Məhkəmə qərarları › İş №1(101)-1062/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1062/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1062/2022 29.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi – anası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvnında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı dövrdə, 01 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanda yerləşən 64 saylı tam orta məktəbin həyətyanı sahəsində yetkinlik yaşına çatmayan 15 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hadisədən bir qədər əvvəl ona oxuduğu 272 saylı orta məktəbdə tanışı olan qıza sataşmasını və onun arxası ilə danışmasını irad bildirərkən aralarında baş vermiş mübahisə zəminində o, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bıçağı sol əlində tutaraq qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurub ona periton boşluğuna nüfuz edən və böyük piyliyin eventirasiyası (yaradan piyliyin xaric olması) ilə müşayiət olunan qarının ön divarının 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, 2011-ci ildə Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəbə getmiş, 9-cu sinifdən həmin məktəbdən çıxıb Nizami rayonu 272 saylı tam orta məktəbə getmişdir. 2021-ci il tarixdə həmin məktəbi bitirmiş, məktəbi bitirəndən sonra heç yerdə işləməmişdir. X2 ilə anası X1 2012-ci ildə ayrılmış, o, bacısı ilə bir yerdə anasının yanında yaşayırlar. Zərərçəkmiş şəxs əvvəllər yaşadığı məhəllədən tanımış, Əliqasım da onun əvvəllər yaşadığı məhəllədə yaşamışdır. Zərərçəkmiş şəxs özünü məhəllədə və parkda düzgün aparmamış, hətta X4 içlərisində tanışı olan qızlarada söz atmış, həmçinin də onun arxasınca nəlayiq sözlər danışmışdır. 01 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Nizami rayon ərazisində yerləşən 272 saylı orta məktəbin qabaq çıxışının yaxınlığında Əliqasımla qarşılaşmış, onunla dərtləşmək üçün bir az gəzməklərini demiş, Əliqasım da problem olmadığını gəzişə bilərlər demişdir. Əliqasımla birlikdə 272 saylı orta məktəbin yanında piyada hərəkət edib bir az gəzişmiş, sonra piyada gəzə-gəzə Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 26 saylı ünvanda yerləşən 64 saylı tam orta məktəbin həyətinə getmişlər. Orada Əliqasımdan hansı səbəbdən onun tanıdığı qızlara sataşmasını soruşmuş, Əliqasım da heç kimə sataşmadığını bildirmişdir. Daha sonra Əliqasım özü etiraf etmişdir ki, bu cür hadisələr olmuş, Əliqasımdan hansı səbəbdən onun arxasınca danışdığını və ünvanına nəlayiq söyüşlər söydüyünü soruşmuş, Əliqasım da müxtəlif bəhanələr gətirmişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı yumruqla onun sağ qol nahiyəsindən bir dəfə vurmuş, sonra Əliqasım onun üzərinə gəlmiş, bir-birini əlləri ilə tutub əl-bəyaxa olaraq yerə yıxılmışlar. Yerdə olarkən bir-birlərini vurmaq istəmiş, sonra isə ayağa qalxmışlar. Əliqasım idmançı olduğu üçün, əlləri və ayaqlan ilə onu vurmağa başlamiş, ona gücü çatmadığından yerdə olan qara rəngli qalın uclu bir şüşəni götürüb Əliqasımı qorxutmaq istəmişdir. Həmin vaxtı Əliqasım qabağa gəlmiş, onu qorxutmaq istəyərkən əlində olan şüşə ilə onun qarın nahiyəsindən vurmuşdur. Bundan sonra Əliqasım əlini qarnına tutaraq qaçmış, o da onun arxası ilə getmiş, X4 Əliqasımı tapmış, həmin vaxtı onun əynində olan gödəkçəsi qanın içində olmuşdur. O, orada ona su, şokolad alıb vermiş, həmçinin spirt və bint alıb Əliqasımın yarasını spirtlə təmizləmiş, sonra isə binti dördkünc edərək onun yarasına qoyub əlini də bintin üstünə qoymuşdur ki, yarasında binti saxlasın. Həmin vaxtı konturu olmamış, lakin yanında adını bilmədiyi bir nəfər şəxs olmuş, həmin şəxsdən xahiş etmişdir ki, X7a zəng etsin. Həmin şəxs də X7a zəng etmiş, X7 maşını ilə həkimlər gəlmiş, özü Əliqasımı avtomobilə yerləşdirərək xəstəxanaya yola salmışdır. O, sonra çıxıb evlərinə getmiş, evdə bu barədə heç kimə məlumat verməmişdir. Əliqasımla barışmış, hadisə baş verdikdən dərhal sonra Əliqasıma ilkin yardım göstərmiş, Əliqasım ondan şikayətçi deyil, törətdiyi əməldən çox peşimandır. Məhkəmədə qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Nizami rayonu ərazisində yerləşən 272 saylı orta məktəbdə təhsil aldığı üçün tez-tez həmin məktəbə gedib gəldiyindən yaşça ondan böyük olan və əvvəllər həmin məktəbdə oxumuş Təqsirləndirilən şəxs narahat olmuşdur. O, bir dəfə 272 nömrəli məktəbə gedərkən məktəbin arxa çıxışında Kamran onun qarşısını kəsərək istədiyi qıza sataşdığını ona irad tutmuş, bildirmişdir ki, bu məktəbə hər hansı qıza sataşmağa və ya tanış olmağa deyil, əvvəllər birgə təhsil aldığı sinif yoldaşlarını görməyə gəlir. Onun Kamranla bu görüşü 01 oktyabr 2021-ci il tarixdə saat təxminən 15 radələrində olmuş, Kamran təklif etmişdir ki, bu mövzunu ayaqüstü deyil, sakit bir yerdə geniş müzakirə etməlidirlər. O da Kamrana bildirmişdir ki, burada müzakirə ediləsi bir şey уoxdur. Onun, haqqında danışdığı qızı tanımamış, onun dediyi şəxsə görə də məktəbə getməmiş, Kamran isə israrla burada deyil təklikdə sakit bir yerdə görüşmək istədiyini bildirmişdir. Kamrana yaxınlıqdakı çardaxda oturub söhbət edib müzakirə edə biləcəklərini demiş, Kamranın çox israrından sonra Kamranın dediyi yerə birlikdə gəzə-gəzə piyada getmişlər. Həmin yer Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbin həyəti olmuş, Kamran istədiyi qıza sataşdığını bəhanə gətirərək orada onunla mübahisə edib ona yumruq atmış, lakin onun yumruğundan yayınmışdır. Daha sonra təpik zərbəsi ilə onun sol çiyin nahiyəsindən vurmuş, sonra isə Kamran cibindən çıxartdığı tiyəsi qara rəngdə olan ucu iti olan və sol əlində saxladığı bıçaqla onun qarın nahiyəsinin sağ boşluğuna bir zərbə endirmiş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Sonra ayağa qalxanda sağ qarın nahiyəsindən qan axtığını və bədəninə istilik gəldiyini hiss etmiş, öskürdükdə ətinin yarasını görmüş, sağ əli ilə yaranı tutaraq oradan uzaqlaşmışdır. Sonra gödəkçəsini çıxarıb yarasına baxdıqda görmüşdür ki, yarasından qan axır. Bundan sonra Xalqlar Dostluğunda yerləşən parkın yanına getmiş, bir qədər sonra Kamranda onun yanına gələrək ondan üzrxahlıq edərək əməlindən peşman oldğunu bildirmişdir. Daha sonra isə Kamran ona su və şokolad alıb vermiş, yarasını təmizləmiş, yarasının üstünə bind qoymuş, bir qədər sonra X7 həkimləri gəlib onu xəstəxanaya aparmış, xəstəxanada həkimlər onu müayinə etmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Əliqasım 2013-cü ildə Bakı şəhəri, Nizami rayonu 272 saylı məktəbin 1-ci sinifinə, 2019-cu ildən isə Nizami rayonu, 109 saylı orta məktəbin 6-cı sinifinə getmiş və hazırda 109 saylı tam orta məktəbdə oxuyur. 01 oktyabr 2021-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman 3 saylı şəhər kliniki xəstəxanasından hansısa həkim zəng edib oğlu Əliqasımın bıçaq xəsarətindən onlara müraciət etməsi barədə məlumat vermiş, dərhal həmin xəstəxanaya gedib görmüşdür ki, oğlu xəstəxanada həkimlər tərəfindən müayinə olunur. Sonra oğlundan hadisə barədə xəbər alan zaman Əliqasım bildirmişdir ki, onu tanışı Kamran adlı şəxs Xətai rayonu ərazisində yerləşən 64 saylı orta məktəbin həyətində aralarında baş vermiş mübahisə zamanı 1 dəfə qarın nahiyyəsinə kəsici alətlə vurub xəsarət yetirmişdir. Sonra xəstəxanaya Nizami RPİ-nin əməkdaşları gəlib oğlu Əliqasımdan izahat almışlar. Bundan sonra oğluna bədən xəsarəti yetirmiş Kamranın anası xəstəxanaya gəlib müalicə xəsrclərini ödəyərək onlardan üzrxahlıq etmiş, buna görə də Təqsirləndirilən şəxsla barışmışlar, onların Kamrana qarşı şikayəti və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1992-ci il tarixdən Səhiyyə Nazirliyinin 6 №-li X7 Stansiyasında həkim işləyir. 6 №-li TTYS-ı ünvan 4 ünvanda yerləşir. 01 oktyabr 2021-ci il tarixdə axşam saatlarında işdə olan zaman Nizami rayonu ərazisində yerləşən ünvan 5 ünvanda bir nəfər cavan oğlanın kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olmuş, dərhal tibb bacısı Şahid2 ilə birlikdə deyilən ünvana yollanmışlar. Həmin ünvana daxil olan zaman bir nəfər cavan oğlanın həyətdə olan oturacağın üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Dərhal həmin yerdə oğlana yaxınlaşıb ona ilkin tibbi yardım göstərib həmin şəxsin qarının ön divarında kəsilmiş-deşilmiş yarası olduğunu görmüşlər. Tez həmin şəxsi X7 maşınına mindirib onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Həmin xəstəni xəstəxanaya aparan kimi xəstəxanada cərrah baxıb xəstəni cərrahi əməliyyata götürmüş, sonra onlar iş yerinə qayıtmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Nizami rayon şöbəsinin Məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2022-ci il tarixli 1096 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər-periton boşluğuna nüfuz edən və böyük piyliyin eventirasiyası (yaradan piyliyin xaric olması) ilə müşayiət olunan qarının ön divarının 1 ədəd deşilmiş-kəsilmiş yarası-iti kənara malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 01 oktyabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (iş vərəqə 42-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 Hüquqi şəxsinin 31 mart 2022-ci il tarixli 130-2022/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Mayka üzərində zədə öz əksini tapmamışdır, bu da, həmin paltarın yerdəyişməsi ilə (ola bilsin yuxarı qalxması ilə) izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. (iş vərəqə 190-192) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 Hüquqi şəxsinin 06 aprel 2022-ci il tarixli 158/2022-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, qısaqol mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A/İİ/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vərəqə 193-197) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 Hüquqi şəxsinin 17 mart 2022-ci il tarixli 688 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs əqli gerilik (kəmağıllıq) qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, özünəməxsus prinsiplərə malik olmaq, hiss və yaşantılarını büruzə verməyi bacarmaq kimi fərdi-psixi xüsusiyyətə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. (iş vərəqə 198-201) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 Hüquqi şəxsinin 17 mart 2022-ci il tarixli 689 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs təqdim olunmuş sənədlərə əsasən əvvəllər psixi xəstəlik keçirməmişdir. Zərərçəkmiş şəxs hal-hazırda psixatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Cinayət işi materiallarına əsasən Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs intellektual imkanları normaya uyğundur, onun əqli inkişafında gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarına uyğun olaraq baş verən hadisə zamanı özünün etdiyi və onunla edilən hərəkətlərin mahiyyətini tam dərk etmək, habelə öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs ünsiyyətçilik, düşdüyü mühitə tez uyğunlaşmaq, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı özünün etdiyi, həmçinin onunla edilən hərəkətlərin mahiyyətini adekvat olaraq qavramaq, dərk etmək, bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs onun davranışlarına mühüm təsir göstərə biləcək fərdi-psixi xüsusiyyət(lər) müəyyən edilmədi. (iş vərəqə 202-205) İş materiallarında olan xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri eynilə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmişdir. (iş vərəqə 31-33) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri eynilə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmişdir. (iş vərəqə 118-120) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı onlar ifadələrində göstərilənləri eynilə təsdiq etmişlər. (iş vərəqə 116-117) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs ağır bədən xəsarətini bıçaqla deyil, hadisə yerində yerdən tapdığı şüşə qırıntısı ilə yetirdiyini qeyd etsə də, onun ifadəsindəki bu xüsusatlar özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 139) İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. (iş vərəqə 45) İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi - anası Qanuni nümayəndə tərəfindən yazılan notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, AR CM-in 59.1.11-ci maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində AR CM-in 59.1.11 və 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olduğundan və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadığından, ona təyin edilmiş cəzanın müddəti onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 78) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd mayka və 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd mayka və 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov uliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar