Məhkəmə qərarları › İş №1(101)-1061/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1061/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1061/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X9 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 3 iyul 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni, təmiz çəkisi 2,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi ev 4 ünvanın yaxınlığına qədər daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,426 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 14 noyabr 2022-ci il tarixdə günorta saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən iş yerində olan zaman polis əməkdaşları gəlib iş yerində və üzərində axtarış aparmışlar, lakin üzərində və iş yerində qanunsuz heç bir əşya aşkar etməmişdirlər. Sonra polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirmişlər. Daha sonra da polis əməkdaşları orada onu 1 qram narkotik vasitə ilə ittiham edəcəklərini, razılaşmayacağı halda isə iş yerindən 1 kiloqram narkotik vasitə aşkar edib onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə ittiham edəcəklərini və ilk məhkumluğu olduğundan məhkəmədə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza veriləcəyini bildirmişlər. O da polislərin dediklərinə inanıb 1 qram narkotik vasitə ilə ittiham olunmağa razı olmuşdur. Əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağı bildirilsə də, qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirildiyini bilmişdir. O narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində diş texniki işləmişdir. Müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Tanışları və müştəriləri vasitəsilə narkotik vasitə əldə etmişdir. Qanunsuz ittiham edilməyilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Saxlanıldığı obyektdə videomüşahidə kameraları olsa da, işləməmişdir. Saxlanılan zaman Murac müəllim və qonşuları orada olmuşdur. Polis əməkdaşları iş yerində 15-20 dəqiqə axtarış aparmışlar. Onu günorta saatlarında iş yerində 6 nəfər polis əməkdaşı saxlamışdır. Polis əməkdaşları ona psixoloji və fiziki təsir göstərmişlər. Polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişlər. İbtidai istintaq zamanı məhkəmə iclasında verdiyi ifadə ilə eyni məzmunda ifadə vermiş, lakin həmin ifadənin dindirmə protokolunda qeyd edilib-edilmədiyini xatırlamır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. O saxlanılan gün ondan başqa 3 nəfər şəxs də tutulmuş, onların da ifadələrində “Balaxanı” qəsəbəsindən 40 manata narkotik vasitə almaları yazılmışdır. O müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi ilə bağlı ərizə yazmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 3.07.1992-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsillidir, subaydır, heç bir yerdə işləmir, məhkum olunmamışdır, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 5 ünvanda ailəsi ilə birgə yaşayır. Əvvəllər diş texnikliyi ilə məşğul olmuş, lakin narkotikə qurşandıqdan sonra, yəni 2021-ci ilin sonlarından həmin sənəti tullamış, heç bir işlə məşğul olmamışdır. 2021-ci ilin sonlarından narkotik vasitələrdən istifadə etmiş, narkotikin alüdəçisi olmuş, narkotik qəbulunu dayandırdıqda bədənində ağrıları olmuş, əsasəndə heroinin tüstüsünü iyləməklə, yəni nəfəsinə dərməklə heroindən istifadə etmişdir. Narkotik tərkibli maddələri əsasən Sabunçu rayonu, Balaxanı qəsəbəsindən almışdır. Lakin hər zaman narkotik tərkibli maddələri rahatlıqla tapmaq olmadığından, həmçinin polis əməkdaşları tərəfindən tutula bilməsi baxımından narkotik tərkibli maddələri almaq təhlükəli olduğundan, eləcə də ağrılarının tez-tez yaranması səbəbindən son dövrlər narkotik qəbulunu artırdığına görə narkotik vasitədən çox almışdır ki, hər zaman ehtiyat narkotik vasitəsi olsun. xx.xx.2022-ci il tarixdə səhər saatlarından bədənində ağrıları başlamış, həmin tarixdə saat 13 radələrində ağrıları şiddətləndiyindən narkotik vasitə olan heroin almaq qərarına gəlmişdir. Bu niyyətlə Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Orada üzdən tanıdığı lakin heç bir anket məlumatını bilmədiyi və hazırda görsə belə tanıya bilməyəcəyi şəxsə ağrıları olduğunu bildirmiş, xahiş etmişdir ki, 3-4 dəfəlik istifadəsi üçün, yəni 40 manat dəyərində ona narkotik vasitə olan heroin təşkil etsin. Həmin şəxs ondan 40 manat alaraq uzaqlaşmış, təxminən 10 dəqiqə sonra ona yaxınlaşaraq 1 ədəd bükümdə narkotik vasitə olan heroin vermişdir. O, bükümü alaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, məhəllədə, rahat yerdə istifadə etsin. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində evinin yaxınlığında, yəni Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 6 ünvanın qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan anket məlumatlarını soruşmuş, o, Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları onu 15-ci PB-yə dəvət edərək Polis bölməsində üzərinə baxış keçiriləcəyini bildirmişlər. Başa düşmüşdür ki, polis əməkdaşları cibində heroin olmasını bilmişlər, odur ki, polis əməkdaşları imkan yaratmamışlar ki, o, cibindəki heroini tullasın. O, etiraz etmədən həmin əməkdaşlarla birgə 15-ci Polis bölməsinə, inzibati binaya getmişdir. 15-ci PB-də ona özünün siyahıdan seçdiyi vəkil İlqar Qədirov təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, videoçəkilişlə axtarış aparılmasına etirazının olmamasını, lakin vəkilin iştirakından imtina etməsini bildirmişdir. Bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, onun fikrincə əgər vəkil canlı olaraq üzərindən heroinin aşkar olunmasını görərsə istintaqda və ya məhkəmədə onu əminliklə müdafiyə etməyəcəkdir. Bundan başqa planlaşdırmışdır ki, məsuliyyətdən yayınmaq məqsədi ilə istintaqın sonrakı mərhələsində bildirsin ki, guya heroin cibindən çıxmamış və ya cibində narkotik vasitə olmamışdır. 15-ci Polis bölməsində, X18in xidməti otağında üzərinə videogörüntü ilə baxış keçirilmiş, belə ki, X18 üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsini təklif etmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə ətraflı baxış keçirilsə də, üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi, yəni üzərindən aşkar edilmiş bükümdəki maddə “kakos”dur, yəni heroindir, həmin heroini Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manat verərək özünün şəxsi istifadəsi üçün almışdır. Onun təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, və polis əməkdaşları tərtib edilmiş protokolu və zərfləri imzalamışlar (cild 1, iş vərəqə 61-64). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar PB-də əməliyyat qrupu yaradıldıqdan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsində onun və 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Bölmənin rəhbərliyinə Təqsirləndirilən şəxs gətirilməsi barədə raportla məruzə edilmiş, araşdırmanın aparılması 15-ci PB-nin X14ə həvalə edilmişdir. Təhqiqatçının xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən X18 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirib bununla əlaqədar etirazının olub-olmadığını soruşmuş, o da etirazının olmadığını demişdir. X18 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddə kakos olduğunu və şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsində saat 17:00 radələrində Rəşad Mirzəyevlə birlikdə saxlamışdırlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən 1 büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs şəxsi avtomobilə polis bölməsinə gətirmişlər. Saxlanılan zaman təqsirləndirilən şəxsin qoluna qandal vurmamışdırlar. Təqsirləndirilən şəxsin saxlanıldığı Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti ərazisinə daxildir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 106-108). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır, lakin atası ilə yaxşı münasibəti olmuşdur. Hadisə baş verən gün, yəni 2022-ci ilin noyabr ayında İsmayıl işlədiyi “Stomatoloji Mərkəz”-in qarşısında çayxanada əyləşərkən 2-3 avtomobil həmin əraziyə yaxınlaşmış və içərisində olan şəxslər avtomobildən düşərək “Stomatoloji Mərkəz”-ə daxil olmuşlar. Onlar dərhal həmin obyektin qarşısına getdikdə o, həmin şəxslərin mülki geyimli polis əməkdaşları olduqlarını bilmişdir. Onlar obyektin qarşısında dayanıb içəriyə baxanda o, polis əməkdaşlarının otaqları axtardığını görmüşdür. Hadisə saat 13:30 radələrində baş vermiş, ondan başqa çayxanada olan digər şəxslər də Təqsirləndirilən şəxs saxlanılmasının şahidi olmuşlar. İsmayılı şəxsən tanımasa da, ona diş proteziylə bağlı 1 dəfə müraciət etmişdir. Bundan əvvəl bir neçə dəfə məhkəmə iclaslarına gəlib zalda şahid kimi oturmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs atası Elyar Qəmbərovla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində stomatoloji mərkəzdə olarkən nahar fasiləsi ərəfəsində polis əməkdaşları içəriyə daxil olub X1. Elyar Qəmbərov da polis əməkdaşlarına İsmayılın artıq narkotik vasitələrdən istifadə etmədiyini və İsmayılı axtarmağı dayandırmalarını demişdir. X20 İsmayılın Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yeni laboratoriya mərkəzini icarəyə götürdüyünü bildirmişdir. Polis əməkdaşları X12 işlətdiyi həmin yerə birlikdə getmələrini deyib dayısının telefonunu söndürmüşlər. Polis əməkdaşlardan birinin adı Sirac olmuşdur. O, həmin vaxt qonşu obyektdə işləyən “Mirhəsən” adlı şəxsə İsmayılın polis əməkdaşları tərəfindən saxlanılacağını və buna görə də Elyar Qəmbərovun obyektinin açarını ona verməli olduğunu bildirmişdir. Mirhəsən onunla birlikdə Elyar Qəmbərovun arxasınca getmək istədiyini bildirdiyindən onunla birlikdə taksi ilə İsmayılın işlətdiyi yerə getmişlər. Həmin əraziyə çatdıqda polis əməkdaşları İsmayılın obyektində axtarış aparmışlar. Həmin obyektin şüşələri şəffaf olduğundan obyektin içərisində axtarış aparıldığı aydın görünmüşdür. Sonra da polis əməkdaşları İsmayılı qandallayıb polis bölməsinə aparmışlar. Hadisə saat 13:30 radələrində baş vermişdir. İsmayıl hadisədən 5 gün əvvəl Məhəmmədi qəsəbəsi, “Ekonom” marketdən 50 metr irəlidə yeni laboratoriya mərkəzini icarəyə götürmüşdür. İsmayıl əvvəllər atasının yanında “Zabrat-1” qəsəbəsində işləmişdir. İsmayılı “Chevrolet Niva” markalı avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Onlar Məhəmmədi qəsəbəsində İsmayılın işlətdiyi yerə nə baş verəcəyini görmək üçün getmişlər. Polis əməkdaşları mülki geyimdə olduğundan və ətrafda olan şəxslər obyektin qarşısında toplaşdığından onları tanıya bilməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işlədiyi obyektdə olarkən Təqsirləndirilən şəxs dayısı oğlu gəlib Elyar Qəmbərovun polis əməkdaşları ilə birlikdə oğlu Təqsirləndirilən şəxs Abşeron rayonu, Məhəmmədi qəsəbəsində olan laboratoriya mərkəzinə getdiklərini, buna görə də Elyar Qəmbərovun obyektin açarını ona vermək istədiklərini demişdir. O isə onlarla birlikdə getmək istədiyini bildirərək Elyar Qəmbərovun bacısı oğlu Əbülfəzlə birlikdə taksi ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Məhəmmədi qəsəbəsində olan laboratoriya mərkəzinə getmişlər. Onlar həmin əraziyə yaxınlışdıqda Təqsirləndirilən şəxs işlətdiyi laboratoriya mərkəzində polis əməkdaşlarının axtarış apardığını görmüşdür. Həmin vaxt əraziyə “Chevrolet Niva” markalı avtomobilin yaxınlaşdığını və həmin avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılan şəxsin olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşdirib aparmışlar. Onlar da taksi ilə Zabrat-1 qəsəbəsinə getmişlər. Bu hadisədən 2 gün sonra İsmayılın atası Elyar Qəmbərovu gördükdə o, İsmayılın polis bölməsində polis əməkdaşları tərəfindən narkotik vasitə ilə yükləndiyini bildirmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Məhəmmədi qəsəbəsində olan laboratoriya mərkəzinə günorta saatlarında getmişlər. Məhkəmə şahid qismində dindirilmiş X4, X11 və X3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək həmin şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qararla tanış edərək üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindan 1 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə kokosa bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Aşkar olunmuş həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 27-28). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cİ il tarixli 6/6543 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 161” möhür əksi və “Vət. Təqsirləndirilən şəxs....” və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,426 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,426 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,326 qram, cild 1, iş vərəqə 36-40). Cinayət işinin materiallarında olan 11 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-dən və 19 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-dən məhkəməyə göndərilmiş CD disklərdən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 istifadəsində olmuş mobil telefonların əhatə dairələri Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi kimi 14 noyabr 2022-ci il tarixdə günorta saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsini göstərməmiş və həmin şahidlərin mobil telefonlarının əhatə dairələri təqsirləndirilən şəxsin 14 noyabr 2022-ci il tarixdə 17:00 radələrində tutulduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsini göstərmiş, həmçinin təqsirləndirilən şəxsin həmin tarixdə saat 17:00 radələrində anten dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində 14 noyabr 2022-ci il tarixdə günorta saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində tutulması ilə bağlı xüsusatlar həmin məlumatlar ilə təkzib olunmuşdur (cild 2). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi Ambulator X2 7347 nömrəli 5 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülümüşdür (cild 1, iş vərəqə 87-88). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs iki polis əməkdaşı ilə birgə polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra Sabunçu RPİ 15-ci Polis bölməsinin X14, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində şübhəli bilindiyi üçün Sabunçu RPİnin 15-ci PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Polis bölməsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra X18, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. X14 tərəfindən büküm açılarkən içərisindən maddə aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirilsə də, üzərindən başqa heç nə aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş maddə “kakos”-dur, həmin maddəni Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manat verərək özünün istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan 1 ədəd büküm X18 tərəfindən zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir. Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən zərf imzalanır (cild 1, iş vərəqə 51). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,426 qram olan narkotik vasitə heroin iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,326 qram olan heroin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd “CD” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 93-94). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 134). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 70-80). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətlər məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,9 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,326 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,9 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,326 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar