Məhkəmə qərarları › İş №1(101)-1058/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1058/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1058/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1993-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən ticarət köşkündən spirtli energetik içki alaraq içərkən həmin ticarət köşkünə spirtli energetik içki almaq üçün gəlmiş əvvəllər tanımadığı, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxslə dialoqa girmiş, sonuncu ona Bakı şəhəri, Suraxanı rayonu, Balaxanı qəsəbəsində yaşadığını deyib orada yaşayan müxtəlif şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşmuş, o, adları çəkilən həmin şəxsləri tanımadığını deyərək söhbəti bitirməyə çalışmış, Zərərçəkmiş şəxs isə əsəbiləşərək nəyə görə dediklərini ciddiyə almadığını deyib qəflətən ona başı və əli ilə zərbələrək yetirərək dodaq, burun və çənə nahiyəsindən vurub dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və dərəcələri təyin edilməyən boyun nahiyəsinin qançır xəsarətləri yetirməklə yanaşı onun özü və ailə üzvləri barəsində nalayiq ifadələr işlətmiş, ticarət köşkündə satıcı işləyən Şahid1 münaqişənin qarşısını aldıqdan sonra o, işlətdiyi nalayiq ifadələrə görə Zərərçəkmiş şəxs üzr istəməyə məcbur etmək məqsədi ilə yaşadığı mənzilə gedib mətbəxdən götürdüyü məlum olmayan bıçaqla ticarət köşkünün qarşısına qayıtmış, Zərərçəkmiş şəxs onu görüb üstünə hücum etdikdə aralarında yenidən baş vermiş münaqişə zamanı o, xx.xx.2023-cü il tarixdə, saat 05:30 radələrində ünvan 2 ünvanının qarşısında yerə yıxarkən Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinin yerə dəyməsi nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik ənsə nahiyəsinin hematoması və əzilmiş yarası xəsarəti yetirmiş, sonra isə əlində olan bıçaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik alt çənənin sol yarısının deşilmiş-kəsilmiş yarası xəsarəti və zərərcəkmiş şəxsə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik və ölümü ilə bir başa səbəbli əlaqəli olan sol budun dizaltı arteriyasının kəsilməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yarası xəsarəti - cəmi 3 (üç) ədəd bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə, saat 06 radələrində yerləşdirildiyi “X16” X17 almış olduğu sol budun dizaltı arteriyasının kəsilməsi ilə müşayiət olunmuş deşilmiş- kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmədən ölmüş, bununla da, o, Zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 06 avqust 2023-cü il tarixdə saat 12 radələrində işdən evə gəlmiş, pivə içdikdən sonra siqaret almaq üçün binanın yaxınlığındakı köşkə getmiş, “Jaquar” adlı içki alaraq içən zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğu bildiyi şəxs ona yaxınlaşaraq müxtəlif şəxsləri tanıyıb-tanımadığını soruşmuş, o, Zərərçəkmiş şəxs içkili olduğunu başa düşdükdə özünün də içkili olduğunu bildirmiş və oradan getmək istədiyini bildirmişdir; Dmitriy onun onu (Dmitrini) yola verdiyini irad tutmuş, o isə Zərərçəkmiş şəxs sonuncunu tanımadığını bir daha bildirmişdir. Sonra Zərərçəkmiş şəxs onun sağ qolundan tutaraq söhbət etmək istədiyini bildirmiş, söhbət bir az uzandıqdan sonra aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətməyə başlayaraq söyüş söymüş, ardınca Zərərçəkmiş şəxs baş zərbəsi ilə onu vuraraq yerə yıxmışdır. Ayağa qalxdıqdan sonra özünü müdafiə üçün o da Dmitrini vurmuşdur. Zərərçəkmiş şəxs hər yumruq zərbəsində onu yerə yıxmışdır. Köşkün işçisi olan və sonradan adını bildiyi Müzəfəddin adlı şəxs onları aralaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs aqressiv hərəkətləri dayandırmayaraq ona daha pis nalayiq ifadələr işlətməyə başlamış, o həmin yerdən uzaqlaşmaq üçün qaçmağa başlamış, Zərərçəkmiş şəxs qorxutmaq və işlətdiyi nalayiq ifadələrə görə üzr istətməsi üçün 3 gün əvvəlcədən iş görmək üçün avtomobilində saxladığı bıçağı götürmüş, Zərərçəkmiş şəxs üzr istəməsini tələb etmiş, lakin sonuncu üzr istəməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs yenidən onun üzərinə hücum etmiş, bu zaman Müzəfəddin onları aralaşdıran zaman yerə yıxılmışlar. Ayağa qalxdıqda Zərərçəkmiş şəxs ayağından qan axdığını görmüşdür. O, Zərərçəkmiş şəxs həkimə aparmağı təklif etsə də sonuncu bundan imtina etmiş, yaxşı olduğunu və narahatçılığa əsas olmamasını bildirərək köşkün qarşısında olan skamyada əyləşmişdir. O, təkrarən Zərərçəkmiş şəxs təkrar yaxınlaşaraq həkimə getməsini bir daha təklif etdikdə Zərərçəkmiş şəxs bu dəfə nalayiq ifadələr işlədərək getməsini istəmişdir. Zərərçəkmiş şəxs öldürmək niyyət olmamış, sadəcə onu qorxutmaq istəmişdir. O, hadisəni törədən zaman ruhi həyəcan vəziyyətində olmuş və törətdiyi əməlin fərqində olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda atası Təzəxan Muradov və anası İlhamə Muradova ilə birlikdə yaşayır, fərdi taksi sürücüsü kimi işləyir, subaydır. Atası təqaüdçü, anası isə evdar qadındır. 05 avqust 2023-cü il tarixdə, gecə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi **-PK-*** dövlət qeydiyyat nişanlı, “Saipa” markalı avtomobili yaşadığı binanın yaxınlığında saxlayaraq yaşadığı mənzilə gəlmişdir. Ata və anası, bacısı Ülviyyə Səmədlinin yaşadığı evə getdikləri üçün mənzildə heç kim olmamışdır. Mənzildə olarkən bir şüşə pivə içdikdən sonra 06 avqust 2023-cü il tarixdə, saat təxminən 04 radələrində aşağı enərək yaşadığı binanın yaxınlığında, yəni Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 14 ünvanında yerləşən köşkdən “Jaguar” adlı spirtli energetik içki alaraq içmişdir. Energetik içkini yenicə içib qurtarmışdır ki, adını bilmədiyi, əvvəlcədən tanımadığı kişi cinsli bir şəxs köşkə gələrək ona salam vermişdir. Həmin şəxs də “Jaguar” adlı spirtli energetik içki alaraq qəbul etmişdir. Həmin şəxs Balaxanı qəsəbəsində yaşadığını deyərək müxtəlif şəxslərin adlarını çəkməklə onları tanıyıb-tanımadığını ondan soruşmuşdur. O, adları çəkilən şəxsləri tanımadığını deyərək, söhbəti bitirməyə çalışmışdır. Həmin şəxs əsəbiləşərək nəyə görə onun dediklərini ciddiyə almadığını və onu yola verməyə çalışdığını demişdir. O da mübahisə etməyə ehtiyac olmadığım, ikisinin də spirtli içkinin təsiri altında olduğunu demişdir. Həmin şəxs isə demişdir ki, guya o ayıqdır. Birdən birə həmin şəxs onu itələyərək yumruqla onun dodaq, burun və çənə nahiyəsindən vurmağa başlamışdır. O da yumruqla onun sinə nahiyəsindən vurmuşdur. İkisi də yerə yıxıldıqdan sonra həmin şəxs onu çox ağır söyüşlərlə təhqir etməyə başlamışdır. Köşkdə işləyən, adını bilmədiyi şəxs onları aralaşdırmağa çalışsa da, buna nail ola bilməmişdir. Dalaşdığı şəxs onu çox ağır söyüşlərlə təhqir etdiyi üçün ona demişdir ki, orada olsun, heç yerə getməsin. Yaşadığı ev hadisə yerinin yaxınlığında yerləşdiyi üçün mənzilə qalxmış və mənzildən mətbəx bıçağını götürərək yenidən aşağı enmişdir. Aşağı enən kimi həmin şəxs onu görmüş və üstünə hücum etmişdir. Yenidən münaqişə zamanı hər ikisi yerə yıxılmış və yerdə olarkən o, sağ əlində tutduğu mətbəx bıçağı ilə münaqişə etdiyi şəxsin sol ayaq nahiyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Bıçaqla zərbə yetirdikdən sonra görmüşdür ki, zərbə yetirdiyi şəxsin sol ayağından qan axır. Həmin şəxs ona demişdir ki, oradan çıxıb getsin, orada dayanmasın. Ona həkimə getməyi təklif etsə də, o, yüngül zədə aldığım, narahatçılığa ehtiyac olmadığı bildirmiş və ayağa duraraq köşkün yaxınlığında taxta stolun üstündə oturmuşdur. İsrarla ona demişdir ki, oradan uzaqlaşsın. O, hadisə yerindən uzaqlaşaraq, cinayəti törətməkdə istifadə etdiyi bıçağı yaşadığı binanın yaxınlığında, dəqiq xatırlamadığı yerə atmış, yenidən yaşadığı mənzilə qalxmış və qız dostu Şahid2 telefonla zəng edib demişdir ki, o, yaralanmışdır, ona görə də Ayşəndən onun yaşadığı evə gəlməsini və gələrkən aptekdən bint, pambıq, spirt və yod almasını xahiş etmişdir. 06 avqust 2023-cü il tarixdə, saat 06 radələrində Şahid2 onun yaşadığı mənzilə gəlmiş və dediklərini alıb gətirmişdir. O da əl-üzünü yumuş, spirtli pambıqla dodağını təmizləmiş, lakin dodağına yod vurmamışdır. Bir neçə dəqiqə sonra mənzilin qapısı döyülmüş və Xətai RPİ-nin polis əməkdaşları onu tutaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişdirlər. Xətai RPİnin 34-cü PŞ- də olarkən öyrənmişdir ki, bıçaqla xəsarət yetirdiyi şəxs Zərərçəkmiş şəxs hadisədən sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmış və oraya çatdırılarkən aldığı xəsarət nəticəsində ölmüşdür. Verilən suallara cavab olaraq göstərmişdir ki, O, Zərərçəkmiş şəxs heç vaxt tanımamış və onu öldürmək məqsədi və niyyəti olmamışdır. Sadəcə olaraq onu ağır söyüşlərlə təhqir etdiyinə görə Dmitriyi qorxudaraq üzr istətmək istəmişdir. Ona görə də qarşılıqlı münaqişə zamanı sağ əlində tutduğu mətbəx bıçağı ilə Dmitriyin sol ayağına bir bıçaq zərbəsi vurmuş, sonuncunun ölə biləcəyini zənn etməmişdir. Münaqişə etdikləri zaman Dmitriy ona dodaq, burun və çənə nahiyəsindən yumruqla zərbə vurmaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən xəsarət alması ilə bağlı heç bir şikayət və tələbi yoxdur. O isə Dmitriyə bıçaqla ancaq onun sol budunun arxa tərəfindən zərbə vurmuşdur. Hər şey çox ani baş vermiş, ona görə də Dmitriy heç kimi köməyə çağırmamış, əksinə ciddi bir zədə almadığını deyərək ona oradan uzaqlaşmasını demişdir. Hadisənin yeganə şahidi köşkdə işləyən və onları aralamağa çalışan şəxs olmuşdur. Hadisə barədə daha sonra yaşadığı mənzilə gəlmiş Şahid2 məlumat vermişdir. Lakin, Dmitriyi bıçaqla vurmağını Ayşənə deməmiş, sadəcə olaraq Dmitriy ilə dalaşaraq xəsarət alması barədə ona məlumat vermişdir. Hadisə baş verən zaman əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol köynək olmuşdur. Həmin paltarları evdə olarkən dəyişmişdir və atası Təzəxan Muradov tərəfindən istintaq orqanına təhvil veriləcəyini bildirmişdir. Hadisə zamanı bədən səthi üzərində qan olmayıb, cins şalvarının arxa hissəsi və bıçağın tiyəsi qan ləkələri ilə bulaşmışdır. Cinayəti törətməkdə istifadə etdiyi bıçaq dəstəyi və tiyəsi boz rəngli metaldan olan mətbəx bıçağıdır. Bıçağı görsə, tanıya bilər. O, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmədiyini, heç bir dərman qəbul etmədiyini, eyni zamanda heç vaxt narkotik vasitə qəbul etmədiyini, hərdən bir spirtli içki içdiyini, hadisə vaxtı da spirtli içkinin təsiri altında olduğunu qeyd etmişdir (cild 1, iş vərəqi 36-40, 74-79, 209-211). Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı olmuşdur. 06 avqust 2023-cü il tarixdə yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs qardaşına zəng gəlmiş və Dmitriyinin gecə vaxtı kiminləsə mübahisə etdiyini, bıçaqlandığını və öldüyünü bildirmişlər. Azyaşlı övladıyla birlikdə olduğundan o xəstəxanaya gedə bilməmiş, Zərərçəkmiş şəxs qardaşı getmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müştəri kimi tanıyır, Ülvi onun işlədiyi köşkün yaxınlığındakı binada yaşayır. 06 avqust 2023-cü il tarixdə gecə 12-dən sonra saatını dəqiq xatırlamadığı vaxtda Ülvi gələrək ondan alış-veriş etmiş, daha sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi başqa bir şəxs yaxınlaşaraq spirtli içki almışdır. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüşdür. Zərərçəkmiş şəxs Ülviyə nalayiq ifadələr işlətmiş, ağır söyüşlər söymüşdür. Daha sonra Ülvini vuraraq yerə yıxmışdır. O, mübahisə edən şəxsləri aralaşdırmağa çalışmış, Ülvi yerdən qalxaraq oradan uzaqlaşmışdır. 3-5 dəqiqə keçdikdən sonra əlində bıçaqla geri gəlmiş və çatan kimi Zərərçəkmiş şəxs ayağından bıçaqla zərbə vurmuşdur. O yenə də onları aralaşdırmış, Ülvi oradan uzaqlaşaraq getmişdir. O, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş, ayağından çoxlu qan getdiyi üçün bağlamağa çalışmışdır. Sonra hadisə yerinin yaxınlığında polis əməkdaşlarını görmüş və polis əməkdaşlarına məlumat vermiş, onlar təcili tibbi yardım çağırmışlar. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən siqaret köşkündə satıcı işləyir. İşlədiyi köşkün yaxınlığında yaşayan Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. Ülvi bir neçə dəfə o işləyən köşkdən siqaret və müxtəlif içkilər almışdır. 06 avqust 2023-cü il tarixdə, gecə saat 04 radələrində Ülvi ona yaxınlaşaraq siqaret və spirtli energetik içki olan “Jaguar” almışdır. Bir neçə dəqiqə sonra ilk dəfə gördüyü başqa bir kişi cinsli şəxs ona yaxınlaşaraq spirtli energetik içki almışdır. Ülvi ilə tanımadığı həmin şəxs bir qədər söhbət etdikdən sonra əsassız yerə mübahisə etməyə başlamışdırlar. Sonradan admın Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs Təqsirləndirilən şəxs əvvəlcə kəllə zərbəsi vuraraq onun dodağını qanatmış, sonradan isə Ülviyə yumruq zərbələri vurmağa davam etmişdir. Ülvi də Dmitriyə qarşılıq verərək ona yumruqla zərbələr vurmuşdur. Həmin vaxt o, onları ayırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Dmitriyin sonuncu zərbəsindən sonra Ülvi yerə yıxılmış, Ülvi yerə yıxıldıqdan sonra Dmitriyi ondan ayırmışdır. Həmin münaqişə zamanı Dmitriy Ülviyə qarşı onun anası barədə təhqiredici ifadələrdən istifadə etmişdir. Bundan sonra Ülvi ayağa qalxaraq heç nə demədən oradan uzaqlaşmış və bir neçə dəqiqə sonra əlində bıçaqla geri qayıtmışdır. Ülvi Dmitriyi bıçaqla vurmağa çalışarkən o, yenə də onları ayırmağa çalışmış, lakin onlar qarşılıqlı münaqişə zamanı yerə yıxılmışlar və yerdə olan zaman Ülvi sağ əlində tutduğu bıçaqla Dmitriyin sol ayaq nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Dmitriyin ayağından qan axmağa başlamış və o, güclə də olsa onları ayıra bilmişdir. Dmitriyi stola əyləşdirmiş və yaxınlıqdan keçən “Post-patrul xidməti”nin əməkdaşlarından xahiş etmişdir ki, təcili tibbi yardıma məlumat versinlər. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası hadisə yerinə gələrək Dmitriyi xəstəxanaya aparmışdır. Daha sonra ona məlum olmuşdur ki, Dmitriy xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Hadisənin şokunu yaşadığı üçün Ülvinin hadisədən sonra hansı istiqamətdə getməsini görə bilməmişdir. Verilmiş suallara cavab olaraq göstənnişdir ki, ondan başqa hadisənin şahidi olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır (cild 1, iş vərəqi 55-60). Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, İmişli rayonunun Otuziki kəndində anadan olmuş, 2010-cu ildə X5 ilə evlənmişdir. Lakin, aralarında rəsmi nikah olmamışdır. Həmin evlilikdən 2 qız övladı doğulmudur. Böyük qızı X9 xx.xx.2011 -ci ildə, kiçik qızı X8 isə xx.xx.2012-ci ildə Bərdə rayonu, Gərənə kəndində anadan olmuşdur. 2015-ci X21 İlə ayrılmışdırlar. Həmin dövrdən qızları ilə birgə Bakı şəhərinə köçmüş və müxtəlif restoranlarda ofisiant işləmişdir. xx.xx.2023-cü il tarixdən isə qızları və bacısı X10 ilə birlikdə ünvan 3 ünvanında kirayə yaşayır. xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən “Kaspian” restoranında ofisiant işləyir. Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Həmin dövrdə Təqsirləndirilən şəxs “Opel” markalı avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. O, müştəri kimi Ülvinin avtomobilinə əyləşmiş və Təqsirləndirilən şəxs ilə bu formada tanış olmuşdur. Əvvəlcə aralarında dostluq münasibəti olmuş, 3 aydan sonra isə aralarında sevgi münasibəti başlamış, bu münasibət 2023-cü ilin may ayınadək davam etmişdir. Dostlar arasında Ülvini Elvin deyə çağırmışdırlar. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs ondan ayrılmışdır. Lakin, Ülvi ilə ayrılsalar da əlaqələri qalmışdır. xx.xx.2023-cü il tarixdə, saat 14:00-da işə getmiş, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Ülvi ona zəng etmişdir. O, Ülvinin zənginə cavab verib işdə olduğunu və ona zəng etməməli olduğunu bildirmişdir. Ülvi isə ona işdən çıxandan sonra görüşməyi təklif etmişdir. O isə Ülviyə evə getməli olduğunu və görüşə bilməyəcəklərini bildirmişdir. Bundan sonra Ülvi ona 2 dəfə zəng etmiş, lakin Ülvinin zənglərinə cavab verməmişdir. Saat 02-də Ülvi yenidən ona zəng edərək, onu yaşadığı evə dəvət etmiş, lakin ora gələ bilməyəcəyini Ülviyə demişdir. Saat 03 radələrində işdən çıxıb taksi vasitəsilə yaşadığı evə getmişdir. Saat 05:30 radələrində Ülvi ona zəng edərək ağlaya-ağlaya həyəcanlı şəkildə tanımadığı şəxslə dalaşdığı, həmin şəxsin onu ağır təhqir edərək vurduğunu, ağzının qanadığını və ondan bint alıb evə gəlməsini xahiş etmişdir. O, əvvəlcə Ülvinin dediklərinə inanmamış, lakin sonradan Ülvinin ağlamasından təsirlənib taksi vasitəsilə sonuncunun yaşadığı ünvana getmişdir. Yolda olan zaman Ülvi ona dəfələrlə zəng edərək həyəcanlı şəkildə harada olduğunu soruşmuşdur. Saat 06 radələrində o, Ülvinin yaşadığı binanın qarşısına çatıb bir neçə dəfə Ülviyə zəng etmiş, lakin, Ülvinin telefonuna zəng çatmamışdır. Sonra lift vasitəsilə Ülvinin yaşadığı 7-ci mərtəbəyə qalxmış və mənzilin qapısını döymüşdür. Ülvi bir neçə dəqiqədən sonra qapını açmışdır. Həmin vaxt Ülvinin ağzından qan axmışdır. O, Ülvinin ağzından qan axmasından qorxaraq qışqırmış, Ülvi qonşuların onun səsini eşitməməsi üçün onu tez içəri keçirmişdir. Ülvi divanda əyləşib siqarət çəkməyə başlamış, o isə nə baş verdiyini soruşmuşdur. Ülvi ona demişdir ki, yaxınlıqdakı köşkdən siqaret alarkən tanımadığı şəxs ona söz atmış, Ülvinin və həmin şəxsin arasında mübahisə yaranmış, həmin şəxs Ülvini təhqir etməklə ona zərbələr vurmuş, Ülvinin dodağı partlamış və xəsarət almışdır. Ülvi hadisə yerindən evə qaçmışdır. O, Ülvidən həmin şəxsin necə olduğunu soruşmuş, Ülvi isə həmin şəxsin xəsarətinin ciddi olmadığını bildirmişdir. Bundan sonra, o, çox yuxusuz olduğu üçün yatmaq istədiyini demişdir. O və Ülvi yatmışdırlar. Bir neçə saat sonra o, yuxudan oyanmış və evdə bir neçə polis əməkdaşının olduğunu görmüşdür. Polis əməkdaşları Ülvinin xəsarət yetirdiyi şəxsin xəstəxanaya aparılarkən öldüyünü bildirərək Ülvini tutaraq Xətai RPİ-nin 34-cü PŞ-nə aparmışdırlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Ülvi ona tanımadığı şəxsi bıçaqlaması barədə heç nə deməmişdir. Sadəcə olaraq həmin şəxslə münaqişə etdiyini və bir-birlərinə qarşılıqlı xəsarət yetirdiklərini demişdir. Hadisə zamanı o, ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, Təqsirləndirilən şəxs isə ***-***-**-** mobil nömrəsindən ona zəng etmişdir (cild 1, iş vərəqi 55-60). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 20-21). Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 97-101). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri ünvan 2 ünvanında yerləşən ticarət köşkünün qarşısıdır (cild 1, iş vərəqi 2-6). xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən ticarət köşkünün qarşısını göstərərək Zərərçəkmiş şəxs həmin ünvanda bıçaqla vurduğunu bildirmişdir (cild 1, iş vərəqi 88-91). Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 877 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyun nahiyəsinin qançır və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası müəyyən edildi; xəsarətlər bərk küt əşyalar təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə əzilmiş-cırılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qançır isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir; Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 135-137). Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 70 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Alt çənənin sol yarısının deşilmiş-kəsilmiş yarası; - Sol budun dizaltı arteriyanın kəsilməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yarası; - Ənsə nahiyəsinin hematoması və əzilmiş yarası. Qeyd olunan xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən vaxt vahidi ilə) törənmişlər, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən (ola bilsin ki, bıçaq təsirindən), hematoma və əzilmiş yara isə bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol budun dizaltı arteriyanın kəsilməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər; mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol budun dizaltı arteriyanın kəsilməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur; meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir; mərhum Zərərçəkmiş şəxs xəsarət yetirilərkən o, xəsarət yetirən şəxslə üzbəüz və nisbətən sağ hissəsində olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdi; mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,8% qatılıqda etil spirti aşkar edilmişdir ki, etil spirtinin qanda aşkar edilmiş bu qatılığı yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 147-151). Məhkəmə-genetik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 23/675R nömrəli ekspert rəyindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd göy rəngli cins şalvarın ön sağ cib hissəsində olan qanabənzər ləkələr, sağ ayağının ön aşağı hissəsində olan qanabənzər ləkələr, sol ayağının ön diz hissəsində olan qanabənzər ləkələr, arxa sağ yuxarı hissəsində olan qanabənzər ləkələr, arxa sol yuxarı hissəsində olan qanabənzər ləkələr, sol dizaltı hissəsində olan qanabənzər ləkələr, 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin - arxa ətək hissəsində olan qanabənzər ləkələr, arxa sol hissəsində olan qanabənzər ləkələr, ön sağ çiyin hissəsində olan qanabənzər ləkələr, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş -01 (bir) ədəd qara rəngli cins şalvarın ayaq hissəsində olan qanabənzər ləkələr, 01 (bir) ədəd yaşıl rəngli köynəyin - ön aşağı hissəsində olan qanabənzər ləkələr, sinə hissəsində olan qanabənzər ləkələr və 11 (on bir) ədəd tampon üzərində olan qanabənzər maddələr, insan qanıdır; hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd göy rəngli cins şalvarın sol ayağının ön diz hissəsində olan qan ləkələri, arxa sağ yuxarı hissəsində olan qan ləkələri, arxa sol yuxarı hissəsində olan qan ləkələri, sol dizaltı hissəsində olan qan ləkələri, 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin - arxa ətək hissəsində olan qan ləkələri, arxa sol hissəsində olan qan ləkələri, 08 (səkkiz) ədəd tamponda qan nümunələri, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 (bir) ədəd qara rəngli cins şalvarın cib hissəsində olan bioloji mənşəli materiallar, ayaq hissəsində olan qan ləkələri, 01 (bir) ədəd yaşıl rəngli köynəyin boyun hissəsində olan bioloji mənşəli materiallar, ön aşağı hissəsində olan qan ləkələri və sinə hissəsində olan qan ləkələri, Zərərçəkmiş şəxs məxsusdur; hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd göy rəngli cins şalvarın cib hissəsində olan bioloji mənşəli materiallar, ön sağ cib hissəsində olan qan ləkələri, sağ ayağının ön aşağı hissəsində olan qan ləkələri və 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin ön sağ çiyin hissəsində olan qan ləkələri, Təqsirləndirilən şəxs məxsusdur; hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin - boyun hissəsindən tədqiqat nümunəsi və 5, 7, və 9 Na-li 03 (üç) ədəd tampondan götürülmüş tədqiqat nümunələrində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir; bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (cild 1, iş vərəqi 138-145). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2440 nömrəli ekspert rəyindən görünür ki: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. -Təqsirləndirilən şəxs ünsiyyətçilik, özünəməxsus mövqe və prinsipə malik olmaq, söz götürməmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional halında hirslilik yaranmış, həmin emosional halın yaranma səbəbləri situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 152-156). Məhkəmə tibbi-kriminalistika şöbəsinin xx.xx.2023-cü il tarixli 462-MTKŞ /2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində solda 01 ədəd dəlib keçən zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində zədə və zədə izləri aşkar edilmədi; ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi (cild 1, iş vərəqi 171-173). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X7 Şəxs tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 10356 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmamışdırlar (cild 1, iş vərəqi 125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxs tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-9907 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdurlar (cild 1, iş vərəqi 134). Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları işin faktiki hallarına uyğun olmayan müdafiə məqsədilə gətirdiyi dəlillər kimi qiymətləndirir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaq niyyətinin olmadığını, yaşadığı mənzildən deyil avtomobilindən götürdüyü bıçağı Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə nümayiş etdirməsini, hadisəni törədən zaman ruhi həyəcan vəziyyətində olduğunu, onu qəsdən bıçaqla vurmadığını, Zərərçəkmiş şəxs onun üzərinə hücum etdikdən sonra yerə yıxıldqılarını və bıçağın Zərərçəkmiş şəxs ayağına necə girməsinin fərqində olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və hadisənin bilavasitə şahidi olmuş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı dava-dalaş olmasını, onları aralaşdırmağa çalışdıqlarını, Ülvinin yerə yıxıldıqdan sonra oradan uzaqlaşdığını lakin 3-5 dəqiqə keçdikdən sonra əlində bıçaqla geri gəldiyini və çatan kimi Zərərçəkmiş şəxs ayağından bıçaqla zərbə vurduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində hadisəni törədən zaman ruhi həyəcan vəziyyətində olmasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2440 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, onda cinayət əməlini törədərkən psixi- emosional halında hirslilik yaranmış, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, və o cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan ekspertiza rəyləri, protokollar və digər istintaq materialları ilə təkzib olunmuş və təsdiqini tapmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi qarışıq tərkibli cinayət əməlini özündə ehtiva edir. Təqsirkarın qəsdən sağlamlığa ağır zərər vurma ilə əlaqədar hərəkətləri qəsd formasında olsa da, onun baş vermiş nəticəyə, yəni ölümə münasibəti təqsirin ehtiyatsızlıq formasında özünü büruzə verir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun törətdiyi cinayət əməli baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin hüquqi varisin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış protokolları, məhkəmə-tibbi və kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizalarının rəyləri, maddi sübut və iş üzrə digər istintaq sənədləri ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar olmadığından Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 06 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 06 avqust 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd yaşıl rəngli üzərində boz rəngli nazik zolaqlar olan köynək, qara rəngli cins şalvar; X2 məxsus bir ədəd qara rəngli üzərində «Hermes Paris» sözləri yazılmış qısaqol köynək və bir ədəd mavi rəngli cins şalvar məhv edilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd yaşıl rəngli üzərində boz rəngli nazik zolaqlar olan köynək, qara rəngli cins şalvar; X2 məxsus bir ədəd qara rəngli üzərində «Hermes Paris» sözləri yazılmış qısaqol köynək və bir ədəd mavi rəngli cins şalvar məhv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar