Məhkəmə qərarları › İş №1(101)-1046/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1046/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1046/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Yevlax rayonunun Qaraməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində nömrəsiz ünvanda kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, 10 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanında yerləşən “Faxralı” kafesinin içərisində tanışı Zərərçəkmiş şəxs bir müddət əvvəl aldığı 5 manat borcunu gec ödəməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə özünü təhqir olunmuş hesab edərək, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağının diz nahiyəsinə bir dəfə vuraraq, ona sağ diz oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələlən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, kürək nahiyəsinə bir dəfə vuraraq, ona sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, telefon alqı-satqısı ilə məşğul olmuşdur. Ailədə dörd uşaqdırlar, üç bacısı var, bacılarından ikisi ailəlidir. Valideynlərindən birini itirdikdən sonra yaranmış psixoloji vəziyyəti ilə əlaqədar arabir psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Zərərçəkmiş şəxs ilə bir tanışının vasitəsilə tanış olmuşdur. Məlum hadisədən bir neçə gün əvvəl zəngləşərək Mirzaman ilə “Faxralı” kafesində görüşmüşlər. Orada bir az oturduqdan sonra Mirzamanla birlikdə çıxıb metronun “Neftçilər” stansiyanın yanına getmişlər. Pulu olmadığını deyib Mirzamandan siqaret almasını, taksi pulunu verməsini xahiş edib pulunu qısa vaxtda qaytaracağını demişdir. Mirzaman onun xahişini yerinə yetirmiş və bu səbəbdən Mirzamana cəmi 5 manat borcu yaranmışdır. Amma cəmi bir gün sonra Mirzamanın pulunu qaytarmışdır. Amma Mirzaman pulu gec qaytardığı üçün işlərinin ləngidiyini deyərək ona öz etirazını bildirmiş, o isə Mirzamana pulunun olmaması səbəbindən 5 manatı gecikdirdiyini deyərək ondan üzrxahlıq etmişdir. Aralarında olan narazılığın bitdiyini düşünmüş, buna görə də 10 noyabr 2022-ci ildə gündüz saatlarında Mirzamanla zəngləşmiş, axşam saatlarında görüşməklərini planlaşdırmışlar. Həmin gün saat 21 radələrində Mirzamanla metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşüb kafeyə getmişlər. Orada Mirzaman 5 manat borcu ona gec qaytardığı üçün işlərinin ləngidiyini bildirmiş, Mirzamanın yenidən 5 manat borcu ilə bağlı məsələni hallandırması onun xoşuna gəlməmiş, öz iradını bildirərək artıq bununla bağlı söhbət etdiklərini demiş, amma Mirzaman onunla kobud şəkildə danışmağa başlamışdır. O, Mirzamandan kobud danışmamağını tələb etsə də sonuncu onun ailə üzvləri barəsində pis ifadələr işlətmiş, o da əsəbiləşib Mirzamanı üzərində gəzdirdiyi bıçaqla bir dəfə vurmuşdur. Hadisədən sonra ailəsi Mirzamanın xəstəxana xərclərini ödəmişdir. Üzərində bıçaq gəzdirdiyi üçün də peşmandır. Onlar Zərərçəkmiş şəxsla barışmışlar, Mirzamanın ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də cəza təyin edərkən məhkəmədən bu halların nəzərə alınması xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Masallı rayonu, Masallı şəhəri, Seybətin küçəsi ev 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Məscid”in arxa hissəsində fərdi evdə kirayədə tək yaşayır. Təxminən 10-15 gün əvvəl Rövşən adlı dostunun vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, onunla tanış olduqdan sonra münasibətləri yaranmış, mütəmadi olaraq zəngləşərək görüşmüşlər. Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdən bir neçə gün əvvəl zəngləşərək ünvan 3 ünvanında yerləşən, Pərviz adlı şəxsin işlətdiyi “Faxralı” adlı kafedə görüşmüşlər. Bir müddət orada oturduqdan sonra Allahverdi ilə birlikdə oradan çıxmışlar, Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Neftçilər” stansiyanın yanına getmişlər. Getdikləri zaman Allahverdi pulunun olmadığını bildirərək ondan siqaret almasını, taksinin pulunu ödəməsini xahiş edərək, pulu ona qaytaracağını demişdir. Allahverdiyə üzərində olan pulun işlə əlaqədar pul olduğunu bildirərək xərclədiyi pulu nə vaxt verəcəyini soruşmuş, Allahverdi isə bir nəfər şəxsin ona pul verəcəyini, həmin pulu aldıqdan sonra ona ödəyəcəyini bildirmişdir. O, Allahverdi ilə razılaşaraq ona bir qutu “Palİ Mail mentol” siqareti almış, həmçinin taksinin ödənişini etmişdir. Nəticə etibarı ilə Allahverdinin ona 5 manat borcu yaranmışdır. Həmin günün səhəri Allahverdidən pulunu istəmiş, ona işinin ləngidiyini demiş, lakin Allahverdi pulu verməyi ləngitmiş, bu səbəbdən də işləri alınmamışdır. Bir neçə gündən sonra çətinliklə də olsa Allahverdidən 5 manat pulu almış, pulu alan zaman ona düz etmədiyini, ona görə işlərinin ləngidiyini demiş, Allahverdi isə pulu olmadığını, bu səbəbdən də 5 manatı gec verdiyini demiş, bundan sonra ona heç bir söz deməmişdir. 10 noyabr 2022-ci il tarixdə gündüz saatlarında Allahverdi ona zəng etmiş, telefon danışığı zamanı görüşməklərini planlaşdırmışlar. Həmin gün saat 21 radələrində yanında olan tanışları Rövşənlə birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında Allahverdi ilə görüşmüşlər. Görüşdükdən sonra birlikdə ünvan 4 ünvanında yerləşən, Pərviz adlı şəxsin işlətdiyi “Faxralı” adlı kafedə gedib çay içməyi planlaşdırıb taksi ilə həmin kafeyə getmişlər. Kafedə əyləşib çay istəmişlər, Pərviz özü çay hazırlayaraq gətirmişdir. Çay içdikləri zaman onun işlərindən söhbət düşmüş, o, Allahverdinin 5 manat borcu gec qaytarması səbəbindən işlərinin pozulduğunu bildirmişdir. Həmin vaxt Allahverdi əsəbləşərək onunla kobud şəkildə danışmağa başlamış, ondan kobud danışmamasını tələb etsə də, onun sözlərinə məhəl qoymayaraq öz danışıqlarına davam etmişdir. Bu əsnada aralarında mübahisə düşmüşdür. Həmin vaxt Allahverdi qəfildən arxasından bıçaq çıxardaraq onun sağ ayağının diz hissəsindən vurmuş, o da zərbənin təsirindən yerə yıxılmışdır. Yıxıldığı zaman Allahverdi bıçaqla onun döş qəfəsinin sol hissəsinə də bir dəfə zərbə ilə vurmuşdur. Orada olan tanışları Rövşən onu yerdən qaldırmış, Allahverdi isə kafedən çıxıb getmişdır. Tanışı Rövşən onu X3 aparmışdır. Təqsirləndirilən şəxsla aralarında olan mübahisə zamanı orada tanışları Rövşən, həmçinin kafeni işlədən Pərviz adlı şəxs olmuşdur. Aralarında olan münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ilə mübahisə etdikləri zaman kafedə Rövşən, Pərviz və Allahverdidən başqa kiminsə olub-olmadığı yadında qalmamışdır (cild 1, iş vərəqə 17-19). Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, hadisə vaxtı “Faxralı” kafesini anası işlətmiş, o da kafedə ofisiant işləmişdir. Həmin kafeyə həm də “Xəngəlxana” demişlər. Təqsirləndirilən şəxs yerlisidir, telefon ustasıdır, sonuncuya telefonunu da düzəltdirmiş, o vaxtdan tanış olmuşlar. Allahverdi həmçinin onun işlədiyi kafeyə də gəlibgetmişdir. Hadisə olan günü kafedə Allahverdi və Mirzaman arasında mübahisə yaranmış, o da sonunculara irad tutub söz-söhbət yaratmamağı demişdir. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, kafedə altı kupe, çöldə iki stol olmuş, Allahverdi və Mirzaman kupedə oturmuşlar. O, Allahverdinin Mirzamanı vurduğunu görməmiş, yalnız mübahisənin səsini eşitmişdir. Mübahisə bildiyi qədərilə 5 manat pulun üstündə olmuşdur. Mirzaman xəstəxanaya özü getmiş, onu heç kim yola salmamışdır. Mübahisənin necə yarandığını bilmir, həmin vaxt o, qulluq edib yemək daşımışdır. Həmin gün onlar yemək yeməmiş, çay içmişlər. Mirzamanı kafedən çıxardanda, Allahverdi artıq çıxıb getmişdi. Mirzaman özü Allahverdinin onu vurduğunu demişdir. O, həmin bıçağı görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Təqdim etmə və götürmə haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, İbrahimov X1 Mirzaman Şahin oğluna xəsarət yetirdiyi bir ədəd qara rəngli, metaldan olan qatlanan, düyməli bıçağı ibtidai istintaq orqanına təqdim etmişdir (cild 1, iş vərəqə 26). Məhkəmə-ballistik ekspertizasının 30 noyabr 2022-ci il tarixli 3/1661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 88-90). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 96). Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli 3192 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs səthilik, hövsələsizlik, inadkarlıq, impulsivlik, laqeydlik, özünü tənzimləmənin iradi çatışmazlığı, məqsədyönümlü olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi (cild 1, iş vərəqə 114-118). Məhkəmə-tibbi ekspertizasının 17 fevral 2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası; sağ diz oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi: iki ədəd) müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törəmişlər, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən - sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ diz oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddədə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqə 119-122). Zərərçəkmiş şəxs 16 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, iddia və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 113). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 86). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 21 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti 11 mart 2023-cü il tarixədək müəyyən edilmişdir. İbtidai istintaq orqanının 11 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 41, 70-73, 123-129, 141-142). Ona görə də məhkəmə göstərilənləri də nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 ay 27 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 89). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 27 (iyirmi yeddi) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 3 (üç) il 02 (iki) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar