Məhkəmə qərarları › İş №1(101)-1052/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1052/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1052/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 25 fevral 2022ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşimışdır; belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 10,856 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,260 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən “Akkord” binalarının qarşısına daşımış, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü şübhəli apardığına görə həmin yerdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,856 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,260 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən “Akkord» binalarının yanına getmiş, 2-3 qram narkotik vasitə heroin əldə etmək məqsədi ilə narkotik vasitə satan şəxsin bank kartına 55 manat pul göndərmiş, narkotik vasitəni qoyulduğu yerdən götürdükdən sonra polis əməkdaşlarının ona yaxınlaşdığını görüb narkotik vasitənin olduğu bükümü tez yerə atmış, polis əməkdaşları onu və yanında olan onu həmin yerə gətirmiş narkotik vasitələrdən xəbəri olmayan taksi sürücüsünü də saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparmışlar; yerə atdığı içərisində narkotik vasitə olan bükümü isə polis əməkdaşlarından biri taparaq götürmüşdür; Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində polis əməkdaşları əgər onların (polis əməkdaşlarının) dedikləri ilə razılaşmasa onunla birlikdə saxlanılmış taksi sürücüsünü və yaşlı anasını da narkotik vasitələrin əldə olunmasında onunla əlbir olan şəxs kimi cəlb edəcəklərini bildirmişlər, o da günahsız insanların ona görə cinayət məsuliyyətinə cəlb edilməməsi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmış, videoçəkilişdən əvvəl ona verilmiş iki bükümü çıxaraq polis əməkdaşlarına təqdim etmişdir; müstəntiq də ona üzərindən cəmi 2-3 qram çəkidə narkotik vasitələrin aşkar olunmasını rəsmiləşdirəcəyini vəd etdiyi üçün təqdim olunan bütün sənədlərə imza etmişdir; sonradan üzərindən iki bükümdə 10 qramdan çox heroin və 3 qramdan çox metamfetamin aşkar olunması barədə ittiham verilməsini bilmişdir; polis əməkdaşları tərəfindən ona heç bir fiziki təsir və təzyiq olunmamış, ancaq saxlanılarkən polis əməkdaşlarından biri ona əl-qol atmışdır, taksi sürücüsünün və anasının da onunla birlikdə cinayət məsuliyyətinə cəlb edəcəkləri hədəsi ilə polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərinə məruz qalmışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1- 1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, həbsdən azad olunduqdan sonra narkotik vasitənin heroin növündən və psixotrop maddənin metamfetamin növündən çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixində saat 21:00 radələrində Sabunçu rayon Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Akkord” binalarının qarşısında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində narkotik vasitə, heroin və psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlanmış və polis əməkdaşlarından yayınaraq qaçmaq istəmişdir. Bu zaman polis əməkdaşı onu saxlayıb polis bölməsinə gətirmişlər. Bölmədə ilk əvvəl şəxsiyyəti müəyyən edilmiş, daha sonra narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu ona bildirilərək tutulma barədə qərar qəbul edilmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət edilməklə hüquq və vəzifələri izah edilmiş, bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir və şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş “kokos” adlandırdığı narkotik vasitə olan heroini və 01 ədəd ağ rəngli kristal şəklində olan “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamini təqdim etmiş, sorğu zamanı etiraf etmişdir ki, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 700 manata almışdır, İran İslam Respublikası vətəndaşı da WhatsApp vasitəsilə həmin heroin və metamfetamini Akkord binalarının qarşısına qoyub şəkilini çəkərək məkanı ona göndərmiş, o da heroin və metamfetamini Akkord binalarının qarşısından götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Bundan başqa şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli cins şalvarın sol yan cibindən istifadə etdiyi (051) ***-**-** və (099) ***-**-** nömrəli mobil telefon aşkar edilmişdir. Mobil telefonu, heroin və metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş, heroin və metamfetamin qablaşdırılmış, qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol da onun və iştirakçılar tərəfindən imzalanmışdır. İstifadə etdiyi müddətdə heroin və metamfetamini Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən almış, həmin şəxslərin əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilən ondan aşkar edilmiş təmiz çəkisi 10,856 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,260 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmaşı ilə bağlı şikayət və tələbi yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb 13-cü PB-nə gətirilməsəymiş heç vaxt üzərindən aşkar edilmiş heroini və metamfetamini polis əməkdaşlarına təqdim etməzmiş. Belə ki, özü heroin və metamfetamin istifadəçisidir. Həmfn heroini və metamfetamini əldə etməkdə məqsədi də özü istifadə etməklə bağlı olmuşdur. PB-də olduğu üçün bilirmiş ki, şəxsi axtarış zamanı əgər özü heroini və metamfetamini təqdim etməsə polis əməkdaşları onsuzda üzərindən aşkar edəcək. Onun çıxış yolu olmadığı üçün özü polis əməkdaşlarına heroin və metamfetamini təqdim etmişdir. X10 Respublikasının vətəndaşı ilə (051) ***-**-** və (099) ***-**-** nömrələri ilə yazışmaları vardır və mobil telefonunda olan yazışmalarını göstərə bilər. O, 700 manat pulu İran İslam Respublikasının vətəndaşına göndərməmişdir, heroin və metamfetamini götürdükdən sonra göndərəcəkmiş. Üzərindən, aşkar edilmiş heroindən və metamfetamindən başqa heç bir yerdə narkotik vasitə yə ya psixotrop maddə saxlamamış; polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. İran İslam Respublikasının vətəndaşı ilə WhatsApp sosial şəbəkəsi vasitəsi ilə yazışmalarının telefonundan necə pozulması barədə məlumatı yoxdur (1-ci cild iş vərəqi 159-162). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, əməkdaşı olduğu polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatı yoxlamaq üçün 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs saxlayaraq həmin Polis Bölməsinə aparmışlar, orada üzərində keçirilən axtarış zamanı bir bükümdə heroin, bir bükümdə metamfetamin aşkar edilmişdir, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran vətəndaşından 700 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahd Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 13-cü PB-də Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi “Akkord” binalarının qarşısında xidmətdə olarkən bir nəfər şəxsin hərəkətləri ilə özünü şübhəli aparmasını görüb yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmişlər. Bu zaman yaxınlaşdıqları şəxs həyəcanlanaraq özünü daha da şübhəli aparmağa başlamış, sonra onlar həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PBnə dəvət etmişlər. Saxladıqları şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 13cü PB-nə getmişdir. PB-də olarkən müəyyən edilmişdir ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hərəkətləri ilə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı onarda şübhə yaratdığından PB-də xidməti otaqların birinə dəvət edilmiş, təhqiqatçı Azər Əhmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı Azər Əhmədov tərəfindən şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bununla bağlı müdafiəçi Aytəkin Hüseynova dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirlməsi təklif edilmişdir. Sonuncu etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçi Aytəkin Hüseynovanın iştirak etməməsini xahiş etmişdir. Bundan sonra onun və Şahid2 iştirakı ilə təhqiqatçı Azər Əhmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli və 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar edilmiş maddələrdən biri “kokos” kimi tanıdığı narkotik vasitə, digəri isə “şüşə” kimi tanıdığı psixotrop maddədir. Həmin narkotik vasitə və psixotrop' maddəni şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından 700 manata almış, tanımadığı İran İslam Respublikasının vətəndaşı da ona WhatsApp sosial şəbəkəsi vasitəsi ilə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “Akkord" binalarının yanına qoyduğunu bildirərək həmin yerin fotoşəklini ona göndərmiş, o da həmin yerdən narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefon cihazı aşkar edilir; Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə narkotik vasitə və bir bükümdə psixotrop maddə, həmçinin bir ədəd mobil telefon cihazı təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin möhürü ilə möhürlənmişdir (1-ci cild iş vərəqi 80-81). Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPi-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 01 noyabr 2022-ci il tarixli 6/6327 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata tədim edilmiş üzərində “...Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 10,856 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3,260 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir Qeyd: Heroinin təmiz çəkisi 10,856 qr., tədqiqata sərf edildi 0,050 qr., qalıq 10,806 qr. (Metamfetaminin təmiz çəkisi 3,260 qram, tədqiqata sərf edildi-0,050 qr., qalıq 3,210 qr.) (1-ci cild iş vərəqi 35-36). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 09 fevral 2023-cü il tarixli 711 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 130-131). İşdə olan DVD diskə baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı görüntlərdə Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,856 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,260 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır. Bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 48-49). İşdə olan 24 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10,806 qram heroin və 3,210 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına təhfil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinəyət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 134-140). İşdə olan Sabunçu RPİ-nin 13-cü PB-in 05 yanvar 2023-cü il tarixli əməliyyat tapşırıbına cavab məktubundan görürün ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, o üzərindən aşkar edilmiş heroini və metamfetamini satmaq məqsədi ilə əldə etmişdir (1-ci cild iş vərəqi 86). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tərələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluqları üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 25 fevral 2028-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 31 oktyabr 2022-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 8 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 16). İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (1-ci ild iş vərəqi 74-79). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixədək uzadılmışdır (1-ci cild iş vərəqi 106-109). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 mart 2023-cü il tarixədək uzadılmışdır (1-ci cild iş vərəqi 184-189). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2023-ci il tarixli qərarından və 19 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 2-3 qram narkotik vasitə olması, polis əməkdaşları tərəfindən ona yanında olmuş taksi sürücüsüünün və anasının da cinayət məsuliyyətinə cədb olunacaqlarını bildirməklə ona psixoloji təsir göstərmələri, psixoloji təsir nəticəsində üzərindən 10,856 qram narkotik vasitə heroin və 3,260 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunması barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər olması barədə göstərməmiş, həmçinin barəsində qətimkan tərdiri seçilməsi üçün 03 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə aparılarkən işə baxan hakimə bu barədə bildirməmiş, əksinə həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməsini, törətdiyi əməldən peşiman olmasını bildirmişdir, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ümumiyyətlə polis əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə məruz qalması barədə heç bir qeydi olmamışdır (1-ci cild iş vərəqi 74-79). Bundan əlavə məhkəmə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaması, ancaq saxlanıldığı vaxt polis əməkdaşlarından biri tərəfindən ona əl-qol atılması ilə bağlı göstərdiyi xüsusatın yoxlanılması üçün saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olduğu tarixlərə dair məlumatların, o cümlədən həmin tarixlərdə onun şəxsi müayinəsinə dair məlumatların, müayinə zamanı üzərində xəsarət aşkarlandığı halda həmin məlumatların Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə 14 sentyabr 2023-cü il tarixli məktubla Bakı İstintaq Təcridxanasına sorğu göndərilmişdir. Belə ki, nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin saxlanılana və tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda X1 dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 26 sentyabr 2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş məhkumun tibbi kitabçasndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinə zamanı bədənində xəsarətlər aşkar edilməmişdir (2-ci cild). Məhkəmə zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları ona əl-qol atmış, lakin vurmamış, ancaq psixoloji təsir göstərmişlər. Yuxarıda qeyd olunan və məhkəmə zamanı tam araşdırılmış sənədlər, ekspert rəyləri və digər sübüt növləri ilə bir daha Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı Bakı şəhəri Sabunçu RPi-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalması, üzərində cəmi 2-3 qram çəkidə narkotik vasitə olduğu halda, polis əməkdaşları tərəfindən üzərinə daha çox, - 10,856 qram narkotik vasitə heroii və 3,260 qram psixotrop maddə metamfeamin qoyulması barədə göstərdikləri və öz müdafiəsi üçün gətiridiyi digər dəlillər öz təsdiqini tapmamışdır, qeyri səmimi olmaqla məhkəməni yanıltmağa yönəlmiş dəlillərdir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşimışdır; «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edirkən təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr) əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkimi 10,856 qram və psixotrop maddə metamfetamin ümumi təmiz çəkisi 3,260 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 -ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və həmin Məcəllənin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmadığından və cəzasını ağırlaşdıran hal olduğundan barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 31 oktyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzaçəkməsinin başlanğıcının 31 oktyabr 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 09 fevral 2023-cü il tarixli 711 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 01 noyabr 2022-ci il tarixli, 6/6327 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş 10,856 qram narkotik vasitə heroin və 3,260 qram çəkidə psixotrop maddə kustar üsulla hazırlanmışlar. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,806 qram çəkidə narkotik vasitə heroin və 3,210 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, 31 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, prosessual hərəkətin aparılması zamanı (götürmə və axtarış) müdafiəçi iştirak etməmişdir. Belə ki, cinayət işində olan 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs təqdim edilmiş (protokolda təqdim etmə saatı göstərilməmişdir), həmin tarixdə saat 21:00-da müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən tutulmuş, bundan sonra həmin tarixdə tərtib edilmə saatları göstərilmədən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə prosessual hərəktələr aparılaraq prosessual sənədlər tərtib edilmiş (protokollar, qərarlar və ərizələr), o cümlədən şəxsi axtarış və götürmə haqqında qərar qəbul edlərək təqsirləndirilən şəxsə və müdafiəçiyə imza etdirilməklə elan edilmişdir (1-ci cildi iş vərəqi 17-18, 21-27). Bundan sonra isə təqsirləndirilən şəxsin müdafiə hüququ kobud formada pozulmaqla təqsirləndirilən şəxsin üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparılmışdır. İstintaq materiallarına əsasən, müdafiəçi X7 bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs təqdim edilmiş, ilkin hərəkətlərdə iştirak etmiş, bundan sonra isə müdafiəçi şəxsi axtarış və götürmədə iştirak etməkdən qeyri-müəyyən səbəblərdən imtina etmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin və onun müdafiçisinin mühüm kriminalistik üsul kimi qəbul edilmiş prosessual mexanizmdə iştirakdan imtina etmələrinə dair iradə ifadələrinin könüllü olmasını inandırıcı hesab etmir. Videoçəkilişdən istifadə olunmaqla şübhəli şəxsin üzərində axtarış və götürmə aparılaraq narkotik vasitənin müəyyən edilməsi və götürülməsinə dair mühüm prosessual hərəkətin prosessual qanunvericiliyin kobud və yolverilməz dərəcədə pozulması ilə, yəni polis əməkdaşlarının iştirak etməsi, lakin müdafiəçinin iştirak etməməsi ilə aparıldığından, həmin istintaq hərəkətinin kobud prosessual pozuntu ilə aparılması kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı kobud prosessual qanun pozuntularına yol verdiyinə görə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılmalı və xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,806 qram çəkidə narkotik vasitə heroin və 3,210 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılsın və xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar