Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1048/2024 10.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X11 Karxanası, ev 171 A ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 39,874 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisinə daşımaqla satış məqsədi ilə iki hissəyə ayırdıqdan sonra bir hissəsini üzərində və digər hissəni isə yaşadığı evdə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 mart 2023-cü il tarixdə, saat 10:30-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçədə yerləşən «Oba» marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş İdarəyə gətirilib həmin gün saat 12:13-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən külli miqdarda, təmiz çəkisi 10,953 qram təşkil edən 1 ədəd büküm, həmin gün saat 13:32-dən etibarən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evinin həyətinə öz razılığı və iştirakı ilə baxış keçirilərkən isə evin həyətindəki yarımtikilinin sol tərəfində yerləşən taxta parçalarının arasından polietilen torbada külli miqdarda, təmiz çəkisi 28,921 qram təşkil edən 1 ədəd büküm olmaqla ümumilikdə üzərindən və yaşadığı evdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı kimyəvi tərkib komponentlərinə görə eyni olan cəmi 39,874 qram çəkidə ağ rəngli kristallik formada kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib daşımaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evinin həyətində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbiri nəticəsində 5 mart 2023-cü il tarixdə, saat 10:30-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçədə yerləşən «Oba» marketin yaxınlığında saxlanılaraq həmin gün saat 13:32 dəqiqədən etibarən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evinin həyətinə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman evin həyətindəki yarımtikilinin sol tərəfində yerləşən taxta parçalarının arasından polietilen torbada 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, PX-8466 nömrəli Makarov konstruksiyalı tapança-yivli odlu döyüş silahı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağ və 5 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşadığı evdə olarkən Vüqar adlı əmisi oğlu ona zəng edib, əməliyyat müvəkkilinin onu axtardığını bildirmişdir. Buna görə də yaşadığı evdən çıxıb əmisi oğlu və əməliyyat müvəkkili ilə görüşməyə getmişdir. Sonuncularla görüşüb hansı səbəbdən onu axtardıqlarını soruşduqda əməliyyat müvəkkili onun şübhəli olduğunu və birlikdə polis bölməsinə getməli olduqlarını bildirmişdir. Polis əməkdaşı ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən polis bölməsinə getmişdir. Polis bölməsində üzərinə baxış keçirtmişlər, lakin üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin idarənin inzibati binasında onunla əvvəllər birlikdə işləmiş Ruhlan adlı şəxslə münasibətinin və Ruhlanın “Bravo” supermarketdə törətdiyi cinayətdən məlumatının olub-olmadığını soruşmuşlar. Onlara Ruhlanı tanıdığını, lakin həmin cinayətlə bağlı məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona işgəncə verərək saçını kəlbətinlə yolmuş, bədəninə elektrik vermiş, dayanmadan döymüş və Ruhlanın mobil telefonunda “Kontaktlar” bölməsində onun nömrəsi olduğundan məhkum olunmağa məcbur olduğunu bildirmişlər. Polis əməkdaşları masanın üzərinə narkotik vasitə və odlu silah qoyaraq videoçəkiliş vasitəsilə aparılacaq şəxsi axtarış zamanı həmin əşyaların ona məxsus olduğunu deməyi üçün təzyiq etmişlər. O da məcbur olub şəxsi axtarış zamanı polis əməkdaşlarının dedikləri kimi izahat vermişdir. İbtidai istintaq zamanı heç bir sənədə imza etməmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, ayda bir dəfə marixuanadan istifadə etmiş, lakin metamfetamin və heroindən də istifadə etmişdir. Polis əməkdaşlarının təzyiqi nəticəsində ibitdai istintaq zamanı ağacın kənarından silah tapdığını bildirmiş, lakin, ittihamda qeyd edilən silahı ilk dəfə DİN-in BMCMİ-də görmüşdür. Əməliyyat müvvəkkili və onun sürücüsü ilə yaşadığı evin yaxınlığında yerləşən “Oba” marketin qarşısında görüşmüşdür. Həmin vaxt yanında atası və qardaşı olmuşdur. Ruhlanla əvvəllər bir şirkətdə işləmişlər, sonuncunun törətdiyi cinayətlə əlaqəsi olmamışdır. Narkotik vasitə və odlu silahın ona aidiyyatı yoxdur. Yaşadığı ev ilə “Oba” marketin arasında 20-30 metr məsafə olmuşdur. Polis bölməsində onun üzərinə baxış keçirildikdən dərhal sonra onu DİN-in BMCMİ-nə aparmışlar. Birinci dəfə BMCMİ-nin şöbə rəisi onu dindirmişdir. İbtidai istintaqı aparan müstəntiq Yusif tərəfindən dindirilməmişdir. Onun mobil nömrəsi Ruhlanın telefonunun “Kontaktlar” bölməsində aşkar edilmişdir. DİN-in BMCMİ-nin inzibati binasında olarkən polis əməkdaşlarının müşayiəti ilə 2 nəfər tanımadığı şəxs otağa daxil olmuş, bu zaman polis əməkdaşları həmin şəxslərin Ruhlanın tanışı olduğunu, onları tanıyıb tanımadığını soruşduqda tanımadığını bildirmişdir. Saxlanıldıqdan sonra “Bravo” supermarketində baş vermiş atışma ilə bağlı prokurorluğun müstəntiqi tərəfindən dindirilmişdir. İbtidai istintaq zamanı heç bir sənədə imza etməmişdir. Əməliyyat müvəkkili Şahid1 onun saxlanılmağında iştirak etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir. 5 mart 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də, qanunsuz olaraq odlu silahı əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, idarənin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 daxil edilmişlər. 5 mart 2023-cü il tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçədə yerləşən “Oba” marketin yaxınlığında olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, eləcə də, qanunsuz olaraq odlu silahı əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi barədə məlumata məlumata malik olduqlarını bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş Təqsirləndirilən şəxs və buna etiraz etməmişdir. Sonuncunu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində olan 1 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu, 1 ədəd açarı, 10 manat pulu təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinaslarına baxış keçirilmiş, həmin pul əskinaslarının 10 manat məbləğində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin pul vəsaitinin özünə aid olmasını, hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd açara baxış keçirilmişdir Təqsirləndirilən şəxs həmin açarın yaşadığı ünvana, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi evə aid olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri təxminən 1 gün əvvəl, yəni 4 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, zavod yolu deyilən ərazinin yaxınlığından keçərkən yol kənarından tapmasını, həmin bükümün 1 ədəd sellofan paketdə olmasını, sellofan paketdə həmin bükümdən əlavə 1 bükümdə “şüşə” olaraq tanıdığı maddənin olmasını, eləcə də həmin sellofan paketdə 1 ədəd tapançanın da olmasını, tapança və psixotrop maddənin onda maraq yaratmasını, bunun üçün onları həmin sellofan paketlə birlikdə yaşadığı ünvanda gizlətməsini, üstündən aşkar edilən 1 bükümdə olan psixotrop maddə olaraq tanıdığı “şüşə” adlı maddəni də şəxsi istifadə üçün üzərində saxladığını, heç bir şəxsə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını, yaşadığı ünvanda gizlədib saxladığı tapança ilə də heç bir cinayət əməli törətmədiyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi evə baxış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini deyərək bu barədə ərizə vermişdir. Bundan sonra onun, əməliyyat qrupunun digər üzvlərinin, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin və təhqiqatçının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, odlu silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, onları təqdim etsin. Təqsirləndirilən şəxs daha sonra yaşadığı ünvanın həyətinə daxil olaraq yaşadığı yarımtikiliyə yaxınlaşmışdır. Sonuncu yarımtikilinin sol tərəfində olan taxta parçalarına yaxınlaşaraq taxta parçalarının arasında gizlətdiyi 1 ədəd sellofan paketi əli ilə göstərmişdir. Bundan sonra həmin 1 ədəd ağ və göy rəngli sellofan paket taxta parçalarının arasından götürülmüşdür. Baxış zamanı həmin sellofan paketin içərisində 1 ədəd şəffaf sellofan büküm və 1 ədəd tapançaya bənzər dəmir predmet olması aşkar edilmişdir. Daha sonra həmin 1 ədəd tapançaya bənzər dəmir predmetə baxış keçirilmişdir. Baxış zamanı həmin dəmir predmetin tutacaq hissənin qəhvəyi rəngli, lülə hissəsinin isə qara rəngli dəmir materialdan ibarət olması müəyyən edilmişdir. Silaha bənzər dəmir predmetin üzərində 8466 nömrəsinin olması müəyyən edilmişdir. Tapançaya bənzər dəmir predmetin içərisində 1 ədəd daraq olması müəyyən edilmişdir. Həmin darağa baxış keçirildikdə darağın içərisində 5 ədəd sarı-qəhvəyi rəngli patronların olması müəyyən edilmişdir. Daha sonra 1 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd sellofanda olan maddənin “şüşə” olaraq tanıdığı psixotrop maddə olmasını, həmin maddəni, üstündən aşkar edilən 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddəni və 1 ədəd tapançaya bənzər dəmir predmeti şəxsi axtarış zamanı bildirdiyi kimi 1 gün əvvəl, yəni 4 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zavod yolu deyilən ərazidə yerdən tapmasını, həmin maddələri yalnız şəxsi istifadəsi üçün üstündə və yaşadığı ünvanda həyətyanı sahədə saxlamasını, 1 ədəd tapançanı isə ona maraqlı olduğu üçün həmin həyətyanı sahədə gizlətməsini, bu tapança ilə hər hansı bir cinayət törətmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədən aşkar olunmuş 1 ədəd sellofanda olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də, Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədən aşkar olunmuş 1 ədəd tapançaya oxşar dəmir predmet, 1 ədəd daraqda olan 5 ədəd patronla birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içərisində olduğu 1 ədəd sellofan paketdə 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündə olan açarla yaşadığı yarımtikilinin qapısını açaraq içəri daxil olmuşdur. Tikilinin 1 otaqdan ibarət olması, girişin ümumi dəhlizdən olması, mənzililin girişində sol tərəfdə sanitar qovşaq, daha sonra isə mətbəxin yerləşməsi müəyyən edilmişdir. Mətbəxə ilkin olaraq baxış keçirilmiş, hər hansı şübhəli əşya və predmet aşkar edilməmişdir. Daha sonra mənzilin yataq otağına baxış keçirilmiş, baxış zamanı otaqda olan şkafın üstündən 1 ədəd “Redmi” markalı mobil telefon olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun da ona məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin mobil telefon götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zor tətbiq edilməmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs anket məlumatlarını əvvəlcədən dəqiqləşdirdiklərindən zahiri görünüşü barədə məlumatlı olmuşlar. Sonuncu narkotik vasitəni və silahı tutulmamışdan 1 gün əvvəl tapdığını bildirmişdir. Onu Qala qəsəbəsində saxlayarkən yanında heç kim olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib, satılması və qanunsuz olaraq silah gəzdirmə barədə əməliyyat məlumatı həmin gün ona daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması yalnız ona daxil olan əməliyyat məlumatı əsasında baş tutmuşdur. Sonuncunu saxlayan zaman 3 nəfər olmuşlar. Turqut onlara müqavimət göstərməmişdir. Turquta qarşı fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış keçirilməsində videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 5 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış ve götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçekiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində olan 1 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu, 1 ədəd açarı, 10 manat pulu təqdim etməklə masanın üzərinə qoydu. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefona baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinaslarına baxış keçirildi. Həmin pul əskinaslarının 10 manat məbləğində olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin pul vəsaitinin özünə aid olmasını, hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd açara baxış keçirildi. Təqsirləndirilən şəxs həmin açarın yaşadığı ünvana, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi evə aid olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içində "şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli Şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri təxminən 1 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qalq qəsəbəsi, zavod yolu deyilən ərazinin yaxınlığından keçərkən yol kənarından tapmasını, həmin bükümün 1 ədəd sellofan paketdə olmasını, sellofan paketdə həmin bükümdən əlavə 1 büküm də "şüşə" olaraq tanıdığı maddənin olmasını, eləcə də həmin sellofan paketdə 1 ədəd tapançanın da olmasını, tapança və narkotik maddənin onda maraq yaratmasını, bunun üçün onları həmin sellofan paketlə birlikdə yaşadığı ünvanda gizlətməsini, üstündən aşkar edilən 1 bükümdə olan narkotik maddə olaraq tanıdığı “şüşə” adlı maddəni də şəxsi istifadə üçün üzərində saxladığını, heç bir şəxsə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını, yaşadığı ünvanda gizlədib saxladığı tapança ilə də heç bir cinayət əməli törətmədiyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd "Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü (cild 1, iş vərəqi 31-33). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” 5 mart 2023-cü il tarixli protokoldan görünür ki, Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxsl baxışın videoçəkiliş vasitəsi ilə baxış prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən aparılacağı barədə məlumat verildi, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edildi ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, odlu silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs daha sonra yaşadığı ünvanın həyətinə daxil olaraq yaşadığı yarım tikiliyə yaxınlaşdı. O, yarımtikilinin sol tərəfində olan taxta parçalarına yaxınlaşaraq taxta parçalarının arasında gizlətdiyi 1 ədəd sellofan paketi əli ilə göstərdi. Bundan sonra həmin 1 ədəd ağ və göy rəngli sellofan paket taxta parçalarının arasından götürüldü. Tərəfimdən həmin 1 ədəd ağ və göy rəngli sellofan paketə baxış keçirilməyə başladı. Baxış zamanı həmin sellofan paketin içərisində 1 ədəd şəffaf sellofan büküm və 1 ədəd tapançaya bənzər dəmir predmet olması aşkar edildi. Daha sonra həmin 1 ədəd tapançaya bənzər dəmir predmetə baxış keçirildi. Baxış zamanı həmin dəmir predmetin tutacaq hissəsinin qəhvəyi rəngli, lülə hissəsinin isə qara rəngli dəmir materialdan ibarət olması müəyyən edildi. Silaha bənzər dəmir predmetin üzərində 8466 nömrəsinin olması müəyyən edildi. Tapançaya bənzər dəmir predmetin içərisində 1 ədəd daraq olması müəyyən edildi. Həmin darağa tərəfimdən baxış keçirildikdə darağın içərisində 05 ədəd sarı-qəhvəyi rəngli patronların olması müəyyən edildi. Daha sonra 1 ədəd şəffaf sellofan iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd sellofanda olan maddənin “şüşə” olaraq tanıdığı narkotik maddə olmasını, həmin maddəni, üstündən aşkar edilən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik maddəni və 1 ədəd tapançaya bənzər dəmir predmeti şəxsi axtarış zamanı bildirdiyi kimi 1 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zavod yolu deyilən ərazidə yerdən tapmasını, narkotik maddələri yalnız şəxsi istifadəsi üçün üstündə və yaşadığı ünvanda həyətyanı sahədə saxlamasını, 1 ədəd tapançanı isə ona maraqlı olduğu üçün həmin həyətyanı sahədə gizlətməsini, bu tapança ilə hər hansı bir cinayət əməli törətmədiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədən aşkar olunmuş 1 ədəd sellofanda olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eləcə də, Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədən aşkar olunmuş 1 ədəd tapançaya oxşar dəmir predmet, 1 ədəd daraqda olan 05 ədəd patronla birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içərisində olduğu 1 ədəd sellofan paketdə 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs üstündə olan açarla yaşadığı yarımtikilinin qapısını açaraq içəri daxil oldu. Tikili 01 otaqdan ibarət idi. Giriş ümumi dəhlizdəndir. Mənzililin girişində sol tərəfdə sanitar qovşaq, daha sonra isə mətbəx yerləşir. Tərəfimdən mətbəxə ilkin olaraq baxış keçirildi. Hər hansı , şübhəli əşya və predmet aşkar edilmədi. Daha sonra mənzilin yataq otağına baxış keçirildi. Baxış zamanı otaqda olan şkafın üstündən 1 ədəd “Redmi” markalı mobil telefon olması aşkar edildi. Təqsirləndirilən şəxs həmin mobil telefonun da ona məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirdi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin mobil telefon götürüldü (cild 1, iş vərəqə 37-39). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 mart 2023-cü il tarixli, 6/1346 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, iki ədəd zərfdə qablaşdırılmış: üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,953 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilən...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 28,921 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üstündən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 2 ədəd bükümdə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eyni olub ümumilikdə təmiz çəkiləri 39,874 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (metamfetaminin ümumi təmiz çəkisi 39,874 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 39,674 qram), (cild 1, iş vərəqə 54-57). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 7 mart 2023-cü il tarixli 1341 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 132-133). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 6 mart 2023-cü il tarixli 23/188R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd PX-8466 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 5 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. (cild 1, iş vərəqə 101-107). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin 27 mart 2023cü il tarixli 983/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab olunan kannabinoid aşkar edildi (cild 1, iş vərəqə 165-167). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 5 mart 2023-cü il tarixli əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 145-147). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 39,674 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra qalmış 2 ədəd 9 mm kalibrli patron və Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 1 ədəd darağ maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 225-237). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 154). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 7 iyul 2013-cü il təvəllüdlü Zəhra Bayramova və 22 sentyabr 2016-cı il təvəllüdlü Nuray Bayramova adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 122344 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 müharibə veteranıdır (cild 2). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-100). Cinayət işinin materiallarında olan 26 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xəsarət alması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma nəticəsində ona hər hansı mənəvi və ya fiziki təzyiq göstərilməməsi qənaətinə gəlinmiş və qeyd edilən material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs qardaşı X3 müharibə veteranı olmasını və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 39,674 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra qalmış 2 ədəd 9 mm kalibrli patron və Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 1 ədəd daraq Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 5 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 39,674 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra qalmış 2 ədəd 9 mm kalibrli patron və Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 1 ədəd daraq Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı evə baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1048/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1048/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver