Məhkəmə qərarları › İş №1(101)-1053/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1053/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1053/2024 04.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X4 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sarı rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 4,834 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4əşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 4,834 qram, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur, hər gün səhər saat 07:00-da oyanıb, saat 08:30-da işə çıxır. O, maşını hər zaman yaşadığı evin qapısının qarşısında saxlayır. Hadisə günü işə çıxarkən iki nəfər ona yaxınlaşmış, onunla salamlaşmış və Yusif olub-olmadığını soruşmuşlar. O da Yusif olduğunu bildirmişdir. Sonradan daha iki nəfər də gəlmiş, onun üzərində baxış keçirtməli olduqlarını bildirmişlər. O, bunun səbəbini soruşduqda, onlarda məlumat olduğunu demişlər. Daha sonra o, etiraz etməmiş, həmin şəxslər onun üst-başını yoxlamış, cibindən siqaret, çaxmaq və maşının açarı çıxmışdır. Bundan sonra bir nəfər yaxınlaşmış, özünü təqdim edərək polkovnik Şirəli Babayev olduğunu bildirmişdir. Daha sonra onu bölməyə dəvət etmişlər, o, həmin şəxslərdən hansı idarənin əməkdaşları olduqlarını soruşmuş, onlar da BNMİ-dən gəldiklərini bildirmişlər. Həmin şəxslər onu 37-ci polis bölməsinə aparmışlar, bölmədə onu döyüb təhqir etmişlər, daha sonra iki büküm çıxarıb stolun üstünə qoyaraq balaca bükümü üzərinə götürsə inzibati qaydada cərimə olunacağını, lakin nə vəkilə, nə də təhqiqatçıya bu barədə heç nə danışmayacağı təqdirdə ona belə bir köməklik edəcəklərini demişlər. Balaca bükümü onun cibinə qoyaraq, daha sonra video çəkiliş zamanı cibindən çıxartmışlar. Ondan üzərindən aşkar olunmuş maddənin ona məxsus olub-olmadığını soruşmuşlar, o da həmin narkotik vasitənin ona məxsus olduğunu və tapdığını demişdir. Ondan narkotik vasitənin satışı ilə məşğul olub-olmadığını soruşmuşlar, o da heç bir satışla məşğul olmadığını demişdir. Müdafiəçi getdikdən sonra onu aparıb MSY-nə salmışlar, həmin vaxt çaxmaq cibində olmuş, o da çaxmaqla qolunu kəsərək özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, damarı dərindən kəsilmədiyi üçün yaraya tikiş qoymamışlar, onu döyən şəxslərin adlarını bilmir, Şirəli adlı əməkdaş onu döyməmişdir. Şirəli nisbətən yaşlı olduğu üçün onun sözünə inanmış, onu döyənlərin barəsində şikayət etməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisə günü səhər saat 8-də evdən çıxmış, üzərinə baxış keçiriləndən sonra evinə də, maşınına da baxış keçirmişlər. Maşından 280 manat pulunu götürmüşlər, həmin pul şirkətin pulu olmuş, ona görə də pula toxunmamalarını xahiş etmiş, lakin onu dinləməmişlər. Üzərinə baxış keçirildikdən təxminən yarım saat sonra evinə baxış keçirilmişdir. Onu saxlayıb üzərinə baxış keçirildiyini qonşuları görmüş, evə baxış keçiriləndə evdə gəlini və həyat yoldaşı olmuşdur. Onun üzərində pul olmamış, polis əməkdaşları üzərinə baxış keçirtmədən əvvəl 20 manat pulu onun cibinə qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində şübhəli şəxs kimi saxlayıb 37-ci polis bölməsinə aparmışlar, bölmədə şəxsin üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, üzərindən aşkar olunan narkotik vasitəni tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitənin miqdarı yadında deyil, Təqsirləndirilən şəxs bölməyə dəvət edilərkən heç bir müqavimət göstərməmiş, onlar tərəfindən də təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir göstərilməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, əməliyyat məlumatı yay aylarında Təqsirləndirilən şəxs tutulduğu gündən bir gün əvvəl daxil olmuşdur. Əməliyyat tədbirinin keçirilməsi üçün əlverişli şərait səhər saatları olduğu üçün Yusifi həmin vaxt tutmuşlar. Əməliyyat tədbirində o, Şahid2lə birlikdə iştirak etmişdir. Onlar 37-ci polis bölməsinə maşınla getmiş, maşının kim tərəfindən idarə etdiyini xatırlamır. Şirəli adlı əməkdaşları var, lakin həmin əməkdaş bu tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs evində axtarış olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermiş və əlavə olaraq həmin əməliyyatda Şahid1la birlikdə iştirak etdiyini, Şirəli Babayevin uzun illərdir İdarənin əməkdaşı olduğunu, Təqsirləndirilən şəxs də narkotik vasitələrlə əlaqəli olan şəxs kimi Şirəlinin adını eşitməsi ehtimalının yüksək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə əlaqəsi olmamışdır. Yusif tutulduğu gün o, işdə olmuş, uşaqları zəng vurub polislərin atalarını apardıqlarını demiş, o, evə qayıdanda Yusifin maşının üstünə nə isə tökdüklərini və Yusifi yoxladıqlarını görmüşdür. O, yaxınlaşmaq istəmiş, lakin polislər buna imkan verməmişdir. Yusifin qollarını bağlayıb 37-ci polis bölməsinə aparmışlar, o, Yusifin arxasınca 37-ci bölməyə getmişdir. Orada yenidən Yusiflə danışmağa imkan verməmişlər. Bir nəfər polis əməkdaşı ona yaxınlaşdıqda o, Yusifi hansı səbəbdən bölməyə gətirdiklərini soruşmuş, cavabında ona narkotik vasitə ilə əlaqədar tutduqlarını demişlər. O, evə qayıdanda evin içinin dağınıq vəziyyətdə olduğunu görmüş, uşaqlardan nə baş verdiyini soruşduqda üç-dörd nəfərin girib evdə nə isə axtardıqlarını demişlər. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə 1991ci ildə ailə qurmuş, övladlarının 28-30 yaşları var. Yusiflə xasiyyətləri uyğun gəlmədiyi üçün 2009-cu ildə ayrılmışlar. Onlar ayrıldıqdan sonra bir müddət ayrı yaşamışlar, lakin hadisə baş verəndə artıq bir yerdə yaşamışlar. O, Yusifin narkotik vasitədən istifadə etdiyini görməmiş, lakin spirtli içkidən arada istifadə etmişdir. Yusif taksi fəaliyyəti ilə məşğul olmuş, həmçinin əvvəllər məhkum olunmuşdur. Yusiflə hazırda rəsmi nikahları yoxdur. O, Yusifin narkotik vasitədən istifadə etdiyini görməmişdir. Yaranmış ziddiyyətlə bağlı şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və bununla bağlı verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, ifadənin altındakı əl yazısı və imza ona məxsusdur, o, həmin qeydi ifadəsini oxumadan yazmış, daha sonra da müstəntiqin yazdıqlarını imzalamışdır. O, Yusiflə dalaşdığı üçün onun barəsində şikayət etmiş, polisə şikayəti bu hadisə ilə bağlı etmişdir. Polis əməkdaşları onu yaxın buraxmasa da o, uzaqdan təxmini görmüşdür ki, maşının üstünə açar, siqaret, kibrit qutusu və sair əşyalar qoymuşlar. O, Yusifi saat neçədə tutduqlarını xatırlamır. O, işə səhər saat 8-də gedir, axşam saat 16-17-də geri gəlir. O, görəndə Yusifin əlini arxadan qandallamışlar, o, Yusifin yanına getmək istəmiş, lakin buna icazə verməmişlər. O, evdən çıxanda Yusifin maşınını ağbəniz bir oğlan sürüb bölməyə aparmış, Yusifin özünü isə əlini qandallayıb piyada şəkildə 37-ci bölməyə aparmışlar. Onların böyük oğlu narkotikdən istifadə edir, hazırda da məhkumluq həyatı yaşayır, cəza çəkir. Narkotik vasitələrin istifadəçisi kimi 01 il müddətinə azadlıqdan məhrum olunub. İstintaq zamanı verdiyi ifadəsini işə gecikdiyi üçün oxumadan imza etmiş, ona görə də həmin ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyul 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 20 manat pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən isə əlavə olaraq 1 ədəd alışqan aşkar olunmuşdur. Tədqiq olunan protokoldan həmçinin görünür ki, ilkin sorğu sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, Xətai rayonunda yerdən taparaq istifadə etmək məqsədi ilə üzərində saxladığını, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq olunmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir. (i/v: 30-32). - «Diskə baxış keçirilməsi haqqında» 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təhvil verməsi faktı bir daha öz təsdiqini tapmışdır. (i/v: 50-51) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» və «Diskə baxış keçirilməsi haqqında» 20 iyul 2023-cü il tarixli protokolla eynilik təşkil edir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3914 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7» dairəvi möhür əksi və «...şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki bir 1 ədəd bükümdə təmiz çəkisi 4,834 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» (Siyahı İ) daxildir. (i/v: 38- 42) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə 4782 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərini aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: 115-116) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X5 03 avqust 2023-cü il tarixli 10050 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (i/v: 96) İbtidai istintaq orqanının işdə olan «maddi sübut kimi tanıma haqqında» 18 sentyabr 2023-cü il tarixli və 22 sentyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,734 qram təşkil edən narkotik vasitə heroin, habelə onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R formatındakı disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuşdur. (i/v: 121-122) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş bükümün ona məxsus olmadığını, həmin bükümün polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan videogörüntü ilə müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı o, öz müdafiəçisi Müdafiəçi (məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsi müqavilə əsasında həmin müdafiəçi müdafiə etmişdir) sualına cavab olaraq üzərindən aşkar olunmuş bükümü Xətai rayonunda yerdən taparaq istifadə etmək məqsədi ilə üzərində saxladığını, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq olunmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını bildirmişdir. Göründüyü kimi ilkin sorğu sual zamanı özünü təqsirli bildiyini qeyd etsə də, yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmiş, həmçinin cinayət işi məhkəmənin icraatına daxil olanadək ona qarşı hər hansı bir qanunsuz davranışa yol verilməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döydüyünü bildirsə də, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə, onun müəyyən hərəkət azadlığının olmasına baxmayaraq, bu barədə heç bir müraciəti olmamış, ekspert müayinəsindən keçməmiş, xəstəxanaya müraciət etməmiş, üzərində hər hansı bir xəsarətin olması ilə bağlı tibbi sənəd əldə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxslə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi arasında ziddiyyətlər mövcud olmuş, təqsirləndirilən şəxs polis əməkdaşlarının onun evinə baxış keçirdiklərini, həmin zaman gəlini və arvadının da evdə olduğunu bildirsə də, Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının küçədə Yusifin üzərini yoxladıqlarını, oradan tutub bir başa bölməyə apardıqlarını, o da Yusifin arxasınca bölməyə getdiyini, evə qayıtdıqda isə evin dağınıq vəziyyətdə olduğunu gördüyünü, səbəbini uşaqlarından soruşduqda bir neçə nəfər şəxsin evdə axtarış apardıqlarını bildirdiklərini qeyd etmişdir. Məhkəmə hər iki şəxsin ifadəsini qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslə şahid eyni məzmunda ifadə verməyə çalışsalar da, ifadələr arasında ziddiyyətə yol verilməsinin qarşısını ala bilməmişlər. Bu səbəbdən məhkəmə həm təqsirləndirilən şəxsin, həm də şahidin ifadələrini qeyrisəmimi, əvvəlcədən düşünülmüş və təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırılmasına istiqamətlənmiş ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə, Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, onun keçmiş arvadı Şahid3 ifadəsinə istinad etsə də, Şahid3 məhkəmə iclasında şahid qismində dindirilən zaman ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə vermədiyini, buna görə də həmin ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, Şahid3 Təqsirləndirilən şəxs keçmiş arvadı olmuş, onların arasında olan nikah 2009-cu ildə rəsmi qaydada pozulmuş, buna baxmayaraq onlar bir ünvanda yaşamışlar. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs tutulan zaman aralarında dava-dalaş olduğunu, Yusifdən polisə şikayət etdiyini bildirmişdir. Buna görə də məhkəmə həmin dövrdə tərəflərin münasibətlərinin gərgin olmasını, tərəflər arasında münaqişəli münasibətin mövcud olmasını nəzərə almaqla Şahid3 ibtidai istintaq zamanı qərəzli şəkildə ifadə vermək ehtimalını göz önündə saxlayır və başqa heç bir sübutla təsdiq olunmayan Şahid3 yalnız ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında təkzib etdiyi ifadəsinə istinad etməklə təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham üzrə onun təqsirli bilinməsini qanuni, əsaslı və ədalətli hesab etmir. Məhkəmə ümumiyyətlə Təqsirləndirilən şəxslə Şahid3 keçmiş ər-arvad olmalarını, hazırda da bir ünvanda yaşamaları, aralarında müəyyən dövr üçün münaqişəli də olsa ailə münasibətlərinin mövcud olmasını nəzərə alaraq Şahid3 nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etmir, təqsirləndirilən şəxslə aralarında olan münasibətin vəziyyətindən asılı olaraq verilmiş qərəzli ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxs və ya şəxslər istintaq orqanı tərəfindən müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş və başqa hər hansı bir yerdə narkotik vasitə saxlaması aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş mobil telefona, habelə onun istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan smslər əldə edilərək tədqiq edilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (i/v: 85-86; 110) Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, həmçinin aşkar olunmuş maddə heroin narkotik vasitəsinin külli miqdar həcminin minimum həddinə yaxın çəkidə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə ACİÜ AR Məhkəməsinin 24 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.1.2.3; 62; 66.5-ci maddələrinə əsasən təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i/v:97-99) Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməklə, həmçinin əməlində cinayətlərin residivi yoxdur. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran, 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunacağından onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və məhkəmənin hökmü qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin sübhəli şəxs qismində tutulduğu, habelə ev dustaqlığında olduğu müddət ona təyin olunmuş cəza müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli isə hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 21), Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-469/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimat təmin edilməmiş, onun barəsində əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş (i/v: 74-80), “ev dustaqlığı” qətimkan tədbirinin müddəti başa çatdığından müstəntiq İlkin Almazovun 20 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v: 127-128; 129) Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,734 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,734 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar