Məhkəmə qərarları › İş №1(101)-1054/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1054/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1054/2025 21.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X9 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 7 bükümdə ümumilikdə 2,47 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin 0,426 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd “Argo” siqaretinə doldurularaq istifadəyə hazır vəziyyətə gətirilmiş 0,1 qram təmiz çəkidə olan hissəsini, habelə 0,426 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin əraizisində 20 avqust 2007-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan şəxs olan Gözəlzadə Məhəmmədəli Məhərrəm oğluna 10 (on) manat müqabilində satmış, 6 ədəd bükümdə 2,37 qram marixuananı isə satış məqsədilə üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 14 radələrində Azərbaycan Respublikası DİN-nin X13 Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən qeyd edilən ərazidə Gözəlzadə Məhəmmədəli oğlu və o saxlanılaraq saat 14:30 dəqiqədə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinə gətirilmiş və orada dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Məhəmmədəli Gözəlzadənin üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən “Argo” siqaret qutusunun içərisində bir ədəd siqaretə doldurulmuş 0,1 qram çəkidə narkotik vasitə marixuana və 0,426 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində satış məqsədilə saxladığı 6 ədəd kağız bükümdə qablaşdırılmış, ayrıayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,44 qram, 0,39 qram, 0,43 qram, 0,25 qram, 0,41 qram olmaqla ümumi təmiz çəkisi 2,37 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmiş, narkotik vasitəni pulla almamışdır. “Sovetski” adlanan ərazidə “Qış parkı”ndan bir az aşağı düşəndə sağ tərəfdə ikinci dərəcəli yolda narkotik vasitə yerləşdirilmiş, o da gedib götürmüşdür. Orada bir büküm narkotik vasitə olmuş, onu götürüb öz şəxsi istifadəsi üçün kiçik hissələrə bölmüşdür. Təhvil aldığı narkotik vasitə “nəşə” adı ilə bilinən marixuana olmuşdur. Ertəsi gün işə gəlmiş, ondan digər mağazadan paltar asılqanı gətirməyini istəmişlər. Mağazaya gedəndə Gözəlzadə Məhəmmədəli ondan narkotik vasitə istəmiş, o da 01 ədəd siqaret və 01 qram “patı”nı Məhəmmədəliyə vermişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitəni Məhəmmədəliyə onun verib-vermədiyini soruşmuş, o da öz təqsirini etiraf etmişdir. Onun narkotik vasitə istifadəçisi olduğunu iş yerində hər kəs bilmişdir, hətta polislər də bilmişlər. Sonralar ağrıları dözülməz olduğu üçün iş yerində də narkotik vasitə istifadə etməyə başlamışdır, qazi olduğu üçün polislər də heç nə deməmişlər. Məhəmmədəliyə “patı” verən zaman özündə 6 büküm marixuana olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Məhəmmədəliyə narkotik vasitəni “Binə” bazarında vermişdir. Məhəmmədəli də onun kimi “Binə” bazarında satıcılıq etmişdir, tanışlıqları bu şəkildə yaranmış, mağazaları yan-yana olmuşdur. O, Məhəmmədəlinin yetkinlik yaşına çatmadığını bilməmişdir, sonuncunun xarici görünüşü onu yanıltmışdır. O, Məhəmmədəlinin 20-21 yaşı olduğunu düşünmüşdür. Məhəmmədəliyə “patı”nı pulsuz vermişdir, heç bir məbləğdə pul almamışdır. Məhəmmədəli də ona əvvəllər pulsuz nəşə vermişdir, o da bu səbəbdən, Məhəmmədəli istəyəndə “patı” vermişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin X13 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, “Binə” Ticarət Mərkəzində xidmətdə olan zaman saat 14:00 radələrində həmin ticarət mərkəzinin 3-4-cü sırasının qarşısında əvvəllər tanımadığı 02 nəfər şəxsin özlərini şübhəli apardıqlarını və əlləri ilə birbirlərinə nəsə ötürdüklərini görüb onlara yaxınlaşmış, özünü təqdim etmişdir. Onlara yaxınlaşan zaman Təqsirləndirilən şəxs əlində kiçik büküm olmuş, Tural səmimi şəkildə narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Onlar həm Turalı, həm də yanındakı Məhəmmədəli adlı şəxsi saxlayaraq Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinə gətirmişlər. Şöbədə şəxslərin üzərinə baxış keçirilmiş, aşkar olunan narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Əməliyyat tədbirini əməkdaş Şahid1la birlikdə həyata keçirmişdir. Təqsirləndirilən şəxs “Binə” Ticarət Mərkəzində işləyən satıcı kimi hər gün xidmətdə olan zaman vizual şəkildə görmüş, lakin şəxsən tanımamışdır. Onlar təsadüfən, xidmətdə olan zaman Turalla Məhəmmədəlinin özlərini şübhəli apardığına şahid olmuşdur. Belə ki, Turalla Məhəmmədəli çox təlaşlı olmuş, tez-tez ətrafa baxmış, polis əməkdaşlarını, ümumiyyətlə, görməmişlər. Tural əlindəki kiçik bükümü Məhəmmədəliyə ötürmüş, onlar bu ana şahid olan kimi Turalla Məhəmmədəliyə yaxınlaşmışlar. Məhəmmədəli qaçmağa çalışmış, lakin saxlanılmışdır. Tural səmimi şəkildə üzərində narkotik vasitə olduğunu və Məhəmmədəliyə həmin narkotik vasitədən verdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadəsi ilə Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “Binə” bazarında fərdi əməklə məşğul olur. 07 oktyabr 2024-cü il tarixdə günorta saatlarında bazarda əvvəlcədən tanıdığı Tural adlı şəxsdən narkotik vasitə aldıqdan dərhal sonra polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra onlara suallar verərək gizlətməyə çalışdığı əşyanın nə olduğunu və nə üçün özünü şübhəli apardığını soruşmuşlar. Bu zaman Tural uzaqlaşmaq istəsə də saxlanılmışdır. O, verilən suallara cavab olaraq Turaldan narkotik vasitə aldığını bidirmişdir. Bundan sonra çevik polis əməkdaşları onların barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirmişlər. Ailə üzvlərindən hər hansı şəxs polis şöbəsinə gələ bilmədiyi üçün qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində olan “Argo” markalı siqaret qutusunu və mobil telefonunu təqdim etmişdir. Siqaret qutusunun içərisində ona məxsus bir ədəd içərisində siqaret tütünü ilə qarışdırılmış marixuana bitkisi olan siqaret və içərisində “patı” adlandırdığı psixotrop maddə aşkar edilmişdir. Həmin narkotik vasitə olan siqareti və “patı” adlandırdığı psixotrop maddəni həmin gün birlikdə saxlanıldığı Tural adlı şəxsdən 10 manata almışdır. Üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. 01 ədəd büküm və siqaret dənəsi zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 106-108). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə inzibati ərazidə digər polis əməkdaşı ilə xidmətdə olan zaman polislər “Binə” Ticarət Mərkəzinin 3-4-cü sırasının qarşısında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını və ətrafa göz gəzdirdiklərini görmüş, polisləri görən kimi həmin şəxslərdən biri əlində olan əşyanı gizlətməyə çalışmış, polislər həmin şəxslərə yaxınlşmış, onlardan biri uzaqlaşmağa çalışmış, polislər hər iki şəxsi saxlayıb bir neçə sual verdikdən sonra həmin şəxslər üzərlərində narkotik vasitə olduğunu etiraf etmiş, bundan sonra adları Təqsirləndirilən şəxs və Məhəmmədəli Gözəlzadə olan həmin şəxslər polis şöbəsinə gətirilib təhvil verilmişdir (cild 1, iş vərəqi 3). - arayışdan görünür ki, fotoşəkildə göstərilən şəxs xx.xx.2007-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi nömrəsiz fərdi ünvanda yaşayan X3r (cild 1, iş vərəqi 4). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, videoçəklişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə X2 üzərinə şəxsi axtarış keçirilmiş, ona könüllü olaraq üzərində hər hansı dövriyyəsi dövriyyəsi qadağan edilmiş ola biləcək əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra X5 əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “Argo” yazılmış siqaret qutusunu təqdim etmiş, qutu açılarkən içərisində 1 ədəd siqaret dənəsi və kağız büküm aşkar olunmuşdur. X2 təqdim etdiyi büküm açılan zaman bükümün içərisində iysiz, şəffaf, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilmiş, həmin maddənin psixotrop maddə olan “patı” və siqaret dənəsinin içərisində isə çəkmək üçün hazırlanmış marixuana olduğunu bildirmişdir. O, həmin bükümü və siqaret dənəsini əvvəlcədən tanıdığı Tural adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra X2 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd siqaret dənəsi və kağız büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir (cild 1, iş vərəqi 22-23). - şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, videoçəklişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona könüllü olaraq üzərində hər hansı dövriyyəsi qadağan edilmiş ola biləcək əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 6 ədəd kağız bükümü təqdim etmiş, bükümlər açılarkən hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik, narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. O, həmin bükümləri “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş 6 ədəd kağız büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir (cild 1, iş vərəqi 44-45). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4820 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N222” möhür əksi, “X5” və digər yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,426 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahıl) daxildir (cild 1, iş vərəqi 57-63). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1683 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan 1 N-li zərfdə 6 (altı) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,44 qram, 0,39 qram, 0,43 qram, 0,25 qram, 0,41 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 2,37 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “X5....” yazılar və imzalar olan 2 N-li zərfdə üzərində “ARGO” yazısı olan siqaret qutusunda 1 ədəd “ARGO” siqaretinin içərisində qarışıq kütlədə təmiz çəkisi 0,1 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd bükümlərdə olan marixuanalar öz aralarında və X1 götürülmüş 1 ədəd üzərində “ARGO” yazısı olan siqaretdə qarışıq kütlədəki marixuana ilə tərkibinə görə eynidir. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 61-64). - CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X2 üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdəki videofaylda əks edilmiş görüntülər 07 oktyabr 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin inzibati binasındakı xidməti otaqlardan biridir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Heydər Dadaşzadə qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs vəkil, digər şəxs qanuni nümayəndə və sol tərəfində ayaq üstə dayanmış X3r. Digər ayaq üstə durmuş və adı təhqiqatçı tərəfindən sadalanan Azərbaycan Respublikası DİN-nin X13 Alayının polis nəfərləridir. Videoçəkilişin davamında təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs X4 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. X5 da əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “Argo” yazılmış siqaret qutusunu təqdim edir, qutu açılarkən içərisində 1 ədəd siqaret dənəsi və kağız büküm aşkar olunur. X5 təqdim etdiyi büküm açılan zaman bükümün içərisində iysiz, şəffaf, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilir. Həmin maddənin psixotrop maddə olan “patı” və siqaret dənəsinin içərisində isə çəkmək üçün hazırlanmış marixuana olduğunu bildirir. Həmin büküm və siqaret dənəsi əvvəlcədən tanıdığı Tural adlı şəxsdən aldığını bildirir. Sonuncu bundan əlavə bir ədəd mobil telefon təqdim edir. Bundan sonra X2 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd siqaret dənəsi və kağız bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi videogörüntü zamanı qeydə alınır (cild 1, iş vərəqi 78). - CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdəki videofaylda əks edilmiş görüntülər 07 oktyabr 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Heydər Dadaşzadə qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X10, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adı təhqiqatçı tərəfindən sadalanan Azərbaycan Respublikası DİN-nin X13 Alayının polis nəfərləridir. Videoçəkilişin davamında təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyam təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 6 ədəd kağız bükümü təqdim edir. Bükümlər açılarkən hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik, narkotik vasitəyə bənzər kütlə aşkar edilir. O, həmin bükümləri “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs əlavə olaraq mobil telefonunu təqdim edir. Şəxsin üzərinə polis əməkdaşları tərəfindən əlavə baxış keçirilən zaman hər hansı əşya aşkar edilmir. Aşkar edilmiş 6 ədəd kağız bükümü zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi videogörüntü zamanı qeydə alınır (cild 1, iş vərəqi 84). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 85). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 86). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxslər X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Məhəmmədəli Gözəlzadə üzərindən aşkar edilmiş narkotikləri Təqsirləndirilən şəxs 10 manat pula aldığını sonuncunun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs nakotikləri Məhəmmədəli Gözəlzadəyə verdiyini etiraf etsə də, satmadığını bildirmişdir (cild 1, iş vərəqi 87-90). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 97-98). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 111-112). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,44 qram, 0,39 qram, 0,43 qram, 0,25 qram, 0,41 qram, ümumi təmiz çəkisi 2,37 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar iş üzrə maddi sübut hesab edilmiş və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,25 və 0,08 qram narkotik vasitə marixuana saxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 141-142, 150). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,426 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,376 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 143, 151). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi barədə Azercell Telekom MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilmiş, diskdə Təqsirləndirilən şəxs istifadə etdiyi nömrənin xx.xx.2024-cü il tarixdə “Binə” Ticarət Mərkəzində quraşdırılmış anten dairəsində olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 182). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi barədə Azercell Telekom MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk maddi sübut qismində tanınmışdır (cild 1, iş vərəqi 183). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6909 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 185-186). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 187-189). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 193). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 200-202). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin cinayət işindən X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ********* nömrəli cinayət cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 236-237). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.2 və 234.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotikləri Məhəmmədəli Gözəlzadəyə satmayıb pay kimi verməsi, sonuncunun yetkinlik yaşına çatmayan şəxs olmasını bilməməsi, üzərindən aşkar edilmiş narkotikləri satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, Məhəmmədəli Gözəlzadə ibtidai istintaqa verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində üzərindən aşkar edilmiş narkotikləri Təqsirləndirilən şəxs 10 manat pul müqabilində əldə etdiyini göstərmiş və bu ifadəsini Təqsirləndirilən şəxslə üzləşdirmə zamanı sonuncunu üzünə qarşı bildirmişdir. Məhkəmə Məhəmmədəli Gözəlzadənin həmin ifadələrini, onlar işin digər materialları ilə tam uzalaşdığından sübut kiçmi qəbul edir. Məhəmmədəli Gözəlzadənin cinayət törədilən an yetkinlik yaşına çatmaması isə toplanmış sənədlərlə tam təsdiq olunur. Məhkəmə iş üzrə toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutları əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmiş, habelə yetkinlik yaşına çaytmayan şəxsə narkotik satmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin, onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması, narkotik vasitə qurudulmuş marixuananı, həmçinin psixotrop maddə metamfetamini yetkinlik yaşına çatmayan şəxsə satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəlüdlü Mələk Ağayeva, xx.xx.2011-ci il təvəlüdlü Dürdanə Ağayeva və xx.xx.2014-cü il təvəlüdlü Zəhra Ağayeva adlı uşaqları vardır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit kimi hərbi qulluqda olarkən Müdafiə nazirinin müvafiq əmrləri ilə 07 mart 2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, 24 iyun 2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, 26 iyun 2015-ci ildə “Qüsursuz xidmətə görə”, 26 iyun 2018-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, hərbi xidmətdə zabit kimi olarkən medallarla təltif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olara az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 09 oktyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 36, 137-139, 218- 221). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 07 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra bu iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs və X1 götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,376 qram çəkidə psixotrop maddə metamfetamin, 2,25 qram və 0,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,376 qram çəkidə psixotrop maddə metamfetamin, 2,25 qram və 0,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar