Məhkəmə qərarları › İş №1(101)-1057/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1057/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1057/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi – “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensıar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumilikdə 2,433 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 10:20də,Yasamal rayon polis İdarəsinin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Yasamal rayonu 15-ci Nərimanov döngəsi 14 ünvanın qarşısında saxlanılmış, Yasamal rayon polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün saxladığı, külli miqdarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,225 qram və 1,208 qram olmaqla ümumi təmiz çəkisi 2,433 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür.

Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, üç ildir ki, narkotik vasitə heroindən istifadə edir. 26 noyabr 2024-cü il tarixdə, səhər radələrində o, qeyri-rəsmi yaşadığı Şahid4 evində yatan zaman polis əməkdaşları həmin evə gələrək onu və Şahid4 saxlayaraq polis bölməsinə aparmışlar. Polis əməkdaşları onların qaldığı ünvana gələn zaman onun bacısını da saxlayaraq özləri ilə gətirmişlər. O, polis əməkdaşlarının hərəkətlərinə etiraz edərək hansı səbəbdən polis bölməsinə aparılmalı olduqlarını deyən zaman polis əməkdaşlarından biri əli ilə onun ağzının üstündən vurmuş və onun dişi qırılmışdır. Polis bölməsində olan zaman onun üzərində hər hansı qanunsuz predmet aşkar olunmadığından polis əməkdaşlarından biri təhqiqatçının otağında olan şkafdan iki büküm metamfetamini götürərək onun cibinə qoymuş, ona çəkiliş zamanı həmin bükümlərin özünə məxsus olmasını bildirməsini demişdir. O, etiraz etdikdə ona qızı ilə psixoloji təzyiq göstərmişlər. O, qızının onun tutulmasını, narkotik vasitə istifadəçisi olmasını bilməsini istəmədiyindən razılaşmış və onun üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Ona bölmədə AR CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirildiyindən o, bütün sənədləri imzalamışdır. Lakin sonradan ona daha ağır maddə ilə ittiham irəli sürüldüyünü bildikdən sonra təqsirli olmadığını demişdir.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquqmühafizə orqanlarına müraciət etmədiyini, onun üzündə və bədənində xəsarətlərin olmadığını və istintaq təcridxanasına daxil olarkən qeydə alınmadığını, narkotik vasitə heroindən istifadə etdiyini, başqa hər hansı narkotik maddədən istifadə etmədiyini, dişinin polis əməkdaşı tərəfindən əlinin üst hissəsi ilə vurulması nəticəsində qırıldığını bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs qızmm mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 26 noyabr 2024-cü il tarixdə mən, NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 10:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, 15-ci Nərimanov döngəsi 14 ünvanının qarşısında Təqsirləndirilən şəxs qızma yaxınlaşıb özlərini təqdim etmiş və onu Bakı şəhər Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər.Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd şəffaf selofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılan zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur.

6. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin YYÇPİTBnin inispektoru Şahid3 təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman iştirak etdiyini, Təqsirləndirilən şəxs iki ədəd bükümü cibindən çıxaraq təhqiqatçıya təqdim etdiyini, üzərində başqa hər hansı qanunsuz əşya və ya predmetin aşkar olunmadığını bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təxminən iki ildir ki, tanışdır. Onunla qeyri-rəsmi olaraq birlikdə yaşayırlar.Hər ikisi narkotik vasitə marixuanadan istifadə edirlər. Hadisə günü o, Maya ilə evdə oturmuşdu. Birdən qapı döyüldüyünü eşitmiş, qapıya yaxınlaşaraq kim olduğunu soruşduqda həmin şəxslər polis əməkdaşı olduqlarını bildirmişlər. O, qapını açmış, polis əməkdaşları Maya ilə onu polis bölməsinə aparmışlar. Həmin vaxt onların üzərində hər hansı qanunsuz predmet olmamışdır. Bölmədə ona narkotik vasitə təqdim olunmuş, ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirələrək sənədlər imzalatdırılmışdır.

8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 Mayanın yalnız marixuanadan istifadə etdiyini, onun heroindən istifadə etməsini görmədiyini və bilmədiyini, Maya polis əməkdaşlarına evdə etiraz edən zaman polis əməkdaşının Mayanın üzünə bir dəfə sillə vurduğunu, bölmədə onları ayrı-ayrı otaqlara apardıqlarını, üzərlərinə şəxsi axtarış və götürmənin ayrılıqda həyata keçirildiyini bildirmişdir.

9. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

10. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək həmin sellofanın içərisində psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni 25 noyabr 2024-cü il tarixdə, gecə saatlarında Zülfü Adıgözəlov küçəsində Ramilə adlı qadından şəxsi istifadəsi üçün 70 manata aldığını bildirmişdir (cild 01; i.v. 39-41).

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5303 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr...” yazıları olan bir ədəd zərfin içərisində iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,225 qram və 1,208 qram, ümumi təmiz çəkiləri 2,433 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.47-51).

12. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X12 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01; i.v.109-110).

13. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,225 qram və 2,208 qram olmaqla, ümumi təmiz çəkisi 2,433 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, həmin metamfetaminin tədqiqatdan sonra 2,333 qram qalığın saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.120-121).

14. Məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2024-cü il tarixli, 7877 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.165-166).

15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X12 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 dekabr 2024-cü il tarixli, 3708 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, cinayətin törədildiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. AR CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v.168-170).

16. “Sübutların qiymətləndirilməsi haqqında” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.175-185).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

17. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə, səhər radələrində o, qeyri-rəsmi yaşadığı Şahid4 evində yatan zaman polis əməkdaşları həmin evə gələrək onu və Şahid4 saxlayaraq polis bölməsinə aparmışlar. Polis əməkdaşları onların qaldığı ünvana gələn zaman onun bacısını da saxlayaraq özləri ilə gətirmişlər. O, polis əməkdaşlarının hərəkətlərinə etiraz edərək hansı səbəbdən polis bölməsinə aparılmalı olduqlarını deyən zaman polis əməkdaşlarından biri əli ilə onun ağzının üstündən vurmuş və onun dişi qırılmışdır. Polis bölməsində olan zaman onun üzərində hər hansı qanunsuz predmet aşkar olunmadığından polis əməkdaşlarından biri təhqiqatçının otağında olan şkafdan iki büküm metamfetamini götürərək onun cibinə qoymuş, ona çəkiliş zamanı həmin bükümlərin özünə məxsus olmasını bildirməsini demişdir. O, etiraz etdikdə ona qızı ilə psixoloji təzyiq göstərmişlər. O, qızının onun tutulmasını, narkotik vasitə istifadəçisi olmasını bilməsini istəmədiyindən razılaşmış və onun üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Ona bölmədə AR CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirildiyindən o, bütün sənədləri imzalamışdır. Lakin sonradan ona daha ağır maddə ilə ittiham irəli sürüldüyünü bildikdən sonra təqsirli olmadığını demişdir.

18. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquqmühafizə orqanlarına müraciət etmədiyini, onun üzündə və bədənində xəsarətlərin olmadığını və istintaq təcridxanasına daxil olarkən qeydə alınmadığını, narkotik vasitə heroindən istifadə etdiyini, başqa hər hansı narkotik maddədən istifadə etmədiyini, dişinin polis əməkdaşı tərəfindən əlinin üst hissəsi ilə vurulması nəticəsində qırıldığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

22. “Şübhəli şəxsin tutulması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 10:20-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.28).

23. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024cü il tarixdə, saat 10:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 01; i.v.87-88).

24. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 4(004)- 1055/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.99-102).

25. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 dekabr 2024-cü il tarixli tələbnamədən görünü ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.140).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

28. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

31. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

32. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

35. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

37. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

38. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək polis əməkdaşları tərəfindən evdən aparıldığını, üzərində hər hansı qanunsuz predmetin olmadığını, polis bölməsində fiziki və psixoloji təsir-təzyiqlərə məruz qaldığını, bu səbəbdən ona təqdim edilmiş bütün sənədləri imzalayaraq cinayəti etiraf etdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşaraq onun həmin ifadəsini işin fakitki halları və iş materiallarında olan sübutlarla uzlaşmayan, sadəcə məsuliyyətdən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir.

39. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş ifadəsindən görünür ki, o, özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, hazırda narkotik vasitə alüdəçisidir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsinə gələrək, üzdən tanıdığı Ramilə adlı qadına 70 manat pul ödəyərək ondan iki sellofan bükümdə psixotrop maddə metamfetamin almış,sonra istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 10:20 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Şahid4 ilə birlikdə söhbət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Yasamal rayon polis İdarəsinin əməkdaşları olmasını bildirmişər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasına, həmçinin narkotik vasitələrin əldə olunması və istifadə edilməsinə dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu,əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək və onu birlikdə Yasamal rayon polis İdarəsinə getməyə dəvət etmişlər. Həmin vaxtı o. polis əməkdaşlarına etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmiş, polis əməkdaşları onu polis idarəsinə gətirən zaman yanında olmuş Şahid4 da polis idarəsinə gətirmişlər. Polis idarəsinin inzibati otaqların birində ona hüquq və vəzifələri izah oluniuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra ounun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacağını demiş, o,isə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində, ona məxsus 02 ədəd sellofan bükülülərdə,içərisində psixotrop maddə hesab olunan metamfetamin olmuşdur. Həmin vaxtı o, içərisində psixitrop maddələr olan həmin 02 ədəd bükülüləri çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı həmin bükülülər açıldıqda içərisində spesifik iyə malik, metamfetamin maddəsi olması məlum olmuşdur. Sorğu zamanı o, həmin 02 ədəd şəffaf sellofan bükülülərdə olan maddələrin psixotrop maddə metamfetamin olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etməyi məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Həmçinin polis əməkdaşları ona həmin psixotrop maddəni haradan əldə etdiyini soruşduqları zaman, o, həmin 02 ədəd bükümlərdə olan metamfetamin psixotrop maddələrini saxlanılmazdan əvvəl,yəni xx.xx.2024-cfı il tarixdə saat 22 radələrində, Bakı şəhəri Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsinə gələrək, üzdən tanıdığı, lakin şəxsiyyətini və yaşadığı yeri bilmədiyi Ramilə adlı qadından 70 manat pul ödəyərək həmin iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini aldığını bildirmişdir. O,həmin metamfetamin psixotrop maddəsini alarkən tək olmuş, yanında heç kim olmamış, aldığı həmin psixotrop maddəni sonra təklikdə istifadə etməyindən ötrü üzərində saxlamış,bu barədə isə heç kimə bildirməmişdir.Bundan sonra aşkar edilmiş psixotrop maddə olduğu 02 ədəd şəffaf rəngli sellofan bükülülər 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmişi, tərkibinin və çəkisinin ekspertiza ilə müəyyən edilməsi üçün polislər tərəfindən götürülmüşdür.

40. Məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin ifadəni fiziki və psixoloji təzyiq nəticəsində imzaladığını bildirmiş, fiziki təzyiqin polis əməkdaşının əlinin üst hissəsi ilə onun ağız nahiyyəsinə vurması nəticəsində dişinin sınmasında, psixoloji təzyiqin isə polis əməkdaşlarının onun yeganə övladı olan qızı ilə təhdid etmələrində, qızının onun narkotik vasitə istifadə etməsindən məlumatının olmasının istəmədiyindən həmin təzyiqlərə boyun əyməsində ifadə olunduğunu bildirsə də, təqsirləndirilən şəxsin həmin dəlilləri də tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.

41. Belə ki, həm iş materiallarından, həm də təqsirləndirilən şəxsin məhkəmə iclasında ona ünvanlanmış suala cavabından görünür ki, təqsirləndirilən şəxs bu günədək polis bölməsində təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrində də bu xüsusata toxunmamışdır.

42. Məhkəmə iclasında göstərilən xüsusatla əlaqədar təqsirləndirilən şəxsə sual ünvanladıqda o, üzündə və bədənində hər hansı xəsarətin olmadığını və istintaq təcridxanasına daxil olan zaman bununla bağlı qeydiyyat aparılmadığını bildirsə də, məhkəmə qeyd edir ki, şəxsin dişinin sınması ilə nəticələnən zərbədən sonra şəxsin sifət nahiyyəsində hər hansı izin qalmaması və ya xəsarətin olmaması, olduğu halda xəsarətlərin istintaq təcridxanası tərəfindən qeydə alınmaması real və inandırıcı deyil.

43. Məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.

44. Bundan savayı hər hansı şəxsin ağzının üstündən əlin üst nahiyyəsi ilə sillə vurulması nəticəsində dişin sınması da absurd olmaqla reallıqla bir araya sığmayan xüsusatdır.

45. Halbuki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşlarından birinin bir dəfə Mayanın yanağından sillə vurduğunu bildirmişdir ki, bu da təqsirləndirilən şəxslərin həm özlərini, həm də biri-birilərini müdafiə etmək naminə özünümüdafiə xarakterli dəlillərə sığınmalarına dəlalət edən haldır.

46. Bundan savayı, təqsirləndirilən şəxsin polis bölməsində fiziki təzyiqə məruz qalmasına dair irəli sürdüyü arqument iş materiallarında olan və ən önəmli sübut növü olan Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X12 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 1146 saylı rəyi ilə də tam təkzib olunmuşdur.

47. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01; i.v.109-110).

48. Təqsirləndirilən şəxs polis bölməsində ona göstərilən psixoloji təzyiqi ona qızının adı çəkilərək ona təzyiq göstərilməsində, qızının onun narkotik vasitə istifadə etməsini bilməsini istəmədiyindən ona verilmiş ittihamla razılaşmağa məcbur qalması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxsin həmin dəlili də hər hansı məntiqə sığmır.

49. Belə ki, təqsirləndirilən şəxsin göstərilən cinayəti etiraf etməsi nəticəsində həbs edilməsi ilə də onun qızının anasının narkotik vasitə istifadəçisi olmasını bilməsi mübahisəsiz olmuşdur ki, bu da təqsirləndirilən şəxsin məhkəmə iclasında səmimi olmamasının və məhkəməni hər vəchlə yanıltmağa cəhd etməsinin göstəricisidir.

50. Həmçinin, şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videodiskdən də Təqsirləndirilən şəxs üzündə hər hansı xəsarətin olmaması, onun tam sərbəst şəkildə davranması və danışması açıq-aşkar görünür.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

52. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

53. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət etməmiş, ibtidai istintaq zamanı və barəsində həsb qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamış, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə onda hər hansı xəsarətlərin olmaması müəyyən edilmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, psixoloji təsirlə bağlı göstərdiyi halların hər hansı məntiqə əsaslanmadığını nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

54. Bundan savayı, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasına dəlalət edən hallardan biri də onun ifadəsində metamfetamindən istifadə etməməsini, yalnız heroindən istifadə etməsini, polis əməkdaşlarının onları Şahid4la birlikdə evdə yatdıqları zaman evə daxil olaraq götürdüklərini bildirməsi olmuşdur.

55. Belə ki, təqsirləndirilən şəxs təkidlə psixotrop maddə metamfetamindən istifadə etmədiyini, onun üzərinə həmin maddənin polis bölməsində qoyulduğunu bildirsə də, məhkəmə iclasında məhkəmə-narkoloji ekspertizasının rəyi və təqsirləndirilən şəxsin metamfetamindən istifadə etməsinin (həmin rəydən görünür ki, təqsirləndirilən şəxs müayinə zamanı ekspertə metamfetamindən hansı qaydada istifadə etdiyini də təfərrüatlı şəkildə izah etmişdir) ekspert tərəfindən müəyyən olunması elan olunduqdan sonra təqsirləndirilən şəxs arabir psixotrop maddə metamfetamindən istifadə etdiyini etiraf etmək məcburiyyətində qalmışdır ki, bu hal özü də təqsirləndirilən şəxsin məhkəmədə yanlış təsəvvür yaratmağa cəhd etməsinin bariz nümunəsidir.

56. Halbuki, məhkəmə iclasında şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs ilə birgə yaşamaqla birlikdə saxlanılaraq polis bölməsinə aparılmış Şahid4 Təqsirləndirilən şəxs yalnız marixuanadan istifadə etdiyini, heroindən istifadə etməsini görmədiyini və bilmədiyini, onlar evdə Maya ilə oturduqları zamanı qapının döyüldüyünü, qapının onun tərəfindən açılmasından sonra polis bölməsinə aparıldıqlarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs arada bir marixuanadan da Şahid4la birgə istifadə etdiyini, heroindən istifadə etdiyini Oruca demədiyini bildirsə də, narkoloji müayinə zamanı onun kannabioidlərdən istifadə etməsi müəyyən edilməmişdir.

57. Göstərilən bu hallar təqsirləndirilən şəxslə onun xeyrinə ifadə verməyə cəhd edən Şahid4 ifadələri arasında da ziddiyyətlərin olmasına, onların məhkəmədə səmimi olmamalarına dəlalət edir.

58. Bununla yanaşı, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman müdafiəçi ilə təmin olunmadığını iddia etsə də, həmin istintaq hərəkətini özündə əks etdirən diskə baxış zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin orada olması, həmin istintaq hərəkətindən əvvəldən axıradək iştirak etməsi, hətta təqsirləndirilən şəxsə “saxlanılan zaman hər hansı təsir-təzyiqə məruz qalıbqalmaması”nı soruşması, təqsirləndirilən şəxsin ona “Xeyr” deyə cavab verməsi müşahidə edilmişdir.

59. Bununla yanaşı, həmin videodiskdə olan görüntüdən təqsirləndirilən şəxsin könüllü şəkildə gödəkçəsinin cibində olan bükümləri təqdim etməsi, tam sərbəst və ətraflı şəkildə həmin bükümləri aldığı şəxsin adını, o cümlədən, boyu və bədən quruluşu, həmin şəxsə verdiyi pulun məbləği ilə bağlı halları bildirməsi görünməkdədir ki, bu da təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə zamanı təsir-təzyiq və qorxu altında müvafiq xüsusatları göstərməsinin real olmamasının göstəricilərindən biri kimi qiymətləndirilir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

61. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

62. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

63. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

64. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

65. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

66. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.).

67. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

68. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

69. İş üzrə mülki iddia yoxdur.

70. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

71. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

72. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 2,333 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Prospekt» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar