Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1053/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan, Nizami rayonu R.Rüstəmov küçəsi 13, mənzil 70-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 4 noyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə sonuncunun işə düzəlməsinə köməklik məqsədilə ona atası Şahid1 15 manat pul verməyi bildirməsini bəhanə edib heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən bir dəfə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 5 noyabr 2022ci il tarixdə saat 13 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs xəsarət yetirməkdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilərək orada üzərinə keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ cibindən həmin bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək valideynləri ilə birlikdə ünvan 2, mənzil 70-də yaşamışdır. Zərərçəkmiş şəxs ilə eyni məhəllədə yaşamış və hadisəyə kimi münasibətləri yaxşı olmuşdur. 4 noyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində Ziya ona zəng edib görüşmək istədiyini demiş və onlar ünvan 5 ünvanda yerləşən kafedə görüşmüşlər. Sonuncunun həmin vaxt narkotik vasitənin təsiri altında olduğunu hiss etmişdir. Ziya ona 18 manat pul uzadıb, narkotik vasitə təşkil etməyini xahiş etmiş, Ziyaya narkotik vasitə satan tanışının olmadığını demişdir. Onun cavabı Ziyanı qane etməmiş və yenidən təkidlə ondan narkotik vasitə tapmasını xahiş etmişdir. Sonuncuya bir də narkotik satanlarla əlaqəsinin olmadığını demiş və ondan pul götürməmişdir. Bundan sonra Ziya onu nalayiq söyüşlərlə söyməyə başlamış və buna görə aralarında mübahisə yaranmışdır. Bu zaman Ziya onu qarın nahiyəsindən təpiklə, o da Ziyanı sifət nahiyəsindən yumruqla vurmuşdur. Bu zaman Ziya onu qorxutmaq məqsədilə ilə bel nahiyəsindən bıçaq çıxartmaq istərkən, özü də istəmədən həmin bıçaqla özünə xəsarət yetirmişdir. Dərhal Ziyaya yaxınlaşıb əlindəki bıçağı ondan almış və onu sakitləşdirmək məqsədi ilə əlini onun sol böyrünə atanda əlinin qana bulaşdığını görmüşdür. Bundan sonra Ziya ilə birlikdə kafenin yaxınlığındakı aptekə yaxınlaşırkən atası Maarifin onlara tərəf gəldiyini görmüşdür. Aptekdən bint və revanol dərmanı alıb yaxınlıqdakı parka getmiş, orada orada Ziyanın yarasını yuyub bintlə sarımışlar. Daha sonra birlikdə Ziyanın yaşadığı binaya tərəf getmişlər. O, binanın qarşısında aşağıda gözləmiş, atası Maarif isə Ziyanı yaşadığı mənzilə ötürmüşdür. Hadisənin səhərisi günü, 5 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən küçədə saxlanılmış və şöbədə Ziyanın əlindən aldığı bıçağı polis əməkdaşına təqdim etmişdir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisədən bir neçə ay əvvəl tanımışdır. Aralarında ədavət və düşmənçiliyi olmamışdır. Sarxanın atası Şahid1 isə daha əvvəldən tanıyır. Maarif ona avtomobil dayanacağında işlədiyini, gündəlik 50 manata yaxın pul qazandığını deyib, onu yanında işə düzəldəcəyinə söz vermişdir. 4 noyabr 2022ci il tarixdə saat 19 radələrində Şahid1la metronun Neftçilər stansiyasının yaxınlığında rastlaşmışdır. Söhbət əsnasında Şahid1 ondan pul istəmiş və sonuncuya 15 manat pul vermişdir. Sonra birlikdə R.Rüstəmov küçəsi 139 saylı binaya tərəf getməyə başlamışlar. Şahid1 yolda gedərkən müxtəlif şəxslərə zəng edib pul axtarmışdır. Qeyd edilən yerə çatdıqda Sarxan onların yanına gəlmişdir. Sonuncu ondan 1 manat pul almış, yaxınlıqdakı marketə gedib, nəsə alıb geri qayıtmışdır. Daha sonra ondan yenidən 17 manat pul almışdır. Sarxana atası Şahid1 pul lazım olduğunu deyib, həmin puldan 15 manatı sonuncuya verməsini xahiş etmişdir. Bu zaman Sarxan onun qasıq nahiyəsindən iki dəfə təpiklə vurmuş və daha sonra onu söyərək təhqir etmişdir. Sarxana sərt şəkildə söyüş söyməməsini bildirsə də, sonuncu ona dörd ədəd «ekstazi» həbi atdığını və özündə olmadığını bildirmişdir. Daha sonra Sarxan bıçaq çıxardıb onu kürəyindən vurmuşdur. Onun kürəyi qanamağa başlamışdır. Sarxan isə həmin vaxt özünü qeyri-adi aparmaqla, qəribə sözlər danışmışdır. Onun nə səbəbə belə davrandığının başa düşməmişdir. Az sonra Sarxan ona yarasını tikməyi təklif etmiş, o isə qanın içəri axacağını bildirib razılaşmamışdır. Bir müddət sonra məhəllədə Sarxanın atası Maarif ilə oturmuş, Sarxan isə çıxıb getmişdir. Ayağa qalxdıqdan sonra qanaxması davam etmişdir. Evə qalxmış, bacısı onun yaralandığını görüb ürəyi getmişdir. Bundan sonra təcili tibbi yardım çağırıb xəstəxanaya getmişdir. Sarxan bıçaqla onun kürəyinə zərbə vurduğu zaman sonuncu ilə üzbəüz dayanmış, Sarxanın atası isə solda dayanmışdır. Hadisə zamanı narkotik vasitənin təsiri altında olmamış və üzərində bıçaq olmamışdır. Bıçaqlandığına görə ağciyərlərinə su yığılmış və səhhətində ciddi sağlamlıq problemləri yaranmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmır və məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 4 noyabr 2022-ci il tarixdə axşam saatlarında Ziya yaralanmış vəziyyətdə evə gəlmiş, onun belindən qan axdığını görmüşdür. Dərhal TTY-a zəng edib hadisə barədə məlumat vermişdir. Ziyadan nə baş verdiyini soruşduqda bıçaqlandığını bildirmişdir. Sonradan Sərxan və atası Maarifin Ziyanın belini bintlə bağladığını öyrənmişdir. Lakin Sarxanla atası Maarifin Ziyanı evə gətirdiklərini görməmişdir. Daha sonra anası Yasəmənə zəng edərək Ziyanın tanışı Sarxan tərəfindən bıçaqla vurulması və xəstəxanaya aparıldığı barədə məlumat vermişdir. Anası qardaşıgildən çıxıb Sabunçu qəsəbəsində yerləşən 3 saylı klinik xəstəxanaya getmişdir. Həmin axşam Ziya əməliyyat olunmuş və səhəri gün palataya köçürülmüşdür. Anası xəstəxanada Ziya ilə görüşmüş, sonuncu hadisənin təfərrüatları barədə anasına danışmışdır. Hadisə günü Sarxan və onun atası Maarifin Ziyanın mənzilində narkotik vasitədən istifadə etdiyini, mənzildən çıxdıqdan sonra aralarında pul üstündə mübahisə baş verdiyini və nəticədə Sarxanın cibindən bıçaq çıxararaq arxadan Ziyanın kürəyindən zərbə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Sarxan və atası Ziyanın halının pis olduğunu görüb yaxınlıqdakı aptekdən bint alıb onun yarasını sarımış, sonra da Ziyanı onların yaşadığı evin 3-cü mərtəbəsinə qaldırıb bayır qapısının ağzında qoyub getmişlər. Ziyanın halının pis olduğunu görüb təcili yardıma zəng etmişdir. Hadisədən sonra Ziya İmişli rayonuna gedib dayısın evindən oğurluq etdiyinə görə polislər tərəfindən tutulmuş və ondan narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında əri X3, oğlu Zərərçəkmiş şəxs, qızı Şahid2 və sonuncunun yeddi yaşlı uşağı ilə birlikdə yaşayır. 4 noyabr 2022-ci il tarixdə saat 21 radələrində qardaşı Elçingilə qonaq getmiş, əri Cabir isə İmişli rayonuna getmişdir. Həmin gün saat 21 radələrində qızı Süsən ona zəng edib, Ziyanın tanışı Sarxan tərəfindən bıçaqla vurulduğunu, təcili yardım avtomobili ilə xəstəxanaya aparıldığını demişdir. O, qardaşıgildən çıxıb birbaşa 3 saylı klinik xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda Ziya əməliyyat olunmuşdur. Səhəri gün xəstəxananın palatasında Ziya ilə görüşmüş, sonuncu bildirmişdir ki, evin yaxınlığında Sarxanla aralarında pul üstündə mübahisə baş vermiş, bu zaman Sarxan cibindən bıçaq çıxarıb onun kürəyindən bir zərbə vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 5 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-yə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hissəsindən kəsilmiş-deşilmiş yarası ilə 6 saylı TTY-dən məlumat daxil olmuşdur. Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 13 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşının və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd açılıbqatlanan, tutacağı gümüşü dəmir və tünd qəhvəyi rəngli taxtadan ibarət, kəsici hissəsində üzərində «BROWNİNG DA318» yazıları olan bıçaq aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şöbənin rəhbərliyinə məruzə olunduqdan sonra toplanmış material istintaq şöbəsinə göndərilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Cabir oğlu onun oğludur. Sonuncu ruhi əsəb xəstəxanasında qeydiyyatdadır, lakin, oğlunun narkotik vasitələrdən istifadə etməsindən məlumatlı deyildir. Oğlu Sarxan tanışı Zərərçəkmiş şəxs ilə dostluq etmişdir. O, Ziyanı oğlu ilə dostluq etməzdən əvvəl də tanımış və Ziyaya avtomobil dayanacaqlarında iş yeri tapacağına söz vermişdir. 4 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Rüstəmov küçəsində yerləşən avtomobillərin dayanacağında olarkən oğlu Sarxanla Ziyanın birlikdə gəldiklərini görüb onlara yaxınlaşmışdır. O, Ziyanın vəziyyətinin yaxşı olmadığını görüb oğlu Sarxandan nə baş verdiyini soruşmuşdur. Sarxan ona Ziya ilə mübahisə etdiyini, Ziyanın onu nalayiq sözlərlə söydüyünə görə sonuncunu bıçaqla vurduğunu bildirmişdir. Onlar birlikdə yaxınlıqdakı aptekə gəlmiş və Sarxan aptekdən bint və Revanol dərmanı almışdır. Sonra yaxınlıqdakı parka gəlib Sarxanla köməkləşib Ziyanın belində olan yaranı yuyub bintlə sarımışlar. Daha sonra Sarxanla birlikdə Ziyanı yaşadığı binanın qarşısına gətirmişlər. Sarxan binanın girişində qalmış, o isə Ziyanı üçüncü mərtəbədə yerləşən mənzilinin giriş qapısına gətirib zəngi basmış və qapını açan sonuncunun bacısı Süsənə Ziyanı təhvil verib iş yerinə qayıtmışdır. Səhəri gün Sarxan polis əməkdaşları tərəfindən tutulmuşdur. Hadisədən əvvəl Ziyadan 30 manat pul istəməmiş, əksinə Ziya ondan 15 manat pul istəmiş və o da sonuncuya 14 manat pul vermişdir. Heç vaxt oğlu Sarxanın bıçaq gəzdirdiyini görməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 5 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-yə vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hissəsindən kəsilmiş-deşilmiş yarası alması ilə bağlı 6 saylı TTY-dən məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 13 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Şahid4 tərəfindən onların və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd açılıb qatlanan, tutucağı gümüşü dəmir və tünd qəhvəyi rəngli taxtadan ibarət, kəsici hissəsində üzərində «BROWNİNG DA318» yazıları olan bıçaq aşkar edilib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İşin 7-ci vərəqindəki protokoldan görünür ki, 5 noyabr 2022-ci il tarixdə Nizami RPİnin 25-ci polis şöbəsində qeydə alınmış vətəndaş Zərərçəkmiş şəxs bədən xəsarəti alması faktı ilə əlaqədar məlumat üzrə hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12 radələrində saxlanılaraq 25-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Onun üstündə sübut əhəmiyyətinə malik ola biləcək cinayətin törədilməsində istifadə etdiyi bıçağın olmasına güman etməyə kifayət qədər əsas olduğuna görə hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə Nizami RPİ-nin 25-ci polis şöbəsinin təhqiqatçısı Şahid4 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibində gümüşü dəmir və tünd qəhvəyi rəngli taxtadan ibarət, bıçağın kəsici hissəsində üzərində «BROWNİNG» yazıları olan bir ədəd bıçaq, şəxsə məxsus şəxsiyyət vəsiqəsi və «Nokia» modelli mobil telefon müəyyən edilərək götürülmüşdür. İşin 102, 105-107-ci vərəqlərindəki məhkəmə soyuq silah ekspertizasının 10 fevral 2023-cü il tarixli 3/94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. İşin 114-117-ci vərəqlərindəki məhkəmə stasionar psixiatrik ekspertizasının 14 fevral 2023-cü il tarixli 20 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs kəmağıllıq (əqli gerilik) aşkar edilmir. Onun emisional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunur. Bununla belə həmin pozuntu Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırki hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. İşin 119-122-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 27 fevral 2023-cü il tarixli 190 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası şiş ucu və kəsici kənara malik olan əşyanın təsirindən, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 4 noyabr 2022-ci il tarixdə alınması istisna olunmur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd edilən xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, lakin, şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. Zərərçəkmiş şəxsin bel nahiyəsindən bıçaq çıxararakən bel nahiyəsinə özü bilmədən özünə xəsarət yetirməsi nəticəsində alınması inandırıcı deyildir. İşin 41-43-cü vərəqlərindəki 6 noyabr 2022-ci il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 29 saylı evin qarşısında metronun «Neftçilər» stansiyasına gedən avtomobil yolunun sol hissəsi və həmin küçənin əks istiqamətdə «Ay İşığı» şadlıq sarayları şəbəkəsinə gedən yolun sağ hissəsində beşmərtəbəli binanın altında parfümeriya, gül dükanı və saatsaz köşkü yerləşən obyektlərin qarşısında səkinin üstüdür. İşin 99-100-cü vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 130-138-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman istifadə etdiyi soyuq silah hesab eilən bir ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nə təhvil verilmişdir. İşin 30-31-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır, ona ağır cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü elan edilmiş ittiham üzrə təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır, sübut hesab etmir və cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndindəki izahı da nəzərə alır. Həmin izaha görə, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan müvafiq olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 5 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd soyuq silah hesab edilən üzərində «BROWNİNG DA318» yazıları olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X1 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 126.2.4-cü maddəsi ilə 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 5 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd soyuq silah hesab edilən üzərində «BROWNİNG DA318» yazıları olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X1 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat pul onun işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1053/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1053/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver