Məhkəmə qərarları › İş №1(101)-1062/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1062/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1062/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şamış, 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, tünd qəhvəyi rəngli qətranabənzər maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki, üzərində “F/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə hesab edilən metadon preparatını və kustar üsulla hazırlanmış ağ kristallik şəkilli psixotrop maddə olan metamfetamini əldə edərək daşıyıb, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, ev 68 ünvanına gətirib gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə yataq otağında saxlamış, həmin məqsədlə 11 yanvar 2021-ci il tarixdə günorta saatlarında qeyd edilən narkotik vasitələrdən heroinin 1,690 qram hissəsini 1 (bir) ədəd bükümdə, tiryəkin 3,110 qram hissəsini 1 (bir) ədəd bükümdə əynində olan tünd göy rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 17:00 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə əldə edərək daşıdığı 1 (bir) ədəd bükümdə 1,690 qram çəkidə narkotik vasitə olan heroin və 1 (bir) ədəd bükümdə 3,110 qram çəkidə narkotik vasitə olan tiryək əynində olan tünd göy rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:30 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən yataq otağında olan divanın küncünə qoyduğu satış məqsədi ilə əldə edərək saxladığı qara rəngli pul kisəsində içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,943 qram,1,030 qram, 1,020 qram,1,210 qram olmaqla, cəmi təmiz çəkisi 4,203 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,153 qram, 35,640 qram, 19,242 qram, 9,585 qram, 4,342 qram, 3,115 qram, 1,130 qram, 1,050 qram,1,025 qram,1,032 qram,1,987 qram, 1,043 qram olmaqla, cəmi təmiz çəkisi 95,344 qram olan tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək, üzərində “F/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli, dairəvi formalı cəmi 6 (altı) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,240 qram olan narkotik vasitə hesab edilən metadon preparatı, 4 (dörd) ədəd üzəri yapşqanlı lentlə bağlanmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,611 qram, 3,698 qram, 3,690 qram, 3,478 qram olmaqla, cəmi təmiz çəkisi 14,477 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,612 qram, 0,483 qram, 17,425 qram olmaqla, cəmi təmiz çəkisi 18,950 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunmamışdan təxminən bir ay əvvəl özünü ona İran vətəndaşı Şahbuz kimi təqdim edən şəxslə tanış olmuşdur. Ona narkotik vasitələrdən istifadə etməsini bildirdikdə, Şahbuz onun üçün narkotik vasitə göndərə biləcəyini bildirmişdir. Tutulmamışdan təxminən bir ay qabaq Şahbuz adlı şəxslə görüşmədən onun kartına pul göndərməklə az miqdarda şəxsi istifadəsi üçün heroin və tiryək almış, həmin narkotikləri özü istifadə etmişdir. Sonuncu dəfə 08 yanvar 2020-ci il tarixdə yenə Şahbuzla «vatsap» vasitəsi ilə danışmış və Şahbuz ona göndərəcəyi kartın hesabına 550 manat ödəyəcəyi təqdirdə ona narkotik vasitə göndərəyini bildirmişdir. Sonra o, Şahbuzun dediyi Binəqədi rayonu, «Gənclər şəhərciyi» adlanan əraziyə gedərək oradan bağlama götürmüş və onun kartına 550 manat pulu terminal vasitəsi ilə göndərmişdir. Həmin bağlamanın içərisində 5 büküm olmaqla çəkisi 5 qramdan çox heroin, 13 büküm olmaqla çəkisi 98 qramdan çox tiryək, 4 kibrit qutusunda çəkisi 14 qramdan çox marixuana, 4 büküm olmaqla çəkisi 18 qramdan çox metamfetamin və 6 (altı) ədəd metadon həbləri olmuşdur. Həmin narkotik vasitələri özünə məxsus elektron tərəzidə çəkdiyindən onların miqdarını bilmişdir. 11 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı ünvanın yaxınlığında piyada gəzərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Baş idarəyə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, o, əynində olan gödəkcəsinin sağ yan cibindən qara rəngli pul kisəsinin içindən 1 bükümdə heroini və 1 bükümdə tiryəki polis əməkdaşlarına təqdim etmiş, həmçinin narkotik vasitələrin qalan hissəsinin yaşadığı evdə olmasını demişdir. Sonra polis əməkdaşları onun razılığı ilə evinə baxış keçirmiş, yataq otağında olan divanın küncündən qara rəngli pul kisəsinin içindən 4 ədəd bükümdə heroini, 12 ədəd bükümdə tiryəki, 4 bükümdə metamfetamini, 6 ədəd metadon həblərini, 4 ədəd skoçla bağlanmış kibrit qutusunda marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, sonra polis işçiləri narkotik maddələri zərflərə qoyub möhürləmiş və götürmüşlər. Bütün göstərilənlər barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokolu o da, doğru yazıldığına görə imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə ona ünvan 2şayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məhğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan və Baş idarənin baş əməliyyat müvəkkili X1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. 11 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Yasamal rayonu, M.İbrahimov küçəsi, 68 ünvanın yaxınlığında əlamətləri Təqsirləndirilən şəxs oxşar şəxs piyada hərəkət edərkən saxlanılmış və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada müvafiq araşdırma aparılması təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillə təmin edilmiş, vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, bu zaman videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini çıxarıb içərisində olan 1 bükümdə heroinə bənzər və 1 bükümdə tiryəkə bənzər kütlələri masanın üzərinə qoymuşdur. Sonra onun üzərində axtarış aparılarkən müxtəlif şəxsi əşyaları aşkar olunmuş, həmin əşyalar əhəmiyyət kəsb etmədiyinə görə ona qaytarılmışdır. Təqdim edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, 1 bükümdə herionə bənzər kütlənin çəkisinin 2,14 qram, tiryəkə bənzər kütlənin çəkisinin isə 3,51 qram olması müyyən olunmuşdur. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin və tiryəkin özünə məxsus olduğunu, həmin bükümü İran vətəndaşı kimi tanıdıığ Şahbuz adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə 3 gün qabaq Binəqədi rayonu, «Gənclər şəhərciyi» adlanan ərazidə qoyulan yerdən götürdüyünü, Şahbuz adlı şəxslə telefonla əlaqə saxladığını, tiryəkin qramını 10 manatdan, heroinin qramını isə 25 manatdan, qurudulmuş marixuananın bir kibrit qutusunu 80 manatdan satışını həyata keçirdiyini, həmin narkotik vasitələrin satışından əldə edilmiş pulları sonuncunun ona göndərdiyi kart hesabına göndərdiyini, yaşadığı ünvan 4 ünvanında da narkotik maddələr saxladığını, onları da təqdim edə biləcəyini, yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, protokol iştirakçılara ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində daha sonra bildirdi ki, əməliyyat tədbirinin djavamı olaraq onlar Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən onun yaşadığı ünvana getmiş, ünvan 5nda da müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, sonuncu, könüllü olaraq həmin mənzildə olan divanın sağ küncündən 1 ədəd çantanı masanın üzərinə qoymuşdur. Həmin çantaya baxış zamanı içərisindən 4 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə, 4 büküm kristal şəkilli psixotrop maddə mütamfetaminə oxşar maddə, 12 büküm tünd qəhvəyi rəngli tiryəkə bənzər maddə, 1 bükümdə 6 ədəd “Metadon 40” həbləri və 1 ədəd elekton tərəzi aşkar edilmişdir. Sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, onların hər birinin miqdarı müəyyən edilmişdir. Hazırda həmin narkotik vasitələrin hər birinin miqdarını dəqiq xatırlamasa da, istintaqa verdiyi ifadəsində bunları dəqiq göstərmişdir və həmin ifadəsini təsdiq edir. Daha sonra aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr kağız zərflərə qoyularaq qablaşdırılmış, möhürlənmiş, orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri də İran vətəndaşı Şahbuz adlı şəxsdən satış məqsədi ilə 3 gün əvvəl Binəqədi rayonu «Gənclər şəhərciyi» adlanan ərazidən əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs və barəsində toplanmış materiallar müvafiq qərar qəbul edilməsi üçün Yasamal rayon Polis idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində və yaşadığı ünvanda baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin gün saat 18:00-da Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən, o, əynində olan tünd göy rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini təqdim edərək, içərisindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin və 1 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Protokola əsasən, həmin bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin və tiryəkə bənzər maddənin olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 30-33). İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin gün saat 19:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, ev 68 ünvanında olan divanın sağ küncündən 1 ədəd qara rəngli tutacağı olan çanta təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin çantaya baxış zamanı içərisindən 4 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 4 büküm açıq qəhvəyi rəngli kristal şəkilli psixotrop maddə olan mütamfetaminə bənzər maddə, 12 büküm tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər maddə, 1 bükümün içərisindən 6 ədəd “Metadon 40” həbi və 1 ədəd elekton tərəzi aşkar edilmişdir (cild 1, iş vərəqi 36-38). Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 6/122 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi” sözləri, soyad və imzalar qeyd edilmiş paket içərisində (1 №-li kağız paket) bir ədəd bükümdə təmiz çəkisi 1.690 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3.110 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Üzərində “…Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı” sözləri yazılmış (2 №-li kağız paket) paket açıldıqda içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.943 qr., 1.030 qr., 1.020 qr., 1.210 qr., ümumi təmiz çəkisi 4.203 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16.153 qr., 35.640 qr., 19.242 qr., 9.585 qr., 4.342 qr., 3.115 qr., 1.130 qr., 1.050 qr., 1.025 qr., 1.032 qr., 1.987 qr., 1.043 qr., ümumi təmiz çəkisi 95.344 qrm olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - tiryəkdir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.430 qr., 0.612 qr., 0.483 qr., 17.425 qr., ümumi təmiz çəkisi 18.950 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 6 ədəd olan “F/M 40” göstəricili həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin (6 ədəd həb) tərkibindən metadonun təsir maddəsinin ümumi miqdarı 0,240 qram təşkil edir. 1 və 2 nömrəli kağız paketlərdəki heroinlər, metamfetaminlər, tiryəklər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 1 ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların miqdarını müəyyən etmək mümkün olmadı (cild 1, iş vərəqi 47-57). Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 12 yanvar 2021-ci il tarixli 7/48 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı təqdim etdiyi” sözləri yazılmış (2 №-li kağız paket) paket açıldıqda içərisində 4 ədəd üzəriləri skoçla bağlanmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.611 qram, 3.698 qram, 3.690 qram, 3.478 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 14.477 qramdır. Təqdim olunmuş 4 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 ədəd qara rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur (cild 1, iş vərəqi 58-62). Cinayət işinə əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd «ZYKLEN» markalı «DVD-R» 4,7 GB texniki göstəricili diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynində olan tünd göy rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini təqdim edərək, içərisindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin və 1 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin bükümlərin içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin və tiryək olması müyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi heroinin və tiryəkin özünə məxsus olduğunu, həmin bükümü İran vətəndaşı Şahbuz” adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, «Gənclər şəhərciyi» ərazisində qoyulan yerdən götürdüyünü, Şahbuz adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxladığını, narkotik vasitə olan tiryəkin qramını 10 manatdan, narkotik vasitə olan heroinin qramını 25 manatdan, narkotik vasitə olan qurudulmuş marixuananın bir kibrit qutusunu 80 manatdan satışını həyata keçirdiyini, həmin narkotik vasitələrin satışından əldə edilmiş pulları sonuncunun ona göndərdiyi kart hesabına göndərdiyini bildirmişdir (cild 1, iş vərəq 105-106). Cinayət işinə əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı «ZYKLEN» markalı «DVD-R» 4,7 GB texniki göstəricili diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə göstərilən ünvanda yerləşən divanın sağ küncündən 1 ədəd qara rəngli tutacağı olan əl çantasına bənzər pul qabını təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin çantaya baxış zamanı içərisindən 4 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 4 büküm açıq qəhvəyi rəngli kristal şəkilli psixotrop maddə olan mütamfetaminə bənzər maddə, 12 büküm tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər maddə, 1 bükümün içərisindən 6 ədəd “Metadon 40” həbi və 1 ədəd elekton tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olmasını, həmin kütlələri İİR vətəndaşı Şahbuz adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, «Gənclər şəhərciyi» ərazisində qoyulan yerdən götürdüyünü bildirmişdir (cild 1, iş vərəq 107-108). Məhkəmə ambulator-narkoloji ekspertizasının 01 fevral 2021-ci il tarixli 293 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 123-124). Məhkəmə ambulator-psixiatrik ekspertizasının 02 fevral 2021-ci il tarixli 236 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəq 125-127). Cinayət işində olan Yasamal RPİ Narkotiklərlə Mübarizə bölməsinə verilmiş əməliyyat tapşırığına 01.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmış şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 146). İbtidai istintaq orqanının 19.04.2021-ci il tarixli qərarına əsasən, iş üzrə götürülmüş narkotik vasitələr və psixotrop maddələrin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumilikdə 18,870 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 98,234 qram olan narkotik vasitə tiryək, cəmi qalıq çəkisi 5,763 qram təşkil edən heroin, cəmi qalıq çəkisi 14,397 qram təşkil edən qurudulmuş marixuana, 6 ədəd “F\M40” göstəricili metadon həbləri, həmçinin 2 ədəd «ZYKLEN» markalı «DVD-R» 4,7 GB texniki göstəricili disklər və 1 ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitələr və psixotrop maddələr Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, SD disklər isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 168-179). Cinayət işinə əlavə olunmuş 27.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 113). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumilikdə 18,870 qram təşkil edən psixotrop maddə olan metamfetamin, cəmi qalıq çəkisi 98,234 qram narkotik vasitə olan tiryək, cəmi qalıq çəkisi 5,763 qram heroin, cəmi qalıq çəkisi 14,397 qram qurudulmuş marixuana, 6 ədəd olan “F/M 40” göstəricili həblər məhv edilməli, həmçinin 2 ədəd «ZYKLEN» markalı «DVD-R» 4,7 GB texniki göstəricili və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 148 (yüz qırx səkkiz) manat 28 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 148 (yüz qırx səkkiz) manat 28 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2021-ci il tarixli 293 saylı rəyinə əsasən belə hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumilikdə 18,870 qram təşkil edən psixotrop maddə olan metamfetamin, cəmi qalıq çəkisi 98,234 qram narkotik vasitə olan tiryək, cəmi qalıq çəkisi 5,763 qram heroin, cəmi qalıq çəkisi 14,397 qram qurudulmuş marixuana, 6 ədəd olan “F/M 40” göstəricili həblər məhv edilsin, həmçinin 2 ədəd «ZYKLEN» markalı «DVD-R» 4,7 GB texniki göstəricili və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 148 (yüz qırx səkkiz) manat 28 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar