Məhkəmə qərarları › İş №1(101)-1049/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1049/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1049/2023 12.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 25 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsmi rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,145 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 25 noyabr 2022-ci il tarixdə saat 10:45-də ünvan 4 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 1 (bir) bükümdə təmiz çəkisi 2,145 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “28 Mall» ticarət mərkəzinin arxasında olan dayanacaqda işləmiş, işdən sonra isə küçələrdə metal yığımı ilə məşğul olmuşdur. Hadisə günü də polis işçiləri onu gecə saat 1-3 radələrində «Təzə bazar» deyilən yerdə «Təhlükəsiz şəhər» kamerasının altında saxlamışlar. Sonra polis bölməsinə gətirib ona narkotik vasitə vermişlər və boynuna götürməli olduğunu bildirmişlər. O, buna etiraz edəndə, polis işçiləri ona iki qız gətirib üzünə qoyacaqlarını, guya həmin qızlara narkotik vasitə satmasını sənədləşdirəcəklərini demişlər. O da, bundan sonra qorxub polis işçilərinin dedikləri ilə razılaşmışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, istintaqda ifadə vermişdir, lakin həmin ifadəni təsdiq etmir, məcbur olub onu imzalamışdır. Təcridxanada saxlanılarkən müxtəlif yerlərə şikayət ərizələri yazmışdır. Polis bölməsində onun boynuna narkotik vasitələrin satışını qoymuşlar. O, polislər tərəfindən döyülməyi ilə bağlı şikayət etmişdir. Özü narkotik vasitələrdən istifadə etmir və saxlanılan vaxt da üstündə narkotik vasitə olmamışdır. Onu gecə saat 1-3 aralığında «Təhlükəsiz şəhər» kamerasının altında kameranın kabelini kəsdiyi üçün saxlamışlar. Bu zaman onun üzərindən vintaçan, oboy bıçağı və digər əşyalar olmuşdur. Məhkəmədə onun barəsində sanksiya verən hakimə də məcbur olub sənədləri imzaladığını demişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə dəfə cinayət törətməyə görə məhkum edilmiş, sonuncu dəfə CM-nin 177.2.2, 177.2.3, 228.1-ci maddələri ilə məhkum edilmiş, xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2021 -ci il tarixdə azad edilmişdir. 25 noyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı ünvandan çıxaraq Yasamal rayonunda ’’Sovetski” adlanan ərazidə sadəcə üzdən tanıdığı və adının Əli olduğunu bildiyi şəxsdən 30 manat qarşılığında 1 ədəd bükümdə «kakos» adlanan narkotik vasitə heroini əldə etmişdir. Həmin gün ünvan 7 ünvanda olarkən saat 11 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özünü şübhəli apardığını bildirərək, polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gələrkən onlara bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində narkotik vasitə vardır. Sonra polis əməkdaşları onun üzərinə videoçəkilişlə axtarış aparacaqlarını bildirmiş, o da, etiraz etməmişdir. Vəkil dəvət olunmuş və ona təqdim edilmişdir. Daha sonra isə videoçəkilişdən istifadə edilməklə ondan üzərində şəxsi axtarış aparılmış, o, əynindəki şalvarın sağ yan cibindən selofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə axtarış aparılmış, lakin başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. O, üzərindən aşkar edilən bir ədəd selofan bükümdə “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu, həmin narkotik maddəni 25 noyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində Yasamal rayonunda «Sovetski» adlanan ərazidə üzdən tanıdığı və adının Əli olduğunu bildiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra həmin selofan bükümün içərisində olan maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, hər bir iştirakçı tərəfindən həmin zərfin üstü imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı heç bir şikayəti və vəsatəti olmamış, ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 82-85). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, onun saxlanıldığı yerin «Təzə bazar»ın yanında «Təhlükəsiz şəhər» kamerasının altı olduğunu, təcridxanaya qəbul olunanda üzərində xəsarətləri olduğunu, amma yazılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 noyabr 2022-ci il tarixdə 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə Kaveroçkin küçəsi ilə piyada hərəkət etdiyi zaman saat 10:45 radələrində bir nəfərin özünü şübhəli apardığını, narkotik vasitə təsiri altında olması ehtimalını görüb ona yaxınlaşmışlar. Həmin şəxsdən narkotikdən istifadə edibetməməyini soruşduqda, sonuncu, bəzi vaxtlarda narkotik vasitə heroindən istifadə etdiyini demişdir. Sonra onlar həmin şəxsi polis bölməsinə aparmışlar. Polis bölməsində saxlanılan şəxsin şəxsiyyəti müəyyən olunmuş, onun Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu, əynində olan şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Elnur həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu Yasamal rayonunda «Sovetski» adlanan ərazidə Əli adlı tanımadığı şəxsdən səhər saatlarında 30 manata aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Verilən sualları cavablandıran Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində onda hər hansı əməliyyat məlumatı olmadığını, onu narkotikin təsiri altında olması şübhəsi ilə polis bölməsinə dəvət etdiklərini, Elnurun hər hansı kabel oğurlaması barədə onda və Polis bölməsində məlumat olmadığını, sonuncunu həmin məsələ ilə əlaqədar saxlamadıqlarını, Elnurun üzərində saxlanılarkən başqa hansısa əşyaların olub-olmaması barədə məlumatsız olduğunu və bunu xatırlamadığını, saxlanılarkən və Polis bölməsində olanda Elnurun onlar tərəfindən döyülmədiyini, sonuncuya qarşı hər hansı fiziki və psixi təsir, təzyiq göstərilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinin aşkar edilməsi zamanı iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 25 noyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 49-51). Məhkəmə-kimyəvi ekspertizasının 25 noyabr 2022-ci İl tarixli 6/6747 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,145 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 58-62). İbtidai istintaq orqanının 25 fevral 2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd selofan bükümdə təmiz çəkisi 2,145 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,095 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 170-179). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dörd dəfə müxtəlif cinayət əməllərini törətdiyinə görə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177,2.3, 228.1-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 116-118, 132-148). «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd olunpan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə günü polis işçilərinin onu gecə saat 1-3 radələrində «Təzə bazar» deyilən yerdə «Təhlükəsiz şəhər» kamerasının altında saxladıqlarını, sonra onu polis bölməsinə gətirib narkotik vasitə verdiklərini və onu boynuna götürməli olduğunu bildirdiklərini, buna etiraz edəndə, polis işçilərinin ona iki qız gətirib üzünə qoyacaqlarını, guya həmin qızlara narkotik vasitə satmasını sənədləşdirəcəklərini dediklərini, o da, bundan sonra qorxub polis işçilərinin dedikləri ilə razılaşdığını, istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, polis işçiləri tərəfindən döyüldüyünü, özünün narkotik vasitələrdən istifadə etmədiyini və saxlanılan vaxt üstündə narkotik vasitə olmadığını, onu «Təhlükəsiz şəhər» kamerasının kabelini kəsdiyi üçün həmin kameranın altında saxladıqlarını, bu zaman onun üzərində vintaçan, oboy bıçağı və digər əşyalar olduğunu, məhkəmədə onun barəsində sanksiya verən hakimə də məcbur olub sənədləri imzaladığını dediyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni saxlanıldığı gün “Sovetski” deyilən ərazidə “Əli” adı ilə tanıdığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyüldüyünü bildirsə də, iş üzrə şahid qismində ifadə vermiş polis işçiləri dindirilərkən verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin polis əməkdaşlarının onu döymədiklərini, bunu edən polis işçilərini tanımadığını, istintaq təcridxanasında müayinə zamanı onda xəsarət izi aşkar edilmədiyini və döyülməsi barədə dediklərinin müayinə zamanı yazılmadığını ifadəsinə əlavə etdi. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin yoxlanılması məqsədilə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına sorğu edilərək onun adına açılmış tibbi kitabçanın surəti götürülmüşdür. Qeyd olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar olunmamış, boynun hər iki said və sol dirsək nahiyəsində çoxsaylı köhnə çapıq toxuma müşahidə olunmuşdur. Cinayət işinə əlavə olunmuş 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə iclasında səsləndirdiyi polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji təzyiqlərə məruz qalması barədə məlumatla əlaqədar Nəsimi rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs özünün, həmçinin onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmişdir. Ekspertin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Bakı İstintaq təcridxanasına daxil olarkən bədənində xəsarət aşkar edilməmişdir. Qeyd olunanlara və saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə Təqsirləndirilən şəxs gətirdiyi dəlillər öz təsdiqini tapmadığına görə Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun 26 yanvar 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar sonradan təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qeydə alınmış videogörüntülərin götürülməsi barədə məhkəmə tərəfindən təmin olunmuş vəsatəti ilə əlaqədar Azərbaycan Respublikası DİN Növbətçi hissələri idarəetmə xidmətinə müvafiq sorğu edilmiş, lakin xidmət tərəfindən məhkəməyə arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsinin mümkünsüzlüyü barədə cavab məktubu daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən üzərində vintaçan və digər əşyalar olması ilə bağlı gətirdiyi dəlillə əlaqədar müdafiə tərəfi Bakı İstintaq təcridxanasının 05 oktyabr 2023-cü il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən BİT-ə təhvil verilərkən ondan təcridxanada saxlanılması qadağan olunmuş vintaçan (2 ədəd), oboy bıçağı (1 ədəd), maqnit (1 ədəd) və gödəkçə (jilet) götürülərək saxlanılması üçün anbara təhvil verilmişdir. Müdafiə tərəfinin gətirdiyi həmin dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş diskə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntülərdə həmin əşyaların onun üzərində olması və götürülməsi öz təsdiqini tapmır, həmin əşyaların nə vaxt və haradan götürülməsi qeyri-müəyyən olaraq qalır. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində cinayət məsuliyytəinə səbəb olmayan digər əşyaların mövcud olması və bu əşyaların videoçəkiliş zamanı qeydə alınmaması şəxsi axtarış zamanı onun üzərində qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitənin mövcudluğunun inkar olunmasına səbəb ola bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə ziddiyyətli ifadələr verməsini, həmçinin müdafiə tərəfinin gətirdiyi digər dəliləri təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7712 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış bir ədəd bükümdə 2,095 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Səyyad Mirzəyevə ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPl-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,095 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar