Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1051/2023 02.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 və İmanlı Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 3,442 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 4,578 qram çəkidə pxisotrop maddə metamfetamini 55 manat pul müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, 12 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsində İ.Mahmudov küçəsində saxlanılaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən polis bölməsinə gətirilmiş, orada saat 11:05-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 3,442 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 4,578 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təqsirli olduğu üçün məhkəmədədir. Üzərində neçə qram olduğunu bilməmişdir. Narkotiki onun yanında çəkməmişlər. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, narkotik vasitələrin alüdəçisidir. O narkotik maddəni yanırıb tüstüsünü çəkməklə istifadə edir. İstifadəçi olsa da o arabir narkotik vasitədən istifadə etməyi üç-dörd aylıq ara verməklə dayandırır. Belə ki, narkotik vasitə İstifadə etdiyinə görə bir neçə il əvvəl saxlanılmışdır və bu səbəbdən bunun qanunsuz əməl olduğunu başa düşür. Narkotik maddəyə olan tələbatı ilə bağlı 11 noyabr 2022-ci il tarixdə axşam saatlarında Binəqədi şossesi adlanan yerə getmişdir. Oarada olan zaman tanımadığı və adını bilmədiyi şəxslə sosial mobil tətbiqlə əlaqə saxlayıb, həmin şəxslə görüşüb şübhə doğurmadan öz istifadəsi üçün 25 manat və 30 manat pul müqabilində iki ədəd bükümdə heroin və metamfetamin adlanan narkotikləri almışdır. Narkotik maddələri əldə etdikdən sonra o satan şəxsi tanımadığı üçün ondan ehtiyyat edib həmin şəxsin mobil nömrəsini telefondan silmişdir. Bədənində ağrılar olur və bu ağrıları hər hansı aptekdə satılan ağrıkəsici dərmanlar belə sakitləşdirə bilmir. Məqsədi ağrıları olduqca həmin narkotiklərdən istifadə etmək və bu yolla yaşadığı evdə istifadə etməyi ilə bağlı şübhə doğurmamaq olmuşdur. Çünki hər dəfə gedib almağın polis tərəfindən tutulmaq riskini artırdığını düşünüb ehtiyyat edir və buna görədə narkotiklərin miqdarını çox almışdır. O həmin gün dərhal yaşadığı evə gəlmişdir. Evdə olarkən narkotik vasitədən istifadə edə bilməmişdir. 12 noyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxan zaman həmin narkotikləri də özü ilə götürmüşdür ki, evdəkilərin əlinə keçməsin sonra ailəsi ilə arasında söz-söhbət yaranmasın. Evdən çıxıb piyada küçə ilə hərəkət edərkən yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər bir neçə suallar verdikdə o özünü itirmişdir. Polislər ona üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirmiş və ona polis bölməsinə getməyi təklif etmişlər. O bir an üçün qaçmağı düşünsə də bunun əhəmiyyətsiz olmasını düşünmüş və polis bölməsinə getmişdir. Bölmədə olan zaman ona hüquq və vəzifələri izah olunmuş, həmçinin vəkil dəvət edilib ona təqdim edilmişdir. Daha sonra öz razılığı ilə üzərinə vəkilin iştirakı olmadan axtarış keçirilmişdir. Axtarış zamanı o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra o polislərə həmin maddələrin metamfetamin və kakos kimi bildiyim narkotik olduğunu, və necə əldə etdiyini bildirmişdir. Həmin maddələr zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi ərazisində ailəsilə birgə yaşayan şəxs kimi tanımışdr. Onun narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat var imiş. 2022-ci ilin noyabr ayı ona yaxınlaşıb bölməyə dəvət etmişlər. Üzərindən narkotik vasitə təqdim etmişdir. Bundan sonra sənədləşmə aparılmışdır. Xatırladığı qədərilə üzərindən metamfetamin və heroin aşkar edilmişdir. Üzərində aşkar edilmiş maddələrin hamısının bir yerdə və yaxud digər formada olması hadisənin çoxdan baş verməsinə görə yadında deyil. Narkotik vasitənin qramı yadında deyil, amma xeyli miqdarda olduğunu bilirmişlər. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat tədbirini o keçirmişdir. Şəxsə təzyiq göstərməmişdir və o da müqavimət göstərməmişdir. Könüllü olaraq təqdim etmişdir. Özü də istifadəçi olduğunu demişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 12 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellefona bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol cibindən Redmi markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, iki ədəd şəfaff sellefona bükülmüş, bükümün içərisində olan narkotik vasitə “heroin” deyilən narkotik vasitə olduğunu, digər şəffaf sellofana bükülmüş bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, ondan həmin bükülünün haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümləri bir gün əvvəl axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün bükümdə birində heroin olduğunu, 25 manata aldığını, digər bükümdə metamfetamin olduğunu və narkotik vasitəni 30 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin materialların məhkəmə ekspertizasının 12 noyabr 2022-ci il tarixli 6/6512 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi və “ ...Şübhəli şəxs:Təqsirləndirilən şəxs- imza; iştirak etdi- imzalar, tərtib etdi: K.Ələsgərov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01(bir) ədəd bükümdə təmiz çəkisi 3,442 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01(bir) ədəd bükümdə, təmiz çəkisi 4,578 qram ağ rəngli ksristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-3,442 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-3,392 qram. Metamfetaminin təmiz çəkisi-4,578 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-4,528 qram. (ekspertiza tədqiqatın dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13 noyabr 2022-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı çəkilmiş video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə 12 noyabr 2022-ci il tarixdə saat 11:05-də başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərovun əyləşdiyi xidməti otaqdır. İştirakçıarbölmənin əməliyyat müvəkkili Şahid1, həmin PB-nin əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı Kamandar Ələsgərovun əyləşdiyi masanın qarşısında dayanmışlar. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs ayağa qalxır əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonunu, həmin şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoyur və üzərində əlavə heç bir əşya olmadığını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümlərdən birinin içərisində metamfetamin deyilən psixotrop maddə, digər bir ədəd şəffaf sellofan bükümdə isə heroin adlanan narkotik vasitə olduğunu, həmin metamfetamin və heroini bir gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün heroinə 25 manat, metamfetaminə isə 30 manat pul ödəməklə aldığını, özünün narkotik istifadəçisi olduğunu, həmin narkotikləri almaq üçün hər dəqiqə gedib gəlməyin təhlükəli olduğunu, ehtiyyat etdiyindən hərəsindən ayrı-ayrı bir büküm olmaqla aldığını, narkotik satışı ilə məşğul olmadığını bildirir. Həmin bükülülər zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 12 noyabr 2022-ci il tarixdə saat 11:20-də axtarış yekunlaşdırılır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-1273/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 05 dekabr 2022-ci il tarixli 7354 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 12 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq 4,528 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq 4,528 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1051/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1051/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver