Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1046/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, azərbaycan-rus dilləri üzrə tərcüməçi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 193-1.3.2, 244-1.2.2 və 244- 1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: 07 fevral 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 193- 1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü məsələsini ilkin dinləmələr vasitəsi ilə yoxlayaraq aşağıdakıları müəyyən etmişdir: Cinayət işi 29 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs tamah niyyəti ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etməklə keçirmə və həmin cinayət nəticəsində əldə edilən pul vəsaitlərini həqiqi mənbəyini gizlətmək məqsədi ilə leqallaşdırma barədə Rusiya Federasiyası vətəndaşı İvan Andreyaşkin və istintaqla müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 3 may 2023-cü il tarixdə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gələrək aralarında olan razılığa əsasən vahid niyyətlə əhatə olunan qəsdlə istintaqla müəyyən edilməyən tarixdən etibarən Bakı şəhərində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda, eləcə də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanının yaxınlığında fərqli şəxslərin adlarına "xxxx" ASC-ə aid 80 ədəd bank kartı və çoxsaylı mobil telefon nömrələrinin sim kartlarını əldə edib həmin bank kartlarına dair məlumatları və sim kartları ölkə hüdudlarından kənarda olan İvan Andreyaşkin və istintaqla müəyyən edilməyən digər şəxslərə göndərmiş, həmin şəxslər əldə edilmiş bank kart məlumatlarını, yəni bank kartı üzərindəki 16 rəqəmi qumar oyunu və qanunsuz idman mərc oyunlarının təşkil edildiyi, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan ölkə xaricində fəaliyyət göstərən “1xbet.com”, “pinup.com” və digər qumar və mərc oyunları veb saytlarında “ödəniş üçün hesab ünvanı” kimi qeyd edərək, həmin bank kart hesablarını sim nömrələrlə mobil telefonda qeydiyyatdan keçirdiyi mobil bank tətbiqi vasitəsi ilə idarə etmiş, bu üsulla istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində qumar oynamaq üçün müraciət edən şəxslərin qeyd edilən bank kart hesablarına pul vəsaiti köçürməklə həmin veb sayt və qumar oyunu mobil tətbiqlərində qumar və qanunsuz idman mərc oyunları oynamalarını təşkil edib keçirərək bu cinayət fəaliyyətindən əldə edilən ümumilikdə xeyli miqdarda 2642072,83 manat məbləğində pul vəsaitinin vahid niyyətlə əhatə olunan qəsdlə istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində "xxxx" ASC-ə aid 523915******0618, 523915******8203, 523915******8590, 523915******1653, 523915******3927, 523915******0357, 523915******6052, 523915******7982, 523915******0104, 523915******0910, 523915******6962, 523915******2163, 523915******3780, 523915******9103, 523915******3625, 416973******9656, 416973******3395, 416973******3700, 416973******4209, 416973******9725, 416973******0685, 416973******4163, 416973******2252, 416973******9005, 416973******9506, 416973******9273, 523915******3178, 523915******6282, 416973******5861, 523915******3256, 416973******0611, 416973******9001, 416973******2276, 416973******6861, 416973******6891, 416973******8067, 416973******0022, 416973******2922, 416973******5498, 416973******6300, 416973******7612, 416973******7927, 416973******8737, 523915******6358, 523915******5613, 523915******9946, 523915******4435, 523915******1941, 523915******5793, 523915******8221, 523915******9559, 523915******0851, 523915******8389, 523915******1154, 416973******6394, 416973******4426, 523915******6625, 523915******3914, 523915******6608, 416973******0651, 523915******7507 nömrəli bank kartlarına köçürülməsinə nail olmaqla cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərinin bank kart hesablarına köçürmə maliyyə əməliyyatları ilə həqiqi mənbəyini gizlətməklə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil edib keçirməklə həmin fəaliyyətdən əldə etdiyi xeyli miqdarda 2642072,83 manat məbləğində pul vəsaitini tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmışdır. Həmin hərəkətlərinə görə 27 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə yekun ittiham verilmiş, 29 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxsə iş üzrə ibtidai istintaqın qurtarması elan olunmuş, 30 yanvar 2025-ci ildə təqsirləndirilən şəxs və onun müdafiəçisi iş materialları ilə tanış edilərək ittiham aktı tərtib olunmaqla cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs yazılı vəsatət verərək, özünün 15 dekabr 2023-cü ildə saat 13 radələrində qanunsuz və əsassız həbs edildiyini, 29 dekabr 2023-cü il tarixədək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin istintaq təcridxanasında qanunsuz saxlanıldığını, orada ona qarşı fiziki zor və təzyiqlər göstərildiyini, hüquqlarının müdafiəsi üçün vəkil və tərcüməçi təyin edilmədiyini, 14 gün həbsdə saxlanıldıqdan sonra anasının şikayətinə əsasən azadlığa buraxıldığını, həmin gün, yəni 29 dekabr 2023-cü il tarixdə onun barəsində qumar oyunlarının təşkili ilə əlaqədar cinayət işi qaldırıldığını və istintaqa göndərildiyini, 11 fevral 2025-ci il tarixdə ittiham aktını alıb oxuduqdan sonra onun 14 gün həbsdə olmağı ilə bağlı ittiham aktında heç bir məlumatın yazılmadığını müəyyən etdiyini, cinayət işinin ibtidai istintaqının qeyriobyektiv aparıldığını, onun heç vaxt qumar oyunları təşkil etmədiyini, “1xbet” və “pinup” saytlarından heç vaxt istifadə etmədiyini, özünün yalnız kriptovalyutanın alqı-satqısı ilə məşğul olduğunu, istintaq aparılan zaman cinayət işinin əsassız olaraq Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırıldığını bildirməklə, vəsatətində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən cinayət işinin istintaqa qaytarılmasını xahiş etmişdir. Müdafiəçi verilmiş vəsatətlə razı olduğunu, iş materialları ilə tanış olarkən Təqsirləndirilən şəxs vəsatətində qeyd edilənlərdən əlavə çoxsaylı qanun pozuntuları müəyyən etdiyini, belə ki, 21 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsin qohumları tərəfindən Hüseyn Həsənov adlı vəkillə müqavilə bağlanıldığını, lakin həmin müdafiəçinin bütün cəhdlərinə baxmayaraq Təqsirləndirilən şəxslə görüşə və şəxsin müdafiəsini həyata keçirə bilmədiyini, bu barədə vəkil Hüseyn Həsənovun müxtəlif instansiyalara rəsmi müraciətlər etdiyini, lakin heç bir nəticəsi olmadığını, cinayət işinin istintaqı zamanı müstəntiq tərəfindən xüsusi biliklərə sahib mütəxəssislər cəlb edilmədən leqallaşdırılmış pul vəsaitinin məbləğinin müəyyən edildyini, bununla da qanun pozuntusuna yol verildiyini bildirərək, vəkil Hüseyn Həsənovla bağlanmış müqavilənin və müvafiq orderin, həmçinin onun tərəfindən edilmiş müraciətlərin surətlərini məhkəməyə təqdim etməklə, vəsatətin təmin olunmasını və cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin qaldırdığı vəsatətlərin əsassız olduğunu bildirərək təmin olunmadan rədd edilməsini, təqsirləndirilən şəxsin verilmiş ittiham üzrə məhkəməyə verilməsi və məhkəmə baxışının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatəti və Müdafiəçi həmin vəsatətə əlavələrini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək və iş materiallarını nəzərdən keçirib aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, həqiqətən də iş üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verilmiş, qanunçuluq, müdafiə hüququnun təmin edilməsi və cinayət təqibi üzrə icraatın digər əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və belə pozuntulara yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, iş materiallarına görə Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşdarı tərəfindən saxlanılıb izahatı alınmışdır. Cinayət işinin 1-ci cild, iş vərəqi 4-də olan raporta əsasən, həmin Baş idarənin baş əməliyyat müvəkkili, polis kapitanı İslam Mürsəlov 16 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ölkə ərazisində qanunsuz idman mərc oyunlarının təşkili ilə məşğul olması barədə məlumatların araşdırılmasına icazə verilməsi üçün rəhbərliyə müraciət etmişdir. Həmin raportun imzalanma tarixi 16 dekabr 2023-cü il göstərilsə də, raportun üzərində olan ştampdakı tarixin və rəhbərliyin dərkənarı olan tarixin üzərində sonradan müdaxilə edilərək “16” rəqəmi kimi düzəliş olunması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin tarixli izahatı da İ.Mürsəlov tərəfindən alınmış, iş materiallarına görə, şəxsin rus dilli olmaqla xarici ölkə vətəndaşı olmasına baxmayaraq, ona tərcüməçi və müdafiəçinin təqdim edilməsi müəyyən edilmir. Yalnız izahatın sonuncu vərəqində Təqsirləndirilən şəxs özünün və onun izahatını almış əməkdaş İ.Mürsəlovun imzaları ilə yanaşı, X6 adı ilə başqa bir şəxsin imzası mövcuddur. Həmin imza sahibinin tərcüməçi olması qəbul edilsə belə qeyd olunmalıdır ki, iş materiallarına görə onun şəxsiyyəti müəyyən olunmamış, tərcüməçinin təyin olunması barədə qərar qəbul edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, həmçinin bilə-bilə yanlış tərcümə etməyə görə məsuliyyətə dair iltizamı alınmamışdır. Müdafiə tərəfinin məhkəmə hazırlıq iclasında təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, 21 dekabr 2023-cü il tarixdə X7 ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X10 arasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 047 saylı müqavilə bağlanılmış, həmin tarixdə müqaviləyə uyğun olaraq ******* №-li order verilmişdir. X5 müxtəlif instansiyalara ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli sorğuların surətlərindən görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etsə də, Təqsirləndirilən şəxs harada saxlanılması barədə ona cavab verilməmiş və hüquqlarının müdafiəsi üçün şərait yaradılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı, üsulları, nəticələri və digər mühüm hallar, 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.3.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi vaxt, törədilmə üsulu, nəticəsi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarına görə təqsirləndirilən şəxsə verilmiş ittiham aydın olmalı və şəxs ona qarşı irəli sürülmüş hansı ittihamdan müdafiə olunduğunu dəqiq bilməlidir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində qumar oynamaq üçün müraciət edən şəxslərin ittihamda qeyd edilən bank kart hesablarına pul vəsaiti köçürməklə veb sayt və qumar oyunu mobil tətbiqlərində qumar və qanunsuz idman mərc oyunları oynamalarını təşkil edib keçirərək bu cinayət fəaliyyətindən əldə edilən ümumilikdə xeyli miqdarda 2642072,83 manat məbləğində pul vəsaitinin vahid niyyətlə əhatə olunan qəsdlə istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində "xxxx" ASC-ə aid cəmi 61 ədəd bank kartlarına köçürülməsinə nail olmaqla cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərinin bank kart hesablarına köçürmə maliyyə əməliyyatları ilə həqiqi mənbəyini gizlətməklə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil edib keçirməklə həmin fəaliyyətdən əldə etdiyi xeyli miqdarda 2642072,83 manat məbləğində pul vəsaitini tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmışdır. İstintaq orqanının bu nəticəyə gəlməsinə səbəb isə Təqsirləndirilən şəxs saxlanılıb Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparıldıqdan sonra izahat verərkən özünün könüllü şəkildə üzərində olan 80 ədəd bank kartlarını təqdim etməsi, sonradan həmin kartların istintaq orqanına təqdim edilməsi və müvafiq sorğu nəticəsində «Kapital Bank” ASC-dən həmin kartlar üzrə aparılmış əməliyyatlar nəticəsində əmələ gəlmiş məbləğ olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, iş materiallarına görə istintaqı aparan müstəntiq tərəfindən həmin kartlar üzrə aparılmış mədaxil-məxaric əməliyyatlarının nəticələri yalnız "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/9092 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuş məlumatlara baxış keçirilməsi və bu barədə sadə riyazi hesablamalar nəticəsində tərtib edilmiş 05 aprel 2024-cü il tarixli protokolla müəyyən edilmişdir. Halbuki, qeyd olunan kart hesabları üzrə bank əməliyyatlarına dair araşdırmaların aparılması və nəticələrin müəyyən edilməsində bu sahə üzrə mütəxəssislərin iştirakı zəruridir. Təqsirləndirilən şəxs verilmiş ittihamda onun fərqli şəxslərin adlarına "xxxx" ASC-ə aid 80 ədəd bank kartlarını əldə edib həmin bank kartlarına dair məlumatları qrupun digər üzvlərinə göndərməsi qeyd olunsa da, elə həmin ittihamda qumar və qanunsuz idman mərc oyunları oynamalarının təşkil edilib keçirilərək bu cinayət fəaliyyətdən əldə edilən ümumilikdə xeyli miqdarda 2642072,83 manat məbləğində pul vəsaitinin vahid niyyətlə əhatə olunan qəsdlə istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda "xxxx" ASC-ə aid və ittihamda nömrələri sadalanan 61 ədəd bank kartlarına köçürülərək leqallaşdırılması nəticəsinə gəlinmişdir. Həmçinin, verilmiş ittihamda hər bir kart hesabı üzrə hansı məbləğdə pul vəsaitinin əldə edilməsi və hansı məbləğdə vəsaitin leqallaşdırılması konkret müəyyən edilməmiş, ittihamın sonunda ümumi məbləğ qeyd olunmaqla yekun nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamlara görə, ona istinad edilən cinayətlərin törədilməsinin başlanma vaxtı istintaq tərəfindən müəyyən edilməmiş, lakin həmin cinayətlərin başa çatma vaxtı isə 26 dekabr 2023-cü il tarixədək olan müddət göstərilmişdir. Qeyd olunan bank kartları ilə aparılmış əməliyyatlara dair diskə baxış keçirilməsi haqqında 05 aprel 2024-cü il tarixli protokolla müəyyən edilmişdir ki, məsələn, fayllarda qeyd olunmuş siyahıya əsasən birinci kart X8 adına olmuş, baxış protokoluna əsasən, həmin hesab kartına xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 80.042 manat 46 qəpik pul köçürülmüşdür. Halbuki, məhkəmədə iş materialları ilə tanışlıq zamanı müəyyən edilmişdir ki, faylda qeyd olunan siyahıya əsasən X8 adına verilmiş bank kartı üzrə ilk əməliyyat xx.xx.2023-cü il tarixdə aparılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək olan dövr isə bütövlükdə kart əməliyyatları üzrə çıxarış tarixini əhatə edir. xx.xx.2023-cü il tarixdə X2 hesabından X1 51 manat pul köçürülmüş, sonuncu tərəfindən həmin tarixdə 50 manat kartdan çıxarılmış, balansda 1 manat pul qalmışdır. Bundan sonra olan qeyd olunan dövr ərzində həmin kart hesabı ilə çoxsaylı mədaxil və məxaric əməliyyatları aparılmışdır. Həmçinin 05 aprel 2024-cü il tarixli baxış protokolunda kart hesabına yalnız pul vəsaitlərinin mədaxil olunması qeyd olunsa da, fayldakı məlumatlarla tanışlıq zamanı həm də çoxsaylı məxaric əməliyyatlarının həyata keçirildiyi müəyyən edilir, üstəlik bu əməliyyatları aparmış konkret şəxslərin anket məlumatları, çox hallarda isə yaşadıqları ünvanlar da göstərilmişdir. Diskə əlavə edilmiş digər 76 ədəd (ittihamda sadalanan kart sayı 61-dir) kart hesablarına dair məlumatların yükləndiyi fayllarda da oxşar məlumatların mövcud olmasına baxmayaraq, istintaq orqanı tərəfindən həmin halların yoxlanılması istiqamətində hər hansı hərəkət aparılmamış, adlarına bank hesablarının açıldığı kart sahibləri, xüsusilə də iri məbləğdə pul köçürmələrinin yükləndiyi kart sahibləri müəyyən edilib dindirilməmiş, onların hərəkətlərinə hüquqi qiymət verilməmiş, ümumiyyətlə bu istiqamətdə demək olar ki, heç bir araşdırma aparılmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, faylların hər birində kart sahibləri barədə kifayət qədər məlumatlar olmasına baxmayaraq, bir neçə istisna olmaqla, nəinki onlar dindirilmiş və hərəkətlərinə hüquqi qiymət verilmiş, hətta onların müəyyən edilərək istintaqa cəlb edilməsi barədə müvafiq əməliyyat tapşırıqları belə göndərilməmişdir. Hər bir fayla əlavə edilmiş məlumatlarda pulların mədaxil olunması və məxaric edilməsinin konkret tarixləri bəlli olduğundan, həmçinin 26 dekabr 2023-cü il tarixdən sonra da, əsasən 16 yanvar 2024-cü il tarixədək olan dövr ərzində kartlar üzrə mədaxil və məxaric əməliyyatları aparıldığından, istintaq orqanının hansı səbəblərə görə cinayət əməlinin «istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində» törədilməsi kimi nəticəyə gəlməsi anlaşılan deyildir. Təqsirləndirilən şəxs «istintaqla müəyyən edilməyən tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində», «Bakı şəhərində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda» tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda əmlak əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə leqallaşdırma, həmçinin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları təşkil etmə və keçirmə ilə bağlı verilmiş ittihamların tam aydın olmaması onun özünün müdafiəsi üçün üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamlar kart hesabları üzrə aparılmış bank əməliyyatları ilə bağlı olduğundan və həmin əməliyyatlar üzrə nəticələrin müəyyən edilməsi üçün bank işi və mühasibatlıq üzrə müvafiq mütəxəssislərin iştirakı zəruri olduğundan buna əməl edilməmiş, istintaq orqanı tərəfindən bu sahələr üzrə mütəxəssislər cəlb edilmədən, müvafiq ekspertizalar keçirilib müvafiq rəylər alınmadan yekun nəticəyə gəlinmişdir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə ittiham verilərkən miqdar anlayışı üzrə onun əməli xeyli miqdarda əmlakın leqallaşdırılması kimi qiymətləndirilsə də, Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə münasibətdə qumar oyunları təşkil etmə və keçirmə cinayətinə görə miqdar anlayışı ilə bağlı ona ittiham verilməmişdir. İstintaq orqanı sübutların qiymətləndirilməsi haqqında 25 yanvar 2025-ci il tarixli qərarında bunu istintaq zamanı törədilmiş cinayət əməlləri nəticəsində real qazancın müəyyən edilməsinin mümkün olmaması və şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi kimi əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, istintaq orqanının gəldiyi nəticəyə görə, leqallaşdırılmış pul vəsaitinin məbləği bəlli olmuş, Təqsirləndirilən şəxs CM-nin 193-1 və 244-1-ci maddələri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətdiyinə görə ittihamlar verilmiş, hazırkı iş üzrə leqallaşdırılmış pul vəsaiti başqa fəaliyyət növü ilə əldə olunmuş məbləğ deyil, məhz qumar oyunlarının təşkili və keçirilməsi ilə əldə olunmuş vəsait kimi istintaq tərəfindən qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında verdiyi vəsatətdə qaldırdığı məsələlərdən biri də onun barəsində istintaq aparılan zaman cinayət işinin əsassız olaraq Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırılmasıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanının 08 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, daha sonra 16 dekabr 2024-cü il tarixli qərarla iş üzrə icraat təzələnmişdir. Cinayət işinin icraatının dayandırılmasına əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəliyə düçar olması göstərilmişdir. Lakin cinayət işinin materiallarında təqsirləndirilən şəxsin hər hansı formada xəstəliyi ilə bağlı heç bir tibbi sənəd mövcud deyildir, həmçinin Təqsirləndirilən şəxs özü də bu barədə istintaq orqanına müraciət etməmişdir. Göründüyü kimi, cinayət işi üzrə icraat beş aydan artıq müddətdə heç bir əsas olmadan dayandırılmışdır. Məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə yuxarıda sadalanan kobud prosessual pozuntuları nəzərə çatdırmaqla aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin "nədə ittiham olunduğunu", "nədən müdafiə olunmalı olduğunu" bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə əsasən, "cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın "xarakteri və əsasları" haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir". CPM-in 91.5.1-ci maddəsinə əsasən, "nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)" təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Ozerov Rusiyaya qarşı" iş üzrə 18 may 2010-cu il, "Pfayfer və Plankl Avstriyaya qarşı" iş üzrə 25 fevral 1992-ci il, "Bulut Avstriyaya qarşı" iş üzrə 22 fevral 1996-cı il, "Kolozza İtaliyaya qarşı" iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Göstərilən hallar isə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2.3-cü maddəsinə əsasən, qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir və Həmin Məcəllənin 306.1.1 və 306.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı barədə qərar çıxarır. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanının 27 yanvar 2025-ci il tarixli qərarı ilə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri əsaslı hesab edilməli və dəyişdirilmədan saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnikleytenantı X4 və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı İslam Mürsəlov barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.1, 303.3.1, 303.3.6, 303.4 və 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxs tərəfindən qaldırılmış vəsatət təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi kimi kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə qaytarılsın.
3. İbtidai istintaq orqanının 27 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına qətimkan tədbiri dəyişdirilmədan saxlanılsın.
4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X4 və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı İslam Mürsəlov barəsində xüsusi qərar çıxarılsın.
5. Qərarın surəti cinayət prosesinin iştirakçılarına təqdim edilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov