Məhkəmə qərarları › İş №1(101)-1058/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1058/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1058/2025 21.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 oglunun, müdafiəçilər – Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, tərcüməçi X1 iştirakları ilə, 15 oktyabr 1977-ci il tarixdə Çin Xalq Respublikasında doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Çin Xalq Respublikası, Hunan vilayətində yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, 19 noyabr 1968-ci il tarixdə Çin Xalq Respublikasında doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Çin Xalq Respublikası, Hubei vilayətində yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Liu Bo-nun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Liu Bo qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını talama məqsədi ilə tanışı Çin Xalq Respublikası vətəndaşı Liu Bo ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 09 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 28, mənzil 60 olan, xx.xx.1998-ci il tarixli, ********** VÖEN nömrəsi, xx.xx.2017-ci il tarixli, **********832800 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, X7 qanuni təmsilçisi olduğu Zərərçəkmiş şəxsnə məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasına daxil olub orada salon meneceri işləyən Şahid1 onlara təqdim etdiyi “Breguet” və “Blancpain” brendlərinə məxsus qol saatlarının qiyməti və mexanizmləri barədə məlumatlar əldə etdikdən sonra Şahid1nm diqqətini yayındırmaq və “Breguet” markalı saatı oğurlamaq məqsədi ilə həmin saatların fotoşəkillərini çəkmək istədiklərini bildirib, Şahid1 saatları qutusunda təqdim etməsini xahiş etdikdən sonra, Liu Bo əvvəlcə “Breguet” markalı saatın mobil telefon vasitəsi ilə fotoşəklini çəkmiş, bundan sonra Şahid1 həmin saatı bir qədər aralıda vitrinə qoyub digər “Blancpain” brendinə məxsus saatı fotoşəklini çəkməsi üçün Liu Bo-ya təqdim edərkən Liu Bo Şahid1 diqqətini Təqsirləndirilən şəxs1dən və “Breguet” markalı saatdan yayındırıb Təqsirləndirilən şəxs1ə həmin saatı oğurlaması üçün şərait yaratmış, Təqsirləndirilən şəxs1 isə yaranmış fürsətdən istifadə edərək 01 ədəd 85.028 (səksən beş min iyirmi səkkiz) manat dəyərində, 5317 kodlu, BB3359 seriyalı, “Breguet” markalı saatı gizli olaraq talayıb ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, götürdüyü saatın qiymətinin baha olduğunu bilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Liu Bo ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, onlar Türkiyədən Azərbaycana gəlmiş, Azərbaycandan da Çin ərazisinə getməyi planlamışlar. Onlar Azərbaycanda bir gün qalmışlar. Piyada gəzərkən təsadüfən həmin mağazaya daxil olmuşlar, həmin mağazaya oğurluq məqsədilə getməmişlər. İttiham aktında qeyd olunan saatı o yox, Təqsirləndirilən şəxs1 götürmüşdür. Saatın oğurlanmasından yalnız mağazanı tərk etdikdən sonra xəbəri olmuş, Təqsirləndirilən şəxs1ə oğurlanmış saatın geri qaytarılmalı olduğunu bildirsə də Zhang ona saatın dəyərinin ucuz olduğunu bildirərək saatı özü ilə aparmışdır. Polis əməkdaşları onları hava limanında saxladıqdan sonra onlar saatı polis əməkdaşlarına təhvil vermişlər. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq törətdikləri cinayət əməli ilə bağlı Təqsirləndirilən şəxs1in etirafedici, Liu Bonun qismən etiraf edici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 şirkətdən oğurlanan saatın qaytarılmasına baxmayaraq təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxslər “Breguet” saatına baxmaq üçün mağazaya yaxınlaşmışlar. Bir gün əvvəl təqsirləndirilən şəxslərdən biri mağazaya gəlib geri qayıtmışdır. Təqsirləndirilən şəxslər saatı almaq istədiklərini bildirmişlər. O, təqsirləndirilən şəxslərin saatların şəkillərini çəkmələri üçün saatları qutularına qoymuşdur. Təqsirləndirilən şəxslər saatı səhəri günü gəlib alacaqlarını bildirmişlər və oradan uzaqlaşmışlar. O, 10 dəqiqə sonra qutunu açanda saatlardan birinin yerində olmadığını görmüşdür. O, bundan sonra mağazanın təhlükəsizlik xidmətinə bu barədə məlumat vermişdir. Cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs2 adlı şəxs daha aktiv şəkildə iştirak etmişdir. Təqsirləndirilən şəxslərin geyim tərzi və onların kart hesabında pul olmasına dair ona məlumat vermələri onların saatı alacaqlarına dair inamını artırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki,bir neçə ay bundan əvvəl təqsirləndirilən şəxslər mağazaya yaxınlaşıb uzun müddət saatlara baxmağa başlamışlar. Təqsirləndirilən şəxslər təxminən 1 saatdan çox mağazada olmuşlar. O, təqsirləndirilən şəxslərə kamera vasitəsilə nəzarət etmişdir. Kamera mağazanın çölünə də nəzarət etmişdir. Bir müddət sonra satıcı Şahid1 saatın oğurlandığını bildirmişdir. Bundan sonra o, “102” xidmətinə oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 09 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Şahid1 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət edərək menecer işlədiyi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 5 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus mağazada işdə olan zaman saat 17:00 radələrində naməlum şəxslər tərəfindən 01 ədəd 333787 manat dəyərində “Breguet” markalı brend qol saatının oğurlandığını bildirmişdir (cild 1, iş vərəqə 4). 10 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 5 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus mağazadır. Baxış zamanı mağazanın salonu müayinə edilmiş, əl-barmaq izləri, o cümlədən 01 ədəd markası bilinməyən siqaret kötüyü götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1 iş vərəqə 08-13). 10 oktyabr 2024-cü il tarixli tarixli təqdim olunmuş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd 5317 kodlu, BB3359 seriyalı, “Breguet” markalı saat iş üzrə maddi sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür (cild 1, iş vərəqə 46-47). 14 oktyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd 5317 kodlu, BB3359 seriyalı, “Breguet” markalı saat Zərərçəkmiş şəxs nümayəndəsi X2 tanınmaya təqdim edilmiş, Cəbrayıl Mirzəyev həmin saatı tanıyaraq Zərərçəkmiş şəxsnə məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 5 ünvanında yerləşən mağazadan oğurlanmış saat olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqə 147-148). 16 dekabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş diskdə 2 ədəd video fayl vardır. Həmin fayllardan 1-ci faylda olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, üzbəüz əyləşmiş 2 nəfər kişi və onlara saatları göstərən 1 nəfər qadın vardır. Üzbəüz stulda əyləşmiş kişilərdən biri, yəni görüntüdə ekranın sağ tərəfində əyləşmiş kişi göy uzunqol köynək geyinmişdir və başında göy rəngli papaq vardır. Digər kişi isə ağ qısaqol köynəkdədir. Həmin şəxslər telefon vasitəsi ilə qadına nəsə göstərirlər. Həmin kişilərdən ağ qısaqol köynəkdə olan saatın şəkillərini çəkir. Stolun üzərində iki ədəd saat qutusu və saat vardır. Qısaqol ağ köynəkdə olan kişi saatın şəkillərini çəkərkən qadın saatın qutusunu bağlayır. Bu vaxt göy papaqlı və uzunqol qara köynəkdə olan kişi digər saatı qutusundan sağ əli ilə götürür. Videogörüntüdən görünür ki, həmin vaxt xx.xx.2024-cü il, saat 18:07-dir. Qadın həmin saatın qutusunu bağlayır,lakin diqqət etmədiyi üçün uzunqol qara köynəkdə olan göy papaqlı kişinin saatı götürdüyünü görmür.Daha sonra qadın saat qutularını götürüb gedir. Saat isə həmin göy papaqlı və uzunqol qara köynəkdə olan kişidə qalır (cild 1, iş vərəqə 181). 08 yanvar 2025-ci il tarixli 3-13-11/2-156/2025 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində təqdim edilmiş 01 ədəd markası məlum olmayan siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs1a (xx.xx.1977) məxsus olması müəyyən edilmişdir (cild 1,iş vərəqə 186). 04 noyabr 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1də hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1də xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1in əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1in hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 204-206). 04 noyabr 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Liu Boda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Liu Bo əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Liu Boda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Liu Bo törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Liu Bo törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Liu Bo hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Liu Bonun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Liu Bonun hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 207-209). 25 yanvar 2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş arayışdan görünür ki, şirkətə məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 5 ünvanında yerləşən mağazadan oğurlanmış 5317 kodlu, BB3359 seriyalı, “Breguet” markalı saatın qiyməti 85.028 (səksən beş min iyirmi səkkiz) manat olmuş, oğurluq nəticəsində şirkətə həmin məbləğdə maddi ziyan dəymişdir (cild 1, iş vərəqə 193). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 29 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1,iş vərəqə 224-225). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 29 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Liu Bo əvvəllər məhkum olunmamışdır (cild 1,iş vərəqə 226-227). 29 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1-dən götürülmüş 01 ədəd 5317 kodlu, BB3359 seriyalı, “Breguet” markalı saat və oğuluq hadisəsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut qismində tanınmışdır (cild 1, iş vərəqə 234-243). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, yəni özgə əmlakını gizli talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulsa da, qeyd olunan əməlin külli miqdarda törədilməsi 177.3.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydindən görünür ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Məhkəmə, təqsirləndirilən şəxs X17 Guoming ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında oğurluq etməməsi, sonuncunun oğurluq etməsindən yalnız hadisədən sonra məlumatlı olmasını, həmin saatın dəyərinin yüksək məbləğ təşkil etməsini bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları tam təkzib olunur. Belə ki, iş üzrə şahid qismində dindirilən Şahid1 hadisədən bir gün öncə də təqsirləndirilən şəxslərin mağazaya gəlmələri, məhz Liu Bonun magazaya daxil olan kimi ən bahalı brend olan “Brequet” markalı saatın göstərilməsini xahiş etməsi, satıcını, ona bank hesablarındakı pul vəsaitini göstərməklə həmin saatı almaq qabiliyyətinə malik olmalarına inandırmaları barədə ifadələri ona dəlalət edir ki, Liu Bo ilə Təqsirləndirilən şəxs1 əvvəlcədən əlbir olmuş bir qrup şəxs halında zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Liu Bo-nun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Liu Bo-ya qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə, Cinayət Məcəllləsinin 52.2-ci maddəsində göstərilən istisna halları nəzərə almaqla Təqsirləndirilən şəxs1 və Liu Bo-nun barəsində qeyd edilən əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Liu Bo-ya cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Liu Bo barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Liu Bonun barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Zərərçəkmiş şəxsndən oğurlanmış dəyəri 85.028 (səksən beş min iyirmi səkkiz) manat təşkil edən saatın qaytarılmasını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs1 və Liu Bo barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Liu Bo onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 10 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 59-60), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 132-133). Liu Bo 10 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 82-83), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 134-135). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Liu Bo-ya təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Breguet” markalı saatın saxlanılması üçün Zərərçəkmiş şəxsnə qaytarılması nəzərə alınmalı, oğurluq hadisəsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə dəymiş 85.028 (səksən beş min iyirmi səkkiz) manat maddi ziyan tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Liu Bo-nun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1in və Liu Bo-nun hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri X8 və X13 tərəfindən, məhkəmə zamanı Təqsirləndirilən şəxs1in və Liu Bo-nun hüquqlarının müdafiəsi isə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat, ibtidai istintaq mərhələsində göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı X10 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat, məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1in cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Liu Bo Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Liu Bo-nun cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Liu Bo barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Liu Bo ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Liu Bo təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübutlar: - 01 ədəd “Breguet” markalı saatın saxlanılması üçün Zərərçəkmiş şəxsnə qaytarılması nəzərə alınsın; - oğurluq hadisəsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına vəkillər X8 üçün 330 (üç yüz otuz) manat, vəkil X13 üçün 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi2 və Müdafiəçi1 üçün 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Liu Bo-ya hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar