzyiqlərə məruz qalması barədə arvadı heç kəsə şikayət etməmişdir. Qonşuların hadisənin şahidi olub-olmamasını isə bilmir. Onda ümumiyyətlə videoregistrator olmamışdır. Onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuş, həmin nömrəyə yazılan sms-mesajları Əhməd adlı şəxs yazmış, sonuncu taksi kimi onu harasa apardıqda pul əvəzinə narkotik vasitə almışdır. Aşkar edilmiş 3 ədəd tərəzidən biri işlək vəziyyətdə olmuş, həmin tərəzidən narkotik vasitə istifadə edərkən ölçü götürmək üçün istifadə etmişdir. Evindən aşkar edilmiş narkotik vasitələr isə polislər tərəfindən qoyulmuşdur.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, əvvəllər bir dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Narkotik vasitələrin heroin növündən istifadə edir. Təxminən 6 ay əvvəl sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Rza ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, əgər istəsə ona lazım olduqca narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Razılaşmaya əsasən ona narkotik vasitə lazım olduqca o, Rza ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Belə ki, o özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Rzanın istifadəsində olan +98-***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. O, Rzanın göndərdiyi bank kartlarına pul göndərdikdən sonra Rza ona əvvəlcədən narkotik vasitə heroinin atılmış xüsusi yerlərinin şəklini və ünvanını göndərərək heroini əldə edə biləcəyini söyləmişdir. O da həmin yerlərə gedərək narkotik vasitə olan heroini əldə etmişdir. Sonuncu dəfə təxminən bir həftə əvvəl 500 manat məbləğində pul vəsaitini Rzanın göndərdiyi karta göndərmişdir. Daha sonra isə Rza ona Nəsimi rayonu ərazisində tanımadığı, əvvəlcədən xüsusi işarələnmiş yerin koordinatlarını göndərmişdir. O da həmin yerə gedərək Rzanın göndərdiyi narkotik vasitə olan heroini əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni bükümlərə bölərək bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 87, ev 286A ünvanında saxlamışdır. 3 avqust 2023-cü il tarixdə, təxminən saat 23:35 radələrində yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 87, ev 286A ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** mobil telefon nömrəsi olan “Redmi” markalı mobil telefon və 1 ədəd yaşadığı ünvanın açarını təqdim etmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzi ilə çəkilmiş və çəkisinin 5 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd açar və pul ona geri qaytarılmışdır. Sorğu zamanı o, üzərində olan narkotik vasitə heroinin qalan hissəsini yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 87, ev 286A ünvanında saxladığını söyləmişdir. Onun razılıq ərizəsi əsasında Binəqədi rayonunda yerləşən ünvanına baxış keçirilmişdir. Baxış zamanı həyətə girişdən sol tərəfdə yerləşən yarım tikilidə divardan asılmış 1 ədəd qırmızı rəngli sellofan torbanı və içərisində narkotik vasitələrin satışı müqabilində əldə etdiyi əşyalar olan 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin qırmızı rəngli torbaya baxış keçirilən zaman içərisindən 3 ədəd elektron tərəzi və 1 büküm də heroin aşkar edilmişdir. Təqdim etdiyi 1 bükümdəki heroin elektron tərəzi ilə çəkilmiş və çəkisinin 58 qram olması müəyyən edilmişdir. Həmin büküm və elektron tərəzilər zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra təqdim etdiyi göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 51 ədəd müxtəlif növ saat, 17 ədəd mobil telefon, 1 ədəd monitor, 7 ədəd boyubağı, 2 ədəd qolbaq, 6 ədəd üzük, 1 cüt və 5 ədəd tək sırğa olması müəyyən edilmişdir. Sorğu zamanı o, üzərindən və yaşadığı evdən aşkar edilən maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni İran İslam Respublikası vətədaşı “Rza” adlı şəxsin vasitəsilə həm öz istifadəsi, həm də satmaq üçün 500 manata Bakı şəhəri, Nəsimi rayonu ərazisindən 1 həftə öncə əldə etdiyini, 2 ilə yaxındır narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, həmin maddəni əldə etdiyi şəxs olan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin mobil telefon nömrəsini telefonunda qeyd etdiyini, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini, təqdim etdiyi göy rəngli sellofan torbadan aşkar edilmiş əşyaları isə narkotik vasitə istifadəçilərinə verdiyi narkotik vasitələrin əvəzində aldığını bildirmişdir. İstifadəsində olmuş mobil telefon nömrəsi ilə narkotik vasitə və ya psixotrop maddə ilə bağlı sms-mesajlar yazdığı və ya ona yazmış şəxsləri xatırlamır, həmin şəxslər ondan narkotik vasitə alan şəxslər olmuşlar (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 37-38; 48-51; 67-70; 138-139).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xidmət etdiyi idarəyə etimad doğuran və qərəzsiz mənbədən xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 3 avqust 2023-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən Baş İdarə rəhbərliyinə raportla müraciət olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 3 avqust 2023cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 23:35 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən vaxt bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığından saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, sonra hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində və paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın, habelə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyanın və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə baş idarə rəhbərliyinə məruzə edilmiş, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Vüsal Həsənquliyevə təhvil vermişlər. Bundan sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və onun iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, sol yan cibindən bir ədəd yaşadığı ünvanın açarını və bir ədəd içərisində ***-***-**-** mobil telefon nömrəsi olan “Redmi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs sellofan bükümün içərisində olan kütlənin heroin olduğunu, həmin maddəni təxminən bir həftə öncə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Rza” adlı İran İslam Respublikası vətəndaşı olan şəxsdən əldə etdiyini, həmin şəxsi 6 aya yaxın müddətdir tanıdığını, Rzanın mobil telefon nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddənin yarısını öz istifadəsi üçün, digər yarısını isə satmaq üçün əldə etdiyini, bundan öncə 1 dəfə eyni əməli törətdiyini, yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evində də narkotik vasitələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, özünün iki ilə yaxın müddətdir narkotik maddə istifadəçisi olduğunu, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olarkən onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmin bükümdə olan narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi vasitəsi ilə təhqiqatçı tərəfindən çəkilmiş və çəkisinin 5 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan büküm təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən götürülərək kağız zərfə qoyulub qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 7 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalarla təsdiq olunmuşdur. Bundan sonra əməliyyataxtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Həmin ünvanda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, müdafiəçisinin və onların iştirakı ilə evinə baxış keçirilmişdir. Ünvana baxış keçirilməzdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həyətə girişdən sol tərəfdə yerləşən yarım tikiliyə daxil olaraq divardan asılmış 1 ədəd qırmızı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitənin qalan hissəsinin olmasını və yerdən isə 1 ədəd göy rəngli sellofan torbanı təqdim edərək içərisində verdiyi narkotik vasitənin müqabilində əldə etdiyi əşyalar olduğunu söyləmişdir. Qırmızı rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 3 ədəd elektron tərəzi və 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və çəkisinin 58 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə kağız zərfdə qablaşdırılmış və götürülmüşdür. Bundan sonra təqdim edilmiş göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 51 ədəd müxtəlif növ qol saatı, 1 ədəd planşet, 17 ədəd müxtəlif növ mobil telefon, 1 ədəd video registrator monitoru, 7 ədəd boyunbağı, 2 ədəd qolbaq, 6 ədəd üzük, 1 cüt və 5 ədəd tək halda olan sırğa aşkar edilmişdir. Həmin əşyalar 1 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə həm öz istifadəsi, həm də satmaq üçün əldə etdiyini, 2 ilə yaxındır narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını, üzərindən aşkar edilmiş maddəni də evindən aşkar edilmiş kütlələrdən götürdüyünü, həmin “Rza” adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir.

8. Verilən suallara cavaba olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, yaradılmış əməliyyat qrupunun rəhbəri olan Şahid1lə birlikdə Təqsirləndirilən şəxs gecə saat 22-23 radələrində evindən təxminən 30-50 metr məsafədə piyada hərəkət edən zaman saxlamış, saxladıqdan sonra 43-cü PB-yə aparmış, orada üzərində şəxsi axtarış istintaq hərəkəti aparıldıqdan sonra evinə yollanmışlar. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə, eləcə də evində keçirilmiş baxış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitələrə etiraz etməmişdir. Daxil olmuş əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuş, əməliyyat məlumatında sonuncunun evində narkotik vasitələri saxlaması ilə bağlı məlumatın olub-olmamasından xəbəri olmamışdır. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, Binəqədi rayonu ərazisində yaşadığını, orta boylu olmasını bildirməklə xarici görünüşü barədə məlumat vermiş, ərazi üzrə həm təqsirləndirilən şəxsin, həm də özlərinin təhlükəsizliyini, eləcə də müdafiəçinin iştirakını təmin etmək məqsədilə yaxınlıqda olan polis şöbəsinə getmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində evinin açarı olmuş, sonuncu evində də narkotik vasitə olduğunu bildirdikdən sonra onun evinə getmişlər. Bu zaman evdə kiminsə olub-olmamasını isə xatırlamır. Evə baxış və götürmə istintaq hərəkətində özü, Şahid1, təhqiqatçı və müdafiəçi iştirak etmiş, istintaq hərəkəti zamanı əməliyyat tədbirinə mane olmamaları üçün arvadı və ya uşağının telefonunu götürməmişlər. Təqsirləndirilən şəxs qarşı onun və ya digər şəxslər tərəfindən hər hansı fiziki və ya psixi təzyiq olmamış, pis rəftara məruz qalmamışdır.

9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 xidməti fəaliyyəti əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında dindirilməsi mümkün olmamış və onun 11 sentyabr 2023-cü il tarixdə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində Şahid2la eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 1, i.v. 113-116;).

10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 4 avqust 2023-cü il tarixli qərardan görünür ki, 3 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,997 qram və 4 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yarıtikilədəki 1 (bir) ədəd qırmızı rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi külli miqdarda 54,896 qram narkotik vasitə heroin, habelə 3 (üç) ədəd üzərində narkotik vasitə heroin izləri olan elekron tərəzinin aşkar edilərək götürülməsi faktına görə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).

12. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 3 avqust 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi vəzifəsini müvəqqəti idarə edən, polis polkovniki Ələkbər Xələfov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 3 avqust 2023-cü il tarixdə, saat 23:35-də ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmişdir(Cild 1,i.v.4-9).

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 may 2024-cü tarixli, 1-2713/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan qərarın qanuniliyinin yoxlanılmasına dair həmin məhkəmənin dəftərxanasında hər hansı iş qeydiyyatdan keçməmişdir (Cild 2).

14. “Şübhəli şəxsin tutulması haqqında” 4 avqust 2023-cü il tarixli protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X3 tərəfindən qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs 4 avqust 2023-cü il tarixdə, saat 00:35-də Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 3 avqust 2023-cü il tarixdə, saat 23:35-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 18-19;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 4 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 00:55-dən 01:04-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X3 tərəfindən həmin idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 1 ədəd yaşadığı ünvanın açarını və 1 ədəd içərisində ***-***-**-** mobil telefon nömrə olan “Redmi” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb adən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evin açarı özünə qaytarılsa da, ona izah adilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi uçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırlma ilə birlikdə təxmini çəksinin 5 (beş) qram olması müəyyən edilmişdir. Həmin büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 1 həftə öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Rza” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsi 6 aya yaxındır tanıdığını, onun nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddələrin yarısını öz istifadəsi üçün, digər yarısını isə satmaq üçün əldə etdiyini, bundan öncə də 1 dəfə eyni əməli törətdiyini, yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmamasını, özünün 2 ilə yaxındır narkotik maddə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılarkən və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı saxlanılarkən və polis bölməsində olarkən heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən “İphone” markalı mobil telefonun videokamerasından istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə saat 01:10-dan 01:40-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 26-29).

16. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 4 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında 4 avqust 2023-cü il tarixdə, saat 02:10-dan 02:39-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X3 tərəfindən həmin idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə ünvan 1 ünvanda baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, ünvana baxış keçirilməzdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həyətə girişdən sol tərəfdə yerləşən yarım tikiliyə daxil olaraq divardan asılmış 1 ədəd qırmızı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitənin qalan hissəsinin olmasını və yerdən isə 1 ədəd göy rəngli sellofan torbanı təqdim edərək içərisində verdiyi narkotik vasitənin müqabilində əldə etdiyi əşyalar olduğunu söyləmişdir. Təhqiqatçı tərəfindən ilk növbədə qırmızı rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 3 ədəd elektron tərəzi və 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və çəkisinin isə 58 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə kağız zərfdə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra təqdim edilmiş göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 51 ədəd müxtəlif növ qol saatı, 1 ədəd planşet, 17 ədəd müxtəlif növ mobil telefon 1 ədəd video registrator monitoru, 7 ədəd boyunbağı, 2 ədəd qolbaq, 6 ədəd üzük, 1 cüt və 5 ədəd tək halda olan sırğa aşkar edilmiş, həmin əşyalar 1 ədəd sellofan torbaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə həm öz istifadəsi, həm də satmaq üçün əldə etdiyini, 2 ilə yaxındır narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını, üzərindən aşkar edilmiş maddəni də evindən aşkar edilmiş kütlələrdən götürdüyünü, həmin "Rza” adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, təqdim etdiyi göy rəngli sellofan torbadan aşkar edilmiş əşyaları isə narkotik vasitə istifadəçilərinə narkotik vasitə verərək əldə etdiyini bildirmişdir. Bundan sonra onların razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkəti süni işıqlanma şəraitində keçirilməklə, baxış zamanı “İphone” markalı mobil telefonun videokamerasından istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə saat 02:55-dən 03:15-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.30-33).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 4 avqust 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 8 dəqiqə 43 saniyə və 28 dəqiqə 24 saniyə olan həmin videoçəkilişin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq H.N.Şərifov tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 5 avqust 2023-cü il tarixli protokollarla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə yaşadığı ünvanda keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı tərtib edilmiş protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə yaşadığı ünvanda keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə evinə baxış zamanı fəal olması müşahidə edilməklə, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 52-53).

18. “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə)” ekspertizasının 4 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4165 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,997 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 54,896 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 3 (üç) ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 59,893 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroinin təmiz çəkiləri – 4,997 qram və 54,896 qram, tədqiqata sərf edildi – 0,1 qram və 0,2 qram, qalıq çəkisi – 4,897 qram və 54,595 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 39-44).

19. “Mobil telefona baxış keçirilməsi haqqında” 5 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi Note 8” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinin +98-***-***-**-** olması müəyyən edilmişdir (Cild 1, i.v. 54).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 5 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 56- 58).

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 avqust 2023-cü il tarixli, 4(001)- 824/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında özünü təqsirli bilərək törətdiyi əməli etiraf etmişdir. 3 avqust 2023-cü il tarixdə saat təxminən 23:35-də polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitələrin satışını 25-30 manata etdiyini, həmçinin əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də məhkum olunduğunu bildirmişdir. Evindən aşkar edilmiş qol saatlarını, mobil telefonları və bijuteriya qolbaqlarını isə narkotik vasitə satdığı adamların pulu olmadığı halda həmin əşyalarla “barter” etdiyini (dəyişdiyini), əməlindən çox peşman olduğunu bildirərək məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir.” (Cild 1, i.v.77-82).

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 22 avqust 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 7(002)-943/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanması nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza çəkməkdən azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən götürülməmişdir(Cild 1, i.v. 105-111; Cild 2;)

23. Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Sahil Tağıyevin 23 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin, o cümlədən İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin müəyyən edilməsi istiqamətində tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə etibarlı mənbələrdən əldə edilmiş məlumatlar təsdiqini tapsa da, narkotik vasitələri almış şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanından aşkar edilmiş əşyaların sahiblərini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 112).

24. “Diskə baxış keçirilməsi haqqında” 6 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd CD diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 22:14:15 dəqiqədə **********47 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********25 mobil telefon nömrəsinə - “Zaur qaqasımsan yarım kola lazımdı əmələ gələr mənə hə yox deyə bilərsən”, 29 mart 2023-cü il tarixdə, saat 22:25:35-də **********47 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********25 mobil telefon nömrəsinə - “Yarım kola hazırla gəlim götürüm 40 manat verərəm”, 20 may 2023-cü il tarixdə, saat 14:32:41-də **********82 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********25 mobil telefon nömrəsinə - “Menem ehmed qaqaw gedirem iwdemeye gelende 10 man verecem bir az cola lap az da pati ver” və bu kimi çoxlu sayda jarqon ifadələrlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair mesajlar olması müəyyən edilmişdir. Bundan başqa 31 may 2023-cü il tarixdə, saat 00:01:02-də Təqsirləndirilən şəxs istifadəsində olan **********25 mobil telefon nömrəsindən **********94 mobil telefon nömrəsinə göndərilmiş - “mal saba saat 11 de olacaq”, Təqsirləndirilən şəxs istifadəsində olan **********25 mobil telefon nömrəsindən 28 iyul 2023-cü il tarixdə, saat 00:27:36-da **********49 mobil telefon nömrəyə göndərilmiş - “Qaraş bayaq özum 1 qram aldım yox du qaqas” və bu kimi çoxlu sayda mesajlar olması müəyyən edilmişdir (Cild 1, i.v. 122).

25. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 2 oktyabr 2023-cü il tarixli, 2777 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. Həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, ona ittiham olunan əməl barədə soruşduqda saxlanılarkən üzərində narkotik vasitə olduğunu etiraf edir (Cild 1, i.v. 126-128).

26. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 9 avqust 2023-cü il tarixli 5095 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 129-130).

27. “Sübutların qiymətləndirilməsi haqqında” 2 noyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkiləri 4,997 qram və 54,896 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla tədqiqatdan sonrakı qalıq çəkiləri 4,894 və 54,696 qram olan heroin və 3 (üç) ədəd elektron tərəzi Binəqədi RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni və yaşayış yerinə keçirilmiş baxış və götürməni özündə əks etdirən 2 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla, ümumilikdə 3 (üç) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, həmin qərarla Təqsirləndirilən şəxs məxsus “Redmi Note 8” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamış, məhkəmənin yekun qərarı qəbul edilənədək Binəqədi RPİnin maddi sübutların saxlanc yerində saxlanılması, habelə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 51 ədəd müxtəlif növ qol saatı, 1 ədəd planşet, 17 ədəd müxtəlif növ mobil telefon, 1 ədəd video registrator monitoru, 7 ədəd boyunbağı, 2 ədəd qolbaq, 6 ədəd üzük, 1 cüt və 5 ədəd tək halda olan sırğanın sahiblərinin müəyyən edilməsi, o cümlədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair “Azerfon MMC”-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD diskdə olan və təqsirləndirilən şəxsdən narkotik vasitə alması ehtimal edilən şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məsələsinə ********* nömrəli cinayət işindən ayrılmış cinayət işində baxılması qərara alınmışdır (Cild 1, i.v. 140-149).

28. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” 2 noyabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Həsənbəy Şərifov ərəfindən ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə ********* nömrə altında ayrıca icraata cinayət işi ayrılmaqla istintaqının davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v.151-153).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq H.N.Şərifov tərəfindən 7 noyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.158-166).

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 7527/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 7 avqust 2023-cü il tarixdə həmin təcridxanaya gətirildikdən sonra tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində göstərilmişdir ki, müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, hər iki saidin ön səthində köhnə çapıq toxumaları, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyasından sonrakı izlər və çapıqlaşmış sahələr müşahidə olunmuşdur (Cild 2).

31. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X11 tərəfindən 298-C-24 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 1 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Binəqədi rayon şöbəsinin 12 mart 2024-cü il tarixli, 465 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmamışdır. Onda aşkar olunmuş hər iki saidin ön səthinin köhnə çapıq toxumalarının rəngi və digər xarakterik xüsusiyyətləri ətraflı təsvir olunmadığından onların əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün olmamışdır. Hər iki yuxarı və aşağı ətraflarında aşkar olunmuş narkotik inyeksiyaların izləri və çapıqlaşmış sahələr isə həmin nahiyələrdə yerləşən venoz damarlarına iynə vurulması nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs 8 avqust 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının X10 müayinə olunarkən ona qoyulmuş “üzün sağ hissəsinin lipoması” patoloji proses olub travma ilə səbəbli əlaqəsi olmamışdır (Cild 2).

32. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair elektron arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı X2, uşaqları - xx.xx.2003-cü il təvəllüdlü oğlu Rövşən Məmmədov, xx.xx.2008-ci il təvəllüdlü qızı Nazlı Məmmədova və xx.xx.2004-cü il təvəllüdlü Kənan Məmmədovdan ibarət olmaqla oğlu Kənan Məmmədov 6 yanvar 2023-cü il tarixdən müddətli həqiqi hərbi xidmətdədir (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

39. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

40. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

41. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

42. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

43. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

44. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

45. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 avqust 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

46. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə internet sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2023-cü ilin iyul ayının axırlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində gizlədilmiş külli miqdarda 59,893 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla bükümlərə bölüb bir qismini üzərində, qalan hissəsini yaşadığı ünvan 1 ünvanında saxlamış, 3 avqust 2023-cü il tarixdə, saat 23:35 radələrində yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edərkən BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,997 qram narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq 4 avqust 2023-cü il tarixdə, saat 02:10-da onun könüllü razılığı əsasında yaşadığı ünvan 1 ünvanında baxış keçirilərkən həyətə girişdən sol tərəfdə, yerləşən yarım tikilidə divardan asılmış 1 ədəd qırmızı rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi külli miqdarda 54,896 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan narkotik vasitə heroin və 3 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzilər aşkar edilərək götürülmüşdür.

47. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə internet sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2023-cü ilin iyul ayının axırlarında əvvəlcədən aralarında olan razılığa dair satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsinə dair” verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

48. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

49. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

50. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

51. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

53. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 59,492 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 397 dəfə, külli miqdarından isə təxminən 30 dəfə artıq olması, özünün satış məqsədi ilə əldə etdiyi narkotik vasitələri müxtəlif qiymətli əşyalarla barter etməsinə dair istintaq dövründə, habelə barəsində qətimkan tədbiri məsələsi seçilərkən müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında verdiyi etirafedici ifadələri, eyni zamanda yaşadığı evdən külli miqdarda narkotik vasitə ilə yanaşı üzərində heroinin izləri olan üç ədəd elektron tərəzinin aşkar edilməsi, eyni zamanda istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin satışı ilə məşğul olmasına dair çoxsaylı sms-mesaj yazışmaların müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

54. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

55. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

57. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində yalnız 5 qrama yaxın narkotik vasitə heroin olmasını, evində isə ümumiyyətlə narkotik vasitə olmaması və polislər tərəfindən ailə üzvlərinin yanında fiziki təzyiqlərə məruz qaldığından polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin video çəkiliş zamanı özünə məxsus olmasını etiraf etməsini, polis əməkdaşları hədə-qorxu gələrək ondan nəyi və necə deməsini izah etmələri ilə əlaqədar video çəkiliş zamanı da ondan tələb edilənləri deməklə etməsi, evindən aşkar edilmiş saatlar, mobil telefonlar və bijuteriya əşyalarının narkotik vasitələrin satışı ilə bağlı dəyərli əşya kimi ona verilmədiyini, əksinə atası saatsaz olduğundan həmin saatların atasından qalmaqla yararsız olduğunu, mobil telefonlar isə yararsız olmaqla həmin telefonların korpusundan istifadə edilə bilməsi ehtimalı üçün saxladığını, bijuteriya əşyalarının isə ailə üzvlərinə məxsus olması barədə verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

58. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

59. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən, o cümlədən barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmə nəzarəti qaydasında məhkəmə iclasında ifadə verərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Əksinə barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçisinin iştirakı ilə törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını bildirmişdir. Hökmün 15-17; 21; 30 və 31-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

60. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

61. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 56-cı bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməlini qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

62. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə internet sosial şəbəklərdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2023-cü ilin iyul ayının axırlarında əvvəlcədən aralarında razılığa gəlmələrinə dair” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.

63. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

64. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

65. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

66. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

67. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

68. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə internet sosial şəbəklərdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2023-cü ilin iyul ayının axırlarında əvvəlcədən aralarında razılığa gəlmələrinə dair” verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

69. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

70. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

71. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 70-ci bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 12-ci bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 3 avqust 2023-cü il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v 4-8)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə (bax hökmün 13; 69-70-ci bəndləri) həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.

72. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

73. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

75. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

76. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

78. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

79. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

80. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə (üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə əməlini etiraf etməsi) peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

81. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

82. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

83. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 22-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

84. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

85. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

86. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

87. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

88. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

89. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 5 avqust 2023-cü il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 18, 77-82; Cild 2).

90. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 3 avqust 2023-cü il tarixdən hesablanmalıdır.

91. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

92. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

93. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Binəqədi RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan üç ədəd elektron tərəzi cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

94. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra ümumi qalıq çəkisi 4,897 və 54,595 qram olan narkotik vasitə heroin məhv edilməli, “Şəxsi axtarış və götürmə” və “Baxış keçirilməsi və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk olmaqla, ümumilikdə 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

95. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

96. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

97. İş üzrə mülki iddia yoxdur.

98. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

99. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

100. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 3 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 4,897 və 54,696 qram olmaqla, ümumi çəkisi 59,593 qram olan narkotik vasitə heroin məhv edilsin, 3 (üç) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın və 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar