Məhkəmə qərarları › İş №1(101)-1052/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1052/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1052/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu 3-cü Xrebtovi ev 129/10, 52 “Q”-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridaxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib üzərində saxlamaqla daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdə günorta saatlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 (bir) ədəd göy və 01 (bir) ədəd ağ rəngli plastik qutularda, polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,340 qram və 3,376 qram olmaqla cəmi təmiz çəkisi 4,716 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və təsir edici maddəsi tropikamidin ümumi miqdarı 0,01 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, zavod üsulu ilə qablaşdırılmış üzərində «Mydrax» yazısı olan, 02 (iki) ədəd qırmızı qapaqlı plastik ampulda hər birində 0,5 ml olmaqla ümumi 1 (bir) ml həcmdə şəffaf rəngsiz maye tropikamid tərkibli güclü təsir edən maddə olan dərman preparatını əldə edib üzərində saxlamaqla daşımış, 11 avqust 2020-ci il tarixdə saat 19:00 dəqiqədə özünü şübhəli aparması səbəbindən ünvan 1 ünvanında yerləşən su hövzəsinin kənarında Azərbaycan Respublikası DİN-nin X7 Alayının 6-cı polis bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çiynində olan qara rəngli çantanın içərisindən 01 (bir) ədəd göy və 01 (bir) ədəd ağ rəngli plasmas qutularda, polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,340 qram və 3,376 qram olmaqla ümumi təmiz çəkisi 4,716 qram olan olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, təsir edici maddəsi tropikamidin ümumi miqdarı 0,01 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, zavod üsulu ilə qablaşdırılmış üzərində «Mydrax» yazısı olan, 02 (iki) ədəd qırmızı qapaqlı plastik ampulda hər birində 0,5 ml olmaqla ümumi 1 (bir) ml həcmdə şəffaf rəngsiz maye tropikamid tərkibli güclü təsir edən maddə olan dərman preparatı, 01 (bir) ədəd dəmir süzgəç, 01 (bir) ədəd istifadə olunmamış tibbi şpris, 02 ədəd elektron tərəzi və 01 ədəd qırıq vəziyyətdə şüşə kolba aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır, təxminən 2 ildir inyeksiya yolu ilə narkotik vasitə olan heroini qəbul edir. Narkotik vasitəni almaq lazım olduqda Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən heç bir anket məlumatını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən 15-20 manat civarında alır. Sonuncu dəfə 11 avqust 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən gölün ətrafında gəzərkən qara rəngli çanta görmüşdür. Həmin çantaya baxış keçirən zaman içərisində ağ və göy rənglərdə plasmas qabhər birinin içərisində narkotik vasitə olan heroin, 1 ədəd istifadə olunmamış tibbi iynə, 1 ədəd dəmir süzgəç, 2 ədəd qab və 2 ədəd elektron tərəzi olduğunu görmüşdür. Bundan sonra ətrafda olan gizli bir yerə çəkilmiş və narkotik vasitə olan heroinin bir qismini çantada olan kolba şüşəsinə tökməklə qarışdırıb iynə ilə damarına vurmaqla bədəninə daxil edib istifadə etmişdir. Həmin narkotik vasitə olan heroinin geri qalan qismini şəxsi istifadəsi üçün üzərində saxlamış ki, istədiyi vaxt qəbul edə bilsin. Buna görə də həmin çantanı özü ilə gün ərzində gəzdirmiş, gölün ətrafında gəzən zaman sinif yoldaşı Azadı görmüş və onunla bir neçə dəqiqə söhbət etmişdir. Həmin gün yəni 11.08.2020-ci il tarixdə saat 19:00-da gölün ətrafında sinif yoldaşı Azadla söhbət edən zaman polis içiləri onlara yaxınlaşaraq özlərini təqdim etmiş, o özünü təqdim etsədə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demişdir. Belə olanda polis əməkdaşları onları Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmiş, bu zaman üzərində narkotik vasitə olduğu üçün qaçmağa cəhd etsədə polis işçiləri onu tutmuş və onları birlikdə polis bölməsinə gətirmişlər. Polis bölməsində üzərlərinə şəxsi axtarış keçiriləcəyi ona Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis leytenantı Elmar Şahverdiyev tərəfindən bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları və dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi bildirdikdən sonra o gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb üzərində olan qara rəngli çantanı təqdim etmiş və polis əməkdaşları tərəfindən həmin qara çantanın içərisinə baxıldığı zaman içərisində narkotik vasitə heroin olan ağ və göy rənglərdə plasmas qab, 1 ədəd istifadə olunmamış tibbi iynə, 1 ədəd dəmir süzgəç, 2 ədəd qab və 2 ədəd elektron tərəzi olduğu müşahidə olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, o həmin heroini almadığını öz istifadəsi üçün istifadə etdiyini 11.08.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində gölün ətrafından tapdığını bildirmiş, həmin vaxt üzərindən qanunsuz başqa hər hansı bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzalarıla protokolun doğruluğunu təsdiq etmişlər. O narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini 11.08.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində gölün ətrafında çanta ilə birlikdə tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, X2 narkotik maddələrdən istifadə etdiyini bildiyi üçün bir iki dəfə təmənnasız metamfetamin vermiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilən zaman ona qarşı zor tətbiq edilməmiş, istifadəsində mobil telefon nömrəsi olmamışdır. Həmçinin o əlavə dindirmə zamanı bildrmişdir ki, üzərində saxlanılan zaman olan çanta və çantanın içərisndəki heroin, tropikamid adlı maddə və tərəzilər onun olmayıb, narkoman olduğu üçün həmin narkotik vasitələri tapdığına sevinmiş üzərində daşımaqla kənara çəkilib heroinin bir qismini tropikamidlə qarışdırıb kolba şüşəsində hazırlamış, iynə ilə damarına vurmuş, çantada olan tərəzidən istifadə etməmiş, tropikamid adlı maddəni tanıyır və həmin maddə toz şəkilli heroinlə qatışdırılaraq damara vurmaq üçün istifadə edilir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o DİN-in ƏÇPA-nm 6-cı PB-nün polis nfri polis serjantı vəzifəsində 2009-cu il tarixdən işləyir. Yasamal rayonu Zahid Xəlilov küçəsində hər gün saat 08 radələrindən axşam saat 20 radələrinə qədər olan müddət ərzində 4-cü patrul sahəsində Fiat Dobla markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Şahid2la birlikdə xidmət edir. Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, ədavət və düşmənçilik olmamışdır. Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən gölün yaxınlığında 11.08.2020-cii il tarixdə saat 19 radələrində xidmətdə olan zaman bir nəfər şəxsin şübhəli halda gəzdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini gösərdikdən sonra özlərini təqdim etmişlər. Həmin şəxs söhbət edən zaman qaçmağa çalışdığından hərəkəti onlarda şübhə yaratdığından sorğu sual etməyə başlayanda həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədin olub-olmaması barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra üzərində heçbir sənəd olmadığını demiş, ondan narkotik vasitə istifadə edib-etməməsi və üzərində narkotik vasitə olub-olmaması barədə soruşanda özünü itirərək narkotik vasitə istifadə etdiyini və üzərində narkotik vasitə olduğunu demiş, həmçinin onun yanında olan şəxsdə özünü Şahid3 kimi təqdim etmişdir. Buna görə də Təqsirləndirilən şəxs və Şahid3 idarə etdiyi avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİnin 29-cu PŞ-nə aparmışlar. Həmin şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhqiqatçıya təhvil verərək üzərində şəxsi axtarış və götürmə aparan anadək onu nəzarətsiz buraxmayaraq daim müşayiət etmiş ki üzərlərində olan narkotik vasitəni ata bilməsin. Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis leytenantı Elmar Şahverdiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, digər polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxslə şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs buna cavab olaraq çiynindəki qara rəngli çantanı təqdim etmişdir. Bundan sonra təqdim edilmiş çantanın içərisində bir ədəd göy və bir ədəd ağ rəngli plasmas qutularda politelində olan bükümlərdə heroinə bənzər maddə, bir ədəd təyinatı məlum olmayan dəmir süzgəc, bir ədəd zavod qablaşdırması olan istifadə olunmamış tibbi iynə, iki ədəd plasmas qablaşdırmada olan maye, iki ədəd tərəzi və bir ədəd qırıq vəziyyətdə şüşə kolba aşkar edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmadı. Qeyd olunan narkotik vasitəni haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs plasmas qablarda olan politelindən ibarət bükümlərdə heroin kimi tanıdığı narkotik maddələr olduğunu bu narkotik maddələri 11.08.2020-ci il tarixdə günorta saatlarında saxlanıldığı yerdə olan gölün yanından tapdığını, bir qismini istifadə etdiyini qalan hissəsini sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin, axtarışda iştirak edən polis əməkdaşının, həmçinin onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, 169 N-li möhürlə möhürlənib götürülmüşdür. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmişdir. O hamı kimi həmin protokolu və zərfi imzalamış, şəxsi axtarış zamanı habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır. Həmçinin Şahid3 həmin gün təsadüfən Eldənizlə qarşılaşdığını demiş və PŞ-də məlum olmuşdur ki, o narkotik vasitə alüdəçisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, adını şüşə kimi bildiyi narkotik vasitə olan metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur, onunla 153 saylı orta məktəbi birlikdə oxumuş və həmin müddətdən etibarən aralarında dostluq olmuşdur. Təxminən 1 il olar ki, Eldənizin narkotik vasitə istifadə etdiyini bilmiş, 1 ay əvvəl Eldənizin narkotik istifadə etdiyini görmüş, bu zaman özü üçün adını şüşə bildiyi narkotik vasitə olan şüşə olub olmadığını ondan soruşmuş, Eldəniz ona şüşə olduğunu bildirmişdir. O, Eldənizdən 0.1 qram çəkidə olan 2 ədəd daş olan narkotik vasitə olan şüşə almış, aralarında olan dostluq münasibətinə görə Eldənizə 3 manat pul vermişdir. 11 avqust 2020-ci il tarixində Yasamal rayonunda Qələbə dairəsinin yaxınlığındakı göldə olan zaman təsədufən Eldəniz ilə görüşmüş, orda əyləşərək söhbət eləməyə başlamış, söhbət əsnasında polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etmiş daha sonra isə onları Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O Təqsirləndirilən şəxs başqa Yasamal rayonu Sovetski adlanan yerdə adını bilmədiyi sadəcə olaraq üzdən tanıdığı şəxsdən də narkotik vasitə olan şüşə aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2012-ci il tarixdən DİO-da 2019-cu il tarixdən isə 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 mənzil 52-də yaşayır və qeydiyyatdadır, 2012-ci il tarixdən DİO-da, 2020-ci il tarixdən isə 29-cu PŞ-də sahə inspektoru vəzifəsində işləyir. ünvan 4 ünvanında yerləşən gölün yaxınlığında 11.08.2020ci il tarixdə saat 19 radələrində DİN-in ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri Şahid1 və Şahid2 xidmətdə olan zaman bir nəfər şəxsin şübhəli halda gəzdiyini görüb ona yaxınlaşmış həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra üzərində heçbir sənəd olmadığı üçün o və tanışı Salamov X6 RPİ-nin 29-cu PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və güclü təsir edən maddələr aşkar edilərək götürülmüş, Şahid3 isə narkotik vasitə alüdəçisi olduğu üçün buraxılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni konkret olaraq nə vaxt, haradan, yaxud kimdən və nə məqsədlə əldə etməsi və ya onun narkotik vasitə əldə etməsi barədə əməliyyat məlumatı yoxdur, bu istiqamətdə tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunacağı təqdirdə dərhal istintaqa məlumat veriləcəkdir. Şahid3 narkotik vasitə istifadə etməsi barədə məlumatları olsa da onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur, yeri müəyyən edilən kimi istintaqa təhvil veriləcikdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə verərək həmin xüsasatları bir daha təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 33-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 12.08.2020-ci il tarixli, 6/1521 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr ” yazısı olan zərfdə, -2(iki) ədəd göy və şəffaf plastik qutulardaki polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri l,340qr və 3,376qr, ümumi təmiz çəkisi 4,716qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -zavod üsulu ilə qablaşdırılmış üzərində «Mydrax» yazısı olan 2(iki) ədəd qırmızı qapaqlı plastik ampuldaki ümumi 1 ml həcmində ( ayrı-ayrılıqda 0,5ml) şəffaf rəngliz maye tropikamid tərkibli dərman preparatıdır və 2(iki) ədəd ampuldan ibarət təsir edici maddəsi tropikamidin ümumi miqdarı 0,01 qr təşkil edir; -1 (bir) ədəd şüşə ampulda narkotik vasitə olan heroinin izləri vardır; -1 (bir) ədəd dairəvi formalı dəmir süzgəçin içərisində narkotik, psixotrop və ya güclü təsir edən maddələrin izləri yoxdur. Cinayət işinin 1-ci cildinin 185-188-ci vərəqlərində olan iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə də, hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 182-184-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanın 18.01.2021-ci il tarixli 151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqlərində olan 12 avqust 2020-ci il tarixdə Yasamal RPİ-nin, TŞ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə əks edilmiş görüntülər 11 avqust 2020-ci il tarixdə saat 20:25-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 29-cu PB-nin təhqiqatçısı, polis leytenantı Elmar Şahverdiyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Elmar Şahverdiyev qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, mərkəz hüquq bürosunun vəkili X3r. Xidməti otaqda olan masa il üzbə-üz əynində qara rəngli şalvarı və köynəkdə olan həmçini çiynində qara rəngli çanta olan, ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər- adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan ƏÇPA-nm 6-cı PB-nün polis nəfəri, polis serjantı Şahid1 və ƏÇPA-nm 6-cı PB-nün polis nəfəri, polis kiçik serjantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Elmar Şahverdiyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda Təqsirləndirilən şəxs könüllü olaraq çiynində olan qara rəngli çantanı təqdim edir. Təqdim edilmiş qara rəngli çatnanın içərisindən 1 ədəd göy və ağ rəngli plasmas polietilen bükümlərdən ibarət ibarət heroinə bənzər maddələr, 1 ədəd dəmir süzgəç, 1 ədəd zavod istehsalı olan və istifadə edilməmiş tibbi iynə, 2 ədəd plasmas qablaşdırmada maye, 2 ədəd tərəzi və 1 ədəd qırıq vəziyyətdə şüşə kolba olmasım video görüntü zamanı qeydə alınır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çanta içərisində olanlar ilə birlikdə görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, vəkil X5 və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 189-197-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 4.716 qram olmuş narkotik vasitə heroin, üzərində «Mydrax» yazısı olan 2(iki) ədəd qırmızı qapaqlı plastik ampuldaki ümumi 1 ml həcmində ( ayrı-ayrılıqda 0,5ml) şəffaf rəngsiz maye tropikamid tərkibli dərman preparatı və 2(iki) ədəd ampuldan ibarət təsir edici maddəsi tropikamid ümumi miqdarı 0,01 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 4.616 qram, güclü təsir edən tropikamidin qalıq 01 ampula olmuş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4.616 qram narkotik vasitə olan heroin, 01 ampula tropikamid, həmçinin 1 ədəd dəmir süzgəç, 1 ədəd zavod istehsalı olan və istifadə edilməmiş tibbi iynə, 2 ədəd tərəzi və 1 ədəd qırıq vəziyyətdə şüşə kolba maddi sübut kimi tanınmaqla saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancma təhvil verilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 11 avqust 2020-ci il tarixdə Yasamal RPİ- nin, TŞ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin olduğu 01 ədəd CD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni 11 avqust 2020-ci il tarixdə saat 19:00-da ünvan 1 ünvanında yerləşən su hövzəsinin kənarında tapması, satmaq məqsədinin olmaması kimi bildirdikləri iş üzrə digər sübutlarla təkzib olunduğundan özünü məsuliyyətdən yayındırmaq xarakterli kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün qismən etirafı, şahid ifadələri, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, məhkəmə-kimyəvi ekspertizasının 12.08.2020-ci il tarixli 6/1521 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 18.01.2021-ci il tarixli 151 nömrəli, ambulator məhkəmə-psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli 41 nömrəli rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 16-cı vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-81-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs «Covid-19» virusu aşkar edildiyindən pandemiya xəstəliyinin yayılmasının qarşısını almaq üçün tibb müəsissəsinə yerləşdirilmiş, 13 avqust 2021-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-101, 102-104-cü vərəqlərində olan qərarlardan görünür ki, 03 dekabr 2020-ci il tarixdə qətimkan tədbiri şərtlərini pozduğu üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 124-125, 138-140-cı vərəqlərində olan qərarlardan görünür ki, 21 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin başlanğıcı 21 dekabr 2020-ci il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 11.08.2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək olan 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 18.01.2021-ci il tarixli 151 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,716 qram, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4.616 qram narkotik vasitə olan heroin, 01 ampula tropikamid, həmçinin 1 ədəd dəmir süzgəç, 1 ədəd zavod istehsalı olan və istifadə edilməmiş tibbi iynə, 2 ədəd tərəzi və 1 ədəd qırıq vəziyyətdə şüşə kolba məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 11.08.2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 21 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs oğlundan 114 (yüz on dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,716 qram, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4.616 qram narkotik vasitə olan heroin, 01 ampula tropikamid, həmçinin 1 ədəd dəmir süzgəç, 1 ədəd zavod istehsalı olan və istifadə edilməmiş tibbi iynə, 2 ədəd tərəzi və 1 ədəd qırıq vəziyyətdə şüşə kolba məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Mahmud Ağalarov

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar