Məhkəmə qərarları › İş №1(101)-1051/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1051/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1051/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 30 avqust 1989-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu 20-ci sahə, Y.Mürsəlov 41a ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 yanvar 2020-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanda yerləşən evdə saat 16:00 radələrində azyaşlı qızı 04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ağladığına görə onu yataq otağına apararaq çarpayıdakı döşəkdə üzü üstə uzadıb, üstünü enli yorğanla tam örtərək Yagmur Nəsirovaya qarşı yönəlmiş hərəkətləri ilə sonuncunun köməksiz vəziyyətdə olduğundan öləcəyini bilib öz əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bu nətiəcənin baş verməsinə şüurlu surətdə yol verərək Zərərçəkmiş şəxs baş və bədən nahiyyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək və nəfəs almaq imkanını məhdudlaşdırmış, yəni onun ağız və burun dəliklərinin yumşaq əşya ilə qapadıb bunun nəticəsində baş vermiş obturasion mexaniki asfiksiya ilə ölümünə səbəb olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 2012-ci ildə X7 ilə ailə qurmuşdur. Həmin nigahdan iki qızı olmuşdur. Böyük qızı Səidə Nəsirova 20 iyul 2018-ci ildə andan olub, balaca qızı Zərərçəkmiş şəxs isə 04 avqust 2020-ci il təvəllüdlü idi. Məriyam müxtəlif marketlərdə işləyirdi. Özü isə axşamlar zibil yığıb satmaqla məşqul olmuşdur. Məriyamın işləməsi ilə bağlı əvvəllər aralarında dəfələrlə mübahisələri olmuşdur. Məriyam səhər saatlarında evdən çıxıb axşam qayıdırdı. O da evdə uşaqlara baxmışdır. Uşaqlara baxmaqdan bezdiyi üçün arvadına evdə oturub uşaqlara baxmağını demiş, Məriyam isə etiraz etmişdir. 14 yanvar 2021-ci il tarixdə axşam saatlarında Məriyamla yenə də işə getməsi ilə bağlı mübahisə etmişdir. Ona işə getməməyi, evdə oturub uşaqlara baxmağı tapşırmışdır. Buna baxmayaraq Məriyam 15 yanvar 2021-ci il tarixdə səhər saatlarında işə getmişdir. O da evdə yatmışdır. Saat 11:00 radələrində o, yatdığı zaman böyük qızı Səidə şkafın üzərində olan suveniri qəflətən onun başına salmışdır. O, əsəbi halda yuxudan oyanmışdır. Bu zaman balaca qızı Yağmur da ağlamağa başladı. Bir təhər dözmüşdür. Təxminən saat 14-15 radələrində Yağmur və Səidəyə yemək vermişdir. Yağmur yemək yeyərkən də ağlayırdı. Yağmurun ağlaması onun başına düşmüş, onu sakitləşdirməyə cəhd etsə də bunu edə bilməmişdir. Bundan sonra uşağın səsinə əsəbləri dözmədiyi üçün Yağmuru yataq otağına aparıb onu ağzı üstə yatağın üzərinə atıb yatağın üzərində olan yorğanı onun başının üzərinə çəkib üstünü tam qapamışdır. Məqsədi Yağmuru sakitləşdirmək olmuşdur. Bundan sonra digər otağa keçib böyük qızı Səidə ilə televizora baxmışdır. Televizora baxarkən təxminən iki dəfə Yağmura baxmağa getmiş, hər dəfə gedəndə Yağmur ağlamağa davam edirdi, buna görə də o, yorğanı hər dəfə Yağmurun üzərinə çəkib otaqdan çıxmışdır. Axırıncı dəfə otaqdan çıxarkən hamama girmək üçün su qızdırmışdır. Bütün bu proseslər təxminən iyirmi dəqiqə çəkmişdir. O, axırıncı dəfə otaqdan çıxıb su qızdırmağa getdikdən təxminən beş dəqiqə sonra Yağmurun səsi gəlmədi. O, Yağmura baxmaq üçün yataq otağına getmiş və yorğanı üzərindən çəkib Yağmurun nəfəs almadığını görmüşdür. O, Yağmuru çölə çıxartmış və ağzı ilə süni nəfəs verməyə başlamışdır. Uşağın nəfəsi gəlmədiyindən təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım həkimləri uşağa baxıb qızının öldüyünü bildirdilər. O, Yağmurun ağlamaması və səsini kəsməsi üçün üzü üstə yatağa uzatmış və üzərini bütövlükdə yorğanla örtmüşdür. Bu üsullarla əvvəllər də Yağmuru sakitləşdirmişdir. Bunu nə vaxt etdiyini xatırlamır. Yağmuru o, ödürməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadələrində göstərdi ki, 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuş, iki qızı vardır. Böyük qızı Səidə Nəsirova 2018-ci il, balaca qızı Zərərçəkmiş şəxs isə 2020-ci il təvəllüdlüdür. O, əri və uşaqları ilə birlikdə əvvəllər 20-ci sahədə yerləşən evdə kirayədə yaşamışdır. Onun əri Güloğlanla dəfələrlə mübahisələri, dava dalaşları olmuşdur. Buna səbəb Güloğlanın ondan oğlan uşağı istəməsi, həmçinin onun işləməyinə narazılığını bildirməsi olmuşdur. Özü müxtəlif yerlərdə xadimə işləyir. Güloğlan işləmədiyi üçün hər dəfə də ona başa salmaq istəmişdir ki, işləməsə uşaqları saxlaya bilməz, lakin buna baxmayaraq dəfələrlə onunla mübahisə etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında axşam saatlarında işdən evə gələn zaman Güloğlan içkili vəziyyətdə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Güloğlan qızlarını döymüşdür. Güloğlan böyük qızı Səidənin dodağını partlatmış, balaca qızı Yağmuru isə üzü üstə yatağın üzərinə qoyduğundan sifəti ağarmışdı. Güloğlan həmin vaxt evdə çəngəli onun başına atmış və onu evdən çıxartmış, uşaqları ona verməmişdir. Buna görə də, o, iki gün ərzində parkda yatmış, bundan sonra Güloğlanın onu döyməsi və evdən çıxartması ilə bağlı 8-ci polis bölməsinə şikayət etmişdir. Şikayət etdikdən sonra polislərin vasitəsi ilə evə qayıtmışdır. Bundan sonra da Güloğlan tez-tez onu təhqir edib onunla mübahisə etmişdir. Orada qonşularından utandığı üçün 20-ci sahə Y.Mürsəlov küçəsi 41a ünvanına kirayəşin köçmüşlər. Hadisədən qabaqkı son iki ayı bu ünvanda kirayədə yaşamışlar. Təzə ünvana köçdükdən sonra da yenə Güloğlanın onunla mübahisələri davam etmişdir. Hadisədən bir həftə öncə axşam saatlarında işdən evə qayıdarkən balaca qızı Yağmurun boğazında qırmızı iz və ağzından köpük gəldiyini görmüşdür. Güloğlandan uşağa nə olduğunu soruşduqda o, uşağı ağcaqanad dişlədiyini dedi. Həmin vaxt o, Güloğlana demişdir ki, bu uşağı axırda sən öldürəcəksən. Güloğlan cavabında dedi ki, uşağı öldürsəm, yastıqla öldürəcəm ki, əlimin izi düşməsin. Güloğlanın bu hərəkətlərinə baxmayaraq işə gedərkən məcbur qalıb uşaqları sonuncunun yanına qoymuşdur. Çünki nə onun, nə də Güloğlanın heç bir yaxın qohumları olmamışdır. O, Güloğlanın uşaqlara etdiyi bu hərəkətləri barədə heç bir yerə şikayət etməmişdir. Fikirləşmişdir ki, hər nədə olsa uşaqların atasıdır, heç nə etməz. 14 yanvar 2021-ci il tarixdə axşam saatlarında yenidən işdən evə qayıdarkən Yağmurun sifətinin göyərdiyini görmüşdür. Güloğlandan nə olduğunu soruşduqda əli ilə Yağmurun üzünü tutub sıxdığını dedi. O, nəyə görə uşaqlara qarşı belə hərəkətlər etdiyini soruşanda Güloğlan bildirdi ki, uşaqların səsini qəbul etmir, dözmür, səbri çatmır. 15 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində yuxudan oyanıb uşaqları da oyadıb yeməklərini verib altlarını yumuşdur. Həmin vaxt Güloğlan yatmışdı. O, Güloğlanı yuxudan oyadıb ona ya sən işə get ya da mən gedim demişdir. Güloğlan işi olmadığını, əgər gedirsə uşaqları da aparmağı, əks təqdirdə qayıdan zaman uşaqların ölüsünü görəcəyini dedi. Güloğlan bunu sakit formada dediyi üçün o, bunu çox da ciddi qəbul etməmişdir. Çünki bu sözləri Güloğlan əvvəllər də dəfələrlə demişdir. O da saat 13:00 radələrində işə getmişdir. Axşam saat 20:00 radələrində evə qayıdarkən qonşulardan balaca qızı Yağmurun ölməsini eşitmişdir. Güloğlan əvvəllər də Yağmuru döyüb, boğazından tutub boğmuşdur, sonda da onu boğaraq öldürdü. Güloğlan tez-tez ona uşaqlara baxmağa artıq səbri çatmadığını, uşaqların səsindən bezdiyini, əsəbləşdiyini deyirdi. Güloğlan heç bir yerdə işləmədiyi üçün o, da məcbur olub pul qazanmaq üçün uşaqları evdə tək buraxmışdır. 2020-ci ilin sentyabr ayında Güloğlanla mübahisə edən zaman Güloğlan ondan tələb etmişdir ki, qızlarını uşaq evinə yerləşdirsin, lakin o, razı olmamışdır. Aralarında yaranmış mübahisənin səbələrindən biri də bu olmuşdur. Böyük qızı Səidənin də Güloğlan tərəfindən döyülməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Şahid1 ifadələrində göstərdi ki, 19 saylı təcili tibbi yardım stansiyasında səyyar briqada həkimidir. Xidmət etdiyi ərazi Səbail rayonu Badamdar qəsəbəsi və 20-ci sahəni əhatə edir. 15 yanvar 2021-ci il tarixdə saat 16:00 radələrində 103 təcili tibbi yardım xidmətinə Səbail rayonu, 20-ci sahə Y.Mürsəlov küçəsi 41a ünvanında azyaşlı qız uşaq Zərərçəkmiş şəxs nəfəsinin kəsilməsi barədə məlumat verilmişdi. Bundan sonra o, feldşer Şahid2 ilə birlikdə həmin ünvana getmişdir. Evdə iki azyaşlı qız uşağı və uşaqların atası Təqsirləndirilən şəxs var idi. 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dəhlizdə divanın üzərinə uzadılmışdı. Təqsirləndirilən şəxs onlara Zərərçəkmiş şəxs müayinə etməli olduqlarını dedi. O, tibb bacısı ilə birlikdə uşağı dərhal müayinə etmiş və uşağın artıq vəfat etdiyini aşkar edib bunu Güloğlana demişdir. O, Güloğlandan uşağın necə vəfat etdiyini soruşmuşdur. Güloğlan ilk olaraq uşağın anasından gileylənib, uşaqları evdə onunla tək qoyub səhər tezdən işləməyə getdiyini, digər qızı Səidə də səhər yatdığı yerdə başına suveniri saldığını, bundan sonra əsəbləşib digər uşağı Yağmuru yataq otağında çarpayının üzərinə tulladığı nı, Yağmurun da yorğanın altında qalaraq öldüyünü dedi. O da bundan sonra uşağın ölümü barəsində hüquq mühafizə orqanlarına məlumat vermişdir. Şahid2 ifadələrində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə verdi. Şahid3 ifadələrində göstərdi ki, yaşadığı ünvan həyət evi olduğundan həyətdə balaca otaqları olan ev tikmişdir. Həmin evi də uzun müddətdir ki, kirayə verir. 2020-ci ilin dekabr ayının əvvəllərində həmin mənzili Təqsirləndirilən şəxs kirayə vermişdir. O da arvadı Məriyam Nəsirova və azyaşlı uşaqları Yağmur və Səidə ilə birlikdə orada yaşayırdı. Bildiyinə görə Güloğlan gecə saatlarında zibil yığmaqla, arvadı Məriyam isə günorta saatlarında xadiməçilik edərək ailələrini dolandırmışlar. Məriyam gün ərzində işdə olduğu üçün uşaqlara Güloğlan baxırdı. Güloğlanın övladlarına necə baxmasından məlumatı yoxdur. 15 yanvar 2021-ci il tarixdə həyətdə oturarkən Güloğlana kirayə verdiyi mənzilə təcili tibbi yardımın gəldiyini görmüşdür. Bundan sonra polis əməkdaşları gəldi. O da ora gedib Güloğlanın qızı Yağmurun vəfat etdiyini görmüşdür. O, Güloğlandan nə baş verdiyini soruşduqda sonuncu uşağın yorğanın altında qalıb öldüyünü dedi. O, başqa heç nə soruşmayıb evinə qayıtmışdır. Şahid4 ifadələrində göstərdi ki, həyət evində yaşayır. 2020-ci ilin dekabr ayının əvvəllərində qonşu evə Təqsirləndirilən şəxs, arvadı Məriyam və uşaqları Yağmur və Səidə ilə birlikdə kirayəşin kimi köçmüşlər. Eşitdiyinə görə Güloğlan gecə saatlarında zibil yığmaqla, Məriyam isə günorta saatlarında xadiməçilik edərək ailələrini dolandırırdılar. Məriyam gündüz işdə olduğu üçün azyaşlı uşaqlara atası Güloğlan baxmışdır. Onun yaşadığı ev ilə Güloğlan və ailəsinin yaşadığı ev bitişik olduğundan evlərində hər zaman uşaq ağlamasının səslərini eşitmişdir. Bu proses gecə saat 4-5 radələrinə kimi çəkmişdir. Hətta bir neçə dəfə Məriyama uşağı gecə saatlarında niyə belə döydüyünü soruşmuş, sonuncu da uşaqlarının nadinclik etdiyini, yatmadığını deyirdi. O, özü günorta saatlarında işdə olduğu üçün Güloğlanın öz övladlarına necə baxmasından məlumatı yoxdur. Məriyam özü də ona Güloğlanın uşaqlarını və ya özünü döyməsi barədə heçnə deməmişdir. 15 yanvar 2021-ci il tarixdə işdə olarkən qonşusu Məleykə ona zəng edərək Təqsirləndirilən şəxs azyaşlı qızı Yağmurun öldüyünü, Güloğlandan nə baş verdiyini soruşduqda uşağın yorğanın altında qalıb öldüyünü dedi. Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə münasibətləri barədə heç bir məlumatı yoxdur. Şahid5 ifadələrində göstərdi ki, o, Səbail MTE və PA birliyinin ekspertidir. O, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və altı aylıq uşaq Zərərçəkmiş şəxs tanımamışdır. Altı aylıq Zərərçəkmiş şəxs üzü üstə döşək üzərinə qoyulub üzəri eni 1.65 sm, uzunluğu 1.95 sm, qatlanmış vəziyyətdə qalınlığı 15 sm-dək olan yorğanla örtülərkən müəyyən müddət ərzində obturasion mexaniki asfiksiya yarmış, uşağın boğulmuş və bu ölçüdə olan yorğanla üzəri örtülmüş uşaq baş və bədən nahiyyəsini sağa və ya sola doğru hərəkət etdirə bilməmişdir. Uşağın buna imkanı olmamışdır. Şahid Şahid6 ifadələrində göstərdi ki, o, 2010-cu ildən daxili işlər orqanlarında, 2018-ci ildən hal hazıradək isə Səbail rayon polis idarəsinin 8-ci polis bölməsini təhqiqatçısı vəzifəsində işləyir. 15 yanvar 2021-ci il tarixdə saat 16:00 radələrində xidmətdə olarkən 19 saylı təcili tibbi yardım stansiyasından 8ci polis bölməsinə Səbail rayonu, 20-ci sahə Y.Mürsəlov küçəsi 41a ünvanında azyaşlı Zərərçəkmiş şəxs vəfat etməsi barədə məlumat verildi. Bu məlumat əsasında o, həmin ünvana getmişdir. Ünvanda həkimlər, iki azyaşlı qız və uşaqların atası Təqsirləndirilən şəxs var idi. Vəfat edən azyaşlı Zərərçəkmiş şəxs dəhlizdə divanın üzərinə uzadılmışdı. Həkimlər ona uşağın vəfat etdiyini dedilər. O, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşduqda uşağın ağladığını, uşağın səsindən əsəblərinin dözmədiyini, buna görə uşağı yataq otağına aparıb çarpayının üzərinə atdığını, yorğanın altında qalaraq uşağın nəfəsinin kəsildiyini dedi. O da hadisə ilə bağlı rayon prokurorluğuna məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 yanvar 2021-ci il tarixli ünvan 3 ünvanında yerləşən evdə hadisə yerinə baxış keçirilməsinin nəticələrini əks etdirən protokoldan görünür ki, hadisə yeri Səbail rayonu, 20-ci sahə Y.Mürsəlov küçəsi 41a ünvanda yerləşir. Evə giriş qapısı ilə üzbəüz dəhlizdə divanın üzərinə azyaşlı Zərərçəkmiş şəxs meyiti qoyulmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs bildirir ki, arvadı Məriyam Nəsirova gün ərzində işdə olduğu üçün Yağmur və böyük qızı Səidə Nəsirova evdə onun himayəsində qalmış, Yağmur saat 15:00 radələrindən başlayaraq ağladığından, sonuncunu sakitləşdirməyə cəhd etsə də buna nail olmamış, ona yemək verdikdən sonra yenə də ağlamağa davam etmiş, artıq uşağın səsinə əsəbləri dözmədiyindən onu yataq otağında üzü üstə çarpayıya uzadaraq qırmızı rəngli yorğanı onun üzərinə örtüb üstünü tam şəkildə qapamış, bundan sonra uşağın ağlamaq səsi nisbətən zəif eşidilmiş, buna görə də uşağın üstünü açdıqda nəfəs almadığını görərək əvvəlcə özü süni nəfəs vermiş, daha sonra uşağı dəhlizdə olan divana uzadaraq təcili tibbi yardıma zəng vurmuş, həkimlər gələrək artıq qızının öldüyünü bildirmişlər. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən qırmızımtıl rəngli, üzəri naxışlı olan, eni 1.65 sm, uzunluğu 1.95 sm, açıq vəziyyətdə qalınlığı 8 sm, qatlanmış vəziyyətdə qalınlığı 15 sm, ümumi çəkisi 8 kilo olan bir ədəd yorğan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2021-ci il tarixli 03 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs ölümünə səbəb ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması yolu ilə baş vermiş obturasion mexaniki asfiksiya olmuşdur. Meyitin müayinəsi zamanı aşkar edilmiş intensiv rəngli meyit ləkələri, sifətin və boyunun dəri örtüyünün sianozu (solğun, avazımış rəng), qeyri-iradi defekasiya aktının olması, dalağın azqanlılığı, digər daxili üzvlərin doluqanlı və duruqanlı olması, Tardye ləkələrinin (plevra və epikard altına qansızmalar) müəyyən edilməsi, yəni tez (sürətli) baş vermiş ölümün simptomları olmaqla bu növ ölümə dəlalət edə biləcək əlamətlər kompleksi kimi qiymətləndirilə bilərlər. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 18-20 saat əvvəl baş vermişdir. Azyaşlı Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən əllə boğmağa xarakterik ola biləcək hər hansı bir əlamət aşkar edilməmişdir. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış əlavə məhkəmə-tibbi ekspertizasının 30 mart 2021-ci il tarixli 03/03 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs ölümünə səbəb ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması yolu ilə baş vermiş obturasion mexaniki asfiksiya olmuşdur. 04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzü üstə döşəyə uzadılaraq üzəri ekspertizaya təqdim edilmiş uzunluğu 195 sm, eni 165 sm, qalınlığı 8 sm olan, orta hissəsindən qatlanmış vəziyyətdə yorğanla örtülərək bədən səthinin tam qapanması zamanı heç bir kənar təzyiq olmadığı halda belə ölümə səbəb ola biləcək mexaniki asfiksiya yarana bilərdi və belə vəziyyətdə 6 (altı) aylıq uşaq (körpə) baş və ya bədən nahiyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək imkanına malik olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 09 fevral 2021-ci il tarixli 291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı şüur və dərketməsinə təsir göstərəcək psixi-emosional vəziyyətdə olmamışdır, o, törətdiyi əməl dövründə emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi emosional sferasında iş üçün əhəmiyyətli hesab olunacaq hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış mobil telefon məlumatlarının köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd yorğan və meyitə baxış zamanı qablaşdırılaraq götürülmüş meyitin əynində olan paltarlar isə Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmədə, Təqsirləndirilən şəxs ifadələrində azyaşlı qızı Zərərçəkmiş şəxs sakitləşdirmək üçün üzü üstə çarpayının üzərinə uzatması, bu məqsədlə yorğanı tam şəkildə onun üzərinə çəkməsi, əvvəllərdə bu üsulla uşaqlarını sakitləşdirməsi, uşağın ölə bilmək ehtimalını ağlına belə gətirməməsi, bunu dərk etməməsi barədə göstərdiyi xüsusatlar ittihamı təsdiq edən sübutlarla təkzib olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadələrində göstərdi ki, müxtəlif yerlərdə xadimə işləyərək pul qazandığını, 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, iki qızı olduğunu, böyük qızı Səidə Nəsirova 2018-ci il, balaca qızı Zərərçəkmiş şəxs isə 2020-ci il təvəllüdlü olduqlarını, əri və uşaqları ilə birlikdə əvvəllər 20-ci sahədə yerləşən evdə kirayədə yaşayıb əri Güloğlanla dəfələrlə mübahisələri, dava dalaşları olmasını, buna səbəb Güloğlanın ondan oğlan uşağı istəməsi olmasını, təxminən 2020-ci ilin sentyabr ayında axşam saatlarında işdən evə gələn zaman Güloğlan içkili vəziyyətdə onunla mübahisə edib qızlarını döyməsini, Güloğlanın böyük qızı Səidənin dodağını partlatmasını, balaca qızı Yağmuru isə üzü üstə yatağın üzərinə qoyduğundan sonuncunun sifətinin ağardığnı, Güloğlanın həmin vaxt evdə çəngəli onun başına atıb onu evdən çıxartdığını, buna görə iki gün parkda yatdığını, sonra Güloğlanın onu döyüb evdən çıxartması ilə bağlı 8-ci polis bölməsinə şikayət etdiyini, şikayətdən sonra polislərin vasitəsi ilə evə qayıtdığını, bundan sonra da Güloğlanın tez-tez onu təhqir etdiyini, orada qonşularından utandığı üçün birlikdə 20-ci sahə Y.Mürsəlov küçəsi 41a ünvanına köçdüklərini, təzə ünvana köçdükdən sonra da yenə Güloğlanın onunla mübahisələri davam etdiyini, hadisdən təxminən bir həftə öncə axşam saatlarında yenə işdən evə qayıdarkən balaca qızı Yağmurun boğazında qırmızı iz, ağzından köpük gəldiyini gördüyünü, Güloğlandan uşağa nə olduğunu soruşduqda onun uşağı ağcaqanad dişlədiyini deməsini, o da Güloğlana bu uşağı axırda sən öldürəcəksən dediyini, Güloğlanın da cavabında ona uşağı öldürsəm yastıqla öldürəcəm ki, əlimin izi düşməsin dediyini, Güloğlanın bu hərəkətlərinə baxmayaraq işə gedərkən məcbur qalıb uşaqları sonuncunun yanına qoyduğunu, Güloğlanın uşaqların atası olduğunu nəzərə alıb onlara bir şey etməsinə inanmadığını, bu səbbədən də Güloğlanın hərəkətləri barəsində şikayət etmədiyini, 14 yanvar 2021-ci il tarixdə axşam saatlarında yenidən işdən evə qayıdarkən Yağmurun sifətinin göyərdiyini görüb Güloğlandan nə olduğunu soruşduqda əli ilə Yağmurun üzünü tutub sıxdığını dediyini, 15 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində yuxudan oyanıb uşaqları da oyadıb yeməklərini verib Güloğlanı yuxudan oyadıb ona ya sən işə get ya da mən gedim deməsini, Güloğlan işi olmadığını, əgər gedirsə uşaqları da aparmağı, əks təqdirdə qayıdan zaman uşaqların ölüsünü görəcəyini dediyini, bu sözləri Güloğlan sakit formada dediyi üçün özünün bunu çox da ciddi qəbul etmədiyini, bu sözləri Güloğlanın əvvəllər də dəfələrlə dediyini, özünün saat 13:00 radələrində işə getdiyini, axşam saat 20 radələrində evə qayıdarkən qonşulardan balaca qızı Yağmur öldüyünü bildiyini göstərdi. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadələrində göstərdiyi halları araşdırarkən onun ifadələrində göstərdiyi halların öz təsdiqini tapdığı qənaətinə gəlir. Çünkü məhkəmədə araşdırlmış sübutlar əsasında məhkəmədə araşdırılan ictimai təhlükəli əməlin X2 ifadələrində təsvir etdiyi formada baş verməsi sübuta yetirildi. Məhkəmənin bu qənaəti məhkəmədə araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Səbail rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı baxımından da əsaslıdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona xəbərdarlıq edilmişdir. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon məlumatlarına baxış zamanı 15 yanvar 2021-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 012103 nömrəsinə, təcili tibbi yardıma, zəng edilmiş və 58 saniyə danışıq olmuş, mobil telefonunun anten dairəsi Səbail rayonu 20-ci dairə olaraq göstərilmişdir. Təqsirləndirilən şəxs bu zəngi özünün edib qızı Yağmura tibbi yardım göstərilməsi üçün həkim çağırdığını və Yağmuru öldürmək məqsədinin olmadığını iddia etdi. Məhkəmə, həmin halları işin faktiki halları və ittiham tərəfinin təqdim etdiyi sübutların fonunda müqayisəli tədqiq edib Təqsirləndirilən şəxs bu iddiasının əsassız olduğu qənaətinə gəlib, onun bu hərəkətlərinin özünün müdafiəsi üçün planlaşdırdığı görüntüsü kimi qiymətləndirir. Çünki məhkəmənin qənaətinə görə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 fevral 2021-ci il tarixli 291 nömrəli rəyinə əsasən hazırda və ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayan, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olan Təqsirləndirilən şəxs altı aylıq uşağı Yagmur Nəsirovanı üzü üstə çarpayıdakı döşəyin üzərində uzadıb üzərini enli yorğanla tam örtərkən Zərərçəkmiş şəxs köməksiz vəziyyətində olub yorğanın altından çıxa bilməyib öləcəyini bilməməsi ağlabatan deyildir. Çünki ümumi anlamda altı aylıq uşağın sərbəst hərəkət edə bilməməsi, o cümlədən də ani instintik hallar istisna olunmaqla, özünü qorumaq üçün hər hansı fiziki hərəkət edə bilməməsi məlumdur. Məhkəmə-tibbi ekspertizasının 30 mart 2021-ci il tarixli 03/03 nömrəli rəyinə əsasən, üzərinə uzunluğu 195 sm, eni 165 sm, qalınlığı 8 sm olan, orta hissəsindən qatlanmış vəziyyətdə qoyulmuş yorğan bədən səthinin tam qapanması zamanı heç bir kənar təzyiq olmadığı halda belə ölümə səbəb ola biləcək mexaniki asfiksiya yarana bilməsi, belə vəziyyətdə 6 (altı) aylıq uşaq (körpə) baş və ya bədən nahiyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək imkanına malik olmaması ona məlum olmaya bilməzdi. O,bu nəticəni görmüş və arzu etmişdir. Çünki o, qabaqcadan da zərərçəkmiş şəxsin anası və bu iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 da uşağı öldürsəm yastıqla öldürəcəm ki, əlimin izi düşməsin deməsi baş vermiş ölümün mexanizminə də uyğun olmuşdur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qətlə yetirdikdən sonra istifadə etdiyi telefondan təcili yardım həkimlərinə zəng etməsini törətdiyi əmələ görə güman etdiyi cinayət təqibindən yayınmaq üçün qabaqcadan düşünülmüş cəhdi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs 15 yanvar 2020-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən evdə saat 16:00 radələrində azyaşlı qızı 04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ağladığına görə onu yataq otağına apararaq çarpayıdakı döşəkdə üzü üstə uzadıb, üstünü enli yorğanla tam örtərək Zərərçəkmiş şəxs qarşı yönəlmiş hərəkətləri ilə sonuncunun köməksiz vəziyyətdə olduğundan öləcəyini bilib öz əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bu nəticənin baş verməsinə şüurlu surətdə yol verərək Zərərçəkmiş şəxs baş və bədən nahiyyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək və nəfəs almaq imkanını məhdudlaşdırmış, yəni onun ağız və burun dəliklərinin yumşaq əşya ilə qapadıb bunun nəticəsində baş vermiş obturasion mexaniki asfiksiya ilə ölümünə səbəb olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməsinin, yəni qəsdən həyatdan məhrum etməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda sadalanan sübutları təhlil edib Təqsirləndirilən şəxs bu əməlini köməksiz vəziyyətində olan şəxsi qəsdən öldürmə kimi, yəni Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Bu səbəbdən də məhkəmə, onu təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat hüqüqu yardım göstərilməsi və buna görə ona 150 (yüz əlli) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət hesabına ödənilməsini və Təqsirləndirilən şəxs bu ödəmədən azad edilməsini əsəaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. İş üzrə qanunvericilikdə nəzərdə tutlan qaydada Təqsirləndirilən şəxs məxsus müsadirə edilməsi mümkün olan əmlak müəyyən olunmadı. Məhkəmədə maddi sübut aidiyyəti üzrə həll edərkən mobil telefon məlumatlarının köçürüldüyü 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılmasını, Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd yorğanın və meyitə baxış zamanı qablaşdırılaraq götürülmüş meyitin əynində olan paltarların zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, ilk dəfə xüsusilə ağır cinayətə görə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 17 yanvar 2021-ci il tarixdə onun barsində qətimkan tədbiri qismində həbs seçilməsi müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 15 yanvar 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir az yaşlı uşağının olması müəyyən olundu. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin mateiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəmə həmin halları cəzaya təsir edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını, onun cəzasını yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs hüquqi yardım edilməsi ilə bağlı Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 150 (yüz əlli) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs bu ödəmədən azad edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Səbail rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd yorğan və meyitin əynində olan paltarları zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın, mobil telefon məlumatlarının köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar