Məhkəmə qərarları › İş №1(101)-1046/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1046/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1046/2021 19.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri 5-ci məhəllə, ev 17/30, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini üstündə saxlamaqla daşımış, bu fakt 18 sentyabr 2020-ci il tarixdə saat 23:45-də Xaçmaz st. XPŞ-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq dəvət olunduğu H.Z.Tağıyev st. XPB-də üzərinə şəxsi axtarış keçirilərkən, əlində daşıdığı qara rəngli sellofan torbadakı üzərində «Nevirapine Comprimes USP 200 mq» sözləri yazılmış kağız materialdan olan dərman qutusunun içindən 49,348 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, beş-altı gün öncə Sumqayıt şəhərində «Göyərçin» deyilən ərazidən bir qədər kənarda tanışı Elşəni görüb salamlaşmışdır. Söhbət əsnasında Elşənə xəstəliyi ilə əlaqədar bədənində ağrılar olduğunu bildirmişdir. Elşən onda narkotik vasitə olduğunu, heroinin ona yaxşı təsir edəcəyini, ağrılarını kəsəcəyini, bu barədə heç kimə bir söz deməməsini xahiş edib, heroinin qramını ona 20 manata sata biləcəyini bildirmişdir. Elşən ona istifadə etdiyi ***-***-**-** mobil nömrəsini verib, nə vaxt heroin lazım olsa, ona zəng etməyini demişdir. Sonuncuya ***-***-**- ** mobil nömrəsindən zəng edəcəyini deyib ondan ayrılmışdır. Təxminən iki-üç gün sonra Elşənə zəng edib 50 qram heroin gətirməsini xahiş etmişdir. Telefon danışığından sonra həmin gün Sumqayıt şəhərində yaşadığı evdən bir qədər aralıda Elşənlə görüşüb, ondan qramı 20 manata olmaqla 50 qram heroin istəyib, pulunu qısa müddətə hissə-hissə verəcəyini demişdir. Elşən onunla razılaşmış və ona 50 qram heroin vermişdir. Bundan bir qədər sonra aldığı heroinin az hissəsini istifadə etdikdən sonra, tez-tez istifadə etməməsi üçün, qalan hissəsini özündən uzaq yerdə gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə 18 sentyabr 2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən H.Z.Tağıyev stansiyasına gedib, həmin ərazidə heroini gizlətmək üçün etibarlı yer axtarmağa başlamışdır. Bu zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərini ona polis əməkdaşları kimi təqdim etmişdir. Sonuncular ona barəsində əməliyyat məlumatı olduğunu deyib, onu H.Z.Tağıyev st. XPM-nin binasına dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis məntəqəsinə getmişdir. Nadir adlı təhqiqatçı xidməti otağında onu barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumatlandırandan sonra ona vəkillərin siyahısını təqdim edib, hüquqlarının müdafiəsi üçün siyahıdan vəkil seçməsini təklif etmişdir. Təhqiqatçıya siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı məntəqəyə siyahıda olan vəkillərdən X5 dəvət etmişdir. Bundan sonra vəkilinin iştirakı ilə o, şübhəli şəxs qismində tutmuşdur. Bu barədə protokol tərtib edilmiş və o, vəkili ilə birlikdə protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı vəkilə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyini təklif etmişdir. Təhqiqatçı onu polis məntəqəsinə dəvət edən iki nəfər polis əməkdaşının yanında barəsində daxil olmuş əməliyyat məlumatı barədə təkrarən məlumatlandırandan sonra, ona hüquq və vəzifələrini izah edib, videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təhqiqatçıya buna etiraz etmədiyini bildirmişdir. Təhqiqatçı Nadir videoçəkilişi aparmaq üçün otağa bir nəfər polis əməkdaşını dəvət etmişdir. Sonra videoçəkiliş aparılaraq ona hüquq və vəzifələrini izah etdikdən sonra, üzərindəki əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. O da əlində olan qara rəngli sellofan torbanı və cibində olan iki ədəd alışqanı masanın üzərinə qoymuşdur. Təhqiqatçı üzərinə şəxsi axtarış keçirmiş və üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya aşkar etməmişdir. Təhqiqatçı onun masanın üzərinə qoyduğu qara sellofan torbaya baxaraq içərisində olan dərman qutusundan narkotik vasitə olan heroinə bənzər maddə aşkar etmişdir. Təhqiqatçı ondan sellofan torbada nə olduğunu, narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkotik vasitəni hansısa şəxsin ona satıbsatmadığını soruşmuşdur. Sonuncuya sellofan torbada olan dərman qutusunda saxladığı maddənin narkotik vasitə heroin olduğunu, onu Elşən adlı tanışından şəxsi istifadəsi üçün Sumqayıt şəhəri ərazisində aldığını, Sumqayıt şəhəri stansiya H.Z.Tağıyev ərazisinə narkotik vasitəni sonrakı istifadəsi üçün gizlətməkdən ötrü gətirərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi qara rəngli sellofanın içərisindəki dərman qutusunda saxladığı narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən ekspertizaya təqdim olunması üçün götürülərək qablaşdırılmışdır. Tədbir nəticələrinə dair tərtib olunmuş protokolu imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlamış və daşımışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 18 yanvar 2020-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Sumqayıt şəhər sakini Seymur adlı şəxsin Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyi, üzərində daşıdığı və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən stansiya ərazisində əməliyyat tədbirinin keçirilməsinə zərurət yaranmışdır. Həmin tarixdə saat 23 radələrində o, Xaçmaz st. XPŞ-nin CAQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin əməliyyat məlumatı əsasında H.Z.Tağıyev dəmir yolu stansiyasının ərazisinə getmişdir. Orada bir qədər durduqdan sonra, bir nəfər şəxsin əlində qara rəngli, balaca sellofan torba ilə stansiya ərazisinə gəldiyini görüb, Şahid2la birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişdir. Sonuncuya onun narkotik vasitələrdən istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, onu Xaçmaz st. XPŞ-nin H.Z.Tağıyev st. XPM-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nin H.Z.Tağıyev st. XPM-nə gəlmişdir. H.Z.Tağıyev st. XPM-də həmin şəxs özünü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Seymuru H.Z.Tağıyev st. XPM-nin inzibati binasına X4un olduğu otağa dəvət etmiş və bu barədə rəhbərliyə məruzə etmişdir. Bundan sonra X4 Təqsirləndirilən şəxs barəsində st. XPŞ-nə əməliyyat məlumatı daxil olduğunu deyib, Seymura vəkillər siyahısını təqdim edib, vəkil seçməsini təklif etmişdir. Seymur siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı məntəqəyə siyahıda olan vəkillərdən X5 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Rauf Nemətov tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini təklif etmiş, vəkil razılıq verdikdən sonra təhqiqatçı xidməti otağında onun və polis baş leytenantı Şahid2 iştirakı ilə Seymura videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna etirazının olubolmadığını soruşmuşdur. Seymur üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı videoçəkilişin aparılması üçün otağa Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri Şahid3 dəvət etmişdir. Videoçəkiliş zamanı təhqiqatçı Seymura polis məntəqəsinə dəvət olunma səbəbini dedikdən sonra ona hüquq və vəzifələrini izah etmişdir. X4 Seymura üzərində nəyi varsa çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Seymur əlində olan qara rəngli sellofan torbanı və cibində olan iki ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi sellofan torbada narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni iki-üç gün öncə Sumqayıt şəhəri ərazisində, yaşadığı evdən bir qədər məsafədə Eliş adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. X4 sellofan torbanın içərisində olan üzərində «Nevirapine Comprimes USP 200 mq» yazılmış dərman qutusu, həmin qutunun içərisində isə sarı rəngli sellofanda şabalıdı rəngli nəm halda olan kütlə aşkar etmişdir. Təhqiqatçı Seymurdan sellofan torbada olan narkotik vasitəni satmaq niyyəti olub-olmadığını soruşanda sonuncu, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitə olan sellofan torbanı H.Z.Tağıyev stansiyası ərazisinə sonrakı istifadəsi üçün gizlətmək məqsədi ilə gətirdiyini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təhqiqatçı Seymurun təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbadakı qutunun içərisində olan narkotik vasitəni ekspertizaya təqdim edilməsi üçün götürərək qablaşdırmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib etmişdir. O, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Xaçmaz st. XPŞ-nin CAQ-nun əməliyyat müvəkkilidir. 18 yanvar 2020-ci il tarixdə Xaçmaz st. XPŞ-nə Sumqayıt şəhər sakini Seymur adlı şəxsin Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyi, üzərində daşıdığı və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də stansiya ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə saat 23 radələrində o, Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ilə əməliyyat məlumatı əsasında H.Z.Tağıyev dəmir yolu stansiyasının ərazisinə getmişlər. Orada bir qədər dayandıqdan sonra bir nəfərin əlində qara rəngli, balaca sellofan torba ilə stansiya ərazisinə gəldiyini görmüşdür. Odur ki, polis mayoru Şahid1la birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, ona narkotik vasitələrdən istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatının daxil olması barədə bildirmişlər. Sonra həmin şəxsi Xaçmaz st. XPŞ-nin H.Z.Tağıyev st. XPM-nin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nin H.Z.Tağıyev st. XPM-nə gəlmişdir. Orada həmin şəxs özünü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Seymuru H.Z.Tağıyev st. XPM-nin inzibati binasına X4un olduğu otağa dəvət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim edib vəkil seçməsini təklif etmişdir. Seymur siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Təhqiqatçı tərəfindən məntəqəyə siyahıda olan vəkillərdən X5 dəvət edilmişdir. Vəkili ilə tanış olandan sonra Seymur təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı xidməti otağında onun və polis mayoru Şahid1 iştirakı ilə Seymura videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək, buna onun etirazının olub-olmadığını soruşmuşdur. Sonuncu üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı N.Məmmədov videoçəkilişin aparılması üçün otağa Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri Şahid3 dəvət etmişdir. Videoçəkiliş zamanı təhqiqatçı Seymura polis məntəqəsinə dəvət olunma səbəbini açıqlayandan sonra, ona hüquq və vəzifələrini izah etmişdir. Həmin vaxt o, otaq darısqal olduğu üçün kənarda durmuş, şəxsi axtarışda iştirak etməyi ilə bağlı özünü digər iştirakçılar kimi təqdim etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan predmetləri çıxarıb masanın üzərinə qoymasını təklif etmiş və sonuncu əlində olan qara rəngli sellofan torbanı və cibində olan iki ədəd alışqanı çıxarıb masanın üzərinə qoyandan sonra, sellofan torbada narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni iki-üç gün öncə Sumqayıt şəhəri ərazisində, yaşadığı evdən bir qədər məsafədə, Eliş adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. X4 sellofan torbanın içərisində, üzərində «Nevirapine Comprimes USP 200 mq» yazılmış dərman qutusu, həmin qutunun içərisində sarı rəngli sellofanda şabalıd rəngli nəm halda olan kütlə aşkar etmişdir. Sonra təhqiqatçı Nadir Seymurdan sellofan torbada olan narkotik vasitəni satmaq niyyəti olub-olmadığını soruşanda sonuncu, narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitə olan sellofan torbanı H.Z.Tağıyev stansiyası ərazisinə sonrakı istifadəsi üçün gizlətməkdən ötrü gətirdiyini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təhqiqatçı Seymurun təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbadakı qutunun içərisində olan narkotik vasitəni ekspertizaya təqdim edilməsi üçün qablaşdırmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 29-30-cu vərəqlərindəki 19 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. X4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş nə varsa, təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı və əynindəki şalvarın ön sol cibindən iki ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin vaxt Seymur təqdim etdiyi qara rəngli sellofan torbada narkotik vasitə heroinin olmasını, narkotik vasitəni Sumqayıt şəhəri ərazisində Eliş adlı şəxsdən aldığını, 18 sentyabr 2020ci il tarixdə isə H.Z.Tağıyev stansiya ərazisinə gələrkən, həmin ərazidə iki nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təhqiqatçı qara rəngli sellofan torbaya baxış keçirilərkən sellofan torbanın içərisində «Nevirapine Comprimes USP 200 mq» yazısı olan dərman qutusu aşkar edilmişdir. Həmin qutuda sarı sellofan və həmin sellofanın içərisində şabalıdı rəngli yaş kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. İşin 47-48-ci vərəqlərindəki 20 sentyabr 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokolundan görünür ki, Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı, polis kapitanı X1 xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ona hüquq və vəzifələrini izah etmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı və əynindəki şalvarın ön sol cibindən iki ədəd alışqanı təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbada narkotik vasitə heroin olduğunu, onu Sumqayıt şəhəri ərazisində Eliş adlı şəxsdən aldığını, 18 sentyabr 2020-ci il tarixdə H.Z.Tağıyev stansiyası ərazisinə gəldiyini, orada polis əməkdaşı tərəfindən saxlanıldığını, üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroin olan torbasındakı dərman qutusu ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Videogörüntü diskinə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə görünən və narkotiki təqdim edən şəxs özüdür. İşin 109-cu vərəqindəki «telefon danışıqlarının siyahısına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsindən X2 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında olan zənglərin və sms-lərin Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən 26.12.2020-ci il tarixli 1/3-722 nömrəli məktubla daxil olmuş siyahıya keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Elşən adlı şəxslə, sonuncuya aid olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etməsi və həmin mobil telefon nömrəsindən müxtəlif vaxtlarda zənglər qəbul etməsi müəyyən edilmişdir. İşin 49-50-ci vərəqlərindəki 20 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 49,348 qram olan narkotik vasitə heroin və 18 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qeydə alınan videoçəkilişin olduğu bir ədəd disk maddi sübut kimi tanınmış, ekspertizaya sərf olunduqdan sonra qalıq qalan 49,298 qram heroin saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş, bir ədəd disk isə iş materiallarına əlavə edilmişdir. İşin 140-141-ci vərəqlərindəki 18 mart 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs X6 və digər şəxslərlə arasında olan giriş-çıxış zəngləri və smslər olan bir ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2020-ci il tarixli, 6/1937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş sellofan torbada 49,348 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2020-ci il tarixli, 2693 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 92-ci vərəqindəki Sumqayıt şəhər Narkoloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildən «narkomaniya» diaqnozu ilə adıçəkilən dipanserdə qeydiyyatdadır. İşin 93-94 və 102-103-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin 7 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 2 il 6 altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 26 avqust 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsində əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşin 22-23-cü vərəqlərindəki 19 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 73-75-ci vərəqlərindəki Xaçmaz rayon məhkəməsinin 20 sentyabr 2020-ci il tarixli tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək barəsində 18 yanvar 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 135-136-cı vərəqlərindəki qətimkan tədbiri seçilməsi haqqında 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 60-cı vərəqindəki Azərbaycan Respublikası ƏƏSMN-nin 219677 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 04.03.2013-cü il tarixdən 2-ci qrup ümumi əlildir. İşin 84-cü vərəqindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇŞlə Mübarizə Mərkəzinin 28.09.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə 13.06.2008-ci il tarixdən İİV-08/179 kodu ilə qeydiyyata götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirliliyi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə sübuta yetirildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzanı yüngülləşdirmək məqsədi daşıyan ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamalayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edib nəticəyə gəlir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 18 sentyabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 4 (dörd) ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Xaçmaz st. XPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 49,348 qram narkotik vasitə heroinin ekspertizaya sərf olunduqdan sonra qalıq qalan 49,298 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 18 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qeydə alınan videoçəkilişin olduğu bir ədəd disk və Təqsirləndirilən şəxs X6 və digər şəxslərlə arasında olan giriş-çıxış zəngləri və smslər olan bir ədəd disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 18 sentyabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 4 (dörd) ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 49,348 qram narkotik vasitə heroinin ekspertizaya sərf olunduqdan sonra qalıq qalan 49,298 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 18 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qeydə alınan videoçəkilişin olduğu bir ədəd disk və Təqsirləndirilən şəxs X6 və digər şəxslərlə arasında olan giriş-çıxış zəngləri və smslər olan bir ədəd disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar