Məhkəmə qərarları › İş №1(101)-1048/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1048/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1048/2025 23.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 30 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-607/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3700 qram olan külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımış, 30 sentyabr 2024-cü il tarixdə, saat 21:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Ayxan” marketin yaxınlığında olan zaman onun narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əlindəki sellofan bağlamada satış məqsədi ilə əldə edib saxladığı bir ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 3700 qram olan külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşamışdır. O, 5 ildir ki, narkotik maddədən istifadə etmişdir. Həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsində yol kənarında gedən zaman yaxınlıqda olan zibillikdən bir ədəd qara rəngli sellofan torba aşkar etmişdir. O, sellofan torbaya baxan zaman içərisində marixuana kimi tanıdığı narkotik maddə görmüşdür. O, həmin qara rəngli sellofan özü ilə evə aparıb öz şəxsi istifadəsi üçün götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Zabrat qəsəbəsi “Ayxan” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra ondan şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd soruşduqda üzərində heç nə olmadığını dediyi üçün polis əməkdaşları onu 15-ci PB-nə gətirərək təhvil vermişlər. Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra onu xidməti otaqların birinə dəvət etmişlər. Otaqda olan zaman müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Lakin əlində olan qara rəngli selofan torbada narkotik vasitə olduğundan hüquqlarını müdafiə edən vəkilin bunu görməsini istəmədiyi və onu gələcəkdə ürəklə müdafiə etməsini istədiyi üçün şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçıdan xahiş etmişdir ki, üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı olmadan keçirilsin. Təhqiqatçı da, onun bu barədə ərizəsini çap etmişdir və o həmin ərizəsini imzalamışdır. Bundan sonra idarənin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuşdur, əgər varsa masanın üzərinə qoymağını bildirilmişdir. O da əlində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır, qablaşdırılmış zərf 161 saylı möhürlə möhürlənmişdir, bu barədə protokol tərtib edilmişdir, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç harada narkotik vasitə saxlamır. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməyib və ona heç bir xəsarət yetirilməyib. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuşdur. Saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Onun istifadəsində yalnız ***-***-**-** GSM nömrəsi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitələrin saxlanması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, "Ayxan” marketin yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə həmin şəxsi PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitə və psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, baş təhqiqatçı Ramin Güləliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan, 01 ədəd qara rəngli torbada bükülmüş halda ot şəkilli kütləni təqdim edərək həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 30 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yol kənarında gedərkən zibillikdən tapdığını bildirmişdir. Həmin qara rəngli sellofan torbada olan yaşıl rəngli ot şəklində olan kütlə çəkisinin və mənsubiyyətinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunması məqsədilə qablaşdırıldı. Qablaşdırılmış 01 ədəd qara rəngli torba Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman bizə qarşı heç bir müqavimət göstərməmişdir. Tərəfimdən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. Qrup rəhbəri Şahid1 olub. Saxlanılan zaman təqsirləndirilən şəxs heç bir müqavimət göstərməyib. Təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təzyiqlər olmayıb. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş keçmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı xüsusi rütbəsini Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, sonuncu Şahid2 ilə anoloji məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 30 sentyabr 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində olan, 01 ədəd qara rəngli torbada bükülmüş halda ot şəkilli kütləni təqdim edərək həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 30 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yol kənarında gedərkən zibillikdən tapdığını bildirmişdir. Həmin qara rəngli sellofan torbada olan yaşıl rəngli ot şəklində olan kütlə çəkisinin və mənsubiyyətinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunması məqsədilə qablaşdırıldı. Qablaşdırılmış 01 ədəd qara rəngli torba Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 01 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1638 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6”dairəvi möhür əkskəri olan, “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadaki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi- 3700 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 23 yanvar 2025-ci il tarixli, 367 №-li rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilərək Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən 2 il müddətinə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq olunub, cinayət işinin icraatına xitam verilərək məsuliyyətdən azad edilmişdir. Bundan başqa o, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci ildə cəzasmən sonu ilə azad olunmuşdur. Bundan başqa o, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən sonuncunun burun nahiyəsində, çənənin sağ yarısında, sağ bilək nahiyəsində üzəri qərtməkli yaralar, sol saidin ön səthində, sağ saidin arxa səthində, kürəkarası nahiyədə, sağ baldırda çapıq toxuması, sağ dabanda üzəri qərtməkli yara aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl ehtiyatsızlıq nəticəsində xəsarət aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs şəxsi iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin MSY-də tərtib olunmuş 30 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, sonuncu X3 gətirilərkən üzərinə baş keçirilmiş, sol ayağında şiş, sol ayağının daban hissəsində çapıq, burnunun üstündə sıyrıq yara, üz nahiyəsinin müxtəlif yerlərində yaralar aşkar olunmuşdur. Sonuncu akta “Sağ və sol ayağımda, burnumun üzərində olan yaraları işdə ikinci mərtəbədən yıxılaraq almışam.” qeydi yazaraq aktı imzalamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 04 oktyabr 2024-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 11:20 radələrində müəssisənin Tibb-sanitar hissəsində üzərinə baxış keçirilən zaman burnunun üzərində, çənəsinin sağ yarısında, sağ bilək nahiyyəsində və sağ dabanında qərtməkli yara aşkar olunmuş, sonuncu xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 04 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 11:20 radələrində müəssisənin Tibb-sanitar hissəsində üzərinə baxış keçirilən zaman burnunun üzərində, çənəsinin sağ yarısında, sağ bilək nahiyyəsində və sağ dabanında qərtməkli yara aşkar olunmuş, sonuncu xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Sabunçu rayon prokuroru Fərid Həsənov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı ilə bağlı toplanmış 527C/24 nömrəli material üzrə cinayət işinin balşlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 sentyabr tarixində, təxminən saat 13:00 radələrində Bakı şəhərində, “Asan Xidmət” mərkəzinin yaxınlığında bir nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı ona hər hansı səbəb açıqlanmamış və o, əvvəlcə Respublika Polis İdarəsinə aparılmışdır. RPİ-də təxminən 2 saat saxlandıqdan sonra 15 saylı Polis Bölməsinə gətirilmişdir. Saxlanıldığı zaman geyimi pis vəziyyətdə olduğuna görə polis əməkdaşları tərəfindən ona paltar alınmışdır. Bundan sonra o, X3 yerləşdirilmiş və orada 3-4 gün müddətində saxlanılmışdır. MSY-də çəkiliş aparıldıqdan sonra orada 2-3 gün daha saxlanılmış, daha sonra isə Sabunçu Rayon Məhkəməsinə aparılmışdır. Polis bölməsində ona qarşı fiziki və psixoloji təzyiqlər göstərilmiş, xüsusilə PB-də döyülmüşdür. O, bu barədə prokurorluğa məlumat vermiş, lakin qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən bu məsələ barədə hakimə heç bir məlumat verməmişdir. Məruz qaldığı fiziki təzyiqlərin nəticəsində ittihamı qəbul etməyə məcbur qalmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, MSYdə 1-2 gün saxlandıqdan sonra məhkəməyə aparılmışdır. Tutulan zaman onun üzərində mobil telefon olmamışdır. Məhkəmədə bəraət qərarı verilmiş, lakin həmin qərardan təxminən 8 ay sonra yenidən həbs edilmişdir. Hadisədən əvvəl mebel sexində işləyib. Şahid Həsən Seydiv onun tutulmasında iştirak etməyib. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: Azərbaycan Respublikasının 28 iyun 2175-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı Qərarın 9-cu bəndi - Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsi olaraq ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, məhkəmə iclasında vermiş olduğu ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü desə də, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən, Təqsirləndirilən şəxs şəxsi iş materiallarında olan və Bakı İstintaq Təcridxanasında tərtib olunmuş aktlardan görünür ki, sonuncu bədəni üzərində olan xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Şübhəli şəxs qismində dindirilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli, “Təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, sonuncu saxlanıldığı zamanı polis əməkdaşları tərəfindən hər hansı şəkildə fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsi olaraq ittihamı qəbul etməsi barədə ifadəsi həmçinin inandırıcı deyil ona görə ki, sonuncu cinayət işinin ibtidai istintaqı zamanı bədəni üzərində olan xəsarətləri necə alması barədə ziddiyətli məzmunda ifadələr vermişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin MSY-də tərtib olunmuş 30 sentyabr 2024-cü il tarixli aktdan Təqsirləndirilən şəxs bədənində olan xəsarətləri ikinci mərtəbədən yıxılaraq, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan isə həmin xəsarətləri evdə “Sparring” edərkən almasını bildirməsi müəyyən olunur. Əlavə olaraq Sabunçu rayon prokuroru Fərid Həsənov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan və 18 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Həmçinin cinayət işinin materiallarında olan Bakı şəhəri R.Nəsrəddinov adına 39 nömrəli orta məktəbin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktubundan Təqsirləndirilən şəxs dərsə davamiyyəti qeyri-qənaətbəxş olduğundan ora məktəbin 5-ci sinfinin şagird kontingentindən xaric edilməsi, sonuncunun tam orta təhsilini başa çatdıra bilməməsi müəyyən olunsa da, cinayət işinin ibtidai istintaq materiallarında olan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollardan görünür ki, sonuncu həmin protokolların hər birində azərbaycan dilinin latın qrafikalı əlifbasında soyadını, ifadəsini oxuyub imzası ilə təsdiq etməsinə dair qeydlər yazmışdır. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş Təqsirləndirilən şəxs barəsində əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 1(008)-138/2023 saylı cinayət işi üzrə elan edilmiş hökmdən, həmin hökmə Bakı Apellyasiya Məhkəməsinin icraatında yenidən baxılarkən qəbul edilmiş 1(103)-1169/2023 saylı qərardan görünür ki, sözügedən işlərə baxılarkən Təqsirləndirilən şəxs müvafiq xidmət göstərilməsi üçün tərcüməçi təyin edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini sonuncunun cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxsbarəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3699,8 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan 01 (bir) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 09 saat, həmin tarixdən sonra 09 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı 06 (altı) manatdan hesablanmaqla 180 (yüz səksən) manat, 25 (iyirmi beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 275 (iki yüz yetmiş beş) manat, ümumilikdən 55 (əlli beş) iş saatı üçün 455 (dörd yüz əlli beş) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3699,8 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı 06 (altı) manatdan hesablanmaqla 180 (yüz səksən) manat, 25 (iyirmi beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 275 (iki yüz yetmiş beş) manat, ümumilikdən 55 (əlli beş) iş saatı üçün 455 (dörd yüz əlli beş) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar