Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1047/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən “Bakı Beynəlxalq Avtovağzalı” nın ərazisində satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən çəhrayı rəngli sellofan parçasına bükülmüş vəziyyətdə külli miqdarda təmiz halda çəkisi 50,671 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş vəziyyətdə külli miqdarda təmiz halda çəkisi 30,055 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və xx xxxx 2020-ci il tarixdə daşıyaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsindəki 170 saylı ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 15:30 radələrində Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nə aparıldıqdan sonra həmin idarənin Təhqiqat şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 50,671 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 30,055 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin yuxarıda göstərilən 2 ədəd bükümlərdə və çəkilərdə onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2017-ci il tarixdə cəzadan tam azad edilmişdir. Taksi fəaliyyəti ilə məşğul olur. Cəzadan azad olunduqdan sonra da narkotik vasitə heroin qəbul etməyə başlamışdır. Heroini və psixotrop maddə olan metamfetamini burnuna iyləmə yolu ilə qəbul etmişdir. Sonuncu dəfə, yəni, xx xxxx 2020-ci il tarixdə növbəti dəfə narkotik vasitə heroin alıb qəbul etmək qərarına gəldiyindən təxminən saat 15 radələrində “Bakı Beynəlxalq Avtovağzalı” na getmiş və əvvəllər narkotik vasitə aldığı, yalnız üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi bir nəfərdən 400 manat müqabilində 50 qram çəkiyə yaxın çəkidə heroin və 30 qrama yaxın çəkidə metamfetamini özü istifadə etmək məqsədi ilə almışdır. Narkotik vasitəni satan şəxsi həbs olunmağından təxminən 2 ay əvvəl tanımışdır. O, həmin şəxsi Bakı Beynəlxalq Avtovağzalında bir nəfərə narkotik vasitə satanda görmüş və həmin vaxt həmin şəxsin orada narkotik vasitənin satışı ilə məşğul olduğunu bilmiş, buna görə də o, hadisədən əvvəl də bir dəfə həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə almışdır. Həmin narkotik vasitəni o, təxminən 2 ay müddətinə istifadə etmək məqsədi ilə almışdır. O, həmin 2 ədəd bükümlərdə olan narkotiki əynində olan gödəkçəsinin cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün axşam saatlarında yaşadığı mənzildə həmin heroin və daha sonra metamfetaminin az bir hissəsini istifadə etmiş və hər iki sellofan bükümlərin ağzını nəm çəkməsin deyə alışqanla yandırıb bağlayaraq yenidən gödəkçəsinin sağ cibinə qoymaqla gizlətmişdir. Səhəri gün o, yaşadığı mənzildən çıxıb, saat təxminən 15:00 radələrində piyada Yasamal rayonu, Həsən Məcidov küçəsi ilə gedərkən təsadüfən uşaqlıq dostu X7 ilə rastlaşmışdır. Onlar təxminən 10-15 dəqiqə söhbətləşmiş və bu zaman onlara 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb Bakı şəhəri Yasamal rayon X2 Mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirib, onların kimliyi ilə maraqlanmışlar. Onlar da özlərini təqdim etdikdən sonra onun narkotik vasitələr qəbul etməyi ilə bağlı onlarda məlumat olduğunu bildirib, onlarla birlikdə Yasamal RPİ-nə getməklərini təklif etmişlər. O, və Şahin Abasov polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə getmişlər. Orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üstünə baxış keçiriləcəyini bildirmişlər. Dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü çıxarıb təqdim etməyi təklif etmişlər. O, özü əynindəki gödəkçəsinin sağ yan cibində saxladığı, bir gün əvvəl aldığı iki ədəd bükümləri könüllü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, protokol onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahin Abasovun onun üstündə hər hansı bir narkotik vasitə heroin və ya metamfetamin olmasından xəbəri olmamış və o, Şahinə narkotik vasitə verməmişdir. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, satan şəxs tərəzidə narkotiki çəkməmişdir, verdiyi pulun müqabilində narkotik vermişdir. Qramının neçəyə düşdüyünü bilmir. Avtovağzalda narkotik vasitəni satan şəxslə telefon əlaqəsi olmamışdır. O, həmin şəxsin çox vaxt orada olduğunu bilmişdir. O da gedəndə onun orada olduğunu görüb ona yaxınlaşmışdır. Saxlanıldığı gündən bir gün əvvəl narkotiki aldığı üçün onu heç yerdə gizlədə bilməmişdir. Ona görə də saxlanılarkən üzərində olmuşdur. O, hərdən-bir blokda, hərdən də binadan kənarda istifadə etmişdir. Evdə ailə üzvləri narkotik vasitə istifadə etməyini bilməmişlər. Onun narkotikdən asılılığı var, hər gün istifadə edir. O, narkotik vasitənin satışı ilə məşğul olmur. Avtomobili idarə edərkən narkotik istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili işləyir. xx xxxx 2020-ci il tarixdə bölməyə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs və ünvan 6 mənzil 27 ünvanında yaşayan X3 qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat bağlı raport əsasında NMB-nin rəisinin vasitəsi ilə RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat məlumatının yoxlanılması ilə bağlı onun rəhbərliyi ilə və bölmənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün baş əməliyyat müvəkkili Şahid2la birlikdə saat 15:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsləri Yasamal rayonu, H.Məcidov küçəsi 170 ünvanının qarşısında dayanıb söhbət etdiklərini müəyyən edərək onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə onlardan biri ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs, digəri isə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ev 3, mənzil 27 ünvanında yaşayan X5r. Bundan sonra onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək Təqsirləndirilən şəxs və Şahin Abasova onlarla birlikdə Yasamal RPİ-nə getmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs və Şahin Abasov da razılışaraq onlarla birlikdə Yasamal RPİ-nə gəlmişlər. Rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı X6 həvalə olunmuşdur. Dəvət olunmuş müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahin Abasovun üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması bildirilmiş və Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd «Davidoff» markalı siqaret qutusunu, bir ədəd qızılı rəngli alışqanı, gödəkçənin sağ cibindən isə bir ədəd şəffaf rəngli sellofana və bir ədəd çəhrayı rəngli sellofana bükülmüş maddələri çıxarıb təqdim edərək, şəffaf rəngli sellofana bükülmüş maddənin metamfetamin, çəhrayı rəngli sellofana bükülmüş maddənin isə heroin olduğunu və həmin narkotik vasitələri Avtovağzal kompleksi ərazisindən, üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 400 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə baxış zamanı şəffaf rəngli sellofanın içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə və çəhrayı rəngli sellofana bükülmüş maddənin isə açıq qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, lakin, onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş, bu baradə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatları daxil olsa da, həmin məlumat gec verildiyindən onun satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitəni özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin ə/m polis baş leytenantı Şahid1 xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 31-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, xx xxxx 2020-ci il tarixdə ünvan 8 saylı ünvanın qarşısında küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusunu, bir ədəd qızılı rəngli alışqanı, gödəkçənin sağ cibindən isə bir ədəd şəffaf rəngli sellofana və bir ədəd çəhrayı rəngli sellofana bükülmüş maddələri çıxarıb təqdim edərək, şəffaf rəngli sellofana bükülmüş maddənin metamfetamin, çəhrayı rəngli sellofana bükülmüş maddənin isə heroin olduğunu, həmin vasitələri Avtovağzal kompleksi ərazisindən, üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 400 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə baxış zamanı şəffaf rəngli sellofanın içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddə, çəhrayı rəngli sellofana bükülmüş maddənin isə açıq qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş bükülülərdəki kütlə qablaşdırılaraq, möhürlənmişdir. Digər “Davidoff” markalı siqaret qutusu və bir ədəd qızılı rəngli alışqan Təqsirləndirilən şəxs qaytarılmış və şəxsi axtarış zamanı sübut əhəmiyyətli digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 64-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/295 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs....” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 50,671 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 30,055 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Cinayət işinin 69-cu vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(004)-201/2020 saylı qərarından görünür ki, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs atası Tofiq Rəsulovun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış və axtarış aparılmasını xahiş etmiş və evə axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 87-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanıdır. Axtarış zamanı mənzildən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş və Təqsirləndirilən şəxs məxsus “İphone-7” markalı mobil telefon üzərində olan simkartla birlikdə götürülmüşdür. Axtarış və götürmə zamanı “Xiaomi” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 126-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone-7” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun üzərində ***-***- **-** mobil nömrəsi vardır. Mobil telefon nasaz vəziyyətdə olduğuna görə onun yaddaşına baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin 265-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli mobil telefonun təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone-7” markalı mobil telefon iş üçün sübut əhəmiyyətli olmadığından Təqsirləndirilən şəxs atası X8 təhvil verilmişdir. Cinayət işinin 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və 01 ədəd “CD-R" markalı diskə köçürülmüş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs üstündə olan hər hansı bir qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana və bir ədəd də çəhrayı rəngli sellofana bükülmüş maddələri çıxarıb təqdim edərək, şəffaf rəngli sellofana bükülmüş maddənin metamfetamin, çəhrayı rəngli sellofana bükülmüş maddənin isə heroin olduğunu və həmin narkotik vasitələri avtovağzal kompleksi ərazisindən, üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 400 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Cinayət işinin 144-cü vərəqəsində olan Bakı şəhəri Yasamal RPİ 28-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 094-4225-1220 saylı məktubdan və cinayət işinin 147-ci vərəqəsində olan Yasamal RPİ-dən daxil olmuş xx xxx 2020-ci il tarixli, 091-21042 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və psixatrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 241-242-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ə.Ə.Babayevin ayrıca icraata cinayət işinin ayrılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Cinayət işinin 211-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxx” MMC-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, BKC/LGL-10967/20 №-li məktubdan görünür ki, ***-***-**-**mobil nömrəsi xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxxxxxx” MMC-yə daşınmışdır. Cinayət işinin 223-224-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “xxxxxxxx” MMC-dən götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən “Bakı Beynəlxalq Avtovağzalı” ərazisində qeydə alınmamışdır. Həmin nömrəyə daxil olan və çıxan zəng və sms tarixçələrinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək yalnız narkotik vasitənin istifadəçisi olduğunu, satmaq məqsədi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspert rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 141-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Rəsulov X9 Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli, 674 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Təqsirləndirilən şəxs qərarda göstərilən, yəni 24 və xx xxxx 2020-ci il tarixlərdə baş vermiş hadisələr zamanı cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 181-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli, 1161 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 124-125-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(004)-209/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin Növbətçi Hissəsində saxlanılan 50,521 qram qram çəkidə narkotik vasitə heroinin və 29,955 qram çəkidə psixotrop maddə olan metamfetaminin qalıqları məhv edilməli və 01 ədəd CD-R markalı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 167.65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin Növbətçi Hissəsində saxlanılan 50,521 qram qram çəkidə narkotik vasitə heroinin və 29,955 qram çəkidə psixotrop maddə olan metamfetaminin qalıqları məhv edilsin. 01 ədəd CD-R markalı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 167.65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1047/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1047/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver