Məhkəmə qərarları › İş №1(101)-105/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-105/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-105/2021 29.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1995-ci il iyulun 17-də Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, məcburi köçkün, əvvəllər məhkum edilməmiş, «Karpen» elektrik avadanlıqlarının satış nöqtəsində satıcı işləmiş, Ağdam şəhəri, Muradbəyli sahəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 11-də saat 21:50 radələrində bibisi Şahid2 məxsus ünvan 2 ünvanının giriş qapısının qarşısında əmisi oğlu Şahid4, bibisi Şahid2 gəlini Şahid3 və qeyri-rəsmi ərarvad münasibətlərində olduğu Şahid1 ilə birgə küçədə dayanaraq mobil telefonuna qoşulan səsgücləndirici ilə musiqiyə qulaq asarkən həmin ünvanın yaxınlığında yaşayan və evi istiqamətində piyada addımlayan Zərərçəkmiş şəxs ona axşam vaxtı qonşuların sıx yaşadığı ərazidə yüksək səslə musiqəyə qulaq asmasının düzgün olmamasını irad tutduqda o, öz məhlələrinin qarşısında dayandığını bildirmiş, Zərərçəkmiş şəxs evinə gedib qayıtmaqla onunla görüşəcəyini deyəndən sonra sonuncu uzaqlaşan kimi bibisinin evindən götürdüyü mətbəx bıçağını şalvarının sağ cibində gizlədərək silahlanıb küçəyə çıxmaqla Zərərçəkmiş şəxs yaşadığı evdən gəlməsini gözləmiş, saat 22:05 radələrində sonuncunun küçəyə çıxdığını görəndə ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşmaqla qohumlarının yanında ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir səbəb və əsas olmadan davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunan əxlaq normalarına açıq etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə şalvarının sağ cibindən çıxardığı bıçaqla sonuncunun qarın və döş qəfəsi nahiyələrinə zərbələr vurmaqla insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısında orta qoltuqaltı xətt üzrə İV-V qabırğaarası sahədə döş boşluğuna nüfuz edən, sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd, arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğaarası sahədə plevra boşluğuna nüfuz edən bir ədəd, qarının ön divarında daxilə nüfuz edən, nazik bağırsağı, müsariqə kökünü və aşağı boş venanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, bibisi Şahid2 qonşusu Zərərçəkmiş şəxs sataşqan, mədəniyyətsiz və davakar biri kimi tanıdığından sonuncu ilə heç bir dostluq və ya düşmənçilik münasibətləri olmamışdır. 2019-cu il oktyabrın 11-də saat 21 radələrində bibisinin evinin qarşısında arvadı Şahid1, əmisi oğlu Şahid4 və bibisinin gəlini Şahid3 ilə dayanmaqla söhbət edərək mobil telefona qoşulan kiçik ölçülü səsgücləndirici vasitəsilə musiqiyə qulaq asarkən küçədə 7-8 metr kənardan keçən Cəlal buna görə uca səslə ona irad tutaraq ünvanına nalayiq sözlər işlətdikdə o, öz evlərinin qabağında dayandığını bildirsə də Cəlal onu yanına çağırıb kobud şəkildə «Nə deyirsən sən? Gözlə burda, 2 dəqiqəyə gəlirəm» deməklə öz evinə tərəf yollanmış, sonuncunun yaxşı niyyətlə uzaqlaşmadığını, sözü olsaydı, yerində deyə biləcəyini fikirləşmiş, geri qayıtdıqda Emil təmkinli olmasını xahiş etmiş, o da nə üçün heç bir reaksiya vermədiyini soruşanda Emil Cəlalın normal biri olmadığını söyləmişdir. Arvadına yemək hazırlayaraq kirayə yaşadıqları evə gedəcəklərini tapşırmış, Cəlalın hücum edəcəyindən ehtiyat edib mətbəxdən qara dəstəkli bıçağı götürməklə həyətə çıxmış, Cəlalın uca səslə onu yanına çağırdığını eşidərək yaxınlaşıb ailə üzvlərinin yanında söyməsinin doğru olmadığını bildirmiş, lakin Cəlal «Zor eləmişəm, belə yaxşı oğlansansa, yoldaşının yanında musiqiyə qulaq asmazdın. Sən bilirsən mən kiməm? Mən bu məhlənin vəziyyətinə baxıram» deyə cavab vermişdir. O, Cəlalın şalvarının kəmərinə taxılmış bir ədəd açılıb-qatlanan bıçaq gördükdə sonuncunun onu vuracağından əmin olmuşdur, Cəlalla o, bibisinin evi istiqamətində hərəkət edəndə Aytəkinlə Emil onlara yaxınlaşmışlar, Aytəkin Cəlala «Niyə belə xuliqanlıq edirsiz? Gərək yenə polisə zəng edim?» deyə bildirdikdə sonuncu söyüş söyməklə əlləri ilə şübhəli hərəkət etməyə başlamış, o, Cəlalın bıçağı çıxartmaq istədiyini düşünərək cibindən mətbəx bıçağını götürüb əvvəlcə sonuncunun qarın nahiyəsindən, Cəlal söyməyə və əli ilə şübhəli hərəkət etməyə davam etdiyindən isə sonuncunun çiyin və kürək nahiyəsindən vurmuş, Cəlal qaçmaqla oradan öz evi istiqamətində uzaqlaşmışdır. O, kirayə yaşadığı evə çataraq bıçağı masanın üzərinə qoyduqdan sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə könüllü gedib təslim olmuşdur. Cəlalın aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini sonradan öyrənmişdir. O, yüksək səslə musiqiyə qulaq asmamaqla Cəlal ona söyüş söydükdə sonuncuya musiqinin səsinin çox zəif olduğunu bildirmişdir. Onun Cəlalı xuliqanlıq niyyəti ilə nəinki öldürmək, hətta vurmaq məqsədi olmamış, özünü qorumaq üçün sonuncuya bıçaqla zərbələr endirmiş, yetirdiyi xəsarətlərin Cəlalın ölümü ilə nəticələyəcəyi ağlına belə gəlməmişdir. Əməlindən həddindən artıq peşmandır. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X14 ifadəsində göstərdi ki, övladı Zərərçəkmiş şəxs 2019-cu il oktyabrın 11-də saat saat 21 radələrində marketdən kontur almaqdan ötrü evdən çıxdıqdan təqribən 10 dəqiqə sonra gələrək təsbehini götürüb mənzili tərk etmiş, 5 dəqiqə ötmüş isə oğlu qarın və kürək nahiyəsindən yaralanmış halda qayıtmaqla «dədə, məni vurdular» sözlərini demiş, övladı Şahid8 təcili tibbi yardıma zəng etməsini tapşıraraq çölə çıxanda Şahid4 yaxınlaşıb Cəlalı küçədə əmisi oğlu Təqsirləndirilən şəxs vurmaqla qaçdığını söyləmişdir. Evə daxil olduqda Cəlalın yerdə huşsuz vəziyyətdə uzandığını görmüş, təcili tibbi yardım gecikdiyindən oğlunu qonşuların köməyi ilə taksiyə uzandıraraq X21 aparsa da Cəlal 2019-cu il oktyabrın 12-də saat 02 radələrində əməliyyatda olarkən vəfat etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid8 zərər çəkmiş şəxsin hüquqi varisi X14 ilə eyni ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşasa da yaxın münasibəti olmadığı üçün şəxsən tanımamış, eşitdiyinə görə sonuncu sataşqan, davakar və pis əməllərə meyilli biri olmuşdur. Hadisədən 4-5 gün əvvəl qardaşı oğlu Şahid4 ona qarşısını iki nəfərin kəsib onlardan birinin bıçaq çıxarmaqla «bu məhlənin palajeniyasına biz baxırıq» deməsini danışmışdır, səhərisi gün digər qardaşı oğlu Təqsirləndirilən şəxs onun evində olduğu zaman o, iki nəfər oğlanın Emilin üzərinə cumduğunu gördükdə yaxınlaşaraq «102» xidmətinə zəng edəcəyini bildirən kimi oğlanlar qaçarkən Cəlaldan kömək istəmişlər. Göstərilən tarixdə Rəhman məsələni aydınlaşdıranda Cəlal «burda baş kəsiləcək» söyləmiş və o, xoşagəlməz hadisə baş verməsindən qorxub polisə etdiyi şikayətdən imtina etmişdir. 2019-cu il oktyabrın 11-də axşam saatlarında Rəhmanın arvadı Şahid1, gəlini Şahid3 və Emil ilə evin qarşısındakı skamyada söhbət etməklə istirahət etdikləri vaxt işdən gələn Rəhman mobil telefonuna qoşulan kiçik ölçülü səsgücləndirici vasitəsilə musiqiyə qulaq asmağa başlamış və o, ağrısı olduğu üçün evə girmişdir. Bir qədər sonra Asiman yanına gələrək ərinin mahnıya qulaq asarkən Cəlalın sonuncunu nalayiq söyüşlərlə təhqir edib küçədə gözlədiyini bildirməsini demiş, o, bayıra çıxmaqla Rəhmana Cəlalın evinə gedərək valideynlərinə irad tutacağını söylədikdə Rəhman ona heç yerə getməməsini, özünün Cəlal ilə söhbət edəcəyini bildirmişdir. O, maraqlananda qonşu qadınlardan biri Cəlalın üzərində bıçaq gəzdirdiyini və sonuncudan uzaq durmalarını demişdir. Bir müddət keçmiş Rəhman gödəkcəsini geyinib Cəlalın evinə tərəf istiqamətlənmiş, o, baş verə biləcək davanın qarşısını almaq üçün yaxınlaşdıqda sonuncuların söhbət etməklə addımladıqlarını görmüş, o, Cəlala «niyə belə edirsən, qurban olum, dalaşmayın» dedikdə sonuncu ona söyüş söydüyünə görə Rəhman Cəlalın qarnına yumruq atmışdır. O, həyəcan keçirərək qışqırmağa başlamış, hadisə bir neçə saniyə ərzində baş verdiyindən Emil ilə özlərini onlara çatdıranda Cəlal sanki sancılanmış kimi hadisə yerindən özünün evi istiqamətində qaçıb uzaqlaşmış, Rəhman onun yanından keçərkən əlində bıçağın tiyəsinin parıltısı gözünə çarpmış, sonuncu ona Cəlalı bıçaqla vurduğunu və təslim olacağını deməklə oradan tezliklə getmişdir. Rəhman musiqiyə yüksək səslə qulaq asmamış və heç kimi narahat etməmişdir. Sonuncunun hadisəni törətdiyi bıçağı onun evindən götürməsini sonradan öyrənmişdir. Rəhmanla Cəlalın münaqişəsi Emillə baş verən mübahisənin davamı olmuşdur. Hadisəni ondan və Emildən başqa müşahidə edən olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid4 Şahid2 ilə uyğun ifadə verərək 2019-cu il oktyabrın 11-də saat 21 radələrində bibisi Aytəkingildə olarkən Zərərçəkmiş şəxs heç bir səbəb olmadan uca səslə əmisi oğlu Təqsirləndirilən şəxs söyüş söyərək «buranı pozğunxana eləmisiniz» deyib musiqinin səsini almasını istədiyini, sonuncunun öz evlərinin qarşısında musiqiyə qulaq asdığını və bunun ona dəxli olmadığını Cəlala bildirəndən bir az sonra aralarındakı münaqişə nəticəsində ölüm hadisəsi baş verdiyini, Rəhmanın musiqiyə yüksək səslə qulaq asmadığını və qonşuların rahatlığına mane olmadığını, Cəlalın nəsə edəcəyindən ehtiyat etdiyi üçün hadisə zamanı evdən bıçaq götürdüyünü, sonuncunun dostları ilə onun mübahisəsi olarkən Cəlalın ona «burda baş kəsiləcək» bildirməsini, hadisəni kənar şəxslərin görmədiklərini, Rəhmanın üzərində heç vaxt bıçaq gəzdirməməsini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2019-cu il oktyabrın 11-də saat 19-20 radələrində əri Təqsirləndirilən şəxs bibisi Şahid2 gəlini Şahid3 və qardaşı oğlu Şahid4 ilə birlikdə Aytəkinin evinin qarşısındakı skamyada əyləşib söhbət edərkən işdən gələn əri mobil telefonuna qoşulan kiçik ölçülü səsgücləndirici ilə musiqiyə qulaq asanda yoldan keçən Zərərçəkmiş şəxs heç bir səbəb olmadan uca səslə nalayiq ifadələrlə musiqinin səsini almasını bildirdikdə Rəhman Cəlala öz evlərinin qarşısında musiqiyə qulaq asdığını və bunun ona dəxli olmadığını bildirmiş, sonuncu və Rəhman küçə ilə bir qədər irəliləməklə əri geri dönmüş, bir azdan Cəlal ilə söhbət edərək qayıdacağını söyləyib gödəkcəsini götürməklə küçəyə çıxmışdır, bayırdan səs-küy eşidəndə Günayla birgə çölə çıxaraq Rəhmanın Cəlal ilə dalaşdığını başa düşmüşlər. Hadisədən dərhal sonra Rəhman Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təslim olmuş, əri musiqiyə yüksək səslə qulaq asmayıb ətrafdakıları narahat etməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2019-cu il oktyabrın 11-də təxminən saat 21-22 radələrində övladı Şahid2 onu yuxudan oyadanda nəvəsi Rəhman Təqsirləndirilən şəxs küçədə dava etməsini və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bilmiş, Rəhmanın Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gedərək təslim olduğunu və Cəlalın aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini sonradan öyrənmişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, qonşu kimi tanıdığı Zərərçəkmiş şəxs çox mərifətli, qanacaqlı, tərbiyəli cavan oğlan olmuş, sonuncunun kiminləsə mübahisə etməsini və ya kiməsə sataşmasını müşahidə etməmiş, Təqsirləndirilən şəxs qonşuluqdakı Şahid2 qohumu kimi tanımışdır. 2019-cu il oktyabrın 11-də saat 22 radələrində qadınların qışqırıq səslərini eşitməklə bayıra çıxdıqda Cəlalın öz evinin qarşısında yaralı halda yerdə uzanmasını görərək sonuncunun bıçaqlandığını anlamışdır. Bundan əvvəl küçədə yüksək səslə musiqi çalmasını eşitməmişdir. Hadisənin bilavasitə şahidi olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşu, Təqsirləndirilən şəxs qonşusu Şahid2 qohumu kimi tanıyır. 2019-cu il oktyabrın 11də saat 22 radələrində evinin qapısının qarşısında siqaret çəkərkən Rəhmanın Cəlalla onun evi tərəfə gəlmələrini görsə də aralarındakı məsafə böyük olduğundan sonuncuların hansı mövzuda söhbət etdiklərini bilməmiş, bir anda Rəhmanın Cəlalı yumruqla bir neçə dəfə vurmasını, sonuncunun qaçıb oradan uzaqlaşmasını, Aytəkinin qışqırmasını, Rəhmanın isə başqa istiqamətdə getməsini görmüşdür. X16 yumruqla yox, bıçaqla zərbələr endirdiyini, sonuncunun aldığı yaralardan xəstəxanada öldüyünü bilmişdir. Rəhmanın küçədə yüksək səslə musiqi qoşmasını eşitməmişdir. İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 oktyabr tarixli protokoldan görünür ki, 2019-cu il oktyabrın 11-də saat 23:15-də Təqsirləndirilən şəxs könüllü şəkildə gələrək X12 ilə mübahisə etdiyi zaman ona bıçaq xəsarətləri yetirdiyini bildirmişdir (1-ci cild, iş vərəqi 10). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 12 oktyabr tarixli protokoldan görünür ki, ünvan 2 ünvanındakı hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1, bibisi oğlunun həyat yoldaşı Şahid3 və əmisi oğlu Şahid4 ilə birlikdə məhəllədə skamyada əyləşərkən X6 yaxınlaşıb nalayiq sözlərlə təhqir edərək musiqinin səsini azaltmasını istədiyinindən sonuncunu bibisinin evindən götürdüyü bıçaqla vurub xəsarət yetirdiyini bildirmiş, hadisə yerindən tampon vasitəsi ilə qan izlərinə oxşar üç ədəd nümunə və cinayətin törədildiyi bıçaq götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 11-19). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 12 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 01:35-də Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 30). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 12 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsindən həmin Məcəllənin 120.1.-ci maddəsinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 41). İş materiallarında olan Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 2019-cu il 12 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs həmin Məcəllənin göstərilən maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 58-59). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 12 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.1.ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il oktyabrın 12-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 97-99). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 12 oktyabr tarixli 908 nömrəli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 102-103). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019cu il 17 oktyabr tarixli protokoldan və məhkəməyə təqdim olunan diskə keçirilmiş baxışdan görünür ki, ünvan 4 ünvanında yaşayan X10 mənzilindəki kameradan CD diskinə köçürülərək götürülən görüntülərə baxış keçirilərkən «ch02_**********5130» adlı «MP4» formatlı videofaylda Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 11-də saat 21:51:31-də Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində bibisi Şahid2 yaşadığı evin qarşısında dayanması, qohumları Şahid4 və Şahid3 küçədəki skameykada əyləşmələri, saat 21:51:43-də Zərərçəkmiş şəxs küçə ilə kameradan uzaq istiqamətdə getməsi, saat 21:51:56-da sonuncunun Təqsirləndirilən şəxs və qohumlarının yanından ötüb keçdikdən sonra aralarında bir neçə metr olduğu halda anidən başını arxaya Təqsirləndirilən şəxs istiqamətində çevirərək sol əli ilə sonuncuya işarə etməklə ifadələr işlətməsi, saat 21:52:12-də Zərərçəkmiş şəxs sağ əli ilə Təqsirləndirilən şəxs yanına gəlməsini işarə etdikdə sonuncunun yaxınlaşıb onların saat 21:52:28-dək söhbət edərək ayrılmaları, Təqsirləndirilən şəxs yenidən bibisinin evinin önünə qayıtması və Zərərçəkmiş şəxs öz yoluna davam etməsi, saat 21:52:40-da sonuncu küçədən sola döndüyündən onun kameranın əhatə dairəsindən çıxması, Təqsirləndirilən şəxs, adı çəkilən qohumların evin qarşısında dayanıb söhbət etmələri, saat 21:54:42-də Təqsirləndirilən şəxs arvadı Şahid1, saat 21:56:15-də Şahid2 evdən çıxmaqla söhbətə qoşulmaları, saat 21:58:37-də Təqsirləndirilən şəxs, saat 21:59:30-da Şahid1, saat 22:00:45-də Şahid2, Şahid4 və Şahid3 evin həyətinə daxil olmaları, saat 22:01:32-də Təqsirləndirilən şəxs küçədə 10 saniyə gəzişib yenidən evə daxil olması, saat 22:02:57-də sonuncunun başını qapıdan çıxardaraq küçəyə baxdıqdan sonra evin həyətinə girməsi, saat 22:03:11-də Təqsirləndirilən şəxs ilə Şahid2 küçəyə çıxmaqla Zərərçəkmiş şəxs evi istiqamətində 05 saniyə ərzində baxıb Təqsirləndirilən şəxs evə qayıtması, Şahid2 küçənin kameraya yaxın istiqamətdə piyada gəzişərək saat 22:03:33-də kameranın əhatə dairəsindən çıxması, saat 22:04:46-da Təqsirləndirilən şəxs gödəkcəsini geyinmiş vəziyyətdə küçəyə çıxması və birbaşa Zərərçəkmiş şəxs evi istiqamətində irəliləməsi, Şahid4 evdən çıxmaqla Təqsirləndirilən şəxs ardınca baxması və yerindən tərpənməməsi, Şahid2 Şahid4 yanına gəlməsi, küçə ilə hərəkət edən «Mitsubishi L200» markalı avtomobilin işıqlarının küçəyə düşməsi səbəbindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs necə yaxınlaşmasının aydın görünməməsi, həmin avtomobil uzaqlaşdıqdan sonra, saat 22:05:05-də Təqsirləndirilən şəxs yaxınlaşdığı Zərərçəkmiş şəxs ilə söhbət etməsi, saat 22:05:14-də Şahid2 yavaş addımlarla onlar istiqamətində irəliləməyə başlaması, ardınca Şahid4 getməsi, göstərilən zaman Şahid1 küçəyə çıxıb Təqsirləndirilən şəxs olduğu yerə tərəf baxaraq evə qayıtması, bir neçə saniyədən sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yavaş addımlarla Şahid2 evi istiqamətində küçə ilə hərəkət etməyə başlamaları, saat 22:05:35də Təqsirləndirilən şəxs anidən X4 qarın nahiyəsindən zərbə endirməsi, birinci zərbədən sonuncunun bir-iki addım geri atmaqla heç bir müqavimət göstərməməsi, saat 22:05:37-də Təqsirləndirilən şəxs ikinci zərbəni endirəndən sonra Zərərçəkmiş şəxs bir neçə addım geri çəkilməsi, həmin vaxt Şahid4 onlara yaxınlaşmağa başlaması, saat 22:05:39-da Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə gedib zərbə vurması və sonuncunun öz evi istiqamətində qaçması, Təqsirləndirilən şəxs cəld addımlarla bibisinin evi istiqamətində hərəkət etməsi, Şahid2 və Şahid4 sonuncunun ardınca addımlamaları, saat 22:05:42-də Şahid1 və Şahid3 evdən küçəyə çıxmaları, saat 22:05:55-də Təqsirləndirilən şəxs Şahid2 evinin qarşısına çataraq anidən geri dönməklə küçənin digər istiqamətində irəliləyib kameranın əhatə dairəsindən çıxması, Şahid2, Şahid4, Şahid3 və Şahid1 küçədə həyəcanlı şəkildə gəzişmələri və intensiv söhbət aparmaları, saat 22:06:48-də Zərərçəkmiş şəxs qaçdığı tərəfdən X11 qaçaraq küçənin ortasına gəlməsi, Şahid4 yaxınlaşmaqla sağ əli ilə Təqsirləndirilən şəxs getdiyi istiqaməti işarə etdikdə X11 göstərilən istiqamətdə qaçması müəyyən edilmiş, fotocədvəl və bir ədəd CD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 154-159). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 15 oktyabr tarixli 005-359/2019 nömrəli və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 2019-cu il 08 oktyabr tarixli 078-32831 nömrəli məktublarından müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində hər hansı material daxil olmamış, sonuncular haqqında və ya müraciətləri əsasında hər hansı bir araşdırma aparılmamışdır (1-ci cild, iş vərəqi 173 və 2-ci cild, iş vərəqi 96). İş materiallarındakı Ağdam Rayonu İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2019-cu il 17 oktyabr tarixli 2535 nömrəli arayışdan və 2019-cu il 17 oktyabr tarixli xasiyyətnamədən görünür ki, Ağdam şəhəri Muradbəyli sahəsində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs ailəsi ataanasından və qardaşından ibarətdir; Təqsirləndirilən şəxs məcburi köçkün kimi ünvan 5 ünvanında qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 196-197). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019cu il 24 oktyabr və 2019-cu il 20 noyabr tarixli protokollardan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 23 oktyabr tarixli 28827 nömrəli və 2019-cu il 18 noyabr tarixli 31484 nömrəli məktubları ilə daxil olmuş iki ədəd diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməməklə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl telefon danışığı qeydə alınmamış, iki ədəd CD diski protokollara əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 204- 208 və 2-ci cild, iş vərəqi 113-115). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019cu il 25 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 3 ünvanında həm Zərərçəkmiş şəxs ona nalayiq sözlər işlədərkən dayandıqları yeri, həm də sonuncuya bıçaq xəsarətləri yetirdiyi yeri göstərərək ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 217-223). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Pxisiatriya Xəstəxanasının 2019-cu il 24 oktyabr tarixli 7542 nömrəli və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 2 nömrəli X2 2019-cu il 29 oktyabr tarixli 1/1275 nömrəli məktublarından görünür ki, 1995-ci il 17 iyul təvəllüdlü Təqsirləndirilən şəxs və 1995-ci il 04 aprel təvəllüdlü Zərərçəkmiş şəxs adı göstərilən xəstəxanalarda müalicə almamışlar (2ci cild, iş vərəqi 4 və 17). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin meyitin ekspertizasına dair 2019-cu il 04 noyabr tarixli 118 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar edilmiş döş qəfəsinin sol yarısında orta qoltuqaltı xətt üzrə İV-V qabırğaarası sahədə döş boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payını zədələyən bir ədəd, arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğaarası sahədə plevra boşluğuna nüfuz edən bir ədəd, cəmi iki ədəd, qarnın ön divarında bir ədəd daxilə nüfuz edən nazik bağırsağı, müsariqə kökünü və aşağı boş venanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, sol saidin, sağ baldırın, sağ dizin sıyrıqları kimi xəsarətlər həyatidir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmaqla döş və qarın nahiyələrindəki üç deşilmiş-kəsilmiş yara ölümlə bilavasitə səbəbli əlaqəli olmuş, şiş ucu, ülgücü və özünü zəif biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), sağlamlığa yüngül zərərvurmaya aid sıyrıqlar isə ölümlə səbəbli əlaqəli olmayıb küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, müddəti 2019-cu il oktyabrın 11-nə uyğundur; zərər çəkmiş şəxsin meyitindən götürülən qanda etil spirti və güclü təsiredici maddələr aşkarlanmamış, fotocədvəl rəyə əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 28-34). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019cu il 05 noyabr tarixli 783/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi AB(İV), Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi 0(İ)-dir; ekspertizaya təqdim edilən bıçaq, iki ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus şalvar, jaket, mayka, kofta, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində aşkar olunmuş insan qanı ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda A və B antigenləri aşkar edilməklə bu ləkələr AB(İV) qruplu şəxsə, eləcə də Zərərçəkmiş şəxs məxsus ola bilər; həmin ləkələrin Təqsirləndirilən şəxs məxsus olması inkar olunur; bir ədəd pambıq ucluqlu çubuq, Təqsirləndirilən şəxs məxsus köynək (sviter) və gödəkcə üzərində qana şübhəli hər hansı bir ləkə müəyyən olunmamışdır (2-ci cild, iş vərəqi 62- 67). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019cu il 28 oktyabr tarixli 526/2019-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus sviterin, maykanın və jaketin arxa hissəsində solda bir ədəd, ön sol hissəsində bir ədəd, sviterin və maykanın ön hissəsində sağda bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edilməklə bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən; Təqsirləndirilən şəxs məxsus sviterin və maykanın üzərindəki qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişdir, sonuncunun gödəkcəsi, şalvarı və köynəyi üzərində əhəmiyyət kəsb edən hər hansı zədə müəyyən olunmamışdır; tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçaq soyuq silah hesab olunmur; fotocədvəl rəyə əlavə edilmişdir (2-ci cild, iş vərəqi 70-74). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il noyabrın 04-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (2-ci cild, iş vərəqi 103- 104). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 2019-cu il 21 noyabr tarixli 2770 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 144-146). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə-X3 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2019-cu il 22 noyabr tarixli 2401 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin və ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur; sonuncunun intellektual mnestik imkanları normaya uyğun olub şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, inadkarlıq, hövsələsizlik, kobudluq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir; hadisə zamanı sonuncunun psixiemosional vəziyyətində qəzəblilik və hirs yaranmış, o, hadisə zamanı fizioloji affekt halında olmamışdır (2-ci cild, iş vərəqi 150-152). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 12 yanvar, habelə 2020-ci il 13 yanvar tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 12-də Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə elan olunan ittiham dəyişdirilib əlavələr edilməklə ona Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibi rədd edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthində aşkar edilən sol saidin, sağ baldırın, sağ dizin sıyrıqları bıçaqla yetirilməyə xarakterik olmadığından göstərilən xəsarətlərin sonuncunun yıxılması zamanı törənə biləcəyi nəzərə alınaraq ittihama daxil edilməmiş, Şahid2 və Şahid4 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət törədilərkən istifadə olunan bir ədəd bıçağın, hadisə yerində aşkar edilən qana bənzər ləkələrdən tampon vasitəsi ilə hopdurulmuş üç ədəd nümunənin, habelə hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd ağ rəngli qolsuz maykanın, bir ədəd qara rəngli cins şalvarın, bir ədəd açıq qəhvəyi rəngli qısaqol koftanın və bir ədəd qara rəngli zəncirbəndli jaketin, Təqsirləndirilən şəxs əynində olan bir ədəd açıq göy rəngli cins şalvarın, bir ədəd qəhvəyi rəngli uzunqol sviterin və bir ədəd tünd göy rəngli gödəkcənin maddi sübut hesab edilərək Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda, hadisə yerinə əlavə baxış keçirilməsi ilə bağlı götürülmüş videogörüntüləri əks etdirən bir ədəd CD diskinin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (2-ci cild, iş vərəqi 227-269 və 3-cü cild, iş vərəqi 1-2). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə qəsdən adam öldürməsi, yəni Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutaraq heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə qəsdən həyatdan məhrum etmişdir, Təqsirləndirilən şəxs sonuncunu qəsdən öldürməsi cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirərək bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CMnin 120.2.2.-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə həyatdan məhrum etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs və iş üzrə şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bibisinin evinin qarşısında Şahid1, Şahid4 və Şahid3 ilə söhbət edib musiqiyə qulaq asarkən 7-8 metr kənardakı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan uca səslə onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında mübahisə yaranmaqla cinayəti qisas almaq məqsədilə törətmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 №-li qərarının 4cü bəndinə əsasən, Azərbaycan Respublikasının CM-nin 120.2.-ci maddəsindəki tövsifedici əlamətlər və Azərbaycan Respublikasının CM-nin 121-123, 134-cü maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 6-cı bəndində deyilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və dalaşma zərər çəkmiş şəxsin təşəbbüsü ilə, yəni Cəlal Kamran oğlu X5 İsmayılovu nalayiq sözlərlə təhqir etməsi səbəbindən başlandığından sonuncunun əməli Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, gənc olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsini, məcburi köçkün olmasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci,59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ciil 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə yerində aşkar edilmiş qana bənzər ləkələrdən tampon vasitəsi ilə hopdurulmuş üç ədəd nümunə, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd qara rəngli cins şalvar, bir ədəd açıq qəhvəyi rəngli qısaqol kofta və bir ədəd qara rəngli zəncirbəndli jaket, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd qəhvəyi rəngli uzunqol sviter və bir ədəd tünd göy rəngli gödəkcə məhv edilməli, hadisə yerinə əlavə baxış keçirilməsi zamanı götürülmüş videogörüntüləri əks etdirən bir ədəd CD diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 72 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il oktyabrın 12-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2019-cu il oktyabrın 12-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə yerində aşkar edilmiş qana bənzər ləkələrdən tampon vasitəsi ilə hopdurulmuş üç ədəd nümunə, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd qara rəngli cins şalvar, bir ədəd açıq qəhvəyi rəngli qısaqol kofta və bir ədəd qara rəngli zəncirbəndli jaket, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd qəhvəyi rəngli uzunqol sviter və bir ədəd tünd göy rəngli gödəkcə məhv edilsin, hadisə yerinə əlavə baxış keçirilməsi zamanı götürülmüş videogörüntüləri əks etdirən bir ədəd CD diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar