Məhkəmə qərarları › İş №1(101)-1048/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1048/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1048/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olan və ünvan 2 11-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17-18 radələrində ünvan 3 39 ünvanda yerləşən yaşadığı evin içərisində anası Zərərçəkmiş şəxs qeyri rəsmi ər-arvad kimi yaşadığı Şahid1 onu aldatmasını dedikdə anasının onunla rəftarını qəbul etməyib əsəbləşərək Şahid1 onu döyməsinə görə sonuncunu cəzalandırmaq niyyəti ilə yaşadığı evdə saxladığı və stakanda olan kimyəvi sirkə turşusunu Zərərçəkmiş şəxs üzünə tökərək ona sağlamlığa ağır zərərvurmaya aid görmənin itirilməsi ilə müşayiət olunan hər iki gözün konyuktivasının və buynuz qişasının İİİ dərəcəli kimyəvi yanığı, üz dərisinin İ dərəcəli kimyəvi yanığından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxs onun anasıdır. Anası təxminən 4 il bundan əvvəl atası Şahid2 ayrılmış məhkəmənin qətnaməsilə o, anasının himayəsinə verilmişdir. Anatı atasından boşandıqdan sonra özündən 20 yaş cavan olan Şahid1 ilə kəbin kəsərək ailə qurmuşdur. O, anası və Samir Şahid1 kirayə tutduğu Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, ev 39 ünvanında yaşamışlar. Həmin ev iki mərtəbəli olmaqla üst mərtəbədə ev sahibi Şahid3 qızı ilə birlikdə yaşayırdı. O, hər zaman anasına deyirdi ki, Samirə inanmasın Samir onu aldadır, lakin anası onu tənbeh edir hətta bu sözlərinə görə döyürdüdə. Samir anasının ona münasibətini gördükdə ona qarşı aqressiv idi. Hətta Samir ben-neçə dəfə onu döymüşdür. Anası və Samirlə yaranmış ziddiyətli münasibətlərə görə bir neçə dəfə atasının qardaşı ilə yaşadığı evə getmiş, lakin anası Samirlə birlikdə gələrək məhkəmənin qərarını əsas tutaraq onu yenidən öz evinə aparmışdır. Hətta o bir dəfə anasıgilin yaşadığı ünvandan çıxıb bir oğlanla tanış olaraq iki gün onun yaşadığı ünvanda yaşamışdır. O, anasının dediyi kimi siqaret və spirtli içkilər qəbul etmir, yaranmış gərgin vəziyyətlə əlaqədar təhsilini də davam etdirə bilməmişdir. Bu səbəbə görə Şahid1 qisas almaq qərarına gəlmişdir. Bu məqsədlə o, sirkə turşusu əldə edərək evə gətirmişdir. 10 mart ayının əvvələrində qərara almışdır ki, Samir evə gəlib onu döymək istəsə sifətinə sirkə turşusu töksün. Buna görə sirkə turşusunu stəkana tökərək qaldığı otaqda şkafın üstünə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17-18 radəldərində anası Lalə evdə olan vaxtı aralarında mübahisə yaranmışdır. Anasını Samirin onu aldatmasını başa salmağa çalışmış, lakin anası inanmayaraq demişdir ki, “sən get öz işin ilə məşğul ol”. Anasının hərəkətlərindən əsəbləşərək qaldığı otağa keçərək oradan sirkə turşusunu götürüb anasına yaxınlaşaraq sirkə turşusunu anasının sifət nahiyəsinə atmışdır. Anası əli ilə üzünü tutaraq qışqırmış, o, qorxduğu üçün evdən qaçmaq istəyən zaman anası saçından tutaraq saxlamış və telefon ilə tez Samirə zəng etmiş və qışqıraraq Samirdən evə gəlməsini istəmişdir. Təxminən 15-20 dəqiqədən sonra Samir evə gəlmiş və evə daxil olan kimi ona yaxınlaşıb evin mətbəx otağında sillə və təpiklə vurmağa başlamışdır. Sonra Samir sirkəni götürərək onun sifət nahiyəsinə tökmək istəyəndə əlini onun əlinə vurmuş, sirkə sağ qoluna tökülmüşdür. Samir saçından tutaraq evdən həyətə çıxarmış, saçını həyətdə olan paltarların asılması üçün nəzərdə tutulmuş ipə bağlamış və taxta parçası ilə döyməyə başlamışdır. Sonra Samir evdən qayçı gətirərək saçını kəsmişdir. O isə qışqıraraq evin sahiblərinə köməyə çağırmışdır. Onun səsinə həyətə çıxan kirayədə qaldığı evin sahibi Xatirə Samirin üstünə qışqıraraq sonuncunun hərəkətlərini dayandırmış və polisə zəng edərək hadisə haqqında məlumat vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən xahiş edir k, hadisə zamanı 17 yaşında olmasını, bu hadisəni keçirdiyi psixoloji sıxıntılar keçirməklə əlaqədar törətməsini nəzərə alsın. Hal-hazırda atası ilə yaşayır, anasının yanına qayıtmaq istəmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Təxminən 4 il bundan əvvəl əri Şahid2lə ayrılmış, məhkəmənin qərarı əsasında qızı Gözəl onun himayəsinə verilmişdir. Oğlunun isə 22 yaşı olduğu üçün o, atası ilə yaşamışdır. Ərindən boşandıqdan sonra tanış olduğu Şahid1 ilə kəbin kəsdirərək ailə qurmuşdur. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, ev 39 ünvanında kirayə ev tutaraq 3 birdikdə yaşamışlar. Samir tikintidə fəhlə işlədiyi üçün hər gün səhər evdən çıxaraq axşam qayıdırdı. Evin bütün ehtiyaclarını, kirayə pulunu Samir ödəyirdi. Gözələ də öz qızı kimi münasibət bəsləyirdi. Lakin Gözəl ona və Samirə qarşı aqressiv olmuşdur. Sözlərinə qulaq asmır, məktəbdən yayınır, siqaret çəkir, hətta bir dəfə evdən qaçıb tanımadığı oğlanın evində yaşamışdır. Bu hərəkətlərinə görə o da, Samir də Gözəli tənbeh edirdilər. xx.xx.2020-ci il tarixdə, qadınlar bayramı olduğu üçün Samir ona və Gözələ şəhərə çıxıb istirahət etməyi təklif etmişdir. Lakin Gözəl onlarla getməkdən imtina etmişdir. Onda Samir Gözəldən soruşmuşdur ki, ona nə alsın, Gözəl bildirmişdir ki, pul istəyir. Samir də ona pul vermidir. xx.xx.2020-ci il tarixdə səhər Samir işə getmiş, o isə yuyucu vasitə almaq üçün mağazaya getmiş, Cözəl evdə qalmışdır. O mağazadan qayıdanda Gözəlin haradan isə gəldiyi görüb icazəsiz evdən çıxdığı üçün iradını bildərərək, Samirə deyəcəyini bildirmişdir. Axşam Samir evə gələndə Gözəlin icazəsiz aptekə getdiyini Samirə bildirmiş, Samir Gözəldən aptekdən nə aldığını soruşmuşdur. Gözəl ona vitamın aldığını və sonra tulladığını demişdir. Buna görə Samir ona hirslənmiş, o özünü yaxşı hiss etmədiyi üçün Gözəl süfrəyə yemək verməkdən imtina etmişdir. Samir kasanı götürüb xörək tökmək istədikdə qabın dibində nə isə ağ paraşok olduğunu görmüşdür. Gözəl yeməyə yuxu dərmanı qatırdı, ona görə o, bütün günü yuxulu olurdu. xx.xx.2020-ciil tarixdə, yəni hadisə günü Gözəlin ayaqyoluna getdiyini görmüş, oradan Gözəl çıxdıqda əlində rumka olmasını görmüş və ondan şübhələnmışdır. Rumkanı ondan almaq istəyində Gözəl rumkanın içindəki mayeni onun üzünə atmışdır. Ev sahibini köməyə çağırmış, sonuncu eşitsə də köməyə gəlmədiyndən Samirə zəng etmişdir. Gözəl qaçmaq istəsə də onu tutub saxlamışdır. Həmin vaxtı Samir evə daxil olmuş və Gözəlin tutmasını görmüşdür. Həmin vaxt Samir əli ilə Gözəli vurmuşdur. Sonra Samir yenidən Gözəlin üzərinə gedərək onu şillə ilə vurmağa başlamış və Gözəl qaçaraq həyətə çıxmışdır. Gözəl qaçmasın deyə Samir Gözəlin saçını paltar asılması üçün nəzərdə tutulmuş ipdən asmış və Gözəlin saçı ipə dolaşdığı üçün Samir evə qayıdaraq qayçı götürmüşdür. Samir əlində olan qayçı ilə Gözəlin saçlarını kəsmişdir. Sonra polis əməkdaşları gələrək onları Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsindən çıxdıqdan sonra Zərifə Əliyeva adına göz xəstəliklər institutuna getmiş və orada müalicə olunmağa başlamışdır. Halhazırda yaxşıdır, Gözəl doğma qızı olduğu üçün onu bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kəbinlə olan arvadıdır. Təqsirləndirilən şəxs isə Lalənin qızıdır. Lalə ərindən boşandıqdan sonra Gözəl Lalənin himayəsində qalmışdır. Ondan 3-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, ev 39 ünvanında onun tərəfindən kirayələdiyi evdə yaşamışlar. O, tikintidə fəhlə işləməklə ailəsini dolandırır. Gözələ öz övladı kimi münasibət bəsləyir. Onun ilk vaxtlar Gözəllə münasibətləri yaxşı olmuşdur, lakin təxminən 7-8 ay bundan əvvəl Gözəl ilə aralarında mübahisə yaranmış və o, onun sifət nahiyəsinə şillə ilə vurmuşdur. Təxminən iki ay əvvəl Gözəli döymüşdür. xx xxxx 2020-ci il tarixdə Gözəl evdən özbaşına çıxıb gedərək aptekdən onu və Laləni zəhərləmək üçün dərman almış, həmin dərmanları Lalə ilə birlikdə yeyəcəkləri yeməyin içərisində aşkar etmiş, bu səbəbdən də Gözəli cəzalandırmaq üçün təxminən onu 12-13 saat öz yataq otağında ayaq üzərində saxlamışdır. Belə ki, Gözəli ayaq üstə saxlamaqda məqsədi yeməklərinə nə səbəbə görə dərman qatmasını öyrənmək olmuşdur. Lakin Gözəl yeməklərinə dərman qatmamasını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə o, işdə olan zaman Lalə mobil telefonuma zəng edərək həyacanlı formada qışqıraraq demişdir ki, “özünü evə tez çatdır”. Həmin vaxt yaxınlıqda işlədiyi üçün təxminən 30 dəqiqəyə kirayədə yaşadığı evə çatmışdır. Evə daxil olduqda görmüşdür ki, Lalə yerdədir, Gözəl isə Lalənin üstündə oturub anası ilə əlbəyaxa olmuşdur. Bunu görərək Gözəli Lalənin üstündən qaldıraraq ona bir neçə şillə vurmuşdur. Gözəldən nə üçün düzgün hərəkət etmədiyini soruşmuş, sonuncu da heç bir söz deməmiş və yatağın altından butulkanı götürərək üzərinə atmaq istəyəndə onun əlindən vurmuş və butulka yerə düşmüşdür. Bundan sonra Gözəl evdən həyətə çıxmış, o da onun arxasınca qaçaraq onu tutub həyətdə olan paltar asılması üçün nəzərdə tutulan ipin yanına sürüyüb gətirərək saçını ipə bağlamış, sonra isə Gözəlin saçını ipdən aça bilmədiyi üçün evdən qayçı götürərək Gözəlin saçını qayçı ilə kəsmişdir. Gözəl qışqırıb köməyə çağırdığı üçün evin sahibi Şahid3 polis çağırmış və polis əməkdaşları onu, Laləni və Gözəli Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsindən çıxandan sonra X5 adına göz xəstəlikləri institutuna aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Zərərçəkmiş şəxs isə keçmiş həyat yoldaşıdır. Lalə ilə bir neçə il bundan əvvəl boşanmış, yetkinlik yaşına çatmayan qızı anasının himayəsində qalmışdır. Arvadı ondan boşandıqdan sonra Şahid1la ailə qurmuş, o isə evli olan oğlu ilə birgə yaşayırdı. Onun Laləgilin ailəsində baş verənlərdən heç xəbəri olmamışdır. Yalnız xx xxxx 2020-ci il tarixdə qaynının həyat yoldaşı zəng edərək demişdir ki, Lalə Samir ilə birgə kirayədə qaldıqları evdən çıxdıqları üçün Gözəl orada tək qalmışdır. Dərhal Laləgilin kirayədə yaşadıqları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 39 saylı ünvanına gedərək ev sahibindən qızı Gözəli soruşmuşdur. Bundan sonra Gözəl evdən ağlayaraq çıxıb yanına gəlmiş, ondan və ev sahibindən nə baş verməsini soruşmuş, qızı Gözəl ağlayaraq demişdir ki, Samir onu döyərək saçını kəsmişdir. Gözəli götürərək yaşadığı evə gətirmişdir. Gözəl ona Samir və anası Lalə tərəfindən dəfələrlə döyülməsini bildirmişdir. Gözəlin Lalənin üzünə sirkə turşusu atmasından xəbəri olmamışdır. Məhkəmədən qızının bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Qəmbərli qızı ifadəsində göstərmişdir ki, həm təqsirləndirilən şəxsi, həm də zərərçəkmiş şəxsi tanıyır. Hər ikisi ilə münasibətləri normaldır. O, ünvan 4 saylı ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev iki mərtəbəlidir və evin birinci mərtəbəsini Zərərçəkmiş şəxs və Şahid1 kirayə vermişdir. Lalə və Samirdən başqa həmin evdə Lalənin qızı Gözəl də yaşamışdır. Onların yaşadığı birinci mərtəbədə yerləşən evdən dava-dalaş səsləri gəlməsini eşitmiş, lakin onların ailə işi olduğu üçün qarışmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində öz evində olan zaman aşağıdakı mərtəbədən və evin həyətindən dava-dalaş səsləri eşitmiş, səsə çıxaraq Samirin Gözəlin saçını paltar asılması üçün nəzərdə tutulan ipə bağlayaraq onu şillə və təpiklə döyməsini görmüş, Gözəli Samirin əlindən almağa çalışmış, lakin Samir sakitləşməyərək əlində qayçı ilə Gözələ yaxınlaşaraq onun saçını kəsmişdir. Bunu görən qızı Xatun DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və qısa müddətdən sonra polis əməkdaşları gələrək onları Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparmışlar. Orada ona məlum olmuşdur ki, Gözəl sirkə turşusunu anası Lalənin sifətinə tökmüş və buna görə də Samir Gözəli döyərək onun saçını kəsmişdir. Gözəlin sirkə turşusunu anası Lalənin sifətinə atmasını görməmiş və bunun səbəbini bilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və onun anası Zərərçəkmiş şəxs tanıyır. Həmçinin anasının əri Samiri də tanıyır. Lakin Samir Gözəlin atası deyil. Bu ailə onların yaşadıqları ünvan 4 saylı ünvanda iki mərtəbəli evin birinci mərtəbəsində kirayə yaşamışlar. Onların yaşadığı birinci mərtəbədə yerləşən evdən dava-dalaş səsləri gəlməsini eşitmiş, xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində isə öz evində olan zaman aşağıdakı mərtəbədən və evin həyətindən dava-dalaş səsləri eşitmiş, səsə pəncərədən baxaraq həyətdə paltar asmaq üçün nəzərdə tutulan ipə Samirin Gözəlin saçını bağlayaraq sillə və təpiklə döyməsini görmüş, anası Xatirə onları sakitləşdirmək üçün aşağı düşmüş, o isə yenidən pəncərələn həyətə baxdıqda ipdə Gözəlin kəsilmiş saçını görmüşdür. Bu mənzərədən bərk qorxaraq DİN-nin 102 xidmətinə zəng etmişdir. Qısa müddətdən sonra polis əməkdaşları gələrək onları Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparmışlar. Gözəlin sirkə turşusunu anası Lalənin sifətinə atmasını görməmiş və bunun səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilmsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri həyət evidir. Evin çöl giriş hissəsi hündür darvazadandır, içəri daxil olduqda ön hissədə iki mərtəbəli ev yerləşir. Sol hissədə kirayənişinlərin yaşadıqları evin dəmir qapısının ön hissəsində yerdə topa saç kəsikləri vardır. Məhkəmədə elan edilib araşdırılmış Milli Oftalmologiya Mərkəzinin 096-9034-1220 saylı, xx.xx.2020-ci iltarixli məktubundan məyyən olunur ki, Zərərçəkmiş şəxs hər iki gözündə buynüz qişasının üçüncü dərəcəli kimyəvi yanığı diaqnozu ilə Mərkəzə qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı xx xxxx 2020-ci il tarixdə, saat 17-18 radələrində ünvan 5 saylı ünvanda yerləşən evin həyətində stakanda saxladığı kimyəvi sirkə turşusunu anası Zərərçəkmiş şəxs üzünə tökməsini bildirərək, hadisə yerini əyani olaraq göstərmidir. Məhkəmədə elan edilib araşdırılmış «qətimkan tədbirin seçilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixliə. 223 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: - sol gözətrafının qançırı və alt göz qapağının sıyrığı, həmin gözün ağlı qişasına qansızma, sol qaşın bayır bucağının, sol saidin, sağ budun qançırı, sol diz oynağının və sol baldırın, sağ dirsək oynağının arxa səthinin və sağ bazunun yanıq yaraları. Qeyd edilən xəsarətlər yanıq yaraları kimyəvi maddə (ola bilsin sirkə turşusu), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 269 saylı rəyindən müəyyən olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: - görmənin itirilməsi ilə müşaiyət olunan hər iki gözün konyuktivasnın bə buynuz qişasının İİİ dərəcəli kimyəvi kimyəvi yanığı, üz dərisinin İ dərəcəli kimyəvi yanığı. Qeyd edilən xəsarətlər kimyəvi turşu (ola bilsin sirkə turşusu) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığa Ağır zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1484 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Həl-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə ifadə verə bilər. Gözəl Mehdiyevə fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Nümayişkaranəlik, etiraz etməyi bacarmaq, inadkarlıq, sərbəsliyə və müstəqilliyə can atmaq, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsuyiyyətlərində yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmadı. Mehdiyevə Gözəl Rəşid qızı əqli və psixi inkişafı nəzərə alınmaqla, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı öz hərəkətlərinin mənasını tam dərk etməklə hərəkətlərini idarə etmək, mənasını tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabünçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs valideyinləri Şahid2 ilə Zərərçəkmiş şəxs arasında nigah pozulmuş, xx xxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anasının yanında qalması qət edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif etmiş və məhkəmə J.Mehdiyevanın əməlini həmin maddə ilə tövsif etməklə ona cəza təyin edilməsini mümkün sayır. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş halladan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törətməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində əsasən Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, cinayət əməlini törətdiyi xx xxxx 2020-ci il tarixə yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən, islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 (i/v 165), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə 192 (yüz doxsan iki) manat, müdafəçi Müdafiəçi üçün isə 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 192 (yüz doxsan iki) manat pul Bakı şəhəri 9 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar