Məhkəmə qərarları › İş №1(101)-1065/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1065/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1065/2023 18.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş tutulana qədər Bakı şəhəri Sabunçu rayonu, Zabrat- 2 qəsəbəsi Montin küçəsi ev 3 A-da yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,109 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 noyabr 2022-ci il tarixdə saat 19:37 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi «Ağ Market»-in yaxınlığında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 15-cı PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 3,109 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci ildə atası rəhmətə getdikdən sonra maddi vəziyyətləri zəifləmiş, onunla şəxsi qərəzi olan adamlar 2021-ci ildə onun cibinə narkotik vasitə atmış və o, həbs olunmuşdur. Bundan sonra müvəqqəti saxlama yerinə gəlib, onların adlarını çəkməməsi üçün yalvardıqlarından o da həmin şəxsləri ələ verməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı ilə cəzası 6 ay azaldılmışdır. 14 noyabr 2022-ci ildə ünvan 1 ünvanında yerləşən evində yatdığı zaman, səs küyə oyanmış, evə qonaq gəldiyini sanmışdır. Amma qonaq otağında 4-5 nəfər, koridorda isə yenə 4-5 nəfər əməliyyat müvəkkili olmuş və onu saxlamışlar. Bacısının 2 oğlu həmin evdə olduqlarından hadisədən təsirlənərək, qorxub, sarılıq keçirmişlər. Polis əməkdaşları onu bölməyə gətirmiş və o, AR CM-in 234.1-ci maddəsi ilə ittiham olunmağa razılaşmışdır. AR CM-in 234.1-1-ci maddəsinin mövcud olduğundan xəbərsiz olmuşdur. Ramil adlı müstəntiqin onu qərəzli şəkildə AR CM–in 234.4.3-cü maddəsi ilə ittiham edilməklə hədələmiş, polis əməkdaşları onu «Ağ Market»-in qarşısında yox, evdə saxlamışlar. Yaşadığı evdə heç bir narkotik vasitə və ya psixotrop maddə çıxmamışdır. Narkotik vasitə istifadəçisi olduğundan ittiham aktında qeyd edilən 3 qram metamfetamini 25 manata Balaxanıdan tanımadığı şəxsdən alması ilə bağlı məlumat isə yalandır. O, polis əməkdaşlarının təzyiqi nəticəsində AR CM-in 234.1-ci maddəsi ilə ittiham olunmağına razılaşmışdır. Lakin o, AR CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla razı deyil. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin əməkdaşı Şahid1 Ravil oğlu ifadəsində göstərdi ki, hazırda o, Sabunçu RPİ 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün bölmə rəisinin adına 14 noyabr 2022-ci il tarixdə raport yazmışdır. Bölmə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 14 noyabr 2022-ci il tarixdə qərar verilməklə bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid2 ilə birlikdə 14 noyabr 2022-ci il tarixdə saat 10:37 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ağ market”-in qarşısında narkotik və psixotrop maddənin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsinə tərəflərindən narkotik və psixotrop maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda bükümü təqdim edəcək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 25 manata alaraq üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, hazırda Sabunçu RPİ 15-ci PB- də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün bölmə rəisinin adına 14 noyabr 2022-ci il tarixdə raport yazmışdır. Bölmə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 14 noyabr 2022-ci il tarixdə qərar verilməklə bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid1 Ravil oğlu ilə birlikdə 14 noyabr 2022-ci il tarixdə saat 10:37 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ağ market”-in qarşısında narkotik və psixotrop maddənin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsinə tərəflərindən narkotik və psixotrop maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda bükümü təqdim edəcək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 25 manata alaraq üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokola tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman psixotrop maddənin təsiri altında olduğundan saxlanılan yerini dəqiq xatırlamır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6545 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 161” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi- 3,109 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metamfetamin ümumi təmiz çəkisi: 3,109 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 3,009 qram (iş vərəqə 39-43) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq hallarının bütün növlərinin təyinini məqsədi ilə aparılan tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli 1/2631 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr qəbul etmişdir. (İş materialları vərəqə 46) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspertizasının xx.xx.2022-ci il tarixli 7333 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 104-105) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı olmadan öz üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 14 noyabr 2022-ci il tarixdə şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. (iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2022-ci tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 14 noyabr 2022-ci il tarixdə Sabunçu RPi-nin 15-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması “XİOMİ” markalı mobil telefonun video kamerası vasitəsi ilə videoçəkiliş aparılaraq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə olan şəxslər və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü 15-ci PB-nin təhqiqatçısı Vasif Calalov kimi təqdim edir və Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 14 noyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları Şahid1 Ravil oğlu, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X4 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda bükümü təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 25 manata alaraq üzərində saxlayaraq daşımasını bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq uçun zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə 57-58) İş materiallarında olan AR DİN Bakı şəhəri Sabunçu RPİ-in 15-ci PB-in xx.xx.2023-cü il tarixli ***-**** saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, hansı şəxslərə narkotik vasitə satmağa cəhd etməsini və ya hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsini müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 102) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 3,109 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 3,009 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (iş vərəqə 106-111) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 01 ədəd "DVD" təyinatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (iş vərəqə 106-111) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməməsi, ona AR CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilməsi ilə razılaşması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçirilməsi barədə”, “şübhəli şəxsin dindirilməsi haqqında” “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollar və digər sübutlarla da tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət olar ki, psixotrop maddə olan metamfetamini qəbul edir Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddə olan metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 14 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Balaxanı qəsəbəsində olarkən anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsə 25 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 14 noyabr 2022-ci il tarixdə saat 19:37 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi «Ağ Market»-in yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək, onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. PB-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olduğundan üzərinə şərti axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan psixotrop maddə olan metamfetamini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində psixotrop maddə olan metamfetaminin olmasını polis əməkdaşlarına bildirmişdir. O, üzərində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə psixotrop maddə metamfetamindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə dəqiq anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 25 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bır formada təzyiq göstərilmədən imza etmişdir.(iş vərəqə 61-65) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 3,109 qram psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinirək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. (iş vərəqə 89-90) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilməlidir və onun əməlində cinayətlərin sadə residivi halı müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmadığını qeyd edir və CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi (sadə) halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(008)-931/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 18, 81-83) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 7333 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109 (bir yüz doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs əldə etmiş olduğu 3,109 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq 3,009 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 01 ədəd "DVD" təyinatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs əldə etmiş olduğu ekspertiza tədqiqatından sonra qalıq 3,009 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 01 ədəd "DVD" təyinatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri-ekspertiza xərcinin dəyərini təşkil edən 109 (bir yüz doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar