Məhkəmə qərarları › İş №1(101)-1058/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1058/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1058/2022 26.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaq olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 16 yanvar 2022-ci il tarixdə saat 02 radələrində sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Bəhruz» adlı özünü iranlı kimi təqdim edən şəxsdən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda iki bükümdə narkotik vasitə olan heroin və iki bükümdə psixotrop maddə olan metamfetamini 150 manata alaraq, həmin bükümlərdən bir büküm heroini və bir büküm psixotrop maddə olan metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Mahir» adlı şəxsə vermiş, həmin narkotik vasitədən yerdə qalan iki bükümünü isə satış məqsədi ilə qanunsuz olaraq üstündə saxlayıb daşıyarkən, həmin gün saat 04 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında, həmin ərazidə xidmətdə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 18-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşıdığı 01 ədəd sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 2,725 qram, qəhvəyi rəngli, spesifik qoxuya malik, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin və 01 ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 2,508 qram, ağ rəngli kristalik formada, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin aludəçisidir. 15 yanvar 2022-ci il tarixdə Bəhruz adlı İran vətəndaşından «Whatsapp» vasitəsi ilə danışmış, o da narkotikanı atdığı yeri ona bildirmişdir. Tanışı Mahirlə o, birlikdə hər biri 75 manat qoyub 150 manata ümumilikdə hərəinə 5 qram olmaqla 10 qram narkotik vasitə alıb evə gəlmişlər. Sonra Mahir polis əməkdaşları tərəfindən saxlanılmış, Mahir də məcbur olub onun adını vermişdir. O, avtomobillərin yağdəyişmə yerində işləyir. Yağdəyişmə yeri də onun evinin qarşısında yerləşir. Sexin girişində bir avtomaşının dayandığını görmüş, həmin maşın polislərin maşını olmuşdur. O, evə gedəndə həyət qapısından baxmışdır ki, Babəklə Məhəmməd arxasınca baxırlar. O, evə girmiş və pəncərədən baxanda Babəkin hasardan həyətə girdiyini gömüşdür. O, tez narkotik maddədən 10 manatlıq yəni bir çet şkafın üstünə qoymuş, qalanını gizlətmişdir ki, Babək gəlib onu tapsın və getsn. Babək evə girmiş evə həmin qoyduğu bir çeti götürüb onunla birlikdə polis şöbəsinə gəlmişlər. Ora çatanda evə zəng edib, gizlətdiyi narkotikanın yerini demişdir ki, onu unitaza atsınlar. Polis əəkdaşları ona idarədə döyüb işgəncə verdikdən sonra məcbur qalıb yazılmış izahatların hamısını imzalamışdır. O, heç vaxt heç vaxt heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir Bakı şəhəri, Xətai rayonunda yerləşən avtomobil təmiri sexində yağdəyişmə ustası işləmiş, təxminən 15 ildir narkotik vasitə olan «kakos»dan və «şüşə»dən istifadə etməyə başlamışdır. Bundan başqa o, göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə saat təxminən 02 radələrində dostu Mahirlə görüşmüş və onunla birlikdə istifadə etmək üçün narkotik vasitə almaq qərarına gəlmiş, buna görə sosial şəbəkədən tapdığı narkotik vasitə satışı elanı ilə əlaqədar tanımadığı +**********17 nömrə istifadəçisi olan, lakin anket məlumatlarım bilmədiyi «Bəhruz» adlı özünü İranlı kimi təqdim edən şəxslə əlaqə saxlayaraq narkotik vasitə sifariş etmiş, həmin şəxslə 4 qram «kakos»u və 4 qram «şüşə»ni 150 manata almaq barədə razılaşmış, lakin üzərində həmin məbləğdə pul olmadığı üçün onunla danışaraq 50 manat pulu kartına göndərmiş, qalan 100 manatı isə bir neçə günə ödəyəcəyinə dair söz vermiş, bundan sonra «Bəhruz» adlı şəxsin dediyi hesab nömrəsinə yaşadığı Nərimanov rayonu, Y.Nəsirov küçəsi 4 ünvanın yaxınlığında yerləşən «Araz» marketdə quraşdırılmış «E-Manat» terminalından 50 manat göndərmiş, sonra «Bəhruz» adlı özünü iranlı kimi təqdim edən şəxs ona Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsində yerləşən dəmir yolu vağzalı yaxınlığında ünvan göndərdiyindən dostu Mahirlə birlikdə həmin ünvana tanışı Vüsal adlı taksi sürücüsünün xidmətindən istifadə edərək getmiş, həmin ünvana çatdıqda «Bəhruz» adlı şəxslə telefon əlaqəsi saxlamış və o. narkotik vasitələri qoyduğu yeri ona başa salmış, həmin yerdə daşın altından sifariş etdiyi narkotik vasitələr olan 4 qram «kakos»u və 4 qram «şüşə»ni tapıb götürmüş, sonra həmin narkotik vasitələri təxminən yarı bölüb istifadə etməsi üçün dostu Mahirə vermiş, daha sonra taksi ilə yaşadığı ünvanın qarşısına gəlmiş, həmin vaxt dostu Mahir yorğun olduğuna görə evinə getmək istədliyi üçün taksi sürücüsü Vüsal onu aparıb evlərinə düşürtmüş və bir qədər sonra Vüsal yenidən yanına qayıtmış, onunla evdə oturub çay içmək istəmiş, bu məqsədlə həyətdə dayanıb Vüsalı gözləmiş, o, gəldikdən sonra polis əməkdaşları onlara yaxınlaşmış və ikisini də tutub saxlamış, sonra isə onları Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışdır. Eləcə də o. göstərmişdir ki, polis şöbəsində sorğu zamanı üzərində «kakos» və «şüşə» adlı narkotik maddələrin olmasını bildirmiş, bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş ağ rəngli kristal şəkilli maddəni könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonra isə səmimi olaraq təqdim etdiyi maddələrin narkotik vasitə olan «kakos» və «şüşə» olmasını və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsini etiraf etmişdir. Həmçinin o, göstərmişdir ki. üzərinə şəxsi axtarş keçirilən zaman narkotik vasitədən başqa əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 03 ədəd açarı, özünə məxsus «Samsunq» markalı mobil telefonu və sağ biləyində olan «Jaquar» markalı qol saatını çıxarıb polis əməkdaşların təqdim etmiş, daha sonra üzərindən aşkar edilərək götürülmüş iki büküm narkotik vasitə olan «kakos» və «şüşə» polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalanmış, sonra bu barədə protokol tərtib olunmuş və düzgün olması iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra o, göstərmişdir ki, üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş narkotik vasitə olan bir büküm «kakos»u və bir büküm «şüşəwni şəxsi istifadəsi üçün əldə etmiş, üzərindən aşkar olunarq götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı «Bəhruz» adlı özünü İranlı kimi təqdim edən şəxsi görməmiş, onunla yalnız telefonla əlaqə saxlamış, «Bəhruz» adlı şəxslə telefonla danışarkən onun dediyi hesab nömrəsinə pul göndərmiş, ancaq həmin hesab nömrəsini xatırlamamış, belə ki. Bəhruz adlı şəxs telefonda şifrəni demiş və o, yaşadığı Nərimanov rayonu, Y.Nəsirov küçəsi 4 ünvanın yaxınlığında yerləşən «Araz» marketdə quraşdırılmış «E-Manat» terminalından 50 manat pulu göndərmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamış, saxlanılan zaman istifadəsində iki ədəd ***-***-**-** və ***-***-**-** «Bakcell» nömrələri olmuş və həmin nömrələri «Samsung» markalı mobil telefonda istifadə etmiş, «Bəhruz» adlı özünü İranlı kimi təqdim edən şəxsin anket məlumatlarım və onun Bakı şəhərində yaşadığı ünvanı bilməmiş, həmin şəxslə narkotik vasitə satışı elanı ilə əlaqədar sosial şəbəkədən tapdığım +**********17 nömrənin «Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlamış, 4 qram «kakos» və 4 qram «şüşə» üçün «Bəhruz» adlı özünü İranlı kimi təqdim edən şəxsin hesabına göndərdiyi 50 manat pulu Mahirdən almış, yerdə qalan 100 manatı da Mahir sonra verəcəyinə söz vermiş, ancaq sonrakı 100 manatı İranlıya göndərmək fikri olmamış, 2 qram kakosu və 2 qram şüşəni Mahirə həmin 50 manatın əvəzində istifadə etməsi üçün vermiş, Mahirin anket məlumatlarını bilməsə də onun Nərimanov rayonu, Montin qəsəbəsində «Araz» marketin arxa hissəsində yaşamasını bilmiş, ancaq ünvanını dəqiq bilməmiş. Mahir ***-***-**-** saylı nömrədən istifadə etmiş, onunla həmin nömrə vasitəsilə əlaqə saxlamış, əvvəllər «Bəhruz» adlı özünü İranlı kimi təqdim edən şəxsdən cəmi bir dəfə narkotik vasitə almış, Vüsal adlı şəxsi taksi sürücüsü kimi tanımış, sonralar onunla yaxın münasibəti yaranmış, həmişə taksi kimi Vüsalın xidmətindən istifadə etmiş, həmin vaxt Vüsala gediş haqqı olaraq 6 manat pul vermiş, narkotik vasitəni həmişə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsi ev 4, mənzil 1-də istifadə etmiş, arada dostu Mahir onunla birlikdə evində narkotik vasitədən istifadə etmiş, saxlanılan zaman üstündə narkotik vasitə olsa da taksi sürücüsü Vüsalda və ya onun maşınında narkotik vasitə olmamış, aldığı kakosdan və şüşədən yarısını yalnız dostu Mahirə vermiş. Vüsala narkotik vasitə verməmiş, X3 təxminən bir ay olar tanımış, onunla usta işlədiyi sexə gəlib-getdikdə tanış olmuş və Fərhad da narkotik vasitə istifadəçisi olmuş, onunla yaxın münasibəti yarandığı üçün yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsi ev 4, mənzil 1-də cəmi 4-5 dəfə ona kakos satmış və yaşadığı ünvanda narkotik vasitədən istifadə etməsi üçün şərait yaratmış, buna səbəb Fərhadın üzərində narkotik vasitə olarkən polis tərəfindən yaxalana biləcəyindən ehtiyat etməsi olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə əməliyyat müvəkkilləri ilə ərazidə gəzərkən 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər və onlara yaxınlaşıb şəxsiyyətlərini araşdırmışlar. Müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid4dur. Vüsalı əvvəllər görmüşdür, belə ki, Polis Bölməsinə ərizə ilə müraciə etmişdir, Abbası isə əvvəllə tanımamışdır. Onların hərəkətlərində özlərini aparmalarında və gözlərinin rəngi şübhə yaratmış və bu barədə raportla rəhbərliyə müraciət etmişlər və digər əməkdaşlar Rəşad və Məhəmmədlə onları polis bölməsinə aparmışlar. Orada inzibati binada təhqiqatçı Emin Quliyevin otağında videoçəkilişlə həmin şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Abbas şalvarının arxa yan cibindən iki büküm çıxarıb masanın üzərinə qoymuş və həmin maddəni üzünü görmədiyi, adını bildiyi İran vətəndaşı Bəhruz adlı şəxsdən 150 manata aldığını bildirmişdir. Sonra həmin narkotik maddələr qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 şahid X1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, «KTV» də texnik iləyir. Təqsirləndirilən şəxsı tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Belə ki, Abbas yağdəyişmə yerində işləmiş, onu oradan tanımış və yoldaşlıq etmişdir. Abbasın narkotik vasitə istifadə etməsini barədə məlumatı olmuşdur. Bir-iki dəfə gedib ondan narkotik vasitə alıb qəbul etmişdir. Lakin Abbasın narkotikanın satışı ilə məşğul olmasını eşitməmiş və görməmişdir. Sonradan Abbasın polis əməkdaşları tərəfindən saxlandığını eşitmiş, məlum olmuşdur ki, Abbası narkotik vasitələrin satışı ilə tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsı yaxşı bir insan kimi tanımışlar. O, taksi fəaliyyəti ilə məşğul olur. Onun idarə etdliyi taksi maşını ilə bir neçə dəfə sifariş verməklə lazımı yerlərə gedib gəlmişlər. Abbasın nə narkotik vasitə satdığını, nə də sifariş ediyini göməmişdir. Lakin qəbul etdiyni bilmişdir. Abbasdan bir neçə dəfə narkotik maddə alıb isifadə etmşdir. Lakin bunun əvəzində Abbasa pul ödəməmişdir, sadəcə dost kimi qonaq etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Abbasın polis əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulduğunu eşitmişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2022-ci il tarixli, 6/281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 224” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs Abbasəlim oğlunun üzərindən ...” sözləri, soyadlar və imzalar qeyd olunmuş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,725 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,508 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə baxışı zamanı zamanı tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2022-ci il tarixli, 633 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı zamanı tədqiq olunmuş kompleks ambulator-məhkəmə psixiatrik ekspertizasının 05 fevral 2022-ci il tarixli, 283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışın iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman hər hansı psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş bir bükümdə ümumi təmiz çəkisi 2,725 qram naroktik vasitə olan külli miqdarda heroin və bir bükümdə təmiz çəkisi 2,508 qram psixotrop maddə olan külli miqdarda metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 2,675 qram çəkidə narkotik vasitə olan heroin və 2,458 qram çəkidə metamfetamin saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən tərtib olunmuş 16 yanvar 2022-ci il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının arxa sağ cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan heroin və 01 ədəd sellofan kəsiyinə bükülmüş ağ rəngli, kristal şəkilli, qəhvəyi rəngli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərək götürmə aparılması prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda aşkar olunmuş narkotik vasitənin bir «çet» olduğunu və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq tərtib olunmuş sənədlərə imza eməsini və heç kimə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, eləcə də onun özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan «Bəhruz» və «Mahir» adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, üzərinə baxış protokolu, istintaq zamanı vermiş olduğu ifadəsi və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01 fevral 2022-ci il tarixli tələbnamədən, həmçinin Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2013- cü il tarixli, l(005)-231/2013 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, sonuncu dəfə isə Nərimanov Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 1(005)-330/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən, onun əməlində cinayətlərin residivi olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Nərimanov Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2,675 qram heroin və qalıq çəkisi 2,458 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (almış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi–Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat və ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X7 360 (üç yüz altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat və ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X7 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Nərimanov Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2,675 qram narkotik vasitə heroin və qalıq çəkisi 2,458 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin, yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (almış beş) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar