Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1047/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1954-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur; belə ki, o, 4 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küçəsi 84 ünvanında yerləşən Məhəllə №1 kafesinin həyətində tanışı Novruzov Yalçm Zakİr oğlu ilə rastlaşaraq bir ay əvvəl borc kimi verdiyi 10 manatı geri qaytarmasını bildirməsinə görə Zərərçəkmiş şəxs əvvəlcə ona kobud cavab verib ünvanına nalayiq sözlər işlətməsi və yumruğu ilə sol göz nahiyəsinə zərbə vurması səbəbindən özünü təhqir olmuş hesab edərək yumruğu ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid gözdə görmənin tam itməsi, gözün daxili qişalarının xaric olması, həmin gözdə daxili qanama, gözün üst qapağının əzilmiş yarası və gözyuvasıətrafı nahiyənin qançırı ilə müşayiət olunan sağ gözün küt travması ilə müşayət olunan ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) hissəsinin dayanaqlı (daimi) itirilməsi ilə nəticələnmiş xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ondan 10 manat borc pul istəmiş və 10 gün müddətində qaytaracağını bildirmiş, Yalçına 10 manat borc vermiş, lakin Yalçın söz verdiyi vaxtda ona borclu olduğu 10 manatı qaytarmamışdır; 04 dekabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində çay içmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən Məhəllə №1 kafesinə getmiş, kafenin həyətində təsadüfən Yalçını görüb salamlaşmış, bir qədər Yalçınla söhbət etmişlər, söhbət edərkən gülə-gülə zarafat mənasında bir ay əvvəl ona verdiyi 10 manat borcunu nə vaxt qaytaracağını soruşmuş, Yalçın kobud şəkildə: “Yekə kişisən, kişinin-kişiyə borcu olar”,- deyə savab vermiş, aralarında yaranmış mübahisə zamanı ona nəlayiq sözlər deyib təhqir etmiş və gözləmədiyi halda yumruğu ilə sol göz nahiyyəsindən bir zərbə vurmuş, zərbənin təsirindən sol gözü ağrımış, əsəbləşərək, yumruğu ilə Yalçının sağ göz nahiyyəsindən bir zərbə vurmuş, Yalçın yerə yıxılmış, sonra ayağa durub sağ gözündə dəhşətli ağrıların olduğunu bildirmiş, Yalçına lazım olan köməklik edəsəyini bildirmiş, Yalçın isə: “Olan şeydir, keçib gedər”,- deyə savab vermişdir. Bir qədər sonra kafeni işlədən Cavanşir gəlmiş, Cavanşirə Yalçının ona qarşı etdiyi hərəkətləri danışmış, Yalçın gözünün ağrısının dayanmadığını bildirmiş, o, tez kafedən küçəyə çıxaraq dövlət qeydiyyat nişanı və markası yadında qalmayan yoldan keçən taksi maşını saxlatmış, Yalıçını taksiyə əyləşdirmiş və təcili xəstəxanaya getməsini bildirmişdir. Yalçın taksi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına getmiş, o isə aptekdən dərman alıb yaşadığı evə getmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında olan münasibət çox yaxşı olub. 04 dekabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən Məhəllə №1 kafesinə gəlmişdir ki, tanışları ilə oturub çay içsin, lakin həmin vaxt kafedə heç kim olmadığından o, kafdən çıxmış, kafedən çıxan zaman kafenin həyətində tanışı Əlinin kafeyə gəldiyini görmüşdür. Əli ilə bir qədər söhbət etmişlər, söhbət edərkən Əli bir ay əvvəl ona verdiyi 10 manat borcunu istəmiş, həmin vaxt Əliyə: “Yekə kişisən, kişinin kişiyə borcu olar”,- demiş, aralarında mübahisələri yaranmış, mübahisə zamanı yumruğu ilə Əlinin sol göz nahiyyəsinə bir zərbə vurmuşdur. Bundan sonra gözləmədiyi halda Əli yumruğu ilə onun sağ göz nahiyyəsindən bir zərbə vurmuş, sağ gözündən xəsarət almış, həmin gün o, əvvəlcə 3 saylı ŞKX-na getmiş, xəstəxanada həkimlər təcili Zərifə Əliyeva adına göz xəstəxanasına müraciət etməsini bildirmişlər. Bundan sonra o, Zərifə Əliyeva adına göz xəstəxanasına getmiş, xəstəxanada sağ gözündən əməliyyat olunmuşdur. Hahhazırda sağ gözü tamamilə gömür. Təqsirləndirilən şəxs müalicəsi üçün ona dəymiş ziyanı tamamilə ödəmiş, Əli Güləliyevlə barışmış, Əli Güləliyevə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küçəsi, 84 ünvanında yerləşən Məhəllə №1 kafesini icarə əsasında işlədir. 04 dekabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində kafedə olduğu vaxt kafenin müştərisi, tanıdığı Yalçın kafeyə gəlmişdir, lakin həmin vaxt kafedə müştəri olmadığı üçün Yalçın kafedə əyləşməmiş və kafedən çıxmışdır. Təxminən 5-10 dəqiqədən sonra o, dükana getmək məqsədilə kafedən çölə çıxmış, həmin vaxt kafenin həyətində Yalçını və tanıdığı Əlini görmüşdür. Əli ona Yalçınla dalaşdığını bildirmişdir. Əlinin sol göz nahiyyəsində, Yalçının isə sağ göz nahiyyəsində xəsarətlər var imiş. Əlidən nə məsələ olduğunu və nəyə görə dalaşdıqlarının səbəbini soruşan da, Əli, bir ay əvvəl Yalçına verdiyi 10 manatı Yalçından istədiyinə görə aralarında mübahisə yarandığını, mübahisə zamanı Yalçın yumruğu ilə onun sol göz nahiyyəsinə vuraraq xəsarət yetirdiyinə görə, o da Yalçının sağ göz nahiyyəsinə zərbə vurduğunu bildirmişdir. Bundan sonra Əli küçəyə çıxmış, küçədən taksi tutaraq Yalçını taksi ilə xəstəxanaya yola salmışdır, özü isə yaşadığı evə gedəcəyini deyib çıxıb getmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında 8 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə təsdiq etmişdir (1-ci cild iş vərəqi 64). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin 28 mart 2022-cı il tarixli 2335 nömrəli məktubundan görünür ki, xx xxxxx 1954-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb (1-ci cild iş vərəqi 108). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 24 dekabr 2021-ci il tarixli 1955 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol alt göz qapağının hematoması və sol göz yuvasıaltı nahiyənin qançırı, sol əlin arxa səthinin əzilmiş səthi yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021 -ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.Lokalizasiyasına və xarakter görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (1-ci cild iş vərəqi 90-92). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 24 dekabr 2021-ci il tarixli 1955 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs gözdə görmənin tam itməsi, gözün daxili qişalarının xaric olması, həmin gözdə daxili qanama, gözün üst qapağının əzilmiş yarası və gözyuvasıətrafı nahiyənin qançırı ilə müşayiət olunan sağ gözün küt travması müəyyən edilir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) hissəsinin dayanaqlı (daimi) itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də sağlamlığa AĞİR zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakter görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (1-ci cild iş vərəqi 93-94). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (1-ci cild iş vərqəi 109-110). İşdə olan şübhəli şəxsin tutulması haqqında 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 17). İşdə olan 07 dekabr 2021-ci il tarixli Sabunçu rayon prokurorunun qərarından görünür ki, təqsirləndidirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsində imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır (1-ci cild iş vərəqi 53-55). İşdə olan 07 dekabr 2021-ci il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-cicild iş vərəqi 56-57). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Allahverdi Hüseynlinin törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını - Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması – onun 68 yaşlı qoca şəxs olması, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsi, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi və əməlindən peşman olması onun şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 5 dekabr 2021-ci il tarixdən 7 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə Əli Güllıyevə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət – 2 (bir) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar və ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin ona 3 (üc) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət - 2 (bir) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların, ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1047/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1047/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver