Məhkəmə qərarları › İş №1(101)-1062/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1062/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1062/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, keçid 1850, 18 nömrəli yataqxana, ev 5A qeydiyyatda olmaqla, faktiki Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 2 ünvanında yaşamış, barəsində Suraxanı rayon məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 3,086 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, həmin narkotik vasitə heroinin 0,502 qram təşkil edən hissəsini 15 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində tanışı Şahid3 10 manat müqabilində satıb, xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 2,584 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə üzərində saxlamaqla daşımış və 15 iyul 2023-cü il tarixdə saat 12:00-da Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,584 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, narkotik vasitə istifadə edir. O, narkotik vasitələri şəxsi istifadəsi üçün özünü Əbdül kimi təqdim etmiş İran vətəndaşından almışdır. Lakin Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 qramdan az narkotik vasitə heroin olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Suraxanı RPİ-nin 33-cü PB-ə aparılmışdır. Həmin bölmədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni şəxsi istifdəsi üçün əldə etdiyini bildirmişdir. Suraxanı RPİ-nin 33-cü PB-də ona üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarı barədə məlumat verilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ittiham aktında qeyd edilmiş miqdarda narkotik vasitə olmadığını, üzərində 1 qramdan az narkotik vasitə olduğunu bildirmişdir. O, həmçinin Şahid3 adlı həmkəndlisinə narkotik vasitə satmadığını, sonuncunun ağrıları olduğu üçün özündə olan narkotik vasitəni pay kimi ona verdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən döyüldüyünü, lakin bu barədə heç bir hüquq mühafizə orqanlarına şikayət etmədiyini bildirmişdir. O, ifadəsində daha sonra qeyd etmişdir ki, ***-***-**-** saylı mobil nömrəsi ona məxsusdur və həmin mobil nömrəni istifadə etmişdir. O, ifadəsində daha sonra göstərmişdir ki, polis əməkdaşları tərəfindən döyülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs Rəhmi oğlu məhkəmə baxışı zamanı elan edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, narkotik maddə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə İİR-nın vətəndaşı olan adının Əbdül olduğunu bildiyi şəxsdən qramı 28 manatdan narkotik vasitə heroin almışdır. Onun niyyəti həmin narkotik maddəni həm özü istifadə etmək, həm də satmaq olmuşdur. 15 iyul 2023-cü il tarixdə təxminən saat 12 radələrində ünvan 5 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsinin vacib olduğunu bildirərək onu 33cü PB-ə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə 33-cü PB-ə gəlmişdir. 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Vəkili ilə görüşdükdən sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və əynindəki həmin cins şalvarın sol yan cibindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin bir ədəd bükümün içərisində heroin olduğunu, onu İİR-nın vətəndaşı olan Əbdül adlı şəxsdən həm öz şəxsi istifadəsi üçün, həm də satmaq məqsədilə alıb əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm və bir ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı ünvan 5 ünvanında yerləşən evə baxış keçirilməsinin vacib olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmadığını soruşmuşlar. O, da etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra isə bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində göstərdiyi narkotik vasitə olan heroini aldığı şəxsin İİR-nın vətəndaşıdır, adı Əbdül idi, soyadını, atasının adını, ünvanını bilmir. Üzərindən aşkar olunmuş mobil telefonun nömrəsi ***-***-**-** olmuşdur. Həmin narkotik vasitəni özü istifadə edəcəkdir. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitəni təqdim etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fizki zorakılıq edilmədiyini bildirmiş, əgər Emilə qarşı hər hansı bir fiziki və ya psixoloji təsirin edildiyi halda sonuncunun bu barədə hüquq mühafiz orqanlarına xəbər etməli olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-də sahə inspektoru vəzifəsində işləyir. X9 15 iyul 2023-cü il tarixdə Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda evinin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmişdir. O, əməliyyat qrupunun üzvü olaraq Şahid1 ilə birlikdə Emilin yaşadığı Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 2 ünvanının qarşısına getmişdir. O və əməliyyat qrupunun digər üzvləri Emilə yaxınlaşıb özlərini təqdim etmiş, sonuncuya barəsində narkotik vasitələrin qanunsuz saxlanılması barədə əməliyyat məlumatı daxil olduğundan Suraxanı RPİ-nin 33-cü PB-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 33-cü PB-ə getmişdir. Onlar Emilə xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Emilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz narkotik vasitə, əşya və predmet olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Emil boz rəngli cins şalvarının sağ yan cibindən içərisində heroini bükümdə çıxarıb təqdim edərək həmin narkotik vasitəni Əbdül adlı İran İslam Respublikası vətəndaşından şəxsi istifadə və satış məqsədilə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Emil cibindən mobil telefon da təqdim etmişdir. O, Emilin təqdim etdiyi bükümün içərisindən heroinə bənzər maddə aşkar edildiyini və daha sonra həmin bükümün kağız zərfə qoyularaq qablaşdırıldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün onun evinə getmiş, lakin onun yaşadığı evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamaışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-ə 15 iyul 2023-cü il tarixdə Hövsan qəsəbəsi, İdris Süleymanov küçəsi ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Həmin bölmənin sahə inspektoru Şahid2la birlikdə əməliyyat məlumatında qeyd edilmiş ünvanının qarşısına getmişlər. Emil evinin yaxınlığında dayanmış vəziyyətdə olarkən sonuncuya yaxınlaşaraq saxlamış, Suraxanı RPİ-nin 33-cü PB-ə dəvət etmişlər. Polis bölməsində Emilin üzərinə təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş zamanı Emil şalvarının sağ yan cibindən 01 ədəd bükümü könüllü təqdim etmişdir. Həmçinin şəxsi axtarış zamanı şalvarının sol cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Daxil olan əməliyyat məlumatında Emilin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs sədrlik edənin sualına cavab olaraq Şahid1 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan heroindən çəkmək you ilə istifadə edir. Təqsirləndirilən şəxs şəxsən tanıyır və onunla yaxın münasibətləri var. O, Emilin də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Vəziyyəti pis olduğu üçün Emil kömək məqsədi ilə, ona bir büküm heroin pay vermişdir. Bunun müqabilindən ondan pul almamışdır. Emil 15 iyul 2023-cü il tarixdə onun yaşadığı evə gəlmiş, birlikdə narkotik vasitə qəbul etmişlər. Emil onun evini tərk etdikdən 15-20 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Emil saxlandıqdan yarım saat sonra isə o özü polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O, məhkəmə baxışı zaman elan edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməyərək Emildən aldığı narkotik vasitələri sonuncunun ona pul müqabilində vermədiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zaman elan edilərək araşdırılmış ifadəsindən görünür ki, o, bir müddətdir ki, narkotik maddə olan heroindən çəkmək you ilə istifadə edir. Narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə 15 iyul 2023-cü il tarixdə tanıdığı Emil adlı şəxsdən 10 manata bir ədəd bükümdə narkotik vasitə heroini almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 15 iyul 2023-cü il tarixdə təxminən saat 14 radələrində ünvan 6 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Şahid3 kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsinin vacib olduğunu bildirərək onu 33-cü PB-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə 33-cü PB-nə gəlmişdir. 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Vəkili ilə görüşdükdən sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin bir ədəd bükümün içərisində heroin olduğunu, həmin heroini tanıdığı Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 10 manata alıb əldə etdiyini bildirmişdir. O, onun barəsində hal-hazırda Suraxanı Rayon polis idarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu bildirmişdir. Ağayev X5 Emil Rəhmi oğlu ilə ibtidai istintaqda üzləşdirmə zamanı sonuncudan narkotik vasitəni almasını göstərmişdir. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 13:00-da (faktiki saxlanılma saat 12:00-da) Eyvazov X6 RPİ-nin 33-cü PBnin baş təhqiqatçısı, polis mayoru Elşən İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 25) İş materiallarında olan 15 iyul 2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ.v. 90-94) İş materiallarında olan 15 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. (i.v. 28) İş materiallarında olan 15 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli heroinə oxşar maddəni təqdim etmişdir. O, narkotik vasitə heroini adını Əbdül kimi tanıdığı İran İslam Respublikası vətəndaşından qramını 28 manata əldə etdyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. (i.v. 29-30) İş materiallarında olan 15 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 2 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. (i.v. 32) İş materiallarında olan 15 iyul 2023-cü il tarixli mənzilə baxış keçirmə və maddi sübutu götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 2 ünvanına baxış keçirilmiş və baxılş zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əlamət aşkar edilməmişdir. (i.v. 33-35) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2023-cü il tarixli 6/3850 nömrəli rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün № 171” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədə bükümdə təmiz çəkisi 2,584 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ.v 41-42) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 7200 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 137-138) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun həmin nömrəsinə aşağıdakı məzmunda mesajlar göndərilmişdir: «Qaqaw coxsagol ama neujeli hecolmasa saatyarim gozlediyime gore bir duyu boyda daw qoymaq olmazdı yoxdu demede deyerdinki 5de borclusan hecolmasa agridan cixardardin bilirsenaxi dawsiz alinmir neceedim», «Ay yetim manla elaqe saxlada axsam da sana dedim axi bir nokdada hecnayim yoxdu zangda elamadin», «Ay yetim agadan yari das goturmak olar?», «Ay yetim so...an bu kolaya adami hec vaziyatdan cixartmadi eva qalxiram sanan xabar gozlayiram san allah yaddan cixartmada basin qarismasin», « Ay yetim na etdin gedib galmisan? Xabar gozlayiram sanan usaq var galib yanima itayir catmisansa verek ona tez de», «Var yoxun s...m yoxumdu tapada bilmiram o usaqda agridaydi getdi gozlamadi catdin». Məhkəmə baxışı zamanı həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən aşağıdakı məzmunda mesajlar göndərilmişdir: «Yekə oğlansan didim sənə ki bidənə əlim düzəlsin 11 qram komek eliye», «Hara gəlsən diyr gəlim başun xərəbdi gözdə diycəm indi sənə necə el», «ə 15 diy nə verir günəşli», «Agarizada yoxdurki m», «Salam Nahid yox qaqaş heçneyim yoxdu götürəcəm hələ sağlığ olsun», «hə qaqaş necə ürəyim istyr alınan kimi ses eliyərin gəlib götrərsən», «Ay yetim 5 diy das d», «Ay yetim manin falqa», «kartinin lap axir 4», «yari yox yetm alinmir», «ardaşm bu gün bütün gün yatb qalmışam səbrli ol qardaşın düzüb qoşur», «Cetdrer niye çxram 20 manatıki g.t boyda 3 dənə çetə 20 manat?», «yox qaqaw yoxumdu daje sene tramal vermey isyyrdm Atasan» (i.v 126- 132) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Elşən İsmayılov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli çantasından 01 ədəd bükümü çıxarıb təqdim edir və həmin 01 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin təqdim etdiyi 01 ədəd bükümün içərisindəki “narkotik vasitə heroindir, həmin heroini adını Əbdül kimi bildiyi İİRnın vətəndaşından hər qramına görə 28 manat olmaqla alaraq öz istifadəsi və satması məqsədilə üzərində saxlayaraq daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansısa bir əşya, sənəd və sair aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. (i.v 14) Nəsimi RPİ-nin MSY-nin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v 256-259) Bakı İstintaq Təcridxanasından alınmış Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə təcridxanada müayinə olunarkən üzərində hər hansı xəsarət aşkar edilməmiş, hər hansı xəsarət almadığını və şikayəti olmadığını bildirmişdir. aşkar edilmişdir. (i.v 261-263) Nəsimi rayon prokurorluğunun müstəntiqi X4 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən döyülməsi ilə faktı sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (i.v 247-248) İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,534 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonrakı 2,534 qram heroin Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. (i.v.145) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.95) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 qramadək narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroinin satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə edib, saxlayıb, daşıdığını bildirməklə ittihamın bu hissəsi ilə razı olmadığını göstərmişdir. Həmçinin o, üzərində ittihamda göstərilən çəkidə deyil, 1 qramdan az narkotik vasitə olmasını bildirmişdir. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmasını göstərmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra tövsifə təsir edən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin ittihamda qeyd olunan çəkidə olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və onda aşkar edilmiş xəsarətlərin də bunun təsirindən yaranması ilə bağlı qeyd edilməlidir ki, Suraxanı rayon prokurorluğunun müstəntiqi X4 14 dekabr 2023-cü il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən döyülməsi faktı sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarda Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarəti olmadığından məhkəmə-tibb ekspertizasının müayinəsindən keçməkdən imtina etmişdir. Bundan başqa, Suraxanı RPİ-nin MSY və istintaq təcridxanasından alınmış sorğulara cavablardan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət aşkar ediməmiş, həmçinin təcridxanaya daxil olarkən hər hansı xəsarət almadığını bildirmişdir. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəviekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 171 №-li dairəvi möhür əksi… Təqsirləndirilən şəxs aşkar edilmiş… yazı və imzalar olan 1 ədəd ağ rəngli kağız zərfdə təqdim edilmişdir. Zərfin tamlığının pozulması əlaməti müəyyən edilmədi. Zərfi içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,584 qram olan heroin aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə qalmadığı və narkotik vasitənin çəkisi ilə bağlı məhkəmədə ifadəsində göstərdiklərinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən heroinin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla- videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, telefon nömrəsinə daxil olan və çıxan SMS məlumatları, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Eynisini Şahid3 ifadəsi ilə də bağlı qeyd etmək zəruridir. Belə ki, Şahid3 məhkəmə baxışı zamanı ifadəsində Təqsirləndirilən şəxs ona narkotik vasitə satmadığını, yalnız pay verməsini desə də, ibtidai istintaq zamanı ifadəsində 10 manata ona satmasını bildirmişdir. Həmçinin istintaq zamanı ifadəsində ayrıntılı şəkildə narkotik vasitəni haradan, nə vaxt, kimdən olmasını göstərmişdir. Ona görə də, Şahid3 də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi daha mötəbər hesab edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, baxmayaraq ki sonuncu məhkəmə baxışı zamanı narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamadığını, tanışı olan Şahid3 pul müqabilində deyil, pay kimi verdiyini bildirsə də, bu hal sübutlarla təkzib olunmuşdur. Belə ki, yuxarıda əsaslandırılıdığı kimi mötəbər hesab edilən özünün, həm də Şahid3 ibtidai istintaq zamanı ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs Şahid3 heroin satmış və üzərindəki narkotik vasitəni gələcəkdə satmaq məqsədilə saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonuna daxil olan və çıxan SMS-lərlə də aydın olur ki, o narkotik vasitələrin satışı ilə məşğul olur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 15 iyul 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,534 qram heroin məhv edilməli, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 37 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,534 qram heroin məhv edilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 65 (altmı beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar