Məhkəmə qərarları › İş №1(101)-1064/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1064/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1064/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 sentyabr 1981-ci ildə Tovuz rayonu, Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Akşin” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama, daşınması və satışını təşkil edilməsi barədə razılığa gəlib həmin şəxsin deyəcəyi yerlərə yerləşdirmək məqsədi ilə göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda narkotik vasitələr olan ümumi təmiz çəkisi 830 qram qurudulmuş marixuananı, 243,024 qram heroini və psixotrop maddə olan 89,397 qram metafetamini əldə edib üzərində və yaşadığı ünvan 3 ünvanda yerləşən 20 saylı mənzilə qədər daşıyaraq orada saxlamış, onlardan külli miqdarda 9,471 qram narkotik vasitə heroini və 10,525 qram psixotrop maddə metafetamini yaşadığı evin qarşısına qədər daşımış, 8.09.2023-cü il tarixdə saat 17:55 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 evin yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən külli miqdarda 1 ədəd bükümdə, təmiz çəkisi 9,481 qram narkotik vasitə heroin və 1 bükümdə təmiz çəkisi 10,525 qram psixotrop maddə olan metafetamin, həmçinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə yaşadığı ünvan 4 ünvanda yerləşən 20 saylı saylı mənzilinin qonaq otağındakı taxta konstruksiyalı dolabın içindən satış məqsədi ilə saxladığı külli miqdarda 1 ədəd bükümdə 830 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərindən aşkar edilənlərlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən külli miqdarda 1 ədəd bükümdə 233,543 qram heroin, 1 ədəd bükümdə külli miqdarda 78,872 qram metafetamin və üzərində heroinlə metafetamin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşadığı evdə olarkən həyətdən səs gəldiyini eşidib pəncərədən çölə baxdıqda mülki geyimli şəxslərin evin hasarından tullanıb həyətə daxil olduqlarını görmüş, daha sonra isə həmin şəxslər pəncərədə olan dəmir barmaqlıqarı sökərək evə daxil olmuşlar. 7-8 nəfər mülki geyimli şəxs üstünə hücum çəkərək onu saxlamış, həmin vaxt qorxduğundan nə edəcəyini bilməmişdir. Onlar, yaşadığı evi axtarsalar da, qanunsuz əşya aşkar edilməmişdir. Həmin şəxslər ondan narkotik vasitələri təqdim etməyini tələb etmiş, o isə nə üzərində, nə də evimdə narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İnzibati binanın 1-ci mərtəbəsində olarkən 2 ədəd orta çəkidə olan bükülmüş narkotik vasitəni, 2 ədəd xırda bükümü və 1 ədəd qara bağlamanı masanın üzərinə qoyub şəxsi axtarış zamanı təqdim etməli olduğunu və bundan başqa yaşadığı evdə də narkotik vasitə olduğunu deməyini bildirmişlər. O da polislərdən qorxduğundan məcbur olub üzərində narkotik olmasa da, polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra onu avtomobil ilə yaşadığı evə gətirmişlər. Polis əməkdaşları videoçəkiliş vasitəsilə evə baxış keçirməzdən əvvəl narkotik vasitələri şkaflara qoymuşlar. O da məcbur olub polis əməkdaşlarının evinə qoyduqları narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Daha sonra onu Sabunçu RPİ-nin 12-ci PB-nə aparmışlar. Polis əməkdaşları üzərinə baxış keçirərkən üzərində gündəlik küçəyə çıxan zaman geyindiyi paltar olmuşdur. Evdə saxlanılarkən üzərində bank kartları, 340 manat pul olmuş, lakin narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan 340 manat pulu götürüb şəxsi axtarışdan sonra ona 270 manat qaytarmışlar. Saxlanılan zaman evdə tək olmuş, ailəsi qaynatasıgildə olmuşdur. Onu yaşadığı evdə saxlayıb BNMİ-nə aparmış, təxminən 2 saat yarımdan sonra yenidən evə gətirmişlər. Aqşin adlı şəxsi tanımır, lakin iran vətəndaşı ilə əlaqəsi olmuşdur. Narkotik vasitələr daşımaqla 5-10 manat pul qazanmaq üçün iran vətəndaşı ilə əlaqə saxlamış, lakin polis əməkdaşları onu saxladığından bunu edə bilməmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməmişdir. İran vətəndaşı ilə narkotik vasitə barəsində söhbət etmişlər, həmin şəxs dediyi ünvana narkotik vasitələri yerləşdirəcəyi təqdirdə ona pul verəcəyini demişdir. İran vətəndaşı ilə yalnız “WhatsApp” tətbiqi vasitəsilə danışmışlar. Sənədlərə oxumadan imza etmişdir. Pula ehtiyacı olduğundan Balaxanı qəsəbəsində yaşayan Rasim adlı şəxs vasitəsilə İran vətəndaşı ilə tanış olmuşdur. Bir neçə nəfər mesaj yazaraq ondan narkotik vasitə istəmişdir. Polis əməkdaşları ona yalnız psixoloji təsir göstərmişlər. Polis əməkdaşlarından qorxduğundan onların dedikləri ilə razılaşmışdır. İbtidai istintaq zamanı ifadə verməmiş, yazılan həmin ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, evlidir, ailəsiylə yaşayır, ***-***-**-** nömrəsini işlədir. 8 sentyabr 2023-cü il tarixdə, saat 17:55 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini və 1 ədəd bükümdə metafetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 281 manat pul, 2 ədəd üzərilərində 4169 7388 2660 3445 və 4098 5844 7122 6041 nömrələri olan plastik bank kartları və 1 ədəd açar aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra heroin və metafetamin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 11 qram, metafetaminin də çəkisi 11 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzərinə o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1 ədəd açar və 281 manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Akşin” adlı şəxsin vasitəsi ilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Akşin” adlı şəxsin ona 500 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və polislərlə yaşadığı mənzilə getmişdir. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metafetamini, 1 ədəd bükümdə qurudulmuş marixuananı və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 275 qram, metafetaminin çəkisi 120 qram və qurudulmuş marixuananın çəkisi 870 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzərinə o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalamışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Akşin” adlı şəxsin vasitəsi ilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Akşin” adlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Ona polislər ciddi nəzarət etdiyindən inzibati binaya gətirilənə qədər qanunsuz maddələri özündən kənara ata bilməmişdir. Həmçinin mesaj mətnləri barədə heç nə deyə bilmir, hər şey gün kimi aydındır. Əməlindən peşmandır, əlbir olub bu cinayəti etmişdir. Onun üzərinə BNMl-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir (cild 1, iş vərəqə 200-203). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 8 sentyabr 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində yaşayan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla Baş İdarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və baş əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Bundan sonra həmin şəxs 18:00 radələrində müəyyən edilərək ünvan 6 ünvanında saxlanılmışdır. Daha sonra həmin şəxsi qərarla tanış edib özlərini təqdim edərək onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə bir daha müəyyən edilmiş ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkillər siyahısını təqdim edərək hüquqları izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd büküm aşkar edilmiş, həmin bükümlər açıldıqda heroin və metafetaminə bənzər kütlələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşulduqda, o, üzərində aşkar olunan maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Həmin şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Akşin” adlı şəxsin vasitəsi ilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Akşin” adlı şəxsin ona 500 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə də narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən evdə olan taxta dolabın içindən 1 ədəd büküm heroin, 1 ədəd büküm qurudulmuş marixuana, 1 ədəd büküm metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. O və Şahid1, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində yaşadığı evin yaxınlığında yəni yaşadığı evin içərisində yox, küçədə saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs evinə basqın etməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 8 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması, ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 281 manat pul, 2 ədəd üzərilərində 4169 7388 2660 3445 və 4098 5844 7122 6041 nömrələri olan plastik bank kartları və 1 ədəd açar aşkar olundu. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra heroinə və metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi. Heroinə bənzər kütlənin çəkisi 11 qram, metafetaminə bənzər kütlənin çəkisi 11 qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1 ədəd açar və 281 manat pul isə özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Akşin” adlı şəxsin vasitəsi ilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Akşin” adlı şəxsin ona 500 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 32-34). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə” haqqında 8 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi, heroinə bənzər kütlənin çəkisi 275 qram, metafetaminə bənzər kütlənin çəkisi 120 qram və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 870 qram oldu. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzərinə şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandı. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 37-38). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və evə baxış prosesinin görüntülərinə baxış keçirmək” barədə 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə saxladığı dövriyyəsi qadağan olunmuş əşyaları təqdim olunmasını təklif edir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü yəni içərisində heroin olan bükümü və digər bükümü metafetaminin çıxardıb masanın üzərinə qoyur. Sonra həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin qablaşdırılıb, sənədləşdirilir. Təqsirləndirilən şəxs heç bir təzyiq olunmadı. Şübhəli şəxsin üstündə əlavə axtanş aparılır heç bir predmet aşkar olunmur, bununla da çəkiliş başa çatır. Daha sonra şəxsin yaşadığı ünvanına baxış keçirilir, evdə olan taxta dolabın içindən 1 büküm heroin, 1 büküm qurudulmuş marixuana, 1 büküm metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilir, götürülür, sənədləşdirilib qablaşdırılır. Baxışda iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə olan hallara qarşı heç bir etirazı yoxdur, həmin heroin ona məxsusdur (cild 1, iş vərəqə 115-116). Cinayət işinin materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi” barədə 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə daxil olan və çıxan mesaj mətnləri Azerfon MMC-dən götürülmüş və baxış zamanı 3 fevral 2023 tarixdə ***-***-**-** nömrəsindən “Rauf təcili yarı lazımdı”, 17 fevral 2023-cü il tarixdə ***-***-**-** nömrəsindən “salam qardaş mən pul götürə bilmədim mene 2 daş 3 ot verə bilersan”, 13 mart 2023-cü il tarixdə ***-***-**-** nömrəsindən “Rauf sana qurban veziyyatim pisdir çox pis ağrıyıram, ne olar komek ele olurem e”, 15 mart 2023-cü il tarixdə həmin nömreden rauf esli mojes mne polovinu koli dayday s lomokviydu babki dam mne ocen nexoroso” kimi mesajlar müəyyən edilmişdir (cild 1, iş vərəqə 185-186). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 6/4790 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr” yazısı və imzalar olan kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 9,481 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdəki təmiz çəkisi 10,525 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlələr və 2 ədəd elektron tərəzi” yazısı və imzalar olan 1 ədəd bağlamada təmiz çəkisi 233,543 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdəki təmiz çəkisi 78,872 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 2 ədəd elektron tərəzinin üzərində heroinin və metafetaminin izləri vardır. İz şəklində olduğu üçün heronin və metafetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidir. Metafetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına(Siyahı 1) və metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir (Qeyd: heroinlərin ümumi təmiz çəkisi 243,024 qram, tədqiqata sərf edildi 0,2 qram (hər birindən 0,1 qram) qalıq çəki 242,824 qram, metafetaminlərin ümumi təmiz çəkisi 89,397 qram, tədqiqata sərf edildi 0,2 qram (hər birindən 0,1 qram), qalıq çəkisi 89,197 qram cild 1, iş vərəqə 46-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 sentyabr 2023-cü il tarixli 3-16-16-2- 7/1270 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan ... yazıları və imzalar olan polietilen bağlamadakı 1 ədəd yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 830 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümumi təmiz çəkisi 830 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq çəkisi 829,8 qram cild 1, iş vərəqə 54-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 26 sentyabr 2023-cü il tarixli 6126 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkomaniya xəstəliyindən əzab çəkmir (cild 1, iş vərəqə 175- 176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 26 sentyabr 2023-cü il tarixli 2733 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işinin materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqə 177-180). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 9 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki-leytenantı Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 122-123). Cinayət işinin materiallarında olan 11 sentyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınması haqqında” və 13 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi ayrılması haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra ümumi qalıq çəkiləri 242,824 qram olan heroin, 89,197 qram olan metafetamin, 829,8 qram olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanılmasından ötrü Sabunçu RPİnin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi və evdə axtarış və götürmə hərəkətlərinin görüntüləri əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materialarına əlavə edilmişdir (cild 1, iş vərəqə 111 və 204-208). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 4 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,310-cu maddəsi ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum olunmuş, 1 iyun 2010-cu il tarixdə cərimə cəzasını tam ödəmişdir (cild 1, iş vərəqə 113-114). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayət işi üzrə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 108). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 9 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-93). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra ümumi qalıq çəkiləri 242,824 qram olan heroin, 89,197 qram olan metafetamin, 829,8 qram olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra ümumi qalıq çəkiləri 242,824 qram olan heroin, 89,197 qram olan metafetamin, 829,8 qram olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar