Məhkəmə qərarları › İş №1(101)-1063/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1063/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1063/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X5 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 28 May metrostansiyasında nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən dağlıq əraziyə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Arif» adlı şəxs tərəfindən daşın altına qoyulmuş yaşıl rəngli sellofan torbanın içərisində olan ağ rəngli sellofanda təmiz çəkisi 260,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanusuz olaraq əldə edib, daşımış, 08 noyabr 2022-ci il tarixdə saat 17:05 dəqiqədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 9-cu mikrarayon ərazisində yerləşən Tərlan Şadlıq sarayının arxasında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə gətirilmiş və həmin gün saat 19:05 dəqiqədə üzərində aparılan axtarış zamanı əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Vətən müharibəsi iştirakçısı olmuşdur. Yaxşı təsir etdiyi üçün səfərbərlikdən sonra marixuana çəkməyə başlamışdır. Ondan sonra Arif adlı şəxslə tanış olmuş, ondan özü çəkmək üçün narkotik vasitə almışdır. Satış məqsədi olmamışdır. Qardaşı ilə birgə məhəllədə tutulmuşdur. Vəkil istədikdə ona vəkil olacağını demişlər. Onları bölməyə aparmışlar. Ona əgər deyilənləri etməsə qardaşını tutacaqlarını demişlər, yəni ikisindən biri tutulmalı imiş. Arifin iranlı olduğunu, onunla əlbir olduğunu deməsə, qardaşını tutacaqları ilə onu hədələmişlər. O da vəkil istəmişdir. Təzyiq altında olduğu üçün razılaşmış və Arif adlı şəxslə əlbir olduğunu, satış məqsədi olduğunu, kuryer işlədiyini demişdir. İnstagram sosial şəbəkəsindən istifadə edirmiş. Arif adlı şəxslə tanışlığı olmuş və ondan özü üçün narkotik vasitə götürmüşdür. Arif özünü ona Azərbaycan Respublikası vətəndaşı kimi təqdim etmişdir. O Arifə müraciət edib bir-bir almaqdansa, çox, yəni 200 qram almaq istəmişdir. Qramı 5 manat olmuşdur. Özü çəkmək üçün Arifin ona göndərdiyi Kapital bank kartına 200 manat göndərmişdir. Onun istifadəsində **********, ********** saylı mobil nömrələr olmuşdur. Arif adlı şəxslə Whatsapp mobil tətbiqi ilə əlaqə saxlamışdır. Arif adlı şəxslə yeni, 1 aydan da az müddət imiş ki, tanışlıqları var imiş. Həmin 1 ay ərzində narkotiklə bağlı Ariflə bir dəfə danışmış, pulu göndərib daha sonra gedib malı götürmüşdür. Narkotik vasitəni Hökməli qəsəbəsindən dağlıq, kəndin içində bir yerdən götürmüşdür. Həmin yeri şəkillə müəyyən etmişdir. Şəkillər Arifin özü tərəfindən çəkilmişdir. Ona təzyiq etmiş, hədə-qorxu gəlmişlər. Saxlanıldıqdan sonra evə, daha sonra isə onu polis bölməsinə aparmışlar. Evə marixuanaya görə getmişlər. Çəkiliş Binəqədi rayon Polis idarəsində olmuşdur. Çəkilişdə müstəntiq və polisi əməkdaşları var imiş. Qardaşı ilə bir yerdə aparmışlar. Ona çəkilişdə onların dediklərini deyəcəyi halda qardaşını buraxacaqlarını demişlər. Çəkilişdən sonra qardaşını buraxmışlar. Qardaşı ilə onu birgə tutmuşlar, birgə evə getmişlər. Qardaşının üzərində heç nə olmamışdır. Saxlanılarkən telefonu üzərində olmuşdur. Telefonun üzərində olan ********** saylı mobil nömrə öz adına olmuşdur. Saxlanıldıqdan sonra 1 saat məhəllədə qalmışlar sonra isə bölməyə getmişlər. Saxlanıldığı vaxt qardaşı yanında olmuş, anası isə evdə olmuşdur. Blokun ağzında siqaret çəkən zaman ona yaxınlaşıb əvvəlcə qolunu qandallamışlar, bundan sonra özlərini Binəqədi rayon Polis idarəsinin əməkdaşları kimi təqdim etmişlər. O polislərdən onu hansı səbəbdən saxladıqlarını soruşduqda onda dərman olduğunu, bu səbəbdən onu saxladıqlarını demişlər. O isə dərmanın nə olduğunu bilmədiyini demişdir. Bundan sonra ona evində marixuana olduğunu və onun satışla məşğul olduğunu demişlər. O isə özü çəkdiyini, ancaq satmadığını demişdir. Bundan sonra binanın 5-ci mərtəbəsindəki mənzilə qalxmışlar. Üzərində açar yox imiş, anası evdə imiş. Bundan sonra evdə axtarış aparmağa başlamışlar. O özü 260 qram marixuananı təqdim etmişdir. Evdə çəkiliş olmamışdır. Polis bölməsində ona ya özünün, ya da qardaşı ilə hər ikisinin getməsini qarşısına seçim qoyan şəxsin adını bilməmişdir. Həmin şəxs polis əməkdaşı imiş, ancaq videoda olmamışdır. Birinci dəfə imiş ki, Arif adlı şəxsdən narkotik alırmış. Əvvəllər narkotiki tanımadığı şəxslərdən almışdır. Bir yerdə oturub çəkdikləri vaxt da olmuşdur. Ariflə telefon vasitəsilə danışmışdır, o öz dilimizdə sərbəst danışırmış, iranlılar kimi danışmırmış. Ondan çəkilişdə narkotiki guya Tərlan şadlıq sarayının arxasındakı məktəbin arxasında, ağacın altına qoyduğunu deməsini istəmişlər. Onu Tərlan şadlıq sarayının arxasında saxlamamışlar. O Vasmoy bazarı deyilən ərazidəki evində, blokun qarşısında tutmuşlar. Polis əməkdaşları ona çəkilişdə Binəqədi rayonu ərazisində saxlanıldığını deməsini bildirmişlər. 1 saat ərzində məhəllədə onlarla danışıqlar aparmışlar, ona rəisin yanına gedəcəklərini, çəkiliş olacağını, orada onların dediklərini dediyi təqdirdə qardaşını buraxacaqlarını demişlər. O məcbur qalıb onların dediklərini etmişdir, ancaq bunlar həqiqəti əks etdirmir. Evində şirniyyat ustası olduğu üçün böyük tərəzilərdən olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə başına gələnləri deməmişdir. Narkoloq həkimə istifadəçi olduğunu demişdir. Narkotiki haradan götürdüyünü soruşduqda onlara Hökməli qəsəbəsindən götürdüyünü demişdir. Polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ-nin 7-ci PB-nin YYÇ üzrə inspektor vəzifəsində işləyir. Noyabrın 8-i günortadan sonra saat 4-5 radələrində həmkarı Rüfətlə birlikdə xidmət aparan zaman Tərlan şadlıq sarayının arxasındakı stadionun yanında Sənana yaxınlaşmışlar. Özünü şübhəli aparmışdır. Sellofanı qolunda bərk saxlamışdır. Birinci soruşanda üstündə nə olduğunu deməmişdir. Özünü şübhəli apardığı üçün onu bölməyə aparmışlar. Üstünə baxış keçirilmişdir. Üstündə heçnə çıxmamışdır, təkcə telefon və metro kart olmuşdur. Əlindəki göy rəngli sellofandan ağ sellofana bükülmüş marixuana çıxmışdır. Marixuananın ona məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir psixi-fiziki zorakılıq olmamışdır. Özü təslim olmuşdur. İnstagramdan tanıdığı İran vətəndaşından, satış məqsədilə aldığını bildirmişdir. Arif adlı iranlının adını çəkmiş və ondan marixuananı 200 manat müqabilində aldığını bildirmişdir. Satışla bağlı hansı tədbir görəcəyini, necə satacağını deməmişdir. Tərəzi də olmuşdur. Tərəzi ilə bağlı bazardan aldığını demişdir. Tərəzi həmin sellofanın içindən çıxmışdır. Təqsirləndirilən şəxsə qarşı söymə-döymə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddələsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Arif’ adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyini qeyd etsə də, həmin şəxsin kimliyi, Sənanla onun arasında hər hansı telefon danışıqları, sms yazışmaları müəyyən edilməmiş və ümumiyyətlə Təqsirləndirilən şəxs həqəqətən də həmin şəxslə narkotikin satışında cinayət əlaqəsinə girib sövdələşmələrini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilən ittihamda istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməsi iş materialları ilə sübut olunmadığından, belə nəticəyə gəlməsi əsas ola biləz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilkin ibtidai araşdırma zamanı narkotik vasitənin “Arif’ adlı şəxslə cinayət əlaqəsinə girdiyini bildirsə də, işlə tanış olan zaman “Arif” adlı şəxslə heç bir cinayət əlaqəsinə girmədiyini və narkotiki sırf öz istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilkin ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ -nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyev tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan yaşıl rəngli sellofan torbanın içərisində 1 ədəd göy rəngli kağız qutunun içərisində olan boz rəngli elektron tərəzi və ağ rəngli sellofan torbaya bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra isə əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd üzərində qara rəngli Samsung markalı mobil telefonu və həmin gödəkçənin döş cibindən isə içərisində 1 AZN pul,şəxsiyyət vəsiqəsi,metro kartı,sığorta kartı və Bakı Metropoliten QSC xidməti vəsiqə olmaqla qara rəngli pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərini açması tələb olunmuş, onun ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ayağında olan ayaqqabısı çıxarılaraq içərisinə baxılmış, ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1287 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “İştirak etdilər 1. imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış polietilen torbada bir ədəd sellofanda təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuanın təmiz çəkisi- 260,0 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-259,95 qram. (ekpertiza tədqiqatın dəyəri 89(səksən doqquz) manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)- 1264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini əks etdirən videogörüntülərə baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs qismində polis bölməsinə gətirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd yaşıl rəngli sellofan torbanın içərisində ağ rəngli sellofan torbaya bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni, bir ədəd elektron tərəzi bir ədəd qara rəngli “Samsung" A30 markalı mobil telefon, həmçinin şəxsiyyət vəsiqəsini, metro, sığorta kartını, Bakı Metropoliteninin xidməti kartını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisindəki kütlənin nə olduğu soruşulduqda o, təqdim etdiyi torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, internet vasitəsi ilə tanış olduqu şəxsə 200 manat pul göndərib Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən dağlıq ərazidən satmaq üçün əldə etdiyini və eyni zamanda narkotiki çəkmək üçün “Sədərək” Ticarət Mərkəzindən bir ədəd elektron tərəzi aldığını bildirmişdir. Bundan sonra həmin torbada olan narkotik vasitə marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 283 saylı Hərbi Hissədən təqdim olunmuş fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissədə xidmət etdiyi müddətdə öz vəzifə borclarını nümunəvi, vicdanla yerinə yetirdiyinə və əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları X3 təqdim olunan fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarına şəxsi heyətin döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında fədakarlıq göstərdiyinə görə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan N nömrəli hərbi hissənin Mühəndis istehkam bölüyündən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2022-ci il tarixli, 7351 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/192 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “İştirak etdilər 1. imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. (ekpertiza tədqiqatın dəyəri 89(səksən doqquz) manatdır) Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 08 noyabr 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmət dövründə müsbət xarakterizə olunmasını, Vətən Müharibəsində fəal iştirakını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 259,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 178(yüz yetmiş səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 89 (səksən doqquz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 259,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar