Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1055/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X5 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-14/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 09 ay 15 gün hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elşən» adlı və İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 avqust 2023-cü il tarixdə, axşam saatlarında aralarında olan razılaşmaya əsasən «Elşən» adlı şəxsin dediyi ünvan 2 ünvanda yerləşən yaşayış binasının ikinci blokunun divarına quraşdırılmış kondisioner mühərriki ilə dəmir şkafın arasında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1025,6 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:30-da Binəqədi RPİ 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 7-ci PB-in inzibati binasına gətirilmiş və orada saat 00:15-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində saxladığı göy rəngli sellofanın içərisindən 01 ədəd şəffaf yapışqan lentlə bağlanmış qara rəngli bükümdə təmiz çəkisi 1025,6 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, tutulmazdan qabaq Sədərək Ticarət Mərkəzində işləmişdir. Elşən adlı bir şəxslə yeni tanış olmuş və tanışlıq münasibətləri yaranmışdır. Tutulduğu günü 20 Yanvar metro stansiyasının yaxınlığında olan vaxt Elşənə yığmışdır. Tanış olduğu gündən 3-cü dəfə idi ki, Elşənlə əlaqə saxlayıb narkotik vasitə istəmişdir. Elşənlə əlaqə saxladığı vaxt ona bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda bibisigil qalır və ora gedib sonuncuya məxsus sellofanı bibisindən götürüb Elşənin qaldığı evə gətirməyi xahiş etmişdir. O da Elşənlə razılaşmışdır. Elşən dediyi ünvana gedib çatanda bibisi çıxmamışdır. Elşənlə əlaqə saxlayanda bibisinin getdiyini ona demiş və blokun girişində zirzəmiyə düşən arada olan sellofanı götürüb sonuncuya gətirməyi xahiş etmişdir. Sellofanı götürmək istəyəndə polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra Binəqədi RPİ-nin 7-ci PB-yə gətirmişlər. 7-ci PB-də hadisəni baş verdiyi kimi danışmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Elşən ona bibisigildə içərisində paltar olan sellofanı götürüb gətirməyi xahiş etmişdir. Hadisə baş verən günü Elşəndən narkotik vasitə istəmişdir. Elşənlə 10 gün olardı ki, tanış olmuş və ümumilikdə 2 dəfə ayrı-ayrılıqda 10 manat verib qarşılığında narkotik vasitə götürmüşdür. Elşənlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən kafedə tanış olmuşdur. Elşənlə ilk tanışlığında söhbət etdiyi zaman narkotik vasitə istifadəçisi olduğunu və ona da narkotik vasitə lazım olanda müraciət edə biləcəyini bildirmişdir. Elşən sellofanı götürüb sonuncuya verdiyi təqdirdə ona artıqlaması ilə narkotik vasitə verəcəyinə söz vermişdir. Elşən dediyi yerdən yəni ki, binanın girişində zirzəmiyə düşən aradan narkotik vasitəni götürəndə polis əməkdaşları onu saxlamışlar. Elşən ona 10 manatın lazım olmadığını, sellofanı götürüb gəldiyi təqdirdə narkotik vasitə verəcəyini bildirmişdir. Elşən ilk dəfə idi ona məkan atmış, həmişə görüşüb narkotik vasitəni götürmüşdür. Elşəndən başqa heç vaxt heç kimlə narkotik vasitə ilə bağlı danışmamış, əlaqəsi olmamışdır. Aşkar olunan sellofan göy rəngdə olmuş, içərisində qara rəngli büküm bağlama olmuşdur. Elşən ona demişdir ki, sellofanın içərisində sonuncuya məxsus şəxsi əşyalar var, ona görə içərisinə baxmamağı tapşırmışdır. Elşənin həmin günü işi olduğu üçün sellofanı götürməyi ondan xahiş etmişdir. Aşkar olunan narkotik vasitənin növünü bilməmiş, sonradan kakos olduğunu bilmişdir. Polis əməkdaşları mobil telefonunu yoxlamışlar və içərisində Elşənin ona atdığı məkanın onu saxladıqları yer olduğunu görmüşlər. Üzərinə şəxsi axtarış video çəkilişlə aparılmışdır. Video çəkiliş zamanı məhkəmə istintaq zamanı dediklərini demişdir. Ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadə ilə BİT-də ittiham aktını alanda tanış olmuşdur. Polis əməkdaşlarına Elşənin sellofanını götürməyə getdiyini bildirsə də dediklərinin heç bir əhəmiyyət kəsb etmədiyini bildirmişlər. Oxumağı bacarmadığı üçün ifadəsində dediklərinin yazılıb-yazılmadığını bilməmişdir. Ona elan olunmuş ittihamla özünü təqsirli bilmir, çünki o, narkotik vasitə istifadəçisidir. İbtidai istintaq zamanı Elşənlə üzləşməsi olmamışdır. Elşəndən əvvəllər 2 dəfə narkotik vasitə almışdır. Hadisə günü məqsədi Elşəndən narkotik vasitə götürmək olmuşdur. Sellofanda dəqiq nə olduğunu bilməmişdir. Video çəkiliş zamanı da sellofanda nə olduğunu bilmədiyini bildirmişdir. Elşən tanışı olmuş, dostluq münasibətləri yaranmışdır. Bir dəfə Elşənlə kafedə başqa bir şəxsin iştirakı ilə çörək yemişlər və həmin vaxt ikisi də narkotik vasitə istifadə etdikləri üçün müraciət edə biləcəyini bildirmişdir. Elşən ondan xahiş elədiyi üçün dediyi yerdən gedib sellofanı götürmüşdür. Elşənlə tanış olsalar da zənnincə, sellofanı götürməyi ona ərk edib xahiş etmişdir. Polis əməkdaşları psixoloji təzyiq edərək narkotik vasitənin onun olduğunu deməyini istəmişlər. Çəkiliş zamanı o, narkotik vasitənin onun olmadığını demişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, elan olunan ifadəni o, verməmişdir. Müstəntiqin yazdığı ifadədir. Müstəntiq hazır yazdığı ifadəyə ona qol çəkdirmişdir. Oxumağı bilmədiyi üçün həmin ifadəni imzalamağa razı olmuşdur. Müstəntiq ona problemi olmadığını və onu məhkəmədən buraxacaqlarını bildirmişdir. O da sonuncunun dediyinə inanmışdır. Oxumağı bacarmadığı üçün oxumadan imza çəkmişdir. Müstəntiqdən imzaladığının nə olduğunu soruşmuş, sonuncu ona imzalamağını və onu məhkəmə zalından buraxacaqlarını bildirmişdir. Həmin sellafonda olan narkotik vasitə onun deyil. Binaya girişdə pilləkənlərin yanında kondisioner motoru olmuş, Elşən narkotik vasitəni ora qoymuşdur. Elşən özü həmin binada yaşamır. Elşən Sabunçu rayonunda yaşayır. O, 10 gün idi sonuncunu tanıyırdı. Sellafon paketi götürən kimi onu dərhal tutmuşlar. Elşən ona dəfələrlə sellafonun içinə baxmamağını bildirmişdir. Bəlkə də Elşən onu tutdurmaq istəmişdir. O, vəkildən imtina etməmişdir. O, müstəntiqə oxumağı bacarmadığını bildirmişdir. Narkotik vasitə istifadə etmişdir. Elşən adlı şəxsdən narkotik vasitə almaq üçün telefon vasitəsilə əlaqə saxlamışdır. Sonuncuya zəng vurmuş və narkotik vasitənin ödənişini kart vasitəsilə etmişdir. Sonuncu da narkotik vasitəni qoyduğu yerin şəkilini ona atmış, o da gedib götürmüşdür. O, Elşən adlı şəxsin üzünü görməmişdir. Məhkəməyə çıxan zaman bilmişdir ki, daha ağır maddə ilə ittiham olunur. İfadəni təcridxanada yoldaşları oxumuşlar, o, qulaq asmış və sonunculara da demişdir ki, o, bu ifadəni verməmişdir. Bunu müstəntiq özü yazmış və ona qol çəkdirmişdir. İfadədə göstərilən imza onun imzasıdır. Müstəntiq ondan heç bir ifadə almamışdır. MSY-də ona imza çəkməyini bildirmişlər, o da imzalamış, vəkil də olmuşdur. Onu saxlayan başqa polis əməkdaşları olmuşlar, Şahid2 xatırlamır. Şahid2 tərəfindən ona qarşı hər hansı fiziki-psixi təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadədəsində Elşən ona narkotik vasitəni götürməyi və İran İslam Respublikasının vətəndaşının dediyi yerə aparıb qoymağı ilə bağlı qeyd olunan hissələr səhvdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır, çünki oxumağı bacarmır. Mobil telefonunda “Nemət Rinsqi” adlı şəxslə bir məhlədə yaşayır. Nemət Rinsqi adlı şəxs fikirləşir ki, həmin günü ağrılı olduğu üçün ondan narkotik vasitə istəmişdir. Nemət Rinsqiyə pulun qarşılığında narkotik vasitə verməmişdir. 1-ci dəfə idi ki, Nemət Rinsqi ondan narkotik vasitə istəmişdir. Nemət Rinsqi onun da narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün həmin günü ondan narkotik vasitə istəmişdir. Nemət Rinsqinin pulu olmadığı üçün ondan narkotik vasitə istəmişdir. Cinayət işi materiallarında əlavə olunmuş foto şəkil hadisə günü Elşən adlı şəxsin ona atdığı şəkildir, şəkildəki sellofanı götürmüşdür. Sellofanın çəkisinin nə qədər olması yadında deyil, çünki sellofanı götürən kimi polis əməkdaşları onu saxlamışlar. Üzərində şəxsi axtarışın keçirildiyi vaxt polis əməkdaşlarının dedikləri kimi demişdir. Sellofanı götürdükdən sonra içinə baxmamışdır. Sellofanı götürdükdən sonra içində nə olduğuna baxmağa imkanı olmamış, çünki sellofanı götürən kimi polis əməkdaşları onu saxlamışlar. Elşən adlı şəxsin ona bildirdiyi yerdə narkotik maddə olduğunu bilməmişdir. Elşən adlı şəxsə dəfələrlə bildirmişdir ki, ona bir qram narkotik maddə lazımdır və bunun üçün 20 manat pulu olmuşdur. Elşən də cavabında 20 manat pula ehtiyac olmadığını, müvafiq çantanı qeyd edilən yerdən götürüb gəlməyini və bunun qarşılığında hətta 30-40 manat dəyərində olan narkotik maddəni ona verəcəyini bildirmişdir. Elşən əlavə olaraq çantanı götürüb açmadan və başqa yerə getmədən həmin çantanı taksi ilə gətirməyi ona əvvəlcədən bildirmişdir. Elşənin qeyd etdiyi yerə çatıb sellofanı götürmək istəyəndə polis əməkdaşları qolunu qandallayıb avtomobilə mindirmişlər. Bu hadisə qurulmuş plan olmuşdur. Ola bilsin, Elşən və ya Elşənin narkotik maddə aldığı şəxs polis əməkdaşı ilə əlbirdir. Narkotik maddə istifadəçisidir. Həmin maddələri satmamış və aşkar olunan sellofandakı narkotik maddədən məlumatı olmamışdır. O, məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 06 avqust 2023-cü il tarixdə, saat 21 radələrində tanışı Elşən istifadəsində olan mobil nömrəsinə zəng edərək onunla ünvan 5 ünvanına getməyi, orada narkotik vasitə götürmək lazım olduğunu, həmin narkotik vasitəni götürüb ona çatdırmalı olduğunu, özünün də İran İslam Respublikasının vətəndaşı olan şəxsin deyəcəyi yerə çatdıracağını bildirmişdir. Bunun əvəzində isə Elşən ona istifadə etməsi üçün bir qədər narkotik vasitə heroin verəcəyini söyləmişdir. O, da onunla razılaşaraq təxminən, saat 22 radələrində ünvan 5 ünvanına getmişdir. Orada Elşənin dediyi kimi yaşayış binasının ikinci blokunda kondisioner matorunun arasında olan göy rəngli sellofanı götürmüş və içinə baxdıqdan sonra oradan uzaqlaşmağa başlamışdır. Bu zaman həmin binanın qarşısında mülki geyimdə olan şəxslərə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 7-ci PB-yə gətirmişlər, bölmədə üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı əlində olan həmin göy sellofanı və əynində olan şalvarının sol yan cibindən özünə məxsus mobil telefonunu çıxarıb təqdim etmişdir. Həmin bir ədəd bağlama və mobil telefonu götürülərək qabşaldırılmış, sonra üzərinə baxış keçirilmiş və qanunsuz başqa bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra sorğu zamanı həmin bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu Elşən adlı tanışının göstərişi ilə deyilən yerdən götürüb ona çatdırmalı olduğunu, onun da tanımadığı iran vətəndaşı olan şəxsin deyəcəyi yerə qoyacağını və bunun qarşılığında ona istifadə etməyi üçün narkotik vasitə heroin verəcəyinə söz verdiyini bildirmişdir. Elşən ona xarici nömrədən Whatsapla özü zəng vurmuş, sonuncunu üzdən görməmiş, sonuncunun özü sosial şəbəkədə yazıb tanış olmuşdur. Elşən ona malı qoyduğu yerin şəkilini atırdı, o da pulu onun atdığı başqa-başqa kartlara köçürürdü. O, Elşənin tanışı iranlını görməmiş, onu tanımırdı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat axtarış tədbirlərinə əsasən xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 63 ünvanında Təqsirləndirilən şəxs saxlamışlar. Vətəndaşa yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər, bölmədə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmişdir. Vətəndaş əlində saxladığı göy rəngli sellofon paketin içərisində saxladığı narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi saxladıqları ünvan həyət evlərinin qarşısında bina olmuşdur. Təqsirləndirilən şəxs PB-yə apardıqları zaman hər hansı bir etirazı olmamışdır. Əməliyyatda onunla birlikdə sahə inspektoru Ağayev Hikmət də olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman sonuncuya ikisi birlikdə yaxınlaşmışlar. Şəxs özü narkotik vasitənin heroin olduğunu etiraf etmişdir. Çəkilişdə narkotik vasitəni nə üçün əldə etməsi barədə nə deməsi dəqiq yadında qalmamışdır. Onlara əməliyyat məlumatı gəldiyi üçün həmin ünvana getmişlər. Əməliyyat məlumatı gələndən sonra iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Şəxs narkotik vasitə olan sellofon paketi götürəndən sonra onlar sonuncuya yaxınlaşmışlar. O, çəkilişdə iştirak etmişdir. Onlar şəxsi saxladıqları zaman sonuncunun üzərinə baxış keçirə bilməzlər. Üzərinə baxış keçirilən zaman vəkilin iştirakının olub-olmadığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs azərbaycan dilində yazıb-oxuya bilməməyi ilə bağlı heç bir fikir bildirməmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı vəkilin iştirakını istəyibistəməməsini hadisənin üzərindən uzun zaman keçdiyi üçün dəqiq xatırlamır. Təqsirləndirilən şəxsə onların tərəfindən narkotik vasitəni üzərinə götürməyi ilə bağlı heç bir təhdid olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən 9 ay keçdinə görə xatırlamır, lakin, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Xatırladığına görə digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində saxlamışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqdan sonra Binəqədi RPİ-nin 7-ci PB-yə gətirib növbətçiyə təhvil vermişlər. Vəkil dəvət olunmuş və üzərinə baxış keçirilərək təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Aşkar olunan narkotik maddə ilə bağlı nəsə xatırlamır. Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini xatırlayır. O, Binəqədi RPİ-nin 7-ci PB-də sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə yaşamır. Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tərəfindən hər hansı narazılıq olmamışdır. Təqsirləndirilən şəxs saxlama saatını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddənin göy rəngli sellofanda olmasını xatırlayır. Aşkar olunan narkotik vasitənin çəkisi qram deyildir. Təqsirləndirilən şəxs üzərindən sellofanın aşkar olunması yadındadır, amma təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitəni nə üçün əldə etməsi, nə edəcəyi və digər məqamlar barədə baş verənlər tam yadında deyil. Təqsirləndirilən şəxs saxlayarkən sonuncuya əməliyyat müvəkkili olan polis əməkdaşları tərəfindən üzərində olan narkotik maddə ilə bağlı suallar verilmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hər gün xidmət apardığı inzibati ərazidə narkotik vasitələrlə bağlı tədbirlər keçirtdikləri üçün bu hadisə ilə bağlı baş verənlər məhkəmə istintaq zamanı azda olsa yadına düşür. İbtidai istintaq dövründəki ifadəsində qeyd olunanlar doğrudur. Elşən adlı şəxs barəsində məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 7-ci PBin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 7-ci polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 06 avqust 2023-cü il tarixdə qərar qəbul edilməklə, 7-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov tərəfindən 06 avqust 2023-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 7-ci PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2 həmin qrupa daxil edilmişdir. Sahə inspektoru Şahid2 ilə birlikdə 06 avqust 2023-cü il tarixdə saat 22:30-da ünvan 6 ünvanında əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar sonuncuya üzərində narkotik vasitə daşımasında şübhəli olduqlarını deyərək onu saxlayıb 7-ci polis bölməsinə gətirmişlər. Bu barədə 7-ci polis bölməsinin rəisinin adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyevə təhvil vermişlər. Təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bütün iştirakçıların hüquqları izah edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, o, üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən göy rəngli sellofan torbanın içərisindən 01 qara rəngli büküm çıxarılmışdır. Büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümü Elşən adlı tanışı vasitəsi ilə gəlib götürdüyünü, sonradan İran vətəndaşının bildirəcəyi şəxsə verəcəyini bildirmişdir. Bundan sonra büküm qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Binəqədi RPİ-nin 7-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:50-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-yə gətirilmişdir. (l cild i.v. 20-21) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən göy rəngli sellofan torbanın içərisindən 01 qara rəngli büküm çıxarılmış, büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümü Elşən adlı tanışı vasitəsi ilə gəlib götürdüyünü bildirmişdir. (l cild i.v. 32-35, 72) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4213 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi,” Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bir ədəd bağlamada təmiz çəkisi 1025,6 qram (1kq 25,6 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 42-46) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 57-58) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-836/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 22:30-dan hesablanmışdır. (İ cild i.v. 79-81) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 14/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-749/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 09 ay 15 gün hissəsi 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v. 83-100) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi A1+” markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmiş, telefonda “SMS” bölməsinə baxış zamanı sms mətnləri arasında “Nemet Rinsqi” (***-***-**-**) adlı kontaktın göndərdiyi “qaqa çox pisem alınıbsa bir falqada mene Verda. qardaşım Babək atanda evezin cıxacam” mətni aşkar edilmişdir. Bundan başqa “Whatsapp” tətbiqinə baxış keçirilərkən tətbiqdə heç bir məlumat aşkar edilməmişdir. Telefonda “Qalereya” bölməsinə baxış keçirilərkən 01 ədəd istintaq marağı kəsb edən foto aşkar edilmişdir. (İ cild i.v. 118- 121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5228 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 123-124) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsn məxsus «Redmi A1+» markalı mobil telefondan götürülmüş məlumatların yazıldığı 01 ədəd CD disk, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1025,6 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1025,4 qram çəkidə olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus «Redmi A1+» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİyə təhvil verilmişdir. (İ cild i.v. 125-126) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, aşkar olunan sellofandakı narkotik maddədən məlumatının olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, mobil telefona baxış keçirilməsi haqqında protokol və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə bükümü Elşən adlı tanışının vasitəsi ilə gəlib götürdüyünü səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da Elşən adlı tanışının göstərişi ilə deyilən yerdən götürüb ona çatdırmalı olduğunu, onun da tanımadığı iran vətəndaşı olan şəxsin deyəcəyi yerə qoyacağını və bunun qarşılığında ona istifadə etməyi üçün narkotik vasitə heroin verəcəyinə söz verdiyi ilə bağlı ardıcıl etiraf ifadələri verir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Elşən adlı şəxslə əlaqə saxladığını, telefonunda Nemət Rinsqi adı ilə qeyd olunan şəxsin pulu olmadığı üçün ondan narkotik vasitə istəməsini etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-in 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə, saat 22-30-da saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-836/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1025,6 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1025,4 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsn məxsus «Redmi A1+» markalı mobil telefondan götürülmüş məlumatların yazıldığı 01 ədəd CD disk, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus «Redmi A1+» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Femida” Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə “Femida” Vəkil Bürosunun vəkili X2 üçün 330 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi 1025,4 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsn məxsus «Redmi A1+» markalı mobil telefondan götürülmüş məlumatların yazıldığı 01 ədəd CD disk, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus «Redmi A1+» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili X2 üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1055/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1055/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver