Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1045/2025 08.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X11 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Lənkəran rayonu Xanlıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (dul), himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, mağazada satıcı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 8 oktyabr 2025-ci il tarixdə, saat 10:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsinə dair” 24 yanvar 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, rəsmi nikahda olduğu əri, xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs istifadəsində olan “Xiaomi” markalı, “Redmi” modelli mobil telefon vasitəsi ilə başqa qadınlarla mesaj vasitəsi ilə əlaqə saxladığından şübhələnərək xx.xx.2024-cü il tarixdə həmin telefonun kilidini ərindən gizli şəkildə açıb sonuncunun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə qadın cinsli şəxsə sevgi mövzusunda mesajlar yazdığını görmüş, həmin vaxt Zərərçəkmiş şəxs telefonu onun əlindən alaraq təhqir etdiyindən aralarında sözlə mübahisə yaranmış, bundan sonra o, ərinin başqa qadınlarla yazışıb-yazışmadığını yoxlamaq məqsədilə telefona baxmaqdan ötrü xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində yaşadıqları Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2944 məhəllə, 642 A nömrəli mənzilin yataq otağındakı çarpayıda olduqları zaman Zərərçəkmiş şəxs yastığının altına qoyduğu həmin mobil telefonu gizli götürüb kilidini açmağa cəhd etmiş, lakin ona məlum olan şifrə sonuncu tərəfindən dəyişdirildiyindən mobil telefonun kilidini aça bilməmiş, bu zaman Zərərçəkmiş şəxs yuxudan oyanaraq yarıyuxulu vəziyyətdə onu təhqir edib sol qolundan tutaraq mobil telefonu əlindən almağa cəhd etmiş və o, sonuncunun bu kimi və xəyanət etməsini gizlətmək istəməsi kimi hərəkətlərindən əsəbiləşərək əlində olan uzunluğu 15,8 sm, eni 7,5 sm, qalınlığı 0,8 sm, çəkisi 190 qram olan “Xiaomi” markalı, “Redmi” modelli mobil telefonun künc hissəsi ilə Zərərçəkmiş şəxs başının sağ təpə və üz nahiyəsinə güclü zərbələr endirib ayağı ilə vurub sonuncunu çarpayıdan döşəməyə yıxaraq ona ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan baş beyin qişalarına, qişalaraltı toxumasına qansızma, sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sıyrıqları, alt dodaq nahiyəsinin sıyrığı, qansızması və əzilmiş yarası xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs almış olduğu və ölümü ilə birbaşa səbəbli əlaqəli olan başın küt travması nəticəsində başın sağ təpəgicgah sümüklərinin çoxqəlpəli sınıqları, baş beyinə qansızma fonunda baş beyinin əzilməsi xəsarətləri nəticəsində hadisə yerində ölmüş, bununla da, o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İşin halları və tərəflərin təqdim etdikləri dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs onun doğma xalası oğludur. Zərərçəkmiş şəxsla 2007-ci ildə ailə quraraq bir müddət Şirvan şəhərində yaşamış, 2010-cu ildə isə qardaşı ərini Bakı şəhərində onunla birlikdə marketdə işləməsi üçün dəvət etmişdir. Bundan sonra o, Şirvan şəhərində qaynanasıgildə yaşamış, hərdən Bakı şəhərinə gedib-gəlmişdir. 2012-ci ildə böyük qızı, 2014-cü ildə isə kiçik qızı dünyaya gəldikdən sonra 2016-cı ildə birdəfəlik Bakı şəhərinə köçərək əri ilə birlikdə yaşamışdır. O, Bakı şəhərinə köçdükdən sonra ərinin başqa qadınlarla gizli münasibəti olmasını öyrənmiş, hətta bir dəfə onu evdə başqa qadınla birlikdə olarkən yaxalamışdır. O, Şirvan Şəhər Məhkəməsinə boşanmaq üçün ərizə ilə müraciət etmiş, sonradan əri bir daha belə hadisələrin baş verməyəcəyinə onu əmin etdiyindən (inandırdığından) boşanmaqla bağlı ərizəsindən imtina etməsinə dair məhkəməyə müraciət etmişdir. Hadisədən bir gün əvvəl qardaşının toyuna görə əri ilə paltar almağa getməyi planlaşdırmışdır. Buna görə də dayısı qızı onun əvəzinə marketdə işləmiş, özü isə evə gedib yemək hazırlamış, həmin vaxt əri yatmış vəziyyətdə olmuşdur. Əri oyanıb yemək yedikdən sonra digər otağa keçdikdə özü də onun yanına getmiş və bu zaman ərinin mobil telefonunu gizlətdiyini görmüşdür. Əri əlini yumaq üçün hamam otağına getdikdə onun mobil telefonunu açıb tanımadığı qadınla mesajlaşdığını görmüş, əri otağa geri qayıtdıqda isə əvvəllər oxşar hadisə ilə əlaqədar onu döyməsi səbəbəbindən mobil telefonu onun əlində görməməsi üçün dərhal götürdüyü yerə qoymuşdur. Bundan sonra Laçın Ticarət Mərkəzinə getmiş, yolda olarkən ərinə onun mobil telefonunda qadınla olan mesajlarını gördüyünü bildirmiş, əri isə ciddi bir şey olmadığını, həmin qadının xarici vətəndaş olmaqla guya ona pul verəcəyini bildirərək aralarında heç nə olmadığına dair and içmişdir. Bundan sonra əri təcili işi çıxdığını bildirdiyindən geri qayıtmış, özü də evə getmişdir. Dayısı qızları onlarla birlikdə yaşamışlar. Belə ki, dayısı qızlarından Milana Türkiyəyə təhsil məqsədi ilə getmiş, digəri Günel isə onlarda qalmışdır. Milana 24 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Türkiyədən qayıtmalı olmuşdur. 23 oktyabr 2024-cü il tarixdə gecə saat 23:30-da uşaqları yatmış, onlar da 24 oktyabr 2024cü il, gecə saat 2-yə qədər oyaq qalmış, daha sonra dayısı qızı Günelə yatmağa getdiyini, Milana gələndə onu da oyatmasını demişdir. Yatdıqdan sonra gecə saatlarında yuxudan oyananda ərinin işdən qayıdıb yerində (yatağında) mobil telefonla məşğul olduğunu görmüş, lakin ərinə fikir verməyib yatmışdır. Səhər saatlarına yaxın kiçik qızı ayaqyoluna getdikdən sonra onlarla birlikdə yatması üçün yanına gəlmiş, lakin əri uşaqlar onlarla birlikdə yatanda aqressiv olduğundan qızını otağına aparıb yatırmışdır. Öz yataq otaqlarına geri qayıtdıqda ərinin mobil telefonunun yastığın altından göründüyünü və mobil telefonun ekranının açıq vəziyyətdə olduğunu görmüşdür. O, maraqdan mobil telefonun kodunu yığmış, lakin əri telefonun kilidini dəyişdirdiyindən ekran kilidi açılmamışdır. Həmin vaxt əri mobil telefonun klaviaturasının səsinə oyanıb əlindən tutaraq “sən yenə telefonu götürmüsən” deyib əsəbiləşmiş, bu zaman mobil telefon onun sol əlində olmuş, ərinin onu yenə döyəcəyindən qorxub ərinin əlindən çıxmaq (qurtulmaq) üçün telefon olan əli ilə ərini itələmişdir. Lakin əri onun tutduğu əlini buraxıb digər əlindən yapışarkən ərinin əlindən qurtulmaq üçün Hacını ayağı ilə itələmiş, nəticədə əri çarpayıdan yıxılmışdır. Bundan sonra o, ərinin ayağa qalxaraq onu döyəcəyindən qorxub otağı dərhal tərk edərək digər otağa keçib dayısı qızlarının köməyə gəlməsi üçün qapını kilidləmiş, lakin hər hansı səs gəlmədiyini görüb 5 dəqiqə sonra qapını açıb otaqdan çölə çıxmış, ərinə səslənərək yataq otağına keçmiş, işığı yandırdıqda ərinin çarpayıdan yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, ərinin ayağını silkələyib oyatmaq üçün dəfələrlə çağırsa da, əri oyanmamış, həyəcanlanıb qorxaraq dayısı qızlarını köməyə çağırmışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, əli ilə əri Hacını itələyərkən mobil telefonun ərinə dəyməsini hiss etsə də, zərbənin konkret olaraq onun hansı nahiyəsinə dəyməsini bilmir. Belə ki, telefon ərinə dəydikdən sonra əri onun əlini buraxıb digər əli ilə onu yenidən tutarkən ayağı ilə onu itələyib otaqdan qaçmışdır (otağı tərk etmişdir). Sonradan otağa daxil olarkən Hacının ayağının əsdiyini görmüş, onu qışqıraraq çağırıb ayağa qaldırmağa çalışmış, dayısı qızları da köməyə gəlmiş, lakin əri ayılmamışdır. Hadisənin baş verməsindən təxminən 15 dəqiqə sonra qaynı Sübhan onların yanına gəlmiş, həmin vaxt əri hələ də sağ olmuş, təcili tibbi yardım maşını çağırmışlar. Onunla Hacının təxminən boyu eynidir. O, ərini itələyərkən sonuncu çarpayıda yarı uzanıqlı vəziyyətdə olmuş, itələdikdən sonra çarpayıdan yerə yıxılmışdır. O, ərinin başından necə xəsarət almasını bilmir, əri əlini tutduğundan onun əlindən qurtulmaq üçün əl-qol atmış, həmin vaxt otaq qaranlıq vəziyyətdə olmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmişdir. Belə ki, ilk dəfə polisə məlumat verərkən qaynı Sübhandan qorxduğu üçün Hacının necə öldüyünü bilmədiyini demiş, sonradan polis idarəsində hadisənin təsiri altında olaraq baş vermiş hadisə barədə danışmışdır. Hacının telefonunda başqa qadınla olan mesajlarına baxanda Hacı onun əlində telefonu görməmişdir. O, sadəcə döyülməmək üçün əli ilə ərini itələyib otaqdan qaçmaq istəmişdir. O, Hacı ilə aralarında mübahisə baş verməsi barədə qaynı Sübhana deməmiş, sonuncudan qorxduğu üçün polis evdə olarkən ilk dəfə yalan ifadə vermişdir. Qeyd etdiklərindən başqa ibtidai istintaq zamanı ifadəsində qeyd olunanları təsdiq edir. O, Hacıdan qısqanclıq zəminində aralarında baş vermiş münaqişələrə görə ondan boşanmaq qərarına gəlib ərizə ilə məhkəməyə müraciət etsə də, sonradan ərizəsini həm Hacının onu inadırması, həm də ailəsinin təsiri ilə geri götürmüşdür. O, zərərçəkmiş şəxsin hüquqi varisindən baş vermiş hadisəyə görə üzr istəyir və zərərçəkmiş şəxsin əvəzinə özünün ölməsini arzu edərək belə bir ağır hadisənin baş verməsinə görə təəssüflənir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Hacının əlindən qurtulmaq üçün onu qolu ilə itələdikdə mobil telefon Hacıya dəyib yerə düşmüş, bu zaman özü də çarpayıdan düşmək istəmiş, lakin Hacı qolundan tutub özünə tərəf çəkmək istəyərkən o, əl-qol atıb Hacını itələmişdir. O, Hacının çarpayıdan yerə yıxıldığını görsə də, otaq qaranlıq olduğundan ərinin başının həmin vaxt harasa və ya nəyəsə dəydiyini görməmiş, arxasına baxmadan uşaqların otağına doğru qaçmışdır. O, barəsində həbs qətimkan tədbiri məsələsinə baxılarkən hadisədən sonra telefonun üzərində olan qan ləkəsini yuyub təmizləməsini deməmiş, əlində olan qan telefona da bulaşmışdır. Belə ki, o, otağa geri qayıdıb Hacını oyatmağa cəhd etsə də, sonuncu tərpənməmiş, həmin vaxt əlində qan görmüşdür. Hacının baş nahiyəsində qan olmasını görmüşdür. Telefon yerə düşdükdən sonra onu yerdən götürdükdə əlindəki qanın da telefona da bulaşdığını hesab edir. O, əlini yuyub istifadə etdiyi dəsmalla telefonu da silmiş, lakin radiatoru silməmişdir. Evdə ailə üzvlərindən başqa kənar şəxs olmamış, hadisədən sonra qaynı evə gəlib “kim edib?!” deyə qışqırmış, o da qorxduğundan kiminsə evə girib hadisəni törətdiyini bildirmişdir. O, otaqdan çıxdıqdan sonra dayısı qızlarını çağırıb həkim çağırmasını tapşırmış, Hacının digər tərəfinə keçib onu qaldırıb kürəyindən itələmək istəyərkən sonuncunun ayağının əsdiyini görmüşdür. Başında olan beyin daxili şiş (hipotaniya) xəstəliyindən İran İslam Respublikasında müalicə olunmaqla həmin xəstəlikdən əziyyət çəkir. Sonda Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı qız övladının olmasını, baş verən hadisənin həm onun, həm də övladlarının həyatında dərin və bütün ömür boyu sağalmayacaq iz buraxdığını, həbsdə olması ilə əlaqədar övladlarının təhsil və tərbiyəsi ilə məşğul ola bilmədiyini, övladlarına hazırda xəstə və yaşlı qaynanası və anası tərəfindən baxıldığını, lakin qaynanası və anasının xəstə və yaşlı olmaları ilə əlaqədar onların özünün də baxıma ehtiyacı olduğunu, cəzasını hər gün vicdanı qarşısında çəkdiyini və törətdiyi əməldən çox peşman olmasını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, xx xxx 1987-ci ildə Lənkəran rayonu Xanlıqlı kəndində anadan olmuş, orta təhsilini Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən tam orta məktəbdə almış və 2004cü ildə məktəbi bitirmişdir. 2007-ci ildə xalası oğlu Zərərçəkmiş şəxs ilə nikaha daxil olmuşdur. Onlar evləndikdən bir müddət sonra Şirvan şəhərində qalmış, 2016-cı ildən etibarən isə daimi olaraq Bakı şəhərində yaşamışlar. Onların birgə nikahlarından 2012-ci il təvəllüdlü X12 və 2014-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. 5 iyul 2023-cü ildən hazıradək hadisənin baş verdiyi ünvan 3 ünvanında yaşamışlar. Qızları Mədinə və Xədicə də onlarla birlikdə yaşamışdır. X20 adına Xarici dillər təmayüllü gimnaziyanın 7-ci sinfində, Xədicə isə 269 saylı orta məktəbin 5-ci sinfində təhsil alır. Bundan başqa, onun dayısı qızları olan Şahid4li və sonuncunun kiçik bacısı Şahid5li də onlarla eyni ünvanda yaşamışdır. Şahid5li Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir, Şahid4li isə Bakı şəhərində yerləşən mağazada satıcı işləyir. Milana təxminən 2 ay əvvəl beynəlxalq tədris kursunda iştirakla bağlı Türkiyəyə getmişdir. O və əri Zərərçəkmiş şəxs Bakı X6 metrostansiyasının yaxınlığında yerləşən “Mədinə marketi” icarə əsasında işlətmişlər. Hacı təxminən 3 ay ərzində Bakı şəhərində yerləşən “Coca-Cola” firmasında məhsulların mağazalara paylanması işində işləmişdir. Hacı hadisə baş verməmişdən bir gün qabaq ərizə yazaraq həmin işdən çıxmışdır. Hacı hər gün saat 07:30 radələrində qızı Mədinə ilə birlikdə evdən çıxır və qızını binalarının yanında yerləşən servis avtomobili ilə gimnaziyaya aparmışdır. Onun özü isə işlədiyi mağazanı açmağa getmişdir. Hacı isə işdən gec gəldiyi üçün səhərlər adətən evdə yatmışdır. Xədicə də günorta növbəsində təhsil aldığı üçün səhərlər evdə olur və saat 12 radələrində evdən çıxaraq dərsə getmişdir. 23 oktyabr 2024cü il tarixdə o, yenə eyni qaydada səhər qızı Mədinə ilə birlikdə evdən çıxmış, Hacı, Günel və Xədicə isə evdə qalmışlar. O, işlədiyi mağazanı açmış, saat 11:15 radələrində Günel və Xədicə mağazaya gəlmişdir. Belə ki, Günel Xədicəni oxuduğu məktəbə yola salmaq məqsədi ilə yol üstündə yerləşən onların mağazasına, sonuncunun özü ilə məktəbə yemək aparması üçün gətirmişdir. Daha sonra Günel Xədicəni məktəbə yola saldıqdan sonra yenidən mağazaya qayıtmış və o, Güneli müvəqqəti öz yerinə qoyaraq evə getmişdir. Həmin vaxt ancaq əri Hacı evdə olmuşdur. O, Hacını yuxudan oyatmış və yemək vermişdir. Hacı yemək yedikdən sonra yataq otağına keçmişdir. O da qabları yuyub evi yığışdırdıqdan sonra yataq otağına keçmişdir. O, otağa daxil olarkən Hacının onun tanımadığı şəxslə mobil telefon ilə yazışdığını görmüşdür. O, yataq otağından içəri daxil olan kimi Hacı tez mobil telefonunu gizlətmişdir. O, Hacının davranışından şübhələnmişdir. O, Hacı tualetə gedən kimi sonuncunun mobil telefonunu açmış və Hacının “whatsapp” mobil tətbiqində tanımadığı qadın cinsli şəxslə sevgi mövzusunda yazışdıqlarını görmüşdür. Hacı tualetdən çıxan kimi onu əlində özünün telefonu ilə görmüş, ona acıqlanıb təhqir edərək mobil telefonu onun əlindən almışdır. Günortadan sonra Hacı ilə birlikdə qardaşı X17 rayonunda təşkil olunacaq toy mərasimində geyinmək üçün yeni paltarlar almaq məqsədi ilə “Xalqlar dostuluğu” metrostansiyasının yaxınlığında yerləşən “Laçın Ticarət Mərkəzinə” getməli idilər. Bu vaxt Günel ona zəng edərək mağazaya firmadan gələn şəxslərin olduğunu bildirmişdir. O isə Hacının ona başqa qadınla xəyanət etməsindən canı çox sıxıldığı üçün bloka çıxaraq ağlamışdır. Hacı isə mənzildən çölə çıxaraq onunla birlikdə metro vasitəsi ilə özünə paltar almaq üçün “Laçın Ticarət Mərkəzinə” getmələri üçün liftə minmişdir. O, Hacı ilə birlikdə getmək istəməmişdir. Hacı isə israrla həmin qadından pul almaq üçün ona sevgi mesajları yazdığını bildirmişdir. Daha sonra o, aşağı enmiş və Hacı ilə birlikdə əvvəlcə mağazaya getmişlər ki, yeni məhsullar barədə firmaya sifariş versinlər. Mağazadan çıxdıqdan sonra Həzi Aslanov metrostansiyasında metroya minmiş, Əhmədli metrostansiyasında Hacı ona dostu Pərviz ilə birlikdə paltar almağa gedəcəklərini demişdir. Ona görə də onlar metro vasitəsi ilə geri qayıtmışlar. Hacı metrodan çıxdıqdan sonra mağazanın “POS terminal” aparatının dəyişdirilməsi üçün başqa ünvana getmişdir. O isə özünü pis hiss etdiyi üçün həmin gün saat 15:30 radələrində yaşadıqları mənzilə getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Evdə yemək yedikdən sonra yenidən işlədikləri mağazaya getmişdir. Mədinə və Hacı da mağazaya gəlmişlər. Daha sonra Mədinə ilə Günel evə getmişlər. Hacı saat 18 radələrində Xədicəni məktəbdən mağazaya gətirmişdir. Xədicə mağazadan evə getmişdir. Hacı isə mağazada qalmışdır. O isə tək evə getmişdir. 23 oktyabr 2024-cü il tarixdə axşam saatlarında o, Mədinə, Xədicə və Günel evdə olmuşlar. Onlar yemək yemiş, daha sonra o, uşaqların dərsləri ilə məşğul olmuş və uşaqlar yatmışdır. Milana həmin gecə Türkiyədən Bakı şəhərinə qayıtmalı idi. O, 24 oktyabr 2024-cü il tarixdə, saat 01:20 radələrində yatmaq üçün öz yataq otağına keçmişdir. Yuxudan oyananda Hacının yatmaq üçün çarpayıya uzandığını görmüşdür. Hacı bir qədər mobil telefon ilə məşğul olduqdan sonra yatmışdır. O da yatmışdır. Həmin tarixdə saat 06 radələrində Xədicə tualetə gedib geri qayıdanda qorxduğu üçün onun özü ilə birlikdə gəlməyini istəmişdir. O, Xədicənin yatdığı otağa keçərək Xədicəni yatızdırmış və yenidən Hacı ilə birlikdə qaldığı yataq otağına keçmişdir. O, Hacının istifadə etdiyi və yastığının altına qoyduğu “Xiaomi” markalı, “Redmi” modelli mobil telefonu götürmüş və açmağa çalışmışdır. Məqsədi Hacının hansı qadınlarla nə barədə danışdığını bilmək olmuşdur. Hacı onun bildiyi əvvəlki şifrəni dəyişdiyi üçün o, Hacının telefonunu aça bilməmişdir. Saat 06:30 radələrində Hacı yuxudan oyanmış və yarıyuxulu vəziyyətdə öz mobil telefonunun onun əlində olduğunu görmüş və onun əlindən mobil telefonu almaq üçün ona tərəf gələrək sol qolundan yapışmış, ona qarşı təhqiredici sözlər işlədərək özünə tərəf dartmışdır. Hacının ona xəyanət etməsini bilməməsi üçün etdiyi bu hərəkətlərindən əsəbiləşmiş və əlindəki mobil telefon ilə Hacının başının sağ nahiyəsinə güclü zərbə vurmuşdur. Hacı onun əlini tutmaq istəyərkən o, yenidən mobil telefon ilə Hacının üz nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Hacını özündən uzaqlaşdırmaq üçün ayağı ilə sonuncunu vurmuş və Hacı çarpayıdan döşəməyə yıxılmışdır. Hacını mobil telefon vasitəsilə və təpik zərbələri ilə vurmaqda məqsədi sonuncunu özündən uzaqlaşdırmaq olmuşdur. Çünki bir gün əvvəl də Hacı öz mobil telefonuna icazəsiz baxdığı üçün onu təhqir etmişdir. Bu dəfə də Hacı öz mobil telefonunu onun əlində görüb əsəbiləşmiş və onu təhqir etmişdir. Odur ki, Hacının bu hərəkətlərindən qorxduğu üçün sonuncuya zərbələr vurmaqla çarpayıdan aşağı itələmişdir. Hacı çarpayı ilə divarın arasındakı boşluqda döşəmənin üzərində yan tərəfi üstə huşsuz vəziyyətdə olmuşdur. Hacının ayaqları özündən asılı olmayan formada titrəmişdir. O, qışqırdığı üçün Xədicə, Mədinə, Günel və Milana yataq otağına gəlmişdir. Günel ilə Milana təcili tibbi yardıma məlumat vermişlər. Milananın həmin gecə evə saat neçədə gəlməsindən xəbəri olmamışdır. Milanada açar olduğu üçün sonuncu özü qapını açaraq içəri keçmişdir. O, atası Gülbalaya, qardaşı Emilə, anasına zəng vurmuşdur. Lakin onların heç biri telefona cavab verməmişdir. Günel və Milana isə Hacının qardaşı Şahid1 və xalası oğlu Şahid3 hadisə barədə xəbər vermişdir. Sübhan və Elnur təxminən yarım saat sonra onların yaşadığı evə gəlmişdir. Onlar nə baş verdiyini soruşduqda, o, guya kimin isə onların yaşadığı evə gələrək Hacıya zərbə vuraraq qaçdığını demişdir. Sübhan və Elnur Hacını döşəmədən qaldıraraq çarpayıya uzatmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadasının əməkdaşları mənzilə gələrək Hacını müayinə edərək onun öldüyünü bildirmiş və bu barədə Xətai RPİ-nin 36-cı PŞ-yə məlumat vermişdir. Polis əməkdaşları onların mənzilinə gələrkən o, tutulmaqdan qorxduğu üçün onlara yalandan guya Hacını başqa bir şəxsin mənzilə gələrək vurduğunu demişdir. Polis əməkdaşları tərəfindən polis bölməsinə aparılaraq hadisə barədə dindirilərkən Hacını vuraraq onun ölümünə səbəb olduğunu və törətdiyi cinayəti etiraf etmişdir. Baş vermiş hadisə zamanı özü heç bir xəsarət almamışdır. O, Zərərçəkmiş şəxs sağ əlində tutduğu sonuncuya məxsus mobil telefon vasitəsilə baş və üz nahiyəsindən xəsarətlər yetirmişdir. Eyni zamanda onunla eyni çarpayıda uzanıqlı olduğu vaxt təpik zərbələri vuraraq Hacını yerə itələmiş və nəticədə Hacı döşəməyə yıxılmışdır. Mübahisə onların yataq otağında baş vermiş və heç bir dəqiqə davam etməmişdir. Odur ki, həmin vaxt evdə olmuş hər hansı başqa şəxs mübahisəni eşitməmişdir. Hacı yerə yıxılaraq titrəməyə başladıqdan sonra o, qışqırmış və bunu evdəki uşaqlar eşidərək onların otağına gəlmişlər. Hadisə baş verən vaxt Zərərçəkmiş şəxs əynində qara rəngli qolsuz mayka və tünd-göy rəngli idman şalvarı, onun əynində isə sarı rəngli uzunqol gecə köynəyi və göy rəngli sarı zolaqları olan gecə şalvarı olmuşdur. Onun bədəni və əynindəki paltarlar qana bulaşmamışdır. Hacının isə baş nahiyəsindən qan axmış, lakin əynindəki paltarlar qana bulaşmamışdır. O, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmədiyini və heç bir dərman, narkotik vasitə, spirtli içki qəbul etmədiyini bildirmişdir (Cild 1, i.v 31-35; 91-96; 202-206;). 24 yanvar 2025-ci il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, protokolun sonunda Təqsirləndirilən şəxs öz əlyazması ilə “əlavə olaraq bildirirəm ki, mən hadisə zamanı ərim Zərərçəkmiş şəxs mobil telefonla öldürmək məqsədi ilə qəsdən vurmamışam. Mənim məqsədim özümü madafiə etmək üçün onu özümdən uzaqlaşdırmaq olmuşdur. Bu məqsədlə ona əl-qol atanda əlimdəki mobil telefon zərbə ilə onun baş nahiyəsindən dəymişdir...” sözlərini qeyd etmişdir.
6. Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi, yəni dindirmə istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən 8 dəqiqə 36 saniyəlik dindirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilməklə, bu barədə tərtib edilmiş protokolun videoçəkilişlə tam olaraq üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə ki, protokolda qeyd edilmiş “....Hacının mənə xəyanət etməsini bilməməyim üçün etdiyi bu hərəkətlərindən əsəbiləşdim və əlimdəki mobil telefon ilə onun başının sağ nahiyəsinə güclü zərbə vurdum. Hacı mənim əlimi tutmaq istəyərkən mən ona yenidən mobil telefon ilə onun üz nahiyəsinə vurdum. Bundan sonra Hacını özümdən uzaqlaşdırmaq üçün ayağımla onu vurdum və o, çarpayıdan döşəməyə yıxıldı....” və sair kimi ifadələr işlətməməsi müəyyən edildi.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmədə dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs 29 avqust 1986-cı ildə Şirvan şəhərində anadan olmuş, orta və ortaixtisas təhsilini Şirvan şəhərində almaqla orada yerləşən Sənaye Texnikumunu bitirmiş, 2007-ci ildə doğma xalası qızı Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuşdur. Onlar evləndikdən sonra bir müddət Şirvan şəhərində, 2016-cı ildən etibarən isə daimi olaraq Bakı şəhərinə köçərək yaşamışdır. Onların birgə nikahından 2012-ci il təvəllüdlü X12 və 2014-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. 2023-cü ilin iyul ayından hadisə baş verənədək onlar ünvan 5 ünvanında yaşamışlar. Mədinə “Səttar Bəhlulzadə adına” xarici dillər təmayüllü gimnaziyanın 7-ci sinfində, Xədicə isə 269 saylı orta məktəbin 5-ci sinfində təhsil almışdır. Bundan başqa, Raidənin dayısı qızları Şahid4li və Günelin kiçik bacısı Şahid5li də Hacı və Raidə ilə eyni ünvanda yaşamışdır. Raidə ilə Hacının münasibəti evliliklərinin ilk illərində normal olmuş, aralarında mübahisə olması barədə məlumatı olmamışdır. Lakin son vaxtlar onların münasibətlərində problemlər olmuşdur. Belə ki, hadisə baş verməmişdən təxminən bir ay əvvəl onun Şirvan şəhərində yerləşən ünvanına Raidənin Hacıdan boşanması ilə bağlı müraciəti əsasında Şirvan Şəhər Məhkəməsinin bildirişi gəlmişdir. O da bu barədə Raidə və Hacı ilə mobil telefonla danışmışdır. Hacı bu barədə məlumatının olmadığını demişdir. Raidə isə telefonda ona heç nə deməyərək susmuşdur. Bir neçə gün sonra Raidə yenidən Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Hacı ilə barışdığını və boşanmaq istəmədiyini bildirmişdir. Bildiyi qədəri ilə Hacının şəhərdə dostları ilə tez-tez görüşməsi səbəbindən Raidə onunla evdə mübahisə etmişdir. Lakin onlar arasında hadisədən əvvəl ciddi münaqişə baş verməmişdir. 24 oktyabr 2024cü il tarixdə səhər saatlarında bacılarından məlumat almışdır ki, Hacı arvadı Raidə ilə birgə yaşadığı evdə ölmüşdür. Daha sonra araşdırma aparılarkən müəyyən edilmişdir ki, Hacı ilə arvadı Təqsirləndirilən şəxs arasında mübahisə zamanı Hacı xəsarət alaraq ölmüşdür. Zərərçəkmiş şəxs heç kimlə ədavət və düşmənçiliyi olmamış, o, çox işgüzar və mədəni bir adam olmuşdur. Zərərçəkmiş şəxs spirtli içkilərdən və narkotik vasitələrdən istifadə etməmişdir.
10. Verilən suallara cavab olaraq ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi A.M.Mahmudov ifadəsinə əlavə edərək göstərdi ki, o, oğlu Hacı və gəlini Raidə ilə danışarkən sonuncular hər zaman münasibətlərinin yaxşı olduğunu bildirmiş, gəlini boşanma ilə bağlı məhkəməyə müraciət etdikdə isə bu barədə ona bildiriş gəldikdən sonra zəng edib Raidəyə əsəbiləşərək ona səsini yüksəldib “sən kimsən ki boşanırsan?!” demişdir. O, Raidənin nə səbəbə oğlu Hacıdan boşanmaq istəməsinin səbəbini bilməmişdir. X32 ilə birlikdə məhkəməyə gedib verdiyi ərizəni geri götürmüşdür. Belə ki, Raidə yaxşı gəlin olmuş, 10 il müddətə onlarla birgə yaşamış, Bakı şəhərinə köçdükdən sonra əri ilə aralarında qısqanclıq mübahisələri yaranmağa başlamışdır. Lakin bu barədə nə gəlini, nə də oğlu ona hər hansı məlumat verməmişdir. Nəvələrindən biri 5-ci sinifdə, digəri isə 7-ci sinifdə təhsil almaqla qız uşaqlarıdır. Böyük nəvəsi Bakı şəhərində yerləşən litseydə oxuyur, digərini isə Şirvan şəhərində yerləşən məktəbə yazdırmışdır. Onun Raidədən hər hansı şikayəti və tələbi yoxdur. İfadəsinin sonunda X30 Mahmudova ilə barışdığını, sonuncudan şikayətçi olmadığını bildirərək təqsirləndirilən şəxsin yüngül cəza almasına köməklik göstərilməsini xahiş etdi.
11. Məhkəmədə dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, bibisi uşaqları olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə ünvan 8 ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2007-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2012-ci ildə Mədinə, 2014-cü ildə isə Xədicə adlı qızları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmişə bir-birləri ilə mehriban olmuşlar, onların arasında çox nadir hallarda mübahisə baş vermiş, həmin mübahisələr də xırda məişət zəminində olmuşdur. Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu X.Məmmədov küçəsində yerləşən “Mədinə marketi” icarə əsasında işlətmişdir. Təqsirləndirilən şəxs da Hacı ilə birlikdə həmin marketdə işləmişdir. Bacısı Şahid5 təhsili ilə əlaqədar “Erasmus plus” xaricdə könüllük proqramına görə xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasının Ankara şəhərinə getmiş və iki ay Bakı şəhərində olmamışdır. xx.xx.2024-cü il tarixdə, gecə saat 04 radələrində bacısı Milana Bakı şəhərinə yəni, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə yaşadıqları ünvan 9 ünvanına gəlmiş, Milana üçün qapını özü açmışdır. Bacısı Milana ilə birlikdə əvvəlcə çay içmiş, sonra anası Samilə Məmmədova ilə telefonla danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs öz yataq otaqlarında yatmışdır. Mədinə və Xədicə də öz otaqlarında yatmışdır. Saat 04:45 radələrində onlar da yatmışdır. Saat 06:20 radələrində Təqsirləndirilən şəxs həyəcanlı şəkildə ağlayaraq onları oyatmışdır. Təqsirləndirilən şəxs ancaq “Hacı öldü, hacı öldü” ifadələrindən istifadə etmişdir. Raidə bacısı ilə onu oyadıb Hacının öldüyünü deyib onların yataq otağı tərəfə qaçmışdır. O və Milana da Raidənin arxasınca həmin otağa getmiş, həmin vaxt Zərərçəkmiş şəxs çarpayı ilə divar arasında sol yanı üstə uzanıqlı vəziyyətdə olmuşdur. Belə ki, otağa daxil olarkən Hacının çarpayının kənarında olduğunu, Raidənin isə onun əlindən tutub ağladığını görmüşdür. Çarpayıdakı ağ mələfənin üzərində qan ləkələri olmuşdur. O, Hacıya tərəf yaxınlaşıb əlinə toxunduqda sonuncunun əlinin soyuq olduğunu hiss etmişdir. O, Hacının üzünün yalnız bir hissəsini görmüş, həmin vaxt həyəcanlı olduğundan Hacının üzündə hər hansı xəsarət, o cümlədən başında qan görməmişdir. O, artıq Zərərçəkmiş şəxs öldüyünü başa düşmüşdür. Çox qorxduğu üçün onlar həmin otağı tərk etmişdir. Raidə də yataq otağından çıxıb dəhlizdə ağlamış, Raidədən nə baş verdiyini soruşduqda isə ona hər hansı cavab verməmişdir. Bacısı Milana dərhal istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Şahid1 bibisi oğlu Şahid3la birlikdə həmin ünvana gəlmişdir. Onlar dəfələrlə Təqsirləndirilən şəxs nə baş verdiyini soruşsalar da, Raidə ancaq ağlamış, onlara cavab verməmişdir. Şahid1 “103” təcili tibbi yardım xidmətinə zəng etmişdir. Şahid1 Şahid3 Mədinəni, Xədicəni, onu və bacısı Milananı qorxmamaları üçün həmin mənzildən Şahid2 evinə aparmasını tapşırmışdır. Elnur da onları Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsində yerləşən Şahid2 yaşadığı mənzilə aparmışdır.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid4lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, hadisə zamanı evdə olarkən Sübhanın yanında Raidədən hadisənin necə baş verməsi barədə soruşduqda sonuncu onlara kiminsə evə girərək Hacını öldürdüyünü demişdir. Onlar yatarkən evdə hər hansı səs-küyün olmasını eşitməmiş, Hacı ilə Raidənin arasında hər hansı mübahisənin baş verməsinin, o cümlədən Hacının Raidəni döyməsinin və Raidənin üzünün göyərməsinin şahidi olmamışdır. O, yalnız Hacının uzanıqlı vəziyyətdə olarkən ağ rəngdə olan ayaqlarını görmüş, həmin otaqda çox qalmamış, bacısı Günel isə Hacının əlinə toxunduqda əlinin soyuq olmasını hiss etmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük qardaşı olmuşdur. Zərərçəkmiş şəxs 2007-ci ildə xalası qızı Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2012-ci ildə Mədinə, 2014-cü ildə isə Xədicə adlı qızları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmişə bir-birləri ilə mehriban olmuş, onların arasında çox nadir hallarda mübahisə baş vermiş, həmin mübahisələr də xırda məişət zəminində olmuşdur. Hacı ilə Raidə 2023-cü ilin iyul ayında Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 2944 ünvanında yerləşən 642 A saylı mənzili alqı-satqı və ipoteka müqaviləsi əsasında alıb həmin mənzilə köçmüşlər. Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsində yerləşən “Mədinə marketi” icarə əsasında işlətmişdir. O özü də həmin marketdə hərdən bir qardaşı Hacıya kömək etmişdir. 24 oktyabr 2024-cü il tarixdə, saat 01:40-da o, marketi tərk edib evə getmişdir. Hacı da 10 dəqiqəlik işinin qaldığını, işini qurtarıb evə gedəcəyini demişdir. O, evə gedib yatmışdır. Saat 06:41-də ona Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşayan dayısı qızı Şahid5 öz mobil telefonu ilə istifadəsində olan mobil nömrəsinə zəng edərək, qardaşı Hacının yıxıldığını və təcili olaraq həmin mənzilə gəlməli olduğunu bildirmişdir. O da xalası oğlu Şahid3 ilə birlikdə həmin ünvana getmişdir. Evə daxil olduqda Təqsirləndirilən şəxs və uşaqların ağladığını görmüş və onlardan nə baş verdiyini soruşmuşdur. Lakin heç kim ona cavab verməmişdir. O, Elnur ilə birlikdə dərhal Hacıgilin yataq otağına daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs çarpayı ilə divar arasında sol yanı üstə uzanıqlı vəziyyətdə olmuşdur. Divarda radiator da olmuşdur. Çarpayıdakı ağ mələfənin üzərində, sağ və sol tərəflərdə qan ləkələrinin olmasını görmüşdür. O, Hacını nə qədər səsləsə də Hacı ona cavab verməmişdir. O, Təqsirləndirilən şəxs və evdə olanlardan nə baş verdiyini soruşmuş, lakin heç kəs ona cavab verməyərək ağlamışdır. O, dərhal təcili tibbi yardım xidmətinə zəng etmişdir. O, Şahid3 ilə birlikdə qardaşı Hacını uzanıqlı olduğu döşəmədən qaldırıb çarpayıya uzatmışdır. Şahid3 Mədinəni, Xədicəni, Günel və Milananı qorxmamaları üçün onları digər xalasının oğlu, Raidənin qardaşı Şahid2 evinə aparmasını tapşırmışdır. Elnur da onları həmin evə aparmışdır. Bir müddət sonra təcili tibbi yardım xidmətinin həkim briqadası gəlmiş və onlar Hacını müayinə edərək artıq öldüyünü bildirmişlər. Daha sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs başqa digər hər hansı qadınla sevgi münasibəti olması barədə onun heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs ona bu barədə heç bir söz deməmişdir. Hacı ilə Raidə arasında qısqanclıq zəminində mübahisələr olmuşdur. O, Hacının ayağından tutub döşəmədən qaldırıb çarpayıya uzatdıqda Hacının bədənində istilik olmasını hiss etmişdir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 14-15 il əvvəl birgə nikaha daxil olmuşlar. Zərərçəkmiş şəxs onun xalası oğlu, Təqsirləndirilən şəxs isə onun xalası qızıdır. Onların Mədinə və Xədicə adlı iki qız övladları vardır. Hacı və Raidə evləndikdən sonra bir neçə il kirayədə yaşamışdır. Təxminən bir il olar onlar ünvan 10 ünvanında yaşamışlar. Onların evində Hacı və Raidənin dayısı qızları Şahid4 və Şahid5 də qalmışdır. 24 oktyabr 2024-cü il tarixdə, saat 06:41-də dayısı qızı Şahid4 ona zəng edərək Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu və təcili olaraq yaşadıqları ünvana getməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs qardaşı Şahid1la eyni ünvanda yaşadığı üçün Sübhan ilə birlikdə Hacıgilin yaşadığı mənzilə getmişdir. Mənzilə daxil olarkən dəhlizdə Raidə, Mədinə, Xədicə, Günel və Milananın ağladığını görmüşlər. Hacının harada olduğunu soruşduqda, onlar yataq otağını göstərmişlər. Dərhal Sübhanla birgə yataq otağına daxil olmuş və Hacının hərəkətsiz vəziyyətdə çarpayının yanında döşəmədə uzandığını görmüşlər. Sübhan ilə birlikdə Hacını yerdən qaldıraraq çarpayının üzərinə uzatmışlar. Hacının baş nahiyəsinə baxan zaman başının sağ tərəfində çapıq xəsarəti görmüş və Hacının öldüyündən şübhələndikləri üçün nəbzini yoxlamışlar. Sübhan Hacının nəbzinin vurmadığını və sonuncunun öldüyünü bildirmişdir. Bundan sonra dərhal “103 xidmətinə” zəng edərək təcili tibbi yardım briqadası çağırmışdır. Mənzildə olanda Raidədən nə baş verdiyini soruşmuş, Raidə isə ağlayaraq şokda olduğundan sualına cavab verməmişdir. Bundan sonra o, Mədinə, Xədicə, Günel və Milananı hadisə baş verən mənzildən çıxararaq Raidənin qardaşı Emilin yaşadığı mənzilə aparmışdır. Güneldən nə baş verdiyini soruşduqda, sonuncu ona 24 oktyabr 2024-cü il tarixdə, saat 02:30 radələrində Hacının evə gəldiyini, quran oxuyaraq yataq otağına getdiyini, təxminən saat 06 radələrində Raidənin onları yuxudan oyadaraq Hacının vəziyyətinin pis olmasını dediyini bildirmişdir. O, hadisənin baş verdiyi mənzilə daxil olduqda yataq otağındakı çarpayının üzərindəki yastıqda iki yerdə qan izləri olmasını görmüşdür. Bundan başqa hər hansı bir yerdə qan izlərinin olmasını görməmişdir.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Mərhum Zərərçəkmiş şəxs onun həm xalası oğlu, həm də Raidənin əri olmuşdur. 27 oktyabr 2024-cü il tarixdə qardaşı X15 rayonunda toy mərasiminin keçirilməsi nəzərdə tutulmuşdu. Ona görə də o, 22 oktyabr 2024-cü il tarixdə Lənrəkan rayonuna getmişdir. 24 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində onun istifadəsində olan mobil nömrəsinə dayısı qızı Şahid4 və xalası oğlu Şahid3 bir neçə dəfə zəng etmiş, lakin o, yatmış olduğu üçün telefon zənglərinə cavab verə bilməmişdir. Daha sonra evdə olan səs-küyə yuxudan oyanmışdır. Lənkəranda qaldığı evdə atası, anası, arvadı, uşaqları, qardaşı və qardaşının ailəsi olmuşdur. Həmin vaxt atası, anası və evdə olan digər şəxslər qışqırırmışlar. Atası telefonla kiminləsə danışaraq demişdir ki, ağlamasın, desin görək nə baş verib. O isə tez Günelə zəng etmişdir. Günel ağlaya-ağlaya ona demişdir ki, Hacının vəziyyəti pisdir, sonuncunun başından qan axıb, yerində uzanıb, tez ora gəlsin. O isə Hacının yaşayıbyaşamadığını soruşmuş, Günel bunu bilmədiyini demişdir. Daha sonra xalası oğlu Elnura və Hacının qardaşı Sübhana zəng etmişdir. Telefonla Sübhanla danışmış, Sübhan ona demişdir ki, saat 02:00-a qədər mağazada bir yerdə olmuş, daha sonra bilinməyən səbəbdən Hacı evdə ölmüşdür. O isə Sübhandan təcili tibbi yardım çağırıb-çağırmamasını soruşmuş, Sübhan çağırdığını bildirmişdir. Daha sonra Sübhan “whatsapp” tətbiqi vasitəsilə Hacının fotoşəklini göndərmişdir. O da Hacının fotoşəklinə baxdıqda görmüşdür ki, Hacı artıq ölmüşdür. O, telefonla danışa-danışa artıq avtomobili işə salıb Bakı şəhərinə gəlməyə başlamışdır. Ondan başqa avtomobildə atası da olmuşdur. Saat təxminən 09:30 radələrində Bakı şəhərinə Xətai Rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə çatmışdır. Daha sonra polis şöbəsində olarkən ona məlum olmuşdur ki, bacısı Raidə qısqanclıq zəminində Hacını itələmiş, Hacı isə yıxılaraq aldığı xəsarətdən ölmüşdür. O, Elnura telefonda Hacının uşaqlarının qorxmaması üçün uşaqları onun Bakı şəhərindəki evinə aparmasını demişdir. Hacı və Raidə xalaqızı və xalaoğlu olmaqla bir-birlərini sevib evlənmiş, onların hər hansı bir problemləri olmamış, əvvəllər Hacının Raidəni döydüyünü, incitdiyini eşitməmişdir. Lakin hadisədən bir il əvvəl Raidə ona Hacıdan şübhələndiyini, yəni Hacının hansısa qız ilə mağazada mehriban danışdığını gördüyünü demişdir. O da Raidəyə ya ayrılıb gedib Lənkəranda atasıgillə yaşamasını, ya da bu fikirləri bir qırağa atıb ailəsinin yanında olmasını, Hacıya isə “o qadındır, əgər səni qısqanırsa demək ki, səni sevir” deyərək həmçinin Raidəni incitməməsini, ailəsini dağıtmamasını tapşırmışdır. Onun şəxsən Hacı ilə münasibəti çox yaxşı olmuş, onunla heç bir problemləri olmamışdır.
16. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, o, Raidəni gördükdə ondan ilk başda evə kiminsə girib hadisəni törətməsini deməsi barədə soruşduqda bacısı ona Sübhanın evdə olduğunu, sonuncunun nəsə edəcəyindən qorxaraq yalan dediyini bildirmişdir. Raidə yalnız evdə olarkən həkimlər gələnə qədər qorxusundan yalan danışmışdır. Belə ki, o, Raidədən hadisənin necə baş verməsi barədə soruşduqda sonuncu kiçik qızı Xədicənin bacısının yanına gəldikdən sonra qızını yatırmaq üçün onun otağına getdiyini, öz yataq otağına geri qayıtdıqda həmin gün Hacının telefonla çox danışdığını hiss etdiyindən telefonuna baxmaq istədiyini, buna görə də onun telefonunu götürüb giriş kodunu yığaraq açmağa çalışdığını, lakin aça bilmədiyini, sonradan Hacının oyanaraq telefonu ondan almağa çalışdığını, Hacının əlindən çıxaraq qaçdığını bildirmişdir. Hətta yay ayında bacısı telefon məsələsinə görə bir dəfə döyülmüşdür. Raidə Hacını vurduqdan sonra qızların otağına qaçıb orada 2-3 dəqiqə gözlədikdən sonra Hacının onun dalınca gəlmədiyini görüb otağa geri qayıtmış, otağa daxil olarkən Hacının yerdə uzandığını və ayağının əsdiyini görüb Milanagili çağırmış, lakin onlar gələnə qədər Hacının ayağının əsməsi prosesi artıq dayanmışdır. Hazırda ifadəsində qeyd etdiyi xüsusatlar bacısının hadisədən sonra ona bildirdiklərindən ibarətdir. Bacısının iki uşağı var. O, bacısıgillə qonşuluqda yaşamaqla yanaşı, mağazaları yanbayandır. Hadisədən əvvəl, avqustun sonu, sentyabrın əvvəli mağazaya gedərkən bacısının gözünün altının qaraldığını görmüş, bu barədə bacısından soruşduqda sonuncu harasa dəydiyini demişdir. Daha sonra bacısının qolunun arxasında göyərmiş yerin olduğunu da görmüşdür. O, hər zaman Hacı ilə arasında pərdə saxlamağa çalışmış, Hacının bacısını döydüyünü bilmiş, lakin ailə münasibətlərinə müdaxilə etməmək üçün həmin vaxt ona heç nə deməmiş, mağazadan çıxıb evə getmiş, yoldaşına isə Raidədən gözünə və qoluna nə olması barədə soruşmasını tapşırmışdır. Axşam saat 8 radələrində yoldaşını evə gətirdikdə Raidədən nə öyrənməsi barədə soruşduqda yoldaşı Raidənin ayağında da göyərtilərin olmasını, Raidədən bu barədə soruşduqda isə ayağının çarpayının küncünə dəyməsini dediyini bildirmişdir. O, Raidə ilə Hacının arasında sözsöhbətin olmasını bilmişdir. Avqustun sonu, sentyabrın əvvəlində Hacı ilə bir neçə saat söhbət etdikdə sonuncu Raidəni döydüyünü bildirdikdə o, Hacıya “Sənin uşaqların hər şeyi başa düşən yaşdadır, niyə belə edirsən.” demiş, Hacı isə cavabında “Evdə nə olsa zəng edib xalasına deyir.” demişdir. Hacı Raidənin xalası, yəni qaynanasına hər şeyi telefonla danışıb məlumat verdiyini görmüşdür. O, uzun müddət Rusiyada işləmiş, özündən sonra da qardaşı Rusiyada onun işlədiyi yerə gedib işləmişdir. Oktyabrın 27-də qardaşının toyu planlaşdırılmış, o, Hacı və Sübhanla da danışmış, toydan sonra Hacının qardaşının yanına gedib orada işləyəcəyinə, bir müddət sonra bacısı ilə aralarının düzələcəyinə dair razılığa gəlmişlər. Bacısının balaca qızı hazırda babasının, böyük qızı isə onun yanında olmaqda anası tərəfindən nəzarət edilir. Lakin anası da müxtəlif ağır xəstəliklərdən əziyyət çəkdiyindən uşağa baxmağa çətinlik çəkir. Bacısı Təqsirləndirilən şəxs beynində şiş olması ilə İranda müalicə almışdır.
17. Məhkəmədə dindirilmiş ekspert X25 ifadəsində göstərdi ki, verdiyi məhkəmə-tibbi ekspertiza rəyini təsdiq edir. Rəydə qeyd etdiyi bərk küt əşyanın təsirindən törədilmiş xəsarətlərlə bağlı qeyd edir ki, həmin xəsarətlər iki halda həm kənar şəxs tərəfindən bərk küt əşya ilə vurulması, həm də yıxılaraq başın hansısa bərk küt əşyaya dəyməsi səbəbindən baş verə bilər. Eyni zamanda yıxılma və ya kənar təsir nəticəsində həmin xəsarətlər yarana bilər. Ekspertiza keçirilən zaman mobil telefon ona təqdim edilməmişdir. Ümumiyyətlə zərərçəkmiş şəxsin sağ gicgah nahiyəsində olan xəsarətlərin mobil telefonla vurulan zərbə və ya zərbələr nəticəsində yaranması mümkün deyildir. Çünki hazırkı meyitin baş beynində qəlpələnmiş xəsarətlər olduğu halda mobil telefonda heç bir deformasiyanın olmaması mümkün deyildir. Ona məhkəmə iclasında təqdim edilmiş mobil telefonun kaburasının üzərində olması vəziyyətində istənilən şəxs tərəfindən hətta güclü zərbə ilə vurulsa belə mobil telefon ortadan qırıla bilər, lakin başın kəllə sümüyü sına bilməz. Başın təpə-gicgah nahiyəsindəki sümük insan bədənində olan ən möhkəm sümükdür.
18. Verilən suallara cavab olaraq ekspert O.B.Əliyev ifadəsinə əlavə etdi ki, hazırkı hadisə ilə bağlı çağırışa əsasən səhər saat 8-9 radələrində şəxsən hadisə yerində olmuş, meyitin hadisə yerində müayinəsində iştirak etmişdir. Hadisə yerində olakən orada olan radiatorun üzərinin təmizləndiyini eşitmişdir. Bir daha bildirir ki, gicgah sümüyünün sınığı mobil telefon zərbəsi nəticəsində yarana bilməz. Belə ki, meyitin başında sağ gicgah nahiyəsində xəsarət olan yerdə sıyrıqlar da vardır. Həmin sıyrıqlar isə mobil telefonla zərbə və ya zərbələr nəticəsində yarana bilməz. Belə ki, meyitin baş nahiyəsindəki sıyrıqlar aşağıdan yuxarıya doğrudur. Bu da onu göstərir ki, zərbə aşağıdan dəyib və yuxarıya doğru sıyıraraq getmişdir. Telefon zərbəsi ilə gicgah sümüyündə çoxsaylı qəlpəli sınığın yaranması heç bir halda mümkün deyildir. O həmin xəsarətin yıxılma nəticəsində başın bərk küt əşyaya dəyməsi nəticəsində yarandığını güman edir. Sıyrıqlar da onu göstərir ki, şəxs yıxılarkən başında sıyrıq yaranmışdır. Mərhumun meyitinin dodaq nahiyəsində olan xəsarətin mobil telefon zərbəsi nəticəsində yaranması mümkündür, lakin gicgah nahiyəsində olan xəsarətin mobil telefonla yetirilmə nəticəsində yaranması mümkün deyildir. Mobil telefonla yetirilmiş zərbələr nəticəsində qansızma ola bilər, lakin rəydə qeyd edilmiş qəlpəli sınıq xəsarəti ola bilməz. Telefon zərbəsi ilə sağ təpə gicgah nahiyəsinin əzilmiş yarasının əmələ gəlməsi mümkündür. Meyitdə 10 dəfə telefonla zərbə vurulması ehtimalını göstərən zərbə sayı yoxdur. Yenə də, həmin ehtimal olduğu halda da mobil telefon zərbəsi ilə gicgah sümüyünün sınması mümkün deyildir. Hadisə yerində olan radiatorla çarpayı arasında kiçik məsafə olmuşdur. Hadisənin mexanizminə uyğun olaraq radiatorda hadisə zamanı qan olmaya da bilər. Belə ki, insanın başı radiatora dəyən kimi qan çıxmaya da bilər. Radiatora başın dəyməsi nəticəsində radiatorun materialı dəmirdən ibarət olduğundan gicgah nahiyəsində qəlpəli sınığın yaranması mümkündür. Mövcud olan məlumatlara və şəraitə baxanda o belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs bir dəfə mobil telefonla zərbə vurduğunu dediyi üçün zərərçəkmişin dodağında olan qansızma həmin zərbə nəticəsində yarana bilər. Digər tərəfdən dodağa zərbə zamanı mərhumun refleks olaraq özünümüdafiə üçün ani hərəkəti nəticəsində hərəkətin istiqaməti, duruş və şəraitə əsasən qənaətə gəlmək mümkündür ki, ən ağlabatan ehtimal mobil telefon zərbəsindən sonra zərərçəkənin reflektiv olaraq başını arxaya doğru hərəkəti nəticəsində radiatora dəyməsi nəticəsində gicgah nahiyəsində sınıqların əmələ gəlməsidir. Əgər bərk küt əşya geniş sahəyə malikdirsə, xətti sınıq əmələ gəlir, əgər məhdud sahəyə malikdirsə, qəlpəli sınıq yaranır. Radiatorun künc nahiyəsi vardır, həmin yer məhdud sahəyə malikdir və baş nahiyəsinə dəyəndə qəlpəli sınıq xəsarətləri yarana bilər. Meyitin baş nahiyəsində xəsarət izinin olduğu yerdən görünür ki, orada dəfələrlə zərbə izi yoxdur, çünki məntiqi olaraq bir şəxsin eyni nöqtəyə dəfələrlə zərbə vurması qeyri-mümkündür. Zərərçəkənin xəsarəti bir zərbə nəticəsində yaranmış, zərbə də altdan yuxarıya doğru olmaqla çox ağır bir küt əşya nəticəsində baş verməsi ehtimal edilə bilər. Radiatorun künc hissəsi xəsarətin yetirilməsinə şərait yaradır. Hadisənin mexanizmi ona bildirilmədiyindən, həmçinin maddi sübut kimi tanınmış mobil telefon ona təqdim edilmədiyindən o, xəsarətin hansı küt əşya ilə törədildiyini müəyyən edə bilməmişdir. Məhkəmə iclasında ona təqdim edilmiş mobil telefonun üzərində olan ekran çatları zərbə nəticəsində yarana bilməz. Hadisə zamanı zərbə nəticəsində radiatorun üzərində qan ləkəsinin olmaması mümkündür. İbtidai istintaqın müəyyən etdiyi hazırkı vəziyyətdə olduğu kimi qarşı qarşıya olan iki şəxsin birinin digərinə mobil telefonla möhkəm zərbə vurması və ya çəkiclə zərbə vurması nəticəsində qəlpəli sınığın yaranması az inandırıcıdır. Taxta döşəməyə yıxılma nəticəsində də qəlpəli sınıq yarana bilməz. Xəsarətdə olan sıyrıqlar aşağıdan yuxarıya doğrudur. Təqsirləndirilən şəxs bildirdiyi şəraitdəki kimi 1 dəfə zərbə və ya hətta 10 dəfə zərbə olsa belə mobil telefonla mərhumun başında gicgah nahiyəsində qəlpəli sınığın yaranması mümkün deyildir. Bir daha bildirir ki, məhkəmə iclasında ona təqdim edilən və üzərində kaburası olan mobil telefonla vurulması ehtimal edilən zərbələr halında belə həmin zərbələr gicgah sümüyünün çoxlu sayda qəlpəli sınığına səbəb ola bilməz. Halbuki, mərhumun meyitinin gicgah nahiyəsində 8-10 sayda qəlpəli sınıqlar olmuşdur. İbtidai istintaqı aparan müstəntiqə şifahi qaydada hadisənin baş vermə və xəsarətin yaranma mexanizmi barədə öz ehtimalını bildirmiş, eləcə də müstəntiq ona mobil telefon və sair əşya təqdim etmədiyindən və ona təqdim edilmiş qərarda bu barədə hər hansı sual qoymadığından rəydə həmin hallara toxunmamışdır.
19. Məhkəmə baxışı üzrə məhkəmə iclasına dəvət edilmiş müstəntiq X9 izahatında göstərdi ki, hadisə yerində aşkar olunmuş radiator maddi sübut kimi tanınmış, lakin üzərində izlər aşkar edilmədiyindən məhkəmə-tibbi ekspertizasına təqdim edilməmişdir. İbtidai istintaqı aparan şəxs kimi həm təqsirləndirilən şəxsin ifadəsinə, həm də toplanmış sübutlara əsasən mərhumun başına mobil telefon zərbəsi vurulması nəticəsində onun yıxılaraq döşəməyə dəyib küt əşyanın təsirindən gicgah nahiyəsində xəsarət izi yaranmaqla ölümünə səbəb olması qənaətinə gəlmişdir. Ekspertiza nəticəsində mərhuma yetirilmiş xəsarətin telefon və ya başqa küt əşyanın təsirindən yaranmasını dəqiq müəyyən edə bilməmişlər. Hadisə yerinə baxış zamanı hadisə yerində çəkic və ya başqa küt əşya aşkar edilməmişdir. Məhkəmə-tibb eksperti Orxan Əliyevin iştirakı ilə də hadisə yerinə baxış keçirilmişdir. Maddi sübut kimi tanınmış mobil telefon üzərində “kabura” olmaqla kabura ilə telefon arasında metro kartı olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş telefon zərbəsi ilə birlikdə başının döşəməyə çırpılması müstəntiq kimi onda ekspertiza rəyində qeyd olunan xəsarətlərin yarana biləcəyinə dair inam formalaşdırmışdır. Ekspert şifahi şəkildə ona mobil telefonun qeyd edilən xəsarəti yarada bilməyəcəyini bildirmiş, lakin bu barədə ekspertiza qarşısında sual qoymağı zəruri hesab etməmişdir.
20. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
21. “Cinayət işinin başlanması haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarlardan görünür ki, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri X22 tərəfindən həmin tarixdə, saat 8 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən ünvan 11 ünvanında yaşayan xx xxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onunla eyni ünvanda yaşamış əri 29 avqust 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs əlindəki mobil telefon ilə baş nahiyəsinə zərbələr vurmaqla və çarpayıdan yerə itələməklə ehtiyatsızlıqdan öldürməsi barədə məlumat əsasında Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurulmaqla ehtiyatsızlıqdan öldürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla ibtidai araşdırmanın aparılması rayon prokurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X5 həvalə edilmiş və sonuncu tərəfindən həmin tarixdə cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 1;13;).
22. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 12 ünvanının yataq otağıdır. Mənzil giriş zalı, 3 yataq otağı, 1 hamam otağı və 1 mətbəxdən ibarətdir. Mənzilin girişi qəhvəyi rəngli dəmir materialdan olan qapıdandır. Girişdən sol tərəfdə qara rəngli şifoner, sağ tərəfdə isə ütü masası vardır. Girişdən sağ tərəfdə mətbəx otağı, bir qədər irəlidə mətbəxə paralel yerləşən uşaqların yataq otağı, girişlə üzbəüz birinci yataq otağı, giriş zalı ilə hərəkət edib sol tərəfə döndükdə isə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə qaldıqları yataq otağı yerləşir. Mənzil tam təmirli olmaqla, müxtəlif mebel və əşyalarla təchiz edilmişdir. Mənzilin divarları ağ-çəhrayı rəngli naxışlarla işlənmiş divar kağızı ilə, döşəməsi isə sarı rəngli taxta ilə üzlənmişdir. Hadisənin baş verdiyi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə yaşadıqları yataq otağının qapısı qəhvəyi rəngli taxta materialdandır. Həmin yataq otağının girişindən sağ tərəfdə güzgülü termo, sol tərəfdə isə qəhvəyi rəngli şifoner yerləşmişdir. Giriş qapısı ilə üzbəüz istiqamətdə yerləşməklə, baş hissəsi girişdən sol tərəfdəki divara bitişik olan və üzərində ağ rəngli mələfənin və balıncların olduğu iki nəfərlik qəhvəyi rəngli çarpayı vardır. Çarpayının üzərində əynində tünd göy rəngli idman şalvarı və qara rəngli mayka olmaqla sağ təpə nahiyəsində qanaxma ilə müşahidə olunan xəsarəti olan kişi cinsli meyitin olduğu müşahidə olunur. Baxışda iştirak edən Şahid1 göstərdi ki, 24 oktyabr 2024-cü il tarixdə, saat 06:40 radələrində həmin mənzildə yaşayan dayısı qızı Şahid5 ona mobil telefonla zəng vuraraq demişdir ki, Zərərçəkmiş şəxs öz yatdığı otaqda yıxılaraq xəsarət almışdır. O, dərhal xalası oğlu Şahid3 ilə birlikdə hadisə baş verən ünvana getmiş, evə daxil olduqda Təqsirləndirilən şəxs və uşaqlarının ağladığını görmüş və onlardan nə baş verdiyini soruşmuşdur. O və Elnur yataq otağına daxil olmuş və görmüşdür ki, qardaşı Zərərçəkmiş şəxs çarpayı ilə divar arasında sol yanı üstə uzanıqlı vəziyyətdədir. Çarpayıdakı ağ mələfənin üzərində qan ləkələrini müşahidə etmişdir. O və Elnur dərhal təcili tibbi yardıma məlumat vermiş və Zərərçəkmiş şəxs yuxarı qaldıraraq çarpayıya uzatmışlar. Qardaşı Zərərçəkmiş şəxs həmin vaxt həyat əlamətləri olmamışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası müayinə edərək Zərərçəkmiş şəxs ölüm faktını təsdiq etmişdir. Hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli mələfə, 1 ədəd ağ rəngli balınc üzü, 1 ədəd ağ dəsmal, Zərərçəkmiş şəxs məxsus olmuş 1 ədəd “Redmi” markalı mobil telefon və divara bərkidilmiş isidici radiator qablaşdırılmaqla götürülmüşdür. Protokolda baxış zamanı “Canon 550 D” markalı rəqəmsəl fotoaparat vasitəsilə hadisə yerinin fotoşəkillərinin çəkilərək protokola əlavə edilməsi qeyd olunmuşdur. Baxış gündüz vaxtı təbii və süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Baxış saat 08:30-dan 10:10-dək keçirilmiş və bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Protokoldan görünür ki, baxışda Məhkəmə-Tibbi Ekspertiza və X16 Publik Hüquqi şəxsin Xətai rayon şöbəsinin məhkəmə-tibb eksperti Orxan Əliyev də iştirak etmişdir (Cild 1, i.v. 2-6;). Protokola əlavə edilmiş fotoşəkillərə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilərkən divara bərkidilmiş isidici radiatorla çarpayı arasında çox qısa məsafənin olduğu, Zərərçəkmiş şəxs meyitinin hadisədən sonra məhz həmin radiator istiqamətində sol tərəfi üstə döşəmənin üzərinə uzanmış vəziyyətdə olması müəyyən edilmişdir.
23. “Meyitə baxış keçirilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, təşrih masası üzərində arxası üstə kişi cinsli meyit uzadılmışdır. Mərhumun əynində belinə qara rəngli dəri materialdan olan kəmər keçirilmiş vəziyyətdə olmaqla tünd göy rəngli idman şalvarı, qara rəngli qolsuz mayka, boz rəngli tuman vardır. Boyunun uzunluğu 170 sm-dir. Düzgün bədən quruluşlu, orta qidalıdır. Meyitin dəri örtüyü solğun rəngdədir. Əl ilə yoxladıqda meyit soyumuşdur. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşərək bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir və 30-40 saniyədən sonra əvvəlki rəngi bərpa olunur. Yoxlanılan əzələ qruplarında meyit qacıması kafi inkişaf etmişdir. Baş tükləri qara rəngli olub, uzunluqlan 1-2 sm-dir. Gözləri qapalıdır, açıldıqda bəbəklərin diametri 0.5 sm-dir, qüzehli qişa tünd qəhvəyi rəngdədir. Üz və burun sümükləri tamdır. Ağzı qapalıdır, dil ağız boşluğunda sərbəst yerləşmişdir, dişləri tam və təbiidir. Boynu düzgün inkişaf etmişdir, əllədikdə boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən olunmur. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Əllədikdə qabırğalar üzərində patoloji hərəkətlilik müəyyən edilmir. Kürək sümüyü və onurğa sütunu əyriliklərində patoloji hərəkətlilik qeyd edilmir. Qarının forması düzdür, qabırğa qövsü səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf imişdir. Arxa keçəcək bağlıdır, ətraf dərisi təmizdir. Əllədikdə ətraf sümükləri tamdırlar. Meyitin dırnaqları qısadır. Meyitin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Başın sağ təpə-gicgah nahiyəsində şişkinlik və patoloji hərəkətlilik fonunda 1.5x0.4 sm ölçüdə, kənarları bir qədər nahamar olan xətşəkilli qansızmalı yara vardır, yara ətrafı sıyrıntılıdır. Həmin nahiyədə 0.7x0.4, 0.7x0.3 sm, sağ gicgah nahiyəsində 0.5x0.3, 0.3x0.2 sm ölçülərdən üzərləri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızımtıl rəngli kövrək qartmaqla örtülü oval və qeyri-müəyyən formalı sıyrıqlar vardır. Alt dodağın sol yarısında 0.7x0.3 sm ölçüdə eyni xarakterli sıyrıq, iç səthində 1.5x1.0 sm ölçüdə qansızma sahəsi və 0.7x0.2 sm ölçüdə nahamar kənarlı yara vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər müəyyən edilmədi. İş üzrə zəruri ekspertizaların aparılmasını təmin etmək məqsədi ilə baxış zamanı mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd göy rəngli idman şalvarı, qara rəngli qolsuz mayka, boz rəngli tuman və onun qan nümunəsi götürülərək qablaşdırılmışdır. Protokolda baxış zamanı “Canon 550D” markalı rəqəmsəl fotoaparat vasitəsilə fotoçəkilişdən istifadə edilməsi və çəkilmiş fotoşəkillərin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə protokol tərtib olunmaqla ucadan oxunmuş, iştirakçılar protokolla tanış olaraq heç bir əlavələrinin və qeydlərinin olmadığını bildirmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 8-12;).
24. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 14:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 15-16;).
25. “Paltarlar və mobil telefona baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qardaşı Şahid2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus və hadisə zamanı sonuncunun əynində olmuş sarı rəngli uzunqol gecə köynəyi və göy rəngi sarı zolaqları olan gecə şalvarına şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı təqdim edilmiş sarı rəngli uzunqol gecə köynəyi və göy rəngli, sarı zolaqları olan gecə şalvarına baxış keçirilərkən həmin geyim əşyalarının üzərində hər hansı qanabənzər ləkələrin olması müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs baxış zamanı bildirdi ki, təqdim edilən həmin paltarlar hadisə zamanı onun əynində olan paltarlardır və hadisədən sonra o, paltarlarını dəyişərək evdə qoymuşdur. Təqdim olunan paltarlar götürülərək qablaşdırılmışdır. Bundan əlavə, hadisə yerindən götürülmüş və cinayətin aləti hesab olunan mobil telefona baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş sensor ekranlı mobil telefon “Xiaomi” markalı, “Redmi” modelli mobil smartfondur, hal-hazırda işlək vəziyətdədir, mobil telefonun uzunluğu 15,8 sm, eni 7,5 sm, qalınlığı 0,8 sm, çəkisi 190 qramdır. “Xiaomi” markalı, “Redmi” modelli mobil smartfona baxış keçirilərkən telefonun kilidli olması səbəbindən içərisindəki məlumatların yoxlanılması mümkün olmamışdır. Odur ki, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Baxış zamanı foto və videoçəkilişdə istifadə edilməmişdir. Baxış suni işıqlandıma şəraitində həyata keçirilmişdir. Protokol ucadan oxunmuş, baxış iştirakçıları protokolla tanış olaraq heç bir əlavələrinin və qeydlərinin olmadığını bildirmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 38;).
26. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 25 oktyabr 2024-cü il tarixli, 1148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 1, i.v. 81-82;).
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild 1, i.v. 83-84;).
28. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 oktyabr 2024cü il tarixli protokol və protokola əlavə edilmiş 1 (bir) ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi hadisə yerində videoçəkilişlə yoxlanılmış, təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir (Cild 1, i.v. 98-100;). İfadəsinin yerində yoxlanılması zamanı onun əyani olaraq göstərdikləri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, eləcə də Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində videoçəkilişlə verdiyi ifadəsi arasında hər hansı ziddiyət aşkar edilməmişdir. Həmin videoçəkilişə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən 12 dəqiqə 47 saniyəlik ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilməklə, bu barədə tərtib edilmiş protokolun isə videoçəkilişlə tam olaraq üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə ki, protokolda qeyd edilmiş “...Hacının onun sol qolunu buraxması üçün əlindəki mobil telefon ilə sonuncunun başının sağ nahiyəsinə güclü zərbə vurmuşdur. Hacı onun əlini tutmaq istəyərkən o, sonuncuya yenidən mobil telefon ilə baş nahiyəsinə zərbə vurmuşdur....Bundan sonra Hacıya təpik zərbəsi vurmuş və sonuncu çarpayıdan döşəməyə yıxılmışdır.” və sair kimi ifadələr işlətməməsi müəyyən edildi. Halbuki, həmin istintaq hərəkətində iştirak edən müdafiəçinin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs özünü Hacıdan qurtarmaq üçün əl-qol hərəkətləri edərkən Hacının üz nahiyəsinə əlinin dəydiyini və Hacını özündən uzaqlaşdırıb otaqdan çıxa bilmək üçün onu ayağı ilə itələdiyini bildirmişdir.
29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2024-cü il tarixli, 4(011)- 668/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, “əri Zərərçəkmiş şəxs başqa qadınlarla əlaqəsinin olduğundan şübhələndiyi üçün onun telefonunu götürüb baxmaq istəmiş, telefonu götürdükdən sonra isə görmüşdür ki, əri telefonun kodunu dəyişmişdir. Bu vaxt əri ayılmış, ərinin ondan icazəsiz telefonuna əlini vurduğu üçün onu döyəcəyindən qorxmuş, əri onun əlindən və qolundan tutmuş, o da qorxaraq əl-qol atmağa başlamışdır. Ola bilər ki, o zaman telefon onun başına dəymişdir. Üzərində ərinin onun döyməsini təsdiq edən heç bir iz yoxdur. İstintaq orqanına verdiyi ifadəsində ərini bir neçə dəfə vurduğunu və sair qeyd etmiş, lakin bu ifadələri qorxduğu üçün vermişdir. Ərinin huşsuz vəziyyətdə uzandığını gördükdən sonra qohumlarını çağırmış, onlar gəldikdə ərini vurmadığını bildirmiş, yalan demə səbəbi də qorxmağı olmuşdur. Həmçinin cinayət əməlinin törədilmə vasitəsi olmasına ehtimal edilən telefonu ona görə silmişdir ki, əlində 1-2 damcı qan olmuşdur, onları yuyanda telefonu da silmişdir. Ərinin başına ehtimal olunan zərbə dəydikdən sonra itələyib çarpayıdan yerə yıxılmışdır. Bəlkə də, yıxılanda başı harasa dəyib. Yekun olaraq məhkəmədən vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir”. (Cild 1, i.v. 109-114;).
30. “Zərərçəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında” 1 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ərizəsi əsasında sonuncu cinayət əməli nəticəsində ölmüş övladı, Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmış, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 120;).
31. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin 7 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində Xətai RPİ-nin 35-ci PBdə hər hansı araşdırma materialları aşkar edilməmişdir (Cild 1, i.v. 130;).
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X29 7 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan mərkəzdə narkoloji qeydiyyat yoxdurlar (Cild 1, i.v. 131;).
33. Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin 9 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində, eləcə də onların şikayəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də hər hansı bir araşdırma aparılmamışdır (Cild 1, i.v. 132;).
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X29 1 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışlar (Cild 1, i.v. 133;).
35. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin 19 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs haqqında təqsirləndirici və sair mənfi cəhətdən səciyyələndirən materiallar Xətai RPİ-nin 34-cü PŞ-də olmamışdır (Cild 1, i.v. 134;).
36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən verilmiş “Məhkəmə-genetik ekspertizasının” 15 noyabr 2024-cü il tarixli 24/1699R nömrəli rəyindən görünür ki, 1 (bir) ədəd ağ rəngli mələfə, 1 (bir) ədəd ağ rəngli balınc üzü və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd göy rəngli, sarı zolaqlı gecə şalvarının sağ dizi üzərində olan qanabənzər maddələr insan qanıdır. 1 (bir) ədəd ağ rəngli mələfə, 1 (bir) ədəd ağ rəngli balınc üzü və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd göy rəngli, sarı zolaqlı gecə şalvarının sağ dizi üzərində olan qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur. 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, 1 (bir) ədəd ağ rəngli dəsmal, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd tünd göy rəngli idman şalvarı, 1 (bir) ədəd ağ rəngli mayka, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd sarı rəngli uzunqol köynək, 1 (bir) ədəd bej rəngli mayka, 1 (bir) ədəd büstqalter və 1 (bir) ədəd bənövşəyi rəngli tuman üzərində qanabənzər ləkələr aşkar edilmədi (Cild 1, i.v. 135-142;).
37. “Meyitin ekspertizasının” 25 noyabr 2024-cü il tarixli 107 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin baş beyin qişalarına, qişalaraltı toxumasına qansızma, sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası sıyrıqları, alt dodaq nahiyəsinin sıyrığı, qan sızması və əzilmiş yarası müəyyən edildi. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində başın sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, baş beyinə qansızma fonunda baş beyinin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 6-12 saat əvvəllə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Rəyin tədqiqi (xarici və daxili müayinə) hissələrində göstərilmişdir ki,...Meyitin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi.: Başın sağ təpə-gicgah nahiyəsində şişkinlik və patoloji hərəkətlilik fonunda 1,5x0,4 sm ölçüdə, kənarları bir qədər nahamar olan xətşəkilli qansızmalı yara vardır, yara ətrafı sıyrıntılıdır. Həmin nahiyədə 0,7x0,4, 0,7x0,3 sm, sağgicgah nahiyəsində 0,5x0,3, 0,3x0,2 sm ölçülərdə, üzərləri ətraf dəri səviyyəsindən aşğıda yerləşmiş, qırmızımtıl rəngli kövrək qartmaqla örtülü oval və qeyri-müəyyən fırmalı sıyrıqlar vardır. Alt dodağın sol yarısında 0,7x0,3 sm ölçüdə eyni xarakterli sıyrıq, iç səthində 1,5x1,0 sm ölçüdə qansızma sahəsi və 0,7x0,2 sm ölüçdə nahamar kənarlı yara vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər müəyyən edilmədi.....Başın yumşaq toxumasının daxili səthi sağ təpə-gicgah nahiyəsində tünd qırmızı rəngdə hematomalıdır. Sağ təpə-gicgah sümüklərinin təxminən 8x6 sm ölçüdə sahəni əhatə edən çoxqəlpəli sınaqlar vardır. Mişarlama xəttində alın sümüyünün qalınlığı – 0,6 sm, gicgah sümüyünün qalınlığı – 0,4 sm, ənsə sümüyünün qalınlığı isə - 0,5 sm-dir.. (Cild 1, i.v.143-147;).
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X29 12 noyabr 2024-cü il tarixli 5936 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan mərkəzdə qeydiyyatda yoxdurlar (Cild 1, i.v. 150;).
39. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının” 25 noyabr 2024-cü il tarixli, 3401 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Kinlilik, emosionallıq, qıcığa qarşı həssaslıq, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Qeyd edilən rəyin tədqiqi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə barəsində soruşduqda bildirir ki, .... Ailədə əvvəllər münasibətləri yaxşı olsa da, son vaxtlar Hacının ona qarşı soyuq münasibət göstərdiyini hiss etmişdir. Hadisədən əvvəl Hacının telefonda qadınla mesajlaşdığını görmüş, Hacı telefonu onun əlindən almaq istəyəndə onu döyəcəyindən qorxaraq onu itələmiş, bu zaman Hacının başı radiatora dəyərək ağır xəsarət almış, sonra isə ölmüşdür.. .(Cild 1, i.v. 151-155;).
40. “X4” komendantı tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 511 saylı arayışdan və müvafiq şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - əri Zərərçəkmiş şəxs, 9 may 2014-cü il təvəllüdlü qızı Xədicə Mahmudzadə və 20 iyul 2012-ci il təvəllüdlü qızı Mədinə Mahmudzadə ilə birlikdə 24 oktyabr 2024-cü il tarixədək ünvan 13 ünvanında "xxxx" MMC-də 642-A saylı mənzildə yaşamışdır (Cild 1, i.v. 161; 164-165;).
41. Lənkəran ŞİHB-nın Haftoni qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 3 dekabr 2024-cü il tarixli və Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli xasiyyətnamələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadıqları ərazilər üzrə müsbət xarakterizə olunmuşlar (Cild 1, i.v. 162-163;).
42. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır (Cild 1, i.v 166;).
43. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən verilmiş “Məhkəmə-genetik ekspertizasının” 27 dekabr 2024-cü il tarixli, 24/1831R nömrəli rəyindən görünür ki, 1 (bir) ədəd radiatorun üzərində insan qanı aşkar edilmədi. 1 (bir) ədəd radiatorun üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materialların mövcud olmadığı müəyyən edildi. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (Cild 1, i.v. 169-173;).
44. “Sübutların qiymətləndirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə yenidən ittiham elan olunması, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd boz rəngli tuman və onun qan nümunəsi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd sarı rəngli uzunqol gecə köynəyi, bir ədəd göy rəngli, sarı zolaqları olan gecə şalvarı, hadisə yerindən götürülmüş və üzərində insan qanının ləkələri olan bir ədəd ağ rəngli mələfə, bir ədəd ağ rəngli balınc üzü, bir ədəd ağ rəngli dəsmal və cinayətin törədilməsində istifadə edilmiş Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd “Redmi” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla Xətai rayon prokurorluğunda saxlanılması, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 1(bir) ədəd DVD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokola əlavə edilmiş 1(bir) ədəd DVD disk, ümumilikdə 2(iki) ədəd DVD diskin cinayət işi üzrə sübut növü kimi tanınmaqla iş materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 175-194;).
45. “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında” 24 yanvar 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (Cild 1, i.v. 195-196;).
46. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq F.M.Nuriyev tərəfindən 5 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 7 fevral 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Sərdar İmanov tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v. 217-230;).
47. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2025-ci il tarixli, 1(101)-1045/2025 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
48. X1 11 iyun 2025-ci il tarixli notarial qaydada verilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə olmayacaqdır (Cild 2;)
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 8473/2025 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl xəsarət aldığını bildirir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, qarnın ön divarında keysəriyyə cərrahiyyə əməliyatından sonrakı çapıqlar aşkar olunur. Bədəninə baxış zamanı sol saidin bayır səthinin orta 1/3-nin, sol biləyin ön səthinin, hər iki bud və baldırın müxtəlif nahiyələrdə yaşımtıl-bənövşəyi qançır xəsarətləri aşkar edilmişdir. Həmin kitabçanın 18-ci bəndində göstərilmişdir ki, diaqnoz: beyin daxili şiş (anamnezində) Hipotoniya sol saidin, sol biləyin, hər iki bud və baldırın qançırı (Cild 2;).
50. Şirvan Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(032)-1388/2024 saylı qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadın təsviri hissəsində göstərilmişdir ki, iddiaçı Təqsirləndirilən şəxs ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir (Cild 2;).
51. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X29 28 avqust 2025-ci il tarixli, T620/2025 saylı komisyon təkrar məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı baş beyin qişalarına, qışaları altına, beyin toxumasına qansızma, sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası və sıyrıqları, alt dodaqda əzilmiş yara, qansızma və sıyrıq müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyatidir, ölümdən qısa müddət əvvəl yetirilmişdir, küt yaranma mexanizminə malikdirlər, qərardan göstərilən vaxtda, yəni 24 oktyabr 2024-cü ildə yetirilə bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası, sıyrıqları sağ gicgah-təpə sümüklərinin çoxqəlpəli sınıqları, baş beyin qişaları və qişaları altına, toxumasına qansızma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, alt dodağın əzilmiş yarası, qansızma və sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə mövcuddur. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı alt dodaqda qeyd edilmiş əzilmiş yara, sıyrıq və qansızma ekspertizaya təqdim edilmiş “Redmi” markalı mobil telefon, ağır kəllə-beyin travması isə hər hansı qabırğa və tini özünü yaxşı biruzə verən küt əşyaya, o cümlədən təqdim edilmiş radiatora sürətlənmiş yıxılma, yəni itələnərkən başının sağ gicgah-təpə nahiyəsinin dəyməsi nəticəsində yaranması mümkündür. Özünü müdafiə və qarşılıqlı mübarizə xarakterli xəsarətlərin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Xəsarətlər yetirilərkən həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Qeyd edilən xəsarətlərə əsasən bunu dəqiq təyin etmək mümkün deyildir (Cild 2;).
52. “X8” Publik Hüquqi şəxsin X10 tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X18 həqiqətdən də həmin xəstəxanada 4 sentyabr 2024-cü il tarixdən “Sağ ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsi MDT forma” diaqonozu ilə qeydiyyatdadır (Cild 2;) Əməlin tövsifi və digər hüquqi məsələlər:
53. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
54. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
56. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
57. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
59. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
60. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
61. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
62. CM-in 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir.
63. CM-in 126.3-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərərvurmanın xüsusilə tövsifedici əlaməti – CM-in 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur.
64. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
65. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurmuşdur. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərərvurması barədə nəticəyə gələrkən işin faktiki hallarının müəyyən edilməsində yanlışlığa yol vermiş, həmin hal isə nəticədə iş materiallarında olan toplanmış sübutlara düzgün olmayan hüquqi qiymətin verilməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı isə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın baş vermiş hadisənin mexanizminə və şəraitinə uyğunluq təşkil etməməsi müəyyən edilmişdir.
66. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 44 və 45-ci bəndlərində göstərilmiş qərarlarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “qəsdən sağlamlığa ağır zərər vurma” faktının sübuta yetirilməsini, habelə həmin aktla, yəni məhz təqsirləndirilən şəxsin mobil telefonla zərərçəkmiş şəxsin başının sağ təpə və üz nahiyələrinə güclü zərbələr endirməsi və ayağı ilə vurub sonuncunun çarpayıdan döşəməyə yıxılması ilə ehtiyatsızlıqdan ölməsi arasında səbəbli əlaqəni göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “qəsdən sağlamlığa ağır zərər vurma” faktının olmadığını təsdiq edir.
67. Belə ki, müstəntiq hökmün 44 və 45-ci bəndlərində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin əməlində zərərçəkmiş şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma faktının olması nəticəsinə gələrkən, “Təqsirləndirilən şəxs əlində olan “Redmi” markalı mobil telefonun künc hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə zərbə vurarkən və çarpayıdan itələyib yerə yıxarkən sonuncunun xəsarət almasını istəməsinə, bununla da öz əməlinin ictimai təhlükəli olmasını dərk etməklə ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu etdiyinə” istinad etmişdir. Halbuki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarət yetirmək məqsədinin olmasına dair ibtidai istintaq orqanı tərəfindən gəlinmiş qənaətin hər hansı əsasının olması müəyyən edilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs tərəfindən törədilməsi iddia olunan sağlamlığa ağır zərər vurma cinayətinin məhz qəsdən törədilməsinə dəlalət edən hər hansı sübut cinayət işi materiallarına əlavə edilməmiş və ya sonradan təqdim edilməmişdir. Əksinə, ibtidai istintaq orqanı tərəfindən sübut qismində əldə edilmiş, o cümlədən məhkəmə istintaqı zamanı müvafiq məhkəmə qərarı əsasında təyin edilməklə əldə olunmuş meyitin komisyon təkrar məhkəmə-tibbi ekspertiza rəyi ilə, habelə ibtidai istintaq zamanı meyitin məhkəm-tibbi ekspertizasını aparmış ekspertin məhkəmə iclasında verdiyi ifadəsi və iş materiallarında olan digər dəlillərlə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən sağlamlığına qəsdən ağır xəsarət yetirilməsi nəticəsində deyil, təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində ölməsi müəyyən edilmişdir.
68. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
69. Qəsdən adam öldürmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərərvurmadan ilk növbədə obyektiv meyar üzrə fərqlənir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa ağır zərər vurmanın nəticəsidir. Ona görə də təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi ilə tövsif edərkən sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Həmin cinayətlər daha çox subyektiv meyarlar üzrə fərqlənir. Belə ki, bu əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur.
70. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
71. CM-in 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürməyə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
72. CM-in 24.1-cü maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.
73. Məhkəmə CM-in 124-cü maddəsinin tövsifi ilə əlaqədar qeyd edir ki, ehtiyatsızlıqdan adam öldürmə cinayətinin obyekti qismində başqa şəxsin həyatı çıxış edir. Bu cinayət obyektiv cəhətdən məişətdə, təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrin yerinə yetirilməsi zamanı və s. hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Ehtiyatsızlıqdan adam öldürmə müxtəlif təhlükəsizlik qaydalarının kobud surətdə pozulması, təqsirkarın diqqətsizliyi, laqeydliyi, etinasızlığı, məsuliyyətsizliyi nəticəsində baş verir. Şərh olunan cinayət subyektiv cəhətdən ehtiyatsızlığın cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növü ilə xarakterizə olunur. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə cinayətkarcasına etinasızlıqla adam öldürmədən daha ictimai təhlükəli əməldir. Cinayətkarcasına özünəgüvənmə ilə adam ölürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümü ilə nəticələnəcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan zərərçəkmiş şəxsin ölümünün qarşısını alacağını güman edir (CM-in 26.2-ci maddəsi). Cinayətkarcasına özünəgüvənmə növündə psixi münasibət zəminində təqsirkar öz hərəkət və ya hərəkətsizliyin başqasının həyatı üçün təhlükəli olacağı imkanını əvvəlcədən dərk edir (əqli ünsür), lakin ölümlə bağlı ola biləcək nəticənin qarşısını alacağına yüngülfikirliliklə ümid bağlayır (iradəvi ünsür). Burada təqsirkarın yol verdiyi hərəkət və ya hərəkətsizlik, bir qayda olaraq, kriminal xarakterdə olmasa da, adətən, müəyyən təhlükəsizlik qaydalarını pozmada ifadə olunur. Cinayətkarcasına etinasızlıqla adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bunu görmür (CM-in 26.3-cü maddəsi). Ehtiyatsızlığın cinayətkarcasına etinasızlıq növündə təqsirkar yol verdiyi hərəkətin (hərəkətsizliyin) başqasını həyatdan məhrum edə biləcəyini dərk etməli olduğu və dərk etmək imkanına malik olduğu halda dərk etmir. Ehtiyatsızlığın etinasızlıq növündə psixi münasibət zəminində yol verilən adam öldürməyə görə məsuliyyət iki meyara əsaslanır: a) şəxs yol verdiyi hərəkətin (hərəkətsizliyin) zərərçəkmişi həyatdan məhrum edəcəyini görməli olduğu halda (obyektiv meyar) və b) görmək imkanına malik olduğu halda (subyektiv meyar) görmür. Ehtiyatsızlıqdan adam öldürmə daha çox təsərrüfat-məişət sahəsində təhlükəsizlik qaydalarının pozulması ilə xarakterizə olunur. Ehtiyatsızlıqdan adam öldürmə qadağan edilən, birgəyaşayış qaydalarını pozan, xidməti və ya peşə qaydaları ilə ziddiyyət yaradan, cinayət sayılan və ya cinayət sayılmayan hərəkətlərlə (hərəkətsizliklə) bağlı ola bilər. Adam öldürmənin ehtiyatsızlıqdan törədilib-törədilməməsini müəyyən etmək üçün subyektiv (təqsirkarın şəxsiyyəti, həyat və iş təcrübəsi, biliyi, dünyagörüşü və s.) və obyektiv (hadisənin baş verdiyi yer, vaxt, şərait və s.) meyarlar nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulacağını da qabaqcadan görmür, lakin lazımi diqqət və ehtiyatlılıq göstərərək baş verə biləcək nəticəni qabaqcadan görə bilərdi və görməli idi. Cinayətkarcasına etinasızlıq zamanı şəxs öz əməlinin təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərək qabaqcadan görməli olduğu və ya görə biləcəyi, yəni qabaqcadan görmək üçün lazımi imkana malik olduğu halda, onları görmür. Ehtiyatsızlığın bu növü obyektiv və subyektiv meyarlarla müəyyən olunur. Ümumilikdə isə şəxs əməlin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görmək imkanına malik olmalıdır. Şəxsin təqsirli hesab olunması o vaxt yəqinləşir ki, onun konkret fərdi keyfiyyətləri - yəni dünyagörüşü, təcrübəsi, sağlamlıq vəziyyəti normal olsun və eyni zamanda əməlin baş verdiyi şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinə malik olsun. Ehtiyatsızlıqdan adam öldürmə zamanı təqsirkarın ya cinayətkarcasına özünəgüvənməsi nəticəsində öz hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmişi həyatdan məhrum edə biləcəyi imkanını əvvəlcədən görməsi, lakin onun qarşısını alacağına yüngülfikirliliklə ümid bağlaması, ya da cinayətkarcasına etinasızlıq nəticəsində öz hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsi həyatdan məhrum edəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onu qabaqcadan görməməsi vəziyyəti mövcud olur.
74. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, CM-in 126.3-cü maddəsi ilə məsuliyyət o zaman yaranır ki, təqsikar hüquqazidd əməli ilə zərərçəkmişin sağlamlığına ağır zərərin yetirilmə imkanını qabaqcadan görür və belə nəticənin baş verməsini ya arzu edir, ya da onların baş verməsinə şüurlu surətdə yol verir. Ehtiyatsızlıqdan adam öldürmə cinayətini oxşar cinayət tərkiblərindən fərqləndirərkən nəzərə almaq lazımdır ki, ehtiyatsızlıqdan adam öldürmə zamanı təqsirkarın əməlində zərərçəkmişin ölümünə münasibətdə olduğu kimi, sağlamlığına ağır zərər yetirilməsində də təqsirin qəsd forması mövcud olmur.
75. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxsin əməlinin CM-in 126.3-cü maddəsi ilə yəni, sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı nəticəyə gəlmək üçün hər hansı sübut aşkar edilməmişdir. İş materiallarında olan mövcud sübutlar isə qeyd edilən iddianı təkzib etməklə, təqsirləndirilən şəxsin əməlində CM-in 124.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq etmişdir.
76. Belə ki, yuxarıda da qeyd edildiyi kimi CM-in 126.3-cü maddəsinin tərkibinin yaranması üçün qəsdən sağlamlığa ağır zərər vurulmalı və nəticədə ehtiyatsızlıqla şəxs ölməlidir. CM-in 124-cü maddəsinin tərkibinin yaranması üçün qəsdin bütün formaları istisna edilir. Ümumiyyətlə, ağır xəsarət yetirməklə zərərçəkmiş şəxsin ehtiyatsızlıqla ölməsi ilə ehtiyatsızlıqla adam öldürmənin bir sıra hüquqi baxımdan fərqləndirən cəhətləri mövcuddur.
77. Obyektiv cəhətdən CM-in 126.3-cü maddəsinin tərkibinin yaranması üçün edilən hərəkət zamanı seçilən üsul və vasitə xarakterinə görə şəxslərə real xəsarət yetirmək xassəsinə malik olmalıdır. Şəxs dərk etməlidir ki, seçdiyi üsul və vasitə digər şəxslərə ağır xəsarət yetirə bilər. Ehtiyatsızlıqla törədilən cinayətlərdə əməl xarakterinə görə aydın şəkildə xəsarət yetirmək xarakterinə malik olmur. Hərəkət nəticəsində xəsarətin alınması real olmur, açıq-aydın görünmür, təsadüf faktorlarının mövcudluğu olur.
78. Subyektiv cəhətdən ağır xəsarət yetirməklə zərərçəkmiş şəxsin ehtiyatsızlıqla ölməsi ilə nəticələnən əməllərdə qəsd məhz ağır xəsarət yetirməyə yönəlir (birbaşa qəsddə), yaxud birbaşa yönəlməsə belə, əməl nəticəsində ağır xəsarətin alınması kifayət qədər real olur (dolayı qəsddə). Bu halda şəxs öz hərəkətlərinin nəticəsində ağır xəsarətlərin alınması ehtimalının yüksək olmasını dərk etməli, nəticəsini kifayət qədər aydın görməli, bunu arzulamalı, yaxud şüurlu surətdə nəticənin baş verməsinə yol verməlidir. Başqa sözlə, nəticənin baş vermə riski yüksək olmalı, şəxs bunu dərk etməli və qəbul etməlidir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı nəticəyə münasibət neytral, yəni baş verib-verməməsinə laqeyd, yaxud pozitiv olur.
79. Ehtiyatsızlıqla törədilən cinayətlərdə şəxs hərəkətlərin nəticəsini aydın görmür, nəticənin baş verməsi real olmur, abstrakt xarakter daşıyır. Nəticənin baş verməsinə neqativ yanaşır. Heç bir halda baş verməsini arzulamır, baş verəcəyini belə gözləmir. Motiv xarakterinə görə zərərçəkmiş şəxsin sağlamlığına hər hansı bir formada zərər vurulması ilə əlaqəli olmur. Ağır xəsarət müəyyən, ümumi qəbul olunmuş qaydaların pozulması nəticəsində baş verir, qəsd bilavasitə xəsarət yetirməyə yönəlmir, nəticənin baş vermə riski yüksək olmur.
80. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs yatmış vəziyyətdə olan zərərçəkmiş şəxs - əri Zərərçəkmiş şəxs mobil telefonunu qısqanclıqdan yaranmış maraq nəticəsində götürüb ərinin başqa qadınlarla münasibəti olub-olmamasını öyrənmək məqsədi ilə mobil telefonun giriş kilidini (parol) açaraq baxmaq istəyərkən əri yuxudan oyanıb mobil telefonunun arvadı Təqsirləndirilən şəxs olmasını görüb sonuncunun sol qolundan tutub saxlamış, Təqsirləndirilən şəxs ərinin icazəsi olmadan mobil telefonunu götürdüyünə görə fiziki cəhətdən ondan dəfələrlə üstün olan əri tərəfindən döyülə biləcəyini düşünərək sonuncunun əlindən çıxıb otaqdan uzaqlaşmağa çalışmış, lakin əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qolundan tutub saxlayaraq buraxmadığına görə sonuncu ərindən xilas olmaq üçün özünü kənara dartıb əl-qol hərəkətləri və ayağı ilə ərini özündən uzaqlaşdırmağa çalışmış, bu zaman əri Zərərçəkmiş şəxs başının təpə nahiyəsinin bərk küt əşyaya (çarpayının yaxınlığındakı divara bərkidilmiş isidici radiatora) dəyib ağır dərəcəli bədən xəsarəti alması kifayət qədər aydın görünən nəticə hesab edilə bilməz. Onun ərini əl-qol hərəkətləri və ayağı ilə özündən uzaqlaşdırmağa çalışması zamanı ərinin baş nahiyəsinin bərk küt əşyaya dəyərək xəsarət alması sonuncuya xarakter baxımından ağır xəsarət yetirən üsul hesab edilə bilməz. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs ərinin əlindən çıxaraq uzaqlaşmaq istəyərkən etdiyi hərəkətlər zamanı niyyəti ərinə ağır xəsarət yetirmək olmamışdır. Bu hərəkətlər zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək üçün edilən şüurlu surətdə hərəkət kimi qiymətləndirilə bilməz.
81. Həmçinin işin faktiki hallarından da görünür ki, tərəflər arasında baş vermiş hadisə şəxsi münasibətlər zəminində, hadisələrin təsadüfi axarı zəminində baş vermiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsi istiqamətində niyyəti, istəyi olmamış, buna səbəb olan heç bir fakt cinayət işi üzrə müəyyən edilməmiş, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs ər-arvad olmaqla yanaşı həmçinin ailələri də qohum olmaqla birgə nikahlarından iki azyaşlı qız övladları olmuş, hətta baş vermiş hadisədən əvvəl üç gün sonra təqsirləndirilən şəxsin qardaşı Mikayıl İsdamovun keçirilməsi planlaşdırılan toy mərasimində birgə iştirak etmələri ilə bağlı hazırlıq görülmüş, təqsirləndirilən şəxsdə zərərçəkmiş şəxsin sağlamlığına qəsd edəcək hər hansı niyyət formalaşmamışdır.
82. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən şiddətə məruz qala bilmə ehtimalına görə sonuncunun əlindən çıxmaq (qurtulmaq) məqsədi ilə onu itələyib otaqdan qaçmaqla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurula bilinəcəyini, o cümlədən onun ölümünün baş verə biləcəyini qabaqcadan görməli olduğu və görə biləcəyi halda görə bilməməsini nəzərə almamışdır. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsi qənaətinə gələrkən yalnız sonuncunun zərərçəkmiş şəxsin baş nahiyəsinə mobil telefonla zərbə vurulması və ayağı ilə itələməsi nəticəsində onun yıxılaraq döşəməyə dəyib bərk küt əşyanın təsirindən yaranan xəsarətlərdən ölməsinə istinad etsə də, özü özlüyündə yalnız bu hal zərərçəkmiş şəxsin qəsdən sağlamlığa ağır zərər vurulması nəticəsində həyatını itirməsinin əsası kimi götürülə bilməz. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair nəticəyə gəlinərkən zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətləri, eləcə də ölümünə səbəb olan xəsarəti konkret olaraq məhz hansı şəraitdə almasını müəyyənləşdirmək üçün iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertiza tədqiqatına tədqiq edilməsi üçün maddi sübut qismində tanınmış mobil telefon və isidici radiator təqdim edilməmiş, bu da öz növbəsində məhkəməyə ibtidai istintaq orqanının gəldiyi yekun qənaətin həqiqiliyini şübhə altına almağa əsas vermişdir.
83. Belə ki, məhkəmə istintaqının tam, hərtərəfli və obyektiv araşdırması ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs ona başqa qadınlarla xəyanət etməsindən şübhələnərək sonuncunun yatmasından istifadə edib mobil telefonun şifrəsini açmağa cəhd etmiş, lakin şifrəni aça bilməmiş, bu zaman mobil telefonun klaviaturasının səsinə oyanan əri Zərərçəkmiş şəxs arvadının mobil telefonunu götürməsindən hiddətlənərək onun qolundan tutub saxladıqda Təqsirləndirilən şəxs ərinin əlindən yaxa qurtarmaq üçün əl-qol hərəkətləri edərkən əlindəki mobil telefonun Zərərçəkmiş şəxs üz nahiyəsinə dəyməsi nəticəsində sonuncu dodaq nahiyəsindən xəsarət almış, buna baxmayaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs buraxmadığından sonuncu döyüləcəyindən qorxaraq Zərərçəkmiş şəxs əlindən özünü qurtarıb xilas etmək üçün öz hərəkətinin zərərçəkmiş şəxsin ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda görmədən ərini itələyərək özündən uzaqlaşdırmağa nail olaraq dərhal sonra arxasına baxmadan yataq otağını tərk etmiş, Zərərçəkmiş şəxs isə arvadı Təqsirləndirilən şəxs onun əlindən qurtulması məqsədilə itələməsi nəticəsində müvazinətini itirərək baş nahiyəsi çarpayının yanındakı divara bərkidilmiş (yataqdan çox az məsafədə yerləşən) radiatorun künc hissəsinə dəymiş, bununla da aldığı ağır xəsarətlər - baş beyin qişalarına, qişalaraltı toxumasına qansızma, sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sıyrıqları nəticəsində Zərərçəkmiş şəxs həyatdan məhrum olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ilə əvvəllər də aralarında qısqanclıq zəminində mübahisələri olmuş, habelə Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs tərəfindən döyülməklə fiziki zorakılığa (şiddətə) məruz qalmış, hətta qeyd olunan hallara dözməyərək boşanma üçün ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq qayınatasının təkidi və ərinin onun inandırması ilə ərizəsini geri götürmüş, bununla bağlı 21 oktyabr 2024-cü il tarixdə məhkəmənin müvafiq qərarı qəbul edilmiş, lakin Zərərçəkmiş şəxsla arvadı Təqsirləndirilən şəxs arasında qısqanclıq zəminində mübahisələri davam etmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs ərinin mobil telefonunda olan məlumatlara yaranmış maraq xatirinə baxmaq istəyərkən Zərərçəkmiş şəxs həmin halı görüb arvadı Təqsirləndirilən şəxs əlindən tutaraq saxlamış, Təqsirləndirilən şəxs əvvəllər də əri tərəfindən oxşar hərəkətlərinə görə döyülməsini nəzərə alıb onun sağlamlığına qəsdən hər hansı zərər yetirmək məqsədi güdmədən özünü müdafiə etməklə ərinin əlindən çıxmaq üçün əl-qol hərəkətləri edərkən onun dodaq nahiyəsinə xəsarət yetirmiş və ərinin ondan əl çəkmədiyini görüb ayağı ilə itələməklə ərinin əlindən çıxıb qaçmağa nail olmuşdur. Bundan sonra törətdiyi əməlin nəticələrini əvvəlcədən (qabaqcadan) görə bilməyən Təqsirləndirilən şəxs ərinin onun dalınca gəlmədiyini, habelə ondan səs çıxmadığını görüb yataq otağına geri qayıtmış, bu zaman ərini hərəkətsiz vəziyyətdə görüb onu oyandırmağa çalışmış, lakin ərinin hər hansı reaksiya vermədiyini görüb ağlayaraq evdəki digər şəxsləri köməyə çağırmışdır. Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışları da onun niyyət və məqsədinin Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək istəməsini və ya ona xəsarət yetirilə biləcəyini dərk etməsini istisna edir. Bundan başqa, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Zərərçəkmiş şəxs arvadı Təqsirləndirilən şəxs onun mobil telefonuna giriş etməyə cəhd etməsindən əsəbiləşib “sən yenə telefonu götürmüsən?!” deyərək qolundan tutmuş, hadisələrin təsadüfi axarı zəmində həmin vaxt Təqsirləndirilən şəxs əlində mobil telefon olduğundan əl-qol hərəkətləri edərkən ərinin dodaq nahiyəsinə dəyməsi nəticəsində ona yüngül xəsarət yetirməsinə baxmayaraq özündən uzaqlaşdırmağı bacara bilməmiş, əri onu buraxmadan yenidən əllərindən tutub saxlamaqda davam etmiş, bu zaman Təqsirləndirilən şəxs əvvəllər də eyni səbəbdən əri Zərərçəkmiş şəxs tərəfindən döyülməsini nəzərə alıb qorxduğuna görə ərini itələyib cəld hərəkətlə otaqdan çıxıb digər otağa keçərək otağın qapısını kilidləmiş, lakin hər hansı səs gəlmədiyini görüb geri qayıtmışdır. Eyni zamanda, məhkəmə hadisənin havanın qaranlıq vaxtı baş verməklə otağın da gecə vaxtı qaranlıq (işıqlandırılmamış) olmasını, bununla da Təqsirləndirilən şəxs ona əsəbiləşən əri Zərərçəkmiş şəxs yaxa qurtarmaq üçün əl-qol hərəkətləri edərkən əlindəki mobil telefon sonuncunun ağız nahiyəsinə dəydikdən sonra da ərinin onu buraxmamasına görə ərini itələməklə nəinki özünü müdafiə etmiş, həmçinin onun yıxılaraq başının çarpayının yaxınlığındakı divara bərkidilmiş radiatora dəyərək başın sağ təpə nahiyəsində çoxqəlpəli sınıq xəsarətləri alaraq həyatını itirməsinə səbəb olacağını qabaqcadan düşünməklə dərk etməli olduğu halda düşünməmiş, otağın qaranlıq olması isə öz növbəsində Zərərçəkmiş şəxs yıxılaraq başının dəyməsi anını təqsirləndirilən şəxsin görməməsinə zəmin yaratmış, özü də ehtimal edilən şiddət hadisəsindən qorxub sürətlə otağı tərk edərək yalnız qısa müddət keçdikdən sonra hər hansı səsin gəlməməsinə görə geri qayıdıb bədbəxt hadisənin baş verdiyini görüb özünü itirmişdir. Təqsirləndirilən şəxs əvvəllər də əri Zərərçəkmiş şəxs tərəfindən şiddətə məruz qalmaqla döyülməsi həm özünün, həm də qardaşı Şahid2 ifadələri ilə təsdiq olunmaqla yanaşı, onun istintaq təcridxanasına daxil olarkən adına tərtib edilmiş tibb kitabçasında bədəni üzərində bir sıra xəsarətlərin olması da müəyyən edilmişdir.
84. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs itələməkdə niyyəti sonuncunun qəsdən sağlamlığına nəinki ağır zərər vurmaq, ümumiyyətlə sağlamlığına hər hansı dərəcəli bədən xəsarəti yetirmək olmamış, təqsirləndirilən şəxsin yalnız mümkün zorakılıqdan özünü qurtarmaq (xilas etmək, müdafiə etmək) niyyəti ilə müşayiət olunan hərəkəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, zorakılığa məruz qalacağını dərk edən hər hansı şəxs (Təqsirləndirilən şəxs) hadisə zamanı yalnız özünü potensial zorakılıq göstərən şəxsdən (Zərərçəkmiş şəxs) qurtulmağa fokusladığından, onun qarşı tərəfə yetirə biləcəyi birbaşa xəsarətləri görmə və dərk etmə imkanına malik olduğu halda, görməyərək dərk etməməsi mümkün haldır, potensial qurban (Təqsirləndirilən şəxs) yalnız özünü düşünərək cinayətin törədilmə imkanını, eləcə də şəxsin (Zərərçəkmiş şəxs) həyati təhlükəsini lazımi diqqət yetirməklə qabaqcadan görməli olduğu halda görmür və nəticədə ehtiyatsızlıqdan şəxsin (Zərərçəkmiş şəxs) ölümünə səbəb olur. Bundan başqa, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyi ilə də Zərərçəkmiş şəxs ölümünə sürətlənmiş yıxılmanın nəticəsində başın sağ təpə nahiyəsinin məhz ekspertizaya təqdim olunmuş radiatora dəyməsi nəticəsində alınması ehtimal edilən sağlamlığa ağır xəsarətlərin səbəb olması müəyyən edilmişdir. Bununla da, bir daha məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əsas elementinin - təqsirin qəsd formasının mövcud olmadığı, habelə təqsirləndirilən şəxsin təqsirinin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına münasibətdə qəsddən ibarət olmaması qənaətinə gəlinməsini əsaslı hesab edir. Bundan başqa, məhkəmə araşdırması zamanı iş üzrə meyitin məhkəmə-tibbi müayinəsini həyata keçirmiş ekspert ifadə verərkən də sonuncu zərərçəkmiş şəxsin ölümünə səbəb olan başın sağ təpə nahiyəsindən aldığı çoxsaylı qəlpəli sınıq xəsarətlərinin mobil telefon vasitəsilə yetirilə bilməsi ehtimalını bütövlükdə inkar edərək zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş həmin xəsarətlərin əmələ gəlmə mexanizminin aşağıdan yuxarıya doğru olmaqla, məhdud sahəyə malik isidici radiatorun künc hissəsinə dəyməklə yarana bilməsi ehtimalının daha real olduğunu bildirmişdir. Məhkəmə tərəfindən meyitin ilkin, o cümlədən hadisə yerində məhkəmə-tibbi müayinəsini həyata keçirmiş ekspertin bildirdiyi halların dəqiqləşdirilməsi, eləcə də hadisənin real baş vermə şəraitinin, o cümlədən zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş xəsarətin necə və hansı şəraitdə alınmasını müəyyənləşdirmək məqsədilə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmış və zərərçəkmiş şəxsin ölümünə səbəbin həqiqətən də məhz sürətlənmiş yıxılma gedişində başın təpə nahiyəsinin isidici radiatorun künc hissəsinə dəyməsi nəticəsində həyatını itirməsinin daha real həyat şəraitinə uyğun olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, hadisədən dərhal sonra meyitin hadisə yerindəki vəziyyəti dəyişdirilmişdir. Belə ki, həm təqsirləndirilən şəxsin, həm də şahidlər Şahid4, Şahid5, Şahid1 və Şahid3 ifadələri ilə mərhum Zərərçəkmiş şəxs meyitinin hadisədən sonra ilkin vəziyyətinin çarpayı ilə divar arasında sol yanı üstə uzanıqlı vəziyyətdə olması, hadisə yerinə sonradan gəlmiş şahidlər Şahid1 və Şahid3 tərəfindən meyitin olduğu yerdən götürülərək çarpayının üzərinə qoyulması müəyyən edilmişdir.
85. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu əri, xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs istifadəsində olan “Xiaomi” markalı, “Redmi” modelli mobil telefon vasitəsi ilə başqa qadınlarla mesaj vasitəsi ilə əlaqə saxladığından şübhələnərək xx.xx.2024-cü il tarixdə həmin telefonun kilidini ərindən gizli şəkildə açıb sonuncunun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə qadın cinsli şəxsə sevgi mövzusunda mesajlar yazdığını görmüş, həmin vaxt Zərərçəkmiş şəxs telefonu onun əlindən alaraq təhqir etdiyindən aralarında sözlə mübahisə yaranmış, bundan sonra o, ərinin başqa qadınlarla yazışıb-yazışmadığını yoxlamaq məqsədilə telefona baxmaqdan ötrü xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində yaşadıqları Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2944 məhəllə, 642 A nömrəli mənzilin yataq otağındakı çarpayıda olduqları zaman Zərərçəkmiş şəxs yastığının altına qoyduğu həmin mobil telefonu gizli götürüb kilidini açmağa cəhd etmiş, lakin ona məlum olan şifrə sonuncu tərəfindən dəyişdirildiyindən mobil telefonun kilidini aça bilməmişdir. Bu zaman Zərərçəkmiş şəxs yuxudan oyanaraq yarıyuxulu vəziyyətdə onu təhqir edib sol qolundan tutaraq mobil telefonu əlindən almağa cəhd etmiş və o, fiziki cəhətdən ondan dəfələrlə üstün olan əri Zərərçəkmiş şəxs onu döyəcəyindən qorxaraq sonuncunun əlindən qurtulub çıxaraq qaçmaq üçün əl-qol hərəkətləri etməyə başlamış, bu zaman əlindəki mobil telefonun zərbə ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə çırpılması və Zərərçəkmiş şəxs əlindən xilas olmaq üçün ayağı ilə sonuncunu özündən kənara itələməsi ilə Zərərçəkmiş şəxs başının sağ təpə nahiyəsinin bərk küt əşya olan çarpayının yaxınlığındakı divara bərkidilmiş radiatora dəyməsi nəticəsində ona ehtiyatsızlıqdan ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan baş beyin qişalarına, qişaları altı toxumasına qansızma, sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sıyrıqları, alt dodaq nahiyəsinin sıyrığı, qansızması və əzilmiş yarası xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs almış olduğu və ölümü ilə birbaşa səbəbli əlaqəli olan başın küt travması nəticəsində başın sağ təpə-gicgah sümüklərinin çoxqəlpəli sınıqları, baş beyinə qansızma fonunda baş beyinin əzilməsi xəsarətləri nəticəsində hadisə yerində ölmüş, bununla da, o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür.
86. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əri - Zərərçəkmiş şəxs yatarkən mobil telefonuna baxmaq istəyərkən sonuncunun oyanıb ona qəzəblənərək əlindən tutması ilə, Təqsirləndirilən şəxs isə ərinin əlindən çıxıb qurtulmağa çalışaraq əl-qol hərəkətləri etməklə və özündən kənara itələməklə öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) zərərçəkmiş şəxsin ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bunu görməyərək (cinayətkarcasına etinasızlıq) ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olması bir daha onu göstərir ki, onun əməli CM-in 124.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur.
87. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
88. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
89. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
90. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
91. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, CM-in və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
92. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
93. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
94. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
95. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
96. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər az ağır cinayətlər kateqoriyasına aid edilir.
97. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 124.1-ci maddəsinin sanksiyası həddində məhz azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
98. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
99. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
100. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
101. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, müstəntiqin izahını tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 124.1-ci maddəsi ilə tövsif edilməlidir. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
102. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
103. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
104. Məhkəmə CM-in 59.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, sonuncunun ondan şikayəti və tələbinin olmamasını, habelə ona yüngül cəza təyin edilməsinə dair xahişini, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış və qeydiyyatda olduğu yerlər üzrə müsbət xarakterizə olunmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmamasını, özünün və anasının müxtəlif xəstəliklərdən əziyyət çəkmələrini, məhkəmə icraatı zamanı davranışını və törətdiyi əməlini səmimi etiraf etməklə səmimi peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
105. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
106. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
107. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
108. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 124.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
109. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan məhz orta həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
110. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kimi təsnif edilmişdir.
111. CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
112. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
113. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
114. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən barəsində 26 oktyabr 2024-cü ildə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
115. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 24 oktyabr 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
116. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
117. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.
118. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus hadisə baş verən zaman üzərində olan bir ədəd qara rəngli mayka, bir ədəd tünd göy rəngli idman şalvarı və bir ədəd boz rəngli tuman zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, habelə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd sarı rəngli uzunqol gecə köynəyi və bir ədəd göy rəngli sarı zolaqları olan gecə şalvarı Təqsirləndirilən şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş üzərində insan qanının ləkələri olan bir ədəd ağ rəngli mələfə, bir ədəd ağ rəngli balınc üzü, bir ədəd ağ rəngli dəsmal və Zərərçəkmiş şəxs qan nümunəsi məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd “Redmi” markalı mobil telefon və hadisə yerindən götürülmüş divara bərkidilmiş isidici radiator zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
119. İş üzrə mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
120. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
121. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
122. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 24 oktyabr 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus hadisə baş verən zaman üzərində olan bir ədəd qara rəngli mayka, bir ədəd tünd göy rəngli idman şalvarı və bir ədəd boz rəngli tuman zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, habelə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd sarı rəngli uzunqol gecə köynəyi və bir ədəd göy rəngli sarı zolaqları olan gecə şalvarı Təqsirləndirilən şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş və üzərində insan qanının ləkələri olan bir ədəd ağ rəngli mələfə, bir ədəd ağ rəngli balınc üzü, bir ədəd ağ rəngli dəsmal və Zərərçəkmiş şəxs qan nümunəsi məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd “Redmi” markalı mobil telefon və hadisə yerindən götürülmüş divara bərkidilmiş radiator zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.